Super User

Super User

Bir müddət əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsi Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Hacı Məcid oğlu İsmayılova həvalə olunub. 

 

Təyinatla bağlı Bizim.media-ya özəl açıqlamasında H.İsmayılov bildirib ki, o, qurumun digər üzvləri ilə birlikdə teatr sahəsinin inkişafında yeni işlər görəcək:  

“Çalışdığım Akademik Milli Dram Teatrında tamaşalarda çıxış edirəm. Aylıq repertuar var, ona da uyğun olaraq tamaşalarımızı oynayırıq. Yeni tamaşaların üzərində çalışırıq. Teatrımız öz fəaliyyətini davam etdirir. Ayın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirildi. 

Orada üç Xalq artisti, iki Əməkdar incəsənət xadimi və başqa idarə üzvlərinin yekdil qərarı ilə müvəqqəti olaraq Xalq artisti Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar olaraq, sədrin vəzifə səlahiyyətləri verildi sədrin müavininə, yəni mənə”. 

“Aktyorlar tez-tez məvaciblərinin az olması ilə bağlı müəyyən çıxışlar və şikayətlər edirlər. Keçirilən iclasda bu məsələ müzakirə olundu?”, - sualına isə Xalq artistinin cavabı belə olub: 

“Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclasında bununla bağlı müzakirələr aparmamışıq. Bu məsələ aktyorların özləri tərəfindən “Azərbaycan teatrı - 150: İnkişaf perspektivləri” mövzusunda Teatr Forumunda səsləndirilib və müzakirə olunub. Aktyorların maaşı Teatr Xadimləri İttifaqına yox, Teatr Forumuna aiddir. 

Amma sözsüz ki, maaşların artımı ola bilər. Çünki indi Mədəniyyət Nazirliyi teatrlarımızla və orada olan daxili proseslərlə dərindən maraqlanır. İnanıram ki, yaxın zamanda aktyorların maaşının artımı məsələsi həll olunacaq.

Məvaciblərin artımı asılıdır dövlət qurumundan, Maliyyə Nazirliyindən. Teatr işçilərinin və incəsənət nümayəndələrinin maaşları hər zaman hökumətimizin nəzarətində və gündəmdədir. Bizim məvaciblərimiz dəfələrlə artırılıb və ümid edirik ki, yenidən artırılacaq”. 

Xalq artisti Afaq Bəşirqızının Teatr Forumunda səsləndirdiyi “Aktyorlar üçün qəbiristanlıq yaradılsın” fikirlərinə Hacı İsmayılov - “O barədə münasibət bildirə bilmərəm. Heç bilmirəm o nə olan məsələdir”, - deyə qısa şərh verib.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Gələn ay mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Ümumilikdə əfv üçün müraciət edən məhbusların kimliyi, müraciət edənlər arasında siyasi məhbus adlandırılan şəxslərin, yazıçı adlarının olması da cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir.

 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, budəfəki əfv sərəncamından gözləntiləri böyükdür:

“Çox istərdim ki, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamına dəyərli dostumuz Əjdər Cəbiyevin də adı düşsün. Çünki hər şeydən öncə Əjdər Ol bizim dəyərli şairimizdir. Bir yerdə çalışmışıq. Düzdür, günahı var və cəzasını çəkir. Amma onun yaradıcı fəaliyyəti nəzərə alınaraq əfv olunmasını istərdim. Bununla bağlı açıq şəkildə prezidentə də müraciət etmişəm”.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. 

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Çərşənbə, 19 Aprel 2023 09:30

Qiyməli plov yeyin, ağzınız dada gəlsin

“Ədəbiyyat və incəsənət” bu çərşənbə günü səhər saatlarında qadınları mətbəxə dəvət edir ki, onlar bu günkü iftara Şuşa mətbəxindən qiyməli plov hazırlasınlar. Allah hər kəsin orucunu qəbul eləsin. 

 

Olduqca zəngin Şuşa mətbəxinin ən dadlı təamlarının biri də Şuşanın  qiyməli plovudur. Buyurun, qiyməli plovun resepti ilə tanış olun.

