Super User

Super User

“Qanun” Nəşriyyat Evi ölkənin ədəbi həyatını daha da rəngarəng etmək sahəsində növbəti addımı atıb. Argentinanın Azərbaycandakı səfirliyi və “Qanun” Nəşriyyat Evinin təşəbbüsü ilə Bakı Fotoqrafiya Evində tanınmış argentinalı yazıçı Eduardo Sakerinin  “Gözlərindəki sirr” kitabının təqdimatı keçirilib. Yazıçı özü də “Zoom” platforması vasitəsilə keçirilən təqdimata qatılıb. Sözügedən romanı dilimizə Azərbaycan Dillər Universitetində ispan dili tədris edən baş müəllim Aytən Əliyeva tərcümə edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi tədbir iştirakçılarını salamlayaraq, azərbaycanlıların onun  ölkəsinə, xüsusən də məşhur yazıçı Eduardo Sakerinin yaradıcılığına olan sevgilərindən məmnunluğunu ifadə edib. 

Xanım Marianxeles Belluşi romanın Azərbaycan dilinə nəşrinin Argentina Xarici İşlər Nazirliyinin bir neçə ildir həyata keçirdiyi Tərcümələrə Dəstək Cənub Proqramı sayəsində mümkün olduğunu söyləyib. Qeyd edilib ki, PROSUR milli müəlliflərin ispan dilində nəşr olunan əsərlərinin istənilən dilə tərcüməsi üçün subsidiyalar verməklə, Argentina düşüncəsinin və ədəbiyyatının bütün dünyada yayılmasını təşviq etmək məqsədi daşıyır.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu çıxışında deyib ki, insanlar gedə bilmədikləri yerə kitab, sənət gedə bilir, sənətin, ədəbiyyatın da qüdrəti bundadır.

Daha sonra Aytən Əliyeva tədbirin təşkilinə görə Argentina səfirliyinə təşəkkür edib, əsərin tərcüməsi zamanı üzləşdiyi çətinliklərdən danışıb, onu ana dilimizə çevirməkdən məmnun olduğunu bildirib.

Tədbir sual-cavab formatında davam edib.

Xatırladaq ki, Eduardo Sakerinin Azərbaycan dilinə tərcümə edilmiş “Gözlərindəki sirr” kitabının təqdimatı V Milli Kitab Festivalı çərçivəsində keçirilib. “Gözlərindəki sirr” əsərini argentinalı yazıçı Eduardo Sakeri 2005-ci ildə yazıb və 2009-cu ildə həmin detektiv roman əsasında eyniadlı film çəkilib. Bu ekran əsəri 2010-cu ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskar qazanan ikinci Argentina filmidir.

Eduardo Alfredo Sakerinin 55 yaşı var, o, həm yazıçı, həm də tarix üzrə professordur. 

 

Şəkillərdə: Təqdimat mərasimindən görüntülər; Eduardo Sakeri və ona uğur gətirən kitab

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

İyunun 2-də Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qala-konsert keçirilib. 

 

AzərTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Paşa Bank”ın Gürcüstan filialının, SOCAR-ın Kulevi Terminalının, “Dapna” və “AS Georgia” şirkətlərinin, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Konsertə gələn qonaqlara Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Heydər Əliyev 100: firavanlığın memarı” kitabı təqdim olunub. 

Binanın ikinci mərtəbəsindəki sərgi salonunda isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən Gürcüstana səfərlərini və keçirdiyi tarixi görüşləri əks etdirən fotosərgi açılıb. 

Konsertdən əvvəl çıxış edən səfir Faiq Quliyev Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin tarixindən söz açıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ikitərəfli münasibətlərin yeni müstəvidə daha da inkişaf edərək möhkəmləndiyini bildirib.

Diplomat Ulu Öndərin musiqiyə, incəsənətə və mədəniyyət xadimlərinə daim diqqət və qayğı göstərdiyini qeyd edib, Tbilisi Dövlət Opera və Balet Teatrında belə bir möhtəşəm konsertin təşkilini fenomen şəxsiyyət, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin xatirəsinə yüksək ehtiramın əyani sübutu kimi dəyərləndirib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında ölkələrimiz arasındakı əməkdaşlığın hazırkı səviyyəyə yüksəlməsində Heydər Əliyevin uzaqgörən siyasətinin önəmini vurğulayıb, Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilən tədbirlərə görə təşəkkürünü bildirib. 

