Super User

Super User

8 avqust 2023-cü il tarixində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir. 

 

İclasda Apellyasiya Şurasının üzvləri - İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyev, Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov iştirak etmişdir.

İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 13 yanvar 2023-cü il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 16 nəfər namizədin apellyasiya şikayətlərinə baxılmışdır. 16 nəfər namizəddən 5 nəfərin müsahibə nəticəsi dəyişdirilərək vəzifəyə uyğun hesab edilmiş, 11 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.

İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunmuşdur. İbrahimzadə Lalə İlqar qızı, Qasımlı Ceyhun Elşən oğlu, Həsənzadə Təbriz Asəf oğlu, Səfərli Teymur Əlisahib oğlu, Hüseynov Bəxtiyar Mirdamət oğlu və Novruzov Nicat Habil oğlu Şuranın iclasında iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunmuşdur. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilmişdir.

Hüseynova Türkan Şükür qızı, İbrahimzadə Lalə İlqar qızı, Rəhimli Fidan Məmmədağa qızı, Həsənzadə Təbriz Asəf oğlu, Səfərli Teymur Əlisahib oğlu, Quluyev Aqil Əkbər oğlu, Əliyeva Sevinc Zeynal qızı, Qasımlı Ceyhun Elşən oğlu, Novruzov Nicat Habil oğlu, Qəniyev Cəbrayıl Nəriman oğlu və Həsənova Aygün Vidadi qızının şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

İbrahimova Aidə Kamandar qızı, Rəhimova Əzizə Cəlil qızı, Cümşüdlü Pərviz Telman oğlu, Hüseynov Bəxtiyar Mirdamət oğlu və Ələkbərov Müşviq Azər oğlunun şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsi dəyişdirilərək iddia etdikləri vəzifəyə uyğun hesab edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də - doğum günündə Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

Dövlətimizin başçısı əvvəlcə Xalq artisti Rasim Balayev ilə söhbət edib. Söhbətin stenoqramını AzərTAC-a iqtibasən təqdim edirik. 

 

Rasim Balayev: Salaməleyküm.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Rasim Balayev: Mənim bir arzum var idi ki, Qarabağdan sonra, işlərinizdən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu.

Prezident İlham Əliyev: Sağ olun. Sizi ilk növbədə yubileyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Rasim Balayev: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam.

Rasim Balayev: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir. Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.

Mən sizi ürəkdən təbrik etmək, sizə cansağlığı, uzun ömür arzulamaq istəyirəm. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, həm sovet dövründə bir çox mükafatlarla təltif olunmusunuz...

Rasim Balayev: Rəhmətlik Ulu Öndərimiz 50 yaşımdan həmişə mənim qayğıma qalıb.

Prezident İlham Əliyev: Bəli, elədir.

Rasim Balayev: Bunu da Siz davam etdirirsiniz.

Prezident İlham Əliyev: Qeyd etdiyiniz kimi, müstəqillik dövründə də 50 illik yubileyinizdə sizi “Şöhrət” ordeni ilə təltif etmişdir.

Rasim Balayev: Siz isə “Şərəf” ordeni.

Prezident İlham Əliyev: Bəli, mən “Şərəf” ordeni ilə. Bu yubiley ərəfəsində də siz yüksək ordenimiz olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Sizi bir daha təbrik edirəm.

Rasim Balayev: Təşəkkür edirəm, cənab Prezident. Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.

Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək.

Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var. Ad gününüzü rayonlarda, Qarabağda camaatla birlikdə qeyd edirsiniz.

Prezident İlham Əliyev: Bəli, sağ olun.

Rasim Balayev: Bütün bunları hamı, millət görür. Mən Sizə bu yolda uğurlar diləyirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Rasim Balayev: Yenə də deyirəm, cənab Prezident, biz Sizə borcluyuq. Sizə və xalqımıza borcluyuq ki, bu gözəl, möhtəşəm Qələbəni biz kino vasitəsilə vəsf etməliyik. Çünki Qələbə, müharibədəki qəhrəmanlıqlar, orada iştirak edən qazilərin fədakarlığı hər yerdə göstərilməlidir. Mən bir-iki dəfə Şuşaya getmişəm, inanın gözlərim yaşarıb. Çünki mən 1986-cı ildə də getmişdim, orada İsa bulağının yanında ailəvi şəkil çəkdirmişdik. Sonra da 2021-ci ildə getdim. Bu xoşbəxtliyi bizə Siz bəxş etmisiniz. Siz deyirdiniz ki, bizim güclü Ordumuz var, mən nəyin və nə vaxt olacağını yaxşı bilirəm. Siz, nəhayət, bu uğuru gətirdiniz. Xalq Sizi çox sevir.

Prezident İlham Əliyev: Çox sağ olun, Rasim müəllim.

Rasim Balayev: Biz həmişə dövlətimizin, dövlətçiliyimizin arxasındayıq və gələcək işlərimizdə Sizin bu diqqətinizə layiq olmağa çalışacağıq. Mən inanıram ki, Sizin və xalqımızın sevdiyi filmləri yenidən çəkəcəyik.

Prezident İlham Əliyev: Çox sağ olun.

x x x

Dövlətimizin başçısı “İstiqlal” ordenini Rasim Balayevə təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hava proqnozunu açıqlayıb. O deyib: 

“Hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, əsasən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə təsiri nəticəsində həftəsonunadək havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bölgələrdə 36-41°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44°-dək yüksələcəyi gözlənilir. 

Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol-bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq havada günəş şüaları altında qalmaq tövsiyə olunmur.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

 

 Habil Yaşar, “Ədəbiyyat və incəsənət” 

 

Ülviyyə Əbülfəzqızının “Sirli güzgü” kitabının  və “Zaman-XXI” jurnalının ikinci buraxılışının eyni auditoriyada təqdimatı baş tutmuşdur.  “Sirli güzgü” kitabı şair-şəhid Səbuhi Əsədovun ruhuna ithaf olunmuşdur. Şəhidimizin atası Azər Əsədov, anası Cahan xanım da öz ürək sözlərini söyləmişlər. Ülviyyə xanım bu kitabı qələmə alarkən yazıçı Varisin “Qırmızı ləçəklər” romanından təsirləndiyini dilə gətirmişdir. 

Kitabın redaktoru bəndənizdir - Habil Yaşar. Kitabın növbəti təqdimatları daha geniş auditoriya üçün də planlaşdırılır. 

