Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Dərin düşüncəli gəncləri görəndə adamın ürəyi dağa dönür. Sevinirsən ki, gələcəyimiz etibarlı əllərdədir. Sovet vaxtı biz Rusiyada təhsil alan gənclərimizə həsəd aparırdıqsa, indi bu həsədin ünvanı Avropada, Amerikada təhsil alan gənclərdir. Bu gün sizə onlardan biri haqqında söhbət etmək istəyirəm. Ülkər Kərimli- bu adı yaxşı yadınızda saxlayın, zaman gələcək ki, ölkədə ən çox hallanan adlardan biri olacaq. Uğurlarına sevinəcəklər…

 

 1998-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqda bütün qızcığazlar kimi vaxtını yumşaq oyuncaqlar və Barbi gəlinciklərilə yanaşı, kitab, jurnal və rəngləmə dəftərləri ilə keçirib. Artıq dörd yaşında Azərbaycan və Rus dillərində sərbəst oxumağı, habelə 100-ə qədər saymağı öyrənib. Elə o vaxtdan da həyat ona ağ-qara yox, bütün rənglərilə görünməyə başlayıb. Oxumağı və sadə toplama-çıxma əməllərini bildiyindən beş yaşında məktəbə getməsi üçün valideynləri Təhsil Nazirliyinə müraciət ediblər və onun biliyini sübut etmək üçün müraciət etsələr də, nazirlikdən bunun mümkün olmadığını bildiriblər… 

 

Məktəbə gedəndən sonra isə dərslərini əla qiymətlərlə oxuyub. Bakı şəhəri üzrə intellektual yarışmalarda iştirak edərək ingilis dili olimpiadasında 2012, 2013-cü illərdə birinci yerə layiq görülüb. İngilis dilinə olan marağı onu çox kiçik yaşlarından bu dili mənimsəməyə həvəsləndirib. 

12 yaşında, boş vaxtları olanda internet üzərindən dünyanın dörd bir yanından yaşıdları ilə əlaqə qurub, onlarla ingilis dilində ünsiyyətdə olur. Bu əlaqələr ona hələ də davam edən dostluqlar qazandırıb. İndi də həmin dostlarından əcnəbi dillərin incəliklərini öyrənir, suallar verib cavablar alır. Həmin dillər arasında alman, fransız, portuqal, hind-ispan, italyan dilləri də var. Zaman keçdikcə internet bloqları, saytları, “YouTube” videoları sayəsində müxtəlif dil biliklərini artırır və təkmilləşir...

 

Deyir ki,- “2013-cü ilin yay tətilində hind dilini 2 ay ərzində söhbət aparacaq və oxuyub anlayacaq dərəcədə sərbəst öyrəndim. Bu gün Azərbaycan, ingilis, rus, fransız, alman, türk dillərini səlis, portuqal, ispan, hind-urdu dillərini orta səviyyədə bilirəm. Müxtəlif dilləri öyrəndikcə onların quruluşu, məntiqini dərk etmək, bənzərlik və fərqliliklərini dərk etməkdən çox zövq alıram. Lakin ən çox sevdiyim, ən doğma, rahat və şirin ana dilim Azərbaycan dilidir...”

 

 Universitetdə ingilis dilində təhsil alıb. 2015-ci ildə 674 balla ADA Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinə qəbul olmub, 2019-cu ildə isə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Almaniya Federativ Respublikasının “DAAD” təqaüdünü qazanaraq, Humbolt Universiteti, Köln Universiteti və Höte universitətlərindən magistraturaya qəbul məktubları alıb. 2019-cu il 30 avqust tarixində seçdiyi İohann Volfqanq Höte adına Frankfurt Universitətinə, magistratura təhsili almağa yollanıb. 2021-ci ildə oranın “Dünya İqtisadiyyatı və İqtisadi Siyasət” magistratura proqramını əla qiymətlərlə bitirib, Frankfurtda Almaniya Birjasının klirinq şöbəsində işləməyə başlayıb...