 

Lazım olan ərzaqlar:

 

* 500 qr yağlı qiymə

* 4 stəkan düyü

* 150 qr kərə yağı

* 2 ədəd soğan

* 1 çay stəkanı üzüm qurusu

* 1 çay stəkanından az albalı və ya zoğal axtası

* duz, istiot, sarıkök, darçın

 

 Qazmaq üçün:

 

* 1 ədəd yumurta

* 50 qr kərə yağı

* 1 xörək qaşığı xama və ya qatıq

* duz, sarıkök

* apardığı qədər un

 

Hazırlanma qaydası:

 

İlk öncə soğanı xırda doğrayın. Tavada kərə yağını əridib soğanı yağda qovurun. Qovrulan soğana üzüm qurusu və albalı qurusu əlavə edib qarışdırın. Soğan qarışığını tavadan götürüb boşqaba tökün. Həmin tavada qiyməni qovurun. Suyu çəkilib qovrulan qiyməyə duz, istiot, sarıkök və darçın əlavə edib qarışdırın. Daha sonra soğanlı qarışığı da ətə əlavə edin.

Adi qaydada düyünü əvvəlcədən suda isladın və qaynayan duzlu suda bişirib süzün.

Qazmağı hazırlamaq üçün bir qabda yumurta, otaq temperaturunda yumşaldlmış kərə yağı, xama və ya qatıq, duz, sarıkök və un əlavə edib xəmir yoğurun. Xəmiri oxlovla yayın. Plovu dəmləyəcəyiniz qazana yağ əlavə edib küncüt səpin. Yaydığınız xəmiri qazanın dibinə sərin. Daha sonra bir az düyü və qiyməni qat-qat düzüb yayın. Sarıkök və kərə yağı da töküb 40-45 dəqiqə dəmə qoyun.

Plovunuz hazırdır!

Nuşi can!

 

Rubrikamızın aparıcısı Göyçək Nəsirova sizlərə bərk-bərk tapşırır: çalışın qatqısız, təmiz kərə yağı işlədin. Eləcə də, həcm verən, keyfiyyətli düyüdən istifadə edin. 

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Baxromjon Aloyev ilə görüşüb.

 

Fondun məlumatına görə, görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Görüş zamanı bu il Özbəkistanın Türk Dövlətləri Təşkilatına sədrlik etməsinin ölkənin türk dövlətləri ilə, eləcə də Türk Əməkdaşlıq Təşkilatları ilə hərtərəfli əməkdaşlığının inkişafında mühüm rol oynayacağından söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk ölkələri arasında dostluq və qardaşlıq münasibətlərin gücləndirilməsinə yönəlmiş geniş miqyaslı fəaliyyətindən bəhs olunub. Fondun Özbəkistan ilə qarşılıqlı əlaqələrə yüksək əhəmiyyət verdiyi, bu istiqamətdə həyata keçirdiyi layihələr vurğulanıb. Özbəkistanın mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı Fond tərəfindən yayımlanan nəşrlərin, ölkədə təşkil edilən müxtəlif tədbirlərin, konfransların önəmi qeyd olunub. Fond tərəfindən 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu daşıyan Şuşa şəhərinin tarixi və mədəni irsinin tanıdılması məqsədilə Daşkənddə keçirilən silsilə tədbirlər Azərbaycanla Özbəkistanın bir-birinə daha yaxınlaşdırılmasına yönəlmiş addım kimi dəyərləndirilib.

Görüş təşkilatla Özbəkistan arasında fəal əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə layihələrin keçirilməsinə dair fikir mübadilələri ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Çərşənbə axşamı, 18 Aprel 2023 20:18

Bir elin, bir obanın ağsaqqalının 68-i

ZİYALILARIMIZI TANIYAQ VƏ TANIDAQ 

 

Qazax-Ağstafa bölgəsindən olanlarda son illərdə böyük həmrəylik yaranıb. Bir-birinin uğuruna sevinən, dərdinə həmdərd olan bölgə camaatı bu yaxınlaşma üçün bir şəxsə borcludur. Həmin şəxs hətta əslən o bölgədən olsalar belə oralara ayaqları dəyməyən kəslərdə belə bir yurd sevgisi, oba təəssübkeşliyi yarada bilib. Həmin şəxs hətta o bölgədən olmayanların belə “mən də sizlərdənəm” demələrinə vəsilə olub. Söhbət İlham Pirməmmədovdan gedir.

