Super User

Super User

Çərşənbə axşamı, 25 Aprel 2023 14:30

Məcid Behbudovun 150 illiyi qeyd ediləcək

Bu il Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, dünyaşöhrətli müğənni Rəşid Behbudovun atası Məcid Behbudovun (1873-1945) anadan olmasının 150 illiyi tamam olur.

 

Bu münasibətlə mayın 2-də Beynəlxalq Muğam Mərkəzində xanəndənin yubileyinə həsr olunmuş tədbir keçiriləcək. 

Tədbirdə xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək. 

Qeyd edək ki, Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də muğam-sənət beşiyimiz Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıqdan məlahətli səsi ilə seçilən Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb. O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy şənliklərində iştirak edib, professional xanəndə və opera müğənnisi kimi şöhrət qazanıb. 

Dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaşöhrətli "Arşın mal alan" operettasına onu da dəvət edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Çərşənbə axşamı, 25 Aprel 2023 08:00

Belqradda Azərbaycan Mədəniyyət Günləri keçirilib

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib. “Ədəbiyyat və incəsənət” sizlərə ayrı-ayrı tədbirlər barədə ümumi bilgiləndirmişdi. İndi gəlin Belqraddakı tədbirlərə cəm halında baxaq.

 

“Azərbaycan-Odlar Yurdu” şüarı ilə keçirilən tədbirlərdə Belqradda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Serbiyanın dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, diaspor və yerli ictimaiyyətin təmsilçiləri, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, həmçinin bu ölkədə yaşayan, təhsil alan və çalışan soydaşlarımız iştirak ediblər. 

Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev iki ölkə arasında yüksək səviyyəli və dinamik münasibətlərin mövcud olduğunu, mədəni sahədə əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırıb. 

Konsert proqramı və sərgilərdən ibarət tədbirlər zamanı milli musiqilərimiz, muğamdan və rəqslərdən ibarət konsert proqramı təşkil olunub, milli geyimlər, xalçalar, qurama və rəsm sərgiləri nümayiş etdirilib, ölkəmizin tarixi, mədəniyyəti, milli musiqisi, habelə müasir həyat tərzi və reallıqları barədə ziyarətçilərə məlumat verilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri - Əməkdar artist Viktoriya Şahmuradova və 44 günlük Vətən müharibəsi veteranı və qazisi Firdovsi Eyvazov tərəfindən milli rəqslərimiz təqdirəlayiq nümayiş etdirilib. “Sarı gəlin” Azərbaycan xalq mahnısının rəqs ilə müşayiəti, həmçinin “Şuşanın dağları” və “Can Qarabağ” mahnıları heyranlıqla izlənilib. Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Opera və Balet Teatrının prima sopranosu xanım Yasmina Trumbetaş Azərbaycanın tanınmış bəstəkarı Tofiq Quliyevin “Qızıl üzük” mahnısını səsləndirib. 

Şuşanın füsunkar təbiəti, tarixi və memarlıq abidələrini əks etdirən fotosərgi, “Azərxalça” ASC-nin Azərbaycan xalçaları, tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas geyim nümunələrindən ibarət “Qarabağ” milli geyim kolleksiyası, qurama üzrə sənətkar Leyla Xasiyevanın əl işlərindən ibarət sərgisi, Belqradda yaşayan azərbaycanlı rəssam Yevgeniya Türkoğlunun Bakı və Abşeron yarımadasının əks olunduğu rəsm əsərləri, İsayeva Diananın Azərbaycan milli nağıl qəhrəmanlarından ilhamlanaraq yaratdığı əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraq və həvəslə qarşılanıb. 

Mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlər Serbiya KİV-lərində və televiziya proqramlarında geniş işıqlandırılıb. 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Çərşənbə axşamı, 25 Aprel 2023 08:30

Beynəlxalq Sirk Günündə Bakımız

Sirk həqiqətən gözəllikdir, sirk tamaşalarına tək uşaqlar baxmaz ki, istənilən yaş həddi üçün sirk baxımlıdır, möcüzəlidir, maraqlıdır. Hər il aprelin 21-i Beynəlxalq Sirk Günü kimi qeyd edilir. Bu bayramın təşəbbüsü Ümumdünya Sirk Federasiyası tərəfindən 2010-cu ildə irəli sürülüb. Ramazan bayramına təsadüf edən bugünkü bayram da həmişəki kimi diqqətləri çəkdi. 

