![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edəcək
Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində gürcüstanlı pianoçu, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadzenin Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konserti olacaq.
Konsert Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı olub
Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası ilə yeni teatr mövsümünün açılışı olub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın yaradıcılıq planları haqqında danışıb.
Bildirilib ki, ənənəvi olaraq Akademik Milli Dram Teatrında mövsümün açılış və bağlanış mərasimləri "Qarabağnamə" tamaşası ilə olur.
M.Ələkbərzadə diqqətə çatdırıb ki, növbəti teatr mövsümünün açılışında "Qarabağnamə" tamaşası yeni quruluşda təqdim olunacaq. Bu ilin dekabrın sonuna qədər isə üç yeni tamaşanın premyerası keçiriləcək. Bunlar "Dantenin yubileyi", "Sənsiz" və "Əsrə bərabər Gün" tamaşalarıdır.
Sonra “Qarabağnamə” tamaşası təqdim olunub.
Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov olan tamaşada XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Aslan Şirin, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov canlandırıblar.
Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunub.
Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
“Efirdə xalqımıza xas, illərdir qoruyub saxladığımız mədəniyyət, ailə dəyərləri itməməli, təbliğ edilməlidir…”
Bütün dəyərli "Ədəbiyyat və İncəsənət" portalı oxuyucularına salamlar, hər vaxtınız xeyir olsun. Bugünkü müsahibəmiz gənclərə xitab edən televiziya proqramlarından olan MAG'ın prodüseri Nailə Mirzəzadə ilə olacaq. Müsahibəni əməkdaşımız Leyla Səfərova aparır.
-Salam, Nailə xanım. Sizinlə müsahibə aparmaq çox xoş olacaq. Öncəliklə istərdim, bizə məlumat verəsiniz. Nailə Mirzəzadə kimdir?
-Salam, mən Nailə Mirzəzadə - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin layihəsi olan, "MZ" Production tərəfindən istehsal edilən, İctimai Televiziyada yayımlanan MAG verlişinin prodüseri, Sağlam Ailə tibb mərkəzinin Ultralab filiallarının İctimaiyyətlə əlaqələr üzrə ( PR) meneceriyəm. Bir çox tədbirlərdə təşkilatçılardan olmuşam. "MZ" Production tərəfindən istehsal olunan və Azərbaycan telekanallarında yayımlanan bir sıra verilişlərin ( “Tor” , “Analar Məktəbi “) prodüseri olmuşam.
Eyni zamanda həkim və psixoloqları bir araya gətirən ilk instagram hesabının yaradıcısıyam. Yeni yaransa da, maraq güclüdür və gələcəkdə böyük işlər görəcəyimizə inanıram. Gələcək planlarım öz sahəmdə inkişaf etmək, yeni layihələr, yeni ideyaları həyata keçirməkdir. Təbii ki, komanda ruhu ilə.
-Bütün bu nailiyyətləriniz arasında sizin üçün "ən uğurlu" hesab etdiyiniz hansıdır? Nəyə görə?
-Ən uğurlu nailiyyətim hazırda olduğum yerdir. Buna görə həmişə yanımda olan anama, ailəmə, dostlarıma, iş kollektivimə, xüsusən də mənə hər zaman yol göstərən Üzlufət xanıma bir ömür minnətdaram.
-Nailə xanım, qəbul edərik ki, televiziya mədəniyyətin başlıca qaynaqlarındandır. Sizin fikrinizcə, bugün televiziya tam mənada öz missiyasını tamamlaya bilirmi? Nə aşılanmalıdır və nə aşılanır?
-Bəziləri düşünür ki, hazırda televiziya sosial mediaya uduzur, amma tam da elə deyil. Məsələ ondadır ki, ucqar məkanlarda yaşayan insanlarımız, orta yaşlı və yaşlı insanlarımız ümumiyyətlə sosial şəbəkələrdən daha az istifadə edirlər. Bu baxımdan televiziya hələ də öz aktuallığını qoruyub saxlaya bilir. Amma etiraf etmək lazımdır ki, bəzi evlərdə ümumiyyətlə televiziya açılmır. Buna görə də deyə bilərik ki, böyük şəhərlərdə sosial media daha çox inkişafdadır. Getdiyimiz hər hansı bir məkanda telefonu açıb sosial mediadan istifadə edə bilirik. Hazırda televiziyamızda yaxşı verlişlər çox olsa belə öz ideyalarını tam çatdıra bilməyən və ya doğru təbliğatlar apara bilməyən verlişlər də kifayət qədər var. Bu cür verlişləri izlədikcə insan həqiqətən utanır ki, doğrudanmı bizim cəmiyyət hələ də bunu izləməyə davam edir, bunları müzakirə edir!? Əslinə qalanda isə bu cür mövzuları təəssüf ki, biz özümüz onları izləyərək ön planda saxlayır, aktuallaşdırırıq. Beləliklə də sırf izlənmə üçün bu cür proqramların sayı-hesabı artır. Biz keyfiyyətli verlişlərin izlənməsini və tələbini artırmalıyıq. Bu zaman televiziya da inkişaf edər.
