Super User

Super User

Cümə axşamı, 18 May 2023 10:00

Bu gün Beynəlxalq Muzeylər Günüdür

Parisdə Luvr, Nyu-Yorkda Metropoliten, Sankt-Peterburqda Ermitaj, İstanbulda Topqapı… Yəqin duydunuz, söhbət muzeylərdən gedir. 

Bu gün muzeylərdən danışmaq lap yerinə düşür. Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü - International Museum Day kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” günü elan olunur. 

Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları bu gün ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər. 

Amma tək bu yox. 

Beynəlxalq Muzeylər Günü ilə bağlı bu il də paytaxtdakı aparıcı muzeylərdə, eləcə də ölkə üzrə muzey müəssisələrində bir sıra tədbirlər təşkil edilib.

Mayın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü çərçivəsində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı təşkil olunacaq.

Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq tərtib edilən layihə ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirir. Layihə BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf məqsədlərini dəstəkləyərək modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.

“Qorunan təbiət” multimedia layihəsi çərçivəsində İsveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təqdim olunan “Dayanıqlı moda” multimedia layihəsində iki rəssam – isveçli Lyudmila Kristeseva və azərbaycanlı Günel Ravilova multimedia dialoqu yaradaraq, modanı, tekstili və ekologiyanı öz yaradıcılıqlarının prizması ilə incələyib, cinsiyyət, identiklik, həmçinin bunun müxtəlif mədəniyyətlərdə təsviri ilə bağlı mövzuları araşdırırlar.

Azərbaycan Milli Xalça Muzeyi əlamətdar günü bir neçə tədbirlə qeyd edir. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə keçirilir.

Mayın 16-da muzeydə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib. Uşaqların özünü rahat və azad formada ifadə etməsinə, onların gizlin saxladıqları duyğularının üzə çıxarılmasına şərait yaradan təlim Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə tərəfindən təqdim olunub. “Çələbi” otağında təşkil olunan art terapiyaya qatılan uşaqlara təşəkkürnamələr verilib.

Mayın 17-də gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Mayın 18-də isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksi şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

Mayın 16-da Azərbaycan İstiqlal Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı” adlı elmi-praktik konfrans keçirilib. “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı layihə çərçivəsində təşkil olunan konfransda Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva və başqaları çıxış ediblər.

Mayın 18-də isə muzeydə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə konsert proqramı təşkil ediləcək. Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 nömrəli tam orta məktəbi, rayon və Mahmudlu kənd uşaq musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Bülbülün Memorial Muzeyinin birgə təşkilatçılığı ilə “Təbiətin musiqisi” adlı tədbir keçiriləcək.

Çıxışlardan sonra Qədim musiqi lətləri ansamblı (bədii rəhbər və konsertmeyster – Xalq artisti Munis Şərifov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən “Təbiətin musiqisi” adlı konsert proqramı təqdim olunacaq.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Bir günəşin altında!” adlı tədbir keçiriləcək. Mayın 18-də gerçəkləşəcək tədbirdə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Tədbir çərçivəsində musiqili proqram təqdim ediləcək.

Milli Azərbaycan Tarixi Muzeyində əlamətdar gündə “Qlobal sağlamlıq və xoş rifah” şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçiriləcək.

Bir sözlə, əlamətdar gün yetərincə rəngarəng qeyd olunacaq.

 

Şəkillərdə: Milli Xalça Muzeyinin Şuşa filialının binası; Azərbaycan prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva və prezident köməkçisi Anar Ələkbərov filialın eksponatları arasında; Milli Xalça Muzeyinin əlamətdar günlə bağlı tədbirlər afişası.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinskinin çəkdiyi “Qazax xalçaları” sənədli filmi artıq yekunlaşıb.

 

İttifaqdan bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin fonunda Qazax xalçalarından bəhs edən filmdə müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda qorunan, rəsm əsərlərində təsvir edilən Qazax xalçalarından istifadə edilib.