 

Bakıda sirk ötən əsrin əvvəllərindən var, bu barədə yazımızda ayrıca qeydlər var. Sumqayıt və Gəncədə isə şapitolar, yəni səyyar sirklər mütəmadi tamaşalar verirlər. 

Sirk günündə müxtəlif ölkələrdə sirk həvəskarları üçün maraqlı proqramlar, festivallar, əyləncəli küçə yürüşləri və bir çox digər tədbirlər hazırlandı.

Sirk (lat. Circus – "çevrə" deməkdir) – bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür.

Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatrsəhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalıb. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olub.

Klassik sirkin atası ingilis Filip Astli (1742–1814) sayılır. İllər keçdikcə sirkin inkişafına müxtəlif xalqların təsiri nəticəsində bu və ya digər sahədə öz üstünlüyünə malik milli sirklər yaranmağa başlamışdır. Avropada hələ də köçəri halda fəaliyyət göstərən sirklər mövcud olsa da bir çox Şərq ölkələrində sirk teatrları tikilib və burada mütəmadi olaraq öz proqramları ilə çıxış edirlər. Köçəri sirk ustaları avtomobil karvanlarında şəhər-şəhər gəzərək öz sənətləri ilə tamaşaçıları heyran edirlər.

İndi isə gələcək söz verdiyimiz öz sirk tariximizə.

Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika, cigitlər və digər janrlarının elementləri mövcud olub. İlk peşəkar sirk – heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilib. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə yeni şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilib. 

Bakı Dövlət Sirki 1945-ci ildə Azərbaycanın ilk milli sirk truppası kimi yaradılıb. Truppa yalnız sirk nömrələrindən ibarət olmamış, tərkibinə estrada və balet artistlərinin çıxışları da salınıb. Ənvər Quliyev, "Ulduz bacıları", kəndirbaz Əlixan və digər artistlərin nömrələrinin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə "Zirvədən işıq" adlı proqramla keçmiş SSRİ ərazisində, eləcə də dünyanın bir çox ölkələrində daimi qastrollarda olub.

1967-ci ildə Bakı Dövlət Sirkinin memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilib. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir. Ötən müddət ərzində musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi nömrələrlə zəngin olan Bakı Dövlət Sirkinin səhnəsində bu gün də dünyanın müxtəlif ölkələrindən dəvət olunan kollektivlər çıxış edirlər.

Bəli, sirk yaşasın, hamımızı sevindirsin. Gözəllik dünyanı xilas edəcək!

 

Şəkildə: Ən qədim sirk tamaşası. Qravüra.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı Nemət Mətinin hekayələrinin dərcini davam etdirir. Bu gün sizlərə “Nazirə” hekayəsi təqdim ediləcək.

 

 

NEMƏT MƏTİN

 

NAZİRƏ

 

          Beş yaşına qədər həyatı monoton keçmişdi. Nazirənin atasının başına gələn bədbəxt hadisə hər şeyi dəyişdi. Hərbi silah-sursatı qoruyan hərbçi atası onları yaxşı dolandırırdı. Evləri hərbçilərə verilən köhnə daxma olsa da, qarınları tox idi. Bir gün gecə hərbi anbarın damından oğrular içəri soxularaq baha qiymətə satılacaq maşın hissələrini oğurlayır. Nazirənin atası anbara cavabdeh olduğu üçün məsuliyyət boynunda qalır. Məhkəmə qurulur. Hakimin qərarı ilə atasına yüksək məbləğ ödəmək cəza kimi kəsilir. Əks təqdirdə dörd il altı ay həbsxanada çürüməli olacaq. Nazirənin anası əl-ayağa düşür. Qızılları satır. Bir az qohumlardan pul toplayır. Lakin bəs etmir. Ata-anası illər öncə rəhmətə getdiyi üçün məcbur qalıb qayınatasına ağız açır. O isə ayağını yerə dirəyib oğlu üçün pul vermir. Daş sifət alıb son sözünü deyir:“Oğluma görə milçək də satmaram. Kişi türmədə yatar”. 