 

“Boş vaxtlarımda kinoya getməyi, film izləməyi, musiqi dinləməyi, rəqs etməyi sevirəm. Ən çox sevdiyim məşğuliyyət səyahət etmək, müxtəlif mədəniyyətlər və tarix haqqında öyrənmək, getdiyim yerlərdə təbiəti, arxitekturanı seyr etmək, turistlərlə ünsiyyət qurmaq, yerli insanları - cəmiyyəti, onların etnometodlarını müşahidə etmək, mətbəxlərini dadmaq, onlarla öz dillərində danışıb “dil tapmaqdır.””- söyləyir.

 

 Dəqiqliyi sevir. Səyahətlərnin marşurutunu hazırlamaq, trayektoriyalarını qurmaq, eyni zamanda səfər zamanı “spontanlığa” da açıq olmaq onun üçün hər zaman maraqlı, zəngin təcrübəli bir sınaq olur. Bu həm də güclü və zəif nöqtələrini öyrənməyə, sərbəst bacarıqlarının inkişaf etməsinə və işə düşməsinə vəsilə olur...

 

Deyir ki,- “Fransa, İtaliya başda olmaqla bir çox Avropa ölkələrində, BƏƏ-də, ABŞ-da, Braziliyada ümumilikdə sayı 40-dan çox şəhərlərə səfər etmişəm. Dənizi çox sevirəm: İtaliyanın Siciliya, Sardiniya, İskiya adalarına, Braziliyanın İtaparika, İlya dos Frades adalarına gəmi ilə səyahətlər etmişəm. Arzum budur ki, insanlar hamımızın ortaq evi olan Yer kürəsinin qayğısına qalsınlar, onu qorusunlar, plastikdən istifadəni azaltsınlar, mümkünsə etməsinlər, yenidən istifadəni çoxaltsınlar, təkrar emal etsinlər, tullantıları azaltsınlar. Yalnız bu yollarla çayları, gölləri, dənizləri, okeanı, meşələri, çölləri, torpağı qoruya bilərik. Yer kürəsini həm öz sağlamlığımız, həm də gələcək nəsillər üçün daha da yaşamalı YER edə bilərik. Hər kəs istər ki, evi təmiz, dayanıqlı olsun və bunun məsuliyyətini özündə görür. Elə isə hamımızın evi olduğu Yeri də təmiz və dayanıqlı etmək məsuliyyətindən boyun qaçırmamalıyıq.”

 

Mütərəqqi düşüncəli gəncləri görəndə adam sevinir. Sevinir ki, cəmiyyətimiz sovet düşüncə tərzindən çox yaxın zamanlarda qurtula biləcək. Hələ də qalmaqda olan mövhumatçılıq və bəzi ictimai, sosial problemlərdən Azərbaycanı məhz onlar xilas edəcəklər...

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

6. "Batan Günəş" ("L'Eclisse", 1962), Mikelancelo Antonioni

 

1962-ci ildə Kann Beynəlxalq Kinofestivalında Münsiflər Heyətinin Xüsusi Mükafatını alan "Batan Günəş" filmində tərcüməçilik edən Vittoriya nişanlısından və şəhər həyatından sıxılıb anası ilə yaşamağa gedir. Burada o, birja brokeri Piero ilə tanış olur. Nişanlısından çox fərqli olan bu şəxslə quracağı münasibət, bəlkə də, filmi Vittoriyanın hekayəsindən sevgi və yalnızlığı sorğulayan hekayəyə çevirəcək.

Monika Vitti, Alen Delon və Fransisko Rabal kimi üç nəhəng aktyoru bir yerə yığan filmin rejissoru usta rejissor Mikelancelo Antonionidir.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Cümə axşamı, 07 Mart 2024 10:00

QISA FİKİRLƏR XƏZİNƏSİndə Namiq Kamal

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Namiq Kamalın fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Sən gedərsən, yenə getməz şərəfin,

A Vətən, Kəbəmidir hər tərəfin?

 

***

Nə əfsunkar imişsən, ah, ey didari- hürriyyət,

Əsiri- eşqin olduq gərçi, qurtulduq səadətdən.

 

***

Usanmaz özünü insan bilənlər xəlqə xidmətdən.

