
Super User
Diana Əliyevanın fərdi sərgisi açılıb
Bakıdakı Rus evində azərbaycanlı rəssam Diana Əliyevanın fərdi sərgisi açılıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidməti bildirir ki, tədbirdə diplomatik korpus, incəsənət, biznes dairələrinin nümayəndələri iştirak ediblər.
Diana Əliyevanın əsərlərində Azərbaycan konkret və ümumiləşmiş obrazda göz önünə gəlir, tarixlə müasirlik isə bir-biri ilə uzlaşır. Mücərrəd motivlərlə işləyən Diana Əliyeva usanmadan xəyala qapılaraq, işıq harmoniyasını məharətlə yaratmaqla burada, bu torpaqda, bu günəşin altında tam gücü hiss etməyə, sevməyə, xoşbəxt olmağa səsləyir.
Sərgi martın 1-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Azərbaycanda turizm üzrə 7 regional idarə yaradılır
Fevralın 8-də Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanında dəyişiklik edib.
Yeni dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeçiliyində Bakı-Abşeron, Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Quba, Qarabağ və İsmayıllı Regional Turizm idarələri yaradılacaq.
Fərmanda deyilir: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilsin”.
Şəkildə: Təbii ki, ölkənin əsas turizm bölgələri sırasında Şəki də vardır.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
“Kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması” gündəmdədir
Ötən gün Beynəlxalq İnternet Təhlükəsizliyi Günü idi və bu gün yetərincə hər yerdə qeyd olunurdu. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həmin günlə bağlı “Kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması” adlı tədbir keçirildi.
Baş İdarənin məlumatına görə, tədbirdə internet təhlükəsizliyi, kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması, uşaq və yeniyetmələrin sosial mediadan düzgün istifadə qaydaları, saxta xəbərlərin yayılması təhlükəsi və qarşısının alınması mövzularında çıxışlar oldu.
Sonra mövzu ilə bağlı videoçarxlar təqdim olundu və mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırıldı.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Leypsiq kitab yarmarkası bərpa olunur
Pandemiya həyatın bir sıra sahələrini iflic etmişdi, o cümlədən böyük mədəniyyət tədbirləri də bir müddət qapanmalı olmuşdu. Leypsiq kitab yarmarkası da həmçinin. Almaniyada böyüklüyünə görə Frankfurt kitab yarmarkasından sonra ikinci olan Leypsiq yarmarkası maraqlıdır ki, 17-ci əsrdən mövcuddur, 1963-cü ildən bəri hər il keçirilir, dörd gün davam edir. Almaniyanın kitab paytaxtı sayılan Leypsiq 2020-ci ildən bu foruma həsrət idi. Həsrətin ömrü bitdi.
Bu barədə “Ədəbiyyat və incəsənət” worldexpo.pro mənbəyinə istinadla xəbər verir. Bu il sərgi aprelin 27-dən 30-dək keçiriləcək. Leypsiq yarmarkasının direktoru Oliver Sillenin sözlərinə görə, sərgiyə 130 min ziyarətçinin gələcəyi gözlənilir. 2019-cu ildə, pandemiyaya qədər yarmarkanı 216 min nəfər ziyarət edib. Sille vurğulayır ki, belə uzun fasilədən sonra əvvəlki səviyyəyə qayıtmaq üçün vaxt tələb olunur. Əgər bu il böhranaqədərki göstəricinin 60 faizini əldə etsək, o halda bu, şübhəsiz uğur olacaq.
Ötən il bir çox nəşriyyat koronavirus infeksiyasından ehtiyat edərək yarmarkada iştirakdan imtina etdilər. Lakin artıq indi təşkilatçılar 2019-cu illə müqayisədə təqribən 75 faiz eksponentdən iştirak üçün müraciət alıblar. Onlar Leypsiqə gəlməyi arzulayanların sayının artacağına ümid edirlər.
Yarmarka çərçivəsində həm sərgi ərazisində, həm də şəhərin özündə çoxsaylı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Bundan başqa, 200 qiraət zalı açılacaq. Kitab barı da yeniliklərdən birinə çevriləcək, yarmarkada əsərləri təqdim olunan yazıçılarla ziyarətçilərin görüş və diskussiya yeri olacaq.
Çox təəssüf ki, Azərbaycan yazıçılarının maddi təminatları o səviyyədə deyil ki, onlar da bu sayaq kitab bayramlarına qatılsınlar. Ölkəmizi yəqin ki, yenə də ən yaxşı halda ya nazirlik, ya səfirlik bir neçə siyasi təbliğat kitabıyla təmsil edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Biz Tofiq Quliyevin bəstələrini dinləməklə böyümüşük
“Bakıda Prezidenti İlham Əliyevin iştirakı ilə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılması mədəniyyətimiz üçün tarixi hadisədir. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş Tofiq Quliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətləri var. Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. O, müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda, bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır.
