
Super User
Cənnətin itirilmiş xəritəsi - Müəllim
BU GÜN MÜƏLLİM GÜNÜDÜR
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir..."
(M.K Atatürk)
Lüğətlərdə müəllim sözü: Məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Sözün mənasını öyrədən, nəsihət verən, dərs verən.
Bu söz Hörmət üçün adlara qoşularaq deyilir. Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə ola bilən adam; ustad mənasında da işlədilir.
Fəqət, müəllim sözü lüğətlərdə verilən bu izahlardan daha böyük və daha dərin mənalar ehtiva edir özündə.
Uşaqkən bir şeir öyrənmişdik, deyirdi ki:
Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur:
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu...
Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər.
Bax uşaqla doludur,
Bu yol məktəb yoludur.
(Xanımana Əlibəyli - “Yol”)
Bəli, o sevimli məktəb yolu heç bir zaman hədər getmədiyimiz bir yoldur, amma həyatımızda məktəb yolundan daha önəmli bir yol da var, həyat yolumuz. Bir insan kimi həyatdakı mövqeyimiz, kimliyimiz, bir sözlə öz yolumuz.
Doğru yol insanı işığa çıxarar, amma yanlış yol insanı azdırar və geri dönülməz uçurumlara apara bilər, elə məhz buna görə də bu yoldakı istər yol yoldaşımız, istər yol göstərənimiz, bələdçimiz çox yaxşı olmalıdır.
Bu yol uşaqlıqdan başlayır və bu yolda ilk bələdçilərimiz, rəhbərimiz, öyrədənimiz valideynlərdən sonra bağçada tərbiyəçi, məktəbdə ibtidai və sonra fənn müəllimləri, çevrəmiz və daha sonra ən nəhayətində özümüz oluruq öz müəllimimiz.
Müəllim sadəcə hər hansı bir fənni tədris etmir əslində, o, eyni zamanda bir insanlıq nümunəsi olur. Çox zaman insanların içindəki işığı görən, onlardakı istedadı kəşf edən və elə onlar üçün uğura gedən yoldakı ilk qapını açan da müəllimlər olur.
Bəlkə də elə bu gün mən də bu xitabı yazmağa ərk edə bilirəmsə, bunda da "Sənə hər zaman inanmışam"-, deyərək mənə özünəinam aşılayan sevimli müəllimimin payı var.
Müəllimlər uşaqların gələcək həyatına, psixologiyasına çox yüksək təsir
göstərirlər. Ən əsas da məktəbəqədər və ibdidai sinif müəllimləri.
Müəllimlərin uşaqlara göstərdiyi psixoloji təsir onların şəxsiyyətinin inkişafına, gələcəkdə necə bir insan olacağına, hətta gələcəkdəki peşə seçiminə də çox böyük təsir göstərir. Elə müəllimindən örnək alıb gələcəkdə özü də məhz onun kimi bir müəllim olmaq arzusu ilə böyüyən uşaqlar buna çox gözəl bir misal ola bilər.
Müəllimlik peşəsinə yiyələnməyi, müəllim adı almağı çox insan bacarır, lakin, uşaq psixologiyasına düzgün təsir bağışlayıb, düzgün yön verib, gözəl insanlar yetişdirməyi müəllimlik peşəsinə yiyələnən hər insan bacarmır təssüf ki.
Əsl müəllim, başqa dillə desək, doğru yol göstərən bir bələdçi olmağı hər müəllim bacarmır. Bəzən müəllimin tədris etdiyi fənn gələcəkdə hafizədən silinir, ancaq insanlıq nümunəsi və psixologiyada göstərdiyi təsir heç vaxt silinmir və insanın həyatınada yansıyır bu.
Müəllimin yanlış, məsuliyyətsiz, laqeyid bir davranışına görə travması yaranmış və həyatı boyu hətta güclü xarakterli olsa belə bunu yenə bilməmiş o qədər yetkin insan var ki.
Bir müəllimin çiynlərində daşıdığı məsuliyyətin nə qədər böyük, nə qədər ağır və müəllimliyin, sözün əsl mənasında, bir vicdan işi olduğunu elə bu mövzuyla bağlı rastlaşdığım iki məqam əsnasında daha aydın dərk etmişdim:
Bir dəfə özü də ixtisasca müəllim olan bir təlimçi təlimlərinin birində bağçada tərbiyəçi müəllimin yanlış davranışına görə yenə bilmədiyi bir travmasından danışdığı zaman.
Və bir dəfə də məni çox da yaxından tanımayan bir insanın söhbət əsnasında ixtisasımın məktəbəqədər təlim və tərbiyə oduğunu öyrənəndə mənə: "Siz Allah, uşaqları döyməyin.."-, dediyi zaman.
