Super User

Super User

Cümə axşamı, 01 İyun 2023 15:30

Nigar Arifin Təbrizdə kitabı çıxıb

Təbrizdə ərəb əlifbasına çevrilmədə istedadlı gənc şair Nigar Arifin “Xatirələr otağı” adlı kitabı nəşr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabı Azərbaycan latın əlifbasından ərəb əlifbasına çevirən və nəşrə hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Bu gün - iyunun 1-də YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında gənc Azərbaycan rəssamları – Ağaəli Sədirli və Nailə Dadaşzadə yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J, Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallı və “Kobranın ölüm rəqsi”nin iştirakı ilə “Guilty pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisi açılacaq.

 

YARAT-dan verilən məlumata görə, “Guilty pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur. 

Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır.

“Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü “məqbul və ya arzuolunan” kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən, oynaq olmağa sövq etməkdir. 

Qeyd edək ki, sərgi iyunun 1-dən sentyabrın 3-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

İyunun 1-də “ONLiFE iDEA Fest” beynəlxalq rəqəmsal festivalında F.M.Dostoyevskinin eyniadlı povestinin motivləri əsasında hazırlanan “Utancaq qız” tamaşası nümayiş etdiriləcək. Tamaşanı Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov təqdim edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festivalda Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan, Rusiya, eləcə də Kiprdən olan aktyorların iştirakı ilə ümumilikdə 7 tamaşa göstəriləcək. Formatın xüsusiyyətlərindən biri odur ki, dəvət olunmuş teatr tənqidçiləri ilə tamaşa başa çatandan sonra müzakirələr aparılır. Tamaşaçılar rejissora sual vermək, həm də xüsusi yaradılan çatda tamaşa barədə təəssüratlarını bölüşmək imkanına malikdirlər. 

Təşkilatçıların sözlərinə görə, “Utancaq qız” tamaşası çox çətin vəziyyətdə öz həyatını, keçmişini, ruhunu yenidən cəmləşdirməyə cəhd edən insanın açıq etirafıdır. Baş qəhrəmanın monoloqunda bizim üçün açılan ağrı-acı və tənhalıq mənzərəsindən yalnız bir çıxış yolu var: sevgi... 

 

Yeni tamaşanın yayımını və ötən nümayişləri bu saytdan izləmək olar: https://onlifeideafest.com/

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

FÜZULİDƏN ŞEGELƏ, REMARKA QƏDƏR

 

 

"Ulduz" dərgisinin may sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Könül jurnalı vərəqləyib və orada rast gəldiyi yazıları sizlərə təqdim etmək istəyir.

 

Dərgi ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbəti və "Şəhrizad" - milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi" essesi ilə açılır. 

 

"Şeir vaxtı"nda Ramilə Qardaşxanqızının, Elsevər Məsimin, Əfşan Yusifqızının, Reyhan Kənanın, Aytac Sahədin və Xanım Sevərin şeirləri dərc edilib. 

 

“Nəsr" rubrikasında isə Çinarə Ömrayın "Adsız", Hafiz Təmirovun "Dərdin böyütdüyü uşaq" hekayələri yer alıb. 

 

Şair-publisist Qulu Ağsəsin "Nüvə başlığı və ya Faites-En Bon Usage" essesini dünyada və ölkədə baş verən hadisələrə fərqli baxış kimi də səciyyələndirmək olar. 

 

Emin Pirinin "Laçın vaxtlarımız" sərlövhəli silsilə yazıları müəllifin müharibə gündəliyindən nümunələrdir. 

 

Fərid Hüseynin "Təbiət aynası" essesi Məhəmməd Füzulinin oğluna ünvanladığı "Fəzliyə nəsihət" qəsidəsindən bəhs edir. 

 

Professor Məti Osmanoğlunun "Ustad dərsləri"nin cari mövzusu filosof Fridrix Şegelin "Mifologiya haqqında nitq"idir. 

 

Tatar ədəbiyyatının istedadlı nümayəndələrindən sayılan Gözəl Yaxinanın "Soyağacı" hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilir. 

