Super User

Super User

Vaqif Səmədoğlunun növbəti doğum günü elegiyası

 

 

Dünən yenə külək əsdi. 84 ildir ki, Vaqif Səmədoğlu doğulan gün - iyunun 5-də külək əsir. Biz bu yazını dünən, onun doğum günündə verməli idik. Amma vermədik. Elə bu girişin, külək xatırlamasının eşqinə vermədik. Gözlədik ki, görək tilsim sınacaqmı, 83 illik ənənə pozulacaqmı. Amma pozulmadı. 


Bir axşam taksidən
düşüb payıza
Bilmədik haraya,
hayana gedək...
Bahar həsrətiylə
payız axşamı
Yenə həzin-həzin
titrədi ürək.


Yağışın əlindən
qaçıb bir küncə,
Dayandıq üzümüz
dənizə sarı.
Yenə tapılmadı
payız gəlincə
O uzaq günlərin
itmiş açarı…

 

Bu şeirdə payız vəsf olunub. Yayda doğulan Vaqif Səmədoğlu ən çox elə yayı sevib, amma ən çox payızı vəsf edib. Ömrünü payıza bənzətdiyi üçün. Payız qədər qəmli, kədərli, həm də müdrik olduğu üçün…

 

Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümü tamam oldu.

Azərbaycan poeziyasında öz yolu, öz dəst-xəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da, az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya göz açdı. Şairlər diyarı Qazağın poeziya ruhu damarlarında axan qana qarışdı. 

İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.

 

Ömrümə duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə…


Bu dumana qapımdan,
çıxan kimi azmışam 
yenə şeir yazmışam,
heç kəsə demə…


Daş evlər arasında
neyləyər duman mənə?
Gülüm, diriyəm yenə,
heç kəsə demə…

 

Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.

Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.

Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, əgər belə demək mümkünsə, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır”.

Ruhu şad olsun!

 

Bu payız da başlandı,
Bu yağış da…
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm…
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək…

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Taylandın paytaxtı Banqkokun ən iri və mötəbər konsert salonlarından biri olan Banqkok Beynəlxalq Mədəniyyət Mərkəzinin Böyük zalında Tayland Kral Simfonik Orkestrinin konserti təşkil edilib. 

 

AzərTAC xəbər verir ki, həmin konsertdə orkestri Taylandın tarixində ilk dəfə olaraq azərbaycanlı dirijor, Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib. 

Azərbaycanlı dirijorun Taylanda səfəri musiqi kollektivin rəhbərliyi və eyni zamanda orkestrin himayədarı və yaradıcısı olan Taylandın şahzadəsi Əlahəzrət Sirivannavari Rayakanyanın dəvəti nəticəsində gerçəkləşib. 

Mürəkkəb musiqi proqramı ilə seçilən konsertin əsas ideyalarından biri dahi bəstəkar Sergey Raxmaninovun 150 illiyi ilə bağlı idi. Həmin gecə Sergey Raxmaninovun fortepiano və orkestr üçün “Paqanini mövzusunda Rapsodiyası” Çinin tanınmış pianoçusu Ze-Ze tərəfindən böyük məharətlə təqdim olunub. 

Proqramın orkestr bölümündə səslənən dahi bəstəkarlar P.Çaykovskinin “İtalyan kapriççiosu” və İ.Stravinskinin “Atəş quşu” baletindən süitası konsertə xüsusi rəng qatıb. 

Dinləyicilərin alqışlarını və istəyini nəzərə alan dirijor Əyyub Quliyev salonda əyləşən qonaqlara müraciət edərək, Azərbaycan musiqi ifaçılığını Taylandda ilk dəfə təqdim etməkdən qürur duyduğunu söyləyib və Kral Orkestrinə öz minnətdarlığını bildirib. 