Çünki sonradan bu hadisənin vaxtı ilə onun öz başına gəldiyini, ona görə belə dediyini öyrənmişdim və bu məni çox incitmişdi.
Bəli, əziz oxucu, bir müəllim sadəcə hər hansısa bir fənni tədris etmir. O, eyni zamanda bəzən fərqində olmasa belə yanaşmasıyla və davranışıyla insan həyatına yaxşı və ya pis çox böyük təsir göstərir. Bu səbəbdən muəllimlik öncə vicdanlı və məsuliyyətli şəxsiyyət tələb edir.
Və bir az da irəli gedib düşünəndə görürük ki, əslində özü fərqində olmadan hər insan bir müəllimdir. Əgər düzgün bir şəkildə müşahidə edə bilsəniz, hər insan təcrübədən dərs deyir. Hər insan bir örnəkdir.
Kiminin şəxsiyyət, xarakter, davranış və həyatına baxaraq gözəl dərslər götürərik özümüz üçün.
Və kimilərinə də baxıb şükr edərik, elə bir insan olmadığımız üçün.
Və lazım gəldikdə insan özü də özü üçün müəllim olmağı bacarmalıdır.
Elenora Ruzveltin də dediyi kimi :
"Başqalarının həyatından dərs alın, insan bütün səhvləri özü edəcək qədər uzun yaşamır"
İzləri xoş xatirələr, faydalı məsləhətlər və əsəri vicdanlı və güclü xarakterli insanlar olan müəllimlərin bayramı mübarək!
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)
Moskvada azərbaycanlı şairin xatirəsi anılıb
Moskvada azərbaycanlı şair və dramaturq Miryusif Mirnəsiroğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAC xəbər verir ki, gecə şairin Moskvanın “Bakı” kinoteatrında illər əvvəl keçirilmiş yaradıcılıq gecəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra tədbirin təşkilatçılarından olan Moskva Qərb inzibati dairəsi üzrə Azərbaycanlıların Mili Mədəni Muxtariyyətinin sədri Əli Kazımov çıxış edərək, Miryusif Mirnəsiroğlunun həyat və yaradıcılığından danışıb.
Gecədə tarixçi alim, professor, şair Əşrəf Hüseynli, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü, şair Afaq Şıxlı, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov, ictimai xadim Əhməd Abulov, “Əhli beyt” dini cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov çıxış ediblər. Natiqlər şairin poeziyasında insanlığa, Vətənə sevgi mövzularının ön plana çıxdığı vurğulanıb.
Şairin oğlu Miryunis Mirnəsiroğlu atasının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə dərin minnətdarlığını bildirib.
Gecənin aparıcıları jurnalistlər - Tünzalə Vəliqızı və Cəfərsadıq Abbasov hər təqdimatdan əvvəl şairin həyatı, yaradıcılığı haqqında görüş iştirakçılarına məlumat verir, rübailərini səsləndiriblər.
Gecənin nəğməli qonaqlarından Azərbaycanın tanınmış müğənnisi Fədayə Laçın Miryusif Mirnəsiroğlunun sözlərinə Bəhram Nəsibovun bəstələdiyi “Şahnaz təsnifi” və “Qal, sənə qurban” mahnılarını ifa edib. Azərbaycanın Xalq artisti Sərxan Sərxanın ifasında milli vətənpərvərlik ruhunda mahnılar maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)
O həmişə hər yerdə fərqlənirdi… - BU GÜN RAUL PİRİYEVİN ŞƏHADƏTƏ QOVUŞDUĞU GÜNDÜR
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Şəhid Raul Piriyev.
04.06.1997-ci il tarixində Şəmkir rayonu, Kür qəsəbəsində anadan olub.
2003-cü ildə Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunub. 2006-cı ildə Bakı şəhərinə köçüblər, Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin üçüncü sinfində təhsilini davam etdirib.
2015-ci ilin may ayında orta məktəbi bitirərək AZTU-nun (Azərbaycan Texniki Universiteti) "Dəmiryol Nəqiliyyatı və Təsərrüfatı mühəndisliyi" fakültəsinə qəbul olub. Təhsil aldığı müddətdə qrup rəhbəri kimi faliyyət göstərib.
2016-cı ilin aprelin 25-də McDonald's restoranının Gənclik filialında iş faliyyətinə başlayıb. İş fəaliyyəti müddətində" ilin ən yaxşı işçisi" ,"ilin ən surətli işçisi" kimi bir sıra diplom və hədiyyələrlə təltif olunub. 2.07.2019 tarixində bakalavr ali peşə-ixtisas
dərəcəsi ilə təhsilini bitirib.