  “Zaman-XXI” jurnalının ikinci buraxılışı da olduqca maraqla qarşılanmışdır. Jurnalda yazarlardan Mərcan Şahbuzlu, Gündüz Sevindik, Şamil Ənvəroğlu, Elmira İsmayılova, Gülnarə Məsum, Nigar Həsənzadə, Ülviyyə Əbülfəzqızı, Habil Yaşar, Könül Həsənli, Elsəvər Müseyibzadə, Təbriz Babayev, Yusif Cəbiyev, Mehman Xaliq, İslam İslamov, Murad Vəlixanov, Səmayə Mirzəyeva, İxtiyar Dönməz, gənc rəssamlardan Zəhra Həmidova, Günay Tarıverdiyeva, Aydan Aslanzadə, Çinarə Əkbərova,  psixoloqlardan Müjqan Məmmədova və Aysel Ərəstunqızı işıqlandırılmışlar. 

Tədbirdə əməkdar artist Fəridə Məlikova, gənc şairə Könül Həsənli də iştirak etmişdir. 

Vətənpərvərliklə bağlı fəaliyyətlərə dəyər verən Zaporojye Kazakları Beynəlxalq Birliyinin rəhbəri marşal Yaroslav Bançuk tərəfindən “Marşal Üzeyir Vahabov”  medalı Ülviyyə Əbülfəzqızına təqdim edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

MƏŞHUR BAKILI İLƏ GÖYÜSTÜ SÖHBƏT

 

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Ya uzaq səfərə, ya da elə şəhər içərisinə çıxanda əlimi Tanrıya açıb: “Qarşıma işıqlı, nurlu insanları çıxart”- alqışını dilərəm o böyük Yaradandan. Atamdan öyrənmişəm bu alqışı və diləyi.

İyul ayının üçüncü ongünlüyündə Ata yurdumuz Qazaxıstana bu dəfə biznes-klass salonunda uçmalı oldum. Təyyarəmiz İstanbulda eniş etməklə Astanaya uçurdu. Yerim təyyarənin ən birinci oturacağında, pəncərənin böyründə idi. Mənimlə yanaşı oturacaqda əyləşən yaşlı kişiyə salam verib, keçib pəncərə tərəfdə yerimi tutdum. Təyyarə yuxarı qalxandan sonra, yanımda oturan göylərdəki yol yoldaşıma bir də diqqətlə baxdım:

-Bağışlayın, siz Qusmanlara çox oxşayırsınız.

 -Özüdür ki var... Mən Yuliy Qusmanam.

-Ayyyy, nə gözəl, bu nə xoş təsadüfdür,- deyib sonra sevincimi izhar etdim. Hətta boynunu qucaqlamaqdan belə çəkinmədim. Belə həmsöhbətlə səssiz yol getmək günahdır.

Söhbətimiz şirin alındı desəm, inanın mənə.  Dedi ki, kiçik qardaşı Mixail Qusman Şuşada keçirilən Qlobal Media Forumuna gəlib. O da fürsətdən istifadə edib, 3 günlüyə yolunu Bakıdan salıb. İndi İstanbula enəndən sonra, Amerikaya - evinə qayldacaq. Səhhətində narahatçılığı olduğundan, forumda iştirak edə bilməyib.

Söz sözü, söhbət söhbəti çəkdi. Soruşdum:

-Yuliy Solomonoviç, göyün 9-cu qatındayıq... Tanrıya, yaradana yaxınıq... Təyyarə göyə qalxanda əllərimi yenə Tanrıya açıb mən ondan diləklərimi dilədim. Bəs siz  səma sərnişini ikən nə düşünürsünüz?

-Bu gün əslində hər kəs, Yaradana, göy səmaya çox yaxın olmalıdır. Çünki dünyada yaşamaq çətinləşib. Acılar, ağrılar, göz yaşları çoxalıb.  Çoxdandır dünyada bu qədər göz yaşı axıdılmırdı. Lap çoxdan, 70 il idi ki, bu acılar tükənmişdi.

Acıları azaltmaq üçün müharibələrə son qoymaq lazımdır, deyilmi?

-Əlbəttə.  İnsanlara gülüş, sevinc vermək lazımdır. Mən Bakıda doğulmuşam. Evimiz  indiki Əlövsət Quliyev, o vaxtkı Montin küçəsində idi. Qara şəhərin yanında idi. Balaca, şəraitsiz otaqlarımız var idi. Baxmayaraq ki, atam və anam  yüksək vəzifədə idilər. Atam  Solomon Moyiseyeviç Qafqaz Hərbi  Konfederasiyası üzrə tanınmış həkim-professor idi. Anam Lola Barsuk isə pedaqoji elmlər doktoru, professor idi. İnstitutda dərs deyirdi. Aza qane olub yaşayırdıq. Elə konfortumuz da yox idi. O vaxtlar insanlar bir-birini sevir, hörmət edirdilər. Mən sevinirəm ki, yenə də gəlib doğma Vətənimi, Bakını gördüm. Azərbaycanı çox sevirəm. Onun uğurlarına sevinirəm. Bu, bir həqiqətdir. Mən hər zaman Bakının adamları, dənizi, havası, meyvələri, mərkəzi  üçün darıxıram. Bakının havasını heç nəyə dəyişmərəm. Baxırsan ki, indi şəhər dəyişib. Ürəyi, ruhu isə heç dəyişməyib. Bakı həmişə olduğu kimi qonqaqpərvər, delikat, incə və gözəldir.

Arada stüardesa xanımdan rica edirəm ki, şəklimizi çəksin.  Xanım stüardesa şəklimizi çəkəndən sonra Yuliy Qusman ona təmiz bakılı ləhcəsində “Çox sağ olun...” deyir. Stuardesa xanım bizim üçün yemək gətirir.

Yeyə-yeyə həmsöhbətimin avtobioqrafiyası ilə də tanış oluram.

Yuliy Qusman 1943-cü ilin avqustunda Bakıda doğulub. İlk ali  təhsilini Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda alsa da, sonralar yaradıcılıq sahəsinə daha çox meyl edib. Yuliy və Mixail Qusman qardaşlarıının həm də peşəkar jurnalist istedadları olduğunu hər birimiz yaxşı bilirik.

Ona veriləcək suallarım çoxdur, müsahibə almaq məramım olduğunu deyəndə isə,  o da bir az siyasi hazırlığından, bir az da jurnalist peşəkarlığından istifadə edib daha çox Bakı haqqında danışmağa üstünlük verir.

