Super User

Super User

Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir. 

“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq. 

 

Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb. 

Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər. 

 

Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.

Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır: 

 

Nar çəyirdəyi yağı;

Qara zirə yağı;

Üzüm çəyirdəyi yağı;

Balqabaq tumu yağı;

Çaytikanı yağı;

Kətan yağı.

 

Nar çəyirdəyi yağı

 Sağlamlığın əvəzsiz eliksiri!

 Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.

Bu məhsuldan necə imtina etmək olar?

 

Qara zirə yağı

 Günümüzün trendi

 Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.

Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.

Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.

 

Üzüm çəyirdəyi yağı

 Əsl gözəllik vasitəsi!

Tərkibində bol-bol andioksidant toplanan, ürək-damar sisteminin qüsursuz fəaliyyətinə kömək edən, yaşlanma əleyhinə güclü təsir xüsisiyyətlərinə malik olan, qida əlavəsi və kosmetoloji vasitə kimi əvəzsiz sayılan üzüm çəyirdəyi yağını soyuq sıxım vasitəsilə sizlərə əlçatan etdik.

Təki sağlam və gözəl olasınız!

 

Balqabaq tumu yağı

Kişilərin əsl dostu

Mütəmadi istifadədə immuniteti möhkəmləndirən, maddələr mübadiləsini stimullaşdıran, dərinin və saçın vəziyyətini yaxşılaşdıran, mədə göynəmələri, piylənmə zamanı hədsiz faydalı olan, qurdlarla və parazitlərlə mübarizədə analoqu olmayan balqabaq tumu yağının xüsusi bir özəlliyi də var: E vitamininin, sinkin, bioloji aktiv maddələrin bolluğu bu unikal qidanı xüsusən kişilər üçün əhəmiyyətli edir.

Kişilər, qərarı dərhal qəbul edin!

 

Çaytikanı yağı

İnsan orqanizminin havadarı

 Əbəs yerə çaytıkanı yağı ən faydalı yağlardan hesab edilmir ki? Həm həzm sisteminə kömək edir, həm iltihab, şiş və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, üstəlik, dərinin, saçların və dırnaqların sağlamlığına da müsbət təsir göstərir.

Azərbaycanın ən saf təbiətində yetişən çaytikanını toplayaraq yağını sizlər üçün əlçatan etdik!

 

Kətan yağı

Universal vasitə

Omeqa 6 və Omeqa 3-lə tam zəngin olan, ürək-damar sistemində, iltibah və əqli problemlərdə olduqca böyük faydası duyulan kətan yağı iştahanı azaldaraq arıqlamağa da kömək edir, dərinin vəziyyətini də yaxşılaşdırır, üstəlik, beynin və qan dövranı sisteminin dostu hesab edilir.

Bir sözlə, sağlamlıq üçün əsl universal vasitədir.

 

“ATAŞAH” YAĞLARI – HƏM FAYDALI QİDA ƏLAVƏSİ, HƏM TƏKRARSIZ KOSMETİK VASİTƏDİR! 

Onu şəhərin apteklərindən soruşun!

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Cümə, 14 İyul 2023 15:30

Sevgi xəstəlikdirmi?

UNUDULMAZ SEVGİ ROMANLARINDAN PARÇALAR - VARİS, “QIRMIZI LƏÇƏKLƏR”

 

Əlbəttə, yüzlərlə tədqiqat var ki, sevənin halını xəstəlik halı ilə uzlaşdırır, ümumən sevgiyə düçar olmağı xəstəlik növü adlandırır. Amma mən həmişə "sevgi" sözünün "xəstəlik" sözü ilə müqayisəsindən çəkinmişəm, hətta diksinmişəm.

Xəstəlik — müalicəsinə çalışdığın, ondan qopmaq istədiyin anormal haldır. Sevgi isə daha şiddətlə mübtəla olmağı arzuladığın bir həzdir, bir gözəllikdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İllər ömrümüzdən elə tez gəlib keçir ki, sanki onu ad günü münasibətilə təbrik etdiyimdən çox az vaxt ötüb. Məni qınamayın, elə bil, zaman da qısalıb. Budur, yenə də onun növbəti ad günü oldu. İyulun 13-də səbəbkarı təbrik etməyə tələsənlər çox idi…

 

Bəli, səmimiyyət insanda ən məsum xüsusiyyətdirsə, sadəlik ən gözəl yaşam tərzidir. Bəlkə də onunla üz-üzə gələn adamların arasında, onu tanımayanlar da olur. Amma sözlərinə yazılan mahnıları hamı sevə-sevə dinləyir. Təkcə "Məktəb illəri" mahnısının sözləri bəs edir ki, müəllifini ən azı yüz il yaddaşlarda yaşatsın. O qədər sadə, o qədər mehribandır ki, onunla həmsöhbət olanda zövq alırsan. Heç vaxt özünü yuxarıdan aparıb pafoslu cümlələrlə söhbətinə süni boya çəkmir. Davranışı da gözəlliyi kimi təbiidir. Heç yerdə şeiri, sənəti ilə öyünmür, uğurlarına görə kiminsə yanında özündənrazılıq etmir. Göründüyü kimi var, olduğu kimi də görünür. Çox mehribandır. Hər dəfə onu görəndə, adama elə gəlir ki, doğmasıyla üz-üzə gəlir...