Proqrama gözlənilmədən əlavə olunmuş yeni əsərləri ifa edən Kral Banqkok Orkestri dinləyicilərin xüsusi alqışları ilə qarşılanıb. Konsert bitdikdən sonra salonun foyesində gecəyə toplaşmış qonaqlarla azərbaycanlı dirijor Əyyub Quliyev və çinli pianoçu Ze-Zenin görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Rəssamın “Cənnət gözləyə bilər” adlı fərdi sərgi açılacaq

 

 

Aida Mahmudova gerçəkliyi mistik təsvirlərlə verməyi bacaran, ekspozisiyada məchulluqları gizlədən, bununla düşündürən, tamaşaçısını düşünməyə vadar edən rəssamdır. 

İyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzində istedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi açılacaq.

 

Və “Ədəbiyyat və incəsənət” portalı bununla  bağlı nisbətən geniş bilgi vermək istəyir. Sərginin leytmotivi nədir? İş ondadır ki, rəssamın “Cənnət gözləyə bilər” sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. Ancaq həyatı mənzərədən ayırmağa cəhd etmək də bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, şəxsi və ya ictimai tarix bir mənzərədə və coğrafiyada baş verir və yaddaşımızı hər zaman canlandıran bir məkan var. Varlığımızın bütün imkanlarını kəşf etmək üçün incəsənətə və sosial elmlərə müraciət etməliyik. İncəsənətin ümumbəşəri dəyərləri olsa da, unutmamalıyıq ki, bizim ədəbi-vizual kontekstimiz sırf lokal xarakter daşıyır. Növbəti məqam önəmlidir: İnsanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır. 

 

Burada rəssam Aida Mahmudova bizi “mənlik klaustrofobiyasından” xilas etmək üçün bir növ mənzərəyə, bu mənzərənin reallığına aparır. 

Rəssam coğrafiyanın sivilizasiyanın mühüm ölçüsü olduğunu və bu coğrafiya daxilində insanlarla əlaqə saxlamağın mümkünlüyünü bildirir. Sərginin mərkəzində yerləşən iki böyük rəsm bizə coğrafiyadan, onun müxtəlifliyindən və əhəmiyyətindən xəbər verir, həmçinin onun gözəlliyinə və dəhşətinə diqqəti cəlb edir. Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair ip ucları da var. Əsrimizin fraqmentar strukturu ilə ahəngdə olan rəsmlər orqanizmin bütün təbii dövründən (doğum, həyat, ölüm) sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir.

 

A.Mahmudova dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu, rəssamın çağırışıdır. İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab və təsir edir. O, dünyadakı varlığımızı, öz vücudundan götürdüyü tərsinə (neqativ) formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir, həmçinin tavandan asdığı kətan və səth əsərləri ilə ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin ip uclarını görə bilərik. Rəssam əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərə qarşı mübarizəmizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir. A.Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır.

İncəsənət artıq dünyanı göründüyü kimi təsvir etmək, ölçmək və təhlil etməklə məhdudlaşmır. Rəssam hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir. Aida Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız, introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilib. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, daha çox səmimiyyətə və yaradıcılığa çağırır.

Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A.Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ip ucları verəcək.

 

Qeyd edək ki, Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi iyunun 8-dən oktyabrın 22-dək davam edəcək. 

Gəlin, baxın, zövq alın.

Həm də, düşünün, dərk edin.

Axı homosapiens düşünməyə məhkumdur. 

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Çərşənbə axşamı, 06 İyun 2023 12:00

Necə əl çəkim?

Bakıda və Sumqayıtda Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi münasibətilə tədbirlər keçirildi

 

Ötən gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, şair, tərcüməçi Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi tamam oldu. Nakam şairin şəxsiyyəti və yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Axı o, qırmızı kommunist diktaturasına əyilməyib, axıradək NKVD cəlladları önündə duruş gətirib. Şairin öz sonunu görməsi, yana-yana bu misraları yazması bu gün ürəkləri göynətmirmi, göynədir.

 

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
 
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
 
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
 
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
 
Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
 
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
 
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
 
 Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
- Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
 
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?