          Ata soyuq zindan divarlarına məhkum oldu. Nazirənin anasının saçları bir günün içində ağardı. Çətin həyat hələ qarşıda idi. Ana məcbur qalıb iki ağır işə düzəldi. Qabyuyan və xadimə. Bir işdən çıxıb o birinə gedirdi deyə, Nazirə və qardaşı evdə ikilikdə qalırdı. Bütün günü dalaşırdılar. Yola getmirdilər. Ana yorğun-arğın evə qayıdanda nəvaziş, qayğı, diqqət istəyən uşaqlar, xüsusən də Nazirə müxtəlif bəhanələr eşidirdi:“Başım ağrıyır”. “Gedin yatın”. Nazirə tək qalmışdı. Həftə sonlarına nifrət edirdi. Həyətdə yaşıdları ilə oynayanda ataları evə qayıdan uşaqlar onların qarşısına qaçaraq qucaqlaşır, hədiyyələri alır və ürəkdən sevinirdilər. Nazirə yola baxırdı. Gəlməyən atasını gözləyirdi. Arabir qonaq gələn dayıqızı da ona acıq verirdi. Nazirə yanında olanda atasını qucaqlayıb azı əlli kərə “ata” deyirdi. 

          Nazirə atasının şəklini cibində gəzdirirdi. Arabir, xüsusilə gecələr şəklə xeyli baxdıqdan sonra dəfələrlə öpürdü. Tək ömür sürməkdən qorxurdu. 

         Onun üçün ayda bir bayram var idi. Atasının yanına aparıldığı gün. Ev yeməkləri və siqaret dolu çantanı anası güc-bəla ilə həbsxananın qapısına qədər daşıyırdı. Uzun-uzadı növbədə yer tutmaq lazım idi. Nazirə həyəcanla atasını görəcəyi anı gözləyirdi. Səhərdən günortaya qədər beş qapı keçirdilər. Hər qapıda onları və gətirdiklərini yoxlayırdılar. Yarpaq dolmasının içinə qədər baxış keçirilirdi. Nazik, uzun dəmiri içi dolu farş olan yarpağa batırıb çıxarırdılar. Nazirə, qardaşı və anası yorğun halda beş qapını keçəndən sonra kafe kimi bir yerə çatırdılar. Orada da gözləməli olurdular. Cəza çəkənləri gətirənə qədər. Atası gələndə Nazirə sevincindən onun üstünə qaçırdı. Atasını bərk-bərk qucaqlayıb qoxulayırdı. Sonra bir stol arxasına əyləşib söhbət edirdilər. Nazirə həmişə atasının qucağında otururdu. Başını sinəsinə söykəyirdi. O bilirdi ki, atası ona hər görüşdə pul verəcək və qız sevincindən nəinki həbsxanaya, hətta yerə-göyə də sığmayacaq. Amma atasında pul haradan? Ömür-gün yoldaşından gizlicə pulu alıb qızına uzadırdı. Evə qayıdanda Nazirə qardaşına acıq verib deyirdi:

          Gördün? Ata mənə pul verdi. Sənə yox!”

          Qardaşı yaşca ondan böyük olduğu üçün həssas məqamlarda dinmirdi. Belə kövrək qızın xətrinə kim dəyər?

          Dözülməz günlər payızda başlayırdı. Payızın leysan yağışı uçuq damlarından içəri keçməsəydi, əl çəkməzdi. Evi su basmasın deyə, evdə nə dərin qab var idisə, hamısı döşəməyə düzülürdü. Hətta bir dəfə elə güclü yağış yağdı ki, tavanın bir hissəsi uçdu. Nazirənin yatdığı köhnə yataq mebelinin yanına düşdü. Xoşbəxtlikdən heç kim zədələnmədi. 

         Evin divarlar o qədər nazik idi ki, bir təpiyə aşırmaq olardı. Amma ən çətini qış ayları idi. Soyuq olmasın deyə, çatlamış pəncərə şüşələri qalın salafanla örtülürdü. Yenə də dişqıran şaxtanın qarşısını almaq olmurdu. Ona görə qışda ya dayı, ya da xalagilə köçürdülər. Adamın Allahı var. Obiri qohumlara baxmış dayı və xala onlara yaxşı baxırdı. 

         Dörd il altı ay babasıgil Nazirədən, qardaşından, gəlinlərindən xəbər almadılar. Bir dəfə zəng edib hal-əhval tutmadılar. Belə daşürəkli insanların ucbatından Nazirə gün-gündən həyatdan soyuyurdu. Öz içinə çəkilirdi. İnsanlarla az-az danışırdı. Lakin ürəyində bir ümid vardı. Atası qayıdacaq. Onu əzizləyəcək, bağrına basacaq, onunla xeyli danışacaq, deyəcək, güləcək. Lakin belə olmadı. Ata qayıdandan sonra monoton, qayğılı həyat başladı. Ata iş-ev, ev-iş... Elə ana da həmçinin. Uşaqlar böyüdü. Təhsil aldı. Amma Nazirə öz balaca dünyasından çıxmadı. Təkcə kitablarla ünsiyyətdə olurdu, desək, yalan olmaz. Drayzerin “Kerri bacı” romanı ona doğma gəlirdi. Üç dəfə oxumuşdu. 

