
Super User
Ağdamda Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib
Aprelin 18-də respublikanın bir sıra rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam Muğam Mərkəzində keçirilən festivalın ilk günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə fortopiano ifaçıları mübarizə aparıb. Hər bir iştirakçı dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
Festivalın münsif heyətinə hər nominasiya üzrə üç nəfər mütəxəssis cəlb olunub. Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, aprelin 17-də respublika üzrə ilkin olaraq 30 müəssisədə birinci mərhələyə start verilib. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək. Üç turdan ibarət, 21 nominasiyada (ifaçılıq, rəssamlıq, heykəltəraşlıq, bədii qiraət, aktyorluq, rəqs, dekorativ-tətbiqi sənət və sair) keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb. Festivalın əsas məqsədini ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, incəsənət sahəsində yeni istedadların üzə çıxarılması, bədii-estetik zövqün formalaşdırılması, habelə regionlarda mədəniyyət infrastrukturunun canlandırılması təşkil edir.
Festivalın final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş, fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
Sabah hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabaha olan hava proqnozunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacağı ehtimal edilir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
Şuşada Molla Pənah Vaqifin evini bərpa etmək mümkündürmü?
Yazıçı-publisist Ramiz Göyüşün “Ədəbiyyat və incəsənət” portalına təqdim etdiyi bu yazısı çox aktual bir məsələyə toxunur. Dahi şair Molla Pənah Vaqifin Şuşadakı evini bərpa etmək mümkündürmü?
Molla Pənah Vaqif şəxsiyyətinə - bir şair kimi, bir dövlət xadimi və Qarabağ Xanlığının vəziri kimi onun fəliyyətini və yaradıcılığını, sağlığından başlayaraq bu günümüzə qədər öyrənən, araşdıran tədqiq edən görkəmli tədqiqatçılar, tarixçilər, səlnaməçilər ədəbiyyat adamları və dövlət xadimləri bütün dövrlərdə yüksək dəyər vermişlər. Onların sırasında Mirzə Fətəli Axundovun, Qarabağnamələrin müəllifləri- Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Məhəmmədəli bəy Məxfinin, Həsən İxfa Əlizadənin, Həsənəli xan Qaradağinin, Qasımbəy Zakirin, Aşıq Valehin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Adolf Berjenin, Həmid Araslının, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, Araz Dadaşzadənin, Nizami Cəfərovun, Aqil Abbasın adlarını minnətdarlıqla xatılamaq istərdim.
Molla Pənah Vaqifə ən yüksək dəyər verən şəxsiyyətlərdən biri də Ümumilli liderimiz Heydər Əliyev olmuşdur. Ümumilli liderimiz Heydər Əliyev onun yaradıcılığına yüksək dəyər verməklə yanaşı, həm də 1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və o, dağılmış məzarı ziyarət etmişdir. Ümummilli liderimiz "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdir 1980–81-ci illərdə Ulu öndərin göstərişi ilə Vaqifin məzarı üzərində abidə və türbə tikilmiş, 1982-ci ilin yanvar ayında Onun özünün iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olmuşdur. Vaqifin məzarı üstündə dünyada barmaqla sayılacaq qədər az olan gözəllikdə məqbərə kompleksi və abidə ucaldılmış, 1982-ci ildən başlayaraq hər il onun təşəbbüsü və göstərişi ilə “Vaqif Poeziya Günləri“ keçirilməsinə başlanmşıdır...
Lakin min təəssüf ki, 1992-ci ildə Şuşa işğal edildikdən sonra erməni vandalları tərəfindən şəhərdəki bütün abidələr kimi Vaqifin məqbərə kompleksi də yerlə yeksan edildi...
Azərbaycan tarixinə qızıl hərflərlə daxil olan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. 2020-ci ilin 8 noyabrı müasir tariximizə Zəfər Günü kimi daxil oldu. Bu qələbədən dərhal sonra Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı, qısa müddətdə şəhərin baş planı hazırlandı və bu plana uyğun olaraq burada geniş abadlıq, bərpa, quruculuq və tikinti işlərinə başlanıldı, işlər bu gün də sürətlə davam etdirilir. Prezidentin müvafiq Sərəncamları ilə 2022-ci il “Şuşa ili“ elan edildi, Şuşa şəhərinin 270 iilik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul edildi.
Şəhərin 270 illik yubileyi ilə əlaqədar bərpa və tikinti işləri surətlə davam etməkdədir və qısa zamandan sonra Prezident İlham Əliyevin dediyi kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Azərbaycanımızın Mədəniyyət Paytaxtı elan edilən Şuşa bu gün tarixinin ən şərəfli bir dövrünü yaşayır.
“...xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır”...deyən Prezidentimiz İlham Əliyev Ümummilli liderimiz tərəfindən başlanılmış, lakin tamamlanmamış işləri sədaqətlə, mərdliklə, qətiyyətlə və uğurla başa çatdırmaqdadır. Saymaqla qurtarmayan bu möhtəşəm işlərin sırasında Molla Pənah Vaqifin adı ilə bağlı işlər də vardır. Belə ki, Şuşa işğaldan azad edildikdən sonra 2021-ci il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Şuşada Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra təntənəli şəkildə açılışı keçirildi, bir gün sonra – avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şairin işğaldan azad edilmiş doğma şəhərində Vaqif Poeziya Günləri 30 illik fasilədən sonra yenidən təşkil olundu, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın, Azərbaycanın görkəmli söz və sənət adamlarının da iştirak etdiyi bu tədbir, möhtəşəm sənət və mədəniyyət hadisəsi kimi Azərbaycanımızın müasir tarixinə qızıl hərflərlə həkk olundu.
Bununla belə, Vaqifsevərləri və poeziya həvəskarnı Vaqifin yaşadığı evin acı taleyi hər zaman düşündürür. Tarixdən məlumdur kİ, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra İbrahim xanın qardaşı oğlu, “Batmanqılınc” ləqəbli ilə məşhur olan Məhəmməd bəy Cavanşir kiçik bir zaman kəsiyində Şuşada hakimiyyəti ələ alır. Xanlıq iddiasında olan və buna əsas maneə kimi Vaqifi görən, həmçinin həyat yoldaşlna gözü düşdüyü üçün Məmməd bəy Cavanşir onu öldürmək qrarına gəlir və buna bəhanə tapır. Onun əmri ilə Vaqif oğlu Əli ağa ilə brlikdə Cıdır düzündə qəddarlıqla qətlə yetirilir. Bu azmış kimi Vaqifin yaşadığı evi vəhşicəsinə talan edərək bütün külliyatını məhv etdirir. ”Demək olar ki, bütün həyatını yeniyetməlik illərindən başlayaraq, yazı-pozuya həsr etmiş bir insanın bir cümlə və bir misra yazısının qalmaması Molla Pənah Vaqif taleyinin, bəlkə də ən böyük paradoksu idi! (Akademik Nizami Cəfərov).