 

Müşfiqin anadan olmasının 115 illiyində Bakıda və Sumqayltda müxtəlif tədbirlər keçirildi. Bakıda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən elektron baza, videomaterial, həmçinin virtual kitab sərgisi hazırlanmışdı. 

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada görkəmli ədibin həyatı və yaradıcılığı haqqında geniş məlumat var. Burada “Müşfiq və türk ədəbiyyatı”, “Müşfiq və aşıq yaradıcılığı”, “Müşfiqin tərcümələri”, “Sözləri Mikayıl Müşfiqindir” bölmələri yer alıb, müxtəlif illərdə çap edilən kitablarının biblioqrafik təsviri öz əksini tapıb. Məlumat bazasında “Müşfiq xatirələrdə”, “Fotoqalereya”, “Videoqalereya” bölmələri ilə yanaşı, “Müşfiq haqqında deyilənlər”, “Müşfiqə həsr olunmuş şeirlər” də təqdim edilib.

Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi ilə əlaqədar hazırlanan videomaterialda şairin həyat və yaradıcılığı haqqında məlumatlar təqdim olunub. Materialda, həmçinin Müşfiqin tərcümələri haqqında məlumat verilib, sözlərinə yazılmış mahnılar da təqdim edilib.

“Könüllərdə əbədi tarix quran şair – Mikayıl Müşfiq” haqqında hazırlanan virtual sərgidə ədibin həyat və yaradıcılığının əsas tarixləri, “Əbədiyyət nəğməsi”, “Seçilmiş əsərləri”, “Könlümü al, oxu!” kimi kitablarının və haqqında yazılan “Müşfiqli günlər”, “Mədəni irs və Müşfiq novatorluğu”, “Müşfiqin sənət aləmi” kimi kitabların, eləcə də “Sevgimizdə Müşfiq ruhu”, “Ah, bu uzun sevda yolu”, “Müşfiqli dünyanın təntənəsi”, “Ölüm adasında son nəfəs” kimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.

Ayrıca, kitabxana əməkdaşları şairin büstünü də ziyarət etdilər, postamentə tər çiçəklər qoydular.

Sumqayıtda isə Müşfiqi Xəzər dənizinin  sularına gül səpməklə andılar. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhər ziyalıları iştirak edirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Çərşənbə axşamı, 06 İyun 2023 11:00

Yusif Nəğməkardan Şairlər Günü təbriki

“Ədəbiyyat və incəsənət” portalının poçtunda şair Yusif Nəğməkarın Şairlər Günü münasibətilə qələm dostlarına təbriki var. Təbriki nəzərinizə çatdırırıq. 

 

 

ŞAİRLƏR Gününüz mübarək, əziz qələm dostlarım!

 

Q Ə Z Ə L

 

Nazlı yar könlümə hicranı da ahəstə qoyar,

Elə ahəstəliyi aləmi ta xəstə qoyar.

 

Öldürər aşiqini yüz gülüşüylə qəsdən,

Gülüşün gül eləyib qəbrimə bir dəstə qoyar.

 

Hərdən acı sözünə heç ürəyi tab eləməz,

Dilinə, dilçəyinə nabat ilə püstə qoyar.

 

Ha sına, imtahan eylə, əladı qiyməti də,

İsmətlə namusunu başına tac istə, qoyar.

 

Kimsə hüsnüylə, ya əqliylə onun bəhsə girə,

O, yarı yolda ötüb rəqibini düzdə qoyar.

 

Vəfasına əminəm ki, çəkiləntək adıma

Ürəyinin başında heykəl ilə büst də qoyar.

 

Nəğməkarın gözünü bağlasalar dəsmal ilə,

Çaşmadan barmağını sevdiyinin üstə qoyar.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib. Festival Alanya Bələdiyyəsinin təşkilatçılığı ilə “Türkiyə Respublikasının 100 illiyində türk respublikaları” mövzusunda keçirilib.

 

Fonddan verilən məlumata görə, festivalın açılışı çərçivəsində rəsmi şəxslərin iştirakları ilə Alanyadakı Atatürk abidəsinin önündən başlayan təntənəli yürüş türk xalqlarının folklorunu, milli geyimlərini və musiqi mədəniyyətini əks etdirən bədii proqramın müşayiəti ilə gerçəkləşib. 

