
Super User
Milli-mənəvi sərvətimiz – Rafiq Əliyev
Şair-publisist Rəfail Tağızadənın görkəmli alim Rafiq Əliyev barədə yazısı “Ədəbiyyat və incəsənət”in növbəti manşet yazısıdır. Oxuduqca insan belə bir alimin həmvətəni olmasından qürurlanır.
Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da, o, Amerikadan çox əzəmətli görünür.
(Məşhur amerikan alimi Ronald Yager)
İnsan yaşlaşdıqca zahiri görünüşü gündən-günə nurlanırsa, bu, insanın daxili aləminin zənginliyindən xəbər verir.
Bəzi insanlar dəniz kimidir. Get-gedə təmizlənir. Gözəlləşir.
Ovqatını təzələyir, sənə yeni ruh verir.
Ətrafı işıqlandırır…
Millət, xalq insanı ilə, seçilmişləri ilə tanınır.
İnsan özünü dərk edəndən, vətən məhfumunu anlamağa başlayandan könlündən, düşüncəsindən həmişə xüsusi bir istək keçir: “Özününküləri – öz millətinin nümayəndələrini ön sırada görmək”. Normal istəkdir. Tanıdıqlarını, görmək istədiklərini yüksək kürsülərdə görəndə, qazanılan titullar sırasında adını, mötəbər məclislərdə səsini eşidəndə ürəyin dağa dönür. Qürurlanırsan. Daxili bir rahatlıq tapırsan.
Mövcud elmi nəzəriyyələrə eyham kimi baxmayan, elm avtoritetləri qarşısında baş əyməyən, dünya elmi ictimaiyyəti tərəfindən qəbul və geniş istifadə olunan elmi nəzəriyyələri, o cümlədən “Sistemlərin dayanıqlıq nəzəriyyəsi”, “Ümumi qərar qəbuletmə nəzəriyyəsi” və “Yeni qeyri-müəyyən ədədlər hesabı” ilə millətə baş ucalığı gətirən, hamının uğurlarına sevinən, hamımızı ruhlandıran professor Rafiq Əliyev kimi.
R.Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olub. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaradıb, Azərbaycanda, Rusiyada, Almaniyada, Türkiyədə, Kiprdə və İranda 150-dən çox elmlər namizədi, 30 elmlər doktoru hazırlayıb. Onun yetişdirdiyi elmlər doktorları sırasında bu gün dünyanın müxtəlif ölkələrində uğurla çalışan alimlər var.
Rafiq Əliyevin üstünlüklərindən və uğurlarından biri də dünyanın qəbul etdiyi RAFIQ ƏLIYEV MƏKTƏBİdir. Onun dünyanın aparıcı elm ocaqlarından, nüfuzlu (indeksli) jurnallarından səsi gələn tələbələri hazırda onun yaratdığı məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Kanada, Türkiyə, Rusiya, İran və s.) davam etdirirlər.
R.Əliyevin rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir dünyanın bir sıra ölkələrində “Qeyri-səlis sistemlərin tətbiqi”, 2000-ci ildən başlayaraq hər iki ildən bir Daşkənddə “Qeyri-səlis sistemlərin tətbiqi və Soft Computing”, 2000-ci ildən başlayaraq hər iki ildən bir müxtəlif şərq ölkələrində “Sistem təhlilində, qərar qəbuletmə və idarəetmədə sözlə hesablama və Soft Computing” üzrə beynəlxalq elmi konfranslar keçirilir.
O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniya, İtaliya, İspaniya, Fransa, Türkiyə, Kipr və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfransların yaradıcısı və sədridir. Onun rəhbərliyi altında keçirilmiş belə konfransların sayı 30-dan çoxdur. O, bu konfransların birincisini hamımızın nağıllar, röyalar şəhəri olan doğma Təbrizdə keçirib. Bu da təsadüfü deyil. Rafiq müəllim o illəri belə xatırlayır: “Təbriz mənim yuxularımın şəhəri idi. Tanrı elə qismət elədi ki, 3 il Təbriz Universitetində çalışmalı oldum (1992-1994, ildə 3 dəfə 1 ay). Bu illər ərzində yeni ixtisaslar açdıq, elmlər doktorları hazırladıq, müasir elm sahələri üzrə ingilis dilində 3 kitab dərc elətdirdik. Ancaq düşünürdüm ki, Təbrizin adını yüksəklərə qaldırmaq, yaşatmaq üçün bu azdır. Dostum, Təbriz Universitetinin rektoru, professor Hüseyn Pur Feyzi ilə dünyada Təbrizin adını yüksəltmək üçün ilk beynəlxalq elmi konfransı Təbriz Universitetində keçirməyi qərarlaşdırdıq. Bütün elmi, təşkilati işləri həyata keçirdik. Konfransa dünyanın müxtəlif ölkələrindən – Amerika, Almaniya, Rusiya, Türkiyə, Azərbaycan və s. ölkələrdən – 500-ə yaxın alim və mütəxəssislər gəlmişdilər. Konfransa bir neçə gün qalmış belə bir fikir irəli sürüldü ki, bu konfrans Tehranda keçirilsin. Mən qətiyyətlə bildirdim ki, bu elmi konfransın keçirilmə yeri Təbriz olmalıdır. Dünya Təbrizi qoy bir elmi mərkəz kimi də tanısın. Bu təkid nəticə verdi. Axı mən düşünürdüm ki, böyük Nizami demişkən;
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Konfrans çox uğurla keçdi. Bu Təbrizimizin uğuru idi”.
Rafiq Əliyev haqqında açıqlama verən Lütfi Zadə görkəmli professorun “İnperfekt (tam olmayan) informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi” işinə görə Nobel mükafatı ala biləcəyini deyib. (Yəni hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilsin).
Bütün bunları eşitdikcə qürur hissi keçirirsən.
Rafiq müəllimin dünyanın aparıcı universitetlərində tədris olunan xeyli sayda kitabları var. Adama elə gəlir ki, 74 kitabın müəllifi olan Rafiq müəllim durmadan kitab yazır. Rafiq müəllim isə kitabı qonorara, mükatafa, təltifə görə yox, ancaq yeni ideyası olanda yazır.
Bəşəriyyəti tərəqqiyə, inkişafa aparacaq, yeni nailiyyətlərin özülü qoyulacaq bu kitabların müəlifinin səninlə bir zamanda yaşaması, sənin həmvətənin olmasının özü bir xoşbəxtlikdir. Nə mutlu bizlərə ki, Rafiq müəllimlə eyni zamanı və eyni məkanı bölüşürük.