İndi Şuşanın intibahının növbəti dönəmində Vaqifin evinin bərpası həm tarixilik, həm qədirşünaslıq, həm də bütün mənalarda çox əlamətdar və yaddaqalan bir hadisə olardı.
Qeyd etməyi zəruri hesab edirəm ki, Molla Pənah Vaqifin evinin yeri məlumdur və hələ işğaldan əvvəl həmin yerdə xatirə lövhəsi də vurulmuşdu. Həmin lövhənin şəklini yazıya əlavə edirəm.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
“Özgə ağrı”nın triumfu - Qaliblər iki həftə yubadılmaqla elan olundu
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “START-2023” film layihəsi müsabiqəsini təşkil etməsi barədə sizlərə məlumat vermişdik. Müsabiqənin şərtləri də portalımızda dərc edilmişdi. Müsabiqə debüt fiımini çəkən rejissorlar üçün nəzərdə tutulurdu. Xatırladaq ki, “START-2023” adlı film layihəsi müsabiqəsinə 2022-ci il noyabrın 1-dən etibarən start verilmişdi və layihəyə sənəd qəbulu cari il yanvarın 31-dək davam etmişdi. Qaliblər aprelin 3-də elan edilməli idilər. 15 gün yubadılmaqla bu gün qaliblər hər halda elan olundular.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ümumilildə 45 layihə dəyərləndirilmək üçün “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılmış ekspert şurasının ixtiyarına verilmişdi. Sual olunacaq. Bəs ekspert şurasında kimlər təmsil olunurdu?
Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edirdi. Şuranın üzvləri ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadə idi.
Ekspert şurasının sonuncu iclasında qaliblər müəyyənləşdirilib və bu gün onların adları kinosevərlərə və ictimaiyyətə elan edilib. Buyurun, tanış olun:
“Tammetrajlı bədii film layihəsi” kateqoriyasında:
“Özgə ağrı” (Rövşən İsgəndərov);
“Qısametrajlı bədii film layihəsi” kateqoriyasında:
“Erkən hisslər” (Nurlan Həsənli),
“Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç);
“Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında:
“Balıq” (Fuad Quliyev),
“Sonuncu lələk” (Firəngiz Bağırova).
Qeyd edək ki, yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Növbəti mərhələdə qalib olunan layihələr üzrə filmlərin çəkilməsi nəzərdə tutulur.
Müsabiqə ilə bağlı “Ədəbiyyat və incəsənət” portalı “Şahdağfilm” kinostudiyaaının baş prodüsseri İlqar Mehdinin rəyini alıb. İlqar Mehdi söyləyib: “Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə görə “Azərbaycanfilm” sadəcə alıqşlanmalıdır. 3 kateqoriya üzrə - tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri üzrə müsabiqənin keçirilməsi onun əhatə dairəsinin genişliyindən xəbər verir. Əsas nominasiyada Rövşən İsgəndərovun qalib gəlməsi təqdirəlayiqdir. Çünki bu gənc rejissor artıq sənətdə ad eləyə bilib. Qısametrajlı filmi ilə mükafat qazanan Tahir Tahiroviçi isə artıq ölkənkn kino kuluarlarında uğurlu rejissor kimi tanıyırlar.”
Şəkildə: Ekspert Şurası
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
Mir Cəlal adına 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb
Aprelin 17-də "Ədibin Evi"ndə Mir Cəlal adına 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AzərTAC xəbər verir ki, Xalq yazıçısı Elçinin sədrliyi ilə on nəfər ədəbiyyatşünas, ədəbi tənqidçi və yazıçılardan ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilən 191 müəllifin 197 hekayəsini fevral ayından başlayaraq mərhələ-mərhələ qiymətləndirdikdən sonra aşağıdakı qalibləri açıqlayıb:
III yer
Mahir Rəsuloğlu, “Bağışla, səni öldürməliyəm!” hekayəsi
Murad Köhnəqala, “Buğdanın göyə çəkilməsi” hekayəsi
Zahid Xəlil, “Zirinc kolunun laylası” hekayəsi
II yer
Daşqın Məmmədov, “Bənövşə xala” hekayəsi
Cavidan Xəlilova, “Su” hekayəsi
I yer
Seymur Həmzəyev, “Yağışlı bir gün idi” hekayəsinə görə təltif olunublar.
"Ədibin Evi" qalibləri təbrik edir, bütün iştirakçılara müsabiqəyə qoşulduqlarına görə təşəkkürünü bildirir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
ICESCO Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə müraciət yayıb
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Kifayət qədər beynəlxalq abidələrə və tarixi yerlərə qucaq açan Azərbaycanımızda Tarixi Abidələrin Mühafizəsi və Bərpası üzrə ayrıca dövlət qurumunun olması, əlbəttə ki, bu sahənin prioritet sahə olmasından xəbər verir.
Amma “Ədəbiyyat və incəsənət”in növbəti xəbəri bizim abidələrdən deyil,
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) bir müraciəti barədədir. ICESCO Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində təşkilata üzv ölkələrə müraciət edib.
Təşkilatın baş ofisinin xəbərinə görə, müraciətdə dünya ictimaiyyətinin aprelin 18-ni Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd etdiyi, bu əlamətdar günün bütün dünyada, o cümlədən İslam aləmində maddi və qeyri-maddi mədəni irsin əhəmiyyətini diqqətə çatdırmaq üçün bir fürsət olduğu vurğulanıb. “ICESCO-ya üzv ölkələrdə mədəni irsin zənginliyi, müxtəlifliyi və orijinallığının onun bəşər sivilizasiyasının formalaşmasına mühüm töhfələr verdiyini bir daha təsdiq edirik. Təşkilatımız bu münasibətlə İslam dünyası irsinin qorunub saxlanılması və qiymətləndirilməsi, bütün dünyada onun əhəmiyyəti barədə məlumatlılığın artırılması, təbliğinin böyük əhəmiyyətini vurğulamağa, həmçinin üzv ölkələrin qədim abidələrinin Ümumdünya İrs Siyahısına daxil edilməsinə yönəlmiş səyləri gücləndirmək istiqamətində fəaliyyəti davam etdirməyə çağırır”, - deyə sənəddə qeyd olunub.