-Mən indi Bakıya baxıram və düşünürəm ki, bu şəhəri başqa necə gözəlləşdirmək olardı ki?  Bakı həmişə gözəl olub. Yenə yaraşıqlıdır, yenə gözəldir. Dostlarımı gözəllik görmək üçün həmişə Bakıya dəvət etmişəm. Uşaqlığımın yaddaşında bir Qara şəhər vardır. Montinin uşaqları ilə - məhəllə uşaqları ilə biz oranın plyajına çimməyə gedirdik. (Onun uşaqlıq dostları, məhlə uşaqları Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Elmar Məmmədyarov... və digərləri olub). Mənim yaddaşımın Nizami parkı, neft emal edən zavodları var. Külək bərk əsəndə Qara şəhərdən Bakının içərisinə neft qoxusu gəlirdi.  Baxmayaraq ki, şəhəri elə tikmişdilər ki, küləklər neft qoxusunu şəhərə az yaysın. Lakin külək elə küləkdir də... Ona biz yol göstərə bilmərik ki...

İndi Qara Şəhər dönüb olub Ağ Şəhər.  Port Bakı tərəfdən şəhərin içərisinə gələndə şəhərin yeni görkəmi, dənizkənarı Bulvarın görüntüsü adamı valeh edir.

Yuliy Qusman elə danışır ki, mənə sual verməyə imkan olmasın. Mən də nəzakət xatirinə sözünü kəsmirəm.

- Mən rəhmətlik Heydər Əliyevlə çox yaxın dost idim. Fəxr edirəm ki, onunla dost olmuşam. Çox maraqlıdır ki, bu il onun 100 illik yubileyi oldu, mənim isə avqustun 8-də 80 yaşım tamam olur. Bu il bizim yubileylərimizin ilidir.

- Səkkizinci ayın səkkizində səksən yaş. Nə gözəl rəqəm sıralamasıdır. Bu ilin oktyabrında da mənim 60 yaşım tamam olacaq. Yubileyimdir.

-Sən hələ cavan qızsan.

Ürəkdən gülürəm Fikirləşirəm ki, bakılı oğlanın komplimenti lap əla oldu.

-Sözüm ondadır ki, mən o vaxtlar da Heydər Əliyevin ölkəni necə inkişaf etdirdiyinin şahidi olmuşam. İndi isə belə düşünürəm ki, İlham Əliyev də, Mehriban xanım da Azərbaycanı, Bakını gözəlləşdirmək üçün əllərindən gələni edirlər. “Qorxma, mən səninləyəm” filminin  bir hissəsini İlisuda çəkirdim. O zaman  İlisuya gedən yollar bərbad gündə idi. İllər keçəndən sonra “Qorxma, mən səniləyəm” filminin ikinci hissəsini də yenə orada çəkməli oldum. İndi başqa bir İlisu var idi. Hər tərəf işıqlı, yollar abad, gözəl şərait... O enli küçələri, meydanları tanımadım. Hara baxsan göz oxşayır. Bu inkişaf məni çox sevindirir, qürur duyuram.

-Nəinki İlisu, Azərbaycanın hər yeri, Bakı elə gözəlləşib ki... Bakının gözəl keçmişi olduğu kimi, gələcəyi də çox gözəl olacaq. Buna adım kimi əminəm.

-Dünyanın ən dadlı ənciri avqust ayının sonu, sentyabrın əvəvlində Bakıda yetişir. Doğrudur, indi Xəzər dənizi bir az geri çəkilib. Lakin nə fərqi var, Bakıdan çıxıb gedən deyil ki, yenə də bizimdir. Ümumiyyətlə, Bakının sakinləri, azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdirlər. Mənim doğma Vətənimə yersiz hücumlar başlayanda, onun haqqında xoagəlməyən şayiələr yayılanda çox incimişəm. İndi də bu məni incidir.  Mən həmin adamlara  oxuduğum 160 saylı məktəbdən danışıram. Deyirəm ki, bizim sinifdə 19 millətin nümayəndəsi oxuyubdur. Lakin biz heç vaxt kimin hansı millətdən olduğunun fərqinə varmamışıq. Bizim sinifdə altı şagird Qızıl medal almağa iddialı idi. Mən, iki nəfər azərbaycanlı, bir rus, iki nəfər də erməni: Saaakyan və Sarkisov. Bax, medalı sonda məhz o iki erməni aldı. Bakı üçün uydurulan erməni miflərinin hamısı yalandır. Bakı həmişə beynəlmiləl şəhər olub. Doğulandan 40 il müddətində hər zaman Bakıda yaşadım. Bu şəhərdə mən  insanların necə xoşbəxt və mehriban bir ailə kimi yaşadıqlarının şahidi oldum. Heç bir millət, xalq haqqında yaman söz eşitmədim, burada heç kim sıxışdırılmadı.

Azacıq susub əlavə edir:

-Bax, indi Şuşada (19 iyul 2023 – red.) Media Forumu keçirilir. Səhhətimlə əlaqədar mən o forumda iştirak edə bilmirəm. Lakin qardaşım Mixail Qusman Forumun qonaqlarındandır. Bütün bu Zəfər Azərbaycanın və onun xalqının , onun rəhbəri İlham Əliyevin xidmətidir.

-Demək Qarabağ Azərbaycandır!

-Əlbəttə, elədir!

-Sizə bayaq içki təklif etdilər. Dediniz ki, içmirsiniz.

-Tələbəlik illərində içirdim. Sonra ara verdim. Qardaşım Mişa daha yaxşı içir. Mən tək-tək hallarda ya Novruz bayramında, ya da Yeni il şənliyində bir badə içərəm. Mənim temperamentim elədir ki, içkisiz də şənlənməyi bacarıram. Şərabı ona görə içirlər ki, əhval-ruhiyyə yüksək olsun. Ümumiyyətlə isə Azərbaycan şərablarını çox sevirəm. Keçmişdə Azərbaycanın şərab sənayesi “Ağ süfrə”, “Dəllər”, “Ağdam” şərabları ilə məşhur idi. İndi isə çoxdur yaxşı şərablar... Növləri də çoxalıb.

-Deyirsiniz ki, Bakı Şərq gözəlidir...

-Ümumiyyətlə, Bakı bu gün həm möhtəşəm Şərq şəhəridir, həm Avrasiyanın möhtəşəm  şəhəridir, həm də Avropanın. Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində Bakı doğrudan da cazibədar görünür. Bu mədəniyyətlər Bakının küləkləri kimi bir birinə qarışaraq Səba Yeli yaradır. Mən bu doğma şəhərimi öyməkdən heç vaxt yorulmuram. Bakı nefti ilə Böyük Vətən Müharibəsi qələbəsi qazanıldı. İndi isə neftdən gələn gəlir vətənimin çiçəklənməsinə sərf olunur, ölkəyə gələn valyuta ciblərə deyil, Vətənin çiçəklənməsinə sərf edilir. Mənim 5 nəsil şəcərəm Bakıda yaşayıb. 1835-ci ildə Qusman ailəsi neft mütəxəsisi kimi buraya yerləşib. Ailədə nənə -babadan başqa 12 oğlan və iki qız olub. Ulu nənəmin məzarı da Bakıdadır. Uaşqlarıma da, nəvələrimə də hər zaman Bakıdan, onun inasanlarından, havasından, meyvəsindən, suyundan, qumundan, meynəsindən, əncirindən  danışıram ki,  unutmasınlar. Dünyanın ən dadlı albalısı Argentinada yetişir. Ən dadlı qarpız  Sabirabadda və Həştərxanda bitir. Ən şirin əncir və üzüm isə Bakıdadır.