 

Aygün Əzizin "Dilimizin anasını ağlatmışıq" başlıqlı yazısında dilimizə fərqli dillərdən keçmiş sözlərin geniş təhlili aparılır. 

 

Şəfa Vəlinin "Uzaqdakı yaxınlar: Nüşabə Əsəd Məmmədli" yazısı, adından da göründüyü kimi, yazıçı, dramaturq Nüşabə Əsəd Məmmədlinin həyat və yaradıcılığının maraqlı məqamlarına işıq tutur.

 

“Qısa fikirlər xəzinəsi"ni  Erix Mariya Remark, Luis Kerroll, Tomas Eliot və başqalarının fikirləri bəzəməkdədir. 

 

Mobil Aslanlı Huntürkün "A.Bakıxanovun poetik düşüncəsində sağlam həyat tərzi" araşdırma yazısı böyük ədibin əsərlərində sağlamlıqla bağlı tərbiyəvi məqamları diqqətə çatdırır. 

 

“Dərgidə kitab" rubrikasında filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın "Adı soyadını eşidən şair: Qulu Ağsəs" yazısı yer alıb. Yazı şair Qulu Ağsəsin zəngin yaradıcılığının əsas istiqamət və məqamlarını özündə ehtiva edir. 

 

“Dərgidə sərgi" rubrikasında  isə 8 yaşlı rəssam Ağazadə Əbəlfəzlin rəsm əsərlərinə yer verilib.

 

Bir sözlə, olduqca maraqlı “Ulduz”u qaçırmayın! 

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Cümə axşamı, 01 İyun 2023 14:45

ANONS: Sırada Mehdi Kupal yaradıcılığıdır

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının növbəti qonağı Təbrizdə yaşayıb yaradan şair Mehdi Kupal olacaq. 

 

Sırdaş təxəllüsü ilə tanınan Mehdi Kupal 1991-ci ildə Təbrizdə doğulmuşdur. O, Təbriz universitetində İngilis ədəbiyyatı üzrə təhsil almışdır. Şeir və ədəbi tənqid mütəxəssisidir. 2005-ci ildən şeir yazmağa maraq göstərmişdir.

Mehdi Kupalın şeirləri sizlərə sabah ərməğan ediləcək. 

Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən yaxşı şeirlərinin dərcini davam etdiririk. Növbədə Sara Nacinin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

KUBİSM

 

Pəncərə çərçivəsində qalmışam

Yel əsir

Gözüm hər an sönməkdən qorxan çıraqdır

Yel ulduzları qaraldıb

Yel uşaqları özü ilə aparıb

Bizim kişilərimiz isə geri qayıtmayırlar

Sanki

Xiyabanın qarşısında dayanan zavod

İşçilərin ruhlarını

Göy üzünə üfürür.

 

 “Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Cümə axşamı, 01 İyun 2023 14:00

Çinlilərin Azərbaycan sevgisi artıbmı yəni?

Cari ilin aprel ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 6 dəfəyə qədər artıb

 

Turizmin inkişafı naminə Asiya üzrə əsas hədəf bazarlardan biri də Çin hesab olunur. Hazırda Urumçi şəhərindən Bakıya həftədə iki dəfə olmaqla uçuşlar həyata keçirilir. Qeyd edək ki, bu ilin mart ayında pandemiyadan sonra ölkəmizə Çindən ilk turist qrup səfərlərinə start verilib. Çin Xalq Respublikası vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur. 

 

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, cari ilin aprel ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2022-ci ilin aprel ayı ilə müqayisədə 6 dəfəyə qədər artıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Cümə axşamı, 01 İyun 2023 13:20

Yubileyiniz mübarək, cənab POLKOVNİK!

“Ədəbiyyat və incəsənət” portalının yazarı

Elman Eldaroğlunun bu dəfəki ad günü təbriki fərqli peşə sahibinə - polis işçisinə ünvanlanıb. Buyurun, oxuyun! 

 

 

Səhv etmirəmsə, 2008-ci il idi. “Narkomaniyaya yox deyək!” adlı kitabçam iki min tirajla yeni nəşr olunmuşdu. Axtarıb onun telefonunu tapdım. Zəng edib bildirdim ki, Yardımlıda vüsət alan narkomaniyaya qarşı mübarizə məqsədi ilə həmin kitabçaları rayon məktəblərində, şagirdlər arasında paylamaq istəyirəm. Bunun üçün mənə icazə verilməsini və rayon polisindən müvafiq əməkdaşın ayrılmasını xahiş etdim. Çox keçmədi ki, o, mənə zəng edib icazə verildiyini söylədi. Və mən rayon polis bölməsinə yollandım. O vaxt Yardımlı polisinə polkovnik Şamil Seyidli rəhbərlik edirdi. İki il onun zamanında və sonra da digər rəislərin dönəmində şagirdlər arasında bu işi icra etdim. Bəlkə də həmin zaman kəsiyində məktəblərdə on minə yaxın kitabça paylanıldı, maarifləndirmə işləri aparıldı. Axı narkomanı yolundan döndərmək çətin olsa da, bu yola yuvarlanmaması üçün yeniyetmələrlə izahat işi aparmaq asandır. 

2020-ci ildə yenidən Daxili İşlər Nazirinə mətbuatda açıq məktubla müraciət etdim ki, Yardımlıda narkomaniya təzədən baş qaldırıb, narkoticarətçilər meydan sulayırlar. Xahiş etdim ki, rayonda reydlər keçirilməsinə göstəriş verilsin. Çox keçmədi ki, yenə də o, mənə zəng edib bildirdi ki, məktubunuzu nazir oxuyub və narkomaniyaya qarşı mübarizə idarəsinə müvafiq göstərişlər verib. Tezliklə sədasını eşidəcəksiniz. Çox keçmədi ki, bu işlə məşğul olan ondan çox adamı həbs edib, azadlıqdan məhrum etdilər. 

Xeyli müddətdir ki, rayonda bu sahədə sakitlikdir. Bəli, bütün bu işlərdə mənə kömək edən o, oldu. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovu deyirəm...

 

İntellektual, cəld, məntiqli və yeniliklərə açıq adamdır. Eyni zamanda bir neçə iş görməyi bacarır. Ağıllı, mülayim xasiyyətlidir. Gözəl və təsirli danışıq qabiliyyəti var. Cazibədar təbiətilə insanların diqqətini çəkməyi bacarır. Praktikdir və problemləri asanlıqla həll edə bilir. Sərbəstliyinin məhdudlaşdırılmasını və təmənnalı sifariş almağı xoşlamır. Öz işini, öhdəliyini vicdanla həyata keçirməkdən ləzzət alır. İkiqat şanslıdır. İnsanlarla asanlıqla dialoq qura bilir və dinləməyi bacarır. Müxtəlif mövzularda yeni fikirlər və yeni layihələr yaratmağı xoşlayır. Emosiyalara qapılmır, mümkün qədər işin məntiqi tərəfinə baxmağı sevir...

 

Haqqında söhbət açdığım Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda dünyaya gəlib. Orta təhsilə Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə yiyələnib. Sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsində ali təhsil alıb. 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olub. Qarabağ müharibəsi veteranıdır. Bir müddət Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə DİN Polis Akademiyasında hüquqşünas ixtisası üzrə ikinci ali təhsil alıb. Uzun müddət DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib. 2010-cu ildə daxili işlər nazirinin müvafiq əmri ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb. 2017-ci il fevral ayının 1-dən DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsində çalışır. Ailəlidir, 3 qızı və 1 oğlu var...

 

Göründüyü kimi, o, bu vəzifəyə xalqın arasından gəlib, xalq adamıdır. Ümumiyyətlə, polis kimdir, sualını cavablandırmaq elə də çətin deyil. Polis ailəmizin bir üzvüdür. Ailədə qardaşların biri polis, digərləri sürücü, mühasib, iqtisadçı, iş adamı və s. peşə sahibləri də ola bilər. Bəli, Azərbaycan adlı vahid ailənin bir üzvü də polisdir- əsayişimizi qoruyan qardaşımız...

 

Gənclik enerjisi ilə dolu adamdır. Nə qədər yaşlansa da zaman onun ruhuna təsir etməkdə acizdir. Çox kövrək qəlbi var, əl tutmağı, mərhəmət göstərməyi bacarır. Hər hansı bir hadisədən əsəbləşsə belə asanlıqla sakitləşə də bilir. Şəxsi hissləri haqqında danışmağı xoşlamır. Sədaqətlidir, dostluğu heç vaxt maraqlar üzərində qurmur, səmimiyyətə söykənir. Hər zaman yenilik axtarışındadır. İstedadlı olduğundan yaradıcılığa meyillidir. Yaradıcı, təcrübəli insanlarla ünsiyyətdə olmaqdan zövq alır.

Bəli, mənim tanıdığım Ehsan Zahidov belə insandır...

 

İyunun 1-də Ehsan müəllimin 60 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Yubileyiniz mübarək, cənab POLKOVNİK!

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Bakı Kitab Mərkəzində Emil Məcidovun “Teymurləngin tamğası” kitabının təqdimatı keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin  105 illiyi ərəfəsində Moskvanın “Yauza” nəşriyyatında işıq üzü görən bədii əsər oxucuları XX əsrin əvvəllərində cərəyan edən hadisələrə aparır. 

 

Təqdimat mərasimində Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, Milli Məclisin deputatı Hicran Hüseynova, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüb, onun tariximiz üçün dəyərli mənbə olduğunu vurğulayıblar. 

Bildirilib ki, romanda 1920-ci il Gəncə üsyanı zamanı Azərbaycan Ordusunun zabitləri bolşevik hakimiyyətinin repressiyalarına və soyğunlarına qarşı çıxdıqları zaman baş verən hadisələr təsvir edilir. Macəra romanı janrında, sərbəst dildə yazılmış əsər Azərbaycan xalqının müstəqillik, Vətən uğrunda keşməkeşli mübarizəsi, azadlığı uğrunda canlarını qurban verən, müxtəlif inanclı, fərqli təbəqəni təmsil edən cəsur qəhrəmanlardan bəhs edir. 

Təqdimat televiziya aparıcısı Leyla Seyidzadənin moderatorluğu və Emil Məcidovun iştirakı ilə diskussiya şəklində davam edib.

Qeyd edək ki, rus dilində nəşr olunan kitabı iyun ayından etibarən Bakı, Moskva və Sankt-Peterburqun kitab mağazalarında, eləcə də onlayn mağazalarda əldə etmək mümkün olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Cümə axşamı, 01 İyun 2023 12:45

“Nə qorxu, nə hürkü bildi…”

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin doöum günü münasibətilə yazdığı şeirini təqdim edir. 

 

 

Böyük Mirzə Ələkbər Sabir Tahirzadənin doğum günü - haqq şeirimizin 20-ci əsr mövludu...

 

SABİR GÜLÜŞÜ.

 

Gülürdü Mirzə Ələkbər...

Güldü ağlada-ağlada,

Güldü ağlaya-ağlaya...

Bu gülüşlə öz xalqının

qana dönmüş göz yaşını

sildi ağlaya-ağlaya...

 

Dəmdərdiylə sardı bizi...

İdrakıyla vurdu bizi --

Əyildikcə yönümüzdən

Düz qibləyə qurdu bizi!..

 

İnsan özü bilməcədir;

Görəvli çağlağan olur...

Gülər üzü gülməcədir;

Gülənlər ağlağan olur...

 

Sabir səbri, ya təbiri

Bənzəmədi bir kəlama.

Sabir -- zülmət bəbəyində

Nur məbədi, tək üləma!..

 

Nə qorxu, nə hürkü bildi,

Nə də Vətən tərki bildi...

Qəhərləndi, qəhərindən

Bulud-bulud işıq yağdı.

Kədərləndi, fəqət nədən

Kədərindən Günəş doğdu?!.

 

O, güldümü, ağladımı --

Bu, sirr oldu, bilinmədi.

Gülə bildi ağlayanda,

Qəmini də gülüb dedi...

 

 “Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.