         Hər dəfə məktəbdəki hadisə Nazirənin yadına düşəndə qəribə olurdu. Müəllim “Yay tətilini babamgildə necə keçirdim” adlı inşa vermişdi evə. Heç nə yazmayan Nazirə dərsdə dişini damağına sıxıb oturmuşdu. Şagirdlər bir-bir uca səslə yazdıqlarını oxuyurdu. Xoşbəxtlikdən sıra ona çatanda zəng çalınmışdı.

         Uşaqlıqdan otağına bağlı idi. Hələ altı yaşı olanda otağında özünün xəyal etdiyi Tanrı ilə danışırdı. Şikayətlənirdi. Nə etmişəm, nədir mənim günahım? Atası üçün dua edib ağlayırdı. Əsəb və fikirlərlə yol yoldaşı olmuşdu. Əsəbiləşəndə üzdə bildirmirdi. İçində ağladığı üçün böyüyəndə xəstəlik aşkar olundu. Xroniki qastrit. 

         Üçüncü kursda oxuyanda Nazirənin nənəsi yatağa düşdü. Ölüm ayağında oğlu yanına getdi. Nazirənin anası da ərinin xatirinə uşaqları götürüb ərinə qoşuldu. Nənə ölüm ayağında belə uşaqları soruşmadı. Nazirə gecələr ağlayırdı. Babasının üzünə baxmırdı. Neçə dəfə özünə söz vermişdi ki, babanı görən kimi hər şeyi üzünə deyəcək. Amma bacarmadı. Ağladı, hey ağladı. 

         Nənə ölən gün dayısıgilə apardılar Nazirəni. Ürəyində sevinirdi. O evdə qalmaq işgəncə olardı. Bir həftə ərzində nənə-babasının evində qalan valideynlərinin yanına qayıtmaq istəmədi. Mərhumə dəfn olunandan bir neçə ay sonra Nazirəni qara mərmərdən boylanan nənənin yanına aparmaq istəsələrdə, özünü yerə vurdu. Ağladı, zarıdı, yaxın getmədi. Uzaqdan iri, qara mərmərə və dörd tərəfi, üstü dəmirlərlə əhatələnmiş əraziyə soyuq-soyuq baxdı. Ürəyində simic və ürəksiz babasını söyürdü. Oğluna vermədiyi pullarla həm arvadına, həm də özünə qara mərmərdən başdaşı sifariş vermişdi. Üstəlik, qəbristanda yer götürüb çardaq düzəltdirmişdi. Nəyə lazımdı belə dəbdəbəli başdaşı, əgər səni heç kim sevmirsə, yanına gəlib ziyarət etmirsə, şəklini öpmürsə? – deyə o düşünmüşdü...

         Bir il keçməmiş babası da vəfat etdi. Nə qədər qəribə səslənsə də, Nazirə sevinirdi. Elə bil çiynindən qarışqa yükü götürülmüşdü. İllərin acığını çıxmışdı.

         İndi rayona, ata yurduna gedirdi Nazirə. Hər dəfə həyətə düşəndə çevrilib dörd yaşlı uşaq olurdu. O qayğısız, heyva ətirli günlərə qayıdırdı. O həyətdə böyüməyən Nazirə qalmışdı. İyirmi iki yaşı olmasına baxmayaraq, atasından yelləncək asmağı istəmişdi. Sonra dondurma, gəlincik... 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

 

“Bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini beynəlxalq arenada yeganə davranış qaydaları kimi qəbul edərək, qarşılıqlı etimad və maraqlar əsasında çoxvektorlu əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa önəm verir, hər zaman dialoq və həmrəyliyə səylər göstərir.

Bu gün Azərbaycan dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Cənubi Qafqaz regionunda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qruplara ev sahibliyi edir. Müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar bir-birinin yanında yerləşir. Multikulturalizm xalqımızın həyat tərzidir. Nəticə etibarilə, müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin və dövlət siyasətinin ayrılmaz hissəsidir.

Bu gün Azərbaycan multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi önəm və diqqət göstərir. BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu, Dünya Dini Liderləri Forumu və Mədəniyyətlərarası Dialoq Forumu kimi çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqu qlobal sülhə, harmoniyaya və əməkdaşlığa gətirib çıxara biləcək əsas amil hesab edir”.