 

“Ədəbiyyat və incəsənət” portalı indi sizlərə bu dəyərli ziyalımız barədə geniş məlumat verəcək. Azərbaycan Respublikasının əməkdar müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

İlham Teymur oğlu Pirməmmədov 18 aprel 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Mexanika" fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır.

1980–84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil almışdır.

1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989–2015-ci illərdə və hal-hazıra qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin müşaviri) çalışmışdır.

İ.Pirməmmədov 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi, riyaziyyat üzrə elmlər doktorudur. 35 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.

Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin "Nəzəri mexanika" kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsində çalışır.

İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

“Ədəbiyyat və incəsənət” portalının kollektivi minlərlə digərlərə qoşularaq

dəyərli ziyalı, EL AĞSAQQALI, xeyirxah insan, vətənpərvər vətəndaş, hörmətli 

İlham Pirməmmədovu ürəkdən təbrik edirik, uzun və sağlıqlı ömür diləyir.

Hədəfi 100 il olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

 

O KİMDİR?

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlının Qazaxıstandan aldığı məlumata görə, Azərbaycana yeni təyin edilən Qazaxıstanın Fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin 39 yaşı vardır. Alim Bayel qazax, Azərbaycan, türk, ingilis və rus dillərində sərbəst danışır. 

Tokayevlə Ətrdoğanın  şəxsi görüşlərində də  tərcüməçi kimi iştirak edib. (Şəkildə)

 

Alim Bayel Türkiyə və ABŞ universitetlərində təhsil alıb. Eyni zamanda Qazaxıstanın nüfuzlu “Bolaşak” Dövlət Proqramının məzunudur. Diplomatın adı Tokayevin 2019-cu ildə yaratdığı Prezidentin Gənc kadrlar bazası siyahlında da yer alıb.  

Alim Bayel öz karyerasında diplomat kimi fəaliyyətə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasında, indiki Türk Dövlətləri Təşkilatında başlayıb. Azərbaycana səfir təyin edilənə qədər isə diplomat Alim Bayel Türkiyənin İstanbul şəhərində Qazaxıstan səfirliyin baş konsulu kimi fəaliyyət göstərib.

Ailəlidir, 1 qız övladı var.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Aprelin 17-də Pekində “Ömür bir dəfə yaşanır” şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub. Nəşrin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

 

AzərTAC xəbər verir ki, təqdimat Heydər Əliyev Fondunun, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və Azərbaycanın Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya bu nəşrin Çin ilə Azərbaycan arasında humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı mədəni-humanitar layihələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirdiyini deyib. O, nəşrin oxuculara Azərbaycan mədəniyyəti haqqında məlumat əldə etməyə imkan verəcəyini, gələcəkdə bu istiqamətdə yeni layihələrin icrasına yol açacağına əminliyini bildirib.

Çin Yazıçılar Birliyi poeziya şurasının sədri, tanınmış şair Cidi Macia çıxışında bildirib ki, Leyla Əliyevanın poeziyası lirikdir, eyni zamanda dərin fəlsəfi məna daşıyır. Onun şeirlərini oxuyarkən müxtəlif dövrlərdə yaşamış şairlərin yaratdığı lirik ənənələrin müasir zamanımıza necə axıcı bir şəkildə süzülüb gəldiyinin şahidi oluruq.