Hazırda ölkəmizdə bütün sahələr kimi mədəniyyət və incəsənət sahəsinə də dövlət tərəfindən xüsusi qayğı göstərilir ki, bu siyasətin də əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasi xətt uğurla davam etdirilir. Hər birimiz Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi qayğının canlı şahidləriyik. Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xidmət edən hər bir fəaliyyət daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu gün paytaxtımızda Tofiq Quliyevin abidəsinin açılması buna bariz nümunədir.
T.Quliyevin mahnıları, ayrı-ayrı tamaşalar üçün yazılan musiqiləri bizim musiqi tariximizə qızıl həriflərlə yazılıb və könlümüzdə daim yaşayacaq. Biz onun bəstələrini dinləməklə böyümüşük”.
Sitat tanınmış xanəndə, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovdandır.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Dünya Bankı ilə Azərbaycan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun Bakıya gəlişi özündə bir çox maraqlı nüansları cəmləyir. Ən azından, Dünya Bankı ilə Azərbaycan arasında yeni əməkdaşlıq istiqamətləri yollarına aydınlıq gətirilir.
Ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Sebastian Molineus ilə görüşüb. İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, Bankla ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya artımı və başqa sahələr üzrə birgə layihələr reallaşdırılıb, analitik sənədlər hazırlanıb.
Görüşdə ölkəmizdə iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib. Vurğulanıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verilir.
Və daha bir nüans: Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və yeni keyfiyyətə transformasiya, ekosistemdə müsbət keyfiyyət dəyişiklikləri, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması və s. əsas hədəflər kimi müəyyən olunub.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər Dünya Bankı ilə əməkdaşlığın gündəliyində olan məsələlər, potensial layihələr barədə müzakirə aparıblar.
Nəticələr yəqin ki, özünü çox gözlətməz.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
56 saatlıq əsarətdən xilas - Türkiyə gündəliyindən
Qardaş ölkədəki dəhşətli zəlzələ ilə bağlı dünən izlənən xəbərlərdən əməkdaşlarımızın diqqətini cəlb edənlər bunlar olub.
Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda 5 mərtəbəli binanın dağıntıları altında qalan 16 yaşlı yeniyetmə 56 saatdan sonra yaralı olaraq çıxarılıb. Aparılan işlər zamanı 16 yaşlı Mahmud Salmana çatmaq mümkün olub. Xilasedici Komandaların birgə səyi ilə dağıntılar altından çıxarılan Salman alqışlarla xərəyə doğru aparılıb. Yeniyetmənin anası Şirin Salman sevinc içində oğluna sarılıb.
Bir müddətdir ailəsi və qrupları ilə söhbət edən yeniyetmə şəxsi avtomobillə xəstəxanaya çatdırılıb. Bu barədə Haber-Global xəbər yayıb.
Təbrizin “Traktorsazi” futbol komandasının İran çempionatındakı növbəti qələbəsi qeydə alınıb. İslamşəhr təmsilçisi “Havadar”ı səfərdə minimal hesabla (0:1) məğlub edən klubumuz bu zəfərini Türkiyə və Xoyda zəlzələdən zərər görən insanlara həsr edib.
Müvafiq paylaşım “Traktor”un sosial şəbəkə hesabından edilib.
Üçüncü xəbər: zəlzələdə zərərçəkənlərə yardım edənlərdən biri də ünlü sənətçi Ebru Gündeş olub. SonDakika xəbər ajansı bildirir ki, sənətçi AHPAB dərnəyinə 500 min lirə yardım edib.
Qeyd edək ki, faciə nəticəsində ölənlərin sayı 8500 nəfərə yüksəlib, yaralıların sayı isə 40 910 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 11 302 bina dağılıb.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Animasiyamız kifayət qədər tədqiq olunubmu?
Araşdırmamızı davam etdiririk və bu dəfə rastımıza bir kitab çıxıb, “Azərbaycan animasiyası” kitabı. Bu, Azərbaycanın animasiya tarixinə həsr olunan ilk və yeganə kitabdır.
Və burda demək olar ki, axtardığımız hər şey var. Azərbaycan və Avropa kinoşünaslarının səyi və tədqiqatları nəticəsində oxucular Azərbaycanda incəsənətin bu növünün inkişafı barədə çox sayda yeni məlumatlar əldə ediblər. Kitabda animasiya sahəsində çalışan rejissor və rəssamların təqdim etdiyi unikal materiallar ilk dəfə dərc olunub.
