
Super User
Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin açılışında iştirak ediblər.
Sərginin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçı şirkətlərin stendləri ilə tanışlıq olub.
Məlumat verildi ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir.
Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, “Israel Aerospace Industries” şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə baxdılar.
Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var.
Konqresin “premium”, “platinium”, “qızıl”, “gümüş” və “bürünc” sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom Space”, “Blue Origin”, “Boeing”, “Lockheed Martin”, “BlackSky” “Vast”, “Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “Plan S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, “Israel Aerospace Industries” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “ispace”, “JGC Holdings Corporation”, “Astroscale” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat”, Avstriyanın “Asgardia Space”, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun “Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager Space” şirkətləri yer alır.
Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.
Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.
Azərbaycanın Mahnı Sehirbazı
BU GÜN GÖRKƏMLİ BƏSTƏKAR TOFİQ QULİYEVİN ANIM GÜNÜDÜR
İndi də onun mahnıları dillər əzbəridir. Hətta yeni nəslin onu tanımayan nümayəndələri belə mahnılarını zümzümə edir, yorulmadan dinləyirlər. Bir elə “Sənə də qalmaz”ı dünyaya dəyər.
Üstəlik, ən sevilən retro filmlərimizi dönə-dönə izləyən yeniyetmə və gənclər ordakı mahnılara heyran qalmaqdadırlar, o filmlərin əksəriyyətinin də musiqisi ona məxsusdur. Ona - Tofiq Quliyevə.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anım günüdür, böyük sənətkarın vəfatından 23 il ötür.
Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.
Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb.
Gəlin onun avtobioqrafiyasına nəzər yetirək.
O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.
1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meylini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə - 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.
O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəstgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.
Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləmiş, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.
1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhvali-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.
Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.
Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.
1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.
Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.
O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.
Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhvali-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.
Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.
T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhvali-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.
Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.
T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.
Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.
Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi Ulu Öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.
Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
23 milyondan çox kitabı satılan Yuval Noah Nararinin Azərbaycana gəlişi
Şahbaz Xuduoğlu yazır
Yuval Noah Hararinin gəlişi çoxdan planlaşdırılsa da reallaşmırdı. Onun Azərbaycan auditoriyası qarşısında çıxışı sadə məsələ deyil. Kitabları 23 milyondan çox satılıb. Bu həcmdə adətən bədii kitablar satılır.
O, tarix haqqında səlis oxunan və həyatımıza toxunan və bizə güc verən, gələcəyi dizayn etməkdə bizə yardım edən elə bir kitab yazdı ki, bütün tarix kitabları haqqında təsəvvürləri dağıtdı.
Komandasında on beş nəfər işləyir: əksəriyyəti israilli olsalar da aralarında irland, çinli, alman da var. İldə bir dəfə komandasını hansısa ölkəyə özü ilə aparır. Onlar əsasən Hararinin proqramını tərtib edir, həm də kitablarının nəşrini genişləndirməyə çalışırlar. Hər kəs öz işini yaxşı bilir. Əsası isə professoru yaxşı qoruyurlar: işləmək, dincəlmək, meditasiya - vaxt rejiminə əməl edirlər.
Yemək masasında üz-üzə oturmuşduq. Öncə eynəyinin altından sınayıcı baxışlarla baxdı, kitabını ilk harda gördüyümü, oxuyanda necə təsirləndiyimi dedim və nəşriyyat haqqında qısa məlumat verdim. "Qafqaza ilk dəfədir səfər edirsiniz?"- soruşdum. Bildirdi ki, ilk dəfədir. "Elə kitabınız da Qafqazda ilk dəfə bizdə nəşr edilib." - dedim.
Dərhal ən çox satılan non-fiction ədəbiyyatla maraqlandı, dedim, təbii sizin kitablar. Digər kitablarla maraqlandı. Bir neçə kitab və müəllifin adını çəkdim: "Millətlər niyə tənəzzül edir", Stiven Hoking, Riçard Dokkoinz, Fukuyama, Karl Saqan. İmzalar ona tanış idi, üstəlik kitabları da dilimizdə nəşr edilmişdi.