 

Sitat Milli Məclisin sədri Sahibə Qafarovadan gətirilib. O, Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib. 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Çərşənbə axşamı, 25 Aprel 2023 13:00

Bir günün hikməti

Həmin gün Ramazan bayramına düşdü, qeyri-iş günü olması səbəbindən o qeyri-adi gün barədə bu gün danışmaq istəyirik. Beləliklə, “Ədəbiyyat və incəsənət” portalının güzgüsündə 22 aprel günüdür. 

 

Bu gün dünyada və Azərbaycanda çox məşhur mədəniyyət xadimləri doğulublar və dünyalarını dəyişiblər.

Dünyaya gələnlərdən İmmanuel Kantı, Vladimir Nabokovu, Fridrix Bodenşdatı, Seymur Baycanı, Ədalət Şükürovu, Jəsən Əblücü, Hüseyn Əliyevi qeyd etməyi lazım bilirik. 

Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 112-ci ildönümü tamam oldu.

80 illik ömrün 60 ildən çoxunu sənətə həsr edən, “Mənim müəllimim təbiətin özüdür!”,- deyərək Vətəni Azərbaycana sonsuz sevgi ilə bağlanan görkəmli rəssamın yaratdıqları bu gün də böyük maraq doğurur.

Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir. Bu istedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edir.

Hüseyn Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olub. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə - bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilib. Təsadüfi deyildir ki, ilk rəsm əsərini çəkəndə onun 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) müxtəlif eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında karikaturaları, rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, işıqlandırdığı mövzular bu gün də aktual səslənən “Molla Nəsrəddin” Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi. O, 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra həyatını bütövlükdə “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) bağlayıb.

Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olub. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz edib. H.Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləyib.

İstedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri üstünlük təşkil edirdi. Təsadüfi deyil ki, gənc vaxtlarında çəkdiyi dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin portretinə görə o, respublika müsabiqəsində birinci yerə layiq görülüb və üç min manat mükafat alıb. Hüseyn Əliyev sərbəst və cəld işləməyin ustası idi. Hələ tələbəlik illərində yaratdığı sənət əsərləri elə ilk baxışdan diqqəti cəlb edirdi. O öz iş yoldaşlarının, ailə üzvlərinin, onda maraq doğuran adamların portretini qısa müddət ərzində çəkə bilirdi.

İkinci Dünya müharibəsi başlayanda Hüseyn Əliyev könüllü surətdə orduya yazılıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləyib. Musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olub, neçə-neçə igid döyüşçünün portretini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkib. Böyük Vətən müharibəsində iştirak edən rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.

Hüseyn Əliyev istedadlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Rəssamın təbiətin gözəlliklərini əks etdirən mənzərələri monumentallığı ilə seçilir. Bu əsərlər qeyri-adi koloriti ilə diqqəti cəlb edir, Vətənə böyük sevgisindən xəbər verir. Milli incəsənətin tarixində öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və çox yüksək qiymətləndirilir.

Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.

Ustad rəssam tərəfindən yaradılan bütün əsərlərin əsasını şəxsiyyətin psixoloji dərkedilməsi və təbiətin fəlsəfəsi təşkil edir. Rəssam onu əhatə edən təbiətdə başqalarının görə bilmədiklərini görür, onu özünəməxsus, adi baxışa zidd dərk edir. O, qəhrəmanlarının daxili dünyasını çox incəliklə təsvir edir, bunu onların üzlərində əks etdirirdi.

Vətənin füsunkar təbiəti rəssamın duyğuları ilə həmahənglik yaradaraq rənglərdən ibarət nəhəng bir çələngə çevrilib. Fırça ustasının Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi ilə diqqət cəlb edir. Xalq rəssamı Azərbaycan təbiətinin incilərindən sayılan bu mavi gözlü gözəlin müxtəlif variantlarda təsvirini yaradıb. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilir. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb.

Hüseyn Əliyevin “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsuludur.

Hüseyn Əliyev həm də portret janrının ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Eləcə də Nizami Gəncəvinin portreti də düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.

Həyat, sevgi, gözəllik, dinamizm - Hüseyn Əliyev yaradıcılığını bu cür xarakterizə etmək olar.

Tanınmış aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun isə anadan olmasının 81-ci ildönümü tamam oldu.