 

***

Vücudun kim xəmiri mayəsi xaki vətəndəndir,

Nə qəm, rahi vətəndə xak olursa cövrü- möhnətdən.

 

***

Nə yari can imişsən, ah ey ümmidi -istiqbal,

Cəhanı sənsən azad eyləyən min yəsi möhnətdən.

      

 “Ədəbiyyat və incəsənət”

  (07.03.2024)

 

 

 

Parisdə “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat evlərinin ofisində Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin (CNRS) tədqiqatçısı, XX əsrin əvvəllərindən Yaxın Şərq və Mərkəzi Asiyanın İslam tarixçisi və bu dövrə aid rus, özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının tərcüməçisi Stefan Düdvanyonun (Stephane A. Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında hazırladığı “Dəllək və digər novellalar” kitabının təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, kitabda Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin “Dəllək”, "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "Kişmiş oyunu", “Pirverdinin xoruzu”, “Quzu”, “Xanın təsbehi", "Molla Fəzləli" kimi novellaları yer alıb.

 

“Dəllək və digər novellalar” kitabının təqdimatında müəllif Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqında məlumat verib. Onun Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında fəaliyyətindən, yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolundan söz açılıb. Bildirilib ki, ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşri ilə o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib. XX əsin əvvəllərində C.Məmmədquluzadənin Təbrizdə olduğu müddətdəki fəaliyyətindən danışılıb.

 

Qeyd edilib ki, tənqidi realizm yolunu tutmuş C.Məmmədquluzadə əsərlərində o zaman hökm sürən feodal-patriarxal münasibətlərini, çar məmurlarının və din xadimlərinin özbaşınalığını, mövhumat və xurafatı, İran və Türkiyə inqilablarını, qadın azadlığı kimi məsələləri qələmə alıb.

 

Təqdimatda iştirak edən tədqiqatçılar C.Məmmədquluzadənin həyat və yaradıcılığına dair biliklərini bölüşüblər. Təqdimatda tədqiqatçılar, tələbələr, jurnalistlər və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Cümə axşamı, 07 Mart 2024 13:30

Bir sual bir cavab - Aysel Xanlarqızı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

-Aysel xanım, “Qadın  kimdir?”- sualına tərif  verilsəydi, sizin cümləniz necə olardı?

 

CAVAB:

-Qadın…

Otaqda yığılan köynəklər kimi

Ütüləyib geyər ümidlərini.

İtirər yataqda bəzən yerini,

Gecə kürəyindən ağrıyar, Qadın.

 

Qurban verər dərdli doğrularını,

Dəyişməz yarasın sarğılarını.

Alar sevdiyinin ağrılarını,

Gizlicə gözündən oğrayar, Qadın.

 

Yuxusun analıq hissiylə bölər,

İllər saçlarının qarasın silər.

Ən son əl uzadar süfrəyə belə,

Övladı doyarsa, bir doyar Qadın.

 

Tapdansa, hüququ əyər içini,

Olmaz istəyinin azad seçimi.

Körpə arzuları bir alma kimi,

Bölüb dilimləyər, hey soyar Qadın.

 

Qovurub içini yeyər dərdləri,

Solar yaddaşında keçmişin yeri.

Üzündən, gözündən yağan kədəri,

Mətbəxdə soğan tək doğrayar Qadın.

 

Ruhdakı təkliyin toplanmaz cəmi,

Olmaz həsrətinin, içilməz dəmi.

Qaynayıb dağılan duyğular kimi,

Çaydanın gözündən ağlayar Qadın…

 

-bu sualınızı illər öncə yazdığım bu şeirlə cavablayıram.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Qovurmalı mərci şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR 

§ Qovurma – 78 qr

§ Mərci – 80 qr

§ Soğan – 25 qr

§ Kök – 10 qr

§ Yaşıl bibər – 15 qr

§ Kartof – 38 qr

§ Tomat pastası – 10 qr

§ Zirinc – 10 qr

§ Sarıkök – 0,1 qr

§ İstiot – 0,5 qr

§ Duz – 6 qr

Xörək əlavəsi:

§ göyərti (nanə, reyhan, təzə və ya quru mərzə) – 8 qr

 

HAZIRLANMASI:

Mərci təmizlənir, isladılır. Tərəvəzlər təmizlənir, doğranır. Qo- vurma qızdırılır, soğan qovurma ilə qızardılır. Üzərinə tomat, sonra isə ardıcıl olaraq digər tərəvəzlər əlavə olunur. Daha sonra mərci, iş- gənə əlavə olunur və bişməyə qoyu- lur. Bişənə yaxın duz, istiot, sarıkök əlavə olunur. Tam bişdikdə ocaqdan götürülür. Bişmə müddəti qaynadıq- dan sonra 25-30 dəqiqədir. Üzərinə göyərti səpilir və süfrəyə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Heydər Əliyev Mərkəzi bir neçə gündür ki, Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisinın ovqatına köklənib. 

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə gerçəkləşən, ideya müəllifi Xalq rəssamımız Sakit Məmmədov olan sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.

 

Tomris kimdir? Türk dünyasının qadın sərkərdəsi, hökmdarı, türkün yenilməzliyi simvolu. Onu azərbaycanlı bir cür, qazax bir cür, qırğız bir başqa cür çəkib. Amma bütün tablolar ürəklə və sevgiylə çəkilib. 

Rəssamların hamısı öz ölkəsində kifayət qədər məşhurdur. Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sembiqali Smaqulov, Aqimsal
Düzelxanov, Ədilğali Bayandı, Əlibi Bayğojanov, Tolkın Tabısbek, Möldir
Bayğojanova, Bakıtbek Zerde, Aytkul
Tasmaqambetova, Botagöz Toleş,
Rahat Saparaliyeva (Qazaxıstan), Talant
Oqobayev, Jılkıcı Jakıpov, Rahat İtikeyev,
Yuristanbek Şıqayev, Eldar Aytmatov, Suyutbek Torobekov (Qırğızıstan),
Sardor Alaberqenov (Qırğızıstan) və Refik Aziz (Türkiyə) - türk dünyasının ən məşhur rəssamları. Tablolarda həm Tomris vəsf olunub, həm türk tarixi barədə mənzərələr  yer alıb. 

Mənim xüsusi marağımı şəkən dahi qırğız yazıçısı, dünyaşöhrətli Çingiz Aytmatovun oğlu Eldar Aytmatov oldu. Deməkmiş, Çingiz Aytmatovun oğlu tanınmış rəssam imiş. 

Sərginin açılışı günü Eldar bəy jurnalistlərə açıqlamasında belə dedi: 

-Burada sərgilənən əl işlərindən biri olan “Ölüm kötüyü” öz adını Çingiz Aytmatovun əsərindən götürüb. Mən orada həyat və ölümü təsvir etmişəm və bununla, bu iki hadisənin həyatımızın tərkib hissəsi olduğunu ifadə etməyə çalışmışam. Mən 

əsərlərimin Bakıda, bu gözəl Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən xeyli məmnunam. Bu, mənim üçün böyük şərəf və qürurdur.

Tomris həm Qərb, həm də Şərq incəsənətinin ikonik fiqurlarından hesab olunur. Onun obrazına Herodot vasitəsilə İntibah dövrünün böyük sənətkarları müraciət ediblər. Tomrisin obrazına müraciət XX əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən olsa da, XXI əsrdə o yeni ruh, yeni rəng əldə edib. Bakı sərgisi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir. Tomris həm hökmdar, həm sərkərdə, həm də incə xanım, ana obrazlarını özündə birləşdirir. Türk tarixində və mədəniyyətində onun özünəməxsus yeri var.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Vətənim verdi mənə namü nəmək,

Vətəni unutmaq, məncə, nə demək?!