Bugün tam mənada televiziya öz missiyasını tamamlaya bilmir, çünki dediyim kimi, böyük şəhərlərdə sosial mediaya uduzur və nəticədə bəzən sosial mediada olan daha zəif keyfiyyətli insanlar və mövzular televiziyaya gəlib çıxa bilir. Buna görə də təbliğatlar sosial mediada daha çoxdur.
Gənclər arasında daha çox Azərbaycanlılara xas, illərdir qoruyub saxladığımız mədəniyyət, ailə dəyərləri itməməli, təbliğ edilməlidir. Ümumiyyətlə tək gənclər yox, hər kəsi doğru məlumatlandırmalı, maarifləndirməli, televiziyada daha diqqət çəkən, maraqlı verlişlər hazırlanmalı, səviyyəsiz müzakirələrə qadağalar qoyulmalıdır. Verilişi hazırlayan insanlar öncə düşünməlidir ki, biz bunu hazırlayaraq insanlara nə veririk, nə təbliğ edəcəyik? Və əgər bu sualların cavabında özlərinə müsbət cavab verə bilmirlərsə o zaman həmin verlişlərin yayımları dayandırılmalıdır.
-Siz gənclərlə işləyən, fəaliyyətini gənclərə adayan biri kimi bugünkü televiziyada nəyi dəyişmək istəyərdiniz? Mükəmmələ ən yaxın olma yolunda nə addım atardınız?
-Mən özüm də fəaliyyətimə "Müasir Azərbaycan gənci" verlişi ilə başlamışam və sırf gənclər sektorunda illərdir ki çalışıram. Bugün çox istərdim ki, televiziya sahəsində keyfiyyətli verlişlər artırılsın. Maraqlı, fərqli kontentlər, gənclərin maraq göstərdiyi mövzular təqdim olunsun. Tək gənclər üçün də deyil. Televiziya verlişləri daha keyfiyyətli hazırlanmalıdır. Kiminsə həyatı ilə bağlı xəbərlər deyil də, ümumi ictimaiyyətlə bağlı, təbliğat xarakterli doğru istiqamətlənmiş televiziya proqramları artırılmalıdır.
İnsanlarda neqativlik yaradan verlişlərin sayını minimuma endirmək istəyərdim. Onsuz da insanların kifayət qədər problemi var, əlavə olaraq başqalarının problemlərini müzakirəyə çıxartmağı dayandırmaq yaxşı olar. Çünki belə təbliğatlar nəinki inkişaf etdirir, hətta insanları mənfi istiqamətlərə yönəldirlər, sanki variant, yollar göstərirlər.
Daha kreativ, daha intellektual, insanlara pozitivlik yükləyən, maarifləndirici, əyləncəli, öyrədici, inkişafetdirən və sairə verlişlərin çoxalmasının tərəfdarıyam. Düzdür, sayılan bütün istiqamətlərdə verlişlər var, amma sayının artmasını çox istəyərdim və pararlel, həmin verlişlərin sosial şəbəkədə də aktivliyi mütləqdir. Məqsəd daha çox kütləyə çatmaq olmalıdır.
-Bildiyimiz kimi, bizim portalımız- "Ədəbiyyat və İncəsənət" portalı mədəniyyətin inkişafı və müxtəlif sahələri ilə maraqlanır. Portalımızın gəncləri də daim inkişafa meyilli gənclərdir. Bəs siz gələcəyin qələm sahiblərinə, jurnalistlərinə, rejissorlarına və s. nə demək, nə tövsiyyə etmək istərdiniz?
-Mən özüm də gənc olduğum üçün tövsiyyə etməkdən çox, öz fikirlərimi bölüşmək istərdim. Hər zaman inkişaf etsinlər, keyfiyyətli işlərlə fərqlənməyi bacarsınlar, işlərini sevərək etsinlər, etdikləri hər bir işin yaradacağı təsiri mütləq nəzərə alsınlar, ən əsası, işlərində vicdanlı olmağı bacarsınlar və özlərinə dəyər verməyi unutmasınlar.
-Nailə xanım, vaxtınızı ayırdığınız və fikirlərinizi bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə daimi müvəffəqiyyətlər arzu edirik. Sizi tanımaq xoş oldu.
-Mənim üçün də xoş oldu, təklifiniz üçün təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Azərbaycanlı skripkaçı-virtuoz Polşada müsabiqənin laureatı olub
AzərTAC xəbər verir ki, azərbaycanlı virtuoz, Əməkdar artist Elvin Hoca Qəniyev Polşanın Katovise şəhərində keçirilən Karol Şimanovski adına mötəbər Beynəlxalq Müsabiqənin qalibi olub.