Tanrı ona elə bir böyük məharət, gözəl bir səs bəxş etmişdi ki, bu təkrarolunmaz deyim tərzi yalnız və yalnız ona məxsus idi. Çoxları bu yolda var-gəl etsə də, Həsən Əbluc üslubu daim öz kamilliyi, ustalığı, axarı, qeyri-adi səslənişi ilə ürəklərə qəribə bir rahatlıq, bəlkə də narahatlıq gətirirdi. Sanki dinləyici onu dinləməyə məhkum olurdu. Ona görə ki, onun səsləndirdiyi istər poeziya, istərsə də nəsr nümunələrini başqaları nədənsə dinləyicinin daxilinə, varlığına o cür hakim edə bilmirdi. Bu ləngərli, tutarlı, sanballı üslub Həsən Əblucu zaman baxımından çoxlarından fərqləndirirdi. Sağlığında da, ölümündən sonra da. Elə bil onun öz deyim tərzi vardı. Bu ölçüdə hər şey gözəl səslənirdi. Təkcə səslənmirdi, həm də gözəl dinlənilirdi...

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib.

H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.

Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.

Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.

Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.

O, cəmi 52 il yaşadı. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı bir vaxtda ayrılan Həsən Əbluc yaddaşlarda da öz kamil və ləngərli səsi ilə elə bu yaşda qaldı. Onu səsinin yaşı ilə ömrünün yaşı bəlkə də üst-üstə düşür. Azı ona görə ki, belə qiraət ustasının səsi heç vaxt qocala, titrəyə, öz təravətini itirə bilməzdi...

Sənətkarın qardaşı kinorejissor Ənvər Əbluc оnun haqqında “Həsən Əbluc” filmini lentə alıb. Bu, Həsən Əbluca bir qardaş sevgisi ilə yanaşı, həm də tamaşaçı aşiqliyindən irəli gəlmişdir.

 

22 apreldə vəfat edənlərdənsə Samanta Foqsu, İzzət Orucovanı qeyd edə bilərik.

İzzət Orucovanın vəfatından 40 il ötdü. Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.

İzzət Orucova öz aktrisalıq karyerasını və “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini belə xatırlayırdı: “Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: - Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.

İzzət Orucova o zaman 20 yaşında gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir: “Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.

Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb. Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Xoşbəxtlikdən bu filmin bütün çəkilişləri C.Cabbarlının iştirakı ilə baş verib. Bəzi epizodlar barədə İzzət xanım öz xatirələrində yazıb və insanlara da danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı öz başından açıb onu Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edib. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdiriblər. Ölümünün bir illiyində film ekranlara çıxıb.

O zaman aktyor sənətinə qəti aid olmayan bir xanım “Sevil” və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmalı olub. O dövrdə heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı - həkim və dövrünün tanınmış ziyalısı, Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan Mövsüm İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda, onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq Sibirə sürgün olunacaqdılar. Lakin bu, baş vermir. İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrılır və ömrünü elmə həsr edir.

İzzət Orucova Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. 1972-ci ildə onun akademik adını alması həqiqətən də çoxlarının təəccübünə səbəb olub. Çoxları inanmır ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib.

Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. Dövrünün ən yüksək ordenlər və medalları ilə təltif edilib.

İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib. Amma o, yaratdığı rollar, yazdığı elmi əsərlərlə mənsub olduğu millətin tarixində əbədiyaşarlıq qazanıb.

Bəli, biz sizə 22 aprel günü barədə danışdıq. Qeyri-adi gün barədə.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti aforizmlərini təqdim edir:

 

1.Elmin əlaməti odur ki, hər elmi cavabdan sonra daha da çox elmi suallar doğur.

 

2.Ehtiyat igidin yaraşığıdır, çox böyük ehtiyat düşmənə verilən fürsətdir.

 

3.Ən yaxşı iş, yaxşı işlərə adətkar olmaqdır.

 

4.Hər yeni səhvinə sakit bax, təkrar etdiyin səhvlərdən narahat ol.

 

5.Həyatı uzatmağın ən yaxşı yolu həyata həvəs dövrünü uzatmaqladır.

 

6.Xoşun gələn insana xoşluqlar etmək əlindən həmişə gələcək.

 

7.Xalqın əbədi yaşaması üçün ədəbiyyatı yaşamalıdır.

 

8.İnsan restoran deyil, əvvəldən menyusuna baxmaq olmur.

 

9.İçindəki insanı tapsan, o, sənə Allahı tapar.

 

10.Keçmişdə başın dəyə-dəyə əldə etdiyin təcrübələr gələcəkdə köməyinə çatmaya da bilir, gələcək üçün başının nələrəsə yenidən dəyəcəyinə hazır ol.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.

