
Super User
“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində növbəti tədbirlər
“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resursları və xatirə materialları hazırlanacaq.
Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqində yer alıb.
Həmçinin “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ərzində poçt markalarının və xatirə nişanının hazırlanması, Şuşa şəhərinin elektron xəritəsinin və mobil tətbiqinin hazırlanması və “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalının yaradılması da nəzərdə tutulur.
Qeyd olunan işlərin icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
BU BARƏDƏ NAZİRLƏR KABİNETİ QƏRAR QƏBUL EDİB
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək. Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Forum çərçivəsində may-iyun aylarında Beynəlxalq Türk Akademiyası ilə birgə türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbirin təşkili nəzərdə tutulub. Həmçinin TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı və Türk Dünyasının Mədəni Marşrutu layihəsinin təqdimatı keçiriləcək. Eyni zamanda, Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşünün təşkili, elədə də TÜRKSOY Muzeylər Birliyinin toplantısının keçirilməsi planlaşdırılır.
Qeyd olunan işlərin icrası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Dahi dramaturq çoxlu sayda faciələr yaratdı, öz həyatı da faciəli oldu
MİLLİ KİTABXANADA HÜSEYN CAVİDLƏ BAĞLI KİTABLAR TƏQDİM OLUNUB
Cavid elə bir məşəldir ki, heç bir külək onun alovunu söndürə bilməz. Və illər ötdükcə bu dahi şəxsiyyət daha dərin, daha mükəmməl görünür.
Ötən gün Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Hüseyn Cavidin ev-muzeyinin təşkilati dəstəyi ilə “Hüseyn Cavid: Biblioqrafiya” və “Hüseyn Cavid: Biblioqrafik göstərici” kitablarının təqdimat mərasimi keçirilib. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyi münasibətilə hazırlanan nəşrlər Azərbaycan Milli Kitabxanası və Hüseyn Cavidin ev-muzeyi tərəfindən nəşr edilib.
Mərasimdə iştirak edənlər arasında AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Xalq Yazıçısı Elçin, AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, yazıçı-publisist Fazil Mustafa, ədəbiyyatşünas alim, professor Asif Rüstəmli də var idi.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin, Mirzə Ələkbər Sabir satirik şeir məktəbinin əsasını qoyduğu kimi, Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında romantik şeirin, mənzum romantik dramaturgiyanın və nəhayət, romantizm ədəbi cərəyanının banisi olaraq qəbul edilir. Direktor öz çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Hüseyn Cavidi Azərbaycan xalqına ikinci dəfə qaytarıb. Sovet ideologiyasının qızğın çağlarında onun nəşinin Azərbaycana gətirilməsini həyata keçirib. Bu, Azərbaycan ədəbiyyatı üçün çox böyük xidmət hesab edilir. Ulu Öndərin siyasətinin davamı kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri yüksək səviyyədə keçirilib. K.Tahirov qeyd edib ki, Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə hazırlanan “Hüseyn Cavid: Biblioqrafiya”, həm də “Hüseyn Cavid: biblioqrafik göstərici” şairin yaradıcılıq üçün böyük töhfədir. Hazırlanan biblioqrafiyalar məzmun baxımından bir-birini təkrar etmir, əksinə tamamlayır.
AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Hüseyn Cavid çoxəsrlik Azərbaycan ədəbiyyatını yeni janrlarla daha da zənginləşdirib. Böyük şair ilk dəfə olaraq XX əsrin əvvəlləri Azərbaycan poeziyasına Qərb şeiri üçün səciyyəvi olan sonet janrını gətirib. O, öz çıxışı zamanı Hüseyn Cavidin ev-muzeyi tərəfindən onun bir çox əsərlərinin Azərbaycan dilində və bir çox xarici dillərdə nəşrindən və Hüseyn Cavidin həyat və yaradıcılığı barədə materialları əks etdirən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusunun əhəmiyyətindən də bəhs edib. Alim hər iki biblioqrafiyanın cavidşünaslığa böyük töhfə olduğunu iştirakçıların diqqətinə çatdıraraq bütün əməyi keçənlərə təşəkkürünü bildirib.
Xalq yazıçısı Elçin söyləyib ki, dahi dramaturq öz yaradıcılığında çoxlu sayda faciələr yaratsa da, onun öz həyatı da böyük faciə olmuşdur. Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi Azərbaycan ədəbiyyatı salnaməsinin şərəfli səhifəsidir və bu səhifəni Ulu Öndər Heydər Əliyev yazmışdır. Ümumiyyətlə Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri çox böyükdür.
AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, yazıçı-publisist Fazil Mustafa, ədəbiyyatşünas alim, professor Asif Rüstəmli Hüseyn Cavidin ədəbiyyata gətirdiyi yeniliklərdən, onun çoxcəhətli və zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatı tarixinə yaratdığı yeni mərhələdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatında romantik mənzum faciə janrının yaranması və inkişafı da birbaşa Hüseyn Cavidin adı ilə bağlıdır. Çıxışçılar Milli Kitabxana və Hüseyn Cavidin ev-muzeyi tərəfindən hazırlanan biblioqrafik vəsaitlərin əhəmiyyətindən də bəhs ediblər.
