Super User

Super User

Çərşənbə, 08 Fevral 2023 11:00

Ağla ki, bitsin bu cəza! – Nargisin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc yazar Nargisin “Gümüşlandiya mifi” hekayəsini təqdim edir.

 

 

Gözümü yasəmən ağaclarının altında açdım. Küləyin xəfif –xəfif tərpətdiyi budaqlardan üzümə yetkinləşmiş yasəmənlər tökülürdü. Xatırladım ki, ən son Solun boynuna yaxınlaşdırmışdım burnumu. Yasəmən qoxusunu hiss etmişdim. Məni Gümüşlandiyaya birbaşa  atan Solla bağlı bir şey idimi? Yoxsa Gümüşlandiyaya belə sürətli gələ bilmək üçün yasəmən qoxusunamı ehtiyac duyurdum?

Bu gümüşlərin növbəti hiyləsi idimi?  Sol Gümüşlandiyanın simulyasiyası idimi?

Nə üçün reallıqda yaşamaq şansımız milyardda bir idi? Dəlimi olurdum....

Sanki hər şey orijinal və təqliddən ibarət idi... Mən hansı idim. Hansı dünyadakı mən gerçək idi?

“Dəlini bu gözəl təqlid edən biri, hər halda gerçəkdən də dəli olmalı idi”, başqa cür mümkün deyildi... Deyəsən ağlımı qaçırdırdım...

Öz daxilimdə həbs edilmişdim. Bütün bu gerçəklə simulyasiyalar arasındakı keçidlərimdə başımı itirirdim. İki üzlü, min üzlü insanlar, robotlar, gümüşlər, miflər, kitablar... Öz içimdə həbsdə idim. Sorğulayan da, sorğulanan da mən idim... Ən ağır cəzaya özümü məhkum edən də əslində mən idim.

Bütün bu çıxılmazlıq məni dümdüz bir divara çırpırdı və bəlkə də, ruhum öz köynəyini cırdıqda özünü Gümüşlandiyaya atırdı. Nəfəsimi tutub həyatıma son vermək istəyirdim. Bütün bu keçidlər, istəyərək, istəmədən yaşananlar xoşbəxtliyim üzərindəki qara bulud idi...

Belə anlarda təklik bütün ruhumu bürüyürdü. Ürəyim didib parçalanırdı. Ağrılarım ürəyimə batırdı. Təkliyim boğazımda düyünlənirdi. Udquna bilmirdim. Boğulurdum. Özümü qucaqlayıb təsəlli etmək istəyirdim. Ax bu qürurum... Necə olurdu ki, bircə dəfə də əslində nə istədiyimin təfərrüatının izahını heç kimlə bölüşə bilmirdim. Nə üçün daima anlaşılmaq ümidi ilə gözləyirdim... Ömrümdən salisələr, saniyələr, dəqiqələr, illər əskilirdi... Bütün bunları düşünərək nə qədər böyük zaman dilimləri sərf etmişdim...

Hava tutqun idi... Gümüşlandiya dağları gümüşün ən gözəl tonuna bürünmüşdü... Burada bir neçə fəsil hər zaman olduğu kimi yenə də eyni anda yaşanırdı.

Ayağa qalxdım. Üzərimdəki yasəmənləri dəlisov külək ovucladı. Əlimi atıb otların sinəsinə qısılan yasəmən çiçəklərindən bir ovuc dolusu götürüb ciblərimə  boşaltdım... Bu, yuxu ola bilməzdi, dəli də deyildim....

Yavaş yavaş yasəmən qoxan keçmişlə gələcək arasında addımladım. Kafeinli fiziki bədənim bütün imitasıya olunmuş dünyaların içində özünə meta reallıqdan yaratmaq arzusu ilə alışıb yanırdı.

Ayaqlarım məni baltaların səsi gələn Gümüşlandiya meşələrinə dartsa da, beynim məni tamam başqa yönə Gümüşlandiyanın görmədiyim  kənar kəsimlərinə sürükləyirdi. Qaçınılmaz gerçəklik nə idi bilmirdim. Bilmədiklərim ruhumu necə ağrıda bilirdi?

Bəlkə də hansısa parelel dünyada hər şeyi bilirdim. Ya da “Reallıq prinsipi dəyər qanununun müəyyən mərhələsi ilə üst-üstə düşürdü. Beynim  dayanmadan hər şeyi dərk etmək istəyirdi. Məni həyəcanlandıran bütün gizlilikləri bilməmək bir müddət sonra  ruhuma əzab verirdi. İnsan olmanın təbiətindən qaynaqlanan maraq hissi bütün beynimi əsir alırdı.

  Bu gün sistem tamamilə qeyri-müəyyən bir mühitə doğru irəliləyir.

Gerçəklikdən  uzaqlaşır, bütün reallıq kod və simulyasiyaya xas olan hiperreallıq tərəfindən udulur. İndi həyatımız köhnə reallıq prinsipini əvəz edən simulyasiya prinsipi ilə müəyyən edilir. Məqsədlərimizi itirəndə modellərin təyin etdiyi reproduksiya prosesinə girdik”[1] ([1]Baudrillard, Simgesel Değiş Tokuşve Ölüm, s. 3. –red)

.