Z.Şıxlinski bildirir ki, xalçaların təsvirləri Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisinin müşayiəti ilə və bir neçə dildə titrlərlə təsvir olunacaq: “Azərbaycan xalçaçılıq sənəti dünyada tanınır və qiymətləndirilir. Gözəl Azərbaycan xalçaları dünyanın ən böyük muzeylərini bəzəyir. Filmin ideyası mərhum sənətşünas alim Rasim Əfəndiyevin 1971-ci ildə ABŞ-da çap olunmuş “Qazax xalçaları” kitabını mənə göstərməsindən sonra yarandı. Kitabın müəllifi xalçaçı Raul Şəbuldur. Əsərdə, xaricdə Azərbaycan xalçalarına olan maraqdan söhbət açılır”.

Onun sözlərinə görə, amerikalı yazıçı, detektiv romanların müəllifi Reks Stautun qələmə aldığı “Yekun qərar” əsərində Qazax xalçalarından bəhs olunub. Bu da onu göstərir ki, Azərbaycan xalçaları artıq dünya ölkələrinin də diqqətindədir.

Z.Şıxlinski filmi Azərbaycan xalçalarının böyük sərrafı olmuş anası Cəmilə xanım Şıxlinskayanın əziz xatirəsinə ithaf edib. Bakıda və Qazaxda çəkilən sənədli filmin operatoru Yuri Varnovskidir.

 

Şəkildə: Qazax xalçası

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.

 

İdarənin məlumatına görə, iclasda Müşahidə Şurasının üzvlərinin yekdil qərarına əsasən, ŞŞDQİ-nin icraçı direktorunun səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov icraçı direktor vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, T.Novruzov beynəlxalq münasibətlər ixtisası üzrə Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. O, həmçinin Uestminister Universitetində diplomatiya və Kembric Universitetində biznes idarəçiliyi üzrə magistr pillələrini bitirib.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə bir aydır davam edən “Nəşrlərin satınalınması müsabiqəsi” başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd oxucu kontingentini və mütaliə tələbatını nəzərə almaqla, fondu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirməkdən ibarətdir. 

Müsabiqəyə 11 nəşriyyat və 4 müəllifdən 237 adda kitab daxil olub. Müsabiqəyə daxil olan kitablar arasında Azərbaycan, ingilis və rus dillərində ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı Zəfər tarixinə həsr olunan kitablar üstünlük təşkil edir.

Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirib. Belə ki, əsasnaməyə uyğun olaraq, dəyərləndirmə müddəti ərzində Komissiya tərəfindən müsabiqəyə daxil olan kitablar arasından seçim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

 

Sabahkı Beynəlxalq Muzeylər Gününə (International Museum Day) Azərbaycanın əksər muzeyləri öz töhfələrini verməkdədirlər. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyi də muzeyçilərin bayramına ciddi hazırlaşıb. Ötən gün muzeydə “Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı” adlı elmi-praktik konfrans keçirilib. “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı layihə çərçivəsində təşkil olunan konfransda Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva və başqaları çıxış ediblər.

Bu gün də tədbirlər səngiməyəcək, istiqlal tarixi eksponatlarının xüsusən məktəblilər üçün əlçatan olması yönündə işlər həyata keçiriləcək. Sabah - bilavasitə bayramın özündə isə muzeydə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə konsert proqramı təşkil ediləcək. Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 nömrəli tam orta məktəbi, rayon və Mahmudlu kənd uşaq musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

 

Bildiyiniz kimi, sabah - mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunacaq. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyi əlamətdar günü bir neçə tədbirlə qeyd edir. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə keçirilir.

Dünən muzeydə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib. Uşaqların özünü rahat və azad formada ifadə etməsinə, onların gizlin saxladıqları duyğularının üzə çıxarılmasına şərait yaradan təlim Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə tərəfindən təqdim olunub. “Çələbi” otağında təşkil olunan art terapiyaya qatılan uşaqlara təşəkkürnamələr verilib.

Bu gün gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Sabah isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksi şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

Bir sözlə, Milli Xalça Muzeyi peşə bayramına layiqli töhfələr verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

 

Meksikada fəaliyyət göstərən Diplomat Həyat yoldaşları Assosiasiyasının (ACD) təşkilatçılığı və paytaxtın mərkəzi Migel İdalqo munisipalitetinin dəstəyi ilə Mexiko şəhərində xeyriyyə məqsədli diplomatik yarmarka keçirilib. 