Biz çox zaman özümüzünkülərin – yanımızdakıların qədrini, dəyərini bilmirik. Onlar haqqında əcnəbilərin fikrini eşidəndən sonra qayıdıb ona yenidən baxmalı oluruq. Amma içimizdə hələ də tərəddüd qalır. İnana bilmirik ki, dahi deyilən adamlar bizimlə bir arada yaşaya bilərlər. Onlardan biri bizim tanıdıqlarımızdan biri ola bilər. Biz zamanında özümüzünkünləri qiymətləndirmirik. Bizi daima artıq gec olan yoxluq silkələyir. Tərpədir...
Rafiq müəllimin bütün məsələlərə yanaşması qlobaldır, fundamentaldır. Onun yanaşmasında məsələnin özündən çox onu yaradan səbəbləri – qaynaqları öyrənmək, onu törədənlərin nədənlərini açmaqdır. Hadisəni, situasiyanı, onu doğuran səbəbləri araşdıraraq nəticə çıxarmaq, fikir yürütmək məsələsidir.
Bu ən xırdadan tutmuş, ən böyük məsələlərə, hadisələrə zaman və məkan baxımını nəzərə almaqla elmi baxış etmək, əsaslanmış qərarlar qəbul etməkdən doğaraq qənaətə gəlmək bacarığıdır. Bu fikirlərdə, yanaşmalarda dəqiq elm sahəsi ilə məşğul olan adamın baxışının, gəldiyi qənaətin olduğu açıq-aydın hiss olunur. Məhz, fərqlilik də elə bundadır.
Rafiq müəllimin uğurlarının fövqündə insanın azadlığı, azad düşüncə sahibi olması dayanır. Daxili azadlığını həmişə qoruyan Rafiq müəllim hərəkətləri, davranışları ilə nümunədi. Bir də nəfsə qarşı olmağı. “İnsanı şəxsiyyət edən onun nəfsidir. Bütün məsələlərin kökündə nəfs dayanır. Nə qədər savadlı adam, yaradıcı insan olsan, elmi dərəcən olsa və ya hər hansı yüksək vəzifə sahibi olsan belə, onda şəxsiyyət olursan ki, nəfsinə hakim kəsilə bilirsən. Bu halda həm də şəxsiyyət kimi yaddaşlarda qalırsan. Bütün səhv addımlarına rəğmən, insan özünü necə təqdim etməsinə, onun hansı formada təqdim edilməsinə baxmayaraq, istənilən halda məhz nəfsinə hakim olanlar yaddaşlarda qalır, xatırlanır...”.
Həyat çətinliklərlə zənginləşir.
Zəhmət insanı ən uca zirvəyə qaldırır. İnsanı çətinliklər bərkidir. Püxtələşdirir.
Bir də gendən gələn şeylər var. Sən onun daşıyıcısısan. Daşıyırsan və ötürürsən.
Təmizlik, daxili saflıq, xarakter...
Rafiq müəllim təmiz yaşamaqdan, öz zəhmətinin sayəsində qazandığınla dolanmaqdan söz düşəndə daima iki şeyi misal gətirir: “Atam Ağdamda idarə müdiri işləsə də, ailəmizi ancaq maaşıyla dolandırırdı. Bu pul ailənin yeməyinə və geyiminə çatırdı. Uşaqların kitab-dəftərinə pul qalmırdı. Uşaq vaxtı barama qurdu saxlayırdıq ki, il ərzində lazım olan kitab-dəftəri ala bilək. Bir dəfə tut ağacına çıxıb budağı qıranda dəhrə əlimdən çıxıb ayağıma dəydi. O iri göy yara yeri qıçımda indi də qalır. Hər dəfə onu görəndə o günləri xatırlayıram. Qıçımdakı o göyərti mənim “Həyat mayakımdır”.
“Moskvada aspiranturada oxuduğum illəri tez-tez xatırlayıram. Təzə evlənmişdik. Aldığım təqaüd ayın axırına çatmırdı. Aidə xanım utana-utana mağazadan bir alma, iki kartof alırdı. Amma mənə heç nə demirdi. Sonra müdafiə etdim. Maaşım artdı. Ev aldım. Mükafat aldım. Kitablarım çıxmağa başladı.... İmkanlarım xeyli genişləndi. Amma o günləri heç vaxt unutmadım...
Bir dəfə elmi rəhbərim bizi evinə qonaq çağırdı. Qış vaxtı idi. Aidə xanım nazik ayaqqabı geymişdi. Professor Petrov ayaqqabını görüb təəccübləndi ki, qarda belə ayaqqabımı geyərlər? Dinmədik. Deyə bilməzdik ki, elə olanı budur. Yəni biz bu əzablardan keçib gəlmişik”.
Rafiq müəllim çox dözümlüdür. Ən ağır hadisələrə, situasiyalara müdrikcəsinə yanaşma var bu müdrik insanda. Yaxınlarını, doğmalarını belə əsəbləşdirən, özündən çıxaran insanlara, hadisələrə ötəri bir təbəssümlə yanaşır. Alim olmayıb özünü alim kimi (hətta dünya səviyyəli alim kimi) təqdim edənlərə də, danışıqlarında özü olmayanlara da, yalançı vətənpərvərlərə də. “O da elədi. Mən onu olduğu kimi qəbul edirəm”, söyləyir. Emosiyasız. Sakitcə... Böyük olaraq. “Siz ona niyə elə reaksiya verirsiz. Hamı eyni cür olsa, dünya yeknəsək olar” deyərək.
Onun təbəssümü qarşısında boşalırsan, yumşalırsan. Qeyri-ixtiyari sən də olanları elə o təbəssümlə də qarşılamalı olursan. Hər halda o anda...
İlk baxışdan, danışıqdan, təmasdan sadə, sakit görünən, səsində, baxışında daima qəribə bir mülayimlik hiss olunan bu insanda işinə, yoluna, əqidəsinə qarşı inanılmaz bir prinsipiallıq var. Dönməzlik var. Və bir də xoşlamadığı, fikir və düşüncələri üst-üstə düşməyən insanların yaxşı işini görəndə, xoş xəbərini eşidəndə onları o məqam üçün qiymətləndirməsi və hadisəyə sevinməsi. Bəlkə də budur insanların ona olan sevgisinin səbəbi.
“Dünyanın tanınmış alimisiz, tez-tez elmi konfranslarda sədr, ya iştirakçı kimi iştirak etmək üçün ABŞ-a, Avropa ölkələrinə getməli olursunuz. Niyə gedib ABŞ-da, ya Avropa ölkələrinin birində yaşamırsız?” – deyə soruşanlara, “mən indi işğalda olan Qarabağda doğulmuşam. Onu bu vəziyyətdə qoyub hara gedim?” – cavabını verən Rafiq müəllim söhbətlərində, hətta elmi müsahibələrindəki pauzalarda da xəyalən o yerlərə gedir. O yerləri gəzib gəlir. Ağdamdakı, evlərinin eyvanındakı mizin siyirtməsində qalan uşaqlıq xatirələrini yada salır. Olanlardan-keçənlərdən danışır. O illərlə söhbət edirmiş kimi...