Bilik əldə etmək insanı digər canlılardan fərqləndirən bəlkə də ən mühüm xüsusiyyətlərdən biridir. İnsan həmişə rasional yolla, həm təcrübi, həm də ağıl yolu ilə əldə etdiyi biliyin doğruluğunu yoxlamaq və buna görə hər şeyi də dərk etmək istəyir.

Ancaq mən artıq hər şeyə şübhə duyurdum. Ovuclarıma batırdı skeptik düşüncə yağmuru. Həyatı olduğu  kimi rasyonal qəbul edə bilmirdim. Canım yanırdı. Kül olurdum. Məntiqim buz parçalarına çevrilib ürəyimə batırdı. Şübhələrdən başımı itirirdim. Yox əziz,  oxucum bu romantik duyğu selinə qapıldığımın göstəricisi deyil.

Mən ümumiyyətlə belə bir hissə  çox da düşmürəm.

Bizim dünyamıza romantik hislər çox yad idi. Dünyamız bütün  var oluş mərhələlərindən daha duyğusuz olanı idi.  Bu qədər soyuqluğun içində var olmağa çalışan dünyamızdan daha bərbad bir aldanış içində mövcudiyyətini davam etdirən Gümüşlandiya ağlıma gələndə dəhşətə düşürdüm. İndiki dünyamızın mahiyyət prinsipi robotlaşmaq və super texnoloji biliklərə olan hərislikdən doğulurdu.

Bəs Gümüşladiya?  Bura  varoluşun hansı qatı idi?

Duyğu yağmuru və düşüncə burulğanından məni dartıb çıxardan üzümə zillənən bir cüt göz oldu. Qorxub kənara çəkildim. Gümüşlərə bənzəsə də bu ağ saqqalı insanın siması da, geyimi də fərqli idi... Qıpqırmızı gözlərindən qan damcılayırdı.

Yavaş-yavaş arxaya çəkildim. Məni nə gözlədiyini bilmirdim. Ondan qorxmur kimi davranaraq ətrafa göz gəzdirərək bir qorunma yolu axtarmağa başladım ümidsizcə.

-Sən kimsən!

-İnsan!

-Gümüşlandiyaya insan gəlib?

Ağ saçlı qoca diksinərək arxaya çəkildi. Sonra qusmağa başladı. Dəhşət və ikrah hissi ilə onu izləməyə başladım.

Ağzın və saqqalını çəhrayı rəngli qusuntudan təmizlədikdən sonra diqqətlə mənə baxaraq:

-Rədd ol burdan, murdar Adəmin törəməsi-dedi...

-Sən kimsən, hansı haqqla bunu deyirsən-bağıraraq üzərinə yeridim.

Əsasının iti ucunu sinəmə dayadıqda, arxaya çəkilməyinin zəiflikdən deyil, ikrah hissindən qaynaqlandığını gec də olsa qavradım.

-Samael mən! Ey məsumiyyəti, gözəlliyi qana, qəddarlığa bulaşdıran rəzil insan-dedi.

Bu gün bütün olanlar sənə görədir.  Ulu baban Adəm bütün gözəllikləri məhv etdi. Öncə cənnəti aldı əlimizdən... Sonra isə Liliti məhv etdi...

-Lilitin ucbatından itirildi cənnət...

-Liliti?

- Sizə, ey insan hər şey səhv danışılır... Adəm Liliti hər zaman alçaltdı, hər şeyin kökündə bu durur. Beləliklə intiqam yarandı. İntiqamı siz yaratdınız ....

Adəm özünə göy üzü, Lilitə yer üzü kimi baxırdı. Hər daim Lilitdən itaət gözləyirdi. Bunu öncə işarələrlə, sonra isə cinsi təzyiqlə etdi. İtaət etmək istəməyən Liliti dəfələrlə zorladı.

-Lilit Adəmi məhv etdi, başına bəla oldu, Tanrıya qarşı çıxdı yer üzünə qaçdı.

-Onu bu həddə Adəm gətirdi.Tanrı növbəti səhvini Həvvan yaradaraq düzəltmək istədi, bunun üçün Adəmin qabırğasından istifadə etdi, çünki başqa bir üsyan istəmirdi.

-Həvva daha yaxşı idi. O boyun əydi hər şeyə... Lilit Həvva kimi ola bilmədi... Sevə bilmədi Adəmi...Həvvanın sevgisi daha gerçək idi....

-Nə üçün? Tabe və təslimiyyət sevginin gerçəklik ölçüsümü? Üsyankar ruhun daşıyıcılar həqiqi eşqi daşıya bilməzlərmi?

-Lilit ağıllı deyildi...

-Eşqdə ağıl axtarmaq sənin ağlının miqdarına dəlalət etmirmi?

-Həvva!

