Super User

Super User

 

Sentyabrın 24-də Akademik Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq.

Teatrıdan verilən məlumata görə, Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Tamaşada rolları Əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), Əməkdar artistlər Elnar Qarayev (Dost şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar Rüstəm Rüstəmov (Novator şair), İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) ifa edəcəklər.

Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Qeyd edək ki, səhnə əsəri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunub.

“Ədəbiyyat və incəsənət”
(22.09.2023)

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Cinayət cəzasız qalmaz! Gözəl kəlamdır. İndi cinayət tək odlu və soyuq silahla deyil, sözlə də həyata keçirilir. 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının sosial şəbəkədə onu təhqir edən şəxsi məhkəməyə verməsi barədə xəbəri “Qafqazinfo”dan oxudum. Həmin məlumata görə, E.Şıxlı Lənkəran Şəhər Məhkəməsində iddia qaldırıb.

 

Xüsusi ittihamçı iddia ərizəsində göstərib ki, əvvəldən tanımadığı Əlihüseyn Ağayev “TikTok”da onu təhqir edib, şərəf və ləyaqətinə xələl gətirən sözlər işlədib.

Məhkəmədə xüsusi ittihamçının vəkili Həbib Əliyev çıxış edib. Vəkil müvəkkilinin təhqir olunduğunu təsdiq edən kifayət qədər sübutlar olduğunu bildirərərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinin sanksiyası həddində cəzalandırılmasını istəyib.

Müdafiə tərəfi isə özünü təqsirli bilməyərək bəraət qərarı çıxarılmasını xahiş edib.

Hakim Murad Aslanov tərəflərin fikirlərini öyrəndikdən sonra qərarını açıqlayıb. Qərara əsasən, Əlihüseyn Ağayev verilmiş ittihamla təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Bu, digərlərinə də ibrət dərsi olsun. Sosial şəbəkə hazırda başqalarını təhqir etmək, alçaltmaq ünvanına çevrilib. Unutmasınlar ki, hər bir əmələ görə cavab vermək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Cümə, 22 Sentyabr 2023 16:49

Kitab Sərgisi yenə Sumqayıta gəlir!

 

 

Sumqayıt şəhərinin “Kimyaçı” Mədəniyyət Sarayı 13-15 oktyabr tarixlərində növbəti kitab bayramına evsahibliyi edəcək. 
III Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Artıq iki ildir ki, keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanır. Üçüncü sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutacaq, müxtəlif faizli endirimlər tətbiq olunacaq.
Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, tamaşa, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək.
 Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, masterklaslar və əyləncəli fəaliyyətlərlə bu sərgi daha rəngarəng olacaq!

“Ədəbiyyat və incəsənət”
(22.09.2023)

Cümə, 22 Sentyabr 2023 16:00

Öldür onu! - HEKAYƏ

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Dəhliz

-Salam ana, biz gəldik.
-Xoş gəldin qızım, keç içəri, əllərini yu, süfrə hazırdı.
-Yaxşı.


15 dəqiqə sonra

Mətbəx

-Günün necə keçdi?
-Biz bu gün çox gözəl gün keçirdik. Elə deyil?
-.........
-Qızım, sən kimə deyirsən? Mən səndən soruşuram axı.
-Hə, ana, getdik universtitetə, bir dərsdən sonra dərsdən qaçıb gəzməyə getmişdik.
-Nə, kiminlə, hara?!
-Anacan, yeməyi niyə bir boşqab çəkmisən?
-Ay Nigar, qonaq var bəyəm? Nə olub axı sənə?
-Sən niyə qəbul etmirsən axı?
-Nəyi, ay Nigar, nəyi?

