
Super User
Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib
Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib.
Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun əmək müqaviləsinə, onunla bağlanan əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, 07.08.2023-cü il tarixindən xitam verilib.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Türk rokunun məşhur siması Erkin Koray vəfat edib
Türk rok musiqisinin məşhur siması Erkin Koray vəfat edib.
APA xəbər verir ki, bu barədə sənətçinin qızı sosial media hesabında məlumat verib.
82 yaşlı Koray uzun müddət idi ki, Kanadanın Toronto şəhərində yaşayırdı.
O, daha çox Anadolo roku tərzində ifaları ilə tanınıb. Bu yistiqamətdə Anadolunun tarixi türkülərinə yenidən nəfəs verən ustad rokçu həm Türkiyədə, həm də dünyada populyarlıq qazanıb.
Sənətçi 1969-cu ildə "Yeraltı dördlüsü" adlı qrupu yaratmaqla Türkiyədə "underground music" tərzinin geniş yayılmasında da önəmli rol oynayıb.
1982-ci ildə "Benden sana" və 1986-cı ildə "Gaddar" adlı albomları isə Türkiyədə ən çox satılan albomlar siyahısında yer alıb.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Bu gün həm də Yerli Xalqlar Günüdür
Bu gün tək kitabsevərlərin deyil, həm də yerli köklü xalqların günüdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hər il avqustun 9-da qeyd olunan beynəlxalq yerli köklü xalqlar günü 1994-cü ildə BMT Baş Assambleyası (qətnamə A/RES/49/214) tərəfindən təsis edilmişdir. 1992-ci ilin bu günündə, insan hüquqlarının təşviqi və müdafiəsi Alt Komissiyasının yerli işçi qrupunun ilk iclası keçirilmişdi, qəbul olunan sənəddə deyilirdi:
"Bu beynəlxalq yerli dünya günündə biz yerli mədəniyyətlərin zənginliyinə və onların dünya xalqları ailəsinə verdiyi xüsusi töhfələrə hörmətlə yanaşırıq. Biz həmçinin bir çox yerli xalqların üzləşdiyi böyük çətinlikləri — yoxsulluğun və xəstələnmənin yolverilməz miqyasından tutmuş əmlakdan məhrum edilməyə, ayrı-seçkiliyə və fundamental insan hüquqlarının rədd edilməsinə qədər hər şeyi xatırlayırıq".
1995-ci ildə başlayan bu qeydetmə - dünyanın ilk beynəlxalq yerli xalqlar günü dünyadakı yerli xalqların səsini daha aydın eşitməyə və yerli problemlərə diqqəti artırmağa kömək etdi.
Gəlin unutmayaq ki, İrəvanda, Göyçədə, Zəncəzurda, Basarkeçərdə yüz minlərlə yerli xalq - Azərbaycan türkü öz doğma yurdunda yaşamaqdan məhrum olub. Bura Xankəndini, Xocalını da əlavə etsək mənzərə tam aydın olar.
Şəkildə: Azərbaycanlıların deportasiyası
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Bu gün Beynəlxalq Kitabsevərlər Günüdür
Yayın bax bu 9 Avqust günü Beynəlxalq Kitabsevərlər Günüdür (Book Lovers Day).
Bu gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında, qeyri-rəsmi olaraq, özü də Milli Kitab günü kimi qeyd olunmağa başlanıb. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib.
Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. Azərbaycanda da “Hədəf” şirkəti ilk olaraq Binəqədi parkında yerli icra hakimiyyəti ilə kitabhədiyyəetmə bayramını qeyd etməklə sonradan estafeti digər təşkikatlara ötürüb.
Təbii ki, ölkəmizdə kitabsevərlər ümumi orta statistikadan az olsalar da hər halda vardırlar. Bu təqvim günü kitabsevərlər üçün ən gözəl bayramdır. Kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Bu oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur. İllərdir oxuduğumuz, təkrar oxumayacağımız kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.
Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.
Əgər siz bu bayram münasibətilə hansısa kitabsevəri təbrik etmək istəyirsinizsə ona kitab hədiyyə edin. Siz bax bu il bunu dəbə mindirin, gerisi gələcək.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Günün fotosu: 2023-ün iyulu - tarixin ən isti dövrü
Günün fotosu: 2023-ün iyulu - tarixin ən isti dövrü
Avropa Birliyinin iqlim dəyişikliyi monitorinq xidməti 2023-cü ilin iyul ayının qlobal orta temperaturunun rekord həddə çatdığını təsdiqlədi. Bu barədə Euronews məlumat yayıb.