Musiqini çox sevir. Bəlkə də bu onun doğulub boya-başa çatdığı yerlə, məkanla – Qarabağla bağlıdır. Klassik musiqini, muğamları, bəstəkar mahnılarını sevə-sevə dinləyir. Orta məktəbdə tar sinfinə getməsi ona musiqi ilə bağlı fikrini bildirmək imkanı verir. "Zəminxarə"yə qulaq asmaqdan doymur.
İnsan kənara çıxdıqca Vətənini, yurdunu və millətini daha çox sevməyə başlayır.
Yəqin məsafə sevgiylə düz mütənasibdir.
Dünyanın harasında olursa olsun, onun adının yanında, adıyla yanaşı Azərbaycanın, Ağdamın, doğulduğu Novruzlu kəndinin adının yazılması, səslənməsi və onunla bağlı, əsasən də xarici dilli yazılarda bu adların olması ona xüsusi xoş bir əhval-ruhiyyə gətirir. Zövq verir. “Mən yurdumu, vətənimi, Azərbaycanımı dünyada tanıtmağa çalışıram”, söyləyir. Fikirləri, düşüncələri, ideyaları ilə dünyanı gəzən, dünyanın elm nəhənglərini öz düşüncəsi, ideyaları ilə təccübləndirən bu adamın məmləkətinə, millətinə xüsusi bir sevgisi var.
Hər şeydə nəfsini saxlaya bilən Rafiq müəllim dostlara olan sevgi nəfsini saxlaya bilmir. Düşüncəsi, əqidəsi üst-üstə düşən insanları görəndə, “Bu gün mən daha çox qazandım”, – deyir. “Sizləri tanıdım. Dost qazandım”, – söyləyir. İnsanın yeni nailiyyətinə, uğuruna çox sevinir. Demokratik düşüncəli, daxilən azad insan görəndə, “hələ bu millət ölməyib, öləziyib”, – deyərək, daxilən bir rahatlıq tapır.
Milləti, xalqı, dövləti tanıdan, ucaldan hər kəsin uğurunu öz uğuru sayır. Uğura sevinir.
Nə yaxşı ki, sevə-sevə ömrünü həsr etdiyi elm sahəsi var. Ona, ölkəsinə, hamımıza uğur və sevinc gətirən elmi nailiyyətləri var. Gözəl övladları, nəvələri. Bir də dəyər verdiyi yaxşı dostları var.
Rafiq müəllim ayrılıqdan da ayrıla bilmir. Ayrılmaq istəmir. Qarabağ itkisindən sonra onun da içində bir həsrət, ayrılıq var. Yurd həsrəti. Yurd ayrılığı. Bu ayrılıqların üstünə bir əbədi ayrılıq da gəldi. Onu xatirələrin qoynuna alıb aparan, hər an yada salan, yadlaşmayan, onu tək buraxmayan həyat yoldaşı Aidə xanımın ayrılığı...
Rafiq müəllim son vaxtlar bağ evinə ancaq dostları ilə gedir. Hər dəfə hamı oranı tərk edəndə bağı bir neçə dəfə təkcə addımlamağa başlayır. Hərdən əlini çənəsinə dayayaraq nələrəsə cavab verirmiş kimi dayanıb gözünü bir nöqtəyə zilləyir. Üzünün ifadəsi dəyişir. Baxışlar dəyişir...
Sanki “Ayrılıq nə yaman çətin, ağır olurmuş”, – söyləyir özü-özünə. Heç kim onu o ovqatdan ayırmaq istəmir. Hamı bilir ki, o, indi tək deyil. (Əslində son vaxtlar həmişə belə olur.) Yanındakı xəyalıyla üstünü qum örtmüş köhnə addım izlərinin üzəri ilə qoşa addımlarla həyəti gəzməyə başlayır. Hərdən budağı yuxarı qaldırır ki, yanındakına toxunmasın. Əlini qolundan keçən əlin üstünə qoyub yanındakına nəsə pıçıldayır, nəyisə xatırladır. Ağacın yarpağını sığallayır, çiçəyini qoxlamaq üçün ona tərəf əyir. Uzaqlardakı, xatirələrdəki sevincli günləri sanki təzədən yaşayır. Həyətin sonundakı hasara çatıb dayanır. Bir vaxtlar yaşıl, güllü-çiçəkli bağın nə tez solduğunu, saraldığını sanki indi görür. İndi hiss edir. Geriyə dönüb ətrafa saralan, quruyan güllərə, çiçəklərə baxır... O, olan hər yerlərdə onu axtarır. Sonda başını qaldırıb yoxluğu evin eyvanında axtarır. Səhərlər, axşamüstü o eyvandan bəslədiyi güllərə, çiçəklərə, ağaclara və ona baxan, ONA.......
Üzünə qonmuş müvəqqəti təbəssüm sönür. Gözündəki sevinc yox olur. Dayanıb uzaqlara baxır.
Həyət qapısı bağlanmamış bir də geri dönüb olanları yerinə qoyur. Xatirələri bir həftəlik könülsüz baş-başa buraxıb, artıq o, doğma, sevinci yox olmuş, şənliyi sönmüş bağ evindən çıxır…
Ən çox danışan sükutdur, deyirlər. Rafiq müəllimin sükutu adama hər şeyi deyir. Eşitmək istədiyini də, demək istədiyini də. Onunçün pauza fikirlə qərar arasındakı son aralıqdır. Qərarlaşma zamanıdır.
Söhbət, danışıq əsnasında yaranan pauzadan sonra bilirsən ki, fikrin tam əhatəli yekunu veriləcək.
Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir. Hər bir ölkə istəyər ki, onun Rafiq Əliyev kimi alimi olsun. Lütfi Zadə.
Rafiq müəllim həqiqətən xalq üçün, millət üçün lazım olan çox əziz bir varlıqdır. Töhfədir. Bu reallıqdır.
Aristotel məntiqini qəbul etməyən, 0-la 1 arasında nə qədər rəqəmlərin, ağla qara arasında çoxlu sayda rənglərin, rəng birləşmələrin, kəskin fərqlər arasındakı keçidlərin olduğunu sübut edən, bunlarla bağlı yeni nəzəriyyələr yaradan adamın niyə daha çox qara geydiyi başa düşülən deyil. (Onun qara rəngi sevdiyini bilirəm). Bəlkə bu onun xarici görünüşünün eyniyyətinə oxşarlığından doğur. Bəlkə də...
Dümağ saçı qarayanız sifətinə, ümumi ortamda bir uyğunluq gətirir. Rafiq müəllimin qarayanız üzündə bir parıltı var.