Karol Şimanovski adına Beynəlxalq Musiqi Müsabiqəsi beş ildən bir Katovise (Polşa) şəhərində keçirilir. Qaliblər dörd fənn - fortepiano, skripka, simli kvartet və vokal üzrə müəyyən edilir. Onlar nüfuzlu mükafat, karyera yardımı, təxminən 300 min avroluq fonddan pul mükafatı, habelə əfsanəvi Marin Alsop və Polşa Radiosunun Milli Simfonik Orkestri ilə eyni səhnədə qala-konsertdə çıxış etmək imkanı əldə edirlər.
Nüfuzlu “A” müsabiqəsinin laureatı adı Elvinə ən yaxşı konsert məkanlarına, dünyanın məşhur musiqiçiləri və qrupları ilə əməkdaşlığa yol açır.
Elvin Hoca Qəniyev K.Lipinski və Q.Venyavski, P.İ.Çaykovski, D.Oistrax və başqalarının adına olan beynəlxalq skripka müsabiqələrinin laureatıdır. Azərbaycanlı virtuoz Berlində (Almaniya) keçirilən II Beynəlxalq Musiqi Müsabiqəsində qızıl medal qazanıb. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.
Gələcək skripkaçı musiqiçilər ailəsində anadan olub. Anası Nərminə Qəniyeva pianoçu, atası Hayretdin Hoca violonçel ifaçısıdır. Babası dünyaşöhrətli skripkaçı musiqiçi, Azərbaycanın Xalq artisti, Beynəlxalq müsabiqələr laureatı, professor mərhum Sərvər Qəniyevdir.
Elvinin valideynləri Bilkənt Universitetinin Musiqi fakültəsində dərs deyir və Bilkənt Simfonik Orkestrinin solistləridir. Uşaqlıqdan vunderkind adlanan Elvin yeddi yaşında Vivaldinin iki skripka və orkestr üçün konsertini görkəmli skripkaçı Viktor Pikayzenlə ifa etmək üçün dəvət alır. O, Bilkənt Universitetinin (Türkiyə) və Sürixdəki İncəsənət Universitetinin (İsveçrə) məzunu, beynəlxalq müsabiqə və festivalların qalibidir.
Roma Papası 2010-cu ildə İtaliyada keçirilən Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsində qalib gələn Elvini ordenlə təltif edib. Virtuoz skripkaçı beynəlxalq klassik musiqi müsabiqələrində fəal iştirak edir, xaricdə çoxlu konsertlər verir. Elvin ABŞ, İtaliya, İsveçrə, Böyük Britaniya, Rusiya, Türkiyə, İspaniya, Fransa, Polşa və digər ölkələrdə çıxışlar edib.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
“Çiyinlərdə gəzən tabutlar çiyinlərə yox, ruhlara yük olacaq…”
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Fransız bilməz bir gecədə 50 rəqəmi niyə yaddaşlara həkk oldu..
Rusun nə xəbəri axı, xalqın dilinə niyə 2784 rəqəmi dolanıb..
44-ün altında yatan yaralı ürəklər hələ buzlaşmayıb axı..
Ocaq var ki, şəhidinin 1 ili hələ təzə ikən bir şəhid də od saldı evlərə..
Yaşlılar televizora baxıb sevinir ki, torpaqlarımız alınır, bizim cavan vaxtı çıxdığımız diyarlarda yenə bizim toxumlar sərpilir..
O toxumlar qanla sulandı axı..
Biz yaddaşlarda rəqəmləri həkk etdik, amma heç bir statistika ,heç bir rəqəm bir ananın göz yaşlarını sayacaq qədər yetərli olmadı, olmayacaq.
Bizlər deyirik Vətən sağ olsun, şəhid anası deyir, kaş oğlum sağ olardı, şəhid balası isə deyir, kaş atamı bir də görə biləydim..
Yadların sevgisi torpağa, neftə, qaza, münbit iqlimə idi, canını torpağa tapşıranların sevgisi Rəsulzadə əmanəti bayrağa sarılmaq idi.
Yenə də, başın sağ olsun Vətən!
Kəramət Böyükçölün bir deyimi var idi. Deyir ki, müharibə başlayanda ilk önə atılanlar şəhid və qəhrəman olacaq, geridə qalanlar vətən sağ olsun deyib ölənin ruhuna sükuta qərq olacaq. Şəhid ailəsi, yəni: beli bükülən şəhid atası, ürəyinə dağ çəkilən şəhid anası, bəlkə 20 günlük, bəlkə 20 illik ömür gün yoldaşı, anasına sığınan şəhid övladı, gözü yaşlı şəhid şəklinə sarılan minlərlə yaralı ürək, minlərlə od düşən ocaq. Çiyinlərdə gəzən tabutlar çiyinlərə yox ruhlara yük olacaq.