3.10.2019 tarixində Şəmkir rayon Səfərbərlik və Hərbi Çağırış şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.
8.10.2019 tarixində həqiqi hərbi xidmətə yola salınıb.
İlk öncə Ağcabədidə hərbi xidmət keçib, 2019-un dekabr ayında könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə keçib və Cəlilabadın Göytəpə hərbi hissəsində hərbi xidmətini davam etdirib.
İkinci Qarabağ müharibəsi başlayan kimi ön cəbhəyə göndərilib. Murov, Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərib.
5.10.2020 tarixində Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib və 15 oktyabrda yaşadığı Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Ali Baş Komandanın sərancamı ilə:
1- "Şücaətə görə",
2- "Döyüşdə fərqlənməyə görə",
3- "Füzulinin azad olunmasına görə",
4- "Vətən uğrunda",
5- "Cəsur döyüşçü",
6- "Bayrağ",
7- "Cəbrayılın azadlığı uğrunda",
8- "Kəlbəcərin azadlığı uğrunda" orden və medalları ilə təltif olunub.
Bu gün sizə təqdim edəcəyim şəhidmiz Raul Priyevdir. Raul haqqında heç bir məlumatım yox idi, kitabda yazılsa belə, çox cüzi məlumat idi. Keçən il "44 Gün və Əbədiyyət" kitabını təqdim etməyə evlərinə getdik. İçəri girən kimi gözüm şəkillərində qaldı. Özümü o an necə hiss etdiyimi izah edə bilmərəm. Öz-özümə “Allahım, üzündən nur yağır”, - deyə-deyə çox qəribə olmuşdum. Anası Nəcibə ana -mənim çox mehriban çox qonaqpərvər, istəkli şəhid analarımdandır. Nəcibə ana da, atası da oğlunun sakit təbiətli olmasından, heç kəslə işinin olmamasından, yaşından daha düşüncəli davranmasından və 4yaşından -bir uşağın özünü hələ təzə dərk etdiyi vaxtdan belə sirr saxlamağı bacarmasından danışdılar. Nəcibə ana həmçinin Raulun əşyalarından ibarət otağdakı xatirələri bizə təqdim etdi. Dəftərçəsi diqqətimi cəlb etmişdi, o, dəftərçədə oxuduğu kitablar, gündəlik düşüncələri barədə qeydlər aparmışdı. Hətta bir qeydində yazılmışdı ki, “Mən Qələbəsiz dönməyəcəyəm".
Sözünü tutdu şəhidim. Uşaqlıqdan arzusu imiş XTQ-a qoşulsun. 3-cü kursdan bu istəyi bir az da artır, amma ailəsi razı olmadığı üçün naçar qalır. Hərbi xidmətə çağrıldıqdan sonra həm öz uşaqlıq arzusuna qovuşmaq üçün, həm də vətənin dar günündə daha öndə olmaq üçün könüllü olaraq XTQ-a sənəd verir və qəbul olur.
Atası ilə danışanda deyib ki, “Ata, biz 8 aydır, demək olar ki, müharibdəyik, biz 8 aydır təlimlər keçirik”.
Elə müharibə başlayanda da XTQ ən öncül olanlardan olduğu üçün ilk günlərdən Raul da ən öndə olanlardan olur.
Və son döyüşü Cəbrayılda baş verir, ən sonda ayağından yaralanır, amma buna rəğmən sona qədər döyüşür.
Raulun müharibə başlayanda xidmət vaxtının bitməyinə çox az qalıbmış. Və andiçmə mərasimindən sonra Koronavirus epidemiyasına görə karantin olduğu üçün ailəsi bir ilmiş ki, onu görə bilmirmiş. Bu ailənin dərdi çox ağırdır, son dəfə müharibəyə uşaq yolladıqlarını belə bilməyiblər. Hamı kimi əsgərliyə uşaq yollayıblar, gedər, qayıdar düşünüblər. Və Raul hərbi xidmətə yollanmamışdan qabaq qardaşı əsgərlikdə imiş. Qardaşının gəlməyinə son günlər qalmış Raul yollanıb xidmətə. Rauf - yəni qardaşı onu təxminən üç ilə yaxın görə bilməmişdi. Hətta sonra Rauf müharibə vaxtı könüllü olaraq qeydiyyatdan keçir ki, bəlkə, qardaşıyla eyni yerə düşər, qardaşını orada görər. Amma görə bilmir.
Rauf Raulun ona böyük dəstək göstərməsindən danışır, qardaşını çox istədiyini göz yaşları içərisində bildirir.
Allah Piriyevlər ailəsinin hər bir üzvünə səbir versin və şəhidlərmizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri filarmoniyada çıxış edib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.