Tədbirin sonunda qonaqlar “Əbədiyyət şairi – Hüseyn Cavid” mövzusunda geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ədəbiyyatımızın əbədiyyət rəmzi – Hüseyn Cavid” adlı elektron məlumat bazası ilə tanış olublar.
Qeyd edək ki, məlumat bazası üç dildə (Azərbaycan, rus, ingilis dillərində) istifadəçilərə təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Muzeyimiz beynəlxalq konfransda təmsil olunub
Söhbət İstiqlal Muzeyindən gedir. Fevralın 9-da Azərbaycan İstiqlal Muzeyinin nümayəndəsi Rusiya Qələbə Muzeyinin Stalinqrad döyüşünün 80 illiyi münasibətilə təşkil etdiyi virtual beynəlxalq konfransda iştirak edib. Və bu barədə muzey məlumat yayıb.
Sözügedən konfrans çərçivəsində muzey əməkdaşı Stalinqrad döyüşlərində qəhrəmanlıq göstərmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolu haqqında məruzə ilə çıxış edib.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Rusiya Qələbə Muzeyi ilə imzaladığı qarşılıqlı memorandum çərçivəsində müxtəlif vaxtlarda sərgi və beynəlxalq konfranslarda muzey əməkdaşları ilə təmsil olunur.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Dövlət Xidməti: Ötən il Azərbaycanda 1095 dövlət əmlakı özəlləşdirilib
Ötən il Azərbaycanda 1095 dövlət əmlakı özəlləşdirilib və bundan gələn gəlir 114,5 milyon manat olub.
Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında Xidmətin rəisi Mətin Eynullayev bildirib. O, daha sonra bildirib ki, ötən il investisiya layihələrinə 14,6 milyon manat vəsait qoyulub, 374 iş yeri açılıb. Həmçinin dövlət büdcəsinə 8,5 milyon manat birdəfəlik ödəniş edilib.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Diqqət! Gecə Bakıda 1-3° şaxta olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Azərbaycanda fevralın 10-na gözlənilən hava proqnozunu açıqlayıb. Bakıda və Abşeron yarımadasında gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 777 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacağı bildirilir.
Yollar buz bağlayacaq.
Ehtiyatlı olun!
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Xalq rəssamı Mirəli Mirqasımovun bu gün doğum günüdür
Cəfər Cabbarlının Bakı Dəmiryolu Vağzalının önündəki monumental abidəsinə kim heyran qalmayıb? Bu gün həmin abidənin müəllifi, Azərbaycan heykəltəraşlıq sənəti tarixində iz qoymuş, istər dəzgah, istərsə də monumental heykəltaraşlıq sahəsində yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbət qazanmış Xalq rəssamı Mirəli Mirqasımovun doğum günüdür, 99-cu ildönümüdür.
O, 1924-cü il fevralın 9-da Bakı şəhərində AMEA-nın ilk prezidenti olmuş görkəmli akademik, Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımovun ailəsində dünyaya göz açıb. Təsviri sənətə olan böyük həvəsi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. 1944-cü ildə həmin məktəbi bitirən Mirəli təhsilini İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib və 1950-ci ildə təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı olub.
Qeyd etmək lazımdır ki, heykəltaraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük verib. Ümumiyyətlə, Azərbaycan heykəltəraşlıq sənətində nədənsə animalistik janrda heykəltaraşlıq əsərləri az yaradılıb. Bu baxımdan M.Mirqasımovun bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirəlayiqdir. Onun müəllifi olduğu dəzgah heykəltaraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Qız göyərçinlə” (1956, mərmər), “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc), “Akademik Mirəsədulla Mirqasımov” (1980, bürünc), “Hərəkət qüvvətdir” (1982, bürünc), “C.Cabbarlı” (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalanan hər bir sənət əsərinin ərsəyə gətirilməsi heykəltaraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib.
M.Mirqasımov mənsub olduğu ailənin gözəl ənənələrindən qaynaqlanan yüksək intellektuallığı və əməksevərliyi, seçdiyi sənətə sonsuz bağlılığı sayəsində heykəltaraş kimi böyük yaradıcılıq yolu keçib və onun yarım əsrdən artıq müddət ərzindəki fəaliyyəti Azərbaycanda heykəltaraşlığın inkişafında mühüm rol oynayıb. Mirəli Mirqasımovun monumental plastika sahəsindəki xidmətləri xüsusilə yüksək qiymətə layiqdir. Heykəltaraşın xalqımızın görkəmli oğul və qızlarının mərmərdə, qranitdə və tuncda əbədiləşdirdiyi obrazları küçə və meydanları, böyük sərgi və muzeyləri bəzəyən sənət inciləridir. Bakıda Cəfər Cabbarlının, Naxçıvanda Cəlil Məmmədquluzadənin monumental abidələri, Sumqayıtda Nəriman Nərimanovun büstü incəsənətimizin qızıl fonduna həmişəlik daxil olub.