-Çünki Tanrı da Liliti məhv etməyə başladı. Çünki o əslində bilərək Lilitin torpağına alov qatmışdı.Həvvanı isə belə yaratmadı, itaət esin deyə kodladı....Necə ki, sizlər süni-intellektləri kodlayırsınız.... Tanrı bilmirdimi ay zavallı insan, alov Lilitə üsyan gücü qatacaq. O Adəm qarşı gələcək. Tanrı ağılsız idimi? Və bilmirdimi bu üsyankar ruh bir gün qaçıb gedəcək. Tanrı Liliti yaratmaq üçün Adəmə söz vermişdi. Liliti yoğurmağa başladıqca Tanrı öztəkliyi ilə üzləşdi və bu onu dərindən sarsıtdı. Adəmi qısqandı... O təklik heqemoniyasından isə dönə bilmədi... O Adəmə verdiyi sözdən dönə bilmədiyi üçün Liliti ona verdi. Ancaq Liliti Tanrı da arzulayırdı.Lilitsiz gecələr ona ağır gəlirdi. Lilitin Adəmin qollarında inildəməsi Tanrını dəli edirdi.Lilit yer üzünün işarəsi idi Tanrı bütün küləklərini göndərib yer üzünü kəsib biçirdi. Dağlardan vulkanlar fışqırdıb. Çaylarda daşqınlar yaradırdı. Darıxdığından yer üzündə Lilitin alov qırmızısı rəngindəki saçlarına xitabən qırmızı güllər yaradırdı. Sonra o gülləri didib parçalayırdı... Məsum bülbülləri tikanlara qurban edərək Lilitin ruhunu qana susadırdı. Bu ritual idi... Aqresssiyanın, intiqamın ritualı... Güllərin iti tikanları Lilitin əsarəngiz, dəlisov, üsyankarlığına işarə idi. Tanrı darıxırdı. Lilitinası ruhuna nəhayət ki,  bu ritualları ilə tabe olmamağı xatırlatdı. Lilit getdikcə onu alçaldan Adəmdən uzaqlaşmğa başladı. Adəm öncə Lilitlə danışmağa çalışdı. Lilit dediyini deyirdi. Adəm Lilitə zor tətbiq etməyə başladıqda Lilit bir neçə saniyənin içidə onu tərk etməli olduğunu dərk etdi. Lilitin Adəmi tərk etməyi nəyisə dəyişmədi. Lilit bu dəfə yalnızca Adəmə yox, Tanrıya da nifrət etməyə başladı. Bu nifrət onu mənimlə yaxınlaşdırdı... –dedi Samuel gözlərini uzaqlara dikərək...Gözlərindən qan damcılayırdı...Xof məni basırdı. Arada ətimi didirdim dırnağımla. Yuxuydusa ayılmaq istəyirdim, astralda idimsə qayıtmaq...

-Lilit üçün hər şeyi etməyə hazır idim-Samuel əsasını yasəmən ağacına soxub bağırdı... Yasəmənin sinəsindən dupduru yaş axmağa başladı. Bir anda içimdən Samuelin boğazını dişlərimlə didib parçalamaq keçdi... Gözlərim boğazını axtardı.. Yox idi... Başı sanki havadan asılmışdı...

-Bir dediyini iki etmirdim. Bir gün Tanrı da, Adəm də Lilit üçün darıxmağa başladı... Axı insan da, Tanrı da mahiyyətcə eynidi... Tanrı necə fərqli bir varlıq  yarada bilərdi ki? Tanrı əslində insanın içinə özündən nəsə qoymuşdu. Qoymalı idi... Alov mən  və Lilitin ruhunda mövcud olsa da torpaq bunu söndürməyə qadir deyildimi... Bəs nə üçün bunu etmədilər? Çünki, Tanrı da, Adəm də sakitliyi istəmirdi. Ruhlarında qarğaşaya, xaosa meyil var idi çünki...

Lilit onları bu xaosa sürükləyirdi. Darıxmaq yaşamaqdır axı.Var olmaqdı, nəfəs almaqdı-deyib Gümüşlandiya mütəfəkkirləri ancaq mən onsuz yaşaya bilməzdim. Lilitə hər şeyi başa salmalı idim...Onsuzluğun məni  daha da şeytanlaşdırdığını, Tanrının da arzusunun bu olduğunu.... Axı bu hekayədə ən məsum mən idim... Mən Samuel... Mən Liliti qarşılıqsız sevirdim, onunla ailə olmaq arzusunda idim...

-Bunun üçün nə etdin?

-Öncə Lilitə yalvardım ki, getməsin. Ancaq Lilit Adəmin düzələbiləcəyinə inanırdı. İnanırdı ki, Adəm peşimandı... Əslində mən hər şeyi görürdüm, bu çox ağır idi...Adəm heç onun vecinə də deyildi. Adəm asan loğma idi...

-Ağır olan nədi... Adəm və Lilit eşqimi?

-Hahhaah Adəm və Lilit eşqi?Necə saf bir düşüncə... Necə dərin safsata...