ICESCO bu münasibətlə üzv dövlətlərdə bütün növ mədəni irsin təbliğinin vacibliyini vurğulayır və səylərin tarixi abidələrin və obyektlərin qorunmasına yönəldilməsinə çağırır. Təşkilat bu kontekstdə İslam Dünyası İrs Mərkəzinin yaradılması, üzv dövlətlərdə irs üzrə peşəkarların bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı təlim sessiyalarının təşkili sahəsində mühüm layihələr həyata keçirib. 2019-cu ildən bəri ICESCO-nun İslam Dünyası İrsi Siyahısına 430-dan çox tarixi yer, görməli məkan və mədəni abidələr daxil edilib.
Müraciətdə qeyd olunub ki, ICESCO bu fonda bütün ölkələri, vətəndaş cəmiyyəti təşkilatlarını və özəl sektoru sıx əməkdaşlığa, xüsusən münaqişə bölgələrində İslam dünyasının sivilizasiya və mədəni irsinin qorunması üçün səyləri gücləndirməyə çağırır. Təşkilat, həmçinin nəsildən-nəslə ötürülən ümumbəşər irsini təmsil edən qiymətli arxeoloji artefaktların qeyri-qanuni ticarətini cinayət hesab edən sərt qanun və qaydaların qəbul edilməsini zəruri hesab edir.
Sonda qeyd edilib: “ICESCO irs obyektlərinin və abidələrin qorunması və mühafizəsi üçün müasir texnologiya və süni intellektdən istifadənin vacibliyini vurğulayır. Təşkilat, həmçinin bu tarixi yerlərin və abidələrin tanıdılması, onların bəşər sivilizasiyasında əhəmiyyəti haqqında məlumatlılığın artırılması məqsədi ilə interaktiv platformaların yaradılmasına çağırır”.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
Ümumdünya Səs Günü ilk dəfə Şuşada qeyd olunub
16 Aprel - Ümumdünya Səs Günündə Azərbaycan Milli Konservatoriyasının (AMK) təqdimatında “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın rəhbəri Alexandria Sultan von Bruseldorffun təşəbbüsü və təşkilatçılığı ilə Şuşa şəhərində “Şuşanın səsi-Azərbaycanın səsi” mövzusunda konfrans keçirilib və konsert təşkil olunub.
Milli Konservatoriyadan AzərTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni oxunub və şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru professor Lalə Hüseynova açılış nitqində “Şuşa muğam sənəti nümayəndələri” haqda məruzə ilə çıxış edib.
Sonra dünyaşöhrətli səs tədqiqatçısı, elmlər doktoru, İsveç Kral Texnologiya İnstitutunun fəxri professoru, Ümumdünya Səs Günü layihəsinin əsas təşəbbüskarı və təşkilatçısı Yohan Sundberqin tədbir iştirakçılarını salamlayıb.
Tədbirin elmi hissəsində “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın rəhbəri Alexandria Sultan von Bruseldorff “Azərbaycan muğam ifaçılarının (xanəndələrinin) səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi”, etnomusiqişünas- alim, AMK-nın professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti”, muğam üzrə tədqiqatçı-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr” və tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzusunda elmi məruzələrlə çıxış ediblər.
Sonra Əməkdar artist, AMK-nın baş müəllimi Bəyimxanım Vəliyeva, kamança ifaçısı Ceyhun Muradov və tarzən Rövşən Qurbanovdan ibarət muğam triosu bir-birindən gözəl musiqi nömrələri ilə tədbirə rəng qatıblar.
İştirakçılar gələcəkdə Şuşada daha böyük elmi tədbirlərin keçirilməsi haqda arzularını dilə gətiriblər.
Qeyd edək ki, 1998-ci ildən etibarən hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Bu günün keçirilməsinin əsas məqsədi ictimaiyyətə səsin insan həyatındakı vacibliyini, əhəmiyyətini çatdırmaq, səsdə yarana biləcək problemlər və bu problemlərin müalicə-profilaktik həlli prinsipləri haqqında informasiya verməkdir. 2015-ci ildən etibarən ölkəmizdə də bu gün münasibətilə müxtəlif tədbirlər keçirilir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
Atasını ölənə kimi görmədi, anasını küçədə döydülər…
“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Kulis.az-a istinadən tanınmış aktrisa, Xalq artisti Həmidə Ömərova haqqında maraqlı faktları təqdim edir.
Həmidə Ömərova 25 aprel 1957-ci ildə Qazax rayonunda müəllim ailəsində doğulub. Onun atası fransız, anası isə alman dili müəllimi olub. Anası ilə atası bir-birlərini böyük məhəbbətlə seviblər. Ancaq iş elə gətirir ki, onların ailə həyatı yarımçıq qalır. Həmidənin bakılı qızı olan anası rayon mühitinə öyrəşmədiyindən qızını da özü ilə götürüb Bakıya gəlir. Atası isə əyalətdə qalmalı olur. O, dəfələrlə qızının və sevdiyi qadının ardınca Bakıya gəlsə də, nəticə uğursuz olur. Həmidənin anası geri qayıtmır. Ancaq ölənə qədər qızının atasına sadiq qalır, onu böyük məhəbbətlə sevir. Həmidə isə on yeddi yaşından sonra heç vaxt atası ilə görüşmür. Aktrisanın ögey anası və bacı-qardaşları ilə münasibəti çox yaxşı olub. Atası on yeddi yaşına qədər qızına məktublar yazsa da, aktrisanın anası o məktubların heç birini qızına oxumağa verməyib.
Xalq artisti atası ilə bağlı xatirələrində deyir:
"17 yaşımdan öldüyü günəcən onu görməmişəm. 86-cı il idi. Teleqram gəldi... Kinostudiyadan maşın verdilər, yaşı qədər - 59 qərənfil alıb getdim qəbri üstünə. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım. O qədər hönkür-hönkür ağladım ki. Dedim, məni atdın, axtarmadın, yiyə durmadın. Amma institutu bitirəndən sonra içimdə onunla barışdım. Həmişə anamdan qorxmuşam. O, hökmlü qadın olub. Deyirdim kaş məni Qazağa ezamiyyətə göndərərdilər. Gizlicə atamı axtarıb tapardım. Bu hiss məndə 22-23 yaşımda çox güclü idi. Atamla söhbət eləməyi çox istəyirdim. Atalı uşaqlara həsəd aparırdım. Ona görə də şəxsi həyatımda nə baş versə də, demişəm, mən uşağımı atasız qoymayacağam. Öz uşaqlığım mənə örnək olub".
Həmidə aktrisa olmaq üçün də anasına çox yalvarır, hətta günlərin birində onun qarşısında diz çökür ki, ona Moskvaya oxumağa getməyə icazə versin.
*
Həmidə xanım uzun illərdi namaz qılır. Ancaq günlərin birində iş elə gətirir ki, o, pivə içməli olur. Həmin əhvalatı müsahibələrinin birində belə nəql edir:
"Burulğan" filminin çəkilişləri idi. Bir dəfə yenə havanın şıltaqlığı tutub, şəhərlə əlaqəmiz kəsilib. Suyumuz da qurtarıb, ancaq yeşiklərdə pivələr qalır. Aktrisa həmkarım, mənimlə filmə çəkilən Eqle dedi, dəniz suyu içməyəcəyik ki, gəl pivə içək. Bəlkə heç motorlu qayıq gəlmədi... O içdi, mən axşamacan dözdüm. Axırda dedim, bir qurtum da mənə ver. Birinci iyrəndim, sonra yenə... elə öyrəndim... Gördüm normaldı, pis deyil. Demirəm e "piyaniskə" oldum. Amma namaz qılana qədər yayda sevimli içkim idi"...
Aktrisa gec ailə həyatı qurub. Buna səbəb onun sənəti olub. Aktrisanın anası isə ailə həyatında xoşbəxt olmadığı üçün qızının ailə qurmasına qəti şəkildə mane olub. Hər dəfə Həmidəyə elçi gələn kimi anası onu pisləyir, "qızımın əlindən bir iş gəlmir, aktrisadır, səhərdən axşamacan çəkilişdə olur" sözlərini deyirmiş. Sonralar Həmidə özündən bir yaş böyük oğlanla tanış olur və onlar tez bir zamanda bir-birlərini sevib ailə qururlar.
Ailə qurandan sonra həyat yoldaşı ona sənət qadağası qoyur. Hər dəfə aktrisanın çəkildiyi filmləri görəndə kanalı dəyişir. Daha sonra Həmidəni məcbur edir ki, aktrisalıq karyerasına son qoysun. Həyat yoldaşını böyük məhəbbətlə sevən aktrisa onun bu təklifi ilə razılaşır, kino həyatını tərk edir. Hətta aparıcısı olduğu dövrün məşhur verilişi olan "Retro"dan da uzaqlaşır. Ancaq bir ildən sonra yenidən kino sənətinə geri qayıdır.
Aktrisanın anası ömrünün sonlarına yaxın 6 il amneziya (yaddaşsızlıq) xəstəliyindən əziyyət çəkib. Anası çox vaxt xəstə olduğu dövrlərdə Həmidəni öz anası bilir, ona "ana" deyə müraciət edirmiş. Həmidə xanım anasını xatırlayarkən belə deyir:
"Anam mənəvi cəhətdən çox güclü qadın olub. Amma niyəsə mənim onun gənc, gözəl, güclü vaxtlarını yox, son illərini, zəif vaxtlarını xatırlayıb yanıram. O vaxtlarını ki, o mənim balam idi... Evdə hara gedirdim, uşaq kimi dalımca gəzirdi. "Qaragilə" anamın sevimli mahnısı idi. O mahnını onun kimi oxuyan görməmişəm. Anamın çox gözəl səsi var idi. Konservatoriyaya girmişdi, qardaşları oxumağa icazə verməmişdilər".
Günlərin birində isə aktrisa bağda dincələrkən onunla birgə yaşayan anası qızına və özünə aid sənədləri və qızının qızıl əşyalarını özü ilə götürüb evdən çıxır və itkin düşür. Həmin gün aktrisaya Xalq artisti adı verilir, o isə əlində anasının şəkli dəli kimi hər yerdə onu axtarır. Anası tapılarsa, namaz qılacağını əhd edir. Ancaq sonradan şəhərdəki mənzilinə gəlib ağlaya-ağlaya namaz qılır. Sonra yenə küçələrə çıxıb anasını axtarmağa başlayır. O, anasını psixiatriya xəstəxanalarının birində tapır. Anası döyülmüş, üz-gözü cırılmış və soyulmuş halda xəstəxana paltarında bir kənarda oturub "Qaragilə" mahnısını oxuyurmuş. Həmin hadisədən sonra Həmidə ərizə yazıb universitetdəki kafedra müdirliyi vəzifəsindən çıxır. Anasına özü baxmağa başlayır. Aktrisanın anası dünyasını dəyişəndə Həmidə namaz üstə olub.
Aktrisanın sözlərinə görə, anasının xəstələnməsində təqsirkar olan şəxs mərhum psixiatr Ağabəy Sultanov olub. Aktrisanın iddialarına görə, Ağabəy Sultanovun müalicəsindən sonra anası huşunu tamamilə itirir, hər kəsi unudur.
*
Şəxsi həyatı ilə bağlı bir çox şayiələrlə üzləşən aktrisanı ən çox təəccübləndirən isə Polad Bülbüloğlu ilə evli olması ilə bağlı məsələdir. Aktrisa isə bu fikirlərin söz-söhbətdən və şayiədən başqa bir şey olmadığını vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
Kişilər niyə evlənmək istəmirlər?
“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Elə o özü də ailə həyatı qurmağa tələsməyənlərdəndir.
"Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir." Bunu rusiyalı psixoloq Yelizaveta Filonenko deyir. Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir. "Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır", - deyə psixoloq izah edir. Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bir qadınla yaşaya biləcəklərinə əmin olmurlar.
Öz təcrübəmdə bunun süzgün, yoxsa qeyri-düzgün olduğunu söyləməyəcəyəm. Amma əksəriyyət bu fikri təsdiqləyər. Ümumən, mütəxəssislər son zamanlar populyarlaşan dəbdəbəli toy dəbini də kişilərin evlənmə istəyinə mane olan səbəblərdən biri adlandırır. Onlar elçilik, toy, üzük və pay-pereş alınması, bal ayı səfəri xərclərinin kişilərin sevgililəri ilə rəsmi nikaha girmələrini gecikdirdiyini vurğulayırlar.
Bəs görəsən, bizim mütəxəssislərimiz bu haqda nə düşünürlər? Kişilərin gec evlənməsinin səbəblərini aydınlaşdırmaq üçün ekspertlərin açıqlamalarına nəzər yetirək.
Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu aşağıdakıları deyir: "İndi oğlanlar həqiqətən də gec evlənirlər. Amma əvvəl belə şey yox idi. Xüsusən kənd yerlərində belə hal olmazdı. Əgər oğlan ali təhsil alıbsa və ya hərbi xidmətdən qayıdıbsa, ailəsi onu evləndirmək haqda düşünürdü. Orta hesabla oğlanlar 25, qızlar isə 20 yaşına çatanda ailə qurması üçün problem qalmırdı. Hətta əgər oğlanın evi yox idisə, yeni qurulan ailənin oğlanın valideynləri və digər ailə üzvləri ilə birgə yaşaması da problem sayılmırdı. Üstəlik, o dövrdə hamının qəbul etdiyi müəyyən qaydalar da var idi. Məsələn, ailə kasıbsdırsa, yeni ailə quran xanım bunu adi hal kimi qəbul edib ona uyğunlaşır və ən əsası ümumi vəziyyətin qənaətbəxş olması üçün ailənin digər üzvləri ilə birgə çalışırdı. İndi siə vəziyyət tam fərqlidir. İndi hamsı düşünür ki, oğlan evlənirsə, mütləq ayrıca evi olmalıdır. Hansı ki, müasir dövrdə də ev almaq üçün 100-150 min pul olmalıdır. Bu məbləğ isə hamıda yoxdur. Deməli, birinci faktor evin olmamasıdır. İkinci faktor işin olmamsıdır. Təəssüf ki, iş yerləri o qədər də çox deyil. Üçüncü məsələ ölkəmizdə boşanmaların sürətlə artmasıdır ki, bu da evlənmək istəyən oğlanları qorxudur. Başqa bir məsələ qızların bəzi davranışlarının - mənəvi-əxlaqi cəhətlərinin oğlanları qane etməməsidir. Sosial şəbəkələr qızların davranışına o qədər təsir edib ki, oğlanlar belə həyat yoldaşlarının olmasını istəmirlər. Müasir dövrdə qızların üstünlük verdiyi dəyərlər başqadır. İndi daha çox maddi məsələlər, karyera qurmaq, gəzmək kimi məsələlər ön plandadır. Hansı ki, əvvəlki dövrdə qızlarımızın nə əxlaqında problem olardı, nə də onları bu kimi sadaladığımız şeylər maraqlandırardı. O vaxt düşünürdülər ki, gözəl bir ailəm olsun, ona xidmət edim, ancaq indi hamı üçün olmasa da, bir çoxları üçün başqa dəyərlər hakimdir ki, bütün bunlar da oğlanları evlilikdən çəkindirir."
"Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir." Bu fikirləri isə Medical House Reabilitasiya mərkəzinin təsisçisi, Psixologiya Departamentinin rəhbəri, psixoloq Jalə Mirsaab bildirir. Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir.
"Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır", - deyə psixoloq izah edir. Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bu qadınla yaşaya biləcəklərinə əmin olmurlar.
Gəlin düşünək ki, elə bir uyğun zaman gələcək, gənc oğlanlar, içi mən qarışıq, bütün problemlərindən qopacaqlar, başlarında evlənmək sevdası cövlan edəcək, ailə quracaqlar, xoşbəxtliyə imza atacaqlar.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)
“Gənc şairlər, sözüm sizədir...” – Vaqif Yusifli
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Ədəbi tənqid vaxtıdır, Vaqif Yusiflinin gənc şairlərin yaradıçılığına baxışıdır.
TƏNQİD
Vaqif YUSİFLİ
GƏNC ŞAİRLƏR, SÖZÜM SİZƏDİR
(Onuncu məqalə)
"Ulduz" jurnalının hər sayında gənc şairlərin şeirləri ilə tanış olur, onların yaradıcılıq uğurlarına sevinirəm.
Bu gün ədəbi gəncliyin sıraları genişdir və "Ulduz"dan başqa heç bir ədəbi dərgidə çap olunmayan, ilk dəfə "Ulduz"un səhifələrində üzünü gördüyümüz cavan şairlərin şeirləri ilə tanışlıq məndə müxtəlif fikirlər doğurur, bu yeni nəsil əsasən ikimininci illərin birinci onilliyində öz imzaları ilə "Ulduz"a ayaq açıb. Onların ilk yazıları nələr vəd edir? Təklərin yox, ümumən yeni bir nəslin SƏSİ müasir poeziyamızda hamının aydın eşidəcəyi bir SƏSƏ çevrilirmi? Yeni bir poetik nəslin formalaşması üçün hansı ümumi meyarlar yaranır? Bu suallara haçansa cavab veriləcək. Amma indi gələcəyinə ümidlər bəslədiyim gənc şairlərin şeirlrəri barədə söz açmaq istəyirəm.
Elvin İntiqamoğlunun "On dördüncü qızılgül"ü.
Elvin İntiqamoğlu yeni nəsil gənc şairləri içərisində artıq yetkinliyə doğru can atan və fərdi üslubu da müəyyənləşməkdə olan şairdir. İyirmi altı yaşı var və "On dördüncü qızılgül" ilk şeirlər kitabı da işıq üzü görüb. Xalq şairi Sabir Rüstəmxanlı onun bu kitabına "Poeziya təkcə qızılgüllərdən ibarət deyil" adlı səmimi bir ön söz də yazıb. Sabir müəllmin ön sözündə oxuyuram: "İlk növbədə, Elvinin şeirlərinin yığcamlığını, sözçülükdən uzaq olmasını bəyəndim. Gəlişigözəl, qafiyə havasına uzanan yazısı yoxdur. Təqdim olunan yazıların, demək olar ki, hamısında irili-xırdalı bir poetik yük, bədii maya var". Bir gənc şairin yaradıcııq yolunun başlanğıcında tanınmış Xalq şairinin işıqlı ön sözü gəlirsə, bunu doğrultmaq gərək, tərifdən baş gicəllənməsin.
Elvin İntiqamoğlu II Qarabağ müharibəsinin iştirakçısıdır. Qazi şairdir. Onun "Müharibə xatirələri" silsiləsindən olan şeirlərində müharibə ab-havası yetərincədir. Müharibədə təkcə döyüşmək, qan tökmək azdır, onu içində yaşatmalısan – bu yaşantılar Elvini mühasirə zamanı əsgərlərin keçirdiyi hisslərə sarı aparır, bir şəhid anasının "çətindi övlad qəmi"nə, səssiz harayına doğru səsləyir, bir şəhid qızının atasızlıq həsrətinə qovuşdurur, talğım komandiri baş leytenant Emil Əsədovun qəhrəmanlıq və şəhidlik səhnəsinə çəkir, ümidin, inamın heç bir vaxt sönməyəcəyinə inandırır. Hətta yağış suyunda da bir məna axtarır:
Axır düşmənin qanı
Vətənin can yerinə –
Yerdən narahat olma,
sən su tök göydən yerə
qan yerinə.
Həsrətində olduğumuz torpağı
daddırdı bizə
palçıqlı gölməçələr,
Qoyma yağış dayansın
Qarabağ suyunu içənə qədər.
Ümumiyyətlə, Elvin İntiqamoğlunun müharibə ilə bağlı seçdiyi detallar uğurludur. Məsələn; "Bəlkə, uzaq dəhlizlərdən görünmür Laçın pəncərələri-Havası çatmır Vətənin boğulur, açın pəncərələri". O, müharibədə odlar-alovlar ilə üzləşib, şəhidlik nədir ("Şəhid rəsmi gördüm, ürək dözmədi dərdə, ağladım") və bunun ağrısı ürəyi necə parçalayır, hamımızdan yaxşı bilir.
Elvin İntiqamoğlu əksər şeirlərində yaşının bu çağınacan həyatda, gerçəklikdə müşahidə etdiyi hadisələri, insanlarla münasibətlərini, dünya və cəmiyyət haqqında düşündüklərini bizə çatdırır. Hiss edirsən ki, qarşımızda həyatı dərindən duymağa çan atan bir cavan şair əyləşib. Çünki "Həyat haradadırsa, poeziya da oradadır" (V.Q.Belinski). O, müəllimi olan Həyat qarşısında imtahan verir. Birinci sual Dünya və İnsan haqqındadır.
Təsəvvür et:
Yer qatı var, göy qatı var,
insan adlı canlı yoxdu…
Təsəvvür et:
dünyanı yoxdan yaradan Tanrı var,
palçıqdan insan düzəltmək istəyən Tanrı yoxdu.
Təsəvvür et:
nə savab var, nə günah var,
nə cənnət var, nə cəhənnəm.
Təsəvvür et:
insan əliylə qurulan bina yoxdu,
insan əliylə salınan meşə yoxdu.
Sənət yoxdu, peşə yoxdu…
dünya çılpaqdı,
ona paltar tikən yoxdu…
Boş dünyanın boşluqların
karandaşla çəkən yoxdu.
Elvinin dünya ilə bağlı digər şeirləri də var, bu şeirlərdə özü üçün müəyyənləşdirmək istədiyi bir çox mətləblərə toxunur. Təbii ki, İntiqamoğlu dünya haqqında söz açanda məlum stereotiplərdən uzaqlaşmağa çalışır, dünyanın əbədiliyindən, vəfasızlığından, gəldi-gedərliyindən, ya da dünyanı bürüyən faciələrdən danışmağı sevmir, Dünya gedişatına İnsan münasibətini ortaya qoyur. "Dünya yüz don geyinir, zəif, güclü bilinir" – bu şeirdə təzadlar bir-birini əvəz edir "Qışla dağ yola getmir, başında qar var axı. Necə xoşbəxt yaşayaq, mərdiməzar var axı". Bu təzadlar silsiləsi onun başqa şeirlərində də diqqəti cəlb edir: "Asılqan" şeirində: "Aman Allah, dünya yaman dəyişib, söyüd ağacından bəhər asılıb". "Göydən yerə dərd tökülür, deyəsən, ekvator xəttindən kədər asılıb"."Dünya intihara çoxdan əl atıb, göyün dirəyindən kəmər asılıb". XXI əsrdir və biz dünyanın necə çalxalandığını, lokal və qlobal müharibələrin necə baş verdiyini görmürükmü, eşitmirikmi? Ona görə də, ilk növbədə, dünyanı dərk etməyə çalışırıq və haqqında söz açdığım İntiqamoğlu da bu yolda ilk addımlarını atır.
Elvin İntiqamoğlu ilk şeir kitabına "On dördüncü qızılgül" adını seçib. Bəlkə, bu səbəbdən Sabir müəllim də "Poeziya təkcə qızılgüllərdən ibarət deyil" adlı ön söz yazıb kitaba. Amma mən Elvin İntiqamoğlunun bütün şeirlərini diqqətlə oxudum. Bəs hanı qızılgüllər?
Şair qızılgül əkir
sözün bitdiyi yerə.
İntiqamoğlu yalnız bir şeirində ("Gül kimi sevmək"):
Düzün qızılgülləri,
solanların verin mənə –
təravətli olanların yar aparsın,
qalanların verin mənə.
Qızılgüllərin "gül qoxuyan zamanları" arzulayır İntiqamoğlu. Təbii ki, bu da o qızılgülər kimi solub-saralmış xatirələrlə bağlıdır. "Nişanlı qız" şeirində yazır: "Bizdən başqa sevənlər xoşbəxt olub, bilirəm, On dördüncü qızılgül çoxdan solub, bilirəm".
Bu qızılgül söhbətini bir qədər başqa səmtə yönəltmək istəyirəm. Şah İsmayıl Xətai deyirdi: "Qızılgül, bağü-bustanım, nə dersən, fəda olsun sənə canım, nə dersən?". Şair sevdiyi qızı qızılgülə bənzədir. Və bizim klassik poeziyadan üzü bəri qızılgül gözəllik və həyat rəmzi kimi mənalanıb. Əlbəttə, dünyamız və gerçək həyatımız ziddiyyətlər içində keçir. Bəlkə, həyat və gözəllik simvolu olan qızılgüllər unudulur? Amma yox! Gözləyirəm ki, Elvin İntiqamoğlu da yeni şeirlərində "Sözün bitdiyi yerə" öz qızılgüllərini əksin. Həyatımız təkcə ağrılardan, qəmlərdən ibarət deyil.
Mənə ən çox xoş gələn Elvinin "Təkbəndli şeirlər"i oldu.Bu şeirlərdə Elvin üç-dörd, beş-altı misrada az sözlə dərinliyə – fikrin lakonik və mənalı ifadəsinə can atır və buna nail olur. Baxın:
Hamını ağladan dünya
özü də
haçansa ağlayacaq –
səs salmayın, dünya yatır,
oyansa, ağlayacaq.
Elvin İntiqamoğluna nə arzulaya bilərəm? Axtarışlarında daha inadlı olsun, şeir dilindəki saflığı qoruyub saxlasın, şeirlərində işığa, bu dünyanın gözəlliklərinə şövqü, meyli artsın, çoxalsın, ruhunu, qəlbini əzən dərdlərə pessimist yox, nikbin nəzərlərlə boylansın, axı dərdin özünün də gözəlliyi olur. Onun "Yol gəlmişəm" adlı proqram səciyyəli bir şeiri var, bu yollçuluğunu-daş yol-torpaq yol, daha geniş mənada Vətən yol, Cahan yol əbədi səyahətini yeni poetik çalarlarla davam etdirsin.
Gülay Tahirlinin "14 Arel şeiri".
İndi alma çiçəklərinin
Budaqlardan boylanan vaxtıdır.
Yarpızlar nanələrə göz vurur
arxın kənarlarından,
Küləklər yerindən qopara bilmir nərgizləri,
Həyətin gül-çiçək qoxuyan vaxtıdır .
Yazılan hər bir şeirin başlanğıcı həmin şeirin sonrakı bəndləri üçün hazırlıq mərhələsi sayılır. Daha doğrusu, bu başlanğıc şeirin mahiyyətini, şairin demək istədiyi fikrin özəyini təşkil edir. Gülayın şeiri təbiətin ən gözəl fəsli olan baharın "gül-çiçək qoxuyan" vaxtını təsvirlə başlayır. Amma sonra… şeirə bir hüzn – bir qəmli nostalgiya dalğaları axır. 14 aprel günü bir insanın adi ölüm günümü, ya Vətənin azadlığı uğrunda həlak olan Atanın şəhidliyimi? Hər halda, şeirdə buna işarə olmasa da, bunun rəmzi məna daşıdığını qəbul edək. Gülay Tahirli bütün şeir boyu ata yoxluğundan doğan kədəri təbiətin gözəlliyi fonunda təsvir edir, ata yoxdur, amma alça çiçəkləri, qırx ilin əzəmətli armud ağacı gülümsəyir. Bu kontrast-yoxluqla varlığın bir ürəkdə solmayan, unudulmayan xatirələri kimi yaşayır. Gülay Tahirlinin yeni şeirlərini gözləyirəm…
Elvin Nurinin çiçək sevgiləri.
"Uduz" jurnalı 2021-ci il saylarının birində ənənəvi "Debüt" rubrikasında Elvin Nurinin yeddi şeirini oxucuara təqdim etib. Elə "Ulduz"dakı ilk şeirlərindən onun istedadına bələd oldum. Elvin bu yeddi şeirlə "gəlmişəm, məni də oxuyun" – deyir. Gənc şairlərin əksəriyyəti sevgi şeirləri yazır, Elvin də həmçinin. Amma onun "Ulduz"dakı tək bircə sevgi şeiri bu əbədi mövzuda mənə təzə göründü. Təzəliyi ondadır ki, bu şeirdə sevgiliyə xitabən nə yalvarış var, nə də onun gözəlliyinin tərənnümü. Sevən aşiq bu müqəddəs yolu necə başa vuracağı barədə düşünür:
Çəmənlərə elə-belə gəlmirəm,
Çiçək-çiçək sevəcəyəm mən səni.
Hər ürəkdə eşqi bir az öyrənib
Ürək-ürək sevəcəyəm mən səni.
Məhəbbəti ünvanına yetirsin,
Həsrətimi həmişəlik itirsin,
Əsən yelə deyim, səni gətirsin,
Külək-külək sevəcəyəm mən səni.
Hər sözündə ünvanına daş atıb,
Bu eşq məni dəli edib, yaşadıb,
Hər mələyi bir az sənə oxşadıb.
Mələk-mələk sevəcəyəm mən səni.
Şeirdəki "sevəcəyəm mən səni" ifadəsi, məncə, yaşanılacaq gözəl bir sevginin hələ başlanğıcıdır. Bunu həm and kimi, həm də etiraf kimi qəbul edək. Əliağa Vahid demişkən: "Sevmək, sevilmək yaxşıdır bu dünyada".
Elvin Nuri özünün "Mənim ömrüm" şeirində bu şair ömrünü küəklərin, çiçəklərin, bulaqların, söyüdlərin, buludların, zirvələrin, dənizlərin ömrünə bənzədir. Çox gözəl! Hər bir insan ömrünü təbiətin müxtəlif atributlarına bənzətmək olar və Azərbaycan şeirində buna dəfələrlə təsadüf etmişik. Elvinin şeirində bütün bunlar ardıcıllıqla sadalanır, digər bənzətmələr də diqqətdən yayınmır, şair ömrü uşaqların, babaların, nəvələrin ömrünə də qiyas olunur. Beləliklə, bir şair ömrü onun düşüncəsində çoxçalarlı məna kəsb edir. Amma şeirin ikinci hissəsində bu real düşüncəni xəyali bir "gediş" əvəz edir. Elvin deyir: "İnsan ömrü yaşayıram hələ ki, Ruhum uçsa, quş ömrü də olacaq. Yaşadığım şair ömrü öləndə Mənim ömrüm daş ömrü də olacaq. Yaratdığı əsərlərdə, görürəm Sənətkara, deyirlər də, yaşayar". Və sonda: "Dünya, sənə qalmıram, bax, gedirəm, Mənim ömrüm əbədiyyət yolçusu". Cavan bir şairin öz gələcəyi barədə indidən belə düşünməsinə, olumu və ölümü barədə öncəgörməsinə haqq qazandıraqmı? Əlbəttə, hər hansı bir şair öz xəyalının qanadlarında gələcəyə uça bilər, amma bunun üçün mənəvi bir stimul olmalıdır.
Elvin Nurinin "Ölməli havadır", "Ölüb gəlib" şeirlərində ölümdən danışılır, amma qətiyyən pessimizm havası duyulmur bu şeirlərdə. Günəşin güldüyü bir vaxtda lirik qəhrəmanın ovqatı havaya köklənir, onun qəlbi ilə hava arasında bir sinoptik uyarlığı yaranır:
Nə ağlarsan, Günəş gülür,
Deyib-gülməli havadır.
Xoşbəxtliyi qarşılayıb
Dərdi silməli havadır.
Günəşin güldüyü bu hava ilə dərdini unutmaq istəyən lirik qəhrəman dərdə, içindəki qəmə, gözlərindəki yaşa "unut getsin" deyir.
Unut getsin dərdi-qəmi,
Ömür-dəniz, arzu-gəmi.
Bəlkə, yetsin vüsal dəmi?
Nə toy çalmalı havadır.
Hər şeyin öz yerini bil,
Dostun dərdi-sərini bil,
Bu sevginin qədrini bil,
Qədir bilməli havadır.
Ürəkdən gülmək istəyir,
Hər şeyi bilmək istəyir,
Adam lap ölmək istəyir,
Əcəb ölməli havadır…
Sonuncu – "Əcəb ölməli havadır" misrası belə lirik qəhrəmanın dərdə üstün gəlməsini kölgələmir. El içində belə ifadə işlənir və bu qətiyyən bədbinliyə dəlalət eləmir.
Elvin Nurinin "Bu gecə yuxuma girmişdi Şuşa", "Əziz Şuşa, biz qayıtdıq" şeirəri isə qələbə sevincimizin gənc bir şairdə doğurduğu yüksək əhvali-ruhiyyənin ifadəsidir. Zəlimxan Yaqubun "Bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı, Xan ağlayırdı" şeirindəki əhvali-ruhiyyədən fərqli olaraq, Elvin əsir Şuşadan deyil, qalib Şuşadan söz açır:
Bu gecə yuxuma girmişdi Şuşa,
Başında nə duman var idi, nə çən.
Allah, bundan gözəl gün olarmı heç? !
Oyanıb gördüm ki, Şuşadayam mən.
Asılmış zirvədən qanadım qoşa,
Şuşada yuxuma girmişdi Şuşa…
Arzum budur ki, Elvin "Bir zaman həsrətə tutulmuşdusa, İndi dörd bir yanı al, gülşən idi" çiçək qoxulu misralarını çiçək sevgilərilə bütün Qarabağa səpsin…
Valeh Qoca – Kəsilmiş tut ağacının ağrısı ilə yaşayan şair.
Şəxsən tanımadığım, heç üzünü də görmədiyim (bunun elə bir əhəmiyyəti yoxdur) Valeh Qocanın "Ulduz"un 2022-ci il, may sayında "Dərgidə kitab" bölməsində on üç şeirini oxudum. Ədəbiyyata istedadlı bir gənc şairin gəlişini hiss etdim. Şeirlərindəki dil, ifadə səlisliyi, fikirlə ifadə tərzinin vəhdəti bir çox şeirlərində diqqəti cəlb edən başlıca amildir. Nədən yazırsan-yaz, amma necə yazmaq əsas şərtdir. Biz ən çox hansı şeirləri sevirik? Çox səbəblər göstərə bilərik. Biri budur ki, şeir gərək fikrin obrazlı ifadəsi ilə diqqəti cəlb eləsin. V.Q. Belinski yazırdı: "Şair olmaq – indi o demək deyil ki, quş kimi melodik səslər çıxarıb civildəyəsən, şair olmaq – poetik obrazlarla düşünmək deməkdir". Valeh Qoca "Kəsilmiş tut ağacı" şeirində məhz obrazlı düşüncə tərzini ortaya qoyur. O, yaşıl tut ağacının kəsilməsini hüznlə xatırlayır, bu yoxluğu – bir ağacın qırılıb odun-oduncağa çevrilməsini təkcə bioloji və maddi fəlakət kimi deyil, həm də insani fəlakət kimi düşünür. Baxın:
Sən neçə sərçənin evi-eşiyi,
Neçə gül balanın pənah yeriydin.
Daş atıb qoynunda yuva dağıdan
Neçə Allahsızın günah yeriydin.
Hər səhər havaya təmizlik qatıb,
Hər gecə qəlbimi dilləndirərdin.
Qoşa budağını yelləncək edib,
Körpə qızlarımı yelləndirərdin.
Biz sənin ömrünü alıb əlindən,
Qızındıq oduna, ömür eylədik.
Sən bizi istidən qorudun, ancaq
Biz səni yandırıb kömür eylədik.
Valeh Qocanın "Gedirəm" şeiri də bu on üç şeirin içində seçilir. Öz doğma yurd-yuvasından ayrılan, uşaqlığını, gəncliyini orada keçirməyib həsrətlər içində yaşayan yüzlərlə otuz yaşlıların kədəri ilk dəfə bu şeirdə öz əksini tapır. Valeh Qoca işğaldan azad olunmuş kəndinə gedir, çünki "Yol gözləyir talan evim, aynası daş olan evim, üşüyür lüt qalan evim, ocaq olmağa gedirəm". Və sonda: İlahi, ata yaşımda Uşaq olmağa gedirəm". Məncə, bu şeir Şuşa ilinin poeziyasında ümidsizliyə son qoyan, böyük qayıdışı əks etdirən şeirlərdən biridir.
Valeh Qocanın "Saat şəkil", "Darıxa", "Qızım elə bilir, atalar ölmür", "Kölgələr sevdiyi yerə düşərlər", "Səhərim" şeirlərində poeziyamızın yaşarı ənənələri ilə müasir şeirin çalarları birləşir. Yəni Valeh Qoca "köhnə havalarda" təzə notlar səsləndirə bilir. Məsələn, bugünkü gənc şairlərin şeirlərində "darıxmaq" sözünə tez-tez rast gəlirik. Onlar həm özləri darıxırlar, həm də bu darıxmağı az qala rəmzə çevirirlər. Valehin darıxmağı isə rəmzdən uzaqdı, bir insanın darıxmaq təşnəsini ifadə eləmir, amma darıxmağa yeni məna verməyə çalışır. "Ömründə bir dənə gecən olmaya, Səninçün ay ötə, ulduz darıxa… Bir tək sən olasan, bir də bu dünya, Qoyasan dünyanı yalqız darıxa… Bir qızın qəlbini dəftər edəsən, Bir az qələminçün kağız darıxa". "Saat şəkli" şeirində Valeh Qoca divardan asılmış, başının üstündə "oxuyan" saatın yerinə sevdiyi qızın şəklini asır. Çünki bu saat gedənləri qaytara bilmir, hicran – ayrılıq yaradıb, qoy onun yerində qızın şəkli asılsın, çünki "Mənim öz zamanım öz nəfəsimdir". Əlbəttə, bu "dəyişmə" onun ürəyincədir – qoy bütün ömrü boyu, saatın yerində asılan o şəklə doyunca baxsın. Məsələ bunda deyil, şeirdə müəllif fikri inandırıcıdır, çünki burada hər misra o fikri bizə çatdıra bilir. Valeh Qoca danışıq qüsurlu lal bir gəncin ürəyindən keçənləri də belə inandırıcılıqla ifadə edə bilib.
Mən də inanıram ki, Valeh Qoca şeirdə YÜKSƏLİŞ dövrünə yetəcək, axtarışları yeni poetik tapıntılarla diqqəti cəlb edəcək.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)