Bakının Osmanlıya aid olmasıyla bağll soruşdu, bildirdim ki, yox, Səfəvilərin ərazisinə daxil olub.
Səfəvi və Osmanlı münasibətlərindən sual verdi, dedim o tarixin qara üzüdür.
Onu ən çox maraqlandıran Azərbaycanda mövcud olan sekulyar cəmiyyətdir. "Bu necə baş verdi sizdə? " - deyə təəccübünü gizlətmədi. Dedim, maarifçiliyə minnətdarıq. XlX-XX əsr maarifçiliyi bu ölkədə sinaqoq, kilsələr və məscidlər, teatrlar, operaların olmasını şərtləndirdi. Maarifçilik olmasaydı, biz də İran ola bilərdik.
Bizə ən yaxın dost ölkə ilə maraqlandı, qonşularımızla münasibətlərimizi aydınlaşdırmaq üçün. "Türkiyəni bilirsiz, Gürcüstanla dostuq, oranı sevirik. Rusiyadan qorxuruq, İranla isə ehtiyatla rəftar edirik”- dedim.
"Türk dili ilə çox yaxındır diliniz" - dedi. "Onların qəbul etdiyi fransız kəlimələr, bizim qəbul etdiyimiz rusdan gələn kəlimələri çıxsaq yaxınıq”- cavab verdim.
Yəni, dünyaca oxunan bir müəllifin hər şeyə maraq göstərməsinə, doğrusu, valeh oldum.
Süni intellektin demokratiyaya təsiri ilə maraqlandım. Dedi, diktatorlar daha çox ehtiyat edirlər. Məsələn, Çin qəti şəkildə bunu qəbil etmir. Bu o deməkdir ki, sünu intellekt demokratik resurslara xidmət edəcək.
Söhbətimiz iki saatdan çox çəkdi. Kitablarını ona hədiyyə etdim. Şəkillər çəkdirdik.
Onun Bakı səfəri çox əlamətdar hadisədir. Bu işə dəstək verən hər kəsə təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Emmanuil Vitorqan Bakıda “Həyat davam edir” adlı monotamaşa təqdim edəcək
Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.
Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.
Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.
Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunacaq
Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” (“Сердце лидера”) sənədli filminin təqdimatı keçiriləcək.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 10 oktyabr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.
Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.
Məhz Heydər Əliyevin dövründə rəsmi Bakı beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb, ATƏT və BMT kimi təşkilatlarda Azərbaycan diplomatiyası intensiv xarakter alıb. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici şirkətlərin Azərbaycana irihəcmli sərmayələr yönəltmələrinə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub.
Filmdə Heydər Əliyevin Mixail Qusmanla eksklüziv müsahibələrini, dəyərli fikirlərini dinləmək, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları görmək mümkündür.
Çəkilişlər Moskva, Bakı və Ulu Öndərin doğulduğu Naxçıvanda aparılıb.
“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu isə film üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.
Film Azərbaycan və rus dillərində hazırlanıb.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Ataşah” Azərbaycanın milli brendi olaraq 2022-ci ildə yaradılıb
Həm kulinariyada, həm kosmetologiyada yeni bir ad parlamağa başlayıb. Bu, “Ataşah”dır. “Ədəbiyyat və incəsənət” portalı tanınmış brend barədə məlumatı sizlərə təqdim edir.
“Ataşah” bir ildən bir az artıq vaxtdır ki, yaradılıb.
Məqsəd ölkənin qida və kosmetoloji sənayesinə daha keyfiyyətli məhsullarla töhfə vermək, eləcə də beynəlxalq bazara çıxaraq Azərbaycanı daha üstün məhsullarla təmsil etməkdir.