Bu vaxt evin kişisi də gəlib masa ətrafında əyləşmək istəyir.
-Oturma ordaaaa!!!
-Niyə?
-Korsan?! Onu əzərsən.
-Ay qız, adam atasına kor deyər, bu nə danışıqdı? Həm, kimi əzirdim ki mən?
-Ata?! Sən?! Sən atasan?! Ümumiyyətlə, sən kişisən?! İnsansan sən?1 Sən iyrənc məxluqsan, nifrət edirəm sənə.
-Günel, yığışdır bunun ağzını, yoxsa.
-Yoxsa nə? Yoxsa neyniyəcəksən? Ana, bu dəfə heç nəyə qarışmırsan. Həm uşağı əzirdi, həm, belə danışır.
-Nigar, özünə gəl, qəbul et, artıq o yoxdur.
-Ana, sənə dedim axı qarışma.
-Ay qız, sən dəli olmusan?
-Yox amma, sən bir dəfə kişi ola bilmədin. Girmisən evə, qara qəpiyin yiyəsi deyilsən, düşmüsən ağ zəhərin içinə, güya bilmirəm?

35 dəqiqə sonra

Yenə həmin məkan

-Salam, Abşeron rayon üç saylı polis bölməsinin istintaq rəhbəri polkovnik Turan Həsənlidir.
Huşu gedən Günel xanım və əlləri qan içində anasına baxan Nigar. Yemək masasının bir küncündə isə Vüqar Alıyevin cansız bədəni.
Bir az sonra özünə gələn Günel xanım güclə də olsa polislərin suallarına cavab verməyə çalışır.
-Günel xanım, siz mərhumun nəyi idiniz?
-Yy-yyoldaşı.
-Bəs qatilin?
-Aa-anası.
-Hadisələr necə baş verdi?
-Tam xatırlamıram.
-Xatırladığınız qədərini danışın.
-Saat dörd olardı, Nigar universtitetdən gəlmişdi. Elə bir az sonra süfrəyə oturdu. Ss-ssonra...

Araya səssizlik çökərkən bu səssizliyi təkcə Günel xanımın göz yaşları boğur.

-Yaxşı, Nigar niyə atasını öldürdü?
-Mm-mənim qqq-qızım qatil deyil. Mən sizə hər şeyi başdan danışacam.

Və danışır:
-Qız dərsdən gələndən kiminləsə birlikdə gəldiyini vurğulayırdı, amma yanında heç kim yox idi. Süfrəyə oturandan bəri də sanki, yanında uşaq varmış kimi davranıdı. Sonra da, kişi süfrədə oturmaq istəyəndə qoymadı ki, bəs onu əzirsən....
  

 2 saat sonra


Dindirilmə otağı

-Hə, Nigar xanım, danışın görək, siz atanızı hansı əsasla öldürdünüz?
-Nə?Ata? Əşi kişi idi o? Öldürmüşəm, əcəb eləmişəm. Hər şey onun ucbatından olur elə.
-Axı mərhum sizə nə etmişdi?
-Mənə heç nə, ancaq balaca qardaşım Vaqif doğulandan uşağa gün verib işıq vermir. Süfrədə də, yenə uşağı görməyib üstündə oturmaq istəyirdi. Öz zəhərinə uşağı qurban etməsi az deyilmiş kimi, hələ bir süfrədə də, görməzlik edir. Mən başa düşmürəm, axı anam niyə Vaqifi görməzlikdən gəlirdi?
-Necə yəni görməzlik?
-Naharda biz gələndə nə əyilib uşağı öpdü, nə də bir boşqab yemək verdi. Hələ mənə deyir, niyə dərsdən tez çıxmısan? Axı bu gün mənim balaca qardaşımın on yaşı tamam olurdu. Məgər mən onun böyük bacısı ölmüşəm ki, uşaq ad günündə də gəzməsin? Onsuz o narkoman atasından xeyir gəlməz.

İllərin əməliyyatçısı, polkovnik Turan Həsənlidən başqa kimsə bu cinayət işini açmağa qadir ola bilməz. O, işində artıq çox püxtələşmişdi, ən kiçik detalı belə puzzle parçası kimi birləşdirdiyi üçün əsas hadisələri nisbətən bir yerə yığsa da, faktları tam anlamaq üçün Günel xanımla birlikdə bölmədən cinayət məkanına təkrar nəzər salmağa yollanmışdı.