Sonra Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə məzunları Leyla Əliyevanın şeirlərini Çin dilində səsləndirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu ilk dəfədir azərbaycanlı şair və ədiblərinin kitablarının Çin dilində tərcüməsini edib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya ilə keçirilən görüşündə gələcəkdə digər Azərbaycan şair və ədiblərinin əsərlərinin Çin dilinə tərcümə edilməsi ilə bağlı müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

 

Bu günlərsə Polşanın paytaxtı Varşava şəhərində ilk dəfə olaraq Avrasiya Film Festivalı keçirilir.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, festival Polşanın kino təqvimində yeni hadisə sayılır və yerli auditoriyaya Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin kinematoqrafiyası ilə yaxından tanış olmağa şərait yaradır. 

Festivalın açılış mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova xüsusi qonaq qismində çıxış edib. Səfir cari ildə Azərbaycan kinematoqrafiyasının 125 illiyinin qeyd edildiyi, ölkəmizdə film sənayesi tarixinin, demək olar ki, dünya kinematoqrafiyasının tarixi ilə üst-üstə düşdüyü, Azərbaycan kino sənətinin tarixinin 1898-ci il avqustun 2-dən başladığı, 1895-

ci ildə Lümyer qardaşlarının kinematoqrafı ixtira etdikdən sonra 1898-ci ildə fotoqraf Aleksandr Mişonın Bakıda neft yataqları barədə süjetləri lentə almaqla milli kinematoqrafiyamızın 

əsasını qoyduğu barədə məlumat verib.

N. Qurbanova ötən il Azərbaycanın Polşadakı səfirliyinin Polşa Kinorejissorları Assosiasiyası ilə birgə Polşa tamaşaçılarını Azərbaycan kinematoqrafiyası ilə tanış etmək məqsədilə Azərbaycan Filmləri Həftəsi təşkil etdiyini, həmçinin Bakının “Visla” Polşa Film Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb. 

Avrasiya Film Festivalının ilk buraxılışında iki Azərbaycan filminin yer aldığını məmnunluqla vurğulayan səfir nümayiş olunacaq filmlər barədə tədbir iştirakçılarına məlumat verib. Səfir festivalın proqramına daxil olan və rejissoru Asif Rüstəmov olan “Mərmər soyuğu” filmi barədə izləyicilərə məlumat verib. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və “Arizona Films” şirkətlərinin birgə istehsalı olan və rejissoru Asif Rüstəmov olan “Mərmər soyuğu” bədii filminin Tallində keçirilmiş “Qara Gecələr” Film Festivalının əsas müsabiqə proqramına daxil edildiyini bildirib. Bundan əlavə, o, sözügedən filmin Fransada keçirilmiş Beynəlxalq Asiya Film Festivalı, Bolqarıstanda keçirilmiş Beynəlxalq Sofiya Film Festivalında nümayiş olunduğunu söyləyib.

Qeyd edək ki, festival çərçivəsində nümayiş olunacaq ikinci film rejissoru Polşada yaşayan həmyerlimiz Həmid İbadullayev olan “Ünvansız ruh” filmidir. 

Festival 23 aprel tarixinədək davam edəcəkdir. Hazırda filmlərimizin nümayişi davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

 

Aprelin 18-də respublikanın bir sıra rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib.

 

AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam Muğam Mərkəzində keçirilən festivalın ilk günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə fortopiano ifaçıları mübarizə aparıb. Hər bir iştirakçı dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. 

Festivalın münsif heyətinə hər nominasiya üzrə üç nəfər mütəxəssis cəlb olunub. Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, aprelin 17-də respublika üzrə ilkin olaraq 30 müəssisədə birinci mərhələyə start verilib. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək. Üç turdan ibarət, 21 nominasiyada (ifaçılıq, rəssamlıq, heykəltəraşlıq, bədii qiraət, aktyorluq, rəqs, dekorativ-tətbiqi sənət və sair) keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb. Festivalın əsas məqsədini ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, incəsənət sahəsində yeni istedadların üzə çıxarılması, bədii-estetik zövqün formalaşdırılması, habelə regionlarda mədəniyyət infrastrukturunun canlandırılması təşkil edir.

Festivalın final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş, fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Çərşənbə axşamı, 18 Aprel 2023 18:00

Sabah hava necə olacaq?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabaha olan hava proqnozunu açıqlayıb. 

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacağı ehtimal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.