Festivalın açılış mərasimində Alanya Bələdiyyəsinin sədri Adem Murat Yücel, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər və nümayəndələri, Türk dövlətlərini təmsil edən rəsmilər və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Açılış tədbirində çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva hər il Alanyada xüsusi mövzu altında keçirilən Beynəlxalq Turizm və İncəsənət Festivalının bölgənin mühüm turizm və mədəniyyət mərkəzi olduğunu bir daha sübut etdiyini, dünyaya bəşəri sülh mesajını çatdırdığını vurğulayıb.

Günay Əfəndiyeva 2023-cü ilin Türk dünyasında əlamətdar il olmasından bəhs edib. Fondun prezidenti bu il Türkiyədə Cümhuriyyətin qurulmasının 100 illiyinin, Azərbaycanda müasir Azərbaycan Respublikasının banisi və memarı, dahi lider Heydər Əliyevin 100 illiyinin, Qazaxıstanda böyük şair və mütəfəkkir Xoca Əhməd Yasəvinin 930 illiyinin, Qırğızıstanda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 95 illiyinin, həmçinin bütün Türk dünyasında təntənəli qeyd olunduğunu vurğulayıb. Günay Əfəndiyeva bildirib ki, ötən il Bursadan sonra Qarabağın göz bəbəyi Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı ünvanını daşıması türk xalqlarının ən böyük coşğuyla qarşıladığı hadisələrdəndir. 

Eyni zamanda, Günay Əfəndiyeva bu il Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın demokratik seçkilərdəki qələbəsinin ölkə ilə yanaşı, bütün Türk dünyası üçün mühüm əhəmiyyətini vurğulayaraq, bildirib: “Rəcəb Tayyib Ərdoğanın Türk birliyini hər zaman dəstəkləyən fəaliyyətlərinə bütün Türk dünyası dərin rəğbət və minnətdarlıq duyğuları bəsləyir. Heç şübhəsiz, qarşıdakı yeni dövrdə Türk xalqlarının həyatın bütün sahələrini əhatə edən inteqrasiya prosesi daha da sürətlənəcək”.

Fondun prezidenti müasir dövrdə beynəlxalq aləmdə sürətlə yüksələn, türk dövlətlərinin tarixi qardaşlığının uğurla davam etdirilməsindən bəhs edərək bildirib: “3 il öncə Azərbaycanın Qarabağ uğurundakı savaşında, bu ilin əvvəlində Türkiyədə baş verən ağır zəlzələ fəlakətində Türk dünyasının qəlbi bir bədəndə döyündü. Biz Türk respublikalarının tək ürək, yeri gəldikdə tək yumruq olmağının şahidi olduq. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ölkədə keçirilən genişmiqyaslı tədbirlərin bu mövzuya həsr olunması türk həmrəyliyinə verilən önəmin bariz göstəricisidir”.

Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun əsas missiyasının ümumtürk mədəni irsinin mühafizəsi və tanıdılması vasitəsilə Türk xalqlarının birlik və həmrəyliyinin gücləndirilməsi olduğunu vurğulayıb.

Mərasimin sonunda tədbir iştirakçıları fotoşəkil sərgisini, müxtəlif türk xalqlarının milli geyimlərinin və mətbəxinin nümayiş olunduğu çadırları ziyarət ediblər. 

Üç gün davam edən festivalda Türk dünyasının milli mədəniyyətini, musiqisini, rəqslərini əks etdirən rəngarəng tədbirlər keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Çərşənbə axşamı, 06 İyun 2023 11:15

Həkim, millətçi, xilaskar…

Dünən axşam “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filmi təqdim olunub

 

Dünən axşam saatlarında Nizami Kino Mərkəzində qələbəlik idi, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filmi ictimaiyyətə təqdim olunurdu.