2023-cü ilin iyul ayı, bu günə qədər bu “ən isti ay” adını qoruyan 2019-cu ilin iyulundan 0,33 dərəcə isti olaraq yer üzündə ən isti ayın rekordunu qoydu. Bu barədə çərşənbə axşamı Avropa iqlim dəyişikliyi müşahidə xidməti Copernicus bildirib.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
A.Kərimli: Rasim Balayevin çəkildiyi ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir
Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətilə ötən gün Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Adil Kərimli Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib.
Aktyorun Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələrini yüksək qiymətləndirən nazir onun çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Rasim Balayevin çəkildiyi ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir.
Rasim Balayev yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, bundan sonra da kino sənətinin inkişafına töhfə verməyə çalışacağını deyib.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
1417-ci ildə ilk nişan üzüyü…
“Ədəbiyyat və incəsənət” portalı evlilik barədə maraqlı məlumatları təqdim edir. Onları Samirə Tağıyeva toplaylb.
ÜZÜK
Evlənən zaman üzük taxmaq adəti qədim Misir və Roma dövründən qalıb. Qədim Romada üzük taxmaq mənsubluq və bağlılıq mənasını daşıyırdı. Taxılan üzüklərin dəmirdən olması evliliyin güclü və möhkəm olmasının rəmzi idi.
Tarixə düşən ilk nişan üzüyü 1417-ci ilə aiddir. Bu brilyant daşlı üzüyü avstriyalı hersoq nişanlısına hədiyyə etmişdi. Bundan sonra brilyant tək qaş üzük evlənmə təkliflərində bir vasitə olaraq istifadə edilmişdir.
GƏLİNLİK
Gəlinlik libasları adətən ağ olur. Bütün tarix boyu milli adətlərə əsaslanaraq qızılı, mavi, gümüşü və hətta qara gəlinliklər belə mövcud olub. Məsələn, qədim Romada gəlinliklər sarı rəngdə olub. Ağ gəlinliyin tarixi Birləşmiş Krallıq və İrlandiya kraliçası Viktoriynın Prins Albert ilə toyundan sonra dəb halını alıb.
TƏKLİF
Adətən evlilik təklifini kişilər edirlər. Lakin qadınların da evlilik təklif etməsi qədim zamanlarda mövcud olmuşdu. Məsələn, 1228-ci ildə Şotlandiyada qadınlara sevdiyi insana evlilik təklifi etmə haqqı verilmişdi. Bu hadisədən sonra Avropada qadınların evlənmə təklifi etməsi dəb halına çevrilmişdir.
BAŞA GÜL ATMA
Qədim zamanlardan bəri yeni evlənən cütlüklərin başına tökülən buğda və gül bərəkət rəmzi sayılırdı.
DİGƏR FAKTLAR
Ekspertlərin qənaətinə görə, ailədə kişi və qadın gün ərzində bir-birlərinə orta hesabla 4 dəqiqədən 40 dəqiqəyə qədər vaxt ayıra bilirlər. Əgər cütlüyün hər ikisi işləyirsə, bu müddət minimum həddə, yeni 4 dəqiqəyə düşür.
2019-ci ildə aparılan araşdırmalardan məlum olub ki , evlilik kişilərdə olan zorakılıq hissini 35 % azaldır.
Övladı olmayan ailələrdə boşanma halları övladı olan ailələrdən daha çoxdur.
Ailəli insanların ömrü tək və subay insanların ömründən uzun olur.
Hər 13 saniyədən bir dünyada bir nikah pozulur.
49 yaş ilk nigah üçün kritik yaş sayılır.
Özündən 7-9 yaş kişik xanımla evlənən kişilərin vaxtsız ölüm riski həmyaşıd xanımlarla ailə quran kişilərdən 11 faiz aşağıdır.
BOŞANMALAR
2015-ci illərdə aparılan araşdırmalar müəyyən edib ki, çox gülən və gülümsəməyi sevən insanların demək olar ki, heç biri boşanmayıb. Gülümsəməyən insanların əksəriyyətinin isə ailəsi dağılıb.
Statistik göstəricilərə görə, boşanma hallarının 60 faizi evliliyin ilk yeddi ilində baş verir.
MÜSTƏQİLLİK
Aparılmış tədqiqatlar və sorğular nəticəsində məlum olub ki, 81 faiz ailələr tam müstəqil yaşayırlar və onların ailə işlərinə heç kim qarışmır. Digər ailələrdə isə yaşam tərzi fərqlidir, yəni valideynlərin, qohumların, dostların, rəfiqələrin ailə işlərinə müdaxiləsi var. Müstəqil yaşayan cütlüklər özlərini daha xoşbəxt sayırlar.
Kişilərin öz həyat yoldaşlarına xəyanət etməsi əsasən 25-39 yaşlarında baş verir və çox maraqlı faktdır ki, bir çox hallarda onlar bunu etiraf etməkdən çəkinmirlər.
Bir çox qadınlar öz nikahlarını o zaman xoşbəxt və uğurlu sayırlar ki, ev işlərində bölgü cütlük arasında bərabər bölünür.