Beləliklə ən yaxşı onluq.

10 və 9-cu yerlərlə  tanış olmuşduq. Bu gün 8-ci yerlə tanış olacağıq.

 

10-cu yer:

Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»

9-cu yer:

Riçard Brenson. «Çılpaq biznes»

8-ci yer:

Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»

Ser  Brensonun növbəti kitabını isə həyat manifesti, hərəkət və risk manifesti adlandırırlar. Kitabın məğzi həyatdan nə mümkündürsə hamısını götürməkdir. «İstədiyini etməkdən qorxma!» - deyir Ser Brenson. Buna görə də sənin təhsil səviyyənin, təcrübənin olub olmamasının əsla əhəmiyyəti yoxdur. Həyat – sənə həzz gətirməyən məşğuliyyətlərə sərf olunmaq üçün olduqca gödəkdir.

Müəllif iddia edir ki, əgər sənin çiyinlərinin üzərində başın varsa, döyünən ürəyin varsa, demək istənilən məqsədə çatmaq iqtidarındasan. «Nəsə xoşuna gəlirsə elə, xoşuna gəlmirsə, düşünmədən tulla getsin!», - söyləyən Riçard Brensonun bu kitabının illərdir ki, dünyada əl-əl gəzməsinin səbəbi odur ki, kitab hər bir insana öz imkanlarına inam aşılayır, onu müdrikləşdirir və ona inanılmaz dərəcədə çox optimizm bəxş edir.

 

Bəli, 8-ci yerdəki kitabla tanışlıq baş tutdu. Bəs 7-ci yerdə hansı kitab qərarlaşıb? Bunu sabah biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

 

Çərşənbə axşamı, 25 Aprel 2023 12:30

“Oğlum, adını Heydər qoydum. Yaşını Tanrı versin…”

“Ədəbiyyat və incəsənət” portalının poçtunda Əməkdar Mədəniyyət işçisi Zahirə Dadaşovanın “Ana laylası” essesi var, esse ümummilli lider Heydər Əliyevə həsr edilib, onu sizlərə təqdim edirik.

 

Gözəl bir yaz səhəri idi. Günəşin al şəfəqləri ətrafa səpələnmişdi. Cərgə ilə əkilmiş qızılgül kollarından günəşə boylanan qızılgüllər yorğun gözlərini açıb ətrafa boylanırdılar. Hər tərəf yaşıllığa, gül-çiçəyə qərq olmuşdu. Günəşdən savayı bir körpə səsi də açılan yaz səhərini sevindirirdi. 

Bu yenicə dünyaya gələn uşaq səsi idi. Ata sevinc içində körpəsini beşiyindən götürüb doyunca üzünə baxdı. Bu körpə o birilərindən xeyli fərqli idi. Yaz rəngli ala gözləri çox mənalı, ağıllı idi. Körpə doğma nəfəsi duyan kimi səsini çıxarmadan atasına baxdı. Ata onun gözlərində bir dahilik duydu. Elə zənn etdi ki, dünyaya gəldiyi bir gün ərzində balası həyatın bütün acısını da, şirinini də dadıb, bələkdə ikən artıq böyüyüb. Gözlərini balasından ayırmadı. Xeyli fikrə getdi. “Sənin necə hökmlü, ağıllı, mənalı baxışların var. Bəlkə sən hökmdar olacaqsan?!”- gülümsəyərək söylədi. Ana: ”Gəl, uşağın adını Heydər qoyaq. Qardaşımın adıdır. O da çox ağıllı, mərd, hünərli idi. Adını qoysaq, qardaşımı yaşatmış olaram.”- dedi. Ata razılaşdı: “Oğlum, adını Heydər qoydum. Yaşını Tanrı versin. Adına layiq oğul ol. Şir, aslan hünərli, cəsur, igid ol!” –dedi. 

Az sonra ana öz balasına süd verdi, laylay çaldı. Laylay oxunduqca körpənin bənizindəki sarılıq yavaş-yavaş çəkildi, simasında həyat işartıları, gülüş duyuldu. Arabir yorulub dayansa da, yenidən aramla əmməyə başladı. İzzət dünyanın ən xoşbəxt anası idi. Laylay deyirdi...  həm körpəsinə, həm də nakam qardaşına. Yadına ötən günləri saldı...