-Deməli, siz uzun illərdir ki, yəni Amerikada yaşayandan Bakı əncirinin dadmırsınız...

-Əncirin mürəbbəsini tapırıq. Lakin təzə əncir və xar tutu buradan Amerikaya göndərmək olmur. Yəni istəsən də gəlib ora çıxan deyil. Bakı ənciri heç yerdə bitmir. Bakı ola bilər ki, Dubaydan, Abi Dabidən, Nitsadan, Türkiyənin bahalı kurortlarından geri qalsın, lakin  Bakının insanlarından heç yerdə yoxdur. Onların koloriti başqadır. Ona görə də bizim ailənin bütün üzvləri  ildə bir dəfə də olsa, Bakıdakı evimizə gəlirik ki, buranın havasını, suyunu dadaq, ruhunu könlümüzə köçürək.

-Yuliy Solomonoviç, deyirsiniz ki, 80 yaşınız tamam olur. Nədir sizi belə cavan saxlayan?

- İnsan gərək pislik etməsin, xəbis olmasın, xəyanət etməsin... Bacarırsa yaxşılıq etsin. Onun qəlbinin rahatlığının işığı üzə nur verəcək.

- Maşallah olsun, lakin bu görəkəminizi, bu yaşamaq və yaratmaq həvəsinizi görəndə sizə heç 80 yaşı vermək olmur.

-Heç siz də pis görünmürsünüz, elə bil ki, 40-45 yaşınız var...

-Yuli Solomonoviç, daha sizə sözüm yoxdur...

-Gəlin elə burada da müsahibəni bitirək...

-Əlbəttə, siz necə istəyirsinizsə, eləcə də olsun!

Sonra uçuşumuzu sakitcə davam etdiririk. Bu müdrik insan nələrsə düşünür. Mənsə Yuliy Qusmanın özüylə tanış olduğumun, şəxsən özündən müsahibə götürdüyümün sevincini yaşayıram.

Bakıya qayıtdıqda bu yazını hazırlayıb məhz avqustun 8-də “Ədəbiyyat və incəsənət” portalında dərc etdirəcəyimə qərar verirəm. Və yazı dərcə gedəndə xəbər alırıq ki, 80 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Yuliy Qusmanı “Şöhrət” oredeni ilə təltif edib.

Sevinirəm. Bəlkə də səma yol yoldaşımın özü qədər sevinirəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

 

Çərşənbə axşamı, 08 Avqust 2023 11:37

ANONS: Yuliy Qusmanla əməkdaşımızın eksklüziv müsahibəsi

 

Bu gün məşhur azərbaycanlı Yuliy Qusmanın 80 illik yubileyidir. Az sonra əməkdaşımız, tanınmış jurnalist Aida Eyvazlının onunla müsahibəsini sizə təqdim edəcəyik.

 

İyul ayının üçüncü ongünlüyündə Ata yurdumuz Qazaxıstana bu dəfə biznes-klass salonunda uçmalı oldum. Təyyarəmiz İstanbulda eniş etməklə Astanaya uçurdu. Yerim təyyarənin ən birinci oturacağında, pəncərənin böyründə idi. Mənimlə yanaşı oturacaqda əyləşən yaşlı kişiyə salam verib, keçib pəncərə tərəfdə yerimi tutdum. Təyyarə yuxarı qalxandan sonra, yanımda oturan göylərdəki yol yoldaşıma bir də diqqətlə baxdım:

-Bağışlayın, siz Qusmanlara çox oxşayırsınız.

 -Özüdür ki var... Mən Yuliy Qusmanam. 

 

“ƏƏdəbiyyat və incəsənət”

(08.08.2023)

 

Keçən il bu gün “Ədəbiyyat və incəsənət” portalının “Sorğu” rubrikasında Ümid Nəccari yazarlarımıza “Hal-hazırda nə üzərində işləyirsiniz?” sualı ilə müraciət etmişdi. Və “şükür ki, yaradıcılığa vaxt tapanlar hələ də az deyil” qənaətinə gəlmişdi.

 

Ramiz Qusarçaylı:

Şuşa səfərim barədə əsər yazıram, şeir də adlandırmaq olar, poema da...

Şuşa zəfərindən sonra Şuşanın və mənim əhvali-ruhiyyəmiz, azadlığın dadı-tamı, üz-üzə, göz-gözə dərdləşməyimiz, yaralı daşlarla, quruyan ağaclarla, yollara sovrulan hıçqırıqlarla könül söhbətləri və zəfərin poeziyası...

 

İbrahim İlyaslı:

İlin əvvəlindən başlayaraq "Hədəf" nəşriyyatınin sifarişi ilə "Azərbaycan ədəbiyyatı rus dilində - "Азербайджанская литература на русском языке" seriyasından kitabları redaktə edirəm. 4 kitab artıq çap olunub. Daha 4 kitab isə çapdadir. Hazırda Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" - " Шестой этаж пятиэтажного дома" kitabını nəşrə hazırlayıram. M. S. Ordubadinin "Gizli Bakı", H. Seyidbəyli və İ. Qasımovun "Uzaq sahillərdə", Qurban Səidin "Əli və Nino" kitablarının rusca variantları mənim redaktorluğumla artıq çapdadır.

Bunlardan başqa məzuniyyətə çıxıb istirahət etmək də istəyirəm.

 

Səlim Babullaoğlu:

Ardıcıl, hər gün işlədiyim poetik mətn yoxdur. Çünki bunun üçün sakit, dinc atmosfer və baş lazımdır. Mən isə indi AYB Qəbul komissiyasının işləri, təqdim olunan əsərlərlə daha çox məşğulam. Amma... xeyli vaxtdır düşündüyüm, ikisini yazdığım bir poetik silsilə var, işçi adı “Mirzə Səfi(l)in nəğmələri”dir. Üstəgəl, xeyli vaxtdır, “Metropoliten esseləri” ilə bağlı materiallar oxuyur, qeydlər edirəm. Tərcümə ilə bağlı məruzələrimin toplusunu hazırlayıram. Mihay Emineskudan tərcümələrim kitab kimi çap olunmalıdır. Brodskidən tərcümələr davam edir. Redaktəlik materiallar var.

Belə... üstəgəl, istidir.