Lilit kimi güclü qadın nə üçün Adəmi sevsin...Adəmi yox...Kaş ki, Adəm olardı.. onda hər şey asan olardı...  Onlar məni aldatdılar... Olsun, bəs Lilit? O bunu necə etdi....Axı Cənnətdən getmək qərarında onu ən çox mən dəstəkləmişdim. Əsəbdən alışıb yanan qan qırmızısı saçlarını sinəmdə soyutmuşdum...

Yasaq eşq idi, hər şeyin kökündə duran... Lilit də Tanrını sevirdi...

Onu itirə bilməzdim. Tanrıya bir gecə o yuxudaykən pıçıldadım və onu inandırdım ki, Lilit Adəmə görə deyil...

-Tanrı yatmır!

-Yatmır? Bunu görmüsənmi?

-Mənim didib parçalamaq arzusunda olduğun boynumu gördüyün kimimi?

Diksindim.Cəld arxamı yasəmən ağacına söykədim.

Boğunuq səslə güldü....

-Bilirsənmi? Adəmi oğlu kimi sevirdi Tanrı və əslində onun ağlına röyasındaykən soxduğum yeni qadın düzəltmək fikri  onu da bu dəli peşimanlıqdan-qadağan eşqin iztirabından xilas edirdi. Həvva bir növü bağışlanılmaq üçün Tanrının son ümidi idi... Və mən buna nail oldum. Adəm Həvvanı görən kimi Liliti unutdu ondan əl çəkdi. Adəm zəif xarakter idi.

-Yox Lilit qayıtmadı deyə Tanrı Həvvanı yaratdı...

-Dedim axı qayıdacaqdı...Taki mən o üç mələyi aldadıb başqa yönə göndərənədək. Mələkləri şeytanlar aləmindən Lamaştu qarşıladı. Alov rəngindəki qırmızı saçları ilə o mələkləri Lilit olduğuna inandırdı və Tanrını söydü.Adəmi alçaltdı. Mələkləri qovdu...Tanrı elə bildi ki, Lilit ona qarşı gəldi...Hər şeyi edən mən idim...Mən bədbəxt...

Milyonlarca ildir bu qovğa davam edir. Tanrı və Lilit bir-birini qıraraq sevişirlər. Qana susayıblar...

Bunu çox gec anladım. Bu ehtiras sönmür. Onlar sanki bu cür özlərini rahatladırlar, boşalırlar. Lilit mənimlə acığa sevişir. Doğulan hər uşağı, Tanrı məhv edir ....Bizi isə öldürmür o qəddar! Ölümsüzülük vermək onun  ən böyük cəzası imiş, ən nəhəng intiqamı....

Samuel bunu deyərək getmək istəyirdi... Rahat nəfəs alacaqdım ki, qayıdaraq...

-Lilit isə heç vaxt gerçəkdə mənə aid olmadı. Hər daim mən onun üçün darıxdıqda sığına biləcəyi liman idim. Bu məni dəli edirdi. And içdim o gün ki, Adəm və adəmoğulları mənim ən qəddar düşmənlərimdir. Milyonlarca əsrdir ki, onları pis yola çəkirəm, insandan-səndən nifrət edirəm! İndiysə cəhənnəm ol Gümüşlandiyadan. Bubululara söz vermişəm. Yoxsa sənin hər tikəni asardım bir yasəmən dalından, qanını səpərdim Gümüşlandiya dağlarına, murdar!

-Bu mümkün deyil-qışqırmağa başladım. Başıma-gözümə döyürdüm. Gümüşlandiya həm ruhumu, həm məntiqimi məhv edirdi. Hər şeyimi əlimdən alırdı. Realıqla gerçəklik arasındaki kəskin xətt silinmişdi. Mən hönkür-hökür ağlamağa başladım... Göz yaşlarımın altına Samuel qaçaraq papağını tutdu. Və tələsik onları içməyə başladı. Dəli olcaqdım...Nə baş verirdi. Bu nə idi...

-Ağlayan hər insan mənim ömrümü qısaldır. Ağla insanoğlu ağla, sənə bu yaraşır murdar məxluq, ağla ki, bitsin bu cəza!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

 



 

Çərşənbə, 08 Fevral 2023 11:30

Qeyri-neft sektoru üzrə ixrac 22,6 faiz artıb

“Açıq Portfel” rubrikamız xəbər verir ki, cari ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 284,5 milyon ABŞ dolları təşkil edib. Bu o deməkdir ki, qeyri-neft sektoru üzrə artım var. 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar nömrəsində qeyd edilib ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artıb. Yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin yanvar ayı ərzində kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1, şəkər ixracı 2,5, çay ixracı isə 2,3 dəfə artıb. 

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94 faizini təşkil edib. 

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən minatəmizləmə layihəsinə başlanılır

 

Sirr deyil ki, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi çox aktual bir məsələdir. Çünki sülh şəraitində belə minalar nə qədər canlar alıb. Bakıda baş tutan bir tədbir bu aktual məsələdə dönüş nöqtəsi ola bilər. Fevralın 7-də Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə başlayıb.