İzzət ana Zəngəzur mahalının Comərdli kəndindən idi. Bu kənd Zəngəzurun axar-baxarlı, bağlı-bağatlı, səfalı guşəsi olub, dağ kəndləri içərisində gözəlliyi ilə seçilirdi. Ulu yaradan bu kənddən heç nəyi əsirgəməmişdi. Kəndin özülünü İzzət ananın  ulu babası Comərd qoymuşdu. İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdli nəslinin törəməsiydi. Comərdli kəndində yaşayanların hamısı onların tayfası hesab olunurdu. Dağlar qızı İzzət ana elə dağ kimi də uca, əzəmətli, vüqarlı idi. Füsunkar gözəlliyi, ağır təbiəti, utancaq qeyrəti ilə dövrün qız-gəlinlərindən fərqlənirdi. Erməni quldur dəstələrinin Zəngəzur torpağına olan təcavüzü  nəticəsində minlərlə soydaşı  ən qəddar üsullarla qətlə yetirilmiş, qalanları doğma torpaqlarından didərgin salınmışdı. Bu, ananın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələrindən idi. Öz dədə-baba torpağından didərgin düşənlər Naxçıvanın ətrafında olan kəndlərdə - Qazançı, İşıqlar, Cəhri və Milax kəndlərində məskunlaşmışdı. İzzət ananın çəkdiyi müsibətlərin hamısından ən dəhşətlisi ailəsi ilə Comərdlidən qaçarkən yolda gördüyü mənzərə olmuşdu. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə seçilən 23 yaşlı qardaşı Heydərin cəsədi... O, erməni qaniçənlərinin vəhşi qurbanı olmuşdu. Ananı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il bacı-qardaşlarının sağ olub -olmamasından xəbər tuta bilmədi. Bir gün isə qardaşı övladlarının sağ olması xəbərini ona verəndə bütün dünya gözündə firlandı. Həyata elə bil ikinci dəfə gəldi. Qardaşlarının ətrini illər sonra tapdığı övladlarından aldı. Məsmə, Səkinə, Rzaqulu, Humay... Artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idi onlar... Ana xatırladığı ötən günlərin acısını unudaraq yeni doğulan körpəsinə laylay oxuyurdu. 

Laylay beşiyim laylay,

Evim, eşiyim laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay.

 

Laylay deyim boyunca

Baş yastığa qoyunca

Pardaxlan, qızıl gülüm

Bir iyləyim doyunca.

 

Laylay dedim yatasan,

Qızıl gülə batasan.

Qızılgül kölgəsində

Şirin yuxu tapasan.

 

Körpə sanki ananın səsindəki sehri anlamağa çalışırdı. Ətrafda hər şey susmuşdu. Elə bil təbiət də bu saf, yanıqlı səsin sehrinə düşmüşdü. Sanki pəncərədən düşən günəş şüaları altında kilimin üstündə yumurlanan pişik də, pəncərəyə qonan quşlar da ananın həzin səslə oxuduğu laylanı dinləyirdilər. Artıq körpə doymuş, yuxuya getmişdi. 

Ürəkləri titrədən ana laylası tanrının xoş anında, xoş saatında yaranmış, gələcəkdə Azərbaycanın xilaskarı olan ulu öndərimiz Heydərə çalınırdı. Həqiqət budur ki, bütün dünyanı müharibələrdən cənnət ətirli ana laylası, ana nəğməsi xilas edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə   Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.

 

 

 

Elxan YURDOĞLU

 

 

BİR GÜN PAYIZ OLACAĞAM

 

Ulduzlara əl uzatsam, toxunarmı saçlarına?

Dodağıma yağış düşsə, islanarmı dodaqların?

Səhər-səhər rəssam günəş boyayanda üfüqləri

Mən də durub seyr eləsəm, qızararmı yanaqların?

 

Yarpaqları ovuclayıb misralara səpələsəm,

Şeirlərim ürəyinə yatarmı heç, nar çiçəyim?

Sərçələrə pıçıldasam sənlə dolu duaları,

Yaradanın dərgahına çatarmı heç, hər diləyim?

                                                                                            

Əllərimi yana açıb qucaqlasam bu dünyanı,

Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?

Bu yağışı, bu payızı, bu havanı doya-doya

Ciyərimə çəksəm əgər, varlığıma dolarsanmı?

 

Taleyinə qarlar yağan, qönçə gülüm, qısıl mənə,

Mən onsuz da şeirlərdə çırtıldayan bir ocağam.

Yağışları yarpaqlarda rəqs eləyən payızı sev,

Unutma ki, bir gün mən də dönüb payız olacağam.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.