
Super User
Onun Türkiyəyə verdiyi töhfələri Atatürk dövrü ilə də müqayisə edə bilərik
Türkiyə prezident seçkilərinə hazırlaşır. Bu elə bir önəmli tarixi hadisədir ki, hətta bir mədəniyyət portalı olsaq belə, bizim də mövzu dairəmizdə əhəmiyyətli yer tutur.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılovun hazırkı Türkiyə prezidenti və növbəti ildə də prezident olmağa əsas namizəd Rəcəb Tayyib Ərdoğanın siyasi portretini çəkməyə cəhd edib.
“Ədəbiyyat və incəsənət” portalı onun yazısını təqdim edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün Türk dünyasında və qlobal məkanda Türkiyənin mövqelərinin daha da güclənməsini təmin edən tarixi liderlərdəndir. Onun Türkiyəyə verdiyi töhfələri Atatürk dövrü ilə də müqayisə edə bilərik. Onun hakimiyyəti dövründə iqtisadiyyat, ətraf mühit və şəhərsalma, enerji, kənd təsərrüfatı, mədəniyyət və turizm, xarici əlaqələr, müdafiə sənayesi, sənaye və texnologiya sahələrində Türkiyə dünyada önəmli güc mərkəzinə çevrilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə xarici siyasət, müdafiə sənayesi, sənaye və texnologiya sahələrində gördüyü işləri sadalamaqla bitməz. Xarici nümayəndəliklərin sayını 163-dən 300-ə yaxın qaldıran R.T.Ərdoğan Türkiyəni dünyanın 5-ci ən böyük nümayəndəlik şəbəkəsinə sahib ölkəyə çevirdi. Bu gün qardaş ölkədə müdafiə sənayesi layihələri 800-ü ötüb. Əminliklə demək olar ki, Türkiyə PUA, hibrid avtomobil, gələcəkdə isə qırıcı təyyarə və başqa hərbi və mülki sənaye sahəsində dünya liderliyinə iddialı olacaq. İki il əvvəl müdafiə sənayesi layihələrinin büdcəsi 5,5 milyard dollardan 75 milyard dollara çatıb. Türkiyə dünyanın aparıcı pilotsuz uçuş aparatları istehsalçıları və ixracatçılarından birinə çevrilib. Mütəşəkkil sənaye zonalarının sayı 192-dən 3330-a çatdı. Türkiyənin hazırda Milli Kosmik Proqramı mövcuddur. Türkiyə dünyanın önəmli coğrafiyalarında nüfuza və həmçinin hərbi mövcudluğa malikdir. Ərdoğanın mövqeləri qlobal sülhə böyük töhfələr verir.
Son 21 ildə 10,5 milyon yeni yaşayış binasının tikintisini təmin etməklə vətəndaşların təhlükəsiz, müasir, yüksək standartlara cavab verən evlərlə təmin edilməsi Türkiyəni sosial siyasətdə də ön sıralara çəkir. "Kızılelma”, “Togg”, “TCG Anadolu” kimi son layihələr R.T. Ərdoğanın bütün Türk coğrafiyasına və dünyaya bəxş etdiyi danılmaz töhfələrdir. Onun hakimiyyəti dövründə uşaq bağçasından tutmuş orta məktəbə qədər 360 min yeni sinif otağı tikildi, ali təhsil müəssisələrinin sayı 76-dan 208-ə çatdırıldı.
Türkiyədəki siyasi proseslər Azərbaycanda hər zaman həssaslıqla izlənir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana Azərbaycanda sevgi artıb. Onun və ölkəsinin Qarabağ məsələsində verdiyi hərtərəfli dəstək Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin bütün sahələrdə inkişafı ilə bağlı mühüm işlərə imza atıb. Türkiyədə həyata keçirilən çoxvektorlu siyasət Ankaranın daha da güclənməsinə və geosiyasi müstəvidə söz sahibi olan ölkələrdən birinə çevrilməsinə şərait yaratdı. Qardaş və dost ölkənin qlobal gücə çevrilməyi türk düşmənlərini ciddi formada narahat edir. Türk düşmənləri bu faktordan istifadə edərək may ayında keçiriləcək seçkilərdə R.T. Ərdoğanın qalib gəlməsinə mane törətməyə çalışacaqlar. Lakin türk xalqı ayıq-sayıqdır və yekdilliklə “Cümhur ittifaqına” səs verəcək.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Mədəniyyətlə bağlı lətifələrin aprel reytinqi
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu sizlərin aprel ayında ən çox dodaqlarınızı qaçıran lətifələrin reytinqini hazırlayıb. Bu gün sizlərə 4-ci yerdə qərarlaşan lətifə təqdim olunur.
