
Super User
Hersey və Blanşardın şərait liderliyi modeli
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
Qısaca olaraq söyləyim ki, bu model, şəraitin ən həlledici faktoru olaraq liderin qarşıya qoyduğu öhtəlikləri yerinə yetirəcək bacarıqlı və həvəsli, bir sözlə, kamil ardıcıllarının mövcud olmasını özündə ehtiva edir.
Modeldə yetişkənlik iki tərkib hissəsinə bölünür:
a) Peşəkar kamillik;
b) Psixoloji kamillik.
Peşəkar kamillik – bura bilik, bacarıq və vərdişlər, təcrübə və qabiliyyətlər aid edilir və ardıcılların direktivlərə, göstərişlərə ehtiyac duymadığını şərtləndirir.
Psixoloji kamillik ardıcılın tapşırığı yerinə yetirməsinə olan böyük həvəsini və motivasiyasını nəzərdə tutur.
Modelin müəllifləri eyni zamanda kamilliyin 4 mərhələsini də müəyyənləşdiriblər:
a) insanlar həm bacarmırlar, həm də işləmək istəmirlər; onlar ya diletantdırlar, ya da onların özlərinə güvənləri yoxdur;
b) insanlar bacarmırlar, amma işləmək istəyirlər; onların motivasiyası var, ancaq bacarıq və vərdişləri yoxdur;
c) insanlar bacarırlar, amma işləmək istəmirlər; onların bacarıq və vərdişləri var, amma motivasiya olunmadıqlarından iş onları cəlb etmir;
d) insanlar həm bacarırlar, həm də işləmək istəyirlər; onlar həm bacarıqlı, vərdişlidirlər, həm də liderin təklif etdiyi işi görməyə motivasiyalıdırlar, həvəslidirlər.
Ardıcılların işləmək arzusunun 4 halı (adətən, tez-tez, hərdən, çox az) və işləmək qabiliyyətlərinin 4 halı (lazımı həddə, kifayət qədər həddə, müəyyən həddə, aşağı həddə) nəticəsində formalaşan kamilliyinə uyğun olaraq 4 lider stilinin (iştirakçı, inandırıcı, əmrverici, nümayəndəlik) kvalifikasiyası Hersey-Blanşard modelinin əsasını təşkil eləyir.
Ardıcılların aşağı kamilliyi həddində əmrverici stil ən effektli hesab olunur. Bu stildə lider yüksək direktivlik nümayiş etdirməklə, tam nəzarət tətbiq etməklə öz üzərilərinə məsuliyyət götürmək həvəsində olmayan və buna qadir də olmayan işçilərindən məhsuldar iş ala bilir.
Ardıcılların müəyyən kamilliyi həddində inandırıcı stil daha effektiv hesab olunur. Burada lider həm direktivlik, həm də təbliğat, dilətutma, başasalma hesabına nəticə almağa müvəffəq olur.
Ardıcılların kamilliyinin lazımi həddə olması bu dəfə liderdən iştirakçı stilini tələb edir. İşləmək arzusu və işləmək qabiliyyəti lazımi həddə olan, amma işin nəticəsinə tam maraqlı olmayan ardıcıllar daha çox motivasiya almaqçün liderin timsalında özlərinə həmkar arzulayırlar, lider də bu arzuları reallaşdırmaq zorunda qalır.
Ardıcılların kamilliyinin kifayət qədər həddə olması isə, nəhayət, liderdən nümayəndəlik stilini tələb edir ki, bu da idarəetmə və rəhbərlikçün ən ali stil hesab olunur. Bu stildə çox az direktivlik və ardıcılların tam dəstəklənməsi əsas amildir. Və yeri gəlmişkən, məhz bu stil işə yaradıcı yanaşmanın inkişafına dəlalət edir.
Və son olaraq onu da söyləyim ki, olduqca çevik və sadə olduğuna görə bu model menecment işində böyük maraq doğurur və geniş tətbiq olunur.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Bu gün “Təbiətimizin sovqatı” müsabiqəsinə əsər qəbulu başa çatır
“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu bu gün başa çatır.
Mərkəzin yaydığı məlumata görə, yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər (yəni bu gün son gündür) rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.
Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
“Günümüzdə düşünülməmiş şəkildə qurulan ailələr ciddi problemlərlə üz-üzədir” - MÜSAHİBƏ
Səbinə Məmmədli, “Ədəbiyyat və incəsənət”
Yaşam Klinikasının klinik psixoloqu, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq biliyinin təsisçisi Ruhiyyə Rüstəmova ilə müsahibəni təqdim edirik.
– Bu gün dünyada psixologiya elmi yüksəliş mərhələsindədir. Artıq ailə problemləri, uşaqlarla bağlı məsələlər böyüklərin məsləhəti ilə yox, daha çox psixoloji konsultasiyalar vasitəsilə həll olunur. Ölkəmizdə necə, bu baxımdan insanların yanaşması müsbətə doğru dəyişibmi və ümumiyyətlə, sizə əsasən hansı problemlərlə üz tuturlar?
– Müasir dövrdə psixoloqa müraciət böyük əksəriyyət üçün normal hesab edilir. Problemə bağlı olaraq dövrümüzdə müraciətlər daha çox yeniyetmələr, ailə münaqişələri, ailə daxilində valideyn-uşaq münasibəti, cütlüklər arasında ünsiyyət məsələləri və anlaşmazlıqlar üzrə olur.
– Ruhiyyə xanım, sizcə, ailə psixoloqu ailələrin qorunub-saxlanmasında nə dərəcədə önəmli rol oynayır?
– Müasir dövrdə düşünülməmiş şəkildə qurulmuş ailələrdə problemlər çoxalıb. Sosial şəbəkə üzərində tanışlıqlar, qısa ünsiyyət sonrası evliliklər, ailə müdaxiləsi ilə edilən evliliklərdə yanlışlar, ailənin dağılması ilə naticələnir. Bu baxımdan ailələrin qorunub saxlanılmasında, cütlüklər arasında psixoloji bağın yaranmasında, anlayış və davranış yönümlü dəyişikliklərdə psixoloji konsultasiyaların önəmli rolu vardır. Burada sağlam valideyn ünsiyyəti nəticəsində sağlam övladların böyüdülməsi və yetişdirilməsi üçün ehtimallar artır.
– Tanınmış hüquqşünaslardan biri deyir ki, boşanmağa qərar verənlərin bir çoxu evliliyə özü qərar verməyənlərdir. Sizcə, həqiqətən belədirmi?
– Mən belə deməzdim, düzgün psixoloji yanaşma iki insanın biri-birini daha yaxından, daha düzgün tanımasına imkan verir. Bu da insanların böyüdüyü ailədə aldıqları tərbiyədən, milli-mənəvi və mədəni dəyərlərindən asılıdır. Yəni, sevib sonrasında ailə quran və ya sevməyib, şərti ailə quran insanlar var ki, ailə daxilindəki düzgün qurulmuş münasibətlər nəticəsində evliliyi davam etdirə bilərlər və ya düzgün olmayan psixologiya nəticəsində, şüuraltı travmaların təsiri ilə ailəni dağıda bilərlər.
– Azərbaycanda son illər boşanmaların sayının artması mütəmadi olaraq müzakirə obyektinə çevrilir və bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir. Məsələn, boşanma və ya evlilik proseduru çətinləşdirilsin kimi təkliflər var. Sizcə, bu faydalı olarmı?
– Boşanmalar zamanı qanuni olaraq, cütlüklərə düşünmək üçün müəyyən zaman verilir. Bu zaman ərzində nadir hallarda boşanma proseduru dayanır və cütlük barışır. Çünki əksər hallarda boşanmağa qərar verən insanlar, münasibətdəki bütün bağlar qırılmış halda məhkəməyə müraciət edirlər. Məhz bu baxımdan gənc ailələrə düşünmələri üçün daha çox zaman verilməlidir. Digər hallarda isə çətinləşdirilməyə heç bir ehtiyyac görmürəm, yetkin insanlar verdikləri qərar üzərində daha çox məsuliyyət daşıyırlar, qərarlarının fərqindədirlər.
– “Bütün kişilər xəyanət edir” – bu, təkcə bizdə deyil, elə dünyada da qəlibləmiş fikirdir. Adətən, səbəb kimi onların yaradılışı məsələsi irəli sürülür. Ruhiyyə xanım, xəyanət etməyən kişi var?