Konsert proqramında orkestrin müşayiəti ilə solistlər, Əməkdar artist Rəna Rəhimova və Renata Abubəkirovanın ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb. Orkestr bir çox xarici dirijorlar ilə çıxış edib. 2007-ci ildə dünyada Azərbaycan klassik musiqisinin təbliğinə görə orkestr “Humay” milli mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)
İstiqlal Muzeyində “Müqəddəs andım” adlı sərgi açılıb
Qarşıdan Zəfər Günü gəlir.
Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Müqəddəs andım” adlı növbəti tədbir–sərgi keçirilib.
Muzeydən verilən məlumata görə, tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı Sərəncama əsasən, 2021-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər muzeyinin fondlarının kompleksləşdirilməsi məqsədilə şəhid ailələri ilə görüş keçirilir və şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanır.
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Məqsədlə Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daim Azərbaycan dövlətinin və ölkə başçısının nəzərindədir.
Daha sonra tədbir iştirakçılar sərgi ilə tanış olublar.
Sərgidə muzey fondlarında qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlər nümayiş olunub.
Sərgi oktyabrın 10-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)
Ölkəmizdə ilk dəfə Musiqi forumu keçiriləcək
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi forumu keçiriləcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində 29-31 oktyabr tarixlərində gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.
Oktyabrın 29-da “Gülüstan” Sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək.
Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.
Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.
Musiqi forumunda iştirak etmək istəyən şəxslər 26 oktyabr tarixinədək culture.gov.az saytından onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Meksikalı nümayəndə: “Bakı və Keretaronun turizmin inkişafı üçün böyük potensialları var”
“Report” xəbər verir ki, başlığa çıxardığımız məlumatı Keretaro ştatının (Meksika) Turizm Nazirliyinin nümayəndəsi Alexandra İturbe Rosas mətbuat konfransında bildirib.
“Bakıya səfərim zamanı aramızda çoxlu oxşarlıqların olduğunu gördüm. Həm burada, həm də Keretaro şəhərində çox sayda turist var. Odur ki, hər iki şəhərdə turizmin inkişafı üçün böyük potensial var. Maraqlıdır ki, hər iki şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş obyektlər var. Ümid edirik ki, eyni qonaqpərvərlik ilə sizi qarşılayacaq və Azərbaycandan gələn qonaqlar vətənimizin gözəlliyindən zövq ala biləcəklər”, - o vurğulayıb.
Qeyd edək ki, Meksikanın Keretaro ştatının dövlət qurumlarının nümayəndələri BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində keçirilən “Şəhərsalma Həftəsi 2023” forumunda iştirak etmək üçün Bakıya gəliblər.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Məhv olmuş gündəliklər” tamaşasının premyerası olub
Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası keçirilib. Ölkə başçısının müvafiq Sərəncamına əsasən, bu il Mədəniyyət Nazirliyi tanınmış pedaqoq, görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirir. Bakı Bələdiyyə Teatrı yubiley tədbirləri planı çərçivəsində “Məhv olmuş gündəliklər” pyesinə müraciət edib.
Bakı Bələdiyyə Teatrının mətbuat xidmətindən verilən məlumata görə, tamaşa Milli Dram Teatrının səhnəsində nümayiş olunub.
“Məhv olmuş gündəliklər” pyesinə bu dəfə Xalıq yazıçısı İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verən görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov müraciət edib.
Rejissor deyib ki, məhv olmuş gündəliklər İlyas Əfəndiyevin sayca 11-ci pyesidir ki, onu səhnələşdirir və yazıçının əsərdəki ruhuna böyük hörmət və ehtiramla yanaşır. Bu baxımdan da tamaşadakı obrazların hər sözünə, sözaltı mənalara diqqətlə yanaşaraq onu müasir tamaşaçıya olduğu kimi aşılamağa çalışıb.
Tamaşada rolları aktyorlar Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva, Toğrul Rza və Məmmədağa Əlilicanzadə ifa ediblər.
Səhnə sərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Xatırladaq ki, görkəmli aktrisa, Dövlət mükafatları laureatı, Xalq artisti Amaliya Pənahova İncəsənət İnstitutunun 1-ci kursunda oxuyarkən rejissor Tofiq Kazımov onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırladığı eyniadlı tamaşada baş rola dəvət edib. 18 yaşlı tələbə-aktrisanın tamaşadakı uğurlu çıxışı sonralar iki sənətkar arasındakı uzun illəri əhatə edən yaradıcı əməkdaşlığa çevrilib. Bu baxımdan da Bakı Bələdiyyə Teatrı “Məhv olmuş gündəliklər” tamaşasını üç sənətkara - Xalq artisti Tofiq Kazımovun 100 illiyinə, Xalq yazıçısı İlyas Əfəndiyevin anım gününə və hər iki yaradıcı şəxslə daima əməkdaşlıq etmiş Xalq artisti Amaliya Pənahovanın ruhuna ithaf edir.
Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulub və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirilib. Pyesi səhnələşdirən rejissorlardan biri də Tofiq Kazımov olub və onun hazırladığı tamaşa da öz dövrünün tamaşaçısının böyük marağına səbəb olub.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Gənclər Kitabxanasında Cəbrayıl Şəhəri Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.
Kitabxanadan verilən məlumata görə, kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Cəbrayıl rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, polad iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan qələbə və ilk olaraq Cəbrayıl rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib. Materiallarda Cəbrayıl rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə Cəbrayıl sakininin öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər təqdim edilir.
“Cəbrayıl-27 illik həsrətə son” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Qarabağ dastanı”, “Cəbrayıl. Qalalı məhəlləsi”, “Cəbrayıl ensiklopediyası” kimi 20-dən çox kitabın, “Cəbrayıl atanın övladları yurda döndülər”, “Cəbrayıl rayonu İkinci Qarabağ savaşında” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Cəbrayıl şəhəri haqqında dərc edilən materiallar toplanılıb. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.
Hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/4-oktyabr-cebrayil-seheri-gunu yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Niyə bədii ədəbiyyatda ölüm mövzusu bu qədər cəlbedicidir?
“Ədəbiyyat və incəsənət” portalının Ədəbi tənqid mövzusunda dərc etdiyi növbəti məqalə ədəbiyyatşünas Elmir Həsənin “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti”dir. Məqalədə Vaqif Sultanlının “Ölüm yuxusu” romanının və İngilis yazıçısı Con Sommerfildin “Ölmək asan deyil” hekayəsinin bəhs etdikləri mövzunun müqayisəli təhlilindən gedir.
Lap qədimdən bu günün özünə qədər çox düşündürücü mətləblər insanların nəzərlərində yaranıb, yaranaraq da ya öz həllini tapmış, ya da sirli məna daşıyaraq günümüzə qədər gəlib çatmışdır. Həyatla hər bir insanın “son mənzili” adlandıra biləcəyimiz qeyri-manual məkan daim düşündürücü məqamları ilə ədəbiyyatda, fəlsəfədə xüsusi yer tutub. Ölüm mövzusu, əslində, yaradıcı şəxslərin, sənətkarların bir növ arınacaq olduqları dini və əbədi məkandır.
Tanınmış Yunan filosofu Epikür hesab edirdi ki, ölüm qorxumuz həyatda qarşılaşdığımız ən pis qorxudur, çünki o, biz sağ ikən düşüncələrimizi əhatə edir. Epikürə görə ölüm qorxumuz bizə yaşamağa mane olur. Düzgün və xoşbəxt yaşamaq üçün ölüm qorxusundan özümüzü xilas etməliyik. Bəs bunu necə edək? Epikürün ölüm fəlsəfəsi haqqında bildiklərimizin çoxu onun tələbələrindən birinə, Menoekeyə sağ qalmış məktubundan gəlir: “Ölümün bizim üçün heç bir şey olmadığına inanmağa vərdiş et, çünki yaxşı və şər hissləri nəzərdə tutur, ölüm isə bütün hisslərdən məhrumdur; buna görə də ölümün bizim üçün heç bir şey olmadığını düzgün başa düşmək, həyata qeyri-məhdud vaxt əlavə etməklə deyil, ölümsüzlük həsrətini aradan qaldırmaqla həyatın faniliyini zövqlü etmək lazımdır. Çünki həyatın dayandırılmasında onun üçün heç bir qorxu olmadığını dərindən dərk edən üçün həyatın heç bir qorxusu yoxdur. Buna görə də ölümdən qorxduğunu deyən adam axmaqdır, çünki ölüm gələndə ağrıyır, amma ümid bəsləyir. Mövcud olduğu zaman heç bir qıcıq yaratmayan, gözləntidə yalnız əsassız ağrıya səbəb olur. Deməli, pisliklərin ən dəhşətlisi ölüm bizim üçün heç bir şey deyildir, çünki biz olanda ölüm gəlmir, ölüm gələndə isə biz deyilik. Deməli, nə dirilər, nə də ölülər üçün heç bir şey deyil, çünki diri ilə birlikdə o, yoxdur və ölülər artıq mövcud deyil.”