 

Sevənləri yetərincədir. Onların arasında- “Görəndə sevindiyim adam”, “varlığı ilə dünyanı maraqlı edən insan” kimi ifadələr söyləyənlər də var. Sadə, təvazökar, mehriban insandır. Təkəbbür hissi ruhuna yaddır. Adamlara xoş söz söyləməyə, onları sevindirməyə tələsir…

 

Deyir ki,- “Tanrı məndən heç nəyi əsirgəməyib: Qüsursuz görkəm, sağlamlıq, savad, istedad. Ziayalı ailədə dünyaya gəlmişəm. Günlərim xoş keçib. Amma nədənsə mübariz olmamaqda özümü suçlayıram. Bəzən özümə sual verirəm ki, niyə ədəbiyyatçı yox, fizik oldum. Axı valideynlərimin tövsiyəsi ilə bu ixtisasa yiyələnsəm də, sonradan ikinci ali təhsil alıb, ədəbiyyatçı ola bilərdim. Bəlkə də indi yaxşı bir yazıçı idim, yəqin ki, xeyli əsərlərim də var idi...”

 

Ədəbiyyatı çox sevir. Hələ də bu ixtisasa yiyələnmədiyindən təəssüflənir. Etiraf edir ki, ədəbiyyatçı olmadığından xoşbəxtliyi yarımçıqdır. “İnsanın sevdiyi ixtisasa sahib olması və həmin ixtisas üzrə çalışması onun xoşbəxtliyidir”- söyləyir…

 

Yeniyetmə yaşlarından şeir yazır. Daha əvvəldən mətbuatda çap olunsa da “Yağış yağır bu şəhərə” ilk şeirlər kitabı 1999-cu ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. Yaratdığı poeziya nümunələri oxucuların zövqünü oxşadıqca, onu insanlara sevdirə bilib. Bu nümunələr, bəstəkarların da diqqətindən yan keçməyib. İİstedadlı bəstəkarımız Aygün Səmədzadə onun bir sıra şeirlərinə mahnılar bəstələyib. Və həmin mahnılar ona məşhurluq gətirib, ölkədə tanınan şairlərdəndir. Bəli, sözlərinə bəstələnmiş “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Bakı haqqında nağıl”, “Yada salma özünü” adlı mahnılar bu gün dillər əzbəridir, dinləyicilər tərəfindən məhəbbətlə qarşılanır...

 

“Payızın vurğunuyam. Bu fəsildə yarpaqlar rəngbərəng olur. Onlara tamaşa etməkdən yorulmuram. Yağış da həmçinin, çox sevdiyim təbiət hadisələrindəndir. Əslində yağış mənə bir rahatlıq gətirir. Yağış yağarkən dincəlirəm, yağışlı havada təbiət qoynunda gəzmək xoşuma gəlir. Mənim aləmimdə yağışın da öz rəngləri vardır. Baxanda şəffaf görünsə də, mən yağışı rəngləri ilə duyuram.”- söyləyir...

 

Haqqında söhbət açdığım Kamalə Abiyeva Astara şəhərində müəllim ailəsində dünyaya gəlib. Uşaq olarkən ailəsi Bakıya köçdüyündən orta təhsilini 52 nömrəli məktəbdə başa vurub. Sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində ali təhsilə yiyələnib. 1980-ci ildən Bakının Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə müəllim işləyir. “Qabaqcıl təhsil işçi”sidir. Ondan yuxarı kitabın müəllifidir və bir neçə kitab onun tərcüməsində işıq üzü görüb…

 

Deyir ki;- “Hər bir mahnı bir əsərdir. Musiqi zövqünün formalaşmasında vacib rol oynayır və auditoriyası da böyük olur. Sözsüz ki, biabırçı mətnlər birbaşa zövqün düzgün formalaşmasına zərbə vurur. Arada müğənnilərlə belə söhbətlərimiz olur. Verilişlərdə demişəm, hətta yazım da var. Sözlərə önəm verən ifaçılarımız azdır. Bəziləri yüngül, bayağı sözlərin asan anlaşıldığını, tez şöhrət gətirdiyini düşünürlər. Doğrudur, onların arasında məşhur olanları da olur, amma tez də unudulurlar. Məsələn, Kamalın bəstəsi olan "Özün günahkarsan” çətin mahnıdı. Bu sözlərə hər bəstəkar musiqi yazmazdı, o, yazdı və illərdir ki, sevilir. Amma mahnıların arasında sözü də, musiqisi də bayağı olanları da var... Yaxşı yadımdadır, bəstəkar Oqtay Kazımi sözlərimə ilk mahnını yazanda o qədər həyacan keçirirdim ki. Axı o vaxt Bədii Şura vardı, icazə verməyə bilərdilər. İndi isə pul buraxıb klip çəkdirirlər, harda istəsələr səsləndirə də bilirlər. Burda bəstəkarın da yanaşması önəmlidir. Bu bayağı mahnıları adətən ifaçılar özləri yazır. Məncə TV-lər də ciddi yanaşmalıdır bu məsələyə. Axı heç bir pul xalqın düşüncəsinə, mənəviyyatına, musiqimizə, sözümüzə vurulan ziyanı ödəyə bilməz...”

 

Bəli, iyulun 13-ü yaradıcılığı ilə ürəklərdə yuva qurmuş Kəmalə xanımın doğum günü idi. Ona yaradıcılıq uğurları arzulayır, “yeni yaşınız mübarək, Kəmalə xanım!” deyirik.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Cümə, 14 İyul 2023 14:00

İdman ən yaxşı motivəedəndir

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Bu dəfə mövzumuz bədən tərbiyəsi və idman olacaq. Axı, uğura doğru yolda sağlamlıq vacib şərtlərdən biridir.

 

İnsanı pozitivliyə motivə edən faktorlar arasında, çox şübhəsiz, bədən tərbiyəsi və idman ən vacib yerlərdən birini tutur. Adətən cəmiyyətin mədəni səviyyəsi böyük ölçüdə insanın fərdi xüsusiyyətlərinin tam açılması və bunlardan istifadədən asılıdır. Burada da xüsusən qeyd edilməlidir ki, ümumbəşəri mədəni sərvətlər sistemində sağlamlığın və fiziki hazırlığın səviyyəsi ən vacib tərkib hissələrindəndir.