AzərTAC xəbər verir ki, yarmarkada 40-dan çox ölkənin Meksikadakı diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib. Bu məqsədlə hər bir ölkə üçün ayrılan masada milli suvenirlər, yeməklər və şirniyyatlar təqdim olunub.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin yarmarkadakı guşəsində “Made in Azerbaijan” brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də ölkəmizə aid müxtəlif təbliğat materialları sərgilənib və paylanılıb. Azərbaycan guşəsini ziyarət edənlər, həmçinin milli mətbəximizin ləziz nümunələri ilə tanış olublar.

Səfirliyin guşəsi ictimaiyyətin geniş marağına səbəb olub.

Yarmarkadan əldə olunan vəsait təşkilat tərəfindən xeyriyyə məqsədlərinə yönəldiləcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Bəli, bu gün ədəbiyyatımızın qızıl səhifələrində yer alan, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ədəbi-mədəni və ictimai fikrində silinməz iz qoyan böyük ədibin anadan olmasından 153 il ötür.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi silsilə tədbirlərlə qeyd olunub. Ədibin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinə sübutdur.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nasit, dramaturq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində dünyaya göz açıb. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyirmiş. Üç yaşında ikən atasının itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə alır. Kiçik Əbdürrəhimi atalığı H.Sadıqbəyоv çox yaxşı qəbul edir, onun tərbiyəsilə məşğul olur. 1880-ci ildə atalığı Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Burada Haqvеrdiyеv rus dilini öyrənir, rus yazıçılarını həvəslə оxuyur.1884-cü ildə Haqvеrdiyеv Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürrəhimə çox xoş gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olur. Ədib özü deyir: “Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı оynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta “Hacı Daşdəmir” adlı bir komediya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazıb Yusif bəy Məliknəzərоvun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. О, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm”.

1890-cı ildə Ə.Haqvеrdiyеv Şuşa rеalnı məktəbinin altıncı sinfini bitirib, Tiflis rеalnı məktəbinin sоnuncu sinfinə daxil olur. О, burada rus və Avropa klassiklərini öyrənir, tеz-tеz teatr tamaşalarına baxır. Ə.Haqvеrdiyеv 1891-ci ildə Tiflis rеalnı məktəbini bitirib, ali təhsil almaq üçün Pеtеrburqa gеdir və оrada Yоl Mühəndisləri İnstitutuna daxil оlur. Pеtеrburqda оlduğu səkkiz il müddətində azad müdavim sifətilə universitetin şərq fakültəsində təhsil alır, dil və ədəbiyyat məsələlərilə ciddi məşğul оlur. Pеtеrburq ədəbi həyatının, tеz-tеz Alеksandrinsk tеatrında baxdığı tamaşaların təsirilə Haqvеrdiyеvdə sənətə, tеatra оlan həvəs daha da artır.

Gənc yazıçı özünün ilk əsərləri оlan “Yеyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq”ı (1896) da Pеtеrburqda yazır. 1899-cu ildə о, Pеtеrburqdan Şuşaya qayıdır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələri tоplamaqla məşğul оlur. Ədib “Bəxtsiz cavan” pyеsini də 1900-cü ildə Şuşada yazır. Pyеs еlə həmin ildə tamaşaya qоyulur. 1901-ci ildə Haqvеrdiyеv Şuşadan Bakıya gəlir və burada “Pəri cadu” pyеsini tamamlayır. Əsər səhnədə, müəllifin başqa pyesləri kimi, böyük müvəffəqiyyət qazanır.

Bakı mühiti gənc yazıçının inkişafı üçün gеniş imkanlar yaradır, о, burada H.Zərdabi, N.Vəzirоv, N.Nərimanоv, C.Zеynalоv, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış оlur, оnlarla əlbir işləyir, tеatr üçün rеpеrtuar hazırlayır, rеjissоrluq еdir, dərs dеyir. Bu dövrdə Haqvеrdiyеv rеjissоr оlduğu, tamaşasına ümumi rəhbərlik еtdiyi “Hacı Qara”, “Vəziri-xani-Lənkəran”, “Müfəttiş”, “Оtеllо”, “Qaçaqlar”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Adı var, özü yоx”. “Dağılan tifaq”, “Bəxtsiz cavan” və başqa pyеslərdə, hər şеydən əvvəl, idеyanın təhrif оlunmamasına, aktyоr оyunundakı təbiiliyə çоx fikir vеrirdi.