21.06.2017


İçəri girəndə sanki, gözünü duman almış kimi ətrafı seçə bilməsə də, ayaqları onu ora aparırdı. İçindən bir səs "get Vaqifi yoxla, uşağın bir saatdı səsi çıxmır" deyirdi. Budur, qapı açılır və o, otağa daxil olur. Gördükləri qarşısında səsini belə çıxara bilməyən Günel Nigar məktəbdən gələnə kimi 4 yaşlı oğlunun cansız bədəninin yanında dizləri üstə çökür. Qapının döyültüsü sanki onu yuxudan ayıldır. Günel heç nə olmamış kimi key-key qapını açır. Anasının ağarmış bənizindən və Vaqifin bacısının səsini eşidib ortaya çıxmamasından Nigar nə isə tərslik olduğunu anlayır. Otağına keçib çantasını qoyan kimi Vaqifi səsləyir, lakin uşaqdan hənirti gəlməməsindən qorxan qızcığaz anasının otağına daxil olur..
......Vaaaqiiif.......

 ......Anaaaaa.....
-Ana qalx, anacan, qalx, qalx, qalx. Vaqif nəfəs almır, ana. Onun ağzı ağarıb ana, onun ağzı ağarıb. Bax hər yer köpükdü. Qalx, qurban olum, qalx..
Oğlunun hələ mələk yaşlarında dünyaya gözlərini yummasına tək səbəb  narkotik istifadəçisi bir atanın aciz və səhlənkar davranışı oldu. 4 yaşlı Vaqif atasının çəkməcəsinin üstündəki həbləri konfet bilərək ağzına atmış və cəmisi 15 dəqiqə sonra zəhərin təsirindən dünyasını dəyişmişdi.
Qəribədir ki, bütün bu hadisələrdən sonra oğul qatili "ağ zəhərli" ataya cəmisi 4 il iş verilmiş, azadlığa çıxandan sonra isə heç nə olmamış kimi o, evə qayıdıb gələ bilmişdi. Təəssüf ki, bəzən qanunlar bariqanın narkotikdən gələn gəliri hesabına yenidən yazılar və bir cinayətin üstü belə örtülər.
Qardaşının ölümünü qəbul edə bilməyən Nigar 6 ildir ki ,xroniki insomnia və şiddətləndirilmiş şizofreniyadan əziyyət çəkir və həyatına sanki, uşaq sağmış kimi davam edirdi...
        

 02.02.2023

-Nigar?
-Hə,Vaqif.
-Öldür onu.
-Niyə?
-Çünki,o məni sevmədi
-Elə şey olar? Vaqif, o bizim atamızdır.
-Xeyr ,o pis adamdır, əgər mənim getməyimi istəmirsənsə öldür onu...

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)
       

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabrın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

 

Teatrdan bildirilib ki, “ART - ORDO 2023” IX Teatr Festivalı Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunub.

Sentyabrın 30-dək davam edəcək festivalda Gənc Tamaşaçılar Teatrı “İnanıram” adlı monotamaşa ilə çıxış edəcək.

Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

 

Şəkildə: Tamaşadan səhnə

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

 

Dünya ədəbiyyatının ən nüfuzlu mükafatlarından olan "Buker" mükafatının qısa siyahısı açıqlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı mükafatın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 6 əsər yer alıb.

Onları təqdim edirik:

 

Sarah Bernstein

 "Study for Obedience" (İtaət öyrən)

 

Jonathan Escoffery

 "İf I survive you" (Səndən keçsəm)

 

Paul Harding

 "This other eden" (Bu digər Edem)

 

Paul Lynch

 "Prophet Song" (“Peyğəmbərin mahnısı")

 

Chetna Maroo

 "Western lane" (Qərb zolağı)

 

Paul Murray

 "The bee sting" (Arı sancması)

 

Daha ətraflı növbəti buraxılışlarda. 

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Oktyabrın 15-də Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın əfsanəvi “Rhythm of the Dance” qrupu çıxış edəcək.