 

Murad Köhnəqala:

Hazırda Şəlalə Göytürklə birgə yazdığımız "Qafqaz almanları" adlı araşdırma kitabını çapa hazırlayırıq. Kitab bir vaxtlar Rusiyaya axın etmiş almanların bir hissəsinin 1819-cu ildə Çar Rusiyası tərəfindən Qafqaza, Azərbaycanın Qərb bölgələrinə göndərilməsindən və onların Göygöl (Helenendorf) rayonunda yaşayıb yaratmasından bəhs edir. Kitabda mətnlərə uyğun maraqlı şəkillər də yer alacaq.

 

Azər Qismət:

Hazırda roman yazıram. "Aliyə" adlı romandır. Bunun üçün 42 günlük məzuniyyətə çıxmışam. Əlbəttə ki, bu müddət romanın yazılmasına çox azdır. Lakin neyləmək olar, bu da bir qənimətdir. Roman bir sevginin timsalında cəmiyyətdə baş verən hadisələri göstərilir. Televiziya işində çalışdığıma görə romana bütün gücümü qoya bilmirəm. Inşallah, 2023-cü ilə yazıb başa çatdıraram.

 

Ayxan Ayvaz:

Açığı, hazırda heç nə üzərində işləmirəm. Hətta yazmağın daşını atıb, daha lazımlı işlərdə işləmək haqqında düşünürəm. Düzü, bilmirəm, yazmaqdan başqa nə işə yaraya bilərəm. Ancaq yazmaq bizə heç nə vermir. Nə maddi, nə də mənəvi. Stimul yoxdur. Fərəhli mühit yoxdur. Paxıllıq, qısqanclıq isə daha çoxdur. Ona görə də ən yaxşısı, sadə bir insan olmaqdır.

 

Ceylan Mumoğlu:

Hal-hazırda bu il bitirdiyim və tərcümə etdirdiyim yeni kitabımı Türkiyə nəşriyyatlarına göndərməklə məşğulam. Ümid edirəm, bir neçə aylıq incələmədən sonra müsbət cavab alacağam. Kitabın orijinal adı "Müdrik qadının vəsfləri" adlanır. Türkiyə türkcəsində "Bilge kadının el kitabı" etdik. Düzü, Hayykitap-dan cavab gəlib artıq, amma məni qane etmədi.

Ümid edirəm, qane edən cavab da alacağam.

 

Anar Adil:

Yayda istidən, qışda soyuqdan gileylənib, həyatımızın axışını müşahidə edə-edə üzü harasa gedirik. Bircə, xatirələrimizi istidən, soyuqdan qorumağa gücümüz çatır. Yarımçıq hekayə, səsimdən narazı şeirlər beynimdən azad olmaq istəmir. Rahatca oturmuşam yerimdə və düşünürəm ki, ümumiyyətlə ədəbiyyat insan üçün nədir. Cavabını asanlıqla tapıram - Günəş dünyanı işıqlandıra bilir. Sadəcə dünyanı. Ədəbiyyat isə insan içindəki qaranlığı işıqlandırır.

 

Nicat Həşimzadə:

Hal-hazırda beynimə istirahət vermişəm, kəndimizdə dincəlirəm. Hərdən kitab oxuyuram, daha çox gəzirəm. Təbiətdən zövq alıram. Yayda kitab oxumaq və ya yazmaq çox çətindir. İstidə beyin yaxşı işləmir. Yəqin ki, Sentyabr ayından yeni kitablar üzərində çalışmağa başlayacam. İndi inzivaya çəkilmişəm. Bacardıqca ədəbi mühitdən də, adamlardan da qaçıram. Nədənsə çox şey mənə artıq yük kimi görünür.

 

Aysel Xanlarqızı:

Yayın qızmar günləri olmasına baxmayaraq, yaradıcılıq eşqi, sözə olan sevgi məni də rahat buraxmır.
Boş zamanlarımda təbiətin gözəlliklərini seyr edirəm, vətənimizin hər qarışının əsrarəngizliyini yaşamaqla yanaşı, mütaliə edirəm, yaradıcılıqla məşğul oluram. Hal-hazırda bir məktublar silsiləsi üzərində işləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

38–ci dərc

 

 

Davam edirəm:

-Qılıncın əleyhinə işləyən başqa bir neçə şey də var. Əvvəla, o bağa çox nimdaş paltarda gəlmişdi və ekranı sınmış, kiçik ölçülü sadə telefonu var idi. Ancaq adamınızın dedyinə görə, gecə onu aparmağa gələn taksi sürücüsü android sistemli telefon vasitəsilə atılmış məkan barədə məlumat əsasında, naviqatordan istifadə etməklə birbaşa ünvana gəlib. Həmin gecəki bahalı geyimini də nəzərə alsaq, deməli, dəli olmaqla yanaşı özünü hamıya kasıb biri kimi də göstərən Qılınc kifayət qədər imkanlıdır. İmkanı olduğu halda özünü belə göstərməsi isə o deməkdir ki, adam ikili həyat sürür, gündüzlər bir, gecələr isə başqa adam olur. İkinci bir şeyi də deyim. Gündüz vaxtı iki dəfə rahatlıqla qapıdan keçib kameranı sıradan çıxaran Qılınc sonradan iki gecə görüntülərə düşməməkçün ilk növbədə kamera naqilinə müdaxilə edib sonra Salamın yanına gəlməli idi. Bununçün o, əvvəlcə ucqar yerində xəstəxananın hasarından içəri tullanır. Qaranlıqda naqili zədələdiyi yerə gəlib işini görür və həmin yolla geri qayıdıb sonra çöldən qapını döyür. Hələ xəstəxanada olarkən orada baş verənləri müəyyən etdiyimdən, bunu gecə gələrkən onun necə etdiyini fikirləşdim və elə sualın cavabını yerində də tapdım. Xəstəxanadan çıxandan sonra hasar boyu gedib hər yerə diqqətlə baxdım. Lap axırına çatanda, hasarda təxminən sinəm hündürlükdə qalmış ayaqqabı izləri aşkar etdim. İzlər çox iri ölçülü, altı cüzi palçığa batmış bir cüt ayaqqabının pəncə hissələrindən qalmış izlər idi. Belə izləri yalnız divara dırmaşan birisi qoya bilərdi. Oradan qayıdandan sonra, köhnə hava haqqında məlumatlara baxdım. May ayının üçündə Bakı və Abşeron yarımadasında gecə saatlarında hava yağmurlu olub. Ayrıca, hasara dırmaşmaq üçün yerdən ayağını sinəm hündürlükdə qaldıran və belə iri ölçülü ayaqları olan biri olduqca nataraz olmalıydı. Bağa gələn Qılıncın da ayaqqabıları qırx beş ölçüdə, özü isə uca boylu və pəhləvan cüssəli idi. Təəssüfləndiyim bir şey də var, Arif müəllim. Əgər kamera qeydləri on beş gün yox, yaddaş həcmi daha çox olan qurğulardakı kimi bir ay saxlanılsaydı, onda asanlıqla Qılıncın on iki və on doqquz aprel tarixlərində kameranın sıradan çıxdığı vaxtlarda xəstəxanaya gəldiyini müəyyən edə bilərdik. Bu tutarlı sübut ola bilərdi. Təəssüf ki, biz araşdırmaya başlayanda qurğunun yaddaşı təzələnmişdi. Ancaq bunu elə-belə vurğulamadım. Bir sual mənə rahatlıq vermir. Görəsən xəstəxanadakı digər şeylər kimi, Qılınc kamera yaddaşının da on beş gün olduğunu öyrənə bilibmi?    