 

Azərbaycanın, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının Məcburi Köçkünlərin Təhlükəsiz Qayıdışının dəstəklənməsi məqsədilə minaların təmizlənməsi üzrə qüvvələrini birləşdirmələri, əlbəttə ki, alqışalayiqdir. İndi isə tədbir barədə daha ətraflı: 

 

Aydın Kərimov

İlk çıxışçı Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov olub, o, minatəmizləmə məsələlərinə həsr olunan tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Şuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib. Mina problemi işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə, eləcə də soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmasına mane olur. Dövlət qurumlarımız insanların öz evlərinə qayıtması üçün çalışır. Bu istiqamətdə istənilən təşəbbüslərə dəstək vermək istəyirik”.

Aydın Kərimov bildirib ki, Şuşada olan 2 mindən çox tarixi bina işğal dövründə dağıdılıb. “Eyni zamanda, biz maddi-mədəni irsimizi də bərpa edirik. Şuşada yerli enerji şəbəkəsini də qurmuşuq. Burada xəstəxanalar, məktəblər tikirik. Şuşada beşulduzlu otel də təhvil veriləcək”. 

 

Vüqar Süleymanov

Sonra çıxış edən Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, layihə geri qayıdan 33 minə yaxın ailənin özlərini daha təhlükəsiz hiss etmələrinə və yaşayış vasitələrini bərpa etmələrinə kömək edəcək. Minaların və partlamamış hərbi sursatların (PHS) mövcudluğu məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdışının qarşısını alır. Bunu nəzərə alaraq Aİ, ANAMA və BMTİP öz səylərini mina və PHS-ləri təmizləyən cavab qruplarını hazırlamaq, təchiz etmək və yerləşdirmək istiqamətində birləşdirib. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması da nəzərdə tutulur. Bu tədbirlər, həmçinin layihə müddətindən sonra da münaqişədən zərər görmüş ərazilərdə insanların həyatını xilas etmək və icmaların yenidən qurulmasına yardım üçün ANAMA əməkdaşlarının strategiya və məlumatların idarə edilməsi üzrə təlim sessiyalarına dəstək verəcək.

Məcburi köçkünlər layihədən faydalanmaqla yanaşı, həm də layihədə fəal iştirak edəcəklər. Yeni minatəmizləmə qrupları yerli icmalarla sıx əməkdaşlıq edəcək və qeyri-hökumət təşkilatlarının minatəmizləmə fəaliyyətlərində iştirakı təşviq ediləcək.

“Azərbaycan hökuməti regionda sülh və təhlükəsizlik prinsiplərinə sadiq qalaraq, beynəlxalq tərəfdaşlar, vətəndaş cəmiyyəti və donor təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu layihə ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və davamlı şəkildə qayıdışının təmin edilməsi, o cümlədən ANAMA-nın potensialının artırılması, bilik və bacarıqlarının gücləndirilməsi, minalarla mübarizədə gender əsaslı fəaliyyətlərin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. İnanırıq ki, mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq tərəfdaşların səyləri və həyata keçirilən fəaliyyətlər çərçivəsində birgə əməkdaşlıq, ərazilərin təhlükəsiz bərpası və yenidən qurulmasına, o cümlədən uzun illər ərzində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin dinc yolla geri qayıtmasına yardım edəcək”, - ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov qeyd edib.

 

Sultan Hacıyev

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev qeyd edib ki, yenidənqurma və bərpa işlərində Azərbaycan öz resurslarından istifadə edir. Minatəmizləmə Agentliyi də bu sahədə böyük işlər görüb. Ona görə də xarici ölkələr minatəmizləmə sahəsində bizim təcrübəmizdən istifadə edə bilər.

 

Nuno Queiros

BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros deyib: “Biz bu layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi paylaşmaq məqsədilə başlayırıq. Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə başlayan yeni layihə BMT İP üçün vacibdir. Çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradacaq və onların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək.

O qeyd edib ki, BMT İP Minatəmizləmə Agentliyi ilə uzunmüddətli tərəfdaşlığa malik olmaqdan qürur duyur. Biz 1999-cu ildən minatəmizləmə tədbirlərini dəstəkləmişik və o zaman ANAMA-nın atdığı ilk addımlara kömək etmişik. Son 20 il ərzində BMT İP Azərbaycanda 850 mindən çox mina və digər partlayıcı silahların təmizlənməsində ANAMA-ya dəstək verib və 160 min 500-dən çox məcburi köçkün uşaq, qadın və kişilərin təhlükəsiz geri qayıtmasına yardım edib.

"Son iki il ərzində Azərbaycanda minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün Avropa İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin maliyyə dəstəyindən faydalanmışıq. Öz resurslarımızla və digər xidmətlərlə yanaşı, beynəlxalq ekspertlərdən ibarət yüksək səviyyəli heyət Azərbaycana göndərilib, minatəmizləmə standartlarına yenidən baxılıb və milli qanunvericilik yenilənib.

Bu gün Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidmətinin 4 milyon 250 min avro məbləğində maliyyə dəstəyi ilə, o cümlədən Azərbaycan hökuməti ilə çiyin-çiyinə çalışaraq məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına dəstək vermək üçün bu layihəyə başlayırıq. Bu gün imzalanan layihə 20 kəndi əhatə edərək 33 604 ailənin faydalanmasına imkan verəcək.