 

Bu dəfə tamaşaçıları orijinal kelt melodiyaları, möhtəşəm İrlandiya stepi, canlı musiqi və solistlərin heyranedici ifalarından ibarət sehrli bir performans gözləyir. İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin böyük şəhərin müasir ritmləri ilə birləşməsi - bütün bunlar “Rhythm of the Dance” qrupunu dünyada daha da məşhurlaşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Oktyabrın 21-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Opera Studiyasında Rusiyanın Əməkdar artisti Aleksandr Dyujevin ifasında A.Puşkinin ən məşhur, parlaq əsəri təqdim olunacaq. 

 

BMA-dan verilən məlumata görə, Dmitri Dyujev tərəfindən ifa olunacaq “Yevgeni Onegin” valehedici monotamaşadır. 

Tamaşaçılar dünya ədəbiyyatının şah əsərini yeni tərzdə dəyərləndirmək imkanı əldə edəcəklər. 

Səhnə əsərində görkəmli bəstəkar Sergey Prokofyevin bu tamaşa üçün xüsusi olaraq yazılmış musiqisi səsləndiriləcək. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti Antonina Kuznetsovadır.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

İstedadlı prodüser, müğənni və musiqiçi Yefim Zavalnı Bakıda özünün hitlərin yaradılması təcrübəsini bölüşəcək. Onun “ArXİTektura” adlı bu gün - sentyabrın 22-də Bakıdakı Rus evində keçiriləcək mitapı (ingilis dilində “meetup” – görüş) həm yeni yazmağa başlayan müəlliflər, musiqiçilər və prodüserlər, həm də bu sahədə çoxdan fəaliyyət göstərən və yeni biliklərin axtarışında olanlar üçün maraqlı olacaq. Tədbirə giriş sərbəstdir, görüş saat 19:30-da başlayacaq.

 

“ArXİTektura” - mahnıları necə daha orijinal, peşəkar və yaddaqalan etməklə bağlı müzakirələrin aparılacağı görüşlər silsiləsidir.

Proqramda təkcə nəzəri biliklərin yox, həm də təcrübənin öyrədilməsi nəzərdə tutulur. Yefim müəyyən bir mahnının və ya demo versiyasının nümunəsində musiqinin bəstələnməsi və aranjimanı ilə bağlı bütün aspektləri addım-addım izah edəcək, tez-tez yol verilən səhvlərdən və onları aradan qaldırmağın üsullarından bəhs edəcək.

Yefim Zavalnı peşəkar müğənni və musiqiçidir, Avropa və ABŞ səhnələrində çıxış edən və Rusiyanın ən yaxşı prodüserləri ilə əməkdaşlıq edən Mariinsk teatrının solistidir. O, 15 ildir ki, musiqilərin bəstələnməsi və artistlərə prodüserliklə məşğuldur. Onun kompozisiyaları iri beynəlxalq müsabiqələrdə qalib gəlib, BBC Radiosunun efirində səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının  Güneydən gələn səslər layihəsində bu gün Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri Behruz Sədiqin şeirləri ilə tanış edəcək. 

 

 

Behruz Sədiq 1969-cu ildə Muğanda doğulmuşdur. Güney Azərbaycan ədəbiyyatının tanınmış simasına çevrilmişdir. O “Yalqız ağac dostluğunda”, “Qanadlı sözlər bağçası”, “Yaramı buğda bağlayır”, “Gəlin gedək Günəş gilə”, adlı kitabların müəllifi və “Qonşu divarından sallanan alma”, Leo Tolstoydan uşaqlar üçün hekayələr kitabı “Ərik dənəsi” və Əhməd Efənin uşaqlar üçün şeirlər kitabı “İşığın ürəyi” adlı kitabları tərcümə eləmişdir.

 

 

 OLUBMU?

 

Arazladarmı iki qonşu bulaqlarınızı?

Çatladarmı, yoxsulluq saran gövdənizi?