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili çıxışında deyib ki, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı və mehriban qonşuluq əlaqələri dinamik inkişaf edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi böyük siyasətçi adlandıran nazir deyib ki, Ulu Öndər ömrünü xalqa xidmətə həsr edib. L.Davitaşvili Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertdə iştirak etməkdən böyük qürur duyduğunu vurğulayıb.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış edərək, Fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində mədəniyyətin inkişafında, mədəni irsin qorunmasında, mədəni abidələrin bərpasında və yenidən qurulmasında mühüm rol oynayır. Heydər Əliyev Fondu qonşu və dost Gürcüstanda da bir sıra mədəni layihələr həyata keçirib. 

Sonra konsertdə Tbilisi Dövlət Opera və Balet Teatrının orkestri Azərbaycanın Xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə çıxış edib. Orkestr əvvəlcə Niyazinin və Fikrət Əmirovun bəstələrini məharətlə ifa edib.

Tanınmış gürcü opera müğənnisi Tamuna Çeqanata, pianoçu Elisa Volkvadze, Azərbaycanın tanınmış mədəniyyət ustaları Elvina Həsənova, Xalq artisti Samir Cəfərov, kamança ustası Elnur Mikayılov, muğam ifaçıları Mirələm Mirələmov, Kamilə Nəbiyeva Azərbaycan bəstəkarlarının mahnı və bəstələrini ifa ediblər.

M.Mirələmovun və K.Nəbiyevanın ifa etdikləri “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən xüsusi coşqu və alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Afrika günü münasibətilə Anqolanın Luanda şəhərində keçirilən mədəniyyət festivalında ölkəmizi Anqolada yaşayan azərbaycanlılar Asya Nəcəfova və Şahmir Sofiyev təmsil edib.

 

Bu barədə AzərTAC-a Nigeriyada fəaliyyət göstərən “Azərbaycanın Dostları” Təşkilatının təsisçisi, həmçinin stendimizin dəstəkçisi Anqolada yaşayan Billurə Bayramova-Bernardın məlumat verib.

Onun sözlərinə görə, festival Anqolada yaşayan müxtəlif icmaların öz ölkələrini təmsil və təbliğ etmək, tarixləri, mədəniyyətləri və milli mətbəx nümunələri barədə məlumatları yerli ictimaiyyətlə paylaşmaq məqsədilə təşkil edilib.

Bildirilib ki, Azərbaycan guşəsində festivalın qonaqlarını milli geyimdə təşkilatçılar və icma üzvləri qarşılayıblar. Qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib, onlara müxtəlif ingilis dilində tərcümə edilmiş Azərbaycan xalçaları, milli geyimlərini və məşhur fotoqraf Reza Deqatinin ölkəmizlə bağlı fotolarını əks etdirən kitablar təqdim edilib.

Qeyd edək ki, tədbirdə Anqolanın rəsmi şəxsləri, müxtəlif ölkələrin səfirləri və Luanda şəhərində yerləşən məşhur şirkətlərin nümayəndələri ziyarət ediblər.

 

 “Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Bazar ertəsi, 05 İyun 2023 09:30

“Hədis” animasiya filminin premyerası olub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar YARAT Müasir İncəsənət Mərkəzində “Hədis” qısametrajlı animasiya filminin milli premyerası keçirilib. 

 

Rejissoru Nəzrin Ağamalıyeva olan “Hədis” filmi simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib. Ekran əsəri İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub. 

Tədbirin əvvəlində muğam musiqisi səslənib. Tarzən Əfqan İsgəndərov, xanəndə Mirəli Sarızadə, kamança ifaçısı Fərid Babayev tamaşaçılar üçün “Ayrılıq” və “Qaragilə” mahnılarını ifa ediblər.

Filmin nümayişindən sonra yaradıcı kollektivlə sual-cavab sessiyası olub. 