Bədən tərbiyəsi və idman insan fəaliyyətinin müstəqil növüdür ki, cəmiyyətin inkişafında onun böyük əhəmiyyəti var. Bu növ cəmiyyətin formalaşmasında, insanın formalaşmasında, habelə ictimai münasibətlərin inkişafında hədsiz rola malikdir.

Bədən tərbiyəsi – cəmiyyətin ümumi mədəniyyətinin bir hissəsi olaraq sağlamlıq səviyyəsinin möhkəmlənməsinə yönəldilmişdir. O, hərtərəfli və harmonik şəxsiyyətin tərbiyəsi kimi sosial funksiya həyata keçirir.

Hazırda insanın rifah halının yüksəldilməsinin prioritet hesab edildiyi bütün ölkələrdə, o cümlədən də Azərbaycanda bu sahənin sağlam gənclik yetişdirilməsində, ümumən, şəxsiyyətin motivasiyasında əhəmiyyəti roluna böyük diqqət yetirilməkdədir.

Bədən tərbiyəsi və idman şəxsiyyətin real-praktik və ideal-psixoloji fəaliyyətinin vəhdətidir, bu fəaliyyət ərzində insan həm cəmiyyətlə, həm də təbiətlə əlaqədə olur. Bu əlaqələr nə qədər universal olsa o qədər hərtərəfli inkişaf edəcək.

Mənim ölkəmdə bu gün stadionların, idman meydançalarının inşası, Olimpiya mərkəzlərinin istifadəyə verilməsi (hazırda ölkədə 21 olimpiya-idman kompleksi fəaliyyət göstərir) durmadan vüsət almaqdadır.

Uşaq yaşlarından azərbaycanlıların kütləvi olaraq idman bölmələrinə üzv yazılması tendensiyası sezilir, ölkədə idman çox populyardır.

Adətən idmanın ölkəyə qızıl medallar gətirmək, ölkənin himnini səsləndirmək, idman imicini möhkəmləndirmək baxımından rolu qeyd olunur, həvəskar idmandan daha çox peşəkar idmana üstünlük verilir. Amma bizdə sabahını düşünən bütün digər ölkələrdə olduğu kimi bədən tərbiyəsinə, həvəskar idmana böyük önəm verilməkdədir. Niyə də olmasın, axı bədən tərbiyəsi və kütləvi idman:

 - İnsan orqanizminin ümumi inkişafına, möhkəmlənməsinə səbəb olur, onun sağlamlığına şərait yaradır, involyusiya proseslərini dayandırır, insanın hərəkətliliyini təmin edir;

 - gənci əmək fəaliyyətinə hazırlayır, onun əmək qabiliyyətini yüksəldir, fiziki dözumlülüyünü, güc və iradəsini artırır;

 - gənci vətənin müdafiəsinə hazırlayır, onun qəhrəman və cəsur olmasına, hər cür çətinliklərə sinə gərə bilməsinə stimul yaradır;

 - vətəndaş üçün asüdə vaxtın rasional istifadəsini təmin edir; idman meydançaları və zallar, stadionlar, bir növ, aktiv istirahət meyarına çevrilir;

 - istənilən çətin anda, hətta həyatdan ağır psixoloji zərbələr alınan vaxt belə qazanılan fiziki hazırlıq üstünlükləri insanın toparlanmasına, mətinlik və dözüm nümayiş etdirməsinə kömək edir;

 - bədən tərbiyəsi və idmanla məşğul olmaq insanı siqaret, alkoqol, narkotik kimi zərərli vərdişlərdən tam kənarda saxlayır, fiziki təmrinlər insanı ümidsizlik, bədbinlik, həyatdan küskünlük kimi neqativ hallardan sığortalayır, ona pozitivlik, həyat eşqi bəxş edir.

 - bədən tərbiyəsi və idman dolayısı ilə şəxsiyyətin formalaşmasında əsas keyfiyyətlərin yaranmasına da xidmət edir, düzgün fiziki təlim görmüş şəxs yaxşı düşünmək, qərar qəbul etmək və bu qərarın yerinə yetirilməsinə nail olmaq, məqsəd və vəzifələrə çatmaq üçün qarşısına çıxan bütün maneələri dəf edə bilmək üstünlükləri də qazanır.

Bədən tərbiyəsi və idmanın insan sağlamlığına gətirdiyi töhfələri isə saymaqla qurtarmaz:

 - Daimi fiziki hərəkətlərlə məşğuliyyət nəticəsində insan bədənində mübadilə prosesi aktivləşir, insanın enerjisi artır;

 - Fiziki hərəkətlərdən uzaq qaçan insanda əzələ atrofiyası, sümük möhkəmliyinin azalması, mərkəzi əsəb sisteminin, nəfəs yolları funksiyalarının pisləşməsi müşahidə edilir. Orqanizmin həyat fəaliyyəti və tonusu aşağı düşür;

 - Məqsədyönlü fiziki hərəkətlərlə və idmanla məşğul olmaq qan dövranını, ürək əzələlərinin fəaliyyətini, əzələlərin qanla təminatını, əsəb sistemini yaxşılaşdırır.

 - Belə hərəkətlər ürəyi möhkəmləndirir, qan təzyiqini normallaşdırır;

 - Belə hərəkətlər müsbət şəxsi keyfiyyətlərə yol açmaqla yanaşı, diqqətli olmağa, zehnin və yaddaşın güclənməsinə, immun sisteminin möhkəmlənməsinə də səbəb olur.

 - Fiziki yüklənmələr zamanı yaranan böyrəküstü harmonlar ürəyə olduqca müsbət təsir göstərir;

 - Xüsusən qaçış, üzgüçülük, velosiped sürmə kimi idman növləri sağlamlığa mükəmməl təsir göstərir.