“Ataşah”ın təklif etdiyi məhsullar müxtəlifdir, bunların içində ən əsas yeri bitki yağları tutur. İnsan sağlamlığı üçün hədsiz faydalı olan və yeni nəsil insanı üçün əvəzsiz nemət hesab edilən bu yağların ən son texnologiyalarla çəkilərək tam qatqısız halda qablaşdırılması və alıcıya təklif olunması öz effektini verməkdədir. Hazırda “Ataşah” brendi altında çıxan üzüm və nar çəyirdəyindən, balqabaq tumundan, kətan və qarazirə toxumundan, çaytikanından alınan yağlara alıcılar tərəfindən böyük maraq göstərilir.
Təbii ki, öz sağlamlığının keşiyində durmaq insan üçün ən prioritet məsələ olmalıdır.
“Biz hər şeyin ən yaxşısını sizlər üçün edirik!” - Şirkətin şüarı budur.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
YARAT Müasir İncəsənət Məktəbinə ərizə qəbulu başlayıb
YARAT Müasir İncəsənət Məktəbinə ərizələrin qəbulu başlayır. İki semestrdən ibarət olacaq kurs, həm nəzəri biliklərin, həm də praktiki bacarıqların verilməsi məqsədi daşıyır.
Birinci semestr ərzində tələbələr müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltəraşlıq, kollaj, animasiya və s. kimi müasir incəsənət sahələri üzrə yerli və xarici mütəxəssislərin mühazirələrini dinləyəcəklər. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə məktəbin yaydığı məlumatda deyilir.
Əlavə olaraq, tələbələr üçün muzeylərə, qalereyalara və incəsənət məkanlarına ziyarətlər təşkil olunacaq.
İkinci semestrdə iştirakçılar birinci semestrdə əldə etdiyi bilikləri praktiki məşğələlərdə tətbiq edəcəklər, həmçinin rəsm əsərlərinin yaradılması texnologiyası, müxtəlif materiallarla işləməsi, sərgi konsepsiyalarının yazılması, büdcə tərtibatı və s. öyrənəcəklər.
Kursun son mərhələsində buraxılış sərgisi təşkil olunacaq.
Dərslər həftədə 3 dəfə, əsasən axşam saatlarında keçiriləcək. Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq.
Yaşı 16-35 olan şəxslər müsabiqədə iştirak edə bilərlər.
İştirak etmək istəyənlər ərizələrini noyabrın 30-dək "YARAT Art School" başlığı ilə qeyd edərək, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməlidirlər.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Bəstəkarlar İttifaqı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müsabiqə elan edib
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Yuğ” Teatrının oktyabr repertuarını təqdim edirik
Azərbaycan Dövlət “Yuğ” Teatrı oktyabr ayı üçün maraqlı repertuar tərtib edib.
Sənət ocağının kollektivi oktyabrın 7-də “Toy dəsgahı”, 8-də “Metamorfoza”, 14-də “Vəsvəsə”, 15-də isə “Lənət” tamaşalarını təqdim edəcək.
Bundan başqa, oktyabrın 21-də “Koun Bizzz”, 22-də “Toy dəsgahı”, 28-də “Şəbədə”, 29-da isə “Elçilik” tamaşaları nümayiş olunacaq.
Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.
Tamaşalar müvafiq olaraq saat 19:00-da təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Batumidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib
Acarıstan Muxtar Respublikasının Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın milli muğamı gecəsi” adlı konsert keçirilib.
AzərTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində reallaşıb.
Tədbirin açılış mərasimində çıxış edən Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalının təsisçisi və təşkilatçısı, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadze deyib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu konsert çox mühüm tarixi əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Gürcü xalqının yaxın dostu olan Heydər Əliyevin xatirəsi qəlblərdə əsrlər boyu yaşayacaq.