Qalxıb boşalmış stəkanlarımızı təzədən çayla doldurub otağa qayıtdım və söhbətimə yekun vurmaq üçün dedim:

-Qılınca xəbər verməməsi üçün Sənəmi sorğu-sual etmədim. Bunu Elbrusa saxladım. Sorğulamış olsaydım, indi daha çox şey danışa bilərdim. Ancaq istənilən halda sifarişçinin Rəmzi olduğuna əminəm. Əgər Əmirxanın qətli ilə bağlı topladığımız sübutlar dolayısı ilə təsdiqlənən sübutlardırsa, Salamın işində əldə etdiyimiz dəlillər daha real faktlara əsaslanır. Üstəlik də, illər əvvəl Əmirxanın da Rəmzinin sifarişi ilə Qılınc tərəfindən qətlə yetirildiyini öyrənmişik. Bu, Qılıncın həmin vaxtdan bu günədək Rəmzinin əlinin altında işlədiyini sübut edir. «Karat»la kəllə-kəlləyə gəlib çətinə düşən Rəmzinin yenə də, məhz Qılınca müraciət etdiyi şübhə doğurmur. Elə heç də bağbanlıqla dolanmadığını müəyyən etdiyimiz Qılıncın əsas gəlir mənbəyi də, belə məlum olur ki, sifarişlərini yerinə yetirdiyi Rəmzinin ona verdiyi böyük məbləğlərdir.

Əlindəki stəkanı masanın üstünə qoyan polkovnik nəhayət danışmağa başladı:

-Ümumi mənzərə əvvəldən də aydın idi. Səni danışdırmaqda məqsədim öyrəndiyin incəlikləri eşitmək və qarşı tərəfin bacarığına qiymət vermək üçün idi. Heç də pis hazırlanmamış cinayətdir. İnanıram ki, yalnız onların nəzərə ala bilməyəcəkləri, səninsə aşkar etdiyin bəzi hallar bu cinayətin belə tezliklə açılmasına səbəb oldu. Onları mənə deməyə bilərsən, özüm təxmin edirəm.

Arif Dadaşzadə kimi bir əməliyyatçının dilindən “heç də pis hazırlanmamış cinayətdir” kəlmələrini eşitmək, başqa halda cinayətkarlar üçün ən böyük tərifə bərabər sayıla bilərdi. Ancaq onun cinayətkarlara necə nifrət etdiyini gözəl bilirdim. Ona görə də, bunun yalnız qarşı tərəfin kifayət qədər ağıllı olmaları faktının konstatasiyası kimi qəbul etdim. Polkovnik həmişə rəqibə qiymət verməyi önəmli sayıb. «Rəqibi zəif bilmək, düzgün qiymətləndirməmək həmişə məğlubiyyətə gətirib çıxarır» - bu şüarı hələ ilk günlər, əməliyyat işinə başlayarkən öyrətmişdi mənə müəllimim.

Polkovnik sözünə davam etdi:

-Qılınc barədə düzgün qərar vermisən. «Karat»ın qatili kimi onu müstəntiq Elbrus Cavadovun həbs etməsi düzgün olar. O uşaq da tezliklə azadlığa çıxar. Dostumun oğlunun qatili olsa da, o mənimçün ikinci, üçüncü dərəcəli biridir. Məni maraqlandıran bu qətli sifariş verməklə İsfəndiyara xəyanət etmiş adamlardır. Mənim işim onlarladır. İndi mənə qulaq as, Bəxtiyar. Sən bu axşam şəhəri tərk elə. Yorulmusan, get Qubaya dincəl bir az. Layiqə də darıxmış olar. Arada telefonunu işə salıb baxarsan. Məndən mesaj gələrsə, istədiyin vaxt qayıtmaqda sərbəstsən.

Sual verməyə ixtiyarım yox idi. Polkovnik Arif Dadaşzadə deyirsə, deməli belə də lazımdır. Yəqin onun bildiyi, mənim bilmədiyim bir şey var idi ki, belə etmək zərurəti yaranmışdı. Pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi. Ayağa qalxıb çay stəkanlarını götürüb mətbəxə keçdim. Otağa qayıdanda polkovnikin arxası otağa tərəf dayanıb pəncərədən baxdığını gördüm. Bu, tez çıxıb getməyim üçün bir işarə idi. Müəllimimlə nələrsə baş verirdi. Başa düşə bilmədiyim nələrsə…

 

* * *

«Qızılbaş» kef məclisi qurduğu otağın pəncərəsinə yaxınlaşıb pərdəni araladı.

- Aha, hava qaralıb ki, vaxt nə tez keçdi? -deyən ev sahibi barmaqlarının arasında tutduğu siqara bir qullam vurub külünü yerə tökdü.

-Hə, əzizim, səninlə o qədər maraqlıdır ki, heç mən də vaxtın haçan keçdiyini hiss etməmişəm, -Lalə də onun tonunda cavab verib gözlərini süzdürdü.

«Qızılbaş» yaxınlaşıb onun əlindən tutub ayağa qaldırdı:

-Gəl, gəl hovuza bir baş vuraq. Sonra azca kürəklərimi ovarsan.

Ayağa qalxan qız bir addım atıb dayandı.

-Aaaa, bəs mən nə geyinəcəyəm, heç nə gətirməmişəm axı?

-Hovuza girmək üçün geyinmək yox, soyunmaq lazımdır.

Öz zarafatından həzz alan ev sahibi bərkdən gülüb qızı dalıyca hovuz otağına tərəf dartdı. Qapıdan girəndən sonra sol tərəfi göstərib dedi:

-Paltarlarını o dolablardan birinə as. Dəsmallar da, başmaqlar da oradadır.