Layihə yerli və beynəlxalq QHT-lər arasında unikal tərəfdaşlığı gücləndirməklə yanaşı, yerli institutların potensialını artıracaq, həmçinin ANAMA-nı informasiya idarəçiliyi və minalardan təmizləmədə innovativ həllərin tətbiqi sahəsində gücləndirəcək",- deyə Nuno Queiros vurğulayıb.

Nuno Queiros, həmçinin deyib: "Layihə yerli və beynəlxalq QHT-lər arasında unikal tərəfdaşlığı gücləndirməklə yanaşı, yerli institutların potensialını artıracaq. Həmçinin ANAMA-nı informasiya idarəçiliyi və minalardan təmizləmədə innovativ həllərin tətbiqi sahəsində gücləndirəcək. BMT İP minaları və partlamamış hərbi sursatları aşkar etmək və məhv etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək olmağı nəzərdə tutur. Bundan əlavə, biz minaların aşkarlanması üçün xəritələrin işlənib hazırlanması, minatəmizləmə avadanlığının, itlərin və siçovulların alınması, yaxşı təlim keçmiş və təchiz olunmuş gender baxımından inklüziv qrupların yaradılması, mina tədqiqatının aparılması, habelə maarifləndirmə materiallarının hazırlanması və rəqəmsal kanallar vasitəsilə PHS-ə dair məlumatlandırma mesajlarının yayılması sahəsində tədbirlər görəcəyik".

 

Beləliklə, ölkəmizdə çox vacib bir layihə gerçəkləşəcək. Xeyirli və uğurlu olsun. 

Şəkildə: Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərkən.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

“1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında diplomatik münasibətlər qurulub. 1992-ci il fevralın 6-da Ukrayna və Azərbaycan diplomatik münasibətləri bərpa edib, strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində yeni səhifə açıblar. 

Ukrayna Azərbaycanı həmişə qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq əlaqələri ilə bağlı olduğu dövlət kimi qiymətləndirib və bu, indi də belədir. 

Bu, xalqlarımızın yenidən əllərində silahla öz suverenliyini müdafiə etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində özlərinin ərazi bütövlüyünü bərpa etməyə məcbur olduğu indiki tarixi şəraitdə xüsusi məna və əhəmiyyət kəsb edir.

Ümumi ağrımız bizi daha güclü və inamlı edib. Biz mütləq qalib gələcəyik! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”. 

 

Sitat Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin sosial media hesabından götürülüb. 

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Yadınızdadırmı, bir dəfə Qız qalası daşlarının tarixi izləri olan qara ərpini “laqonda” ilə yondurmaq göstərişi vermişdi ovaxtkı Bakı meri Hacıbala Abutalıbov? Halbuki tarixin izlərinə toxunmaq cinayət hesab edilməlidir. 

 

Turizm və memarlığın vəhdəti - çağdaş dünyamızda sərhədlərin açılması, mədəniyyətlərin inteqrasiyası və əlbəttə ki, turizmin inkişafı tarixi abidələrin qorunmasını aktual edir, turizm yaxşı memarlıq üçün, bir növ, borclu qalır. Elə tarixi abidələrin - qədim tikililərin bərpası işi də turizmə cavabdeh olan qurumun finksiyalarına aiddir. 

Növbəti söhbətimiz bu barədədir. 

 

Mədəni irs abidələrinin konservasiyası zamanı diqqət edilməli məqamlar və ənənəvi memarlığın aktual məsələləri ilə bağlı Dövlət Turizm Agentliyinin dəstəyi, ICOMOS Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib.

Dövlət Turizm Agentliyindən cari məsələlər qovluğunda yer tutan təlimdə mədəni irsin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı olan ICOMOS-un Ənənəvi Memarlıq üzrə Beynəlxalq Komitəsinin (International Committee on Vernacular Architecture - CIAV) prezidenti, professor Hossam Mahdi çıxış edib. 

Milliyyətcə pakistanlı olan Hissam Mahdi mədəni irs abidələrinin bərpa-konservasiya işlərinin texniki tərəfləri, dövrün tələblərindən asılı olmayan xalq memarlığının əsas formaları və növləri, nümunələr əsasında iqlim, ətraf mühit, yerli mədəniyyət və digər amillərin ənənəvi memarlığa təsirləri barədə ətraflı məlumat verib.

Təlimçi konservasiyanın tarixi və nəzəriyyəsi ilə yanaşı, həm də bərpadan öncə aparılmalı olan dəyərləndirmə işləri, bu zaman istifadə olunan metodologiya, önə çıxan meyarlar barəsində fikirlərini bölüşüb, Azərbaycan və Avropada ənənəvi memarlıq nümunələri arasında müqayisə xarakterli məlumatları açıqlayıb.

Təlimdə ICOMOS Azərbaycan Milli Komitəsinin üzvləri, gənc memarlar və mədəni irs üzrə ekspertlər iştirak ediblər. Tədbirin sonunda professor Hossam Mahdi iştirakçıların suallarını cavablandırıb.