Tanınmış ədəbiyyatşünas, tərcüməçi Vaqif Sultanlının “Ölüm yuxusu” romanı və İngilis yazıçısı Con Sommerfildin “Ölmək asan deyil” hekayəsində yanaşdıqları problem mahiyyət olaraq eynilik təşkil edir. İlk əvvəl C.Sommerfildin “Ölmək asan deyil” hekayəsinin adından başlayaq. Yazıçı əsərin adı ilə mövzusu arasında əzəmətli körpü salaraq, bu mənada sərt bağlılıq yaratmağa nail olub. Yazıçı təyyarə qəzasından sonrakı anın təsvirini indiki zaman çərçivəsində verir. Oxucu ilk yazıçı düşüncələrindən özünü hadisənin canlı olaraq şərikçisi rolunda hiss edir: “...təyyarə yerə çırpılanda, göyə millənmiş toz dumanı da indi-indi sovuşurdu.” Bu cür yazıçı təsviri oxucunu hadisələrin gedişatını izləməsi ilə bərabər, həm də fikrini tozu-dumanı ərşə qalxan təyyarənin yanına sürükləyir. Bu da oxucunu yalnız oxucu olaraq deyil, eyni zamanda tamaşaçı roluna salır. Bunlar, əlbəttə ki, yazıçı təsvirinin canlı təqdimatından irəli gəlir. “Təyyarəçi də hələ ölməmişdi. O, bir az kənara düşmüşdü. Ayağının biri sınıb, altında qalmış, sınmış çənəsi də qəribə formada sallanmış, açıq qalmış bəbəkləri qana bələnmiş, dişləri xıncım – xıncım olmuş, qan sifətini örtmüş, paltarlarını qaraltmışdı. Təkcə gözləri yaşayır, xəfifcə hərəkət edirdi.” Daxilində ərşə qalxan ölümqabağı xatirələrin ardından soyuq ölüm qorxusu canını bürüdü: “- Mən hələ ölməmişəm! – qışqırdı, ancaq özü də kəsik-kəsik çıxan, insandan çox heyvan səsinə bənzəyən səsini eşitmədi.” Yazıçının qəhrəmanını narahat edən ölüm qorxusu deyil, ölümün vaxtsız gəlməsidir. O anlayır ki, ölüm hər bir kəs üçün var, bu həyatın qeyri-adi olmayan qanunauyğunluğudur. Üstəlik ölümün son saatlarında belə tək başına ölmək, həyatını erkən, havayı yerə ölüb getmək qorxusu onun üçün bir qədər də ağırdır. Yazıçının rəğbət bəslədiyi qəhrəmanı həm də məqsədlidir, ömrünü məna dolu yaşamaq istəyənlər ölümün də məqsədlisini axtarır, səbəbsiz ölüm onlar üçün, sadəcə faciədir. Xoşbəxt, həyatı sevinc dolu günləri hələ çox qarşıdadır. Amerikalı filosof, idrak, siyasət və etika fəlsəfəsinin tədqiqatçısı Tomas Nagel “Ölümlə bağlı suallar” kitabında “Ölüm” adlı fəsildə qeyd edir ki, “İnanıram ki, hamımız doğulduğumuz üçün xoşbəxtik.” Nagel qeyd edir ki, əgər ölməyin pis olduğu fikrini başa düşmək istəyiriksə, həyat yaxşı, ölümün isə bu yaxşılığın məhrumiyyəti və ya itkisi olduğuna əsaslanmalıyıq”. Təbii ki, bu fikir bərabərtərəfli məqsəd ifadə etmir. C. Sommerfild isə əsərində həyatın əsas formasını müəyyən edir, belə ki, məqsədlərin formalaşdırılıb idarə olunmasını həyat ərzinə, nəticəsini isə ölümün vəzifəsinə aid edir. Nagel, Epikürdan fərqli olaraq, ölümün bizə zərər verdiyini düşünür, çünki “ölümündən sonrakı vaxt onun ölümünün onu məhrum etdiyi vaxtdır”. Başqa sözlə, Nagel düşünür ki, ölüm bizi daha çox həyatdan məhrum edir. Məhz bu səbəbdən qarşıdan gələn nəqliyyatdan uzaqlaşırıq və buna görə də bir gəncin ölümünə yaşlı adamdan daha çox ağlayırıq. Bu məsələyə bu cür yanaşmaq olar ki, insan əvvəli ilə sonu arasında qəti fikir bildirmək üçün çətinlik çəkir və ehtimala söykənən nəticələrlə qarşı-qarşıya gəlir.
