
Super User
Hər ay vətəndaşlar əvvəlki aydakından daha çox kredit götürürlər
Belə bir qarğış da var: “Sənin görüm kreditin olsun”. Zamanımızda bu bank əməliyyatı növünə hamımız müraciət edirik. Bəs kreditlər artan xətləmi inkişaf edir, yoxsa azalırmı?
Gəlin Mərkəzi Bankın çıxardığı rəqəmlərə nəzər salaq. Bankların kredit portfeli noyabr ayında 1 faiz (203,4 milyon manat) artaraq 19 milyard 674,2 milyon manat olub.
Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55,8 faiz (10 milyard 975,8 milyon manat) təşkil edib. 44,2 faizsə istehlak kreditləri (o cümlədən ipoteka) təşkil edir.
Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 18,1 faiz və ya 3 milyard 15,1 milyon manat artıb. Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 3,2 faiz təşkil edib.
Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 1,5 faiz bəndi azalıb.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82,2 faizi və ya 32 milyard 860,9 milyon manat). Depozit portfeli noyabr ayında 2,1 faiz (668,8 milyon manat) artıb. Depozit portfelinin 65,5 faizini hüquqi şəxslərin depozitləri, 34,5 faizini fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Rəqəmlər onu deməyə əsas verir ki, kredit götürənlərin sayında artım var və hər ay bu artım tendensiyası müşayiət olunmaqdadır.
Pul pul gətirər deyiblər. Arzu edək ki, vətəndaşlar yalnız xeyirli işlərə kredit götürüb vaxtında da borcdan çıxa bilsinlər.
Kredit sonda qapıya ədliyyə polisini gətirməsin.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Gənclər Kitabxanasında Qəzənfər Paşayevin 85 illik yubileyi qeyd edilib
Bu gün görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mötəbər bir yubiley tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yubileydə elm və ədəbiyyat xadimləri iştirak ediblər, görkəmli ədib barədə xoş sözlər söyləyiblər.
Şirindil Alışanov.
Tədbirin aparıcısı filologiya elmlər doktoru, professor Şirindil Alışanov kərkükşünaslıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçıların çox az olduğunu söyləyib. Və sözü qonaqlara verib.
Aslan Cəfərov.
İlk olaraq söz alan kitabxananın direktoru Aslan Cəfərov söyləyib: “Qəzənfər Paşayev tək Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da tanınan, sevilən, hörmətlə qarşılanan bir alim və ziyalı kimi tanınır. Xalqına, millətinə ruhən bağlı olan Q.Paşayev milli dəyərlərimizi və milli adət-ənənələrimizi dərindən bilən, qoruyan, öz elmi, bədii əsərləri və məqalələri ilə bizi-bizə tanıdan, gələcək nəsillərə milli ruhu aşılayan dəyərli alim, hörmətli ziyalıdır.”
İlqar Fəhmi.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi alimin “Altı il Dəclə - Fərat sahillərində”, “Nəsimi edamdan sonrakı həyat” kitablarından bəhs edərək, “Nostradamusun möcüzəli aləmi” kimi əsərlərin tərcüməsində də onun əvəzsiz xidmətlərini qeyd edib.
Əlövsət Ağalarov.
Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov Qəzənfər Paşayevin uzun, keşməkeşli illərə arxalanan zəhmətinin, fəaliyyətinin Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşmasında mühüm rol oynadığını vurğulayıb.
Fəxriyyə İsayeva.
Bakı Dövlət Universitetinin müəlliməsi Fəxriyyə İsayeva Q.Paşayevi əsl müdrik, qayğıkeş, xeyirxah bir müəllim, səmimi bir insan kimi xarakterizə edib.
Aslan Salmansoy.
Filologiya elmləri doktoru Aslan Salmansoy ensiklopedik zəkaya malik alimin türkman folklorundan, ayrı-ayrı yazıçılardan əsərlər yazdığını, öz vəsaiti hesabına daim xeyirxah işlər gördüyünü söyləyib.
Adil Cəmil.
Tanınmış şair Adil Cəmil ona həsr etdiyi şeirini səsləndirib.
Qəzənfər Paşayev.