Xatırladaq ki, bu il “Hədis” filmi dünyanın ən böyük və aparıcı animasiya festivalı kimi tanınan Annesi Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib. Film müsabiqədə 112 ölkədən 3250 film arasından seçilib. Qeyd edək ki, qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. Annesi müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.

Filmin prodüseri Rəşid Ağamalıyev, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovadır, montajçı Jorge Sánchez Calderon, bəstəkar Ondrej Zavadildir. Filmi səsləndirən Zöhrə Kərimi, redaktor Rafiq Məmmədlidir. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin mahnısı səslənir.

“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyi ilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Polşada Varşava Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın Polşadakı səfirliyi ilə birgə iştirak edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı sözügedən Fonda istinadən xəbər verir ki, kitab sərgisində Türk dünyasının dövlətçiliyi, tarixi, mədəni irsi, incəsənəti, ədəbiyyatı ilə bağlı Fondun üzv və müşahidəçi ölkələrinin dillərində – Azərbaycan, qazax, qırğız, türk, özbək, macar – eyni zamanda ingilis, rus, polyak, ərəb, alman, italyan və digər dillərdə olan 500-ə qədər kitab, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri, eləcə də Azərbaycanın Polşadakı səfirliyi tərəfindən təqdim olunan kitablar nümayiş olunub.

Sərgilənən kitablar arasında 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi çərçivəsində Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş nəşrlər, həmçinin Türk dünyasının qürur mənbəyinə çevrilmiş tarixi Qarabağ Zəfərinə aid kitablar, habelə Türk dünyasının görkəmli fikir adamları Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Süleyman Çələbi, Yunus Əmrə, Abay Kunanbayev, Toktakul Satılkanov, Muxtar Auvezov, Məhdimqulu Fəraqi, Çingiz Aytmatov və digər yazıçı və şairlərin əsərləri yer alıb.

Beynəlxalq Türk Mədəniyyəti irsi Fondunun əməkdaşları Fərid Hüseynov və Ləman Ağagülova bir sıra Avropa ölkələri, o cümlədən İspaniya, Rumıniya, Polşanın nəşriyyat və qurumları ilə görüşlərdə təşkilatın Türk dünyasının mədəniyyətinin, irsinin beynəlxalq miqyasda təbliği və tanıdılması istiqamətində gördüyü işlər barədə geniş məlumat verib, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Fond və səfirliyin birgə stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Varşava Kitab Sərgisi Avropada ənənəvi olaraq keçirilən və hər il yüz minlərlə oxucunun maraq göstərdiyi ən nüfuzlu kitab sərgilərindən biridir. Bu il sərgiyə yerli nəşriyyatlarla yanaşı, 15-dən çox ölkə də qatılıb. Ümumən 500-dən çox iştirakçının qatıldığı sərgi Varşava Mədəniyyət və Elm Sarayında baş tutub. Ukraynanın Fəxri qonaq statusunda təmsil olunduğu sərgiyə İtaliya, Norveç, İspaniya, Fransa, Slovakiya, İslandiya, Avstriya, Çin, Hindistan, Cənubi Koreya, Tayvan və digər ölkələr qatılıb.

1000-dən artıq yazar, tərcüməçi və naşirin iştirak etdiyi kitab sərgisində əsasən tanınmış müəlliflərin imza günləri, oxu saatları, ədəbi müzakirələr və konsert proqramları olmaqla 4 gün ərzində 270-dən artıq tədbir təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsert olub. 

 

AzərTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və MDBMİ-nin dəstəyi ilə bu institutun Azərbaycan klubu tərəfindən təşkil edilib. 

Konsertə gələn 300-dək qonaq beynəlxalq müsabiqələr laureatı Klimenti Kateninin dirijorluq etdiyi orkestrin müşayiəti ilə MDBMİ-nin solistlərinin və dəvət olunmuş artistlərin ifasında hamıya yaxşı tanış olan və sevilən musiqi kompozisiyalarını yenidən eşitmək kimi unikal imkana malik olublar. 

Konsertdən əvvəl Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar siyasət şöbəsinin rəhbəri Tamilla Əhmədova, MDBMİ-nin Azərbaycan klubunun sədri Nihad Binnətzadə salona toplaşan tamaşaçıları salamlayıblar. 

