
Super User
BAFTA gələn il üçün mükafatların təqdimatı tarixini açıqlayıb
Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) elan edib ki, kino mükafatlarının təqdim edilməsi 2024-cü il fevralın 18-də Londonda keçiriləcək.
AzərTAC Kino Akademiyasının saytına istinadla xəbər verir ki, mərasim 2024-cü il martın 10-da Los-Ancelesdə keçiriləcək “Oskar” mükafatının təqdim edilməsindən üç həftə əvvəl baş tutacaq.
Bununla belə BAFTA-nın tədbiri fevralın 15-25-də Almaniyanın paytaxtında keçiriləcək “Berlinale”nin (Beynəlxalq Berlin kinofestivalı) baş tutması tarixləri ilə kəsişir.
BAFTA kino mükafatı kino və oyun sənayesinin dəstəklənməsi və inkişafı ilə məşğul olan Böyük Britaniyanın Kino və Televiziya Sənəti Akademiyası tərəfindən 1948-ci ildən bəri hər il təqdim olunur. Mükafat, həmçinin televiziya sahəsində nailiyyətlərə görə təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Rəssam Soltan Soltanlı İndoneziyada
İyunun 7-də İndoneziyada beynəlxalq tərkibdə rəssamların qrup sərgisinin açılışı olacaq.
Ayın 30-a qədər keçiriləcək 5-ci Beynəlxalq İncəsənət və Memarlıq Sərgisinə 37 ölkədən 225 rəssamın əsəri seçilib.
Azərbaycanı sərgidə istedadlı rəssam Soltan Soltanlı təmsil edir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Soltan Soltanlı məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Tahir Əmiraslanovun açıqlaması
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov keçirdiyi mətbuat konfransında iyunun 3-də Azərbaycan Milli Kulinariya Komandası ilə Qırğızıstanda təşkil olunacaq beynəlxalq kulinariya tədbirində iştirak edəcəklərini bildirib.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının gördüyü işlərə toxunan T.Əmiraslanov mayın əvvəlində Avstriyada Dünya Kulinariya Birliyinin təşkilatçılığı ilə keçirilən və 115 ölkənin iştirak etdiyi Avropa Konfransında ölkəmizi təmsil etdiklərini bildirib: “Avstriyadan qayıtdıqdan sonra komandamızla Kazana keçirilən beynəlxalq çempionata qatıldıq. Həmin çempionatda 13 ölkə iştirak edirdi. Bu ölkələrdən 5 komandanın (Azərbaycan, Türkiyə, Özbəkistan, ƏIcəzair və İran) orada iki gün ərzində mətbəx günləri təşkil etmək hüququ var idi. Bizim üçün məxsusi ayrılmış məkanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan-Qarabağ Milli Mətbəx Günlərini təşkil etdik. Orada komandamız çox gözəl çıxış edərək medal qazandı”.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Cavid Parklnda nə baş verir?
Soruşun, cavab verək rubrikasında oxucularımız hasara alınmış Cavid parkında nə baş verdiyini soruşurlar. Əmin olun ki, qorxulu bir şey yoxdur, orada Beynəlxalq Biznes Festivalı keçirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Şəhər və Yasamal Rayon icra hakimiyyətlərinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) və Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) təşkilatçılığı ilə Hüseyn Cavid parkında keçirilən Beynəlxalq Biznes Festivalı davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirin məqsədi yerli sahibkarların və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin məhsul və xidmətlərini daha geniş auditoriyaya tanıtmaq, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir. Bu gün başa çatacaq festivalda kənd təsərrüfatı, qida və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin məhsulları təqdim olunur.
Mayın 26-dan start götürmüş sərginin ilkin mərhələsində isə inşaat sektoru üzrə məhsul və xidmətlər nümayiş etdirilib. Festival çərçivəsində, həmçinin uğurlu iş adamlarının iştirakı ilə panel müzakirələr, təqdimat və konsert proqramı təşkil olunur.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Vüqar İskəndərov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sərgidə nümayiş olunan məhsul və xidmətlərlə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
“Orda azadlıq var...” - Tural İsmayılovun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Tural İsmayılovun şeirlərini təqdim edir. İstedadlı gənc olan Tural xeyli müddətdir ki, ədəbi gəncliyin təmsilçisidir. Amma son aralar onu bir politoloq, siyasi şərhçi kimi də görürük. Turalın yenidən şeirə qayıdışı, əlbəttə ki, əlamətdardır.
Səssizliyin ovçusu
Sükutum səsin dəyərsizliyindəndir,
Bəzən susmaq hissi
Danışa bilməmək arzusu
Üsyan etməməyin aşiqidir
Səssizliyin ovçusu olan qəlblər.
Təəccübümüz dünyanın ədalətsizliyindəndir,
Savaşlarda tökülən qanlar
Yarım qalmış xəyallar
Mələk olan körpələrin gözləridir
Paramparça olan qəlblərin dənələri.
Düşüncə burulğanlarında it-batmışlıqdır,
Cəmiyyətin xofu
Arzuların heçliyi
“Yaxşı olacağ”a inamsızlıqdır
Yaradıcı ruhun qəlibləri.
Xəritələrdə dünyanın qəskarlığıdır,
Qılınclar oynadı
Toplar partladı
Qırıcılar indi də bombalayır,
Hardasa bir şair evində
Misraların yanmağıdır səssizliyin simvolikası.
Səmada hər şey
Səmada hər şey var
Orda azadlıq var,
Quşlar qanad çırpanda sən dərdlərinlə boğulursan
Orda sonsuz ümmanlar var,
Qaçmağa yer axtaranda ora gedə bilmirsən
Orda axtarış var
İnsan özünü fəth etməmişkən oranı fəth etmək istəyir
Və orda bir göy var ki,
Ayla Günəş anlaşıb bir-birini əvəzləyir
Sən isə Yeri tarimar edirsən.
Freyd
Bəzən elə uzaqlardadır ki doğmalar
Bəlkə heç tanımırıq
Bəzən isə elə yaxındadır ki yadlar
Evimizin içində onlarla danışırıq.
Bir axşam yuxumuzdadır uzaqdakı doğmalar
Görmürük
Amma danışırıq
Eşitmirik
Amma duyuruq
Bir də var ki,
Ən yaxınımızla aramızda kainatlar var,
Eşidirik,
Danışırıq,
Ola bilər ki, hətta sevirik,
Amma yaşaya bilmirik.
Bildiyimiz isə birdir
Freydin sirrləri bizim reallıq güzgümüzdür.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
“Zəfərin uşaqları” hekayə müsabiqəsinin qısa siyahısı açıqlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı, “Hədəf Şirkətlər Qrupu” MMC-nin baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsinə göndərilən hekayələrin qısa siyahısı məlum olub.
ANAİB-dən “Ədəbiyyat və incəsənət portalına bildirilib ki, qaliblərin mükafatlandırılması mərasimi iyunun 2-də XI ANAİB Kitab Sərgisində (II Xırdalan Kitab Sərgisi) keçiriləcək.
Müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir. Müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir.
Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (ilk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq) və ilk 3 yerin qalibi diplom və pul ilə mükafatlandırılacaq. Bundan başqa hekayələr “Auidokitab” tərəfindən səsləndirilib platformanın tətbiqinə yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
AYB-də Mənsurə Qaçayqızının kitabı təqdim olunub
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı-publisist Mənsurə Qaçayqızının “Yad şəhərin yuxusu” adlı hekayələr kitabının təqdimatı keçirilib.
Mina Rəşidin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, tədbirdə ilk olaraq yazıçı, Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli bir müəllif kimi Mənsurə Qaçayqızını qonaqlara təqdim edib. M.Qaçayqızının yazılarının gözəl ruhundan, maraqlı təsvirlərindən söhbət açan yazıçı müəllifə daha böyük uğurlar arzulayıb. Sonra tədbirin aparıcısı yazıçı Narıngül Nadir müəllifin hekayələrinin özəlliyindən danışaraq qonaqlara söz verib.
Tədbirdə yazıçı və şairlərdən Təranə Vahid, Kənan Hacı, Fəxrəddin Teyyub, Ay Bəniz Əliyarlı, Fəxrəddin Meydanlı, Şəfəq Sahibli və başqaları çıxış edərək Mənsurə xanımın yazılarının dəyərindən danışıb, şeirlərindən nümunələr söyləyiblər.
Qeyd edək ki, AYB-nin üzvü, M. Qaçayqızı Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. ADPU-nun Riyaziyyat fakültəsini bitirib. O, Şəhid polkovnik-leytenant Elzamin Təhməzova həsr olunmuş “Şuşanın qoxusu gəlir”, Şuşada şəhadətə ucalan Şəhid Baxış Rəhimliyə ithaf edilən “Çinar ömrü” və başqa kitabların müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Nassim Taleb: “İnsanlar hamısı isə özünüaldanışın böyük ustalarıdır”
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim etməkdəyik. Dünyaşöhrətli sosioloq və kouç Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs edəcəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.
Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, növbəti 5-lik:
- Tarix və cəmiyyətin irəli hərəkəti sürünməklə deyil, çapmaqla baş verir.
- Mən qəfil dərk etdim və indi də bu təəssüratla yaşayıram ki, biz hamımız retrospeksiya üçün əla bir maşınıq, insanlar hamısı isə özünüaldanışın böyük ustalarıdır.
- İnsanları kateqoriyalara bölmək vacibdir, amma vacib olduğu qədər də iki kateqoriyanın sərhədində mövcud olanların yerləşdirilməsi üçün problemlidir.
- Müəyyən hissə kapital bizi varlıya çevirə bilməz, düzdür, amma güzəranı düşünmək qayğısına qalmadan bir işlə rahat məşğul olmağa imkan yaradır. O, bizi beyin fahişəliyindən, daxili təzyiqlərdən azad edir.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Vandalizm bu dəfə Sabirabadda!
Tarixi abidədə aparılan icazəsiz təmir-bərpa işlərinin qarşısı alınıb
Son günlər tarixi abidələrə edilən müsaxilələr intensivləşib. Növbəti xəbər Sabirabad rayonundandır.
Sabirabadın Qurban Namazəliyev küçəsində yerləşən 4952 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir-bərpa işlərinin aparıldığı aşkar edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Salyan Regional idarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman aşkar olunan təmir-bərpa işləri dərhal dayandırılıb.
Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.
Əks halda aparılan hər hansı təmir-bərpa işləri tarixi abidəyə müdaxilə kimi qiymətləndirilir və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Nüsrət Kəsəmənlinin nəvəsi “Mister Azerbaijan” oldu
Mayın 30-da "Miss & Mister Azerbaijan - 2023" Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqənin kişi qalibi adını görkəmli Azərbaycan şairi, sevgi şeirləri dillər əzbəri olan Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli qazanıb.
Məlum edək ki, gənc, istedadlı Cavidan Kəsəmənli aktyordur. O, həm də Vətən Müharibəsi iştirakçısı, Müharibə Veteranıdır.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)