Özü nefti sevməsə də, nədənsə Rafiq müəllimə kənardan baxanda o, mənə nefti xatırladır. Amma Azərbaycan neftini yox, Norveç neftini. (Onu neft buruqlarına bənzədirəm. Uzaqdan səmanın qoynunda görünən neft buruqlarına). Xalqın, insanların gələcəyinə yönələn, xeyir verən, hamının ola bilən və ondan hamıya pay düşəsi milli sərvətə.
Rafiq müəllim işıqlı adamdı. Nurlu adamdı. Adam onunla söhbətdən doymur. Yeni enerji, güc, yaşamaq həvəsi alır. Hər dəfə ondan ayrılanda mənən doyduğunu hiss edirsən. Çox pozitivdi. Səmimiyyətiylə, qayğısıyla. Doğmalığıyla. Onda xüsusi bir cazibə var. Təmizlikdən, saflıqdan, səmimiyyətdən doğan cazibə. Heç bir umacağı olmayan bu adam insana sevgi, ümid və xoş ovqat bəxş edir.
Rafiq müəllim söhbət əsnasında Əhməd Ağaoğlundan “Qarabağlılar yaman and içən olurlar” iqtibasını gətirir. “Sənin əziz canın üçün”, – deyib, sözünü davam etdirir. Bu, Rafiq müəllimin kimə nəyi isə inandırmaq fikrindən irəli gəlmir. Onsuz da hamı onun səmimiyyətinə, dürüstlüyünə qeyri-şərtsiz inanır. Hamı bilir ki, bu and, and içdiyi adamın ona əziz, doğma olduğunu bildirmək üçündür. Rafiq müəllim bunu o qədər səmimi və gözəl edir ki, hamının içindən Rafiq müəllimin onun canına and içməsi keçir.
Mən bilirəm Rafiq müəllim ingilis dillilər üçün yazdığı kitabları ingiliscə, alman dillilər üçün almanca, rus dillilər üçün yazdığı kitabları rusca yazır. Amma bilmirəm, Rafiq müəllim ingilis, alman, rus dillərində də Qarabağ ləhcəsiylə belə şirin danışırmı? Azərbaycan türkcəsində elə şirin danışır ki, bu adamın sənə nə qədər doğma, əziz olduğunu bir daha hiss edirsən.
Eynəyin arxasından gözlər eyni bir nöqtəyə dikiləndə düşünürsən ki, beyində hansısa bir hesablama, əməliyyat gedir. Çox dəqiq bir analiz aparılır. Bu proses bir müddət davam edir. Hansısa bir qənaətə gələnə kimi.
“Vaxt Rafiq müəllim üçün daha əhəmiyyətlidir, vacibdir”, – deyib, növbəti görüşü, ünsiyyəti gözləməli olursan. Narahat etməkdən çəkinirsən. Hansısa ideyanın gecikməsindən ehtiyatlanırsan.
Onunla keçən zamanın necə keçdiyini duymursan. Çünki yorulmursan. Öyrənirsən. Saflaşırsan... Üzünə xoş təbəssüm qonur. İçinə rahatlıq gəlir. Ovqatın təzələnir. Təmizlənirsən. Durulursan.
Ziyarətə getmiş kimi...
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
Sosial mediadakı poeziya incilərindən: Nuranə Təbriz, “Ümid bitən yerdəyəm”
“Ədəbiyyat və incəsənət” portalının “Sosial mediadakı poeziya inciləri” rubrikasında bu dəfə sizlərə Nuranə Təbrizin bir gözəl şeirini təqdim edirik. “Ümid bitən yerdəyəm” adlanan bu şeiri bəyənəcəyinizə inam hədsizdir.
“Kiminsə etdiyi yaxşılığın əvəzində sizi öz təsiri altına salmasına icazə verməyin. Heç kəsə özünüzü borclu saymayın, əks halda əmr quluna çevirləcəksiniz! Bəzilərinin silahı üzündə yaratdığı saxta təbəssümüdür. Vicdanınızdan istifadə etməyə çalışan mələk libaslı iblislərdən uzaq durun! Anlam vermədiyiniz bir şəkildə şiddətli yaxşılıq, yaxınlıq, görürsünüzsə uzaq durun, əmin olun ki, bu davranışın altında sizdən istəkləri olacaq! Arxanızca danışanların çoxluğundan narahat olmayın, əksinə sevinin ki, onların sizin qarşınıza çıxacaq üzü yoxdur” - bu dəyərli kəlmələr də Nuranə xanımdandır. Əslən Qazax bölgəsindən olan Nuranə Təbrizin ruh şairəsi olduğunu söyləməyə hər cür əsasımız var.
Həyat şirinmiş demə,
Dadını unutmuşdum.
Körpə xəyallarımın
Adını unutmuşdum.
İndi arzularımın
-üstdə zireh çəkirəm.
Vaxtı ovutmaq üçün
Hər gün təsbeh çəkirəm.
Axtarıram tapmıram
-Bəxtim itən yerdəyəm.
Getməyə yol görünmür,
Ümid bitən yerdəyəm.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
Heydər Əliyevə ithaf olunan şeirlər
“Ədəbiyyat və incəsənət” portalı Ümummilli lider Heydər Əliyevə ithaf olunan şeirlərdən bir neçə yarpaq diqqətinizə çatdırır.
Neçə tufanlara sinə gərdiniz,
Can deyən, can verən Azərbaycana.
Ləyaqətinizlə bənzəyirsiniz
Sinəsi yaralı Koriolana...
(Səyavuş Məmmədzadə)
***
Mən rəhbərdən çox yaxşılıq görmüşəm,
Verdiyindən hamıya pay vermişəm.
Yaxşılıqdan qızıl saray hörmüşəm,
Qal baxtımın sarayında, yaxşılıq,
O tayımda, bu tayımda yaxşılıq.
(Söhrab Tahir)
***
Sağ ol xalqımızın igidi, mərdi!
Bu, bir şücaətdi, bu, bir hünərdi.
Getdi sinəmizdən Cavidin dərdi,
Unutmaz bu haqqı millətin sənin.
Əhsən kamalına, əqlinə əhsən!
Bir xalqın oğlusan, demirəm təksən.
Sən xalqa endikcə yüksələcəksən,
Adi xidmət deyil xidmətin sənin.
(Mirvarid Dilbazi)
***
Qurtardın bölümdən Azərbaycanı!
Sən ey ağlı ümman,
Ürəyi incə!
Sən həyat bəxş etdin minlərlə gəncə.
Açıb xəyanətin sən iç üzünü,
Silməkçün torpaqdan bu qan izini
Çağırdın, səs verdi sənə millətin.
Xalqı məğlub etmək çətindir, çətin!