Yoxa varmış yuxa ürəkli nazlı varlıq yoxluğu?

Uzun-uzadı bir gecənin gecəliyinə aslanıb

Dalğa kimi enib qalxan,

Qıp-qırmızı ət parçanızı pasladıb,

Solğunluq şeirini çatlaq vurmuş

Dodaqlarınızla oxuduğunuz olubmu?

“Qaranlıq yuxularla keçibmi ağlama saatlarınız?

 

Qovuşmaqçün torpağın qoynuna köçmək duyğusunu yaşayıbsınızmı?

Asıbmı hər gün dəli həsrət qan boyalı iplərindən

Alov sarmış boğazınızı?

Siz sevda söyüdlüyündə yaz mövsümü ikən

Solmaq üşəntisini sezibsinizmi?

Yoxkən var olanlara bitməyən qaranlıq gecələrdə,

Ağ kağız üzərində yana-yana sonduğunuz sətirlər olubmu?

Olubsa və sizin dərdinizi soyubsa

Yaşatmaq yanğısı yaralarınızda

Baharın addım səslərindən xəbər verəcək.

Yaralarınız yardan paydır deyə

Yolların boyuna boyanacaqsız,

Quşlarla,

Çiçəklərlə hamaş olub

Ağrı, acılara yubanacaqsız.

 

 

YENƏ

 

Yenə “Prapanol”, yenə “kodein”,

Yenə təqvimləri çeynəyir siçan.

Sinəmdə səyriyir sözün sərgisi,

Yalın əllərimdə göynəyir güman.

 

Ona bənzər əli qoynunda, dalğın –

Ötür küçəmizin payızlığından.

Yaxılmış yarası, baxış da yayğın,

Mən onu tanıram Arazlığından.

 

Yenə “Prapanol”, yenə “kodein”,

Dalğalar qoynunda qırmızı saat.

Çılpaq ayağımda tikan küçüklər

Və həyat kişnəyən dəlisov bir at.

 

 

GÜNAHSIZ ƏLLƏR

 

Gülürdün

Uçurdu yuvasından

Göyərçin

Yaşamırdım Ölüm üçün.

Göy üzünü quşlar bəzəyirdi

Ürəyimi sən

İndi;

Yarpaqların

Ağnadığı vağamında

Kalavamın kandarında kəhildəyib

Səni payızlanıram

Səni,

Uzaqlaşdığım vətəni.

Bir gün

Bir gün

Bir gün

Torpaq utanacaq bulaqlığımdan

Ağaclar ağlağan payızlığımdan

Və saçın oxşayar “Gilavar”, yağış

Gilənar giləndə göyərən yağış

Mənim yoxluğumu qışqıracaqlar:

Onun əllərinin günahı yoxdur.

 

 

*

 

İnsan!

Yaşmaqlı gəlinin

Yaylığı ağlıq

Muçura tələskən

Körpəcik ağac

Günəşə boylanan

Gilənar gəlin;

Qızlığı qanlanmış qudurğan bahar

Qaranlıq qolunu qaharan qavram

Həm də ki,

Sızlayan yaram

İnsan!

O uca dağlıq

Tam Qarabağlıq...

 

 

QIRMIZI QARANLIQDA KİNO PYES

 

Olay dolu bir kino görüntüsüdür

Qırmızı işıq arxasında

Dilənən qadın.

Kürəyində;

Şərabı şalıyla

Şələlənmiş şəfəq.

 

Donuq bir qış axşamı

Yağır lopa-lopa qar  

Yubanmış yenə də yaralı bahar.

 

Kino beləcə başlamışdı

İki xarakteri var idi

Bu iki pərdəli pyesin

Nə Hollywood kinosuna bənzəyirdi,

Nə də Bollywood.

 

Boğazımı sarır boğanaq

Baxış bucağım alışır

Çökmüş duman qucağına

Sığınıb

Ağlayaraq

Xıxıram

Lap beləcə

Ürəyimin axırına çıxıram

İşıq əkilir,

Pərdə çəkilir.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.