Acarıstan hökumətinin rəhbəri Tornike Rijvadze çıxışında bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı fəlakətlərdən qurtarıb inkişaf yoluna çıxararaq dünyanın aparıcı dövlətləri sırasına çıxaran fenomen şəxsiyyət Heydər Əliyev Gürcüstan və ümumilikdə Qafqaz xalqları üçün də çoxlu işlər görüb. Ona görə də deyə bilərəm ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Batumidə belə bir konsertin təşkili bizim üçün qürurvericidir.
Bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Qaribşvilinin səyləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan-Gürcüstan əlaqələrinin tarixinə nəzər salıb, müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ölkələrimiz arasındakı münasibətlərin yeni müstəvidə inkişaf etməyə başladığını qeyd edib.
Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. İl ərzində Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində müxtəlif yubiley tədbirləri keçirilir. Gürcüstanda “Heydər Əliyev İli” ilə bağlı artıq bir sıra mühüm tədbirlər keçirilmiş və ilin sonuna qədər önəmli layihələr ərsəyə gələcəkdir. Bunların məhz Gürcüstanda keçirilməsi xüsusi önəm daşıyır. Çünki Heydər Əliyev Gürcüstanın böyük dostu, Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının banisi idi.
Onun sözlərinə görə, Batumi şəhərində musiqimizin, mədəniyyətimizin, tariximizin təbliğ və təşviq edilməsi xüsusi rəmzi xarakter daşıyır. Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi Əhməd Cavadın məhz Batumidə yazdığı “Çırpınırdın, Qara dəniz!” şerini xatırlatmaq yerinə düşərdi.
Diplomat deyib ki, ölkələrimiz arasında müxtəlif sahələrlə yanaşı, zəngin mədəni əlaqələr də mövcuddur. Mədəniyyət sahəsində əməkdaşlıq - münasibətlərimizin prioritet sütunlarından biridir. Bu birbaşa insanlara, cəmiyyətə müsbət təsir bağışlayan amildir və xalqlarımız arasında dərin iz buraxmışdır. Muğam başda olmaqla zəngin mədəniyyətimizin və mədəni sərvətlərimizin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan dost Gürcüstanda nümayiş etdirmək, sizləri sevindirmək ikiqat ürəkaçandır: Ulu Öndər Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin, musiqisinin, incəsənətin dünya miqyasında təbliğ edilməsini və qorunmasnı hər zaman diqqət mərkəzində saxlayırdı. Bu gün bizlər bu istiqamətdə əldə edilən nəticələri görürük. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir. Azərbaycan mədəniyyətin inkişafına xidmət edən hər bir fəaliyyət dövlətimizin başçısının daima diqqət mərkəzindədir. Əlbəttə biz burada Azərbaycan mədəniyyətin tərəqqisinə, mədəniyyət siyasətinin reallaşması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etməliyik və bu xidmətlər əvəzsizdir. Heydər Əliyev Fondu muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. Məhz bunun bariz nümunəsi kimi, bu gün burada, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən unikal sərgi nümayiş etdirilir və sizlərin bu sərgi ilə ilkin tanışlıq imkanınız olmuşdur”.
Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri barədə ətraflı məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.
Sonra tamaşaçılar Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onun muğam qrupunun ifasında “Şur”, “Cahargah” muğam kompozisiyalarını, xalq mahnısı “Sarı Gəlin”, Cahangir Cahangirovun “Bana-bana gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Bəhram Nəsibovun “Qarabağ”, Rauf Hacıyevin “Azərbaycan” mahnılarını dinləyiblər.
Konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupunun, Əməkdar artistlər Nərgiz Əliyeva, Sahib Paşazadə və Ceyla Seyidovanın çıxışları böyük maraqla qarşılanıb. Konsertdə səhnədə qoraşdırılmış ekranda Azərbaycan mədəniyyəti, incəsənəti, milli sərvətləri ilə yanaşı, doğma Şuşanın görüntüləri nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)