(Mirvarid Dilbazi)
***
Şükürlər olsun Allaha,
Bəxt bizlərə sarı gəldi.
Salamat çıxdıq sabaha,
Elin havadarı gəldi.
Bu, tarixdir, həqiqətdir
Bu, bər-bəzəkli söz deyil,
Bunu soruşun millətdən,
O daha doğru, düz deyər.
Bu, tarixdir, həqiqətdir,
Gəlişi gözəl söz deyil.
Daha yazıq anaların
Saçı vaxtsız ağarmadı.
Daha şəhid məzarları
Sürət ilə çoxalmadı.
Məmləkətdə onun qədər
Qurub-yaradan olmayıb.
Heydər Əliyev deyəndə
Bu kiçik millət böyüyür.
Heydər Əliyev deyəndə
Doğma məmləkət böyüyür.
(Cabir Novruz)
***
Azadlıq allahıtək əyləşib öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.
Dədə Heydər – Atatürk.
Dərin, mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar yanacaq, kül olacaq.
Qaranlıqda işıqdır – o işığa yol açaq.
Məsləki varlığından böyükdür, min qat böyük.
Böyüklük heykəlidir Dədə Heydər – Atatürk!
Dörd tərəf qar-qiyamət, sərt qış… o, güllü yazdır,
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.
Dalğasında dönüklər ağ köpükdür, boz köpük,
Dalğalanır nəhrtək Dədə Heydər – Atatürk.
Azərbaycan, Türkiyə… Daş qala – qoşa səngər,
Bütün qasırğalara birləşməklə sinə gər.
Bu birlik qarşısında düşmən tük salacaq, tük…
Qucur iki sahili Dədə Heydər – Atatürk.
(Xəlil Rza Ulutürk)
***
Millətimin ağ alnından parladı
Bir il nədi, min bir ilin adamı,
Dilimizin şöhrətini ucaltmış
Uca sözün, şirin dilin adamı.
Sınanmış bir zəkasıdır zamanın,
Hüdudunu çəkir yaxşı-yamanın.
Sərrafıdır sazın, tarın, kamanın,
Sarı simin, gümüş telin adamı.
(Hüseyn Kürdoğlu)
***
Bir oğul yetirmiş vətən torpağı,
Millətin yolunda əsgərə bənzər.
İdrakı, ilhamı, qədd-qaməti,
Qüdrətə, hikmətə, məhvərə bənzər.
Uğrunda hazıram, nə vaxt dinərsə,
Simləri könülsüz tərpətmirəm mən.
Rəhbəri dağlara bənzətmirəm mən,
Dağlar vüqarında rəhbərə bənzər.
(Məstan Günər)
***
Dağ idin, çiynimi dağlara verdim,
Dağların dərdini çəksə, dağ çəkər.
Sənə məhəbbətim dağlar qədərdi,
Yerini dağlardan soruşum, bəlkə?
Bəlkə, çinarlarla baş-başa verim,
Görən, qovuşarmı boyum boyuna?
Gərək sənə yetə bu qəmli şeirim,
Gərək sənə yetə... haqqım var buna.
Nurunu gözümdə saxlayım necə? –
Möcüzə yaratmaq gəlmir əlimdən.
Parçalan, ey zülmət, çəkil, ey gecə,
Günəşə qovuşmaq istəyirəm mən!
(Leyla Əliyeva)
***
Ümid qılıncımız yaşadı qında,
Gözlədik , nə vaxtsa zəfər gələcək.
Əsrin zülmətini dağıdanda dan
İşıqlı başların arzularından
Xilaskar gələcək, Heydər gələcək!
Torpağın bağrından bir ərdi, gəldi,
Xalqın gözlədiyi Heydərdi-gəldi.
Ehey, məmləkətin vətəndaşları,
Yüksəliş əsrinin qızıl başları,
Keçmiş əzəmətin xarabasında
Bir bina tikirik, yığın daşları!..[1]
(Elxan Zal Qaraxanlı)
***
Qoy səsi guruldasın bu gün altı qitədə,
Odur məndən ötəri ATƏTdə, BMTdə!
Gəlib, o kişi gəlib!
Xalqın xeyrinə sarı çarxın gərdişi gəlib.
Millətinə, xalqına birləş deyir, qalx deyir!
Öz xalqına güvənir, haqq danışır, haqq deyir.
Əlli milyona çatmış Azərbaycan dünyası,
«Qurtuluşnəğməsi»nioxuyurbirhimnkimi!
Birsəslə, biravazla «Heydər» deyir, «Xalq» deyir.
(Zəlimxan Yaqub)
Maykl Duqlas Kann Film Festivalında fəxri mükafata layiq görülüb
76-cı Kann kinofestivalı barədə ən son xəbərləri nəzərinizə çatdırmaqdayıq. Hollivud ulduzu, aktyor Maykl Duqlas fəxri “Qızıl palma budağı” mükafatına layiq görülüb. Və mükafatı M.Duqlasa aktrisa Uma Turman və aparıcı Kyara Mastroyani təqdim ediblər.
“Ədəbiyyat və incəsənət” kinopoisk.ru-ya istinadən xəbər verir ki Duqlas mükafatı alarkən söyləyib:
“Bu mükafata və xoş sözlərə görə təşəkkür edirəm. Dünyada yüzlərlə festival mövcuddur, ancaq bunların içində kino sahəsinin tək festivalı Kandır. Bu festivalın 76 yaşı var, amma mən daha da qocalmışam”.
Qeyd edək ki, bu fəxri mükafat sevilən aktyora kino sənətinin inkişafında müstəsna xidmətlərinə görə verilib. Maykl Duqlas film festivalında həyat yoldaşı, dünyaşöhrətli aktrisa Ketrin Zeta-Cons və qızı Karislə birgə iştirak edib.
76-cı Kann Film Festivalı mayın 27-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
Kamal Abdullanın “Bir, iki – bizimki” tamaşası növbəti dəfə anşlaq yaratdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.
Bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov olan tamaşada rolları Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Davud Arif ifa ediblər.
Səhnə əsərində oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.
Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
Şəkildə: Kamal Abdulla tamaşadan sonra səhnədə
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
“Yazıçı, şair ədəbiyyatın çölündə olmalıdır ki, içinə nəsə gətirsin” – Anar Adillə müsahibə
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın şair və qiraətçi Anar Adillə müsahibəsini təqdim edirik.
-Öncə özünüz haqqında məlumat verərdiniz.
-Nəzərəliyev Anar Adil oğlu. Adil kişinin oğlu... Bakı şəhərində anadan olmuşam. Bu qədər.
-İlham mənbəyiniz nədir?