Dünyada təkcə fitnes klublarda 120 milyon insan idmanla məşğul olmaqdadır.

Bu gün mənim ölkəmin bütün məktəbəqədər müəssisələrində, məktəblərində, əksər ali məktəbində, ordusunda, müdafiə tipli müəssisələrində dövlət proqramı əsasında icbari bədən tərbiyəsi məşğələləri keçirilir (bunlar müxtəlif kütləvi idman oyunları, istehsalat gimnastikası, bədən tərbiyəsi fasilələri və s. şəklində tətbiq olunur).

Mötəbər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycanın hazırda dünyada idman ölkəsi kimi tanınması, ölkəmizin müsbət idman imicinin formalaşması bu gün hər bir azərbaycanlını qürurlandırmaqdadır. İlk Avropa oyunlarının 2015-ci ildə məhz Bakıda keçirilməsi, dünyanın ən baxımlı idman turnirlərindən olan «Formula-1» yarışmasının «Azərbaycan qran-prisi»nin həyata vəsiqə qazanması kimi iki uğuru ayrıca qeyd edərdim.

Ölkədə idmana verilən önəmin bariz nümunəsi ölkə Prezidenti İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin Prezidenti olmasıdır.

Tarixi mənbələrə müraciət etsək, görərik ki, lap qədim dövrlərdə – bürünc dövründə Azərbaycanda insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılar, rəqslər mövcud olub. Ölkəmizə gələn hər bir əcnəbinin qədim qayaüstü yazılarına və rəsmlərinə böyük maraqla tamaşa etdiyi Qobustan qayaları ölkəmizdə bədən tərbiyəsinin qədimliyinə aşkar sübutdur.

Bu gün Azərbaycanda 8940 idman qurğusu və bədən tərbiyəsi sağlamlıq kompleksi fəaliyyət göstərir, 14 idman cəmiyyəti mövcuddur.

Müstəqil Azərbaycanın idmançıları indiyədək (1996 – 2016-cı illər) Yay Olimpiya oyunlarında 8 qızıl, 12 gümüş və 26 bürünc olmaqla cəmi 46 medal qazanmışlar, Avropa və dünya birincilikləri və kuboklarında ümumilikdə müxtəlif əyarlı 2615, o cümlədən 897 qızıl medala layiq görülmüşlər.

Təsadüfi deyil ki, idmana sülhün elçisi, bədən tərbiyəsinə isə sağlamlığın özülü adını vermişlər.

Xüsusən elmi-texniki tərəqqinin inkişaf etdiyi, istehsalatın tam avtomatlaşdırıldığı, avtomobil və liftlərin cövlan etdiyi, məişətdə paltaryuyan, qabyuyan maşınların, tozsoranların hegemonluğu şəraitində, urbanizasiyanın və texnizasiyanın insan hərəkətliliyini tam məhdudlaşdırdığı, hipodinamiyaya gətirdiyi hazırkı şəraitdə başa düşmək lazımdır ki, bədən tərbiyəsi və idman, ümumən, hərəkətlilik insanın xilası deməkdir.

İdmana gəlin, idmana tapının, əziz oxucularım. İdman sağlamlıq, gözəlliklə yanaşı, güc və çevikliklə yanaşı həm də ən yaxşı motivasiyaedəndir, bax bunu unutmayın!

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

 

Cümə, 14 İyul 2023 13:30

Rənglərin dili ilə

Xəbər verdiyimiz kimi, ölkəmizdə möhtəşəm Uşaq İncəsənət Festivalı keçirilir və hazırda festivalın ikinci – regional mərhələsi başlanıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən festivalın regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edilib. 

Düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar (futbol, həndbol, estafet oyunları və s.) keçirilib. Əməkdar artist, tarzən Səbuhi Cəfərov, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov, rəssam Yusif Mirzə, qiraətçi Hüseynağa Aslanov və rəqqasə Tamilla Əliyeva tərəfindən ustad dərsləri təşkil edilib.

Günün sonunda isə uşaqlar ocaq ətrafında toplaşaraq öz istedadlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edib. II mərhələ iyul-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsinə iştirak hüququ əldə edəcəklər.

Final mərhələsinin sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulur. Finalın yeri, tarixi və vaxtı festivalın uif.az portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

Portalımız düşərgədəki uşaqların çıxışlarını əks etdirən fotomaterialları diqqətinizə çatdırır.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

İLK ŞEİR KİTABINI GÖRƏ BİLMƏYƏN GÜNEYLİ İSMAYIL PİLPAYƏNİN ŞEİRLƏRİ

 

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində bu gün Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizlərə mərhum şair İsmayıl Pilpayənin şeirlərini təqdim edəcək. 

 

İsmayıl Pilpayə 1982-ci ildə Muğanda dünyaya göz açmış, orada boya-başa çatmış və ali təhsilini Mülki Mühəndisliyi fakültəsində bitirmişdir.

Şairin şeirləri qəzetlərdə, jurnallarda və daha artıq internet səhifələrində yayımlanmışdır. Son vaxtlar “Dişlərim teleqraf vurur” adlı şeirlər kitabını nəşrə hazırlamış, ancaq şair ürəyinin bir yolluq dayanması ona ilk şeirlər kitabının nəşrini görməyə imkan verməmişdir.

Çox təəssüflə 9 sentyabr, 2019-cü il Muğanın Parsabad şəhərində ürək infarktı nəticəsində həyata göz yummuşdur.

 

 

Ağlamağın harasındasan?

Gözlə məni

Gəlirəm

Boğulaq...

 

*

 

Kölgəmlə üzbəüzəm

Nədən?