Ədəbiyyatşünas Vaqif Sultanlının “Ölüm yuxusu” bu mənada öz oxşar və fərqli məqamları ilə xüsusilə diqqəti çəkir. Əsərin yazılma tarixi 1982-ci ildir. Əsərin təsvir obyekti kimi seçilən yolun çəkilişi əsnasında məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında sərt narahatlıq, təlaş kimi təsvir edilir. Yazıçının təsvir etdiyi mənzərə mənəvi çöküntülərin sahəsidir. İndi sökülən, uçurdulan hər bir qəbrin, başdaşının öz yaşayış tarixçəsi ətrafa yayılır. “Buldozerin səs-küylə gəlib qəbiristanlığın yanında dayanmağı ümidlərini büsbütün qırmışdı. Birdəncə əl-həya düşmüşdülər. Ağlaşa-ağlaşa, təntiyə-təntiyə, söylənə-söylənə qazırdılar.” Əvvəlcə niyə qəbiristanlıq, yazıçının bu məkanı seçməkdə məqsədi haralara gedib çıxır? Bu sualın cavabına yetişmək üçün, gərək ki, bir az saflaşaq, bundan ötrü də ta uşaq çağına qayıtmalıyıq. Uşaq vaxtı qorxduğumuz bəzi şeylər var idi ki, onların çoxusu indi də var. Uşaq vaxtı, ağlımız kəsməyən vaxtlarda ölüm haqqında heç bir təsəvvürümüz yox idi, bircə bildiyimiz bu idi ki, ölüb, amma bizim üçün keçərli olmayan ölüm, axı o yaşda bizim ölməyəcəyimiz bizə daha aydın idi, ümidlər indikindən daha çox idi. O zaman gəldi ki, biz öyrəndik ki, biz də əbədi deyilik və faniyik məhz bu həqiqət bizi böyütdü, hardasa anladıq ki, etdiyimiz əməllərin haqq-hesabı aparılır. Uşaq vaxtı qəbiristanlıq fobiyası ruhumuza hakim idi, hansı ki, bu gün də hakimdir. Amma bir qədər fərqli, belə ki, uşaq yaşında Qorxurduq ki, ölülərin ruhu gözlərimizə görünə bilər, bizi öldürər, kəsər və s. Amma bu gün ora daxil olanda bütün vicdanımız bizi sorğu-sual edir. Yəni daha dərindən qarşısıalınmaz həqiqətlə üzləşirik. “Bütün ömrü ona yuxu kimi gəlirdi, elə bil yaşamamışdı, ömür sürməmişdi, nə isə özünün də dərk eləmədiyi sirli, anlaşılmaz bir yuxu görmüşdü. Abış kişi yaşayıb yorulmuşdu. Çoxdannan bəriydi ki, dünyaynan halallaşmışdı. Başdaşını yondurub üstünə ad-fa-miliyasını, doğum gününü yazdırmışdı, təkcə ölüm tarixi qalırdı, ancaq nə sirdisə, bu çağacan öləmmirdi, ölüm ondan qaçırdı. İndi birdən-birə qoca ölməyə başladığını, ölümün içərisinə yayıldığını hiss eləyirdi. Ölüm vücuduna yayıldıqca yavaş-yavaş yüngülləşirdi. Bayaqdan bəri düzü-dünyanı yandırıb-yaxan günəş indi canını qızdırmırdı. Qoca üşüyürdü. İçərisinə yayılan soyuqdan bədəni uçunurdu. Və soyuq bərinə-bədəninə yayıldıqca tabı-taqəti çəkilib gedirdi. Bir belə adamın içərisində hamıdan xəbərsiz çıxıb getmək istəmirdi. Gözlərilə kimisə axtarırdı, ancaq kimi axtardığını özü də bilmirdi. Heç kəs bu səssiz-səmirsiz dünyadan çıxıb gedən qocaya məhəl qoymurdu.” Həyatda ikən ölümlə barışan və başdaşının üzərinə adını, doğum tarixçəsini yazan Abış kişi artıq ömrünün sonunda daha gözəl anlayırdı ki, bu günə qədər yaşadıqları sadəcə yuxudan ibarət imiş və bircə ölüm tariçəsinin yazılması qalırdı ki, bunu yazmaq Abış kişinin ixtiyarında deyildi. Quranda ölüm haqqında bir çox surədə yetəri qədər danışılır. Amma ölümün iki formada olduğu da, həmçinin vurğulanır: Yuxu – “Allah(əcəli çatan kimsələrin)canlarını öldüyü zaman, ölməyənlərin(hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar”. (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir). (əz-Zumər 42). Həqiqi ölüm – “Yer üzündə olan hər kəs fanidir(ölümə məhkumdur)”. (ər-Rahmən 26). Başının üstündə göy üzü dəniz kimi dalğalanırdı. Səmanı belə təmiz, aydın, dalğalı gördüyü yadına gəlmirdi. Dünyanın belə sonsuz-intəhasız