
Super User
Hadise Bakıda konsert verəcək
Mayın 7-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Hadise konsert proqramı ilə çıxış edəcək.
Populyar mahnıları, şouları və səhnə performansı ilə insanların rəğbətini qazanan müğənni repertuarındakı məşhur mahnılarla, habelə yeni bəstələrlə pərəstişkarları qarşısına çıxacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Daşkənddə “Heydər Əliyevin qələbəsi” adlı kitabın təqdimat mərasimi keçirilib
Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin tanınmış yazıçı və publisisti İsmat Kuçiyevin rus dilində çap olunan “Heydər Əliyevin qələbəsi” adlı kitabının Daşkənddə təqdimat mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, tədbir iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.
Özbəkistan Yazıçılar İttifaqında davam edən tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, ölkənın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər, tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları Özbəkistan Yazıçılar İttifaqının binasının foyesində Heydər Əliyevə həsr olunmuş kitablardan və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşrlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş qısametrajlı videoçarx nümayiş olunub.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun moderatorluğu ilə davam edən tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanmasındakı rolunu, təzyiqlərə baxmayaraq, milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində müstəsna xidmətlərini diqqətə çatdırıb. O, Heydər Əliyevin ədəbiyyata, sənətə böyük qiymət verdiyini qeyd edərək, daim ədəbiyyat adamlarına qayğı göstərdiyini vurğulayıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb və onun xalqımızın, dövlətçiliyimizin çətin məqamlarında xalqın tələbi ilə hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən söhbət açan səfir məhz Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında qüdrətli dövlətə çevrildiyini qeyd edib. Səfir Azərbaycan xalqının öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu və Ulu Öndərin siyasətinin bu gün də uğurla davam etdiyini vurğulayıb.
Çıxışına davam edən səfir, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə Azərbaycanın inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlərin heç zaman unudulmayacağını qeyd edib.
Özbəkistanlı alim və tərcüməçi Babaxan Məhəmməd Şərif Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda ölkə iqtisadiyyatına, milli və mənəvi dəyərlərə, adət-ənənələrə verdiyi önəmindən söz açıb, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin böyük rolu olduğunu deyib, onun hakimiyyətdə olduğu müddətdə xalqı üçün gördüyü işlərdən danışıb.
Çıxış edən “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvü İsrail Şamsimuxammedov, jurnalist Boris Babayev, Özbəkistan Yazıçılar İttifaqının üzvü Sabir Kurbanov və başqaları Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər.
Kitabın müəllifi İsmat Kuçiyev Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayaraq onun gördüyü əvəzolunmaz işlərdən danışıb. O, 1990-cı illərdə Azərbaycanın keçdiyi çətin zamanlardan söhbət açaraq məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib.
O, Özbəkistanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb, kitab üzərindəki işindən bəhs edib.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Habil Yaşar oxucularla görüşüb
26 aprel tarixində "Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxanasında" gənc yazar Habil Yaşarın oxucularla görüşü keçirilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə kitabxanın direktoru Nərmin Xəlilova, Ramilə Əsədi, gənc şairə Ülviyyə Əbülfəzqızı, 189 və 190 saylı tam orta məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.
Habil Yaşar yeni işıq üzü görən “Yeddinci ayın yeddisi” romanı barədə toplaşanlara məlumat vermiş, onların suallarını cavablandırmışdır.
Sonda müəllif təşkilatçılara öz dərin təşəkkürünü bildirmiş, hamıya kitab hədiyyəsi etmişdir.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Mədəniyyətlə bağlı lətifələrin aprel reytinqi
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu sizlərin aprel ayında ən çox dodaqlarınızı qaçıran lətifələrin reytinqini hazırlayıb. Bu gün sizlərə 5-ci yerdə qərarlaşan lətifə təqdim olunur.
5-ci yer
Məşhur italiyalı tenor Enriko Karuzo Amerikaya qastrol səfərində olarkən bir kənddən digərinə yol alanda avtomobili xarab olur. Sürücü avtomobili təmir edəndə Karuzo yaxınlıqdakı fermer təsərrüfatına baş çəkir. Fermerlə həyat yoldaşı onu yüksək səviyyədə qarşılayırlar, çaya qonaq edirlər, maraqlı söhbətləri alınır.
Karuzo ev sahiblərinin onu tanıdıqlarını zənn edir, amma çıxıb gedəndə onu yola salan fermer belə bir sual verir:
-Bağışlayın, bizimlə bu xoş ünsiyyət quran adamın kimliyini bilmək olarmı?
Pərt olan tenor söyləyir:
-Mən Karuzoyam. Tanımadız ki məni?
Ev sahibi sevincək halda az qalır onun üstünə atılsın.
-Necə yəni tanımadıq? Biz yoldaşımla sizin haqqınızda o qədər oxumuşuq ki, - söyləyib həyat yoldaşını haraylayır:
-Monika, bu bizim sevdiyimiz səyyah Robinzon Kruzo imiş.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Moskvada Rusiya-Azərbaycan poeziya və musiqi gecəsi keçirilib
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə Rusiya-Azərbaycan poeziya və musiqi gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, tədbir Moskvada, A.S.Puşkin adına Dövlət Muzeyində keçirilib. Tədbir çərçivəsində Moskvanın ali məktəblərinin tələbələri Azərbaycan və rus ədəbiyyatı nümayəndələrinin yaradıcılığı ilə tanış olublar.
RAGB-nin sədri Ceyhun Hüseynov AzərTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, tədbirin keçirildiyi yer təsadüfən seçilməyib. O deyib: “Bir neçə il bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin RAGB-nin fəxri sədri Leyla xanım Əliyevanı Puşkin medalı ilə təltif edib. Əlbəttə ki, Aleksandr Sergeyeviç Puşkin rus xalqının dahi şairidir. Təşkilatımızın əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək, eləcə də Azərbaycanın mədəni dəyərlərini, tarixi irsini Rusiya ictimaiyyətinə çatdırmaqdır”.
Tədbir çərçivəsində tələbələrin ifasında N.Gəncəvi, A.Puşkin, S.Yesenin, M.Lermontov, S.Vurğun, R.Rojdestvenski, F.Əmirov, Ü.Hacıbəyli, S.V.Raxmaninov və başqalarının əsərləri səsləndirilib.
S.Yesenin adına Moskva Muzeyinin yaradıcısı və direktoru Svetlana Şetrakova şairin Bakı səfəri ilə bağlı hadisələrdən, onun Bakı həyatından, eləcə də Azərbaycanın ədəbi həyatına Yesenin şəxsiyyətinin və yaradıcılığının təsirindən danışıb.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Kreativ sürücü, yaxud xoşbəxtlik sadəlikdədir
“Ədəbiyyat və incəsənət” portalı avtomobillərinə ən orijinal mətn yazan sürücüləri müəyyənləşdirməkdədir.
Bu yük avtomobili ilə əməkdaşımız Ziya Bünyadov prospektində rastlaşıb.
Avtomobilin bortuna yazılan “Al “Ford”un dizelini, sev köyün gözəlini” sözləri, düşünürük ki, orijinaldır, kreativdir.
Əgər kimsə anlamaqda çətinlik çəkdisə anladaq.
Adətən, avtomobilə benzin tökmək dizel tökməkdən daha prestijlidir, şəhərli qızı sevmək isə kəndçi (köylü) qızı sevməkdən üstündür. Bu qaydanı pozaq deyir
sürücümüz.
Və yaxşı da deyir. Axı insanlar həmişə zahiri parıltı dalınca qaçırlar. Halbuki, bəzən xoşbəxtliklər sadəliklərin içində gizlənir.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Bakı Musiqi Akademiyasında interaktiv şou – “Bir sehrim var”
Bu gün Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında Bakıda ilk dəfə dünyaca məşhur “The illusionist” şousunun yaradıcısı illüziyaçı Enver Ertaşın "Bir sehrim var" adlı möhtəşəm, interaktiv, yeni ailəvi şou proqramı təqdim ediləcək.
Sehirli, mistik, əyləncəli, ibrətamiz və təxəyyülün sərhədlərinin aşıldığı şou proqramda uşaqların interaktiv şounun bir hissəsi olmaqla yanaşı, həm də əylənmək imkanları olacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Sony World Photography Awards 2023-ün memarlıq, yaradıcılıq və sənədli film nominasiyalarının qalibləri
Bu günlərdə İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.
İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi.
"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura olmuşdu.
Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür.
Bunlar barədə də məlumat almışdınız.
Çindən Fan Li, Cənubi Afrikadan Li-Ann Olvaj və Böyük Britaniyadan Hugh Kinsella Cunningham müvafiq olaraq "Memarlıq", "yaradıcılıq" və "sənədli film" nominasiyalarında qalib olublar.
Şəkildə siz Sony World Photography Awards 2023-ün mükafatçısı Fan Linin ağ-qara “köhnə zamanlar” silsiləsini (qapaq və 1-ci şəkil), habelə Li-Ann Olvajın “Afrika gözəli” fotosunu görürsünüz.
Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Teatrın may repertuarını təqdim edirik.
2 may- “Şirinlər”
3, 4 may – “Mauqli”
5 may – “Çippollino”,
6 may - “Uzuncorab Peppi”, “Sərgüzəşti- vəziri xani-Lənkəran”
7 may – “Balaca və damda yaşayan Karlson”, “Mən gəldim qızlar”
12 may – “İstədiyim kimi yaşamışam”
13 may- “Möcüzəli pillələr”, “Qağayı”
14 may- “Danışan gəlincik”, “Ana”
20 may – Kod adı “V.X.Y”, “Şən Elf və cadugər”
27, 28 may – “Balaca kişilər” (yeni tamaşa)
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Müğənni Floranın həkim Flora olduğu dönəmlər
“Ədəbiyyat və incəsənət” portalı Cavid Zeynallının sevilən müğənnimiz, Xalq artisti Flora Kərimova barədə bir qeydini diqqətinizə çatdırır.
1973-cü ildə Flora Kərimova Əzizbəyov adına xəstəxanada təcrübəçi həkim işləyirmiş.
Aprelin 20-də xəstəxanaya ağır vəziyyətdə hamilə qadın gətirirlər. Əməliyyat çətin keçir, deyirlər ki, uşaq ölü doğulub.
Uşağın anası o günləri belə xatırlayır: "Həkimlərin içində gözəl bir qız var idi. Həmişə üzü gülürdü. Sonra bildim ki, adı Floradır. Şlank gətirdi. Bir ucunu yeritdi uşağın ağ ciyərinə. Suyu çəkib tökdü yerə. Bir az keçəndən sonra uşaq ağlamağa başladı. O, xilas olmuşdu.”
Flora Kərimovanın xilas etdiyi həmin uşaq bilirsiniz kim olub?
Sonralar Azərbaycanın Milli Qəhramanı olan Samir Xasıyev.
Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə könüllü cəbhəyə yollanıb. Füzuli, Ağdam, Ağdərə və Tərtərdə döyüşüb.
1993-cü ildə qəhrəmanlığına görə müdafiə naziri şəxsən onun qoluna saat bağlayıb. Həmin il Azərbaycanda 5 müdafiə naziri dəyişib. Dəqiq hansı olub, bilmirəm.
Tərtərdə əsgərlərimizi mühasirədən çıxardığına görə Samirə 10 min manat pul mükafatı və leytenant rütbəsi verilib.
1994-cü ildə Gəncə qiyamına qarşı keçirilən əməliyyatlarda Samir fəal iştirak edib.
1995-ci il martın 17-də Bakıda dövlət çevrilişinin qarşısını alarkən 21 yaşında qəhrəmancasına Şəhid olub.
Elə həmin il prezident Heydər Əliyevin fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
Samirin işıqlı və əziz xatirəsinə ehtiramla!
Böyük sənətkarımız Flora xanıma uzun və sağlam ömür arzusu ilə.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)