Bilmirəm!

Axı mən üz çevirməmişəm günəşə!

 

*

 

Xatirə

Çıxmaz bir küçədir

Diş ağrısından da ağrılı, xatirədir.

 

Xatirə

Arazın o tayından gedən tirendir

Son görüşü

Bitirəndir.

 

Xatirə

İlk müəllimdir

Və mənlə oturan bir qız.

Ayaqlanmış bir güldür

Uşaqlıq bağında

Yeyilməmiş bir alma

Və alınmamış öpüşün həsrəti

Anların payızlığında.

 

Xatirə

Həsrətlə qarışıb

Axşam çağı pəncərədən qalxan

Hər səhər adamı yuxudan çağıran

Titrəməkdir küçə başında

Sevməkdir qorxa-qorxa

İlk “Alo”-dur telefonda.

 

Xatirə

Uduzmaq dəyəridir

Susqun və bom-boş əllərlə

Enməkdir dərəyə.

 

Xatirə

Bağlanmış bir pəncərədir

Gün çıxana

Bir ulduzdur, sönməyəcək

Düşməyəcək bu eyvana.

 

Xatirə

Açılmayan bir boğçadır

Damcı-damcı

Gözlərindən aslanır

Yavaş-yavaş boy atır.

 

Xatirə

Daşlar arasında cücərir

Ağrı doğan bir fəhlədir

Həm gündüzdür,

Həm gecədir.

 

 

FƏLAKƏT

 

Fəlakət

Yağışdır, isladır.

Fəlakət

Qurşundur, toxtadır.

Gözlərin

İsladır

Sonra, toxtadır...

 

 

DİŞLƏRİM TELEQRAF VURUR

 

Təklik basılır bağrıma

Göyün gözünün yaşlarında

Təklik kabinəsində;

Dişlərim teleqraf vurur...

 

Hey...

İstəyin bağrına qonmaq

Dənizim

Bağrında ada olmaq.

Hey...

İslanır gözlərim

Darıxdıqca sayaqlayır addımlarım

Dodaqlarım oxuyur yoxsul küçələri

Qulaq as

Hər addımda sənsizlik bağlı qapı-bacadan haray çəkir

Beynimdən nələr keçir, nələr...

 

Ah...

Yırtıq ciblərimdə əllərim döyünür

Qonaqsız küçələrdə

İnanıram ki, yorulmuşam

Addımlarım sayaqlayır

Damcı-damcı

Və yavaş-yavaş düşünürəm ki,

Heç bir kəs məni qurtarmayacaq!..

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

“Soruşun, cavab verək” rubrikasında daimi oxucumuz, mədəniyyət sferasında çalışan Mehman Bəyazit bu yaxınlarda Bakıda keçirilən Qoşulmama Hərəkatının mədəniyyətlə bağlı əsas direktivləri barədə söz açmağımızı xahiş edir. 

Əməkdaşlarımız “Mədəniyyətlərarası dialoqun təşviqi əsas məsələ olmalıdır” başlığı altında mətn hazırlayıb təqdim edirlər. 

 

 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının toplantısında dünyaya çağırış etdi

 

Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı deyib: 

“Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”.

Prezident qeyd edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. “Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram”, – deyə İlham Əliyev bildirib.

Qeyd edək ki, 1961-ci ildə əsası qoyulan və hazırda 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci böyük təsisatıdır. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ilin oktyabrında Bakıda keçirilən dövlət və hökumət başçılarının sammitində qəbul edib. Hərəkata sədrlik üç il müddətinə nəzərdə tutulsa da, üzv ölkələrin qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi Venesueladan təhvil almışdı. Azərbaycandan sonra sədrliyi Afrika qitəsindən Uqanda Respublikası qəbul edəcək.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakı Konqres Mərkəzində keçirilən nazirlər görüşünü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açaraq nəzərə çatdırıb ki, Kampala (Uqandanın paytaxtı) sammitinə hazırlıq çərçivəsində təşkil olunan bu görüş Qoşulmama Hərəkatının son dörd ildə fəaliyyətini nəzərdən keçirməyə imkan yaradacaq.

Sonra nazir çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevə verib.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” (1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən beynəlxalq konfransda qəbul edilən və dövlətlərin dinc yanaşı yaşaması, beynəlxalq münasibətlərlə bağlı on əsas prinsip – red.) əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub.

Dövlət başçısı diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu: “2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.

İlham Əliyev xatırladıb ki, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir: “Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq”.

Bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitinin uğurla keçirildiyini deyən dövlət başçısı bildirib ki, ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ikitərəfli qaydada və Dünya Səhiyyə Təşkilatı (DST) vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib, DST-yə 10 milyon dollar məbləğində könüllü töhfə verib.

Mart sammitində Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini deyən Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon dollar ayırıb.

 

BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir

 

Prezident qeyd edib ki, multilateralizmin (hər bir ölkəyə bütün tərəfdaşlarla münasibətlərdə imtiyaz imkanı verən beynəlxalq iqtisadi əlaqələr sistemi – red.) əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır: “Biz “Bandunq prinsipləri” ətrafında  qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.

Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.

Dünyada neokolonializmin hələ də qaldığını deyən İlham Əliyev vurğulayıb ki, bu siyasəti davam etdirən ölkələrdən biri Fransadır. Azərbaycan Prezidenti qeyd edib ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib: “Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.

Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi”.

 

Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir

 

Prezident onu da diqqətə çatdırıb ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.

“Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur. Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq”, – deyə İlham Əliyev əlavə edib.

Azərbaycan Prezidenti son günlərin olaylarından bəhs edərək bildirib ki, Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır: “Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik.

Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.

Bu gün dünyanın bir çox qlobal çağırışlarla üz-üzə qaldığını deyən İlham Əliyev bildirib ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır: “Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu pislənilməlidir”.