4-cü yer
Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində ustada özünü şirin salmaq istəyir. Habil Əliyev hara gedirsə düşür onun dalınca, liftə minəndə də əl çəkmir, ustadın mərtəbəsinin düyməsini özü basır.
Bir dəfə hamının yanında həmin gənc Habil Əliyevdən soruşur:
- Ustad, mən necə kamança çalıram...?
Habil Əliyev gülümsəyərək deyir:
- Necə kamança çaldığını deyə bilmərəm, oğul, amma iki-üç gündü babat lift sürürsən.
Xatırladaq ki, 5-ci yerdə bu lətifə gedirdi:
Məşhur italiyalı tenor Enriko Karuzo Amerikaya qastrol səfərində olarkən bir kənddən digərinə yol alanda avtomobili xarab olur. Sürücü avtomobili təmir edəndə Karuzo yaxınlıqdakı fermer təsərrüfatına baş çəkir. Fermerlə həyat yoldaşı onu yüksək səviyyədə qarşılayırlar, çaya qonaq edirlər, maraqlı söhbətləri alınır.
Karuzo ev sahiblərinin onu tanıdıqlarını zənn edir, amma çıxıb gedəndə onu yola salan fermer belə bir sual verir:
-Bağışlayın, bizimlə bu xoş ünsiyyət quran adamın kimliyini bilmək olarmı?
Pərt olan tenor söyləyir:
-Mən Karuzoyam. Tanımadız ki məni?
Ev sahibi sevincək halda az qalır onun üstünə atılsın.
-Necə yəni tanımadıq? Biz yoldaşımla sizin haqqınızda o qədər oxumuşuq ki, - söyləyib həyat yoldaşını haraylayır:
-Monika, bu bizim sevdiyimiz səyyah Robinzon Kruzo imiş.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Sony World Photography Awards 2023-ün növbəti nominantları Boliviyadan Marisol Mendes və Argentinadan Federiko Kaplan oldu
Bu günlərdə İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Boliviyadan Marisol Mendes və Argentinadan Federiko Kaplan "Miruku" seriyasına görə "Ətraf mühit" nominasiyasında mükafat aldılar. Polşalı Katsper Kovalski "Hadisə üfüqü" kateqoriyasının qalibi olub. O, paraplanda uçuş zamanı yerin görüntülərini lentə alıb.
Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.
İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi.
"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura olmuşdu.
Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür.
Bunlar barədə də məlumat almışdınız.
Çindən Fan Li, Cənubi Afrikadan Li-Ann Olvaj və Böyük Britaniyadan Hugh Kinsella Cunningham müvafiq olaraq "Memarlıq", "yaradıcılıq" və "sənədli film" nominasiyalarında qalib olublar.
Şəkillərdə siz Sony World Photography Awards 2023-ün növbəti mükafatçısı - Polşalı Katsper Kovalskinin paraplanda uçuş zamanı lentə aldığı yerin görüntülərini görürsünüz.
Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Bu gün “M Teatr”ın səhnəsində “Yad qadının məktubu” nümayiş olunacaq
Bu gün müstəqil “M Teatr”ın (“Mənim teatrım”) səhnəsində dünyaşöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır.
Qeyd edək ki, “Yad qadının məktubu” Ştefan Sveyqın ən məşhur novellalarından biridir. Bu əsər dünyanın bir çox ölkələrində tərcümə olunub. Əsərdə məşhur romançı tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda romançı ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Sabah “Danışan gəlincik” Şuşa Teatrında nümayiş olunacaq
Aprelin 29-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur.
Qeyd edək ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Uşaq rəsm müsabiqəsinə paytaxt və bölgələrdən 3000-dən çox əsər göndərilib
Xəbər verdiyimiz kimi, “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqəyə əsər qəbulu başa çatıb.
Mövzusu güllər olan müsabiqəyə paytaxt və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssisindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərib.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla, kənar müdaxiləsiz (müəllim, valideyn) və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.
Yaxın günlərdə seçimin nəticələri və sərginin vaxtı Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin sosial media hesabları üzərindən paylaşılacaq.
Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası.
Seçimdən narazı qalanlar (müəllim, valideyn və şagird ) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 0513107401 vatsap ilə əlaqə saxlayıb onun üçün təyin olunmuş bir vaxtda Xətai Sənət Mərkəzinin dərnək müəlliminin nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Haydı, uşaqlar, uğurlu nəticələrə doğru!
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
İnsanlara çatdırın ki, dualarında ehtiyatlı olsunlar…
“Ədəbiyyat və incəsənət” portalı aforizmləri sevilərək oxunan Statusman Hümbət Həsənoğlunun bu dəfə “Dua” adlı pritçasını oxucularına təqdim edəcək.