Bu kitab bir ildən çox davam edən kollektiv tədqiqatların nəticəsidir. 13 Azərbaycan və Avropa kinoşünası 19 məqalə hazırlamışlar.
Kitab iki dildədir: hər bir fəsli azərbaycan və rus dillərində oxumaq olur.
Kitabın yazılmasında rejissorlar və cizgi filmi rəssamlarının əvəzsiz rolu var. Onlar məqalələrin müəlliflərinə öz yaradıcılıq fəaliyyətləri və istehsalın texniki təfərrüatları barədə məlumat vermiş, həmçinin bəzilərinin ilk dəfə işıq üzü gördüyü qiymətli materiallar təqdim etmişlər.
“Azərbaycan animasiyası” kitabı tək Azərbaycanda deyil, başqa ölkələrdə də yaşayan insanların dəstəyi ilə ikiillik kraudfandinq kampaniyasının nəticəsi olaraq çap edilib. Kitabın layihəsini maddi cəhətdən 100-dən artıq insan dəstəkləyib.
Müəllifləri də qeyd edək:
İdeya müəllifi, tərtibatçı, məsul redaktor: Rəşid Ağamalıyev
Müəlliflər: Aydın Kazımzadə, Sevinc Əzimova, Rəşid Ağamalıyev, Gennadi Tişşenko, Karolina Çijkova, Aygün Aslanova, Aliyə Dadaşova, Andrey Hovanets, Kəmalə Rzayeva, Dadaş Məmmədov, Elçin Orucov, Leyla Novruzi, Olqa Ağamalıyeva
Baş məsləhətçi: Elçin Hami Axundov
Məsləhətçilər: Firəngiz Qurbanova, Şamil Nəcəfzadə, Məsud Pənahi, Vahid Talıbov, Arif Məhərrəmov, Gennadi Tişşenko, Ramiz Ağayev, Rafiz İsmayılov, Yefim Abramov
Üz qabığının rəssamı: Andrea Feytkova
Fotoqraf: Ceremi Moraxan
Şəkillərin bərpası: Kəbirə Həşimova
Kompüter tərtibçisi: Faiq Əliyev
Naşir: “PERİ FİLM” MMC.
Bu qədər.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Qaranlıqdan işığa" adlı tamaşa nümayiş olunub
Xalq teatrları, teatr dərnəkləri sanki ikinci nəfəs alıblar. Tamaşalar artıb, premyeralar çoxalıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində "Səhnə" teatrının təqdimatında "Qaranlıqdan işığa" adlı tamaşa nümayiş olunub.
Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Həmin tamaşada, narkotikə aludə olmuş bir gəncin keçirdiyi iztirablardan, yaşadığı əzablı həyat tərzindən, ailəsinə gətirdiyi faciələrdən və düçar olduğu qaranlığın içindən işığa doğru necə çıxdığından bəhs edilir.
Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Naftalanda gənc liderlər unudulmaz günlər keçirirlər
Gənclik gözəllikdir. Gənclik illəri hər anı maraqlı keçən ən unudulmaz bir dövrdür. Bu dövrün yaddaqalan olması üçün dövlət qayğı göstərirsə, onda hər şey bir qədər də dəyərini artırmış olur. Elə bu soyuq qış günlərində Naftalanda düzənlənən Gənc Liderlərin forumu da məhz bu cəhətdən diqqət çəkir.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümü davam edir. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkilidir.
Gənclər Hərəkatının məlumatına görə, “Qış Universiteti"nin beşinci günündə “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri, Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova "Avropada könüllülük və Erasmus+ proqramı", "Az-Granata"nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli və əməliyyatlar üzrə direktoru Yusif Ləzgiyev "İstehsalatda müasir texnologiyanın və dünya standartlarının tətbiqi, “İZ” Gənclər Təşkilatının təsisçisi, təlimçi Natiq Xəlilovun təqdimatında “Gənc liderlərin komanda quruculuğunda rolu" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Günün sonunda “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı gənc liderlərlə tonqal ətrafında görüşərək “Qış Universiteti” ilə bağlı səmimi söhbət aparıb, gənclərin təəssüratlarını dinləyib.
Sonra isə "Social Night" keçirilib və proqram çərçivəsində yaradıcı formatda komanda işləri nümayiş olunub.
Nəticələrə əsasən, gecənin qalibi "Kiçik gəlin" adlı səhnəciyi ilə "Beta" komandası seçilib.
Bu gün - altıncı gün də maraqlı tədbirlərlə yadda qalacaq.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)