Sonda yubilyar çıxış edib. O, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Kərkük sevdalısı Qəzənfər Paşayev 85” adlı videomateriala, elmi, bədii, publisistik yaradıcılığından, müəllifi olduğu kitablardan ibarət virtual və ənənəvi sərgiyə, biblioqrafik siyahıya görə Gənclər Kitabxanasının rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirib.
Sonda ailə fotoşəkli çəkilib.
Qeyd edək ki, Qəzənfər Paşayevin 85 iılik yubiley tədbirləri davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Qazaxıstan televiziyasında Azərbaycanın milli-mədəni dəyərlərindən bəhs edilib
Qazaxıstanda yayımlanan Türkistan TV-nin “Turan today” proqramının növbəti buraxılışı Azərbaycan xalqının milli-mədəni dəyərlərinə və adət-ənənələrinə həsr olunub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsin məlumat yayıb.
Məlumatda deyilir ki, Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni Birliyi üzvlərinin qatıldığı proqram Azərbaycan haqqında məlumatın əks olunduğu videoçarxın nümayişi ilə başlayıb.
Sonra birliyin sədri Ramilə Mustafayeva “Qarabağ” adını daşıyan təşkilatın fəaliyyətindən, Qarabağın azadlıq rəmzinə çevrilmiş Xarıbülbül çiçəyindən danışıb, qonaqpərvər xalqımızın mətbəx və süfrə mədəniyyəti barədə ətraflı məlumat verib, milli mətbəx nümunələrini təqdim edib.
Proqramın gedişində milli geyimli icma üzvlərimizin iştirakı ilə “Xınayaxdı” mərasimi, musiqi alətlərimiz və milli rəqslərimiz nümayiş etdirilib.
Proqramın canlı yayımına qoşulan Türkiyədə yaşayan rəssam həmyerlimiz İlham Ənvəroğlu xalqımızın milli-mədəni dəyərlərindən, Azərbaycan və qazax xalqları arasında olan tarixi köklərdən və bağlılıqdan bəhs edib.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
“Fuad Poladov hər gün sanki ölməyi öyrənirdi”
Məşhurların həyatı çox zaman qeyri-adi olur. Əməkdar artist Rafiq Həşimov “O üz" verilişinə qonaq olarkən mərhum Xalq artisti Fuad Poladovla bağlı xatirələrini bölüşəndə buna bir daha əmin olursan. Diktor bildirir ki, F. Poladov xəstəliyinin ölümcül olmasını bilirdi və sanki ölümə hazırlaşırdı.
"Axırıncı 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O bilirdi ki, xəstəliyi müalicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi. Günlərin birində dedi ki, gedək "Qurd qapısı" qəbiristanlığına. Gördüm orada daşın üstündə "F.P." yazılıb. Sən demə yer götürüb. Dedi, yəqin burada dəfn olunaram.
Elə evə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, xahiş edirəm, oğlu da cavan idi, birdən özünü itirər, evlərin arxasında xeyir-şər yeri var, camaat da soyuqda qalmasın, orada keçirərsiniz. Bir il müddətində hər gün sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim yersizdir, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi".
Qeyd edək ki, Fuad Poladov 2018-ci ildə vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün Bakıda cazsevərlərə gözəl Yeni il hədiyyəsi olacaq
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Christmas Jazz Concert” adlı caz kompozisiyalardan ibarət konsert proqramı təşkil ediləcək.
Caz ifaçıları Rain Sultanov və Şahin Növrəslinin musiqi qrupunun müşayiəti ilə bayram konserti paytaxt sakinləri və qonaqlar üçün ən gözəl Yeni il hədiyyəsi olacaq.
Konsertdə ifaçılar sevilən Milad musiqilərini yeni və özünəməxsus tərzdə təqdim edəcəklər.
(23.12.2022)
Rauf Hacıyevin 100 illiyi Filarmoniyada qeyd olunacaq
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert təşkil olunacaq.
Gecədə Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Əməkdar artist Adilə Əliyeva, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və "Şəms-qəmər" kamera xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva, konsertmeyster Əməkdar müəllim Naibə Şahməmmədova) çıxış edəcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün Uşaq Filarmoniyasında Yeni il konserti başlayacaq
Bu gün Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş uşaqlar üçün "Sirli sandıq" adlı konsert proqramı təqdim ediləcək.