-İnsan daha çox hərislikdən və xəsisliyindən ibarətdir. Təsəvvür edin, xəzinə tapmısınız. Ya onu hara gəldi xərcləyib tez istifadə edəcəksiniz, ya da “nə vaxtsa lazım olar” deyib saxlayacaqsınız. Hər iki halda faydası olmayacaq. İlham mənbəyini də haradan və necə almağı bilmiş olsaq, inanın ki, onu ya bir gecəyə tükədib məhv edəcəyik, ya da sabah - biri gün istifadə edərik deyə - deyə həmin o "mənbə" ni qəbizləşdirəcəyik.
-Xəyal dünyanızın bu qədər genişlənməsinə səbəb olan hadisələr hansılardır?
-Xəyallarım reallıq tərəfindən işğal olunandan sonra xəyalistlər vətəndaşlıqdan imtina edib oldum realist. Standart, bozumtul xəyallardı.
-Əsərlərinizi ən çox harada yazmağı sevirsiniz?
-Yazının, sözün yazıqlığı tutduğu yerdə.
-Yazmaq sizin üçün nə deməkdir?
-Bəlkə də məndən asılı bir şeydir yazmaq. Bəlkə də asılı deyil. Özünə çatmaq üçün göstərdiyin çabadı bəlkə. Məncə, elə mən də bilmirəm, nə üçün yazıram. Gerçəkliyə məcburi uyğunlaşmadı.
-Yazıçı üçün zaman nədir?
-İnsana yaşamaq üçün təkcə oksigen kifayət etmir. Zaman keçdikcə xatirə ehtiyatından da qidalanmağa başlayırsan. Zaman həm də insana inamın ən yaxşı immunitet olduğunu öyrədir.
-Ümumiyyətlə, hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Dram oxuyuram. Dedektivi isə filmdə izləməyi daha çox sevirəm.
-İlk dəfə nə vaxt “yazıçı olacağam” demisiniz?
-Konkret nə vaxtsa şair və yazıçı olacağam deməmişəm .
-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Bilirsiniz, yazıçı və şairin özünü ədəbiyyatın içi, ədəbi cameəçi hesab etməsi yalnışdır. Yazıçı, şair ədəbiyyatın çölündə olmalıdır ki, içinə nəsə gətirsin. Arı yeşiyinə, arıların iş fəaliyyətinə fikir vermisiniz? İşləri ancaq ağaclardan, çiçəklərdən şirə toplayıb yuvaya gətirməkdi. Texnologiyanın yüksək inkişafı kitaba toxunuşun, oxumağın məhrəmliyini poza bildi. Kitab sərgilərində ən çox xarici yazıçıların, qismən də yerli yazıçıların kitabı alınır. Kitab təqdimatları isə 98 faiz şair və yazıçıların, 2 faiz də oxucunun iştirakı ilə baş tutur. Hələki "heç kim , heç kimin kitabını oxumur"
-Yeni bir kitab yazmaq planınız varmı?
-Üzümüzə gələn ildə düşünürəm.
-Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?
-Əlimdən uğur diləmək gəlir. Hamıya külli miqdarda uğurlar arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
Təbiət vurğunu - uşaqlar üçün hekayələr
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə ilə tanış olun.
Təbiət vurğunu
Ata-babalarımızın bir müdrik kəlamı var: - Ağac əkmək, bağ salmaq hünər deyil. Gərək onu qoruyub saxlamağı bacarasan. Təbiəti sevmək, onu qorumaq hər bir vətəndaşın borcudur.
Təbiət vurğunu idi. Ağac əkməyi çox sevərdi. O vaxtlar Naxçıvan küçələrində yaşıllıq çox az idi. Tut, göyçə, ərik ağacları əsasən həyətlərdə bitirdi. Şəhərin baş küçəsində isə salxım söyüdlər əkilmişdi.
Bir gün Heydər sinif yoldaşlarını başına yığıb şəhərin yaşıllaşması üçün təşəbbüs göstərdi. Yoldaşları onun təşəbbüsünə qoşuldular. Az keçmədi ki, onlar dağ rayonlarından meşə ağaclarının tinglərini gətirdilər, köməkləşib yolların qırağında əkdilər. Beləcə park və bağlar yaratdılar.
İllər keçdi...Həyatının çətin bir anlarında, 1991-ci ildə Naxçıvana gələndə çox pis vaxtlar idi. Demək olar ki, həftələrlə insanlar elektrik enerjisindən məhrum olurdular. Heydər gecələr neft lampası ilə oturub işləyirdi. Evlərə, məktəblərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. O illərdə insanlar bir-birlərinə olan sədaqətlərini əməlləriylə sübut etdilər. Sübut etdilər ki, öz torpaqlarına, xalqına, millətinə, müqəddəs, müstəqil Azərbaycana sədaqətlidirlər. Heydər də sədaqətli olmağını gördüyü işlərlə onlara çatdırdı.
Naxçıvanın qışı çox şaxtalıdır. Və belə qarlı, şaxtalı bir gündə maşınla Şərura gedirdi. Qarlı yollara baxdıqca yadına bir vaxtlar sinif yoldaşlarıyla əkdiyi ağaclar düşdü. Qar dizə qədər yağmışdı. Uzaqdan onun maşınını görən kişilər hərəsi bir tərəfə qaçır. Heydər qadınların ağacları mişarladığını, kəsdiyini görür. Onlara yaxınlaşıb soruşur: “Ay bacılar, axı nə edirsiniz? Bu ağacları vaxtilə mən sinif yoldaşlarımla əkmişdim. Niyə kəsirsiz?” Dedilər: “Bilirik, bu ağaclar bizə lazımdır, amma biz bu soyuğa dözürük, uşaqlarımız isə dözə bilmir, soyuqdan donurlar. Sizin maşını görəndə kişilər utandıqlarından qaçıb gizləndilər. Onlar ağacları kəsib qızınmaq üçün evlərinə aparırlar”. Heydəri qəhər boğsa da heç nə deyə bilmədi. Baxmayaraq ki, əkilən bu ağaclar uzun illərin bəhrəsi idi. Yalnız, - “eybi yox, təki uşaqlara heç nə olmasın. Hər kəsilən ağacın yerinə on ağac əkərik”, - dedi.
Nə etsinlər?....Blokada... Qaz yox, işıq yox, yanacaq yox, dəmir yolu iflic... Çarə on illərlə boya-başa çatmış ağacları kəsib sobalarda təzəklə birlikdə yandırmağa qalmışdı. Nəinki dağda-daşda, meşələrdə, heç həyətlərdə də kölgəsində daldalanacaq yaşıl ağaclar qalmamışdı. Onlar da insanların ümidi kimi kəsilə-kəsilə gedirdi...