Tanınmış kino xadimləri tanınmış Qarabağ nəslinin nümayəndəsinin həyat hekayəsinin səhnə təcəssümününün alınıb-alınmamasını öyrənməkdə maraqlı idilər. Və bəri başdan deyək ki, film alınıb.

Filmin əsərinin çəkilişləri Bakıda və Şuşada aparılıb. Filmin rejissoru Yavər Rzayev, prodüseri Nazim Hüseynov, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərlidir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir  ki, filmdə Qarabağ hökmdarı İbrahimxəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlar nəslindən 

bəhs edilir. Mehmandarovlar XX-XXI əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıblar. Filmdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı, Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, xalqın səfərbər edilməsində və Difai təşkilatının yaradılmasında müstəsna xidmətləri əksini tapır.

 

İndi isə qayıdaq Nizami Kino Mərkəzinə. Filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ekran əsəri barədə məlumat verib. O deyib ki, Mehmandarovlar nəslinə həsr olunan bu film tarixi-publisistik formada çəkilib. Film özünəməxsusluğu ilə seçilir. Hazırkı vaxtda sənədli film çəkmək çox çətindir. Rejissor burada özünəməxsus tərzdə maraqlı forma tapa bilib. Eyni zamanda, ekran əsərinin simvolik sonluğu var. 

Cəmil Quliyev əminliyini bildirib ki, bu film milli kinematoqrafiyada öz layiqli yerini tutacaq. 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Mehmandarovlar soyunun nümayəndəsi Mustafa Mehmandarov təqdimatdan məmnunluğunu bildirərək, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, zalda Mehmandarovlar nəslinin nümayəndələri iştirak edirlər. Və öz ailəsi  adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımı bildirib. Deyib ki, burada həssas məqamlar var, Mehmandarovların Şuşada olan malikanə kompleksi misilsiz və gözəl şəkildə bərpa edilib. Bu, eyni zamanda, bizim gələcək nəsillərə bir töhfədir.

Sonra Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov, filmin ssenari müəlliflərindən biri, “Mehmandarovlar” kitabının müəllifi, “Şuşa” qəzetinin baş redaktoru, Şuşanın tanınmış tədqiqatçısı Vasif Quliyev, filmin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev təqdim olunan ekran əsəri və Mehmandarovlar haqqında danışıblar. 

Sonra da diqqətlər ekrana cəmlənib, “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filmi nümayiş olunub. 

Zal filmin nümayişi bitəndə gurultulu alqışlar səsləndirib. El qədrini bilənlər əsla unudulmamalıdır!

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Çərşənbə axşamı, 06 İyun 2023 10:45

Bakıda Şəki rüzgarı

Teaatr haradan başlayır? 

Cavab sonda bəlli olacaq. 

Hələliksə xəbərə keçək. 

Bildiyiniz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Qonaq teatr” layihəsi həyata keçirilir, bu bölgənin tetarı digər bölgədə tamaşa göstərir, həm teatrsevərlər fərqlilik görür, həm də ümumən teatrın inkişafına zəmin yaranır.

Dünən layihə çərçivəsində İttifaqın səhnəsində Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi türk yazarı Toyğun Orbayın “21:15 qatarı” adlı birhissəli səhnə əsərini təqdim edib.

 

Öncə Azərbaycan Teatr Xadimləri İttifaqı Sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti Hacı İsmayılov çıxış edərək Şəki Teatrının fəaliyyətindən söz açıb, həmçinin tədbir və layihə haqqında ümumi məlumat verərək, yaradıcı kollektivi teatrın 90 illiyi münasibətilə təbrik edib. 