(Abbas Səhhət)

 

Dünyanın əşrəfi sayılan insan məfhumunu səciyyələndirən başlıca amillərdən ən mühümüdür vətən. Hər kəsə Tanrı tərəfindən bəxş edilmiş ülvi nemətlərdəndir torpaq. Bu nemətlərin ən dəyərlisi də elə vətəndir. Vətənin tarixi hardasa bəlkə də bəşərdən daha qədimdir. “Hər insanın doğulduğu yerdi vətən“, yaxud hər kəsə anadan olduğu yerdi vətən”- deyənlər yanılırlar. Bu, heç də belə deyil. Bu cür fikirləşənlərin mövqeyindən yanaşaraq, bəşər övladının harada doğulmağını və harada anadan olmağını fərdi qaydada əsas götürsək, Vətən anlayışı əl yetəcək zaman, vaxt qədər günümüzə yaxındır. Belə olduqdasa əcdadlarımızın- ulu babalarımızın haqqına girmiş olarıq. Vətən uluların sabahlarına mirasıdır. Bizə görə, vətən əcdadlarımızın doğulduğu yerdi, ilk vaxtlardan qoruyub, məskunlaşdıqları məkandır. Bu məqamda din adamı Qautama Buddanın sözü müəyyən mənada yerinə düşür: “Bu günkü həyatımız dünənki düşüncələrimizin, sabahkı həyatımız da bu günkü düşüncələrimizin əsəridir…”

Bundan əlavə, aşağıdakı belə bir deyimlə də tez-tez qarşılaşırıq: “Günün harda xoş keçirsə, ora da vətəndi.” Bu düşüncədə olan insanlar var ki, ona gün-güzaranı qürbətdə də xoş keçir kimi gələ bilir. Bu cür adamlara xatırlatmaq yerinə düşər ki, hörmətli yazarımız A. Yenisey demişkən: “Vətən dörd bir yanı qürbətlə əhatə olunmuş yerdir.”

Çox güman ki, bu səbəbdən də qürbətlə vətənin həzzini bir-birindən ayıra bilmədiyindən vətən həsrətini, vətəndaşlıq hissini hələ dərk etməmişlər, hislər labirintində azmışlar. Görünür ki, bu adamların millət, vətən duyğularını qürbət ləzzəti üstələmiş, könüllərindəki yurd ocağının tonqalı yaxşı qalanmamışdır. Vətənə məhəbbət ailənin, cəmiyyətin və dövlətin ayaqda qalması, milli mənəvi dəyərlərin qorunması,onun gələcək nəsillərə aşılanması deməkdir. Qürbəti vətən hesab edənlər, bunu gündəlik həyat tərzinə çevirənlər unudurlar ki, hər doğulan uşaq dəyərli şairimiz M. Araz demişkən vətən daşı olmalıdır. Vətən daşı olan bu uşaq eyni zamanda vətəndaşlıq hissinin sabaha daşıyıcısıdır. İlk vətəndaşsa Adəm övladı olub. Vətəndaşlıq həzzinin ilk daşıyıcısı da odur. Adəm övladları çoxaldıqca nəsil əmələ gətirərək yer üzünə səpələnmişlər. Nəsillər dəyişdikcə yer kürəsi vətənlərə bölünmüşdür. Nəsil nümayəndələrinin vətəndaş olmasısa ta qədimdən uşağın doğulduğu ailədən, mənsub olduğu nəslin genindən və düşdüyü mühitdən, cəmiyyətindən asılı olmuşdur. vətəndaşlıq hissi körpəlikdən və onun tərbiyəsindən başlanır. Vətən təəssübkeşliyi, xalqa, millətə rəğbət hissi valideynin uşağa bəslədiyi münasibətindən, övladın ata-anasına hörmətindən qidalana-qidalana körpənin mənsub olduğu ailənin düşdüyü mühitin ona necə aşılanması ilə nəsildən nəslə ötürülərək formalaşır. Necə ki, ağaç kökləri ilə torpaq və havayla təmasda olmasa, su içə bilməz, qol-budaq atammaz, pöhrələməz, çoxalmaz. Çoxları o yaşda özü də bilmədən bu duyğunun ilahi duyğu olduğunun fərqinə varmır. Ana qucağından onu ayrılmağa qoymayan hansı duyğunun, hansı hissin nə olduğunu anlamır. Elə buna görədir ki, müdriklərimiz vətəni, torpağı ana qucağı ilə tən tutmuşlar.