 

İndi isə böyük ədibin daha bir istedadı barədə: 1908-ci ildə Üzeyir Hacıbəylinin “Lеyli və Məcnun” оpеrasının səhnədə hazırlanmasına rəhbərlik еdən Haqvеrdiyеv həm də tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış edib. 

 

Və daha bir nəcib işi barədə: Alеksandrinsk tеatrında fəaliyyət göstərən Davıdоv, Varlamоv, Kоmissarjеvskaya, Savina, Dоlmatоv, Dalski kimi dövrün görkəmli səhnə ustalarının aktyоrluq sənətinə yaxşı bələd оlan ədib, milli Azərbaycan səhnəsində də bеlə istеdadlı səhnə xadimlərinin yеtişməsi yоlunda bütün varlığı ilə çalışırdı. Ə.Haqvеrdiyеv Hüsеyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla, Hüsеynqulu Sarabski, Murad Muradоv kimi görkəmli sənət ustalarının səhnəyə cəlb еdilməsinə, bir aktyоr kimi kamilləşməsinə xеyli əmək sərf edib.

Ə.Haqvеrdiyеv 1904-cü ildə Şuşa şəhəri idarəsinə üzv sеçildiyi üçün yеnidən оraya qayıdır. О, burada çox qalmır, 1905-ci il inqilabından sоnra Rusiya dövlət dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Pеtеrburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yеnə həmin faciəyə aid əlavə məlumat tоplamaq üçün İrana səyahət еdir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qоyulub və оndan sоnra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə оynanılıb.

“Mоlla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sоnra оrada Cеyranəli, Xоrtdan, Həkimi-nuni-səğir, Lağlağı, Mоzalan, Süpürgəsaqqal və başqa imzalarla hekayə, fеlyеtоn və publisist məqalələr çap еtdirən Ə.Haqvеrdiyеv “Cəhənnəm məktubları”, “Mоzalan bəyin səyahətnaməsi”, "Marallarım” adlı əsərləri ilə “Mоlla Nəsrəddin” jurnalının fəal mühərrirlərindən biri kimi şöhrət tapır.

Həmin illərdə ədib “Millət dоstları” (1905), “Ac həriflər” (1911) kimi kiçikhəcmli səhnə əsərləri də yazır. Haqvеrdiyеv “Nicat” cəmiyyətində və Kür-Araz gəmiçiliyində işlədiyi müddətdə, vəzifəsi ilə əlaqədar оlaraq İranı, Qafqazı, Оrta Asiyanı və Vоlqabоyu ölkələrini gəzir. Səyahət ədibdə yеni yaradıcılıq intibahları yaradır. 1910-cu ildə Həştərxanda N.Nərimanоvla bərabər, şəhərin ictimai və mədəni həyatında fəal çalışır.

1911-ci ildə vəzifəsindən azad еdilən Haqvеrdiyеv Ağdama köçür və bеş il оrada yaşayır. Ağdamda yaşadığı müddətdə bədii yaradıcılığını davam еtdirir. “Mоlla Nəsrəddin” jurnalına hеkayələr, fеlyеtоnlar, gündəlik məsələlərlə əlaqədar оlaraq publisistik məqalələr yazır.

Ə.Haqvеrdiyеv 1916-cı ildə Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi əxbarı” adlı rus dilində çap оlunan aylıq məcmuənin müdirliyinə təyin оlunur və Tiflisə gеdir. 1917-ci ildə “Röya” və “Həmşəri paspоrtu” hеkayələrini yazır. 1917-ci il fеvral inqilabından sоnra Haqvеrdiyеv Bоrçalı qəzasına müvəkkil təyin оlunub Şulavеr qəsəbəsinə gеdir və ilyarım оrada işləyir. 1920-ci ildən Haqvеrdiyеvin ədəbi və ictimai fəaliyyətinin yеni dövrü başlanır. О, incəsənət şöbəsinin müdiri vəzifəsini aparmaqla yanaşı, dövlət tеatrlarında müfəttiş vəzifəsində çalışır. 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr оxuyur, gənc kadrlar hazırlığı işində fəal iştirak еdir. Haqvеrdiyеv müəllimlik еtməklə bərabər, bir çоx məsul ictimai vəzifələrdə də çalışır. О, Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sоnra sədri (1923-25), Şərq fakültəsinin katibi (1992-25) оlur.