Prezident vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi Qələbəmiz oldu: “2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir”.

 

Bütün çətinliklərə baxmayaraq azad etdiyimiz əraziləri yenidən qururuq

 

Dövlət başçısı bildirib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən dağıdılıb, talan olunub: “Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir”.

Prezident qeyd edib ki, Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir.

“Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır.

Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.

Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür. Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər”, – deyə İlham Əliyev bildirib.

Prezident vurğulayıb ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadrat kilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir. Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan, həqiqətən də, regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”.

Dövlət başçısı çıxışının sonunda torpaqlarımızın işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə bir daha minnətdarlığını bildirib, həmçinin Azərbaycana sədrliyini uğurla həyata keçirmək üçün göstərdikləri dəstəyə görə üzv ölkələrə təşəkkür edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 14 iyul tarixində saat 10:00-da Lənkəran şəhəri Mədəniyyət Mərkəzində (Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 99) əsasən Lənkəran, Astara və Lerik şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.


Vətəndaşlar 10 iyul 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

22 –ci dərc

 

 

Polkovnik fikirləşməkdə davam edir, aldığı, bir-birindən «maraqlı» məlumatları çözməyə və əlaqələndirməyə çalışır, ancaq hələ ki, bir nəticəyə gələ bilmirdi.

Səlimin izlənilməsini dayandırmamağa qərar versə də, hələ ki, bu izləmələr konkret bir nəticə verməmişdi. İsfəndiyar Mövlayevlə görüşündən sonrakı dövrdə daha dörd nəfərlə görüşmüşdü Səlim. Gözlədiyi kimi, bu adamların hamısı ilə işgüzar əlaqələrinin olduğu, onların da Səlim kimi böyük biznes şəbəkələrinə malik şəxslər olduqları müəyyən edilmişdi. Ancaq Arif Dadaşzadə bununla kifayətlənib onları bir kənara qoymağı düşünmürdü. Məsələ bunda idi ki, bu sərbəstliyin fonunda Səlimin ailə üzvləri hələ də bir dəfə də olsun evdən bayıra çıxmamışdılar. Deməli, Day-dayla görüşündən sonra heç bir narahatçılığı olmayan görünüşü yaradan qoca tülkü əslində heç də arxayınlaşmamışdı, öz biznes işləri ilə maraqlanmaqla yanaşı həm də özünə lazım olan kəşfiyyat işləri aparır. Təhlükənin haradan gəldiyini öyrənib aradan qaldıranadək isə, ailə üzvlərinin evdən çıxmasını məqbul hesab etmir.

Bu halda son görüşdüyü dörd nəfərdən hansısa məhz araşdırmada maraq doğuran əsas adamlardan biri ola bilər. Biznes əlaqələrinin olması, heç də həmin adamlardan hansı iləsə başqa əlaqələrinin olmamasına dəlalət etmir. Bunu, hələ ki, sübutu və təsdiqi olmayan ehtmal kimi bir kənara qoyan polkovnikin fikirləri yenə də «Harun»a qayıtdı.

«Harun»… Sovet dövründə cinayət aləminin ən yüksək pilləsinə yüksələn, avtoritetli cinayətkarların özlərinin belə adını ehtiyatla çəkdikləri «Harun». Görəsən sənin əlində neçə insanın qanı var? Gənc bir oğlanın qətlinə fərman verməyinə səbəb nə olub?

 

* * *

Yorğun addımlarla piləkənləri qalxıb qapının zəngini basdım. Qapını açan Gülanə həmişəki kimi məni gülərüzlə qarşılayıb içəri keçməyimi gözlədi.

-Axır ki, gəlib çıxdın. Çox yorğun görünürsən. Keç, mən tez yeməyi qoyum.

-Yemək yeməyəcəm. İşim çoxdu. Eləcə bir stəkan su verərsən.

Bunu deyib içəri otağa keçib kresloda yerimi rahatladım. Nə qədər yorğun olsam da, yenidən şifrin üzərində fikirləşəcəkdim.

Gülanənin gətirdiyi suyu içib bardağı ona uzatdım.

-Çox sağ ol. Şirniyyat yemişdim, ciyərim yanırdı.

Gülanə bardağı alıb otaqdan çıxdı. Belə hallarda heç bir sual verməyən, maksimum sakitlik yaratmağa çalışan Gülanə mətbəxdə işləyən televizorun səsini alıb, sonra ara qapını örtdü.

Ayaqlarımı qarşımdakı jurnal masasının üstünə uzatdım, baxışlarımı tavana zillədim. Daha başlamaq olardı. Məsələyə bir neçə istiqamətdən yanaşsam da, şifrin açılmasının bu işdə əsas açar olduğuna şübhəm yox idi. Ancaq bu açarı tapmağım sanki daşa dönmüşdü. Hər şey də burada ilişib qalır, topladığım kifayət qədər faktın təhlili sonda bir qənaətə gəlməyimə imkan vermirdi. Nə olur olsun, bu gecə yatmasam belə, bu şifrin nə olduğunu tapmalıyam. 

Əlimi atıb telefonu götürdüm və qəbir daşında həkk olunmuş, artıq əzbərdən bildiyim  rübainin şəklini ekrana çıxardım və ancaq özüm eşidə biləcək səslə ucadan oxudum.

                                      Cənnət-cəhənnəmə girən yox, könül,

                                      Gedib o dünyanı görən yox, könül,

                                      Ümid və qorxumuz o şeydəndir ki,

                                      Onlardan heç nişan verən yox, könül.