Vətəndaşlıq hissi özünü dərk edənlər üçün həmişəyaşıldır, hər bir vaxt təzə-tərdir, həmişəyaşardı. Vətənpərvərlik duyğusu yazın orta ayına bənzər. Təbiətin bu çağında hər tərəfdən şeriyyət yağır. Canlı rəssam tablosunu seyr etməkdən göz doymayır, ürək riqqətə gəlir. Yamyaşıl don geymiş ağaclardan, məstedici rayihəsi ətrafı bürüyən rəngbərəng güllərdən, çiçəkləri al-əlvan çəmənlərdən, quşların təkrarsız əsrarəngiz nəğmələrindən adamın canına şirin bir istilik yayılır, damarında qanı qaynayır, o kəsin yaşamağa həvəsi artır.

İnsan yaşlaşdıqca, müdriklik yaşına çatdıqca vətənə qarşı sevgisi də böyüyür. Necəki, günlər bir-birini qovaraq ayları, aylarsa illəri doğur. İl üstə il gəldikcə insanın hiss və duyğuları da qol-budaq atıb şaxələnir, uşaqlıq xatirələri ayaq açıb, yaddaşda varaqlanır. Ömrün qürub çağı yaxınlaşdıqca  o bir az da duyğusallaşır. Bəlkə də, bu onun torpaqdan yaranıb torpağa gedəcəyindəndir. Klassiklərimizdən birinin dediyi kimi: “Bu dünya duracaq yer deyil, ey can səfər eylə!” Bu fikrin davamını ən çox oxunan hesab olunan alman mütəfəkkiri Artur Şopenhauerin aforizmlərindən birində də görürük: “Öldükdən sonra, doğulmadan öncə haradaydıqsa, oraya qayıdacağıq.”

Bizim fikrimizcə də, insanın ahıl çağında vətən, yurd, el-oba məhəbbəti torpaq yağışı, qarı canına hopdurduğutək adamı daha çox özünə cəlb edir, duyğularını oyadaraq iliyinə, qanına yeriyir. Bu elə bir ilahi həzz, elə bir ruhi hissdir ki, insan can üstdə olanda belə dünyasını dəyişənə qədər onu tərk etmir. Bayatılardan birində əbəs yerə deməyiblər: 

 

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

 

Belə bir fikir də var ki, can tərk edəndə cismini həmin kəsin son umacaq yeri, dünyadan rahat köçmə təsəllisi vətəndir. Bu baxımdan da “ölməyə vətən yaxşı”- deyiblər müdriklərimiz. Ömür boyu yaşamaq uğurunda dəniz kimi coşub çağlayan, qarışqa tək hər zəhmtə qatlaşan insan ölümüylə torpağa qarışırsa, qoyub getdiyi əməlləri ilə bu dünyada yaşayaraq vətəndaşlıq hissini gələcək nəsillərə ötürür. Vay o gündən ki, qürbətin təmtərağına, cah-cəlalına aldanıb gecikəsən...

 

Nə qədər insan gördüm ki,əynində libası yox,

Nə qədər libas gördüm ki,içində insan yox…

(Mövlana Cəlaləddin Rumi)

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Cümə axşamı, 07 Mart 2024 10:30

“KİNOTƏHLİL"də “Soyuq günəş" filmi

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

Mənim təhlil edəcəyim film 2018-ci ildə çəkilmiş ləzgi filmi olan “Soyuq günəş" filmidir. Layihə ləzgi xalqının ilk tammetrajlı bədii filmi hesab olunur. Filmdə ləzgi xalqının qədim adət-ənənələri və həyat tərzi haqqında təsvirlər verilib.