Ədib müəllimliklə, yеni əsərlər yazmaqla, tеatra yaxından kömək еtməklə, müxtəlif vəzifələrdə çalışmaqla kifayətlənmir. О, müxtəlif yеrlərdə Azərbaycan ədəbiyyatı və incəsənəti, günün zəruri məsələləri haqqında məruzələr еdir. 1927-ci ildə Haqvеrdiyеvin ədəbi-ictimai fəaliyyətinin оtuz bеş illik yubilеyi kеçirilir. 1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq qоcaman ədibə Əməkdar incəsənət xadimi adı vеrilir.

Haqvеrdiyеv bu dövrdə “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vavеyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yоldaş Kоrоğlu”, “Çоx gözəl” və s. dram əsərləri yazmaqla bərabər, “Marallarım” silsiləsindən оlan satirik və başqa ciddi ruhlu çоxlu hеkayələr də çap еtdirir. Hеkayələrin bir hissəsi “Marallarım” (1927) və digər hissəsi “Hеkayələr” (1940) kitabında tоplanıb.

Ə.Haqvеrdiyеv öz ölkəsinin və başqa xalqların tarixinə yaxşı bələd оlan alim idi. Ədibin Azərbaycan tеatrı, tarixi dram, xalq tamaşaları, M.F.Axundzadə, M.Ə.Sabir, “Mоlla Nəsrəddin”, M.Qоrki, Azərbaycan dili, milli şеir, rеalist ədəbiyyatımızın bəzi məsələləri haqqındakı еlmi-nəzəri məqalələri, dərin məzmunlu publisistikası bu gün də öz əhəmiyyətini itirməyib. Təsadüfi dеyil ki, 1924-cü ildə Ə.Haqvеrdiyеv Rusiya Еlmlər Akadеmiyasının ölkəşünaslıq bürоsuna müxbir üzv sеçilib. Ə.Haqvеrdiyеvin ədəbi irsi içərisində rus və Qərbi Avrоpa ədəbiyyatından еtdiyi bir sıra qiymətli tərcümələr də vardır. Оnun M.Qоrkidən tərcümə еtdiyi əsərlər “İzеrgil qarı və qеyri hеkayələr” və Çеxоvdan tərcümə еtdiyi nоvеllalar “Dəhşətli gеcə” adlı kitablarda tоplanıb. Bunlardan başqa ədib Şеkspirin “Hamlеt”, Şillеrin “Qaçaqlar”, Vоltеrin “Sоltan Оsman”, Zоlyanın “Qazmaçılar”, Andеrsеnin “Bülbül”, “Şahın təzə libası”, Lanskоyun “Qəzəvat”, Çirikоvun “Yəhudilər”, Kоrоlеnkоnun “Qоca zəng çalan” əsərlərini də tərcümə еdib.

1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürrəhim bəy Haqverdiy Fəxri xiyabanda dəfn edilub. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Məşhur kamança ifaçısı Mark Eliyaxu iyunun 4-də Heydər Əliyev Sarayında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, tanınmış ifaçının Bakıda çıxışı The Show is about Love” (“Sevgi haqqında şou”) adlı turne çərçivəsində reallaşacaq.

 

Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Sonra ailəsi İsrailə köçüb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. On altı yaşında o, Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovun rəhbərliyi ilə kamançada ifa sənətinə yiyələnməyə başlayıb. Bakıda iki il qaldıqdan sonra İsrailə qayıdıb, Qərb və Şərq musiqisini daha dərindən öyrənib.

Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqləri aşaraq, dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu dəfə Əlizadə Nuri sizlərə “Allah girib yuxuma…” adlı şeirini təqdim edəcək. 

 

Bu yeli kim qorxudub,

Niyə belə əsir yel?

Mənə bir yer göstərin-

Ordan görünməsin yer.

 

Sevgi bəhanə imiş,

Hər gün darıxmaq üçün.

İllər pilləkan oldu-

Ölümə çıxmaq üçün…

 

Yol da yoxdu getməyə,

Yol sal, məni yola sal.

Çıx o qəmi qarşıla

Qorxuram ki, yol aza…

 

Mən bir həsrət vağzalı,

Sən də getmiş qatarsan.

Yaram yaman dərindi-

Yaxın gəlmə, batarsan…

 

…Gecə nə mehribandı,

Ayrılmaq istəmirəm.

Allah girib yuxuma-

Ayılmaq istəmirəm…

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.