 

Yaxşı, ilkin olaraq düşündüyüm və doğruluğuna şübhə etmədiyim ehtimalı, rəqəmlərin kombinasiyasını əvvəlki günlərdə yoxladım və bu heç bir şey vermədi. Səttarın ölümündən bir qədər əvvəl oğlundan onu qəbiristanlığa aparmasını və orada onu bir müddət tək qoymasını istəməsi zənnimcə ilkin ehtmalımın heç də əsassız olmamasını sübut edir. Elə kitabdakı bəzi sətir və sözlərin altında qoyulmuş xətt və nöqtələr də buna işarədir. Sadəcə, Səttar çox çalışsa da, çatdırmaq istədiyi fikri məzar daşlarındakı tarixlərin rəqəmləri ilə şifrələyə bilməyib. Ona görə də güman ki, başqa üsul seçib. Ancaq bu nə üsul ola bilər? Bəlkə rübainin mətni? Mətnin özündə sətiraltı nə isə gizlədilə bilərdi. Bəli, bu mümkündür. Əgər belədirsə, onda bunu necə tapmalı?

Telefon hələ də əlimdə idi. Sönmüş ekranı işıqlandırıb şeirə bir daha nəzər saldım. Yaxşı, gəl bu misraları növbə ilə təhlil edək. Birinci misra «Cənnət-cəhənnəmə girən yox, könül». Öləcəyini bilən birisinin qəbrinin başdaşına həkk olunması üçün cənnət-cəhənnəm mövzusunda olan misraları seçməsi normal qəbul oluna bilər. Bunu ikinci misraya da eynilə aid etmək olar - «Gedib o dünyanı görən yox, könül». Eynilə, burada da hələ ki, qeyri-adi bir şey görmürəm. Keçək üçüncü misraya - «Ümid və qorxumuz o şeydəndir ki». Aha, burada hələ Xudatda olarkən gəldiyim ehtimallara işarə var. Səttarın oğlu üçün qorxduğu və nə vaxtsa gələcək adamın ona kömək edəcəyinə ümid bəsləməsi barədə dediklərim bu misrada yerini alır. Deməli, ehtimallarımdan biri özünü doğruldur. Bunu şifrin təhlilində kiçik də olsa, irəliləyiş saymaq olar. Qalır sonuncu, dördüncü misra. «Onlardan heç nişan verən yox, könül». Yaxşı, bəs bu sözləri necə yozmaq olar? Deyək ki, ümid və qorxusu olan şeylərdən bir nişan verənin olmadığını demək istəyib qoca. Bu nə ola bilər? Bəlkə özü ilə apardığı sirdən çox az adamın xəbərdar olduğunu, onların da ölənədək susacaqlarına eyham vurur? Niyə də yox? Burada uyğunluq görürəm. Elə otuz il gizli qalması da bu sirri daşıyanların susmağa üstünlük vermələrinin bir sübutu deyilmi? Bəs əks tərəfdən yanaşarsaq? Aha, bu da maraqlı nəticə verir. Əks yanaşma, bu sirri heç də tək Səttarın deyil, hansısa səbəbdən susmağa məcbur olan, lap az sayda olsa belə, başqalarının da bildiyini təsdiqləyir. Bu da bir əlavə məlumatdır və bunu artıq hansısa nəticə adlandırmaq olar.

Məlum məsələdir ki, Ömər Xəyyam bu rübaini yazanda nə vaxtsa illər sonra onların hansısa bir Səttara lazım ola biləcəyini düşünüb belə yazmayıb. Ancaq Səttar vaxtı gələndə sevdiyi şairin uyğun gələn şeirini seçib və ən azından indi fikirləşdiklərimi onun bu beytindən istifadə etməklə çatdırmaq istəyib. Sağ ol qoca, deyəsən yavaş-yavaş səni başa düşməyə başlayıram.

Artıq məsələnin məhz rübainin mətnindəki sətiraltında gizlədildiyini düşünmək üçün əsasım var. Onda davam edək. Başqa nə verə bilər bizə bu misralar? Ayrı-ayrılıqda baxdığım sətirləri bir daha birləşdirib oxuyaq. Ancaq axı bunu bəlkə yüz dəfə oxumuşam və nə isə bir məna verə bilməmişəm. Hər halda oxuyum…

Rübaini yenidən, neçənci dəfə ucadan oxudum. Dördüncü sətiri oxuyanda birdən dayandım. Stop. Buna necə fikir verməmisən, könül sözü, bu söz mətndə üç dəfə təkrarlanır. Bu sənə heç nədən xəbər vermir ki, detektiv? Belə təsadüf olmur axı. Səttar kimi ağıllı bir adam, qorxu və ümidini cəmi iki misradakı sözlərlə çatdıra bilibsə, könül sözünün həmin misralar da daxil olmaqla üç misrada təkrarlanması elə-belədirmi? Məncə əsla və əsla yox. Onda bəs bununla nə demək istəyib mərhum? Fikirləş detektiv, fikirləş…

 

* * *

Qaranlıq həyətdə gəzişən «Qızılbaş» qəzəbindən özünə yer tapa bilmir, o baş-bu başa gedib var-gəl edirdi. Bir qədər əvvəl Dəmirdən gəlmiş zəng əhvalını tam korlamış, yuxusunu ərşə çəkmişdi. Geyinib həyətə düşmüşdü, yaranmış vəziyyətdən çıxış yolu axtarır, var-gəl etdikcə öz-özü ilə danışırdı.

-İndi belə çıxır ki, başıma yığdığım, ətrafımda olan adamlarımın hamısından şübhələnməliyəm? Maşının həyətə gəldiyini Dəmir belə tez necə öyrənə bilərdi? Belə çıxır ki, burada nə baş verirsə, hamısını bilir bu adam? Hələ axırıncı sözləri. “Adamı tap və məsələni kökündən həll et”. Demək asandır, bu boyda şəhərdə neçə gündür ən peşəkar adamımızın öz dəstəsi ilə birlikdə axtardığı, ancaq izinə düşə bilmədiyi birini ən qısa vaxtda aradan götürməyi tələb edir.

Var-gəl etməyi dayandırıb həyətin ortasında dayanan «Qızılbaş» bir qədər sakitləşdiyini hiss etdi. Əlindəki siqardan bir qullab vurub daha sakit başla fikirləşməyə davam etdi.

-Bir tərəfdən də Dəmir haqlıdır. Təhlükə varsa, onun qarşısını vaxtında almaq lazımdır. İş işdən keçəndən sonra çox gec olar. Qarşı tərəf illərin sınağından çıxmış peşəkarlardırlar. Əgər bu ünvanı müəyyən etsələr mənə, bundan sonra da Dəmirin özünə çıxa bilərlər. Sonra isə… Məhz bunu anladığı üçün Dəmir məsələni belə qoyub. Hər şey başqa cür getsə, onun özünü də bağışlamayacaqlar. Başqa tərəfdən də, keçmiş polis işçisi olan detektivin qətli çox böyük səs-küyə səbəb olacaq. Bunu və məsələnin hələ o qədər də dərinə getmədyini nəzərə alsaq, bəlkə də bu, tələsik bir qərardır. Bəlkə heç qarşı tərəf bu maşınla maraqlanmayacaq və bu məkanı da müəyyən etməyəcək. Ancaq risk etmək də baha başa gələ bilər. Onsuz da ilk gündən uduzan tərəfə çevrilmişik. Bu Bəxtiyar tanıdığım gündən bir addım da yox, düz iki addım öndə gedir. Olsun, elə ya belə, Dəmir qərarını veribsə, onu heç vaxt dəyişməyəcək.

Elə bu vaxt həyət qapısının zəngi çalındı. Yaxınlaşıb qapının qıfılını açan «Qızılbaş» geri çəkilib gələn adamı içəri buraxdı.

Həyətə keçən, başdan ayağa qara geyinmiş uzun adam salamlaşmadan üzünü ona tutub soruşdu:

-Əgər bu saatda məni neçə gecədir boş qoymadığım müşahidə yerimi tərk edib buraya çağırmısansa, deməli nəsə ciddi bir şey baş verib?

«Qızılbaş» məzəmmətlə ona baxdı.

-Əvvəllər sən yerində atılmış və yüz faiz özünü doğruldan ağıllı addımların ilə yadda qalardın. Son vaxtlar isə ancaq ağıllı fikirlərini eşitməklə kifayətlənməyə məcburam. Bəli, baş verib. Günləri boşa verdik, nəticədə arzuolunmayan qərar verildi.

-Deməli..?

-Hə, düz başa düşdün.

-Bu asan olmayacaq.

-Əgər nəzərə alsaq ki, bunu etməmək hamımız üçün daha ağır nəticələrə gətirib çıxaracaq, onda bunun bir yolunu tapmalısan. Bu artıq mənim yox, sənin işindir.

Uzun adam fikrə getdi.

-Bəzi fikirlərim var idi. Ancaq vəziyyət kökündən dəyişdisə, indi gərək hər şeyə yenidən baxım. Narahat olmayın, bir şey fikirləşərəm. Bu nə birincidir, nə də axırıncı.

-Elədirsə, vaxt itirmə.

Uzun adam qapıya tərəf bir neçə addım atdı. Ancaq qapıya çatanda qəfildən dayanıb geriyə döndü və üzünü «Qızılbaş»a tutdu.

-Yadınızdadır, bir neçə dəfə buraya gələndə mənə yemək yeməyi təklif etdiniz, mən isə imtina etdim. Bilirsiz niyə?

-Niyə, -«Qızılbaş» təəccüblə ona baxdı.

-Çünki aşbazınız xoşuma gəlmir.

Bu sözləri deyən uzun adam qapını açıb həyətdən çıxdı. Onun ardınca örtdüyü qapıya bir xeyli baxan «Qızılbaş» nəhayət baxışlarını qapıdan ayırıb astaca başını yellədi.

-Deməli aşbaz qadın…

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

 

 

 

 

 

 

 

 

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik və sazbəndlər” adlı layihənin həyata keçirilməsinə start verilib.

 

Layihə və onun həyata keçirilməsinin məqsəd və vəzifələri barədə xəbər yayan ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu deyib ki, Azərbaycan aşıq sənətindən danışanda ilk növbədə sazbəndlik yada düşür: “Sazbəndlik bir sənət sahəsi kimi çox qədim tarixə malikdir, daha doğrusu, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir. Yəni sazbəndlik sənəti və sazbəndlər olmasaydı, aşıq sənəti də bunca inkişaf edə bilməzdi. Zaman-zaman bir sənət sahəsi kimi, sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. Ancaq təəssüflər olsun ki, indiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Aşıq sənətinin Azərbaycanın milli mədəni sərvəti kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ilə bu sənətə qayğı və diqqət daha artırıldı. Bu baxımdan, qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə də diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca aktualdır”. 

M.Nəbioğlu onu da əlavə edib ki, xalqımızın bu qədim sənət sahəsi indiyədək əhatəli öyrənilməyib. Bu sahəyə diqqətin ayrılması, həm bir sənət sahəsi kimi sazbəndliyin təbliğinə kömək edəcək, həm də gənclərdə bu sənətə marağın artmasına səbəb olacaq. Layihə çərçivəsində bir sənət sahəsi kimi, sazbəndlik, sazın düzəldilmə texnologiyası və sazbəndlərin həyat və fəaliyyətlərindən bəhs edən kitabın hazırlanması nəzərdə tutulur. 

Onun sözlərinə görə, layihənin oktyabrda başa çatdırılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.