M.Mirqasımovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən sənət əsəri, heç şübhəsiz ki, qeyd etdiyimiz görkəmli yazıçımız Cəfər Cabbarlının Bakıda ucaldılan heykəlidir. Əzəmətli – hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə mükəmməl kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaq üstə, başını sola çevirmiş, əlləri sinəsində qoşalanmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Dramaturqun bədii obrazında ekspressiv, üsyankar və barışmaz “mən”i daha çox surətin zahiri quruluşu ilə üzə çıxarılıb. Dramatizm və dinamizm, yazıçının daxili gərginliyi abidənin ümumi plastik həlli yolu ilə açılıb. Heykəltaraş bu əsərində də paltodan obrazın ümumi bədii həllində vahid element kimi istifadə edib. Yazıçının çiyinlərindən sallanan palto sanki teatrın pərdələrini xatırladır və obrazın monolitliyini və monumentallığını artırır. Postamentdə teatr maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya biçimində həllinə xidmət edir və surətin bədii ifadəliyinə əlavə estetik zövq gətirir. C.Cabbarlının heykəli Azərbaycan heykəltaraşlıq sənətində bədii və texniki işlənilmə, həmçinin qranitdən yonulmuş ən monumental heykəltaraşlıq abidəsi kimi daxil olub. Bu abidə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.
Heykəltaraşın əsərləri Rusiya, Polşa, Bolqarıstan, Almaniya, Kanada, Misir və başqa ölkələrdə uğurla nümayiş etdirilərək, Azərbaycan heykəltaraşlıq məktəbinə şöhrət qazandırıb.
Azərbaycan heykəltaraşlıq sənətinin inkişafında var qüvvəsini sərf etmiş M.Mirqasımovun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub. Onun mənalı yaradıcılıq yolu gənc heykəltaraş nəsilləri üçün zəngin sənət məktəbidir.
Respublikanın görkəmli heykəltaraşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Mirəli Mirqasımov 2003-cü il noyabrın 9-da ömrünün 80-ci ilində vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
“Əqrəb”in təqdimatı olacaq
İctimai TV"də yayımlanan "Əqrəb mövsümü" serialı böyük ajiotaj doğurdu, ölkə serial industriyasını sanki müsbətə doğru xeyli köklədi. Filmin ssenarisi Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında yazılmışdı. Həmçinin “Bəyaz şeytan” və “Qapılar arasında ölüm” kitablarının da müəllifi olan Ceyhun Hidayətli məhz “Əqrəb”lə parladı.
“LIBRAFF˝ kitab mağazaları şəbəkəsində - “Park Akademiya" filialında 12 fevral saat 15:00-da Ceyhun Hidayətli ilə görüş və kitabın imza günü olacaq.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Nazirlik Kino Agentliyinə rəhbər təyinatı ilə bağlı işlər aparır
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətə başlaması üçün Mədəniyyət Nazirliyi müvafiq işlər aparılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
“Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin ən qısa zamanda fəaliyyətə başlaması üçün nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir, o cümlədən quruma rəhbər təyinatı, onun strukturunun təsdiq olunması, maddi-texniki baza ilə təmin edilməsi və s. istiqamətlərdə müvafiq işlər görülür”, – məlumatda vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Türk məşhurlarından Azərbaycana TƏŞƏKKÜR MESAJLARI
Türkiyənin bir neçə bölgəsində 7,8 bal gücündə dağıntılara səbəb olan dəhşətli zəlzələnin baş verməsi təbii ki, gündəmi zəbt edib.
“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, ilk olaraq Azərbaycan qardaş ölkəyə yardım heyətini göndərib.
Türkiyəli məşhurlar isə bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar edərək Azərbaycana və xalqımıza təşəkkür mesajlarını yollayıblar.
Müğənni Gülbən Ərgən yardıma gələn ölkələrə, başda Azərbaycan olmaqla minnətdarlığını ünvanlayıb. Tez-tez paytaxtımızın qonağı olan digər müğənni Demet Akalın da Azərbaycanlı heyətin Türkiyə hava limanında lentə alınan şəklini izləyiciləri ilə bölüşərək, təşəkkürünü yazıb.
Daha bir ifaçı Doğan Cem də Bakıda könüllü insanlar tərəfindən Türkiyə üçün gətirilən yardımların görüntülərini paylaşaraq, təşəkkürünü bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) heyəti Türkiyəyə yardıma göndərilib. Bundan başqa, yardımlardan ibarət növbəti təyyarə isə bu gün Türkiyəyə yola düşüb.
Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)