Uşaq Filarmoniyasının mətbuat xidmətindən verilən məlumata görə, konsertdə filarmoniyanın nəzdində fəaliyyət göstərən "Yuvam" musiqili uşaq teatrı, "Sədəf" xalq çalğı alətləri ansamblı, "Şəms" uşaq xoru, vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqili nömrələri ilə çıxış edəcəklər.
Proqram dekabrın 25-dək davam edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Azercell qalibləri elan etdi
Məktəblilər arasında keçirilən İnformatika və Proqramlaşdırma müsabiqəsi yekunlaşdı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin bu ilin noyabr ayında keçirdiyi proqramlaşdırma üzrə “Azercell CUP” müsabiqəsi yekunlaşdı. Ümumilikdə 140 nəfərin iştirakı ilə təşkil edilən final mərhələsi 3 saat davam edib.
Yarışın sonunda 6-7 və 8-ci sinif şagirdləri arasında qaliblər müəyyən edilib, medalla təltif olunublar. Müsabiqənin ümumi nəticələri ilə www.olimpiada.edu.az saytında tanış olmaq mümkündür.
Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email vasitəsilə çatdırılacaq. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.
“Azercell CUP” məktəblilər arasında informatika elmi və proqramlaşdırma üzrə bilik və bacarıqları inkişaf etdirmək, bu sahəyə gənclərin marağını artırmaq, informatika fənni üzrə olimpiadalarda iştiraka həvəsləndirmək məqsədi daşıyır. 2017-ci ildən etibarən “Azercell Telekom”un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi uğurla təmsil edərək 2 qızıl, 13 gümüş və 33 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər. Qeyd edək ki, qalib şagirdlər sırasında “Azercell CUP” müsabiqəsi vasitəsi ilə kəşf olunan istedadlı şagirdlər də yer alır.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün YARAT-da “Pianoçu ilə görüş”ün müzakirəsi olacaq
YARAT Müasir İncəsənət Mərkəzi növbəti dəfə musiqisevərləri sevindirəcək.
“Pianoçu ilə görüş” layihəsi çərçivəsində müzakirə bu gün keçiriləcək.
Yeni il ərəfəsində layihənin budəfəki qonağı istedadlı pianoçu Riad Məmmədov olacaq.
Müzakirə rus dilində aparılacaq.
Riad Məmmədov öz yaradıcılıq fəaliyyətində müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir.
Moskva Konservatoriyasını, habelə fortepiano ixtisası üzrə aspiranturanı, eləcə də musiqişünas kimi nəzəri aspiranturanı bitirdikdən sonra, o, akademik ifaçı kimi qalmaqla yanaşı, dünyada muğam və caz-muğam meyillərini inkişaf etdirib. Özünü ifa tərzində, aşkarlanan intonasiyalarda və motivlərdə ifadə etməklə, Şərq məfhumu musiqiçinin proqramlarına həm bilavasitə, həm də alleqorik şəkildə nüfuz edib. Riad Məmmədov ictimaiyyətə dirijor Teodor Kurentzis və onun “musicAeterna” orkestri ilə solo konsertləri və birgə layihələri, eləcə də öz klassik, caz və müəllif repertuarı olan albomları ilə tanışdır.
Hazırda musiqiçi “Cənnətdən Şərqə” adlı albomu üzərində çalışır. Bu alboma onun yeni bəstələri daxil olacaq.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün görkəmli balet ustası Çimnaz Babayevanın anım günüdür
Çimnaz Babayeva görkəmli balet ustamızdır, 1954-1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Qəmər Almaszadənin sinfində təhsil almışdır, böyük səhnəyə doqquz yaşında, Boris Zeydmanın “Qızıl açar” baletində Buratino rolu ilə qədəm basmışdır.
Öz həyat yoldaşı, xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.Qarayevin “Yeddi gözəl”ində Aişə, “İldırımlı yollarla”da Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastan” baletində Nəsiminin sevgilisi kimi obrazları yaratmaqla Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaltmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri kimi gənc balet artistlərinin yetişdirilməsində zəhməti də əvəzsizdir.
O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir. Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə “Əməkdar artist” və “Xalq artisti” kimi yüksək fəxri adlara, Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.
Çimnaz Babayeva 2019-cu il dekabr ayının 23-də vəfat etmişdir. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)