Musiqi axşamı Müslüm Maqomayevin səsi ilə açılıb. Tamaşaçılara görkəmli artistin beynəlxalq müsabiqələr laureatı Anastasiya Qonçarova (royal) və Sergey Belozerçevin (skripka) akkompanementi ilə Andrey Dementyevin “Odarivaet sçastye nas po raznomu...” adlı şeirini oxumasının səs yazısı təqdim edilib. 

Konsert proqramı opera müğənnisi Yana Melikayeva, Mariinski teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Həmid Abdulov, beynəlxalq müsabiqələr laureatı Ramazan Ramazanov, Qalina Vişnevskaya Opera Müğənniliyi Mərkəzinin solisti, beynəlxalq müsabiqələr laureatı Nigar Cəfərova, pianoçu, beynəlxalq müsabiqələr laureatı Anastasiya Qonçarova və “Qradski holl” teatrının solisti Emil Qədirovun çıxışları ilə davam edib. 

Konsertin bütün iştirakçıları – dəvət olunmuş artistlər və MDBMİ-nin solistlərinin ifasında səslənən “Azərbaycan” mahnısı Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsertin parlaq yekunu olub.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)

Oktyabrın 6-da Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək.

 

“Heydər Camalın həyat yolu” mövzusuna həsr olunacaq görüş saat 20:00-da başlayacaq.

Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, məşhur jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib və 44 günlük Vətən müharibəsində haqq səsimizi dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)

Rəsm qalereyası: Toğrul Nərimanbəyov, “Natürmort”

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

 

Onun rəsmlərində o qədər rəngarənglik, işıq, hərarət var ki… Şərq koloriti p qədər güclüdür ki… Və sonzuz millilik atributlarına rast gəlinir. Ona görə də rəngkarlıq tariximizə adı qızıl hərflərlə həkk olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatından 10 il ötür. O bütün ömrü boyu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə çalışıb, yaratdığı bənzərsiz sənət nümunələri ilə milli sənət dünyamıza dəyərli töhfələr verib.

1930-cu il avqustun 7-də Bakıda dünyaya gələn Toğrul Nərimanbəyovun həyatı heç də asan olmayıb. Atası Fərman Şuşada doğulub. Fransanın Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.

1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs olunur, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.

Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.

Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıdır.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir. Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.

Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.

T.Nərimanbəyovun zəhməti, sənəti hər zaman qiymətləndirilib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı”, 1980-ci ildə isə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb. 2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Dünya şöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.

Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz sevgi və maraq oyadıb. Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Toğrul Nərimanbəyov mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. Bu böyük sənətkar ömrü boyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürməyib. Yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri kətana köçürüb. İçindəkiləri solmayan rənglər dünyasına danışıb. Dünyaya Buzovnadan, İçərişəhərdən, Abşerondan boylanıb, Göyçay narına əbədi xoşbəxtlik gətirib, harada olubsa Azərbaycanı düşünüb, Vətəni təmsil edib. Bu sevgi ilə dünyanı dolaşıb, mərd, məğrur, qürurlu bir insan ömrü yaşayıb, sənəti ilə şəxsiyyətini tamamlamağa nail olub, kamillik zirvəsinə ucala bilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)

Bəli, sabah daha bir ədibimizin doğum günüdür, yubileyidir. Söhbət Nəriman Əbdülrəhmanlının 65 illiyindən gedir. “Ədəbiyyat və incəsənət” portalının yazarı Elman Eldaroğlunun daha bir yazısını təqdim edirik. 

 

Dostlar, bu dəfə sizə yazıçı Nəriman Əbdülrəhmanlıdan söhbət açmaq istəyirəm, kimə maraqlıdırsa dinləyə bilər. Doğrudur, onun haqqında çox deyilib, çox yazılıb, amma düşünürəm ki, bu söhbət onun 65 illik yubileyinə ilk hədiyyələrdən olacaq. O, 1958-ci il iyunun 3-də qonşu Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində dünyaya gəlib. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini bitirdikdən sonra Bakıya üz tutub. Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. Üç il sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. İndiyədək "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışır...