– Kişiləri üçün onlara verilən azadlıq, qadınlar üçün isə, kişilərin onlara göstərdiyi diqqət önəmlidir. Diqqət əskik olduqda, qadınlar deyingən, kişilər isə səbəbi anlamadan deyingən qadına diqqəti daha da azaldırlar. Münaqişə, çığırtılı səslə tərəflərin bir-birini ittiham etməsi, zidd fikirdə olması sevgini azaldır, nəticə olaraq, bunlar sevgi üzərində qurulan münasibəti belə bitirə bilir. Düşünürəm ki, müasir evlikliklərdə, evlilik öncəsi psixoloqlara müraciət etməli, evliliyin onlar üçün nə ifadə etdiyini, qarşılıqlı gözləntiləri, kortəbii deyil, məntiqli şəkildə ailə dəyərələrinin nə olduğunu anlamalıdırlar. Bu zaman hörmət, sevgi və anlayış üzərində qurulan ailələrdə xəyanətdən qaçmaq olar. Bu baxımdan evliklərdə məsuliyyət tək qadının deyil, hər 2 tərəfin olmalıdır.
– “Kişi evə qaçırsa, səbəbkar qadındır, kişi evdən qaçırsa, səbəbkar yenə qadındır”. Bütün məsuliyyəti qadının üzərinə yükləmək nə dərəcədə doğrudur?
– Heç bir zaman keçmiş ilə yaşaya bilmərik, həyat dəyişir, qanunlar dəyişir, dünya görüşləri dəyişir, bu da düşüncələrin dəyişməsinə səbəb olur. Və belə ki çox az ailəlrədə keçmiş qanunlara bağlılıq qalır, istər kişi, istər qadın mən azad fərdəm, toxunulmazam, şəxsi həyatıma müdaxilə olunmamalıdır şüarı altında münasibətləri üstün tuturlar. Bu da uzunmüddətli ailə bağlarının möhkəmliyinə təsir edir.
– İldən-ilə tərbiyə prosesində də qaydalar, bir çox anlayışlar yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, yeni nəsillə öncəki nəsil arasında tərbiyə, anlayış, qavrayış və davranış məsələlərində fərqlər hiss olunurmu və sizcə, valideyn-övlad münasibətləri necə qurulmalıdır? Bunun təməl prinsipləri necə olmalıdır?
– Övlada ata və ana olmaqla bərabər, dost olmağı da bacarmaq lazımdır əlbəttə ki, bu yanaşmanı yalnız validyenlərə həvalə etmək olar. Əlbətt ki, uşaqlıq travmaları olan valildeynlər , övladlarına yalnış davranışla yanaşarlarsa, ailədə sağlam övlad yetişə bilməz, bu da davamlı şəkildə gələcək nəsillərdə sağlam olmayan münasibətlərin təməl daşını qoya bilər.
– Son illərin aktual problemlərindən biri də insanların bir-birinə qarşı zorakılığıdır. İnsanlarda yaranan bu aqressiyanın səbəbi nədir?
– Bunun əsas səbəbi kimi sosial-iqtisadi və psixoloji problemlər, müasir dövrdə insanların yaşayışı üçün problemlər yaratdığı üçün insanları arasında aqressiya artmışdır. Şəxsi həyatına, işinə, cəmiyyətə aqressiv olan insan, cəmiyyətdə aqresiyasını başqalarına qarşı da yönəldə bilər. Əlbəttə ki, burada bağ böyüdüyümz ailələrlə bağlanır. Biz cəmiyyətə ailədən aldğımnız tərbiyəni gətiririk. Kiçik cəmiyyət olan ailədə öyrədniklərimizi, böyük cəmiyyətdə tətbiq edirik.
– Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?
– Psixoloq da bir insandır , o da cəmiyyətdə inkişaf edir. Psixloqlar da ümumi problemlərə qarşılaşa bilərlər, bu zaman psixoloqlar yanma (tükənmə) sindromu yaşadıqları an supervayzerlərlə, yəni güvəndikəri psixoloq dostları ilə bölüşüb paylaşa bilərlər. Bu da normal insan psixlogiyasıdır. Əlbəttə ki, yaş, təcrübə, psixloqların həyatında önəmlidir. Çünki, əksər hallarda baş verən hadisələrin içində psixloqun şüuraltısı daha fərqli çalışır və psxioloq özünə yardım edə bilər. Mənim ən yaxın psixoloqum, ailə üzvlərim, övladlarımdır, bir gəminin kapitanı, gəmini düzgün idarə etməzsə, gəmi batar. Mənim gəmi ekiajım ən yaxın psixoloqlarımdır.