 

Qeyd edək ki, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir. ICOMOS Azərbaycan Milli Komitəsi 2022-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaradılıb.

Sonda təlimçilərə Sertifikatlar verilib.

 

Şəkildə: Hossam Mahdi və təlim iştirakçıları

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Çərşənbə, 08 Fevral 2023 09:00

“Milyarder Ruben” Qarabağdan niyə qaçdı?

Üzdəniraq, dırnaqarası Artsax respublikasının bir dövlət naziri var, Ruben Vardanyan. Ermənilər ona “Milyarder Ruben” deyirlər. Ermənistan mediasının məlumatına görə, Ruben Vardanyan Azərbaycan torpaqlarından, konkret olaraq Qarabağın dağlıq hissəsindən qaçıb və Moskvaya sığınıb. Onun geri qayıtmaq niyyətində olmadığı bildirilir. 

 

Əslində, Vardanyanın gec-tez Azərbaycandan gedəcəyi məlum idi. Çünki anlayırdı ki, Azərbaycan öz ərazilərində hansısa separatçı meyillərin baş qaldırmasına imkan verməyəcək. Onun Xankəndidə olması Ermənistan-Azərbaycan, Azərbaycan-Rusiya, hətta Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərirdi. R.Vardanyanın məqsədi, sadəcə, regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaq idi. O, hər vəchlə Qarabağdakı ermənilərə “müstəqil dövlət”də yaşamağı aşılamaq istəyirdi, hətta “Qarabağ erməniləri Ermənistan ermənilərindən nə üçün asılı olmalıdırlar?” kimi bəyanat da səsləndirmişdi. Onun bu fikri Qarabağ və Ermənistan erməniləri arasında növbəti qarşıdurma yaratmışdı. O, Qarabağa gəlməsinin məqsədinin buradakı ermənilərin həyat şəraitini yaxşılaşdırmaq olduğunu iddia etsə də, əslində, əsas hədəf Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirmək, daha da varlanmaq, eyni zamanda, separatçılıqla məşğul olmaq idi. Onun fəaliyyəti Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına da mənfi təsir edirdi. İndi isə o, Azərbaycandan qovuldu, qaçdı. Onun hansı şəraitdə qaçdığı məlum deyil. Amma bəlli olan odur ki, bunu heç də normal qaydada etməyib – ya hansısa sülhməramlı avtomobilin yük yerində gizlənməklə, ya çirkli paltarların arasında, ya da özünəməxsus formada – qorxaqcasına, qadın libasında. 

İstənilən halda, Ruben Vardanyanın “öz” millətini darda qoyaraq qaçması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin iradəsinin növbəti təzahürüdür. Çünki Azərbaycan dövləti və Prezident İlham Əliyev Qarabağ ermənilərinə dəfələrlə ölkə qanunları çərçivəsində firavan yaşamağı təklif edib. Mülki ermənilərin buna münasibəti heç də mənfi deyil. Son zamanlar baş verən bir sıra hadisələr - istər Qarabağda aparılan tikinti işləri, yol çəkilişləri zamanı, istərsə də digər fəaliyyətlərdə oradakı mülki ermənilərin davranışları bunu söyləməyə əsas verir. 

Vardanyanın qaçması onu da sübut etdi ki, Qarabağdakı ermənilər bir daha onunkimilərin boş, “şirin” vədlərinə inanmamalı, öz gələcəklərini müstəqil, firavan Azərbaycana inteqrasiyada görməlidirlər. Onlar anlamalıdırlar ki, bundan sonra da kimsə vardanyankimilərin Qarabağa, Azərbaycanın digər ərazilərinə göndərilməsinə cəhd etsə, ölkəmizin qəti, prinsipial mövqeyi, Ali Baş Komandanımızın “Dəmir yumruğ”u ilə üzləşəcək. Azərbaycan bundan sonra da vardanyankimilərin Qarabağı təsiri altına almasına heç vaxt imkan verməyəcək və bununla bağlı qəti tədbirlər görəcək. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınan hüququdur.

Vardanyanın Azərbaycandan qaçması bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya bir daha çatdırdı. Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır”. Vardanyanın Qarabağdan qaçması bir daha onu göstərir ki, Azərbaycanın siyasi iradəsinin əksinə olaraq heç kim Qarabağda hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul ola bilməz. Onun da məqsədi yaşamaq yox, məhz talamaq idi. Onun bu arzusu isə gözündə qaldı. 