Pis günün ömrü az olar deyərlər. Beləcə iki il ötdü. Ulu öndərin yaxın qonşu ölkələrlə apardığı danışıqlar öz faydasını verdi. Sonralar əməksevər insanların sayəsində keçirilən iməcliklər, yaşıllaşdırma aksiyaları yolu ilə yol kənarlarında on minlərlə ting basdırıldı, minlərlə yaşıllıq zolaqları yaradıldı. Çox keçmədi ki, o yerlər başdan-başa yaşıllığa, gül-çiçəyə büründü.
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr" qəzetinin baş redaktoru Şərif Əl Bəsil öz qəzetində yazmışdı ki, Naxçıvanın iməcilik ənənələrini bütün dünyada vətəni, torpağı sevmək nümunəsi kimi tətbiq etmək lazımdır, yoxsa ekoloji böhran gələcəkdə bəşəriyyəti məhv edər.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
Ruslar kino sahəsində kart-blanş götürür
Xəbər verdiyimiz kimi, Rusiya kinematoqrafçıları amerikalı həmkarlarını üstələyərək, film çəkmək üçün ilk dəfə kosmosa yollanıblar. Və kosmosdan bəhs edən "Çağırış" adlı ekran əsəri işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı Rusiya KİV-nə istinadən xəbər verir ki, sözügedən fiım yerli kassada yeni mərhələyə çatıb. Filmin ümumi kassa gəlirləri 1,5 milyard rublu ötərək ən uğurlu layihələr sırasında yer alıb.
Layihənin ilk istehsal büdcəsinin 900 milyon rubl olduğu təsdiqlənib və nümayişlərdən gələn gəlirlərin hələ də xeyli artacağı proqnozlaşdırılır.
Nəzərə alın ki, 1,5 milyard rubl - 40 milyon manatdır.
"Çağırış" filminin əksər epizodları real kosmosda lentə alınıb. Ekran əsərinin rejissoru Klim Şipenko və baş rol ifaçısı Yuliya Peresild Rusiya kosmik gəmisində orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyada (BKS) bir neçə epizod lentə alıblar. Onlara rusiyalı ekipaj kömək edib.
Qeyd edək ki, kosmosun tədqiqi ilə bağlı elmi-maarifləndirci layihə olan “Çağırış” bədii filmi xüsusi effektlərin köməyi ilə çəkisizlik vəziyyətini simulyasiya edən ənənəvi çəkiliş pavilyonlarında deyil, real kosmosda çəkilmiş ilk filmdir.
İndi söz ABŞ-ındır.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
Qəzənfər Paşayev: “Heydər Əliyev muğamatı da, klassik musiqini də, aşıq musiqisini də çox sevirdi...”
“Ədəbiyyat və incəsənət” portalı filologiya elmləri doktoru, professorQəzənfər Paşayevin “HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ” sərlövhəli məqaləsini təqdim edir.
Azərbaycan tarixində bir epoxa olan, xalqın tarixi müqəddəratında həlledici rol oynayan, adı tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi qayğı göstərirdi. Yaradan ona elə bir fitri istedad vermişdi ki, hər sahəni mükəmməl bilirdi. Biz bu yazımızda bu tarixi şəxsiyyətin folklorumuza göstərdiyi diqqət və qayğıdan söz açacağıq.
Öndərimizin folklor haqqında heyrətamiz bələdliklə mülahizələr yürütməsi, məsələnin kökünə nüfuz etməsi onun fitri istedadından və milli-mənəvi dəyərlərimizə tükənməz məhəbbətindən qaynaqlanırdı.
Ulu öndərimiz Heydər Əliyevin folklorumuzun tədqiqi və təbliği yolunda atdığı addımlar müstəsna dəyər kəsb edir.
Şifahi xalq ədəbiyyatımızın zirvəsi, şifahi və yazılı ədəbiyyatımızın başlanğıcı və tükənməz enerji mənbəyi "Kitabi-Dədə Qorqud" o dahi şəxsiyyətin sayəsində layiqli yerini tutdu.
Yaşlı nəsil unutmayıb ki, keçən əsrin 40-50-ci illərində "Kitabi-Dədə Qorqud" yasaq edilmişdi. Həmid Araslı və Məmmədhüseyn Təhmasib akademik V.Bartoldun ruscaya çevirdiyi "Kniqa moeqo Deda Korkuda" kitabını 1950-ci ildə Bakıda Elmlər Akademiyası nəşriyyatında çap etdirdiyinə, Əbüləzəl Dəmirçizadə uşaqlar üçün "Dədə Qorqud" mövzuları əsasında "Qaraca Çoban" pyesi yazdığına görə, Səməd Vurğun şair fəhmi ilə bu ölməz abidənin işıqlı gələcəyini görərək onu "Gələcəyin toy-bayramı" şeirində:
Dədə Qorqud dediyimiz
min bir yaşlı bir ozan da
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır.
Bütün xalqlar və tayfalar
ona qulaq asacaqdır.
– deyə tərənnüm etdiyinə görə başları çox bəlalar çəkmişdi. Əvvəlcə partiya yığıncağında kəskin tənqid olundular, 1951-ci ilin may ayında isə Yazıçılar İttifaqının iclasında "səhv"lərini etiraf etsələr də, az qala onları pantürkist damğası ilə damğalayacaqdılar.
Ulu öndərimiz "Kitabi-Dədə Qorqud" ensiklopediyasına yazdığı ön sözdə göstərir ki, o dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmazdı ki, orada "Dədə Qorqud" tənqid olunmasın. Eposa qadağa damğası vurulmuşdu.
"Kitabi-Dədə Qorqud"un elmi-ədəbi fikir dövriyyəsinə daxil olmasında Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir. Tədqiqatçıların doğru olaraq qeyd etdiyi kimi, ulu öndərimiz hakimiyyətə yenidən qayıtdıqdan sonra milli düşüncənin bütün sahələrindən daha çox ədəbiyyatda coşqun "Kitabi-Dədə Qorqud" dövrü başladı. Necə deyərlər, milli ədəbi düşüncədə bir "Kitabi-Dədə Qorqud" sevgisi alovlandı.
Xalq şairi Zəlimxan Yaqub deyirdi ki, "Manas"ın min illik yubileyində Ulu öndərimiz də iştirak edirdi. Təntənəli yığıncaqdan sonra bizə ayrılmış çadırlara yenicə gəlmişdik ki, xəbər gəldi ki, Heydər Əliyev hamımızı öz çadırına çağırır. Getdik. Onun ilk sözü bu oldu: "Kitabi-Dədə Qorqud"un başlanğıc cümləsi necədir? Şübhəmiz yox idi ki, ulu öndər onu bizdən də yaxşı bilirdi. Bununla belə, dedik: "Rəsul Əleyhissəlamın zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər, bir ər qopdu". Bu isə VII əsr idi. Məlum oldu ki, öndərimiz o söhbəti təsadüfi salmamışdı. Bakıya qayıdandan sonra Heydər Əliyev "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsi barədə 20 aprel 1997-ci il tarixli fərman imzaladı. Dövlət səviyyəsində tədbirlər planı tutuldu. Üç il alimlər, qələm sahibləri çalışdılar. Çox sayda kitablar nəşr olundu. İkicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası meydana gəldi.