 

“Mənə görə, ədəbiyyat nə tərbiyəçidi, nə də məsələ qaldırıb problem həll eləyən. Ədəbiyyat insanın yaşantılarını, duyğularını, görüşlərini SÖZlə ifadə eləmək sənətidi. Əsl ədəbiyyat, həqiqətdə, gözəl avantüradı, insanı həyəcanlandırmaq, sarsıtmaq, necə deyərlər, yerindən oynatmaq, havalandırmaq cəhdidi. Əlbəttə, ədəbi əsərlərin insanın zənginləşməsinə təsirini də inkar eləmək olmaz. Orxan Pamukun romanlarından biri təxminən belə başlayır: “Bir kitab oxudum və bütün həyatım dəyişdi”. Danmaq olmaz ki, insanın həyatını dəyişdirən əsərlər də var. Xüsusilə elektron rabitə vasitələri olmayan, kitabın daha çox oxunduğu vaxtlarda belə təsirlər hiss edilən idi...”- söyləyir.

 

İlk publisistik yazıları, hekayələri ötən əsrin 80-ci illərindən çap olunan Nəriman Əbdülrəhmanlı 90-cı illərdən povestləri, 2000-ci illərdən isə romanları ilə tanınır. O, həmçinin kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib...  

 

Artıq söz-söhbətdən, yersiz dedi-qodulardan, məkr və paxıllıqdan uzaq adamdır. Onu mətbuatdan izləsəm də həyatda cəmi iki dəfə görmüşəm. Bir dəfə yazıçı Aslan Quliyevin evində, bir dəfə də mərhum ədəbiyyatşünas Sabir Bəşirovun kitabına həsr olunan tədbirdə. Maraqlı mülahizələri var.

 

Deyir ki,- “Düşünürəm, cəmiyyət çoxsəsli, çoxrəngli, çoxqatlı orqanizmdi, hər baxan qələm adamı da həmin orqanizmdə öz səsini, öz rəngini, öz qatını axtarır. Rənglərin, eləcə də səslərin arasındakı fərq yazıçının həmin məqamdakı ovqatı, ruhi vəziyyətilə bağlıdı. Yenə Orxan Pamuka müraciət eləyim. Onun yeganə bir hekayəsi var, “Pəncərədən baxmaq” adlanır. Radio, televiziya olmayanda adamlar həyata pəncərədən baxırdılar, onda həyat tamam başqa rəngdə görünürdü. İndi həyata daha çox monitordan baxırlar. Həyatısa insan gözündən başqa aradakı bütün vasitələr deformasiyaya uğradır...”

 

  Xaraktercə sakit, mülayim adamdır. Necə deyərlər, dindirməsən danışmaz. Zahirən sakit görünsə də daxilən qaynar, dinamikdir. Güclü mütaliəsi var, bu onun davranışında, nitqində, eləcə də dünya görüşündə öz əksini tapıb. Haradan sual verirsən ver, dərhal cavablandıra bilir. Yaradıcı adam kimi şox tələbkardır, öz üzərində daim işləməyi xoşlayır...

 

“Sözün düzü, mən özünü modernist ya postmodernist adlandıran qələm sahiblərinə başqa cür baxıram. Məndən ötrü gözəl bədii mətn yazmaqdan başqa heç bir cərəyan- filan mövcud deyil. Normal cümlə qura bilməyən, hisslərini bədii səviyyədə ifadə eləməyi bacarmayan adamın özünü nəsə adlandırması ancaq təəssüf doğurur. O vaxt özünü postmodernist sayan, üstəlik, səs-küylü mükafat-filan da almış bir gənc yazarın son kitabı əlimə keçmişdi, bircə abzasını oxudum, ona da, hamilərinin köməyilə at oynatdığı ədəbiyyata da yazığım gəldi. Ona görə ədəbiyyatı sevmək də,  bilməmək də, iddia ortaya qoymaq da olar, amma son məqamda hər şeyi ƏLAHƏZRƏT MƏTN göstərir.”- söyləyir.

 

Bəli, ədəbiyyatda bütün qaydalarla yanaşı mətn başlıca amildir. Elə bizim özümüz də, sonda kiminsə dilində mətnə çevrilməyəcəyikmi?..

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.