olduğunu da indiyəcən aydın dərk eləməmişdi. İndi ölüm qabağı bu nəydi belə? İnsan son gününəcən kor olurmuşmu, ilahi? Yulğun topalarına kimi ona tanış, doğma olan bu torpağamı qarışacaq? Ən böyük gerçəklik bu həyatda əbədi olandır. Və gerçək olan fani insanların uyuduğu qəbiristanlıqdır. Orada uyuyanların yaxşısı da, pisi də ömrün ən sonunda torpağın bağrına pənah gətirib. Dünyada insan üçün qutsallıq ifadə edən mənəvi ucalıq məqamları az deyil. Qəbiristanlıq da bu cəhətdən həyatdakı insanların ölülərinin ilahi, müqəddəs məkanıdır. Qəbir altında uyuyanlar həyatdakı doğmalarına dəstə-dəstə xatirələr buraxıblar. Amma gah bir üzü bumbuz soyuq, gah da bir üzü adam yandıran məzarlıq həyatdakı kimsəsizlərin də pənah yeridir. Yazıçı əsərdə buldozerçinin monoloqunda səsləndirilən ritorik suallarla oxucunu deduktiv düşüncə həddinə gətirir. Bununla da müqəddəm görüşlərini qarşı tərəfə ötürür: «Niyə insan tuşlandığı yolun səmtinin qəbiristanlıq olmağıyla barışammır, ayağı yer tutan gündən məzara sarı getdiyini unudur? Əsərdə hadisələr yalnız bir məkanda, qəbiristanlıqda cərəyan edir. Müəllif davamlı olaraq ölülərlə, dirilərin təzadlı mövqeyini yaradır. “Ölmək asan deyil” əsəri ilə “Ölüm yuxusu”ndakı qəhrəmanların mövqeyi fərqlənsə də, ancaq hər iki əsərin məxrəcindəki ölüm mövzusu əsas detaldır. “Ölmək asan deyil” hekayəsində qəhrəmanın ölümə tələsmədiyini təsvir edən yazıçı həm də boş-boşuna ölməyin də heç də asan olmadığını oxucuya çatdırmaq istəyir. “Ölüm yuxusu”nda isə yazıçı qarşı tərəfi ölümün bir addımlığına – əlini həyatdan üzənə qədər gətirir və göstərir ki, bu fani ömrün haqq-hesabı bitməyən bir də bu günə qədər heç kimə görünməyən uzaq sahili var. Ümumi məğzin qovşağı insanların adi skeletdən ibarət olmaları və hər halları ilə gizləndikləri mənaların altında eyni olmalarıdır. Abış, Cəvahir, Umuxanım və s. Obrazların məxsusi yaşamı onların mənəvi-əxlaqi, mənəvi-psixoloji xarakterlərinin fonunda açılır. Bu məsələlərə uzaqdan baxsaq görərik ki, Yer günəş ətrafında fırlanır, dəyişən bir şey yoxdur. Hər gün eyni şey, günəş doğur, batır, ağaclar çiçəkləyir, saralır və solub torpağa qarışır, insan doğulur, sonda ölür, yenə torpağa qarışır, heyvanlar da bu qaydayla, bircə həcm etibarilə artan torpaqdır. Ki, yalnız torpaq özündə arındırır hər cür murdalıqları, bizim sirlərimizi torpaq örtür. Sirr də məhz buna görə var, o biri dünya bu dünyada yığılıb-qalmış sirlərin qəbiristanlığıdır. İnsan üçün iki önəmli nemətdir: su və torpaq. Hər ikisi yuyunma vasitəsidir, hər iki yaratma vasitəsidir. Ölümdən sonrakı həyat haqqında müxtəlif dinlərdə bir-birinə təzadlı fikirlər mövcuddur, amma hər iki əsərin müəllifini narahat edən problem başqadır. Ölümə fərqli baxışlarla yanaşmaq olar, bu mənada “Ölmək asan deyil” hekayəsi insanın ölməyin heç də asan olmadığını göstərir, amma bu ölmək qorxudan deyil.
“Ölüm yuxusu” şərti-metaforik minimalist romanında buldozerçinin yol tikintisi zamanı qəbiristanlığı buldozerin qarşısına verib uçurması isə ölümün prizmasında insan üçün önəmli olan mənəvi dəyərlərinə qarşı özgə münasibətin insanı əvvəl-axır məhvə düçar etdiyini təsvir edir. Hər iki əsərin dili (“Ölmək asan deyil” tərcümədir) öz janrının xüsusiyyətlərinə cavab verir, axıcı, tonallıq əsərə məxsusi kolorit bəxş edir. Bədii təsvir vasitəsi, cümlələr arasında məntiqi əlaqələr əsərlərin strukturuna əlvan rəng qatır.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)