Bildiyiniz kimi, Hacı İsmayılov özü də şəkilidir, bu bölgə Azərbaycan tetar tarixində əsaslı rol oynayır və ən azından onu deyək ki, böyük Mirzə Fətəli Axundov da şəkilidir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Hacı İsmayılov söyləyib: “Bu il çox əlamətdar ildir, həm Ümummilli Lider Heydər Əliyevin anadan olmasınin 100 illiyi, həm də Azərbaycan peşəkar teatrının yaranmasının 150 illiyidir. Bu il, eyni zamanda, 4 teatrın yubileyidir. Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə təşkil olunan “Qonaq teatr” layihəsi çərçivəsində bir çox bölgə teatrları Bakıya qastrol səfəri edirlər. İlk növbədə Ağdam teatrının yaradıcı kollektivi bu layihədə iştirak edərək şəhidlərimizə həsr olunmuş “Şuşadan gələn səs” tamaşası ilə çıxış edib. Bu gün də Azərbaycan mədəniyyətində öz yeri olan Şəki Dövlət Dram Teatrının kollektivi bizim qonağımızdır. Onlar maraqlı səhnə əsəri ilə burada çıxış edirlər”.

 

Sonra Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tərəfindən Toyğun Orbayın “21:15 qatarı” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Akif Yusifov, Rəhim Qocayev, Lalə Məmməd, Rəsul Məmmədrəhimov ifa ediblər.

Sonda Şəki Dövlət Dram Teatrının 90 illiyi münasibətilə və milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə teatr kollektivi İttifaqın təsis etdiyi Fəxri fərmanla təltif olunub.

Deyək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi böyük maraq doğurur. 

Belə bir deyim var, teatr asılqandan başlayır. Amma günümüzdə teatr məhz təşəbbüsdən başlayır. Gözəl təşəbbüsdən. 

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Çərşənbə axşamı, 06 İyun 2023 10:15

Oxumalı olduğunuz 16 ən yaxşı yapon müəllifi

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın diqqətini  becomeawritertoday.com saytındakı maraqlı xəbər cəlb edib. Belə ki, sayt tarixin ən məşhur 16 yapon yazısını müəyyənləşdirmək məqsədilə sorğu keçirib. 

Öncə nəticələri təqdim edirik (yazılış orijinaldakı kimidir):

 

1.Ryunosuke Akutagawa

2.Yukio Mishima

3. Banana Yoshimoto

4. Ryu Murakami

5. Yoko Ogawa

6. Kenzaburo Oe

7. Natsuo Kirino

8. Yasunari Kawabata

9. Mieko Kawakami

10. Natsume Soseki

11. Sayaka Murata

12. Hiromi Kawakami

13. Junichiro Tanizaki

14. Kobo Abe

15. Murasaki Shikibu

16. Haruki Murakami

 

Indi isə əməkdaşlarımızın reytinqə reaksiyasını. 

 

İntiqam Yaşar: Yapon ədəbiyyatının ən məşhur isimləri burdadır, həm Akutaqava, həm Mişima, həm Kobo Abe, həm də Murakami. Demək, qənaətbəxş reytinqdir.

 

Habil Yaşar: Ən sevdiyim yapon yazarı, əlbəttə ki, Rünöskö Akutaqavadır. Onun sırada ilk cərgədə dayanması gözəldir.

 

Malik Məmmədov: Düzü, yapon ədəbiyyatı barədə bilgili deyiləm.

 

Kənan: Bərbad reytinqdir. Çağdaş yapon ədəbiyyatı burda təmsil olunmur. 

 

Könül: Mən yapon filmlərini yapon romanlarından daha çox sevirəm.

 

Varis: Əlbəttə ki ən sevdiyim yapon yazıçısı Haruki Murakaminin, eləcə də dünyaca məşhur Akutaqavanın, Mişimanın, Kobo Abenin, Oenin siyahıda yer almaları əladır. Amma Nobel mükafatçısı Kadzuo İsiquro bəs hanı? Əgər kimsə desə ki, o Amerikada yaşayır deyə siyahıya salınmayıb, mən sual edərəm: yapon Ayda yaşasa belə, o yapon deyil məgər?

 

Şəkildə: Dünya üçün mübaliğəsiz olaraq demək olar ki, “Norveç meşəsi”ni yazan Haruki Murakami birincidir. 

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir. Müsabiqə 15 iyun – 31 iyul 2023-cü il tarixlərində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

 

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 15 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.