Aparılmış sorğular nəticəsində belə bir fakt meydana çıxıb ki, ailədə ilk övlad dünyaya gəldikdən sonra cütlüyün bir-birlərinə qarşı marağı xeyli azalır.
TƏHSİLLİ OLMAĞIN DİVİDENDLƏRİ
Nikahla əlaqədər maraqlı məlumatlardan biri də təhsillə bağlıdır. Təhsilə meyilli, əhalisinin daha çox hissəsinin təhsil aldığı ölkələrdə insanlar daha gec ailə həyatı qururlar. Təhsildən, oxumaqdan uzaq olanlar isə daha gənc, hətta yeniyetmə yaşlarında evlənirlər.
Bildiyimizə görə, fədakarlıq evlilikdə səadət və huzuru təmin etməkdə böyük rol oynayır. Aparılan araşdırmalardan məlum olub ki, fədakar insanların ailələri daha uzunömürlü və sağlam olur.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Hanı o işıqlı sabahlar?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün və növbəti günlər siyasi lətifələr söyləyəcəm. Rusiyada hazırda Putin barədə lətifə qoşmaq dəbdir. Və gülünc bir şey deyim. Rus özü öz prezidentinə şəbədə qoşur, amma Azərbaycanda rus xofu hələ də o qədər güclüdür ki, kimsə bu lətifələri söyləməkdən qorxur.
Nömrə 3
Vladimir Putin, bəlkə yeni il müraciətində işıqlı sabahlar barədə yalanları yığışdırasınız, bunun əvəzində “çox da pis olmayacaq” deyəsiniz?
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
“Sevgi calaq götürməz” - Yusif Nəğməkar
Budir, sizinlə növbəti, sayca 99-cu Poetik qiraətdə görüşürük. Şair Yusif Nəğməkar “Sevgi calaq götürməz” deyir.
Bu dünyaya qonağam,
Sən də "qonaq" eləmə.
Lütfünlə olsan ağam,
Qula qınaq eləmə...
Qoru iman həddini,
Keçmə liman səddini...
Tənə vurub, qəddimi
Yumub, yumaq eləmə.
Qətini qəti ölç-biç;
Eşqin şərbətini iç...
Sənallah, elə yol seç --
Salxaq sınaq eləmə!..
Var ol ki -- deyiləsi...
Yar ol ki -- öyüləsi...
Bar ol ki -- üyüləsi --
Dəni sumaq eləmə...
Əldə tut varaq bəyaz,
Kimi desən, ora yaz...
Ağdır "əlavə"n, olmaz!
Daha dumağ eləmə!..
Haq bilən haqq itirməz;
Köksüz kətyən bitirməz...
Sevgi calaq götürməz,
Qəlbi yamaq eləmə!..
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Çox ləzzətli balıq şorbası
Kulinariya bölməsində “Ədəbiyyat və incəsənət” portalı bu gün sizə Selcan Xatunun resepti ilə balıq şorbası təqdim edəcək. Həm ləzzətlidir, həm də faydalı. Kim deyir ki, yayda şorba yeyilməz, səhv edir.
Lazım olan ərzaq:
* 6 ədəd ləvrək balığı
* 6 stəkan su
* 3 xörək qaşığı zeytun yağı
* 1 ədəd baş soğan
* 1 ədəd yerkökü
* 1 ədəd kərəviz sapı
* 1 diş sarımsaq
* 1/2 dəstə cəfəri
* 1 ədəd dəfnə yarpağı
* 1/2 çay qaşığı zərdəçal
* 1/2 çay qaşığı keşniş toxumu
* 1 çay qaşığı dənə istiot
* 1 çay qaşığı duz
* 1/2 ədəd limon suyu
Sousu üçün:
* 1 ədəd limon suyu
* 1 ədəd yumurta sarısı
Hazırlanma qaydası:
İlk öncə balıqları axar suda yaxşıca təmizləyin və bir qazanın içərisinə qoyub üzərinə soyuq su əlavə edin. Kərəviz sapı, yerkökü və soğanları doğrayaraq qazanın içərisinə əlavə edin. Tərəvəzlərin üzərinə cəfəri, dənə istiot, sarımsaq, dəfnə yarpağı, limon suyu, zərdəçal, keçniş toxumu, duz və zeytun yağını da əlavə edin. Orta ocaqda bişirdikdən sonra şorbanı süzün. Bişən balıqları kənara ayırın. Bişən tərəvəzləri isə blenderdən keçirin və qazana tökün. Şorbanın içərisinə bişmiş balıqları kiçik parçalar halında əlavə edin. Ən sonda sousunu hazırlayıb şorbaya əlavə edin və ocaqdan götürün. Şorbanı isti-isti süfrəyə verin.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)