Qız, heç nə deməyib dolablara yaxınlaşıb birinin qapısını açdı. Əvvəlcə əyilib ayaqqabılarını çıxardı. Sonra yavaş-yavaş soyunmağa başladı…

 

* * *

Soltandan maşını götürüb Qubadakı dostum üçün bir qədər bazarlıq etmiş, sonra yola düşmüşdüm. Soltan artıq xəstəxanadan buraxılmışdı, müalicəsini evdə davam etdirirdi. Az-az danışa da bilirdi. Onun çənəsini tərpətmədən dodaqları ilə çıxardığı fışıltıya bənzər səslərdən belə başa düşmüşdüm ki, şikayətçi olmayıb və məsələ bağlanmaq üzrədir.

Həmişə şəhərdən kənara çıxmaq mənə xoş gəlsə də, bu dəfə o qədər də həvəslə getmirdim. Çünki müəllimimin nə düşündüyü mənə məlum deyildi. Lap əvvəldən bu məsələnin sonluğu mənə qaranlıq idi. İndi də onun nə düşündüyünü ancaq təxmin edə bilərdim. Layiqəni başa düşdüm, müəyyən məqamda onun şəhərdən uzaqlaşması zərurət idi. Mənimsə Qubaya getməyimin yalnız bir izahı var idi. Bu gecə yaxud sabah nə baş verəcəksə, mən o hadisələrdən uzaq olum. Başqa sözlə, polkovnik Dadaşzadə mənə alibi hazırlayırdı, şəhərdə olmadığımı təsdiqləyə biləcək onlarla şahid, sübutlar. Yaxşı bəs onda özü? Özü nə etməyi düşünürdü? Bax bu narahat sualların içində Qubaya gedirdim. Heç vaxt bir sözünü iki etmədiyim müəllimimin tələbi ilə onu tək qoyurdum. Özü də kimlərə qarşı…

Saat yarımdan sonra rayon mərkəzinə çatdım. Dostumun obyekti iki kənddən sonra, meşəlik ərazidə idi. Rayon mərkəzini keçib kəndlər tərəfə istiqamət aldım. Açıq pəncərədən təmiz dağ havası içəri dolur, adamın ruhunu oxşayırdı. Əvvəlcə bir kənd, sonra ikincisi arxada qaldı. Uzaqdan obyektin işıqları görünməyə başladı. Beş dəqiqədən sonra asfalt yoldan istirahət mərkəzinə gedən torpaq yola döndüm. Gələcəyim barədə nə dostuma, nə də Layiqəyə xəbər verməmişdim. Maşını koteclərdən birinin yanındakı boş ərazidə saxlayıb düşdüm. Ofisiantlardan biri uzaqdan məni tanıyıb yanıma gəldi.

-Bəxtiyar müəllim, xoş gəlmisiz.

Bu gəncin adı Rəhman idi. Onunla əl tutub görüşdüm.

-Necəsən, Rəhman?

-Sağ olun, Bəxtiyar əmi.

-Siz necəsiz?

-Yaxşıyam, çox sağ ol. Maqa buradadır?

-Bəli, kabinetindədir. İndi gəldiyinizi xəbər verərəm.

Bunu deyən gənc sürətlə obyektin o biri başına tərəf getdi. Bu obyekt meşənin xeyli ərazisini əhatə edirdi. Maqanın kabineti lap qıraqda, mən indi durduğum yerdən əks tərəfdə idi. Yadıma buraya ilk gəlişim düşdü. Baş leytenant rütbəsində idim. Bir işlə bağlı Quba rayonuna ezam olunmuşdum. Rayon polis şöbəsinə dəydikdən sonra əməliyyatçılardan biri ilə yaxın kəndlərdən birinə gəlməli olmuşduq. Nahar vaxtına düşdüyümüz üçün yerli əməkdaşın təklifi ilə buraya döndük. İkimiz də mülki geyimdə idik. Açıq havadakı masalardan birinə oturub yemək sifariş etdik. Yemək gələr-gəlməz haradansa gəlib qonşu masalardan birinə oturan beş nəfər kişinin səsi aləmi başına götürdü. Əvvəl fikir verməsək də, söyüş söydüklərini görəndə qalxıb onlara yaxınlaşdım. Polis əməkdaşı olduğumu qabartmaq fikrim yox idi. Heç yeri də deyildi. Sadəcə sakit olmalarını xahiş etdim. Ətrafda ailəsi ilə dincələn çoxlu insan var idi. Sərxoş olan bu adamlar, xahişimi irad kimi qəbul edib eyni anda ayağa qalxdılar və üstümə yeridilər. Tez özünü yetirən əməkdaşla yumruqlarımızı düyünləyib döyüş vəziyyəti aldıq. Ətrafdakı masalarda oturmuş qadınlar, uşaqlar qorxub qışqırışmağa başladılar. Sərxoş olduqları üçün onlara əl qaldırmaq fikrim yox idi. Təkcə, müdafiə olunarkən onlara necə xəsarət yetirməyəcəyimi fikirləşirdim. Elə bu vaxt, haradan gəldiyini görmədiyim bir kişi ortalığa girib «dayanın» deyə qışqırdı. Bir anda hər yana ani sükut çökdü. Adam üzünü sərxoş kişilərə tutub sakit səslə dedi:

-Siz özünüzü harada hiss edirsiz?

Sərxoşlardan heç biri danışmır, susub ona baxırdılar.

Adam onlardan yaşca böyük olanını yanına çağırıb dedi:

-Dostlarını da götürüb buradan gedirsən. Sizinlə sabah, ayılanda danışacam. İndisə, bir dəqiqədən sonra bu həndəvərdə iziniz də qalmasın.

Bir anda ayılan adamlar ayaqlarını sürüyə-sürüyə uzaqlaşdılar. Adam, üzünü dincələnlərə tutub ucadan hamıdan üzr istədi və heç bir narahatçılığın olmadığını dedi. Sonra bizə tərəf gəlib masamıza keçməyimizi xahiş etdi. Bizimlə birlikdə oturub özünə də yemək sifariş etdi. Bir azdan masanın üstü cürbəcür ləziz yeməklərlə dolu. Hər ikimizin qabına yemək çəkib öz qabına da qoyduqdan sonra dedi:

-Hərəkətiniz xoşuma gəldi. Mənim qonaqlarımsız. Etiraz qəbul olunmur. Çünki mən ev yiyəsiyəm və bu obyektin sahibiyəm. Yoxsa xətrimə dəyərsiz.

Bu sözlərdən sonra deyəcək bir şey qalmamışdı.

 

 “Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Çərşənbə axşamı, 08 Avqust 2023 15:00

Tanış olun:Ulduz Qasımlı

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar bu dəfə sizləri yazıçı, şair, publisist Ulduz xanım Qasımlı ilə tanış edəcəkdir

 

 Ulduz Qasım 1976-cı ildə Cəbrayıl rayonu Mehdili kənd orta məktəbini qızıl medalla bitirib. ADU-nun jurnalistika fakültəsinə qəbul olub, oranı da müvəffəqiyyətlə bitirib.