 

Hadisələr isə belə baş verir: Film Yarmətin bağda sevgilisi Yarqunatla görüşü ilə başlayır.  Üzərindən bir neçə gün keçir, Yarqunat və ailəsi toy məclisinə gedirlər. Toydan sonra Yarqunat və Yarmət görüşür, bunu Yarqunatın qardaşı Həmdulla görür və onların münasibətinə qarşı çıxır. Toy zamanı varlı ailədən olan Osmanın Yarqunatdan xoşu gəlir və ailəsinə söz göndərir. Bundan xəbər tutan Yarmət anasının Yarqunatın ailəsinə elçiliyə getməsini istəyir, o da gedir. Lakin Yarqunatın ailəsi bu gəlişi rədd edir. Yarqunat və Osmanın toyu tezləşir. Toy zamanı Yarmət toyu pozmaq istəyir. Lakin bu vaxt Hitlerin hücumu, Böyük Vətən müharibəsinin başlanması xəbəri gəlir, gəncləri səfərbərliyə toplayırlar. Yarmət Toya mane ola bilmir və cəbhəyə yollanır.

Yarqunat Osmanı qəbul etmir, dərddən yatağa düşür və rəngi solur. Bundan sonra Yarqunatın ailəsi peşman olur. Yarqunat Yarmətin anasının yanına köçür. Yarmətdən heç bir xəbər gəlmir. Yarmətin anası dünyasını dəyişir. Yarqunat da bir oğlan uşağını himayəsinə götürür. Oğlan böyüyür Türkiyəyə təhsil almaq üçün gedir. Orada Yarmətin qızı ilə bir kafedə qarşılaşır. Oğlan  sadəcə anasından eşitdiyi ləzgi dilində bir mahnı səsləndirir. Oğlan qızla danışır və bu mahnını atasının ona öyrətdiyini deyir. Qız oğlan ləzgi olduğu üçün onu atası ilə görüşdürür. Yarmət hər şeyi öyrənir və başına döyür, amma artıq gec olur. Oğlan Yarməti anasının - yəni Yarqunatın yanına gətirir. Ağlaşma və dərdləşmə olur. Yarmədin qızı Yarqunatın oğlu ilə sevgili olur.  Onlar hamısı birlikdə şam yeməyi yeyir. Film Yarmətin Türkiyədəki ailəsinin yanına qayıtması ilə bitir. 

Qəribədir... Bəxt onları yenidən qarşılaşdırır . Yarqunat ölənə qədər gözləyən qadın , Yarmət Yarqunatın ona xəyanət etdiyini düşünüb ailə quran adam. 

İllər də keçsə Yarmətə qarşı bitməyən, tükənməyən bir sevgi ilə yaşayan bir qadın. Sevgi inama bağlıdır. Düşünürəm ki, Yarmət yarına inanmırdı. Niyə? Çünki yarının ona xəyanət edəcəyini düşündü. Yarqunat isə heç vaxt sevgisinə xəyanət etmədi. Ölənə qədər saf sevgisini qorudu. Kaş qədrini bilən də olardı...

Düşünürəm ki, aktyorlar bu filmdə rol almaq üçün doğulub. Mimikaları, səs tembrləri, simaları bu rollarla tam tutuşur. Yarqunatın üzündəki məsumluq və saflığın xarakterə xüsusi qatqısının olduğunu düşünürəm.

Sizə mənə təsir edən bir neçə hissədən nümunələr: 

 

1) (Yarqunat Yarmətə)

Bağışla məni, Yarqunat

-Get, Yarmət, get..

Elə zənn edirdim ki, nə vaxtsa həyatıma "İsti Günəş " kimi doğacaqsan. Sən demə sən "Soyuq Günəş" sənmiş...

 

2) (Yarmətin hayqırışı)

Allah bizi ayırmadı. Bunlar bizi ayırdılar , Yarqunat.. Bu allahsızlar, bu insafsızlar bizi ayırdı, Yarqunat!

 

3)(Yarqunat anasına)

İki dünya bir olsa da, başqasına yar olmam!

 

Portalın oxucularına şiddətlə tövsiyyə edirəm. Mütləq baxın!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Norman Vinsent Pil, «Pozitiv düşüncənin gücü»

Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100%  işləyir.

Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsant Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.

Əziz oxucum, gəlin onlardan bəzilərinə diqqət edək:

 - Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna  kəsb etmir. Məna kəsb edən -  sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.

 - Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.

 - Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.

 - Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.

 - Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.