Dua
(pritça)
Baş mələk olan Cəbrayıl Allaha yerdə gördüklərindən, eşitdikləri dualardan danışır. Nitqinə bir az fasilə verib deyir:- Ey Uca Allah, bir qadın illərdir eyni duanı edir. Tək bir dua.
- Hansı duanı?
- Ey Qadir Allah, hər dəfə mübarək adlarınızdan birini çəkib deyir ki, anası ölməsin, həmişə sağ qalsın.
- Əzrayıl mələyə de ki, onun anasına dəyməsin.
Beləliklə bir eldə, bir qızın öz anası haqda dediyi dua həyata keçir.
Qızın anası yaşamaqda davam edir. Ətrafda olan analar bir-bir dünyasını dəyişir, bu qızın anasından başqa. Qız Allaha hər gün şükür duaları etməkdə davam edir, anasının yanında qalmasına hədsiz sevinir, axı o, anasını çox sevirdi. Aylar, illər keçir, qız öz anası ilə birgə qocalır. Qoca vaxtında da anasının yanında olmasına, onun hələ də yaşamasına çox sevinir, onu hər gün qucaqlayıb başına dönür, onun hər nazı ilə oynayırdı.
Qız artıq özü də nənə olmuşdu, öz balaları, nəvələri vardı.
Onun balaları da, nəvələri də hər iki nənələrini sevir, onların qayğısına qalırdılar. Bir gün qız qocalıqdan dünyasını dəyişir.
Qoca nənə yaşamaqda davam edir. Onun nəvələri də, nəticələri də, kötücələri də qocalıb ölsələr də, o, yaşamaqda davam edir, çünki Əzrayıl mələyi ona olan tapşırığa görə anaya yaxın gəlmir.
Ananın yaddaşı zəifləyir, ətrafında olan çox insanları heç tanımır da, amma tez-tez onu çox sevən qızı yadına düşür, onun yanına getmək istəyir.
Təkcə qızı yox, tanıdığı bütün insanlar artıq o biri dünyadaydı. O da öz qızına, ona yaxın və əziz olan insanlara qovuşmağı arzulayırdı.
Yaşamaq onun üçün maraqsız və mənasız olmuşdu, onu dünyaya bağlaya bilən heç nə qalmamışdı.
Həyatın özü onun üçün dözülməz, artıq çəkə bilmədiyi yükə çevrilmişdi.
Qoca nənə hər gün eyni duanı edirdi:- ey Mərhəmətli olan Allah, məni bu əzablarımdan xilas et, mənə lütf olaraq öz ölüm mələyini göndər.
Cəbrayıl mələk növbəti dəfə Allahın dərgahında olanda ulu nənənin əzablarını və tək duasını Ona bildirir.
Allah izn verir və əlavə edir: - İnsanlara çatdırın ki, dualarında ehtiyatlı olsunlar.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert təqdim olunub
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Konsertdə solistləri dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsertdə məktəbin respublika və beynəlxalq müsabiqələrdə qalib adı qazanmış şagirdləri, həmçinin III respublika müsabiqəsinin qalibi olmuş böyük xor kollektivi yerli və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
BDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib.
Müraciətdə aprelin 28-dən başlayacaq Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkətin məhdudlaşdırılacağı nəzərə alınaraq, xüsusilə cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən cənubdan mərkəzə doğru, yəni, Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etmələri xahiş olunur.
“Eyni zamanda, 20-ci sahə və Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.
Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddətdə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur”, - deyə müraciətdə bildirilib.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
“Azərkosmos”da çalışanların 33 faizi qadındır
“Azərkosmos”da çalışanların 33 faizi qadınlardan ibarətdir. Xanımların əksəriyyəti kimya, fizika, tətbiqi riyaziyyat, mühəndislik ixtisasları üzrə təhsil alıb.
Onların peyklərin idarə olunması və peyk xidmətlərinin verilməsində göstərdikləri peşəkarlıq təqdirəlayiqdir. Xanımlarımız əsasən kosmos sahəsi üzrə biznes və strategiyanın planlaşdırılması, iqtisadi hüquq, maliyyə, kommunikasiya, marketinq kimi qeyri-texniki sahələrdə də çalışırlar. 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçiriləcəyi təsadüfi deyil. Bu gün Azərbaycan dünya kosmik sahəsinin fəal üzvüdür. Bu isə bizə beynəlxalq kosmik arenada mühüm oyunçu olduğumuzu göstərir.
Sitat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədr müavini Dunay Bədirxanovun Bakıda keçirilən Kosmik Nəsil Məşvərət Şurasının “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusunda konfransda çıxışından götürülüb.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)