Bəs Vardanyan Qarabağdan niyə qaçdı? Bu sualın cavabı isə aydındır. Artıq iki aya yaxındır azərbaycanlı ekofəalların laçın yolunda keçirdikləri dinc aksiya Vardanyanın və digər separatçıların əl-qolunu bağlamışdı. Artıq onlar Laçın-Xankəndi yolundan əvvəl olduğu kimi, rahat hərəkət edə, istədiklərini daşıya və ya gətirə bilmirdilər. Görünən odur ki, ekofəalların keçirdikləri dinc aksiya səbəbindən Vardanyan Qarabağdakı faydalı qazıntı yataqlarından çıxarılan qızılı və digər qiymətli metalları ölkədən çıxarmaqda artıq çətinlik çəkirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Qarabağa pul qazanmaq məqsədilə gələn Vardanyanın əlavə mənfəət əldə edə bilməməsi onun buradan çıxıb getməsinə səbəb oldu. Burada isə belə bir deyim yada düşür: “Özgə malına göz dikən gözsüz qalar”. Görünən odur ki, Vardanyan artıq “gözündən olacağı” günün yaxınlaşdığını hiss edirdi, ona görə də “malından qalmağı” üstün tutdu. Amma indi o, təkcə malından deyil, həm də “öz xalqı”ndan oldu, özü də birdəfəlik.

Təki! 

 

Analitik yazı dövri mətbuatın, o cümlədən AzərTAC-ın materialları əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 18:00

“Təsəvvür edin ki, üç ilin binası çöküb…”

 

Türkiyədə baş verən dəhşətli zəlzələ günümüzün əsas mövzusudur və hər birimiz media ilə bərabər, daha çox Türkiyədə yaşayan tanış-bilişdən obyektiv informasiya almağa çalışırıq. Təbii ki, Türkiyədə yaşayan Xalq artisti Azərinin verdiyi məlumat da jər kəs üçün maraq kəsb edir. 

 

Xəzər TV-də gedən "Səhər mərkəzi" verilişinin canlı yayımına telefon vasitəsi ilə qoşulan Azərin dəhşətli fəlakətlə bağlı danışarkən bunları söyləyib: 

“Allah özü kömək olsun, bütün gecə dualar etmişik. Oradakı insanlar soyuqda qalıblar. Həmin görüntüləri izləmək olmur. Xüsusilə də dağıntılar altından çıxarılan uşaqları izləyəndə insan sevinc göz yaşları tökür ki, onlar xilas edilirlər. Türkiyə özü zəlzələ üzərində olan bir ölkədir. Bundan sonrakı dövrlərdə Allah hidayət versin, o binaları inşa edənlərə. Təsəvvür edin, 3 ilin binası çöküb. Allah hidayət versin, o insanlara ki, Türkiyədə bu binaları tikirlər. Bundan sonra bu bölgələrdə dözümlü binalar tikilsin. Çünki bu insan həyatıdır. Bu binalar o vəziyyətdə olmamalıdır".

Əlbəttə ki, sarsıdıcı məlumatdır. Əgər inşaatçılar vicdanla iş görsəydilər, yəqin ki, ölü sayı və dağıntı miqyası bu qədər olmazdı.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 15:10

Efirdən əyləncə yığışdırılıb

 

Türkiyədə baş verən dəhşətli zəlzələdə çox sayda insanın vəfat etməsi səbəbilə 7 gün matəm elan edilib, qardaş ölkənin kədərinə şərik çıxan Azərbaycan da müəyyən direktivlərə əl atır. Məsələn, televiziyaların efir siyasətinə. 

 

Ana televiziyası olan AzTV qardaş ölkədəki faciəni nəzərə alaraq proqramında bir sıra dəyişiklik edərək bunu elan edib. Digər yerli kanallar da bunu ediblər. Bu səbəbdən bu gün bir sıra əyləncəli verilişlər efirə getməyib və getməyəcək. 

ATV-də yayımlanan "7 canlı", ARB TV-də yayımlanan "Həmin Zaur" proqramları yayımlanmayıb. Zaur Kamalın aparıcılıq etdiyi verilişin sabah da efirə getməsi nəzərdə tutulmur.

Bundan başqa, Xəzər TV-də yayımlanan "Xəzər axşamı"nın da bugünkü buraxılışında mövzu Türkiyədə baş verən təbii fəlakət olub.

Həmçinin, "Space" TV-də "Milli səs" yarışması yayımlanmayıb və "Bir axşam səhnədə" proqramı bu həftə efirə getməyəcək.

“Mədəniyyət” kanalında da verilişlər matəm nəzərə alınmaqla efirə getməkdədir. 

 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 15:09

Bakılı oğlan Vado Karovin Space-in direktoru təyin olunub

 

Space Müstəqil Teleradio Şirkətinin direktoru dəyişilib. 20 may 2021-ci ildən Space televiziyasına direktorluq edən Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə "Parni iz Baku" ŞHK komandasının aktyoru Vado Karovin təyin olunub.

Məlumat üçün bildirək ki, Vado Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. O, uzun müddət "Şən və Hazırcavablar" klubunda - "Bakılı Oğlanlar" komandasında təmsil olunub. “Planet Parni iz Baku” ŞHK teatrının konsertlərində daim yer alıb. Bundan başqa, Vado Karovin "Lider" və ATV telekanallarında müxtəlif vəzifələrdə çalışıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 15:08

Diqqət! Hava kəskin soyuyacaq!

 

Bakı Şəhər İcra Hakimiyyəti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək, əhalini gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur. 

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.