
Super User
Qusarlı uşaqlara sevinc bəxş etdilər
Söhbət Gənc Tamaşaçılar Teatrı nın Qusarda azyaşlı tamaşaçıları “Qırmızı papaq"la sevindirməsindən gedir
Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir.
Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 20-də Qusar Dövlət Ləzgi Dram Teatrında Yevgeni Şvartsın "Qırmızı papaq" nağılı əsasında hazırlanan eyniadlı əsəri ilə çıxış edib.
Teatrın yaydığı məlumata görə, tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur.
Birhissəli səhnə əsərində aktyorlar Səbinə Məmmədzadə, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Zümrüd Quliyeva, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev iştirak ediblər.
Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinin yanına getmək istəyir. Lakin bu yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızı papaq yola düzəlir. O, həqiqətən yollarda çətin maneələrlə qarşılaşır.
Azyaşlı tamaşaçıların böyük sevincinə səbəb olan tamaşanın sonunda nağıl qəhrəmanlarını canlandıran aktyorlarla balaca tamaşaçılar xatirə şəkilləri çəkdirib, onlara gül dəstələri bağışlayıblar.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Mədəniyyət Nazirliyi nəticələri açıqladı
Uşaq musiqi məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Cari ilin 5-12 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
“Ədəbiyyat və incəsənət” nazirliyə istinadən xəbər verir ki, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 488 namizəddən 456-sı imtahanda iştirak edib, onlardan 246-sı tələb olunan keçid balını toplayıb, 147-si uyğun hesab edildikləri vəzifələrə təyinatları ilə bağlı qərar qəbul edilib. 99 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib.
Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə 25 sentyabr saat 17:00-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.
Müsahibənin nəticələri ilə linkə keçid edərək tanış olmaq mümkündür: https://bit.ly/46ng9Ft
Qeyd edək ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər iddia etdikləri müvafiq vəzifələrə təyin olunmaları məqsədilə sentyabrın 30-dək uyğun hesab edildikləri məktəblərə yaxınlaşaraq qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək namizədin müvafiq vəzifəyə yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Qabaqcıl gənclərimizi tanıdaq: Sərfinaz Məmmədova
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
“Qabaqcıl gənclərimizi tanıdaq” layihəsində bu dəfə sizi Rusiyada yaşayan bir gənc həmyerlimizlə tanış etmək istəyirəm.
Məmmədova Sərfinaz Rasim qızı Rusiyanın Vladimir şəhərində anadan olmuşdur.
Məktəbi qızıl medalla, universiteti isə “Alman və İngilis dili” bölməsi üzrə qırmızı diplom ilə bitirmişdir (2023). Birinci sinifdən indiki günə kimi zərbəçidir. “İndiki günə kimi” deməyimin səbəbi təhsilini davam etməyə qərar verməsi və magistraturaya qəbul olmasıdır.
Təhsil aldığı müddətdə müxtəlif məqalələr yazmış, çoxlu sayda konfranslarda iştirak etmiş və elmə qatdığı töhfələr üçün dekanlıq tərəfindən ən ali təqaüdə layıq görülmüşdür.
Bu il Sərfinaz xarici dillərin tədrisi metodikasi üzrə Ümümrusiya Olimpiadasinda iştirak edərək ikinci yeri qazanmışdır.
Hal-hazırda yaşadığı şəhərin ən uğurlu dillər məktəbində alman və ingilis dili müəlliməsi olaraq çalışmaqdadır. Əlavə olaraq, özəl dillər məktəbində alman, ingilis və türk dili müəlliməsi kimi fəaliyət göstərməkdədir.
Dissertasiya işi üzərində çalışmaqda və öz elmi fəaliyətini davam etdirməkdədir.
Uğurlar olsun!
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
ŞƏHİDLƏR GUŞƏSİndə Ağacavad Mütəllimzadə
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Ürəyindən vurulan şəhidimizdir Ağacavad Mütəllimzadə. Mən onun haqqında danışanda "Ürəyindən vurulan şəhidimiz"deyirəm.
Tərcümeyi-hal
Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-da Sabunçu rayonu Maştağa qəsəbəsində doğulub. 2020-ci ildə Quru qoşunlarında xidmət edib. Vətən müharibəsində gedən döyüşlərdə savaşıb. Qəhrəman şəhid oktyabrın 22-də Xocavənddə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Zəngilanin azad olunmasına görə" medalları ilə təltif edilib. Sabunçu rayonu Maştağa qəsəbəsində dəfn edilib.
Əbədiyyət adlı zirvəyə qovuşan şəhid
2020-ci ilin 27 sentyabrdan başlayan, 44 gün çəkən, qürurlandıran bu müharibə eyni zamanda da qəlblərdə sağalmayan izlər buraxmışdır. Hər şəhid xəbəri Azərbaycan xalqını sarsıtmışdır. Hər şəhərə, rayona bir gündə bir neçə şəhid xəbəri gəlirdi. 22 oktyabr da o günlərdən biri idi. Maştağa qəsəbəsinə 9-cu şəhidin gəldiyi o gün... O igid Ağacavad Mütəllimzadə idi.
Atasının sözlərinə görə o, uşaqlıqdan qabiliyyətli, tərbiyəli, valideynlərinə sevə-sevə kömək edən qəhrəman oğullarımızdan idi. Hərbi xidmətini başa vurub qayıtdıqdan sonra səfərbərlik başlamışdı və o, könüllü olaraq adını yazdıraraq döyüşə yollanmışdı. Əsgər yoldaşları daim ondan razı olduqlarını vurğulayırlar.
Biz diqqət yetirsək, görərik ki, demək olar, şəhidlərimizin hamısının mənəviyyatları zəngin idi. Qəhrəman şəhidin anası Nailə Mütəllimzadənin sözlərinə görə, mərd oğul Ağacavad da digər qəhrəmanlarımız kimi yüksək mənəvi xüsusiyyətlərə malik idi. Dosta etibarlı, sadiq, mərd idi. O, ailəsini, elini, kəndini çox sevirdi. O, hər kəsə xüsusi qayğı ilə yanaşırdı.
Mənə təsir edən cümlələrdən birisi isə anasının "mən bəlkə də təmənnasız yaxşılığı oğlumdan öyrənmişəm" cümləsi oldu. Anacan, mǝrd oğulları mərd analar böyüdür, biz əminik ki, oğullarınız həm özləri mərd formalaşıb, həm də sizin tərbiyənizdən faydalanıblar.
Mən artıq onun qayıtmayacağını bilirdim…
Anandan belə bir kəlmə də eşitdim, şəhidim:
"Çətindir, amma fəxr edirəm. Mən döyüşə kimi göndərdiyimi bilirdim. Mən bilirdim ki, o elə dostunu, dostlarını qoruyanda şəhid olacaq. O gedərkən dönüb arxaya baxanda mən artıq onun qayıtmayacağını bilirdim".
Bu kəlmələr ürəyimi yandırdı. Hamımız üçün çox çətindir. Lakin həm də çox qürurluyuq. Ağacavadın daim öndə olmaq kimi arzuları var imiş.
Şəhidim, bunu eşidəndə göz yaşlarına qərq oldum. Bu hiss mənə də tanışdı. Ailən üçün, onların yaxşılığı üçün, gələcəyi üçün daim öndə olmaq istəyi...
Gözü zirvələrdə olmuşdu…
Ağacavad Mütəllimzadə Füzuli, Laçın, Cəbrayıl, Qubadlı döyüşlərində iştirak etmişdir. Döyüş yoldaşlarının onun qardaşına, ailəsinə verdiyi məlumata görə Ağacavad həmişə kəşfiyyata böyük ruh yüksəkliyi ilə gedərdi. İgid kəşfiyyatçı bir çox döyüşlərdə iştirak edir. Son döyüşü isə Xocavənd rayonunun "Ziyarət dağı" yüksəkliyində olur. O döyüşdə Ağacavad snayperlǝ ürəyindən vurulur və şəhadətə yüksəlir. Həmin tabordakı 90 nəfərdən üç əsgər şəhid olur ki, onlardan biri da Ağacavaddır. Atasına verdiyi sözü tutur Ağacavad, kürəyindən yox, ürəyindən vurulur cəsarətli kəşfiyyatçımız. Valideynlərinin sözlərinə görə Ağacavadın hələ kiçik yaşlarından gözü zirvələrdə olmuşdu. Bəlkə də, igid kəşfiyyatçı adi zirvə deyil, əbədiyyət zirvəsini - şəhatədi axtarırmış...
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
ŞƏHİDLƏR GUŞƏSİndə Polad Həşimova həsr edilmiş şeir
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qarabağ müharibəsinin şəhid generalı Polad Həşimovun ruhuna...
Bu dünyada Polad adlı bir general, Polad adlı igid vardı.
Tək duruşu, baxışıyla düşmənlərin ürəyinə od vurardı.
Tanrı ona polad bilək, polad ürək bəxş elədi,
Şükür olsun Tanrı bizə Polad kimi oğulları bəxş elədi.
Generalım əsgərlərlə bir cərgədə vuruşardı,
O, səngərə gələn zaman dağlar dağa qovuşardı.
Poladımın gözlərindən yurd həsrəti oxunardı,
“Vətən” sözü eşidəndə ürəyinə toxunardı.
Poladımın hörmətindən, qeyrətindən el danışır,
Dağ-dərələr Polad deyir, ətirindən gül danışır.
Hər bir zaman güc alardı o, millətin nəfəsindən,
Dördcə ay ayırdı onu haqqın qələbəsindən.
Habil kimi hər kəsin ürəyi sizinlədir,
Rahat uyu şəhidim! Qarabağ bizimlədir!
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Azərbaycan xalça motivləri əks olunan rəsmlər Vyanada beynəlxalq festival həftəsində nümayiş olunub
Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət festivalı keçirilir.
AzərTAC xəbər verir ki, sentyabrın 24-dək davam edəcək festival çərçivəsində Vyanada Yunus Əmrə İnstitutunda “İqlim dəyişikliyi və dayanıqlıq” mövzusunda rəsm sərgisi açılıb. “Dayanıqlı müxtəliflik” adlanan sərgidə 20-dən artıq ölkədən müxtəlif rəsm əsərləri ilə yanaşı, UNESCO-nun mədəni irs siyahısına aid olan sənət nümunələri, instalyasiyalar da nümayiş olunub. 30-dan çox rəssamın əsərinin sərgiləndiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Sərgidə iqlim dəyişikliyi, dayanıqlılıq və müxtəliflik arasındakı əlaqəni vurğulayan bədii ifadələrin geniş spektrini təqdim edir, həmçinin Azərbaycan nümayəndəsi Yeganə Azadovanın da əsərləri nümayiş olunub. Xalça motiv və elementlərinin yer aldığı tablolarda Azərbaycan xalqının xalçaçılıq kimi milli və təbii resurslara söykənən dayanıqlı əl sənəti ənənəsi ön planda olub.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Azərbaycan bayrağı Xankəndində dalğalanacaq!
Nigar Helmi Abbasbəyli,
Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar Ittifaqının üzvü. “Miras" qrupunun yaradıcısı və kreativ direktoru.
“Ədəbiyyat və incəsənət” üçün
Ötən əsrin 40-cı illərində Təbriz darda, Dərbənd intizarda idi. Tanrı polkovnik- komissar Əziz Əliyevi “Güney Azərbaycan missiyası”nın rəhbəri kimi Təbrizə, Dağıstan Vilayət Partiya Komitəsinin katibi kimi Dərbəndin qala divarlarının ətəyinə “Mümkün olmayanı mümkünə çevirən”, II dünya müharibəsinin taleyini həll edən Liderlərdən biri kimi göndərdi.
Ötən əsrin 90-cı illərində 20 Yanvar, Xocalı dəhşətlərini yaşayan, vətəndaş qarşıdurması ilə üz-üzə qalan, milli genefondu tükənmək üzrə olan Odlar Yurdu Azərbaycan intizardaydı. Nuhun çıxdığı torpaqdan – Naxçıvandan bir ər qopdu. “Ümid körpüsü”nü “Qars Bəyannaməsi”nə körpü edən Ulu öndər Heydər Əliyevi göndərdi.
Şüşanın dağlarını duman alanda, İrəvan qalasını, Ağoğlan qəsrini, Murovun zirvəsini qara buludlar tutanda, Şəhid analarının, qaçqın və məcburi köçkünlərin, vətəndə vətənsizlərin ümidi üzüləndə Tanrı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevi yolladı. “Bizim işimiz Haqq işidir! Biz Zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” nidası ilə 30 ilin intizarına 44 günə son qoyan Ali Baş Komandan Qüdrətli Ordusu, əzəmətli milləti ilə Şuşa Qalasına ruh bədənə girən kimi girdi. Bayram tonqalını Zəfər tonqalına qatdı. “Biz türklərik, bir ölər, min dirilərik!” gerçəyi ilə dünyanın siyasi mənzərəsini, Güney Qafqazın mizanını, düzənini dəyişdi. Tarixin çarxını geriyə döndərdi. “Şuşa Bəyannaməsi”ndən, “Qars Bəyannaməsi”nə, Zəngəzur dəhlizindən TURANA körpü saldı. “Dünyanın 5-dən böyük olduğunu” dünyanı qan çanağına salanlara sübut etdi. Xəzərin qoynundakı Zəfər paradı ilə “Gülüstün”, “Türkmənçay” müqavilələri ilə bölünən, parçalanan, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, Təbrizə, Dərbənədə, Borçalıya, İrəvana, Zəngəzura bölünən Odlar Yurdu Azərbaycanın qisasını qiyamətə qoymadı.
İranı viran edəndən sonra “Şahnamə”nin müəllifinin məzarının önündə dayanıb, qılıncına söykənib: Qalx, qalx, qalx! Ömrü boyu əsərlərində aşağıladığın millətin qüdrətini gör! – deyən Əmir Teymura, TURANIN haqq Səsinə, ədalət Carçısına döndü!
Üstünə gələnlərə, revanşist addımlarla çıxış etmək istəyənlərə Qaladan – Cıdır düzündən mesaj verdi: “Bizim kimsənin torpağında gözümüz yoxdur! Kimsəyə də bir qarış torpaq vermərik! Əgər kimlərsə revanşist addımlar atmaq istəyirlərsə, gəlsinlər! Dəmir Yumruq yerindədir!”
Bu da bir tarix dərsi idi. Polkovnik – komissar Əziz Əliyevin nəvəsi, Ulu öndər general Heydər Əliyevin Ali Baş Komandan varisi tarixi təkrarlayırdı. Çar generalları Qafqaza gələndə Şeyx Şamilə “Gəlirik!” xəbərini yollamışdı. Qafqaz Qartalı təhərini pozmadan cavab vermişdi: “Qunib hündür bir dağdır! Mən onun üzərindəyəm! Arxamda Xalq, başımın üstündə Allahdır! Gəlirlər, qoy gəlsinlər!”.
Prezident cənab İlham Əliyev əski türk xaqanları kimi yarımçıq işləri sevməz, bu günün işini də sabaha qoymaz. İki dünya bir olsa da, Allahverdi Bağırov, Ramiz Qəmbərov, Əliyar Əliyev, Adil Həşimov, Fred Asif kimi 1- ci Qarabağ savaşında qanı tökülən, həm də yağıların qanını tökən qəhrəmanların qisasını qiyamətə qoymayacaqdı. Qoymadı da! Ata vəsiyyətinə əməl edən Ali Baş Komandanımız, Qüdrətli Ordumuz özünün anti-terror əməliyyatı ilə süngülərə keçirilib oda qalanan Xocalının milli qəhrəmanı, “Ölmərəm Azərbaycan bayrağını Xocalı aeroportuna assam!” nidası ilə əbədiyyətə qovuşan Əlif Hacıyevin də nigaran ruhunu şad, dağılan məmləkətini abad edəcək!
Azərbaycan xalqına “Sizi Yevlaxa qədər süpürüb, Kürə tökəcəyik” deyən erməni daşnaklarına, Andranikin, Dronun, Hamazaspın, Nijdenin tör-töküntülərinə göz dağı verəcək! Hilallı, ulduzlu bayrağımız Xocalıda, Xankəndində dalğalanacaq! Xocalıda qız-gəlinləri, körpələri, qocaları əsir-yesir edənlər əlində Ağ Bayraq Yevlaxa gələcək! Gəncənin qala divarlarının bu başında imdad diləyəcək, Sisyanovları, Vorontsov-Daşkovları, qraf Paskeviçləri sonsuz kədərlə xatırlayacaqlar. Nifrət məhəbbətin, qaranlıq işığın ayaqları altında sürünəcək. Dünya “Mümkün olmayanı mümkünə çevirən” Yoxdan var edənimizin, Baba yadigarımızın, Qüdrətli Ordumuzun, ləyaqətli Millətimizin, cəsarətli Məmləkətimizin əzəmətini etirafda bulunacaq! Zori Balayanın, Aqambekyanın, Silva Kaputikyanın goruna od düşəcək! Köçəryanın, Sarkisyanın, Vardanyanın beli büküləcək, tifaqı dağılacaq!
Dünya Doğudan Batlya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən, baş köşəsində el və dil bilicilərinə yer verən, insanlara irqinə, rənginə, dini inancına, etnik mənsubiyyətinə görə deyil, dəyərinə və qədərinə görə dəyər verən, Ulu, Azman Türkün yurd Sevdasını, haqq Davasını anlayacaq!
Tanrı Türkü, Odlar Yurdu Azərbaycanı, Müzəffər Ali Baş Komandanımızı, Qüdrətli Ordumuzu, Birliyin, Bütövlüyün rəmzi Millətimizi, Məmləkətimizi qorusun!
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Vannesdəki konfransda Qarabağ sədaları
Qarabağ barədə həqiqətləri məhz Fransada səsləndirməyin rəsmi mənası var. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu məşhur fotoqrafımız, Güney Azərbaycandan olan Reza Deqati həyata keçirib.
Reza Deqatinin Fransanın regionlarında silsilə sərgiləri davam edir. Fransanın Bretany regionunun Vannes (Vann) şəhərində “Sükutun dərinliyi” adlı sərgisi çərçivəsində fotoqrafın iştirakı ilə konfrans keçirilib. Sözünü, fikirlərini fotoları vasitəsilə çatdıran R.Deqati bu dəfə konfransda hər bir şəklin tarixi və çəkildiyi məqamlar haqqında ətraflı məlumat verib. O, fəaliyyətində daha çox insan amilinə önəm verdiyini bildirib.
Sülh carçısı adlandırılan Reza Deqati konfransda Azərbaycan reallıqlarından danışıb, 30 illik işğal dərdini fotolar vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırdığını deyib. Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıların erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirildiyini deyən fotoqraf torpaqlarımızın uzun müddət erməni işğalı altında qalmasından və bütün bu illər ərzində dünyanın susmasından və laqeydliyindən söz açıb. Xocalıda bir gecədə mülki əhalinin qətlə yetirildiyini deyən fotojurnalist Birinci Qarabağ müharibəsində Ağdamda soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib. Həmçinin, konfransda Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə-yeksan edilmiş, xüsusilə də ermənilərin xarabalığı çevirdiyi və Qafqazın Xirosiması adlandırılmış Ağdamın, eləcə də digər şəhər və kəndləri əks etdirən fotolar nümayiş olunub.
Fotolar arasında İkinci Qarabağ müharibəsində Gəncədə, Bərdədə ermənilərin qadağan olmuş bombaların qurbanı olmuş uşaqların, eləcə də Tərtərdə 7 yaşlı övladının itirmiş atanın fəryadını əks etdirən fotolar nümayiş olunub.
R.Deqati Azərbaycanın tolerantlıq mühitini, eləcə də multikulturalizmini fotoları vasitəsilə nümayiş etdirir. Udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açmasını əks etdirən foto maraqla qarşılanmaqla bərabər müxtəlif dinlərin nümayəndələrinin birgə yaşamasının mümkünlüyünü təsdiqləyir. Bu foto konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda R.Deqati müxtəlif silahlı münaqişələrdən çəkdiyi fotoları da nümayiş etdirib. Həmçinin, müxtəlif ölkələrdə təşkil olunmuş sərgiləri, eləcə də fotolarının məşhur “National Geographic” və bir çox digər jurnallarda dərc edilməsindən danışıb.
Konfrans zalının qarşısında fotojurnalist Reza Deqatinin fotolarından ibarət kitabların satışı təşkil olunub.
Fotoqrafın seçmə şəkillərindən ibarət sərgi insanların sıx olduğu şəhərin mərkəzində “Köhnə liman”da (Vieux Port) təşkil edilib. Sərgidə onun Azərbaycanda çəkdiyi fotolar da yer alıb. Gün ərzində ziyarətçilər sərgi zalında yerləşdirilmiş ekranda fotojurnalistin fəaliyyəti və çəkdiyi fotolar haqqında məlumat verən videoya baxıblar.
Əsl təbliğat bax budur.
(Material AzərTAC-ın Fransa müxbirinin xəbəri əsasında hazırlanıb)
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Perunun nüfuzlu radiokanalında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan və Milli Musiqi Günü ilə əlaqədar Azərbaycanda keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Perunun nüfuzlu “Radio Filarmonia” radiosunun 102.7 FM kanalında musiqi proqramı yayımlanıb.
AzərTAC xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, görkəmli bəstəkar Ü.Hacıbəyli yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan” romansları, “Koroğlu”, “Arşin mal alan” operalarından uvertüralar, “Aşıqsayağı”, “Cəngi” əsərləri, qızların xor ifası, “Leyli və Məcnun” operasından “Şəbi Hicran”, həmçinin Qara Qarayev, Fikrət Əmirov və digər görkəmli bəstəkarların kompozisiyaları səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Ümidlərimiz bilirsiniz haradadır? -ESSE
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Görürsünüz, fikirlərimizi ifadə etməkdə necə də çətinlik çəkirik? Demək, istəyib də deyə bilmədiyimiz o qədər sözlər var ki, hamısı yığışıb qalıb boğazlarda, tərəddüdlü yollarda...
Nə qədər desək də ki, ətrafdakıların fikri önəmli deyil, ona görə addım atmıram, bilin ki, yalan deyirsiniz. Sadəcə, nələrəsə özümüzü inandırmaq istəyirik...
Sevmir, amma sevdiyinə inanmaq kimi, alınmır, amma alınmasına inanmaq kimi, bacarmır, amma bacarmasına ümid bəsləmək kimi...
Artıq qəlblərdə ümid də bitib, amma bitdiyinə qəbullanmaq istəməmək kimi...
Ümid sonda ölür, sonunu qəbul etməmək kimi...
Gələcəyə tələsirik sanki, indini yaşamadan gələcəyi planlaşdırırıq...
Zaman sürətlənib artıq, bezmişik yaşamaqdan deyəsən, baxmayaraq ki, 1 dəqiqə yenə də 60 saniyədir...
Səbr etməyə səbrimiz, izah etməyə kəlməmiz qalmayıb...
Həyatımız Youtube'da film kimi qarşımıza çıxsa idi başlanğıcına yox, sonuncu dəqiqələrinə çəkib baxacaqdıq...
Ümidlərimiz bilirsiniz hardadır?!
Kofelərdəki fallarda, “bəlkə bunda bəxtim gətirər” deyib ehtiyatla pozulan lotereya kartlarında, qapı arxasında, qaranlıq gözlərdə, bir telefon zəngindəki "alo" kəlməsində, bir sarılmada, hər küçədə, döngədə, qaranlıq gecələrdə, hər saat əqrəbində, mesajlarda və bəlkə də indi sizin ovuclarınızdadı...
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)