Kaş mən də şəhid olardım deyən minlərlə qazilər…
Nə bilim, müharibənin say-say bitməyən yaraları, ağrı-acıları var. Sözlər yaraları dindirmir, axan qanlar durmur. Vətən sağ olsun!!
Vətən yaralı.
Vətən qanlar içində…
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Xalça Muzeyində Milli Musiqi Günü qeyd olunub
Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılıb və uşaqlar üçün konsert proqramı təşkil olunub.
Muzeydən verilən məlumata görə, sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdirilir. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçalar, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir.
Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb.
Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyabrın 28-dək davam edəcək.
Milli Musiqi Günü münasibətilə təşkil olunan konsert proqramı isə muzeyin Uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə təşkil olunub. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim edilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
MUSİQİ BƏLƏDÇİSİ - klassik janr musiqiləri ən üstün musiqi sayılır
Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”
Musiqi bənzərsiz səslərin harmoniyasından yaranan bir mənəvi qidadır. İnsan ruhunu zənginləşdirən, sakitləşdirən bir dəyərli sənət nümunəsidir. İnsan hislərinin çoxu musiqi ilə bağlıdır. İnsan qəlbini fəth edən musiqi özünəməxsusluğu ilə bir çox sənət əsərlərinin meydana gəlməsinə səbəb olmuşdur. Musiqi poeziya ruhu və onun yaradıcısı kimi də səslənə bilər. Şair və yazıçı sənətinin yaranmasında məhz musiqilərin öz yeri var. Biz şairləri qələmə bağlayan və sənətimizə güc verən, bizi ilhamlandıran bu sənət nümünəsinin əvəzsizliyi zehni gücümüzün inkişafıdır.
Dunya musiqiləri içərisində klassik janr musiqiləri ən üstün musiqi sayılır. Klassik musiqi əsərləri insan beyninin və ruhunun səssizliyidir. Bu musiqi janrı öz müasirliyini hər dövrdə qoruyub saxlayır. Şopen, Çaykovski, Bethoven, Motsart və.s.. kimi unudulmaz əsərləri ilə yaddaşlarda qalan məşhur bəstəkarlar yaratdıqları möhtəşəm inciləri ilə insan dəyərlərini heyran etmişlər. Azərbaycan musiqisinin klassik sənətinin görkəmli nümayəndəsi və banisi Üzeyir Hacibəyov öz orijinal musiqi üslubu ilə Azərbaycan musiqisinin tarixinə mühüm imza atır. Görkəmli bəstəkarın sənət nümunələri XX yüzillikdə Azərbaycandan kənarda, bir çox ölkələrdə tanınmağa başlayır.
Mən klassik musiqilərə üstünlük verirəm, lakin bununla yanaşı klassik opera musiqisini də qulaq asıram. Klassik musiqi sənətimin davamlılığını, dərinliyini tamlıqla ruhumda əks etdirir. Yeni yaradıcılıq xüsusiyyətlərimə müsbət təsvir edir.
İlk dəfə opera janrı özünün memarlıq, tarixi, bədii və incəsənət dəyərləri ilə seçilən İtaliyada meydana gəlmişdi. Bir çox dram əsərlər məhz opera sənət nümünəsi kimi səhnəyə qoyulmuşdu. Bu da hər bir əsərin ölməzliyini təmin etməklə yanaşı, klassik musiqi janrının bənzərsizliyini ortaya çıxarırdı.
Muasir dövrün musiqi yaradıcılığı çoxşaxəliliyi ilə özünü göstərir. Tarixi və əsrin dramatik hadisələri, çağdaş musiqi yaradıcılığının müxtəlifliyi dünya incəsənətinin yeni ideyalar zənnində dəyişiminin bədii təcəssümüdür. Yeni musiqi istiqaməti, müasir dünyanın dəyişən istək və düşüncələri əsrlər boyu müşahidə olunmuş kontekstə nəzərən professional incəsənət inkişafının mərhələsini təsdiq edir. Cəmiyyətin iqtisadi, içtimai-siyasi və mənəvi həyat tərzi musiqi mədəniyyətində ciddi dəyişiklik yaradır. Bu da sənət dünyasının yüksək inkişafını əks etdirir.
Musiqi ruhumuzun gizli səltənəti, ölüm və yaşamın isə dərin yuxusudur.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Bakıda dünyaşöhrətli fotoqraf Rəna Əffəndi ilə görüş keçirilib
Sentyabrın 16-da Bakıda Sevil Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində dünyaşöhrətli fotoqraf Rəna Əffəndinin izləyicilərlə görüşü keçirilib.
Rəna Əffəndi Azərbaycanda yeniliklərə imza atan qadın fotoqraf kimi tanınır. