
Super User
POETİK QİRAƏTdə “Adsız”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən şair Yusif Nəğməkardır. Bu dəfə o, “Həyat fəlsəfəsi” söyləyir.
HƏYAT FƏLSƏFƏSİ...
(Sonsuz bir ümman olan həyat fəlsəfəsinin bir damlasını yazmaq istədim...)
Yozumu, çəkisi ağır mövzudur --
Onu dərk etməyən baş yüngül olmuş...
Başın, başa düşmək dadı-duzudur,
Başı qovzamayan başa kül olmuş...
Hər gün aldanırıq, tükənir həvəs,
İnsandan yıxılır insan olan kəs...
Bir düzü əyməyə bir milli yol bəs,
Əyrini düzəltmək nə müşkül olmuş!..
İstər münəccim ol, istər filosof,
Bir sual əsiri -- hər çəkilən off...
Gizlədib batində gəzdirdiyin xof
Səndemə daddığın bir kəşkül olmuş...
Qınayan az deyil bəxt-muradını,
Dalğa da uçurmaz xoşyar adanı...
İnsan yaranırkən, bəs Yaradanı
unudub, nəfsinə nədən qul olmuş?!.
Müəmma gizlində, ya da sirdə yox,
Nəfəs tək pəncərə olan yerdə yox...
Qapını qapayan qalın pərdə yox,
Onun da önündə zərif tül olmuş...
Fitnə-fənd ülfətin yaman şişidir...
Nəfsin hər felini qulaq eşidir...
Sevgi də, dostluq da könül işidir,
Könül bulandıran dibsiz dil olmuş...
Qəzəb,hədə, hədyan cəm cürət deyil,
Şöhrətə yürümək -- cəhd sürət deyil,
Üzdə hər təbəssüm səadət deyil,
O da ötərgi bir əsim yel olmuş...
Gecənin gecindən sübhdür ağaran...
Zaman bir dağ çayı, iti axar an...
Suları duruya, safa çıxaran
Sulardan ayrılıb, çökən lil olmuş...
Ağ olduq vicdanı sərvaxt, oyağa;
Arxa da çevirdik arxa-dayağa...
Tikan sancılsa da ələ, ayağa,
Ürəyi qanadan, gül ki, gül olmuş!..
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
“Cümə günü Əbülfətqızının 10 sualı” rubrikasında şair Qulu Ağsəsdir
Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
Çox səbirsizliklə gözlənən rubrikamızın budəfəki qonağı təqdimata ehtiyacı olmayan, poetik dəryada məharəti ilə dərinlikləri cümlələrində əsir edən dəyərli Yaradıcımız Qulu Ağsəsdir.
Xoş gördük, Qulu bəy! Vaxtımızın qanadlarının sürətini nəzərə alıb dərhal suallarımıza keçirəm.
1) Dəyərli Yaradıcımız, Siz otağınızda şeir yazarkən otağınızdakı güzgünün dili olsaydı, daxilinizi də hiss etsəydi, bizə nə söyləyərdi?
1. Salam.
İş burasındadır ki, ömür boyu xəlvət yazmışam. Lap uşaqlıqdan- məktəb vaxtı şeirlərimi düzüb -qoşanda məktəb uşaqlarından, ailəmdən utanardım. Bir küncdə yazar və sonra da onu möhkəm gizləyərdim. İllər ötdü, bax bu xasiyyətim dəyişmədi. İndi də hamıdan xəlvət yazır və yazdığımı evin bir küncündə gizləyirəm.
Yəni, sualınıza cavab olaraq deyim ki, yazdığım otaqda güzgünün dili olsa belə, heç nə deyə bilməz, çünki bu proses çox xəlvət gedir.
Bir də yazı ilə bağlı bir sirrimi açım. Mən əlimlə yox, ayağımla yazıram. Yəni, o baş- bu baş evdə, həyətdə yeriyib şeir yaza bilirəm. Ona görə deyirəm ki, mən şeiri əlimlə yox, ayağımla yazıram.
2)Bu beşgünlük dünyada ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,
Arzu dediyin can evində ən şuluq kirəkeşdi. ( Qulu Ağsəs)
Qulu bəy, bu şuluq kirəkeşin gözləri doyurmu? Yoxsa, onun gözləri doysa, həyat anlamını itirmiş olar?
2. Bilirsiniz, əslində, can evi özü də bu dünyada qonaqdır və arzu bu qonaq evinin qonağıdır. Yəni, kirəkeşin kirəkeşi, ikisi də keçib gedir; can evi də, elə arzular da. Bunların ikisinin də gözü, yəqin ki, heç vaxt doymayacaq.
3) Qulu bəy, Yaradıcı kimi imzanınız hər kəsə məlum və çox seviləndir. Bir dəfə Sizə qiraətim göndərilmişdir, çox kiçik və hər filoloqun hiss etmədiyi bir nöqsanımı söyləmişdiniz. O zaman anladım ki, Yaradıcımız dilimizin qrammatik qayda-qanunlarını bilən və öz doğma dilinə aşiq biridir. İndi belə bir suala cavab istəyirəm;
İndiki zamanın dayanacağında durub, keçmiş zamandakı itən arzularınızı xatırlayıb, gələcək zamandakı gerçəkləşmiş arzular otağına dəvət etməyə həvəsiniz varmı? Yoxsa, keçmiş keçmişdir - deyib, keçmişi gələcəyə sürümənin anlamı yoxdur - deyib, keçmişin qapısına iri bir kilid vurursunuz?
3.Qısaca belə demək istəyirəm, əvvəla, mən şeiri pıçıltı ilə deməyin tərəfindəyəm. O haqda şeirim də var və buna qayıtmaq istəmirəm.
Şeir pıçıltı ilə yazılar, şeir lal yazılar və sükutla oxunar. Qiraət də belə olmalıdır; sakit və mümkün qədər pafosdan uzaq.
Keçmişlə gələcəyə gəlincə, mənə elə gəlir ki, hər bir insan yolçudur və bu yol onun ağlı ilə ürəyi arasındakı yoldur. Hər bir adam öz ağlı ilə ürəyi arasında addımlayır. Kim hara gedir, nə qədər gedir bu artıq başqa bir şeydir.
4) Bu dünyada heç kəsə demədim...
O dünyada soruşsalar:
-sən kimsən?-
gözümü yumub, ağzımı açacam!
Deyəcəm ki, altındakı skamyada bir yol özü oturmayan yorğun ağacam.( Qulu Ağsəs)
Qulu bəy, qışda donmasınlar deyə, “daxilinizi ovub, yuva düzəldib isindirdiyiniz, yayda isti bişirməsin deyə, ayaq üstə dayanıb kölgə yaradıb qoruduğunuz “dostlarınız" naxələf çıxanda hansı cümləni işlədirsiniz? Və yaxud, ümumilikdə dost deyib arxadan qılınc vuranlara nə söyləyərdiniz, amma poetik dillə söyləmənizi xahiş edirəm.
4.Dost axtarışı gənclik vaxtlarında olur. Sonra insan artıq özünə qapılır, xüsusilə yaradıcı insanlar dost-düşmən axtarışından vaz keçir. Yəni, onun üçün artıq nə dost var, nə də düşmən. Mənim üçün insan var, İnsan! İnsan həm dostdur, həm də düşmən. O insan da uzaqda əlçatmaz bir varlıq deyil, o mənim özüməm. Mən həm özümün dostu, həm də düşməniyəm. Ona görə də heç bir xəyanətdən incimirəm və bu, artıq məni təəccübləndirmir.
5)Qulu bəy, müsahibələrin birində söyləmisiniz ki: " Əgər mən şeiri dilin üstündə yox, dilin qırağında yaradıramsa, o batdı, getdi. Bunu bir dəmir yolu kimi təsəvvür etmək olar."
Qulu bəy, " şairəm "- deyib söz torbasını çiynində yük edib, dadsız-duzsuz misralarla aşpazlıq edən "dahi yazarlara" tövsiyəniz?
5.Mənim nəzərimdə iki cür şeir var; rəsm şeirlər və foto şeirlər. Yəni, bunun hər ikisinin də gözəl nümunələri yaradılıb. Amma mən foto şeirlərin yox, rəsm şeirlərin tərəfindəyəm. Yəni, ola bilər hər ikisi gözəl sənət əsəri yarada bilib; biri fotoaparatla, o birisi fırça ilə. Mən rəsm şeirin tərəfindəyəm və onları çox sevirəm.
6) Y. Höteyə görə: "İnsanları birləşdirən duyğular, ayıran isə fikrlərdir."
Qulu bəy, duğuların nə zaman fikrləri ortaq məxrəcə gətirməyə gücü çatmır?
6.Məncə, duyğular insanları birləşdirmir. Məncə, duyğular insanları təkləyir. Bəlkə, fikirlər daha çox birləşdirir. Mənim fikrimcə, duyğu insanları təkləyir.
7) Yaşamaq!
- dünyanın ən zor işi!
Yaşamaq!
- irəli qovaraq keçmişi!
Fəqət...
istəyirəm əcəl gələndə
qarşımda heç nə dayanmasın.
Məni elə çağırsın ki,
sevgilim yuxudan oyanmasın. (Qulu Ağsəs)
Dəyərli Yaradıcımız, ölüm nöqtədir, yoxsa vergül? Şairlərin mənəvi ölümü yoxdur deyək. Yenə də ölüm cismani həyata nöqtə, ruhi həyata isə vergüldürmü? Ölüm haqqında düşüncələriniz necədir?
7. Mən bir dəfə müsahibələrimin birində demişdim ki, vergül nöqtədən daha işıqlıdır. Nöqtə sanki quyudur, ora düşürsən və Yusif peyğəmbərin adı ilə çıxa bilmirsən. Amma vergüldə bir işıq var. O deyir ki: " Hələ hər şey qurtarmayıb, hələ davamı var." Ona görə mən çox istəyərdim ki, elə ölüm də vergül olsun, nöqtə olmasın.
8) Qulu bəy, əvvəl Günəş illüziyası yaradıb, sonra közərən ulduza çevrilib, daha sonra da axıb yoxa çıxan "müvəqqəti ulduzlara" nə söyləyərdiniz?
8.Mənim üçün illüziya olsa belə, yenə Günəşdir. Mən səhər oyananda yuxarıda Günəş olmasa, tez ona "sms yazıram: işə çıx, mən səni gözləyirəm."
9)Platonun möhtəşəm bir deyimi var: "Boş baş şeytanın iş otağıdır."
Qulu bəy, bu "iş otağını" ləğv etməyə indi sözün gücü çatırmı?
9.Əgər doğrudan da, boş baş Şeytanın iş otağıdırsa, Sizə bir şeyi etiraf edim: "Bu Yer kürəsi Şeytanın ofisidir."
10) Qulu bəy özü ilə çoxmu dialoq qurur və o, özünə necə müraciət edir? Əsəbi olarkən hansı tərəf haqlı çıxır Şair Qulu Ağsəs, yoxsa, Qulu bəyin daxilində gizlənən və gizli qalan obraz?
10.Nəhayət, sonuncu-onuncu suala cavab. Bizdə belə bir deyim var: " Deyirlər ki, öz-özünə danışan adamlara dəli deyirlər." Amma mən belə deyirəm və sözümün üstündə dururam ki, öz-özü ilə danışmayan adamlar dəlidir.
Da indi Siz nə deyirsiniz deyin; istəyirsiniz dəli deyin, istəyirsiniz ağıllı.
Mən artıq çoxdandı haqlı-haqsız ovuna çıxmıram, hər kəsi dinləyir və heç kəsə qulaq asmıram...
-Qulu bəy, Əbülfəzqızı da gün ərzində bir neçə dəfə öz-özü ilə dialoq qurur, ağıllı deyək.
Dəyərli və öz qələmi ilə fərqlənən Yaradıcımız, rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk, vaxtınızı halal edin. Ən çox hansı sualı bəyəndiniz?
-Ən yaxşı "11-ci" sualınızdır- qıyıb vermədiyiniz. Əlbəttə, bu bir zarafatdır, hamısı yaxşı idi, kaş ki, bircə cavabım babat olaydı!
-Səmimiyyətinizə görə Sizə təşəkkürümü bildirib, ömür payınızın uzun olmasını diləyirəm, çünki gənc yazarların Sizin yaradıcılığınıza çox ehtiyacı var.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Tahir Salahovun qızı vəfat edib
Rəssam və aktrisa Alagöz Salahova 19 sentyabr 2023-cü ildə vəfat etmişdir. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yaymışdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Alagöz Tahir qızı Salahova 1953-cü ildə Moskva şəhərində anadan olmuşdur. O, Xalq rəssamı Tahir Salahovun qızıdır.
Rəssamlıqla məşğul olmaqla yanaşı, Alagöz “Dantenin yubileyi" (1978) filmində Sevil, "Özgə ömür" (1987) filmində Tamilla, "Bağlı qapı" filmində (1981) Rəna obrazlarını canlandırmışdır.
Mərhumun 70 yaşı var idi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Türk xalqları mədəniyyəti - Qumuq ədəbiyyatı
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Qumuq ədəbiyyatında yırlar
Qumuq folklorunun spesifik iki janrı vardır:
1.sarınlar
2.yırlar.
Bu janrlar həm məzmunca, həm də sayca digər bütün janrlardan çoxluq təşkil edir. Sarın qumuqcada mahnı, nəğmə deməkdir.
Sarınlar qədər yırlar da qumuq folklorunun spesifik janrıdır. Bir çox məqamlarda dastanları, bəzən şeirləri, vücudnamələri, lətifələri, bəzən də ağıları əvəz edən şifahi xalq ədəbiyyatının bu şeir növünün örnəklərinə Azərbaycan folklorunda rast gəlinmir. “Yır- qumuqların türkü yerinə istifadə etdikləri termindir” və ümumi mənada türkü-mahnı, nəğmə deməkdir. Qumuqlarda, eləcə də bir çox türk xalqlarında janr kimi göstərilən yır, jır, cır, çır qədim türklərdə şeirə, nəzmə verilən ümumi ad olmuşdur. Bu günün özündə də İran İslam Respublikasının mərkəzi vilayətlərindən olan Əraq ostanında yaşayan Savə türkləri şeirə yır, şeir söyləyənə yırçı deyirlər.
Yır qumuq folklorunda geniş və çoxşaxəlidir, hətta sarınlardan sonra ən geniş yayılmış janr sayılır. “Qumuqlarda yırlar bir neçə misradan başlayaraq bir neçə yüz misrayadək uzana bilər. Mövzusunda isə məhdudiyyət yoxdur”.
İgidlik yırları
İgidlik yırları daha çox qəhrəmanlıq dastanlarını xatırladır. Burada bir xalq qəhrəmanının timsalında millətin müəyyən bir tarixi dövrü, mədəniyyəti, adət-ənənəsi haqqında danışılır. Eyni zamanda, igidlik yırlarının qəhrəmanı da Azərbaycan qəhrəmanlıq dastanlarının qəhrəmanları kimi xalq üçün, ölkəsi üçün əhəmiyyətli savaşa girir. Yəni, dastan qəhrəmanı bütün ölkəni maraqlandıran məsələləri həll edir.
Bəzi hallarda yırlar ölənin haqqında söylənir, onun igidliyi, yaxşılığı, qəhrəmanlığı tərənnüm olunur. Bu zaman elə sözlər seçilir ki, yırı dinləyənin ürəyində mərhəmət hissi oyanır və göz yaşlarına hakim kəsilə bilmir. Bu akt baş verdikdə yır ağı funksiyasını yerinə yetirmiş olur. “Minküllünün yırı”, “Cavatın yırı”, “Zoruşunyırı” və s. kimi bir çox yırlar məhz ağılardır. Ağılar qumuq folklorunda öz ilkin xarakterini qoruyub saxlamağı bacarmışdır, lakin Azərbaycan folklorunda ağılar artıq bayatı şəklində ifa olunur.
Yırlarda köpək mövzusu
Tarixi yırlardan “Minküllünün yırı” mövzu baxımından da, poetik nüanslarına görə də çox qədim dövr türk mədəniyyətini özündə ehtiva edə bilir. Əsərdə baş qəhrəman Minküllü itlərini qardaş olaraq qəbul edir ki, bu da maraqlıdır:
Qey meni koş inanqan üç itim!
Ey mәnim çox inandığım üç itim!
Uç itim de nege bola – uç inim!
Üç itim nә demәkdir, üç qardaşım!
Araşdırıcı, şair K.Sultanov Minküllünün itləri özünə qardaş hesab etməsini mahnının tarixən müsəlmanlıqdan öncəyə aid olması ilə əlaqələndirmişdir. Burada şamanizmin izlərini görmək mümkündür. Şaman mətnlərində şamanın köpək ruhlarına müraciət etdiyini və onların yardımı ilə bəzi ayinləri yerinə yetirdiyini görürük. Bundan əlavə, “Qeser” dastanında Qeserin də Minküllünün itləri kimi, iki sadiq köpəyi olur.
Yırlarda qadın motivi
Yırda diqqəti çəkən başqa bir məqam da qəhrəmanın çətin anında öz həyat yoldaşını köməyə çağırmasıdır. Qadınların ərləri ilə bərabər döyüşməsi, ən yaxın silahdaşı olması türk folkloru üçün xarakterik bir haldır:
Ayxanımqa belgi alıp barıqız
Ayxanımı alıb bәri gәliniz
Uç itimni birisi,
Üç itimdәn birisi
İçindeki aslan tulpar tirisi
İçindәki aslan güclüsü
Ayxanım da belgi alıp bardı dey. Ayxanımı da eşidib gәldi deyir.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Azərbaycan və Bakı tarixinə dair unikal sənədlər Milli Kitabxanaya təhvil verilib
Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanası Azərbaycan və Bakının tarixi ilə bağlı unikal arxiv sənədlərinin surətlərini bu il 100 illiyini qeyd edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına təhvil verib.
Bu barədə AzərTAC-a Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanasının mətbuat xidmətindən bildirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova müraciət edən Rusiya Prezidenti Kitabxanasının baş direktoru Yuri Nosov qeyd edib ki, sənədlər arasında Xəzər dənizinin XVII əsrdən başlayaraq XIX əsrin əvvəlinə qədərki dövrü əhatə edən nadir xəritələri, Bakı Quberniyasının XIX əsrə aid planları, o cümlədən Bakı şəhərinin və ona yaxın ərazilərin planları və digər materiallar var.
“Elektrikli tramvay və 1898-1900-cü illərdə Bakının işıqlandırılması planı xüsusi maraq kəsb edir. Bakıda hələ 1900-cü ildə işlənib hazırlanan və elektrik dartma qüvvəsi ilə işə düşən tramvay rabitəsinin inkişaf planları artıq inqilabdan sonra icra edilib. 1924-cü il fevralın 8-də Bakı şəhərində SSRİ üzrə ilk elektrik tramvayı işə salınıb. Qeyd etmək lazımdır ki, Azərbaycan həm də SSRİ-də ilk elektrik dəmir yolunun vətənidir. 1926-cı ildə elektriklə işləyən Bakı-Sabunçu-Suraxanı dəmir yolu xətti işə salınıb. Tarixi mənbələrə əsasən məlumdur ki, bu xəttin çəkilməsi üçün Leninqradda tikintisi başa çatdırılmamış Oranienbaumsk elektrik xəttindən sökülərək çıxarılmış relslərdən və müəyyən avadanlıqlardan istifadə edilib”, - deyə Rusiya Prezidenti Kitabxanasının baş direktoru vurğulayıb.
Y.Nosov onu da diqqətə çatdırıb ki, milyondan artıq arxiv vahidinin saxlanıldığı Rusiya Prezidenti Kitabxanasının fondunda Rusiya dövlətçiliyinin, o cümlədən, daha əvvəl SSRİ-nin tərkibinə daxil olan ölkələrin tarixinə aid kitablar və dövri nəşrlər, kino xronikası, fotoşəkillər, elmi-maarifləndirici filmlər, dissertasiya avtoreferatları, arxiv sənədləri və materialları rəqəmsal formada təqdim olunur.
“Kitabxananın portalında Azərbaycan və Rusiya xalqları arasında qarşılıqlı münasibətlərin tarixinin əsas mərhələlərinə həsr olunmuş “Rusiya-Azərbaycan: qarşılıqlı münasibətlərin tarixi” kolleksiyası ilə tanış olmaq mümkündür. Bu kolleksiya Azərbaycanın diplomatik, ticarət və mədəni əlaqələri, qədim tarixə dair tədqiqatların inkişafı, habelə onun ərazisinin Rusiya İmperiyasının və Sovet İttifaqının tərkibinə daxil olduğu XIX–XX əsrlərə aid sənədləri əks etdirir.
Kitabxananın baş direktoru onu da əlavə edib ki, Azərbaycan Rusiya ilə birlikdə XX əsrin bütün ən böyük və əlamətdar hadisələrində - 1917-ci il inqilabı, vətəndaş və İkinci Dünya müharibələrində iştirak edib və SSRİ Nazirlər Sovetinin, SSRİ Daxili İşlər Nazirliyinin fəaliyyəti, SSRİ Daxili İşlər üzrə Xalq Komissarlığının statistik məlumatları, əmrləri, məruzə qeydləri, şifrəli teleqramları və digər mənbələr bunu sübuta yetirir.
Y.Nosov bildirib: “Sənədlər vahid dövlətin tərkibində birləşmə vaxtını ətraflı şəkildə təsvir edir: o zaman Bakı quberniyasında və Azərbaycan SSR-də kanallar, su xətləri, dəmir yolları (o cümlədən, Rusiyadan keçməklə Hindistan-Avropa tranzit yolu) inşa edilirdi, neftayırma zavodları və digər obyektlər tikilirdi. Kolleksiyadakı materialların bir hissəsi elm və maariflənmənin inkişafı, o cümlədən, Bakıdakı neft emalçılarının xalq maarifinə, gimnaziyaların açılmasına dair qurultay icmalları ilə əlaqədardır”.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
25-Cİ DƏRC
Ekspert “Mən buna çox təəssüf edirəm” deyərək öz şəxsi mövqeyini bildirib, nəhayət mətni tamamladı:
-1997-ci il aprelin 2-də Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri, general Lev Roxlin dumanın iclasında Ermənistana 1 milyard dollarlıq qanunsuz silah satılması barədə hesabat vermişdi, 1998-ci ilin 3 iyulunda Lev Roxlin Moskva yaxınlığındakı bağ evinin yanında qətlə yetirildi. Bu qətli də erməni terrorçuları həyata keçirdilər.
Ekspert fikrini tamamladı. Baş Hakim Xrimyandan sözü olub olmadığını soruşdu, Xrimyan bu dəfə də saymazyana surtukunun qolunu didişdirməyə başladı. Yaşlı hakim söz istəyib bunları söylədi:
-Ümumiyyətlə, ermənilərin antirus meyilləri barədə yüzlərlə fakt var, Sovet dönəmində ən böyük rus icması yaşayan, 50-ci illərin əvvəllərində rusların ermənilərə nisbəti az qala 50-nin 50-yə olan Ermənistanda 1989-cu ildə əhalinin cəmi 1,6 faizini (51555 nəfər) ruslar təşkil edirdi, müstəqil Ermənistanda isə 2001-ci ildə rus əhali daha 3,3 dəfə azalaraq 14660-a çatmışdı. 2011-ci ildə keçirilən son siyahıyaalınmada isə bu qərəm 0,4 faizə düşmüşdür (11911 nəfər). Hazırda Ermənistanın orta məktəblərində, universitetlərində rusca təhsil qadağan olunmuşdur. Bu millətin rusların qatı düşməni olan faşist polisayı Njdeyə abidə qoyması isə, yeri gəlmişkən, o da hazırda müttəhimlər sırasındadır, açıq-aşkar ruslara meydan oxumaq, onlara özlərinin necə qədirbilməz, nankor xalq olmalarını nümayiş etdirməkdir.
Və son olaraq mən bir müqayisə aparmaq istəyirəm. Ermənilərin özlərinə dost, qardaş dedikləri rusları sıxışdırıb ölkələrindən necə çıxarmaqlarını sübut edən rəqəmləri sizə söylədim. İndi də müqayisə üçün sizə erməni genosidində suçlanan türklərin ermənilərlə rəftarını göstərim. 1915-ci ildə - mifik “erməni genosidi”nin törədildiyi iddia olunan ildə İstanbulda 100 minə yaxın erməni yaşayırdı. Son siyahıyaalınmaya görə İstanbulda hazırda yenə da 100 min erməni yaşayır.
Tamaşaçılar alqışlarla qarşıladılar bu statistikanı.
Divana bir təklif də Divanın işlər vəkilindən gəldi. O bildirdi ki, təzəlikcə ermənilərin ruslara torpaq iddiası barədə bir məlumat oxuyub. Dedi, madam ki, bun gün ermənilərin ruslara sapladığı balta zərbələrindən danışırıq, xahiş edərdim ki, torpaq iddiası barədə də auditoriya məlumatlandırılsın.
Ekspertlər qısa zamanda sözügedən informasiyanı tapıb ortaya qoydular.
“Ermənilərin ərazi iddiaları təkcə Türkiyə və Azərbaycanla məhdudlaşmır, bir neçə il bundan əvvəl onlar Rusiyanın Yakutiya Respublikasının qədim erməni diyarı olduğunu iddia edən və bununla bağlı həqiqətə uyğun olmayan informasiyalar yaymışdılar, ardınca da Rusiyanın populyar kurort şəhəri olan Soçiyə qarşı iddia irəli sürüblər. “Soçidə erməni icmasının yaranması tarixi” kimi üzdəniraq məqalələri mediada və sosial mediada tirajlayaraq erməni təbliğatçıları Soçinin ermənilərin ən qədim dövrdən məskunlaşdığı yer olduğunu yazır, bu şəhərə xüsusi hüquqlarının olduğunu iddia edir, hazırda Soçidə ümumi əhalinin 40% -ni təşkil edən 200 minə yaxın erməninin yaşamasını sübut kimi ortaya qoyurlar. Qeyd edirlər ki, guya Soçinin də daxil olduğu Krasnodar diyarı ərazisində erməni əhalisinin ilk məskunlaşması eramızın I əsrinə təsadüf edir. Guya Böyük Tiqranın legionu həmin vaxt bura gəlib və bu zaman minlərlə erməni burada qalaraq koloniya şəklində yaşamağa başlayıb. Ermənilər utanmadan və usanmadan Soçi şəhərinin “Böyük Ermənistan”ın ərazisində yerləşdiyini iddia edirlər.
Rusiyalı təhlilçilər həyəcan təbili çalaraq erməni təbliğatçılarının sosial şəbəkələri və müxtəlif tarixi arxivləri saxtakarlıqla doldurmağa başlayacaqlarından, bununla da ermənilərin bu torpaqda ilk məskunlaşdıqlarını və Soçinin guya onların əcdadları yaşadıqları ərazi olduğunu təsdiqləyəcəklərindən, ərazi iddiaları qaldıra biləcəklərindən narahatlıqlarını dilə gətirirlər.
Ermənilər XX əsrin əvvəllərində “Böyük Ermənistan” deyib haray-həşir qopardılar, SSRİ dönəmində onlara cavab verən olmadı, yazdıqları boxçalarında qaldı. İndi isə o boxçaları bir-bir üzə çıxarırlar. Moyisey Xorenatsi adlı anonim tarixçi yaradıblar. Yesemyan, Avazyan, Yeremyan və başqa müasir saxta tarixçılər də ortaya “əmək” qoyub XX əsrin əvvəllərində yazılan uydurmaları “mənbəyə”, “arxiv sənədi”nə çevirməkdədirlər. Saxtakarlıq o həddədir ki, hətta bundan bəzi erməni alimlərinin özləri də xəcalət çəkirlər.Bir erməni məsəlində deyilir: “Harada çörək varsa, ora ermənilər üçün vətəndir”. Elə bu məsəldən də çıxış edərək ermənilər harda barlı-bərəkətli yerlər varsa oralara üz tuturlar. Ermənistandakı ağır sosial durum on minlərlə sovet ermənisini Rusiyanın cənubundakı Krasnodar və Stavropol diyarının dünyaca məşhur kurort zonalarında – Soçı, Kislovodsk, Mineralnıye Vodı kimi şəhərlərdə məskunlaşmasına rəvac verib. İndi bu çörəkli yerləri ermənilər de-faktoyla yanaşı de-yure də vətən etmək istəyirlər. Onların hazırda işğal etdikləri Azərbaycana aid Dağlıq Qarabağ da kurort bölgəsi, çörəkli diyar idi. Dağlıq Qarabağın acı taleyi Soçi, Minvod iddialarının da gələcəkdə oxşar aqibətə tuş gələ bilməsini mümkün edir.
Söyənilənlər xüsusən Axirət dünyasındakı ruslar üçün tam gözlənilməz oldu, onlar birvaxtkı “vassallarından” bunu əsla gözləmirdilər.
Nəhayət, Baş Hakim yekun nitqini söylədi:
-Hörmətli Divan heyəti, hörmətli auditoriya! Mən din pərdəsi altında edilən rəzilliklərlə heç cür barışa bilmirəm. Hətta ateist Sovet dövlətində belə mən dini inancı olan bir ailədə böyümüşəm. Cəllad, killer, diktator, qatil manyak – bunlar qana susaya bilər, qan tökməyə meyilli ola bilər, amma din xadiminə, özü də rəhbər din xadiminə bu əsla yaraşmaz. Xrimyan burda özünü elə aparır, guya deyilənlər onun tükünü də tərpətmir, amma əslində bu belə deyil. Insanın üzərinə birdən-birə elədiyi bütün günahların ahı yürüyəndə onun buna biganə qalması inandırıcı deyil, üstəlik, bu basqıdan onun dizinin bükülməməsi, gözünün qaralmaması, nitqinin tutulmaması da mümkünsüzdür. Mən dinlər barədə ümumi bir çıxış etmək istərdim, eyni Allaha ibadət edən xristian, müsəlman və yəhudilərin eyni mərama xidmət etdiyini, hər hansı bir dini ayrı-seçkiliyin yolverilməz olduğunu isbatlamağa çalışacaqdım. Amma bugünkü proses çox ağır keçdiyindən, hamı kifayət qədər yorulduğundan mən dinlər barədəki çıxışımı sabahkı prosesə saxlamalı oluram. Sabahkı proses üçün də o çıxış aktual olacaq. İndilikdə isə Divanın hökmünü elan edirəm.
Baş Hakim pauza verdi, milçək uçsa belə vızıltısı eşıdıləcək bir səssizlik yarananda amiranə səslə elan etdi:
-Din pərdəsi altında ağlasığmaz cinayətlər həyata keçirərək yüz minlərlə insanın qətlinə fərman verməkdə təqsirli bilinən Katalikos Mkrtıç 1-ci Xrimyan qeybedilmə cazasına məhkum olunsun! Hökm dərhal icra olunsun!
Üza qaraörpəkli mühafizəçilər Xrimyana yaxınlaşıb qolundan tutaraq onu səhnənin arxasına apardılar.
Baş Hakim daha bir prosesi bitirdikləri üçün dərindən nəfəs aldı.
5-Cİ PROSES
YEPİSKOP MESROP
-Qalxın, Divan gəlir!
Vaxt nə tez keçir belə. Sankı Mkrtıçla bu dəqiqə vidalaşmaları təəssüratı yaşayırdı Axirət insanlarında, Divan tamaşaçılarında, artıq Mesrop gəldi.
Tamaşaçılar qalxıb hakimlərin yerlərinə keçmələrini gözlədilər. Hakimlər yerlərinə keçdilər, kürsülərində rahatlandılar, Baş Hakim səsini arıtlayıb sözə başlamaq istədi, amma yaşlı hakim yüngülcə onun çiyninə toxundu. Yəni ki, gözlə, diktor elanı gəlsin, sonra danışarsan. Ümumiyyətlə, Baş Hakim hərdən çox səbirsiz olur, bu, onun prosesə alüdə olmasındandır, istəyir, hər şey tez həll olunsun. Hətta bir dəfə həmkarlarına etiraf edib ki, mənimçün həyatda ən ağır şey prosesin davamının növbəti günə keçirilməsidir.
Bu adamı qoy, saatlarca yemədən, içmədən, yorulmadan, usanmadan proses aparsın. Amma proseslər isə mütləq fasilə tələb edirlər, qalxan temp, yeri gələndə mütləq enməli, yeri gələndə işin xeyrinə dayanıb nəfəs dərilməlidir. Qızğın başla, birnəfəsə taleləri həll etmək olmaz. Soyuqqanlı olmaq üçünsə mütləq emosiyaları susdurmalısan, beyinə rahatlaşmaq imkanı verməlisən.
Kulisdən diktorun səsi gəldi:
-Bu gün müttəhimlər kürsüsündə Yepiskop Mesrop əyləşir. Yepiskop Mesrop kürsüyə gətirilsin.
17 portretdən növbətisinin üzünün ağ örpəyi götürüldü, sifətini olduqca iri, pırpız qaşları, bir də enli burnu əsla görünməz edən, sinəsindən asılmış olduqca böyük xaçı parıldayan keşiş qiyafəli şəxsin simasını görcək hamı bir-birinə baxmağa başladı. Nə Yepiskop Mesrop adı, nə də bu sima onlara heç nə demirdi.
Yepiskop Mesropu mühafizəçilər gətirib Müttəhimlər kürsüsündə əyləşdirdilər, o, sağına-soluna baxdı, altındakı kürsünü rahatladı, sonra səmaya tərəf boylandı, sonda da gözlərini Divanın Baş Hakiminə zillədi.
Baş Hakim danışmaq məqamı çatdığı üçün mikrofonunu açıb sözə başladı:
-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar. Yəqin ki, Yepiskop Mesrop adı sizə heç nə demədi. Heç bizə də heç nə demir. Divanı qurulan 17 erməni arasında o, ən az tanınan, ən az adı çəkilən şəxsdir. Haqqında heç bir mənbədən heç nə tapmaq mümkün deyil. Heç fotolarını belə tapmaq mümkün deyil. Adını müasir Ermənistanda əsla çəkən yoxdur. Unudulub bu inkoqnito şəxs. Amma erməni millətçiliyinin rişələnməsində, qol-budaq atmasında, “Böyük Ermənistan” xülyalarının təşəkkül tapmasında, terror və işğalçı müharibə xətti tutmaqda bu şəxsin hədsiz rolu olub. 19-cu əsrin sonlarında “Daşnaksütun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri olmuş yepiskop Mesropun Rusiya İmperiyasının antimüsəlman siyasətində, Qafqazın erməniləşdirilməsi siyasətində böyük xidmətləri olmuşdur. Mən dərhal sözü bu şəxsə vermək istəyirəm.
Üzünü təqsirləndirilənə tutdu:
-Yepiskop Mesrop, bu qədər xidmətləriniz olan yerdə, sizin unudulmağınız sizcə, nəylə bağlıdır? Erməni millətçiliyi olduqca qədirbilən qurumdur, burada – prosesdə iştirak edən 17 nəfərin axirətə düşənlərinə abidələr qoyulub, adlarına küçələr salınıb, adları tarix kitablarına salınıb, Droya hətta ziyarətgah da salıblar, halbuki sizin adınız heç yerdə hallanmır, sizi müasir Ermənistanda heç kəs tanımır. Bunun izahı varmı? Niyə unudulmusunuz?
Yepiskop Mesrop nəhəng gövdəsinə tam uyğun olan gur səsiylə bəyan etdi:
-Mənim elə bir xidmətim olmayıb ki, adım əbədiləşsin, mənə heykəl qoyulsun. Adi partiya fəalı olmuşam, kilsə xadimi olmuşam, vəssalam.
Baş Hakim növbəti sualını verdi:
-Siz İrəvan quberniyasında müsəlmanların sıxışdırılması, orada erməni əhalinin say nisbətində müsbət dinamikaya sahiblənməsində əhəmiyyətli rol oynamısınız, siz Rusiya İmperiyasının Qafqaz üzrə səlahiyyətli nümayəndəsi, Çar 3-cü Aleksandrın yaxın dostu Qraf İllarion İvanoviç Vorontsov-Daşkovdan erməni millətçiliyinin təşəkkül tapmasını təmin edən həlledici qərarlar qopara bilmisiniz, bu tarixdir, tarixi nə gizlətmək, nə təkzib etmək olar.
Yepiskop Mesrop əvvəlki soyuqqanlıqla davam etdi:
-Qafqazı erməniləşdirmək, müsəlman əhalini sıxışdırmaq nə deməkdir? Mən gözümü açdığım və xidmət apardığım Tiflis şəhəri büsbütün erməni şəhəri olub, gözümü açandan hara getsəm erməni dilində danışıq eşitmişəm, bazar, qəhvəxana, karvansara, meydanlar – hamısında doğma haylarımı görmüşəm. Gürcülərə aid Tiflisdə olduğu kimi müsəlmanlara aid Bakıda da eynisi yaşanıb. Orda da aborogen millət ermənilər olub. Siz bunu qoyub İrəvanın, guya, Çar Rusiyası tərəfindən erməniləşdirilməsindən dəm vurursunuz, müsəlmanlar yaşayan İrəvan xanlığı termini yanlışdır, İrəvan – əzəldən erməni şəhəridir, biz ermənilərin anası Vandırsa da, atası da İrəvandır.
Baş Hakim üzünü ekspertlərə tutdu. Söylədi ki, “Zəhmət olmasa, 19-cu əsrin əvvəllərində - Çar Rusiyasının Türkiyə və İranla müharibə zəfərlərindən sonra Qafqaza yiyələnməsi dövrünün əhali statistikasının həqiqətə ən uyğun olanını səsləndirin.”
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Məti Osmanoğlunun təqdimatında “Gənc yazarlar üçün nəzəriyyə dərsi”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün görkəmli ədəbiyyatşünas Məti Osmanoğlunun müəllifliyi ilə “Gənc yazarlar üçün nəzəriyyə dərsi”dir. Bu dəfə Simvolizm ədəbi cərəyanı barədə danışılacaq. Və Məti Osmanoğlunun tərcüməsində Konstantin Balmontun “Poeziya sehr kimi” traktatından seçilən hissə bu cərəyanın mahiyyətini daha aydın başa düşmək üçün gənc yazarlara, ümumən oxuculara fayda gətirəcək.
SİMVOLİZM ƏDƏBİ CƏRƏYANI
Azərbaycan ədəbiyyatı tarixində fərqli istiqamət yaratmış Əbdürrəhim bəy Haqverdiyev simvolizm cərəyanı ilə 1890-cı illərin ortalarında, Peterburqda ali təhsil alarkən tanış olduğunu yazmışdı: “Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər yazmaq fikrinə düşdüm. Nəhayət, 1901-ci sənədə “Pəri cadu” əsərimi yazdım”...
Əbdürrəhim bəyin Şərq ruhuna yaxın hesab elədiyi simvolizm (fransızca “symbolisme”) cərəyanının adı işarə, rəmz mənasına bağlıdır. Avropa sənətində modernist cərəyanlardan biri sayılan simvolizmdə müəyyən hadisəni canlandıran bədii obrazı durmadan dəyişən “ruh həyatı”nın, “əbədi həqiqət” axtarışının əlaməti olan bədii simvol əvəz edir.
Simvolizm ədəbi cərəyan kimi XIX əsrin 60-70-ci illərində Fransada yaranıb. Simvolizm termini isə fransız şairi Jan Moreas 1886-cı ildə “Simvolizmin manifesti” adlı əsərini nəşr etdirəndən sonra qəbul olunub və yayılıb. Jan Moreasın "Simvolizmin manifesti" həm məzmun, həm də forma məsələlərini əhatə edən müxtəsər estetik proqramdır.
Jan Moreas fransız şairi Şarl Bodleri (1821-1867) simvolizm hərəkatının əsl sələfi kimi qəbul edirdi. Onun qənaətinə görə, simvolizm Ş.Bodler tərəfindən müəyyənləşdirilmiş “uyğunluqlar” qanununa əsaslanır: bu uyğunluqlar ucu-bucağı olmayan, daim yenilənən bir aləmə səpələnib ki, həmin aləmdə batində olanlar “öz-özünə fəal şəkildə zahirə çevrilir”.
Simvolistlər belə hesab edirdilər ki, dünyanın mahiyyəti ağıl gücünə dərk edilə bilməz, buna ancaq məntiqə sığmayan, bir rəmz, işarə sayəsində canlanan intuisiya ilə nail olmaq mümkündür.
J.Moreasın manifestinə əsasən, simvolist mövqe “obyektiv təsvir”in düşmənidir, konkret hadisələr isə görünüşdən başqa bir şey deyildir. Simvolizmin estetik sisteminin əsasını adi olandan qaçmaq təşkil edir: dünyanın ideal mahiyyətinə – gözəlliyə nail olmağın yolu isə rəmzdir.
Simvolistlər belə hesab edirdilər ki, şair həqiqətə gedən yolu intuitiv hiss etdiyi üçün Tanrı məqamındadır, intuisiya, hissi idrak isə insanın mistik dünyaya açılan gözüdür. Bu göz maddi həqiqətdən daha dərin və daha sirli həqiqəti görür.
Simvolizm cərəyanı üçün iki fərqli dünya mövcuddur: əşyalar dünyası və ideyalar dünyası. Simvol isə bu dünyaları bir-birinə bağlayan şərti işarədir. Hər bir simvolun həm işarə edən, həm də işarələyən tərəfi var. İşarələyən tərəf qeyri-real dünyaya, sirlər aləminə yönəlir. Sənət isə sirrin açarına çevrilir.
Simvolistlər öz əsərlərində yaşantılarla, qaranlıq, qeyri-müəyyən əhval-ruhiyyələrlə, incə hisslərlə, keçici təəssüratlarla dolu hər bir qəlbin tarixini əks etdirməyə çalışırdılar. Onlar bədii sözü yeni, canlı və ifadəli obrazlarla doldurmağa cəhd edir, bəzən orijinal forma yaratmaq həvəsi ilə söz və səs oyununa üstünlük verirdilər.
“Əbədi həqiqət” axtarışında olan simvolistlər mürəkkəb metaforalar, alleqoriyalar, eyhamlar, rəmzlər işlədir, sözün ahənginə, fikrin çoxqatlılığına, mücərrəd obrazlara xüsusi diqqət yetirirdilər.
Rus ədəbiyyatında simvolizmin banisi hesab olunan, ömrünün böyük hissəsini mühacirətdə – Parisdə yaşamış Konstantin Balmontun “Poeziya sehr kimi” traktatından seçdiyimiz hissənin bu cərəyanın mahiyyətini daha aydın başa düşmək üçün faydalı olacağı qənaətindəyik. Heç şübhəsiz ki, Ə.Haqverdiyev Peterburqda təhsil alarkən onda simvolizmə ciddi maraq yaradan mənbələrdən biri də K.Balmontun yaradıcılığı olmuşdu.
Konstantin BALMONT
POEZİYA SEHR KİMİ
Güzgüdə əks olunan güzgü, iki əksi qarşı-qarşıya yerləşdirin və onların arasına bir şam qoyun. Şamın alovu ilə şölələnən iki dibsiz dərinlik getdikcə dərinləşəcək, biri digərini dərinləşdirəcək, şamın alovunu zənginləşdirəcək və onları bir yerdə birləşdirəcək. Bu, şeirin obrazıdır.
Bir-biri ilə əlaqəsi olmayan, lakin bir qafiyə ilə şölələnən iki misra ahəngdar şəkildə qeyri-müəyyənliyə və məqsədsizliyə gedir və bir-birinə baxa-baxa dərinləşir, birləşir və ahənglə şəfəq saçan vahid bir bütövlük yaradır. Üçlüyün bu qanunu, ikinin üçüncü ilə birləşməsi bizim Dünyamızın əsas qanunudur. Güzgünü güzgüyə yönləndirirək dərindən baxsaq, hər yerdə oxuyan qafiyə tapacağıq. Dünya çoxsəsli musiqidir. Bütün dünya heykələ dönmüş bir misradır.
Sağ və sol, yuxarı və aşağı, hündürlük və dərinlik, yuxarıdakı Göy və aşağıdakı Dəniz, gündüz Günəş və gecə Ay, göydəki ulduzlar və çəmənlərdəki çiçəklər, ildırımlı buludlar və nəhəng dağlar, gözişləməz düzənliklər və sərhədsiz fikir, havadakı tufanlar və ruhdakı fırtınalar, qulaqbatıran ildırım və qulağa güclə çatan çay səsi, qorxunc bir quyu və dərin bir baxış - bütün dünya ikiliyə əsaslanan bir uyum, nizam, harmoniya içindədir, gah səslərin və rənglərin sonsuzluğuna dalır, gah da ruhun daxili bir himninə, ayrıca bir ahəngdar mənzərənin vəhdətinə, sağın və solun, yuxarının və aşağının, zirvənin və uçurumun ucsuz-bucaqsız müxtəlifliyini özündə cəmləşdirən bir Mənin hər şeyi əhatə edən simfoniyasına qovuşur.
Bir günümüz iki yarıya – gündüzə və gecəyə bölünür. Günümüzdə iki parlaq şəfəq var, səhər və axşam şəfəqləri, biz gecədə toranlığın qatılaşan və seyrəkləşən ikiliyini bilirik və həmişə varlığımızdakı başlanğıcın sonla qovuşduğu ikiliyinə arxalanırıq, gümüşü ulduzlar səpələnmiş qara məxmər yolda səhərdən axşama qədər aydınlığa, parlaqlığa, ayrılığa, genişliyə, həyatın çoxluğu ilə kainatın ayrı-ayrı hissələrinin rəngarəngliyi duyğusuna, ala-toranlıqdan ala-qaranlığa doğru gedib böyük sükut məbədinə, mənzərənin dərinliyinə, vahid bir xorun, bütöv bir Ahəngin dərkinə daxil oluruq. Həmin dünyada gecə-gündüz o ahəngi səsləndirə-səsləndirə ikini bir araya gətiririk, ikiliyi həmişə bütövlüyə çeviririk, birləşdirən düşüncəmizlə, onun yaradıcı toxunuşu ilə bir neçə simi səsli bir alətdə birləşdiririk, əbədi ayrı olan iki böyük yolu bir araya gətiririk, onlar qafiyədə öpüşən iki ayrı misra kimi ayrılmaz ahəngdə birləşirlər.
Səslər və əks-sədalar, hisslər və onların yaratdığı xəyalat,
Yaradıcılığın sirri, yeni yaranmış misra.
Bir yaz səhərində leysan yağışının təzəcə yağdığı və selin bütün su tutarlarından daşdığı zaman gərginləşmiş qulağımıza bəzən kristal bir səs gəlir – damın harasındansa düşən damlalar uzun müddət yüngül cingilti ilə bir-birini təqib edir, su yığıntısının altından gələn bu səs fikirlərdə əks-səda verərərək insan düşüncəsini bir xəyaldan başqasına, bir daxili xülyadan yeni xülyaya aparır, bu xülya getdikcə genişlənir, kiçik ilə böyüyü, fərd ilə dünyanı qovuşdurur. Bir damcı səslənərək Dünya haqqında danışır, bərq vuran bir damlada göy qurşağının bütün rəngləri cilvələnir. Beləcə misra doğulur, ahəngdar obraz yaranır, insan özünü Dünyada görür, əks olunan Dünyanı da özündə tapır.
İnsan həm damladır, həm də Dəniz. Dənizdə nə qədər xəzinələr var! Mərcan meşələri, ağ, mavi, çəhrayı, qırmızı, sarı, göy və sirli yosunlar, kürəyində xaç təsviri olan, müxtəlif nöqtə və xətlərin bir-birilə kəsişdiyi naxışlı meduza var - və dəniz suyunun ənginliklərində rəngarəng formada balıqlar qaçışır, elə orada kəskin qısqacları olan dəhşətli canlılar sürünür. Gecə bənövşələri üzür, kiçik avarlara oxşayan üzgəcləri ilə hərəkət edir, onlar gündüzlər Dənizdə qırmızımtıl talalar əmələ gətirir, gecələrsə fosfor işığı ilə işıldayırlar və bu işıq dalğada yellənib daha güclü alovlanır, sülhməramlı Dənizdə şüa saçan kökayaqlılar yaşayır, onların naxışlı üzləri cilvələnir, tikan-tikan kiçik şəffaf toplar, canlı torlar, dəbilqələr və fənərlər, canlı səbətciklər, zənglər, minlərlə xırda məxluqlar - hamısında da mahnı var, onların hər qatarı bir misradır.
Dərinliklərindəki formaların səssiz musiqisindən ləzzət alan Dənizin üzündə dalğalar nərə çəkir, oyulmuş çanaqları sahilə atır – onlardan bəzilərini insan Dəniztək zəngin olmaq, dəniztək azad olmaq üçün talisman kimi sinəsindən asacaq, bəzilərini qalaq-qalaq yerə atacaq, tapdalayacaq, əzib onlardan hamar yollar salacaq, üçüncü qismini naxışlı, yüngül, kiçik boyunbağıya düzəcək, əyri buynuza bənzəyən, spiral şəklində bükülüb dənizin qorxunc səsini özündə saxlayan dördüncü qismini isə acgözlüklə dodaqlarına toxunduracaq və bu, ilk döyüş şeypuru olacaq, insan onda ilk döyüş havasını çalacaq, havasını təzələmək istəyəndə isə öldürməyə gedəcək.
Təbiətin bütün səslərinin musiqisini dinləyən ibtidai ağıl onları öz içinə yığır. O, tədricən naxış-naxış çoxlaylı ərintilərə qarışaraq daxilində onlardan musiqi yaradır və zahirdə onu ahəngdar sözlə, nağılla, sehrlə, tilsimlə ifadə edir.
Poeziya zahirdə ölçülərə salınmış nitqlə ifadə olunan daxili musiqidir.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
KİTAB BƏLƏDÇİSİndə “Altı nömrəli palata”
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
O, bəşəriyyəti yalnız vicdanlılara və alçaqlara bölürdü, orta hədd tanımırdı.
Anton Çexov
Həyatımda ilk dəfədir ki, bir kitabı oxuyub bitirdikdən sonra hafizəmi itirməyi arzu edirəm. Çünki yalnız bu sayədə bu kitabla yollarımız yenidən kəsişə bilər. Belə bir halın mümkün olmaması məni onu deməyə sövq edir ki, eyni beyinlə “Altı nömrəli palata” əsərini oxumağa taqətim yoxdur.
Kitabda Vladimir Nabakovun Anton Çexov haqqında fikirləri Qismət Rüstəmov tərəfindən tərcümə olunmuşdur. Orada bir hissə diqqətimi çəkdi. Deyilirdi ki, boğulmuş gülüşlə əsnəmə arasında səs çıxaran yazıçılar var. Bəzilərində isə bu gülümsəmə ilə hönkürtüarası bir şey alınır. Çexovun yumoru isə bütün bunlara yaddır. Çexov şən adamlar üçün kədərli hekayələr yazırdı...
İçində dəli adı altında cəmiyyətin iç üzünü göstərən ən ağıllı adamların yatdığı xəyali bir xəstəxana düşünün. Düşündünüzsə, başlayaq.
Əsərə ilk başladığımız anda xəstəxananın həyətində nisbətən aralıda, əsas binanın yanında tikilmiş əlavə tikilidən söhbət gedir. Daha da irəlilədikcə buranın necə natəmiz şəraitdə mövcud olduğunun şahidi oluruq. Hansı ki bu tikilidə beş dəli müalicə alır.
Bu xəstələrdən (dəlilərdən) biri nisbətən arıq, çəlimsiz və vərəm xəstəsidir. Digəri isə balacaboy, diribaş, nə az, nə də çox, burada iyirmi il müalicə alan, cuhud Moyseykadır. Xəstəxanadan kənara çıxmasına icazə verilən tək xəstə. Üçüncü xəstəmiz həyatdan əlini üzmüş, ətrafında olanlara heç bir reaksiya verməyən, mənasız, küt sifətli, gonbul bir kişidir. Dördüncü xəstəmiz isə köhnə post çeşidləyicisidir.
Gələk sonuncu xəstəmizə. Kitabda üçüncü olaraq bəhs edilsə də, mən onu ən sona saxladım. Bu obrazın taleyinə nəzər saldıqda həyatın necə də acınacaqlı olduğunu bir daha xatırlayırıq. Həm sanballı, həm də varlı məmur Qoromovun oğlu olan, İvan Dmitriç...
Bəli, necə ola bilər ki, onu həyat ömrünün sonuna qədər xəstəxana adlansa da, əslində, həbsxana adlanan bu dörd divara məhkum edə bilər?
Atası öldükdən sonra universiteti yarıda qoyan və ucuz qiymətə dərs deməyə başlayan İvan həyata istədiyi kimi heç zaman tutuna bilmir. Anasının ölümü, daha sonra xəstəliyi səbəbi ilə işdən çıxarılması İvanı daha da təsirləndirir. Xasiyyəti və dəymədüşərliyinə əsasən heç kimlə uyuşa bilməyən İvan tək çarəni kitablarda tapır.
Ağrı-acı dolu taleyi əsasən ona rəğbət bəsləyən çevrəsi, nə yazıq ki, onu tez bir zamanda da unutmağı bacarır. Bəs onu gözləyən acı tale nə zaman başlayır?
Qeyd etmək istəyirəm ki, tarixə nəzər saldıqca həyasızlıq və işgəncənin, ədalətsizliyin öz gücünü gün keçdikcə daha da artırması çox bədbəxt haldır. İvan məhz bu ədalətsizliyin əlinə keçməkdən qorxur. İşləmədiyi bir günahın ruhuna hökm edən yükü onu zamanla xəstə edir. Xəstəxanaya yatırılır və yatdığı xəstəxanada digər xəstələri narahat etdiyinə görə həkim Andrey Yefimiçin sərəncamıyla Altı nömrəli palataya keçirdilir.
(Sizcə də bu xəstələr ağrı və acının müəyyən dərəcələrini ifadə etmiş ola bilərlərmi? Çexovun yumoristik qələmi bizə bu beş xəstə ilə nələri çatdırmaq istəyirdi?!)
Həkim Andrey Yefimiç həkim olmağı seçməsə də, atasının onu məcbur etməsi nəticəsində bu yolu seçməyə məcbur olur. Andrey Yefimiçin həyatına nəzər salsaq, görürük ki, o, əslində, sadə, nəvazişli və ədalətli bir insandır. Lakin əgər bir insan sevmədiyi işi görürsə, bu, nəticə etibarilə onun işinə zamanla etinasız yanaşmasına səbəb olur. Çox qəribədir ki, Andrey Yefimiçin adamyovuşmazlığı eynilə İvan Dmitriç ilə oxşardır.
Günlərin bir günü həkim Andrey Yefimiç xəstə Moyseyka səbəbilə palataya daxil olmağa məcbur olur. Və...məhz bunun nəticəsidir ki, İvan ilə Andrey Yefimiçin ağılalmaz və bir o qədər də təsirləndirici dialoqu başlayır. İvanın keçmiş mütaliə qabiliyyəti nəticəsində öyrənmiş olduğu müəyyən biliklər, daxili düşüncələri, çarəsizliyi, çırpınışları Andrey Yefimiçi heyran edir. Başlıqda qeyd etdiyim həmin cümlə Andrey Yefimiç tərəfindən İvan üçün söylənir. Bu iki insanın ünsiyyəti çevrədəkilər tərəfindən elə də yaxşı qarşılanmır. Hər kəs Andrey Yefimiçin zamanla dəli olduğunu düşünür.
Və... Andrey Yefimiçin əmri ilə İvanı palata divarları arasına məhkum edən Tanrı, eynilə Andreyin həkim tərəfdaşı Xobotov tərəfindən eyni palata divarları arasına həbs edilməsinə səbəb olur. Nəticə isə çox acı bir son! Bəli, bumeranq!
Əsərdə Çexovun söyləməyə, çatdırmağa çalışdığı ədalət necə də məğrur idi. Halbuki, onun qələmə aldığı heç bir obrazı Çexovun sözünə baxmırdı. Yazıçı sanki obrazları ilə fikirləri arasına möhkəm bir sədd çəkmişdi. Çexov ədaləti necə də mərhəmətli idi və bir o qədər də cəsarətsiz obrazların ayaqları altında əzilməyəcək qədər azad!
Sonluğu Moyseykanın tək cümləsi ilə bitirirəm.
-Bir qəpik ver!
Bəli, əziz dostum, dilənçinin qiyməti bir qəpikdir. Biz isə dəyərsizik!
Xoş mütaliələr!
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
O Azərbaycanşünas Nizami Cəfərovdur!
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Ötən gün - yəni 21 sentyabr Azərbaycanın görkəmli simalarından olan Nizami Cəfərovun doğum günü idi. Bu səbəblə "Ədəbiyyat və İncəsənət" olaraq onu təbrik edib gələcək fəalliyyətində uğurlar arzulayırıq.
Nizami Cəfərov cismən və ruhən ədəbiyyata bağlı bir adamdır. Elə ad günündə də onu Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gördük. O, ədəbiyyatşünas Azər Turanın 60 illik yubileyi tədbirində nitq söyləyirdi.
Təbii ki, Nizami Cəfərovu çox adam tanıyır. Lakin istərdik onun gördüyü işləri fəalliyyətindən xəbərdar olmayan o az qismlə də bölüşək.
Beləliklə, Nizami Cəfərov 21 sentyabr 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Nizami Cəfərov 1985-ci ildən etibarən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi kimi fəaliyyət gösrərməyə başlamışdır. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı (1994–2001) vəzifələrində çalışmışdır.
Odlar Yurdu Universitetinin “Filologiya və humanitar fənlər” kafedrasına təyin olunan Nizami Cəfərov 2003-cü ildən kafedranın müdiridir.
Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində "Dədə Qorqud" elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunmuşdur.
2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.
2004-cü ildə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin qərarı ilə "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir.
Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə, 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. AMEA-nın həqiqi üzvü və millət vəkilidir.
Nizami Cəfərova elmi sferalarda böyük nüfuz qazandıran ilk əsərlərindən biri – “Füzulidən Vaqifə qədər” əsəri də məhz ədəbiyyatşünaslıqdan olub. Alimin “Azərbaycanşünaslığa giriş”, türk xalqları ədəbiyyatının qədim, orta, yeni və ən yeni dövrlərini əhatə edən 4 cildlik fundamental “Türk xalqları ədəbiyyatı” əsəri də elmdə əsl hadisəyə çevrilib.
Nizami Cəfərov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yaradıcılığı
Tədqiqatları Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.
Akademik Nizami Cəfərov üçün türkologiya geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə məhdudlaşmayaraq, eyni dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq və kulturoloq vahid bir sistemdə birləşir. Nizami Cəfərovun hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir. O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaratmışdır.
Nizami Cəfərovun müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin Əfəndiyev, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də uzunömürlü dərsliklərin müəllifidir. Ədəbiyyatın mahiyyəti — ədəbiyyat tarixinin dövrləşdirilməsi, klassik şeirin poetikası, aşıq poeziyasının inkişafı, ədəbi tənqidin imkanları və iddiaları, "altmışıncıların" ədəbi simaları və problemləri haqqındakı tədqiqatları, yaxud ayrı-ayrı yazıçılarla əlaqədar portret-oçerk səviyyəsində təqdimatları Nizami Cəfərovun ədəbiyyat məsələlərinə, ədəbi prosesə dərindən bələd olduğunu, bir çox hallarda istiqamət verdiyini əyani surətdə göstərir. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində "Kitabi-Dədə Qorqud" dastanlarındakı "eposdan kitaba" doğru ədəbi proseslərin əsasında bu möhtəşəm oğuznamədən həm də ortaq ümumtürk və daha çox Azərbaycan yazılı ədəbiyyatının başlanğıc dövrünün ədəbi abidəsi qismində söz açmaq təşəbbüsünü irəli sürmüşdür.
Akademik Nizami Cəfərov ölkəmizdə "Azərbaycanşünaslığın əsasları"nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş "Azərbaycan mədəniyyəti məsələləri" (2000), "Azərbaycanşünaslığa giriş" (2001), "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları" (2001), "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət" (2001), "Azərbaycanşünaslıq məsələləri" (2001), "Heydər Əliyev və Azərbaycan" (2004), "Azərbaycanşünaslığın əsasları" (2005; 2013), "Atatürkün Azərbaycan siyasəti" (2008), "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı" (2012) və sair kitabları Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Nizami Cəfərov elmi fikirdə ümumtürk mənşəli Azərbaycançılıq ideologiyasının və nəzəri əsaslara kitabları Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biridir.
Sayı 500-dən çox olan elmi əsərlərin, o cümlədən monoqrafiyanın müəllifidir.
Rus, ingilis və fars dillərini bilir.
Nizami Cəfərovun bir görkəmli Azərbaycanşünas olduğunu qeyd etdik. Bizcə, bu, ən böyük statusdur.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfrans başa çatıb
Sentyabrın 21-də Azərbaycan Milli Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclası, həmçinin “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfransı başa çatıb.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.
Sonra Özbəkistan Milli Kitabxanasının direktoru, BAE-nin vitse-prezidenti Umida Teşabayevanın “Mərkəzi Asiya ölkələrinin sərhədyanı ərazilərindəki kitabxanaların qarşılıqlı əlaqəsi” mövzusunda məruzəsi dinlənilib.
Gündəlikdə olan əsas məsələlərdən biri BAE-də iştirak edən kitabxanaların 2023-cü ilin ikinci yarısındakı peşəkar tədbirləridir ki, bu barədə Belarus Milli Kitabxanasının direktoru Vadim Gigin, B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuriy Nosov, Udmurt Respublikası Milli Kitabxanasının direktoru Tatyana Tensina və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Qronskiy danışıblar.
İkinci məsələ 2024-cü ildə A.S.Puşkinin anadan olmasının 225 illiyinin qeyd olunması çərçivəsində layihə və tədbirlərin hazırlanması və həyata keçirilməsi olub. Bu istiqamətdə Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin prezidenti Vadim Duda və M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin çıxış edərək təkliflər veriblər.
2025-ci ildə İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş BAE tədbirlərinin planı B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuriy Nosov, M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Qronskiy tərəfindən təkliflər səsləndirilib, nəzərdə tutulan layihələr dəstəklənib, bu sahədə birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Ümumilikdə iclasda mədəni siyasət, kitabxana fondlarının formalaşdırılması, qorunması, bərpası, rəqəmsal biblioqrafiya, kitabxanaların modernləşdirilməsi, təcrübə mübadiləsi, ixtisasartırma, uşaq ədəbiyyatı, uşaqlarla iş kimi məsələlər müzakirə edilib.
Daha sonra Rusiya Dövlət İncəsənət Kitabxanası BAE-yə yeni üzv qəbul edilib, 2023-cü ilin sentyabrından 2027-ci ilin sentyabrına qədər BAE-nin baş direktorunun seçkiləri baş tutub. Səsverməyə əsasən Rusiya Dövlət Kitabxanasının Beynəlxalq şöbəsinin müdiri, Tərəfdaşlıq Proqramları Departamentinin direktor müavini İrina Qayşun baş direktor seçilib. Bununla da illik iclas yekunlaşıb.
İclasda, həmçinin “Azərbaycan Milli Musiqi Kitabxanası” layihəsinin təqdimatı olub.
Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu “Rəqəmsal dünyada yeni kitabxana xidmətləri”, Vatikan Kitabxanasının direktoru Mauro Mantovani “Kitabxanalar və müasir insan inkişafı”, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovçina “Kitabxanalar mənəviyyatımızın saxlanma mənbəyi kimi”, Belarus Milli Kitabxanasının direktoru Vadim Gigin “Belarus Milli Kitabxanasının Belarus Respublikasının tarixi dövlət siyasətinin formalaşmasında və inkişafında rolu”, Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Bakıtcamal Ospanova “Qazaxıstan Respublikasının Milli Kitabxanası və onun Qazaxıstanın sənədli mədəni-tarixi irsinin qorunmasında rolu”, M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Kitabxana işi üzrə baş direktor müavini, pedaqoji elmlər namizədi, “Rusiya Mütaliə Assosiasiyası” regionlararası ictimai təşkilatının vitse-prezidenti Maria Belokolenko “Kitab və mütaliə mədəniyyəti mərkəzləri” təşkilatlararası layihə: konsepsiya və ilk nailiyyətlər”, Udmurt Respublikası Milli Kitabxanasının direktoru Tatyana Tensina “Udmurt Respublikası Milli Kitabxanası udmurt xalqının mədəni yaddaşının qorunması və təbliğində”, Moldova Respublikası Milli Kitabxanasının direktoru Elena Pintilei “Mədəni və ictimai diplomatiya, yanaşmalar və fikirlər. Moldova Respublikası Milli Kitabxanasının təcrübəsi”, Başqırdıstan Respublikası Əhmet-Zəki Validi adına Milli Kitabxananın İnformasiya və İnnovativ Texnologiyaların İnkişafı üzrə direktor müavini Radmir Bayzigitov “Kitabxana sektorunda rəqəmsal innovasiyalar” və digər xarici və respublikanın aparıcı kitabxana işçiləri tərəfindən müxtəlif mövzularda məruzələr dinlənilib.
Sonra çıxışlar əsasında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)