İlk şeirini 7 yaşında yazıb. Ora məktəb və tələbəlik illərində rayon, respublika mətbuat orqanlarında, radio dalğalarında şeirləri, məqalələri, oçerkləri, hekayələri və esseləriylə ardıcıl çıxış edib. “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Xocalı şikəstəsi”, “Açılmayan sirlər”, “Solmayan nərgiz”, “Ağ göyərçinlər”, “Qarabağda qiyamət”, “Qaçan Aslan”, “Maral” kimi kitabların müəllifidir. “Qürbət zöhrəsi”, “Xocalı şikəstəsi”, “Ağ göyərçinlər” romanları Türkiyə türkcəsinə və əsərləri müxtəlif dillərə tərcümə olunub.

 “Xocalı şikəstəsi” (“Xocalı fəryadı”) 2019-cu ildə Türkiyə Mədəniyyət və Turizm nazirliyi tərəfindən ilin yaxşı əsəri seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Çərşənbə axşamı, 08 Avqust 2023 14:30

Fidlerin şərait liderliyi modeli

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

 

Dərhal bildirim ki, şərait liderliyi təliminin banisi Amerika psixoloqu Fred Fidler hesab olunur, bu təlim dünyada praktik baxımdan kifayət qədər uğur qazanıb və bu səbəbdən, Fidler modeli üzərində nisbətən əhatəli dayanacağam.

Ötən əsrin 60-cı illərində üzərində çalışmağa başlanılan bu model liderin tabeçiliyində olan işçi qrupunun effektivliyini müəyyənləşdirə bilmək imkanı yaradır. Modeldə hər hansı liderlik stilinin müvafiqliyi və şəraitə uyğun nəzarət edilməsinin üç dəyişik situasiya vəziyyəti əsas götürülür.

Lider stilinin ölçülməsi və təyin edilməsi üçün Fidler səkkizballıq şkalalarda işləyib hazırladığı «ən az üstünlük verilən işçi» (ƏÜİ) xarakteristikasını təklif edir. Bu şkalaya uyğun olaraq liderlər arasından seçilmiş respondentlərə hər şkala mövqeyində cavaba görə müəyyən ballar verilir. Respondent uğur gətirən və heç bir vəclə uğur gətirməyəcək xüsusiyyətlərini vurğulayır, tabeçiliyindəki işçiylə münasibətlərini aydınlaşdırır, arzuladığı qipotetik şəxsiyyətin obrazını yaradır.

Şkalanın bütün mövqeləri üzrə ballar hesablanandan sonra liderin stili müəyyənləşdirilir.

Belə ki, öz ƏÜİ əmsalı çox pozitiv xarakterizə edilən və yüksək ballar qazanan lider-respondentlərin şəxsi münasibətlərə yönəli stilə malik olmaları bəlli olur, əksinə, öz ƏÜİ əmsalı çox neqativ xarakterizə edilən lider-respondentlərin isə iş prosesinə yönəli stilə malik olmaları bəlli olur. Müvafiq olaraq bu iki lider tipinə də Fidler «ƏÜİ əmsalı yüksək olan lider» və «ƏÜİ əmsalı aşağı olan lider» adlarını verir. Fidlerin qənaətinə görə, liderlik stili nisbətən daimi qalır və situasiyadan situasiyaya demək olar ki, dəyişilmir. Fidler bunu bu stillərdə individin şəxsi münasibətə motivasiyalaşması və işə motivasiyalaşmasından ibarət olan ən əsas motivasiya növlərinin olması ilə izah edir.

Modeldə şəraitin nəzarətedilən və əlverişli olması liderə şəraitə nəzarət etməklə ardıcıllarına təsir edə bilmək dərəcəsi kimi izah olunur. Bu dərəcə yuxarı və aşağı ola bilir ki, birinci halda liderin işlərin gedişinə təsir edə bilmək üstünlüyü nəzərə alınaraq onun qərarlarının proqnozlaşdırılan nəticələr verəcəyi gözlənilir, ikinci halda isə liderin qərarının arzuolunan nəticə verməyəcəyi də göz altına alınır.

Fidlerin dəyişkən şəraitlər modelində ƏÜİ əmsalı yüksək və ƏÜİ əmsalı aşağı olan lider stillərinin fəaliyyətindəki effektivlik yüksək, orta və aşağı həddə olan görülən işlərin həcmindən asılı olur ki, bunları da

a) kollektivdə münasibət;

b) işdə strukturlaşma;

c) vəzifəlilik hakimiyyəti kimi bəndlərdən ibarət şərait dəyişiklikləri şərtləndirir.

Model birmənalı olaraq ƏÜİ əmsalı yüksək olan liderin ƏÜİ əmsalı aşağı olan liderdən daha effektiv olmasını, daha yüksək nəticələr əldə etməsini təsdiqləyir. Modelin şərait kontiniumunda «işçilərlə münasibət, işdə strukturlaşma və liderin mövqeyi» şəraitləri əsasında formalaşan əlverişli şərait «yarışmasında» işin nəticəsinə meyilli olan ƏÜİ əmsalı aşağı liderin işçilərlə münasibətə meyilli olan ƏÜİ əmsalı yüksək liderə rəğmən məğlub duruma düşməsi izah olunur, rəqibinin olduqca əlverişli şərait yüksəkliyinə öz az əlverişli şərait aşağılığından baxması əks olunur.

Bu model xüsusən böyük korporasiyalarda rəhbərlərə effektiv liderliyin sirlərini öyrətməkdə köməklik edir.

Fidlerə görə, təlim-tədris və təcrübə vasitəsi ilə liderin hakimiyyətdən istifadəetmə və şəraitin bütün rifahlarından mənimsəmə qabiliyyətlərini yaxşılaşdırmaq mümkündür. Fidlerin metodu dönə-dönə xəbərdarlıq edir ki, mənəvi faktora söykənən, yəni tabeçilikdə olan insanlarla münasibətə söykənən konsepsiya lideri uğura aparan yol olduğu halda maddi faktora söykənən, yalnız işin keyfiyyətinə, məhsuldarlığa istinad olunan konsepsiya lideri tənəzzülə aparır.

Və oxucularıma onu da bildirim ki, Fidlerin şərait liderliyi modeli təkcə iqtisadiyyata şamil edilməklə məhdudlaşmır, xüsusən 3-cü minillikdə bu modelin siyasi çalarları da ayrı-ayrı dövlət liderlərinin tətbiqi sayəsində özünü büruzə verməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.