“Ədəbiyyat və incəsənət”
(10.09.2023)
Məqsəd türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaqdır
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un, onun nəzdində yaradılan Türk Dövlətləri Yazarlar Birliyinin, UNESKO-nun və Avrasiya Yazarlar Birliyinin dəstəyi ilə Azərbaycan da daxil olmaqla türk dünyasının 30-dan çox türk xalqları arasında "VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi" keçirilir.
TÜRKSOY-un Baş Katibi, qırğızıstanlı yazıçı Sultan Rayev müsabiqənin türk dünyası ədəbiyyatı nümayəndələri arasında daha istedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaq məqsədilə keçirildiyini qeyd edib.
Bu yerdə Rayevin öncəki günlərdə Report-a açıqlamasını xayırlayaq. Rayev demişdi:
"Bizim qırğız xalqı Çingiz Aytmatov kimi bəşəri dəyərləri özündə daşıyan, hələ sovetlər dönəmində cəsarətli fikirləri ilə təkcə qırğız cəmiyyətində deyil, dünyada tanınan azad düşüncə adamı yetişdirib. Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaq, onları tanıtmaq, dostlaşdırmaq, aralarında fikir mübadiləsinə zəmin yaratmaqdır".
Qeyd edək ki, müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100, TÜRKSOY-un yradılmasının 30 illiyinə həsr olunub. Müsabiqənin mövzusu sərbəstdir. Hekayələr sentyabrın 15-dək qəbul olunacaq.
İndi isə mükafat fondu barədə:
Birinci yerin qalibi 35 min, ikinci yer 25 min, ücüncü yer 20 min Türk lirəsi ilə mükafatlandırılacaq. 10 min türk lirəsi isə bir nəfər fərqlənənə həvəsləndirici mükafat kimi veriləcək.
Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Qayıt, sahmana sal bu kainatı…
Xalq artisti Oqtay Kazıminin vəfatından 13 il ötür
Dünən onun anım günü idi. Məzarı tər çiçəklərə qərq olunmuşdu. Onu doğmaları, keçmiş kolleqaları ilə yanaşı, sadəcə, əsərlərinə aşiq olan sadə insanlar da yad etdi. Söhbət görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazımidən gedir.
Və təsadüfən onun adını eşitməyənlər qoy Aybəniz Haşımovanın ifasında “Qayıt” mahnısına qulaq assınlar. Oqtay Kazımi ruhu bu mahnıdadır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1932-ci il dekabrın 27-də Astara şəhərində anadan olan Oqtay Kazımi 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. O, 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, piano və orkestr üçün poema-konsertin, xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyası”nın, təntənəli uvertüranın, xor və simfonik orkestr üçün “Trilogiya”, eyni zamanda kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutub. Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları”, “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodikası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadənin və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.
O.Kazımi ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, həmçinin 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Azərbaycan Milli Xalça Muzeyi “Ekspertlərin Seçimi Mükafatı 2023”ə layiq görülüb
Azərbaycan Milli Xalça Muzeyi peşəkarların rəyləri əsasında, Bakının ən yüksək reytinqli görməli yerlərindən biri kimi dünyanın ən yaxşılarının siyahısında yer alaraq, “Ekspertlərin Seçimi Mükafatı 2023”ə layiq görülüb.
AzərTAC xəbər verir ki, dünyanın məşhur səyahət saytlarından olan “Tripexpert”in təqdim etdiyi mükafat 100-dən artıq səyahət bələdçilərinin, jurnal, eləcə də qəzetlərin rəy və materiallarına əsasən təqdim olunur.
Qeyd edək ki, ən gözəl rəyləri alaraq qalib olan turizm obyektləri ilə bağlı xəbərlər “The New York Times”, “The Daily Telegraph” və “GQ” kimi önəmli nəşrlərdə işıqlandırılır.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Yeddi ay ərzində DOST Agentliyinin 142 Çağrı Mərkəzinə 1 milyon 40 minə yaxın zəng daxil olub
2019-2023-cü illər ərzində DOST Agentliyinin 142 Çağrı Mərkəzinə 4 milyon 442 mindən çox müraciət daxil olub. Yeddi ay ərzində bu rəqəm 1 milyon 40 minə yaxın təşkil edib.
Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş görüşdə deyib.
F.Məmmədov qeyd edib ki, zənglərin çox hissəsi Bakı və Abşeron yarımadasından daxil olub.
Agentliyin İdarə Heyətinin sədri daxil olan zənglərin 98.4 faizinin cavablandırıldığını da diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
“Çox bahadır qiyməti...” - Xeyrəddin Qocanın felyetonu
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Xeyrəddin Qocanın növbəti felyetonunu diqqətinizə çatdırır.
Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən niyə gizlədək, bəs, həftənin axırında qızımıza elçi gələcək, gəl, sən də iştirak elə. Zəhmət çəkmə, hər tədarükümüzü görmüşük, təkcə sənin iştirak eləməyin bizim üçün şərəfdir. Dedim ay bacı, qonşu deyilik, mütləq gələcəyəm. Təki xeyir iş olsun.
Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı ölkələrin diplomatları kimi oğlan adamları masanın bir tərəfində, biz də o biri tərəfində oturduq. Bir neçə dəqiqə sükutdan sonra oğlan atası dilləndi ki, bəs "sizdə zər var, bizdə zərgər", "sizdə bağ var, bizdə bağban", "sizdə qaş var, bizdə üzük" və sair və ilaxır. Oğlanın anası da dedi ki, sözün kəsəsi, qızınıza elçi gəlmişik, bir "mübarək" deyin, çıxaq gedək, toya hazırlaşaq.
Qonşumuz, yəni qızın atası söz aldı, görək nə dedi:
- Bacı, nə mübarəkbazlıqdır? Bizim də dostumuz var, düşmənimiz var. İlk dəfədir qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.
Oğlan atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə ifadə etməyə çalışsa da, alınmadı. Bu dəfə qız anası söz aldı:
- Qızı böyüdüb boya-başa çatdıran mənəm. Gərək başlıq verəsiniz.
- Ay bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! - Oğlan anası təəccüb etdi.
- Lap iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!
Qızın atası onların sözünü kəsdi:
- Mən də qızın fundamental atasıyam. Mənim də öz tələblərim var.
Oğlan atası "buyur" deyən kimi, qız atası başladı, nə başladı:
- Sizi çox bərkə salmayacağam. Qonağım çox olacaq. Nə gətirməlisinizsə bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd, iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ, beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50 kiloqram fındıq, iyirmi kiloqram çay - yaxşısından olsun - turşməzə Göyçay narı, narşərab da öz yerində. Qırx yeşik "Badamlı", ona uyğun "Koka-kola", "Fanta", iyirmi kiloqram pendir, o qədər də qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz verməlisiniz.
Aldı qızın anası görək, nə dedi:
- Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük də bahalısından olmalıdır. Qaldı pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının, prokurorların, polis rəislərinin, nazirlərin arvadları necə geyinirsə, mənim qızım da elə geyinməlidir. Gözəl-göyçək qızdır, kimdən əskikdir?! Şubası, paltosu, plaşı, ayaqqabıları da bir-birindən gözəl olmalıdır. Yadımızdan çıxan xırda-xuruşları da sonra deyərik.
"Elçilər odlandılar: - Qız almırıq, vəssalam.
Çox bahadır qiyməti, biz almırıq, vəssalam".
O gedən getdilər...
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib
Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib.
Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun əmək müqaviləsinə, onunla bağlanan əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, 07.08.2023-cü il tarixindən xitam verilib.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Türk rokunun məşhur siması Erkin Koray vəfat edib
Türk rok musiqisinin məşhur siması Erkin Koray vəfat edib.
APA xəbər verir ki, bu barədə sənətçinin qızı sosial media hesabında məlumat verib.
82 yaşlı Koray uzun müddət idi ki, Kanadanın Toronto şəhərində yaşayırdı.
O, daha çox Anadolo roku tərzində ifaları ilə tanınıb. Bu yistiqamətdə Anadolunun tarixi türkülərinə yenidən nəfəs verən ustad rokçu həm Türkiyədə, həm də dünyada populyarlıq qazanıb.
Sənətçi 1969-cu ildə "Yeraltı dördlüsü" adlı qrupu yaratmaqla Türkiyədə "underground music" tərzinin geniş yayılmasında da önəmli rol oynayıb.
1982-ci ildə "Benden sana" və 1986-cı ildə "Gaddar" adlı albomları isə Türkiyədə ən çox satılan albomlar siyahısında yer alıb.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)