Dövlət başçısı bu möhtəşəm abidəyə dərin məzmunlu, əhatəli ön söz yazdı. Öndərimiz eposu yüksək dəyərləndirərək ön sözdə yazırdı: "Dünya qorqudşünaslığı "Kitabi-Dədə Qorqud"un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. "Kitabi-Dədə Qorqud"un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir...
Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla fəxr edə bilər... Həqiqətən də, "Kitabi-Dədə Qorqud" dastanı kimi böyük elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər...
"Kitabi-Dədə Qorqud" elə bir qüdrətə malikdir ki, özündən sonra gələn söz sənətimiz, ozan-aşıq sənətimiz, yazılı ədəbiyyatımız onun təsirindən kənarda qala bilməmişdir. Ensiklopediya da "Kitabi-Dədə Qorqud"un bu təsir gücünü əyani şəkildə nümayiş etdirir".
Onu da deyim ki, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin ümumdünya miqyasında keçirilməsi barədə UNESCO-nun qərarı vardı. Yubiley 2000-ci ildə keçirildi. Heydər Əliyev geniş məruzə ilə çıxış etdi. "Kitabi-Dədə Qorqud"un Azərbaycan xalqına məxsus olmasının təsdiqi ulu öndərimizin ən böyük xidmətlərindən biri idi.
Unudulmaz şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri də Novruz bayramının dövlət səviyyəsində bayram edilməsinə rəvac verməsi idi. Sovet sisteminin qılıncının dalı da, qabağı da kəsdiyi bir dövrdə bu, çox cəsarətli bir addım idi. Bu, 1979-cu ildə baş verdi. İçərişəhərin Qoşa Qala Qapısı meydanında möhtəşəm Novruz bayramı şənlikləri keçirilirdi. Bayram şənliyini televiziya qarşısında əyləşib izləyirdim. İnsan axını dəniz kimi dalğalanırdı. Gözlənilmədən əlamətdar bir hadisə baş verdi. Ecazkar musiqi, ecazkar sözlər, məlahətli səs hamını ovsunlamışdı. Hamı donub qalmışdı.
Müğənni "Naxçıvanı" aşıq havası üstündə yanğı ilə Azaflı Mikayılın "Ağarmayın, ay saçlarım, amandı" mahnısını oxuyurdu:
Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmayın, ay saçlarım, amandı.
Əhdi-peyman, sədaqətin eşqinə,
Ağarmayın, ay saçlarım, amandı.
Elə həmin vaxt öndərimiz dövlət rəsmiləri və cənab İlham Əliyevlə meydandan keçib gedirdi. Onlar da dayanıb qəlblərə od salan mahnını axıra qədər dinlədilər.
Heydər Əliyev muğamatı da, klassik musiqini də (Filarmoniyada onun vaxtında "Klassik musiqi axşamları"nın keçirilməsi deyilənə sübutdur), aşıq musiqisini də çox sevirdi. Aşıq sənətini yüksək qiymətləndirirdi. Təsadüfi deyildir ki, "Aşıqlar Birliyi" və "Aşıq Pəri məclisi" onun xeyir-duası ilə yaranıb. Aşıq Ələsgərin, Aşıq Alının, Aşıq Şəmşirin yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalamışdı. Aşıq Ələsgərin 150 illiyinin Moskvada "Qurultaylar sarayı"nda keçirilməsi əlamətdar hadisə idi. Aşığın poeziyası Vladimir Qafarov tərəfindən rus dilinə tərcümə edilərək kitab halında çap olundu və rus oxucularına təqdim edildi.
Öndərimiz görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsini zəruri sayırdı. Xüsusi vurğulayırdı ki, yubileylərin keçirilməsi bir tərəfdən onların xalq qarşısında xidmətlərinə verilən qiymətdir, digər tərəfdən xalqın zənginliyini nümayiş etdirməkdir.
Ümumxalq məhəbbəti qazanan, hamının intizarla gözlədiyi "Ozan" və "Bulaq" verilişləri də Heydər Əliyevin vaxtında yaranmışdı. "Ozan" televiziya verilişinin Dövlət mükafatına təqdim edilməsi çox mətləblərdən xəbər verirdi.
Ulu öndərimizin folklorumuza olan dərin məhəbbətinin nəticəsi əvvəlcə "Folklor elm mərkəzi"nin (1994), sonralar isə analoqu olmayan "Folklor İnstitutu"nun yaradılması (2003) oldu. Folklor İnstitutunda "Dədə Qorqud" şöbəsi yarandı və "Dədə Qorqud" jurnalı buraxılmağa başlandı.
İndi institutda "Aşıq yaradıcılığı", "Mərasim folkloru", "Türk xalqları", "Folklor və yazılı ədəbiyyat", "Cənubi Azərbaycan folkloru" və başqa şöbələr fəaliyyət göstərir və öndərimizin həmişə diqqət mərkəzində olan milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yolunda müstəsna işlər görülür.
Qədim yunan filosofu Platonun müdrik kəlamı vardır: "Başqalarının xoşbəxtliyinə çalışanlar öz xoşbəxtliklərini qazanırlar".
Heydər Əliyev həyatını bütöv bir xalqın xoşbəxtliyinə həsr etdiyindən xalqın qəlbində əbədi yer qazanmışdır.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
Bu gün YARAT-da “Muzey gecəsi” təşkil olunacaq
YARAT Müasir İncəsənət Muzeyində bu gün “Muzey gecəsi” təşkil olunacaq.
YARAT-dan bildirilib ki, “Muzey gecəsi” iştirakçıları immersiv və düşündürücü səyahətə dəvət edəcək.
İlhamını Karl Qustav Yunqun məşhur arxetiplər nəzəriyyəsindən alan tədbir, "kölgə" anlayışına əsaslanıb. Beləliklə, “Kölgə arxasında” şüarı altında təqdim olunan tədbirdə, hər bir iştirakçı özünü anlamağa və ifadə etməyə fürsət əldə edəcək.
“Muzey gecəsi” layihəsi Dənizkənarı Bulvar İdarəsi, “Meatadore” və “iTicket” platformasının dəstəyi ilə həyata keçirilir.
Bütün tədbirlərə giriş ödənişsizdir. Layihə çərçivəsində konsert proqramları və ustad dərslərinin təşkili də nəzərdə tutulur.
İştirak etmək istəyənlər https://iticket.az/ru/events/other/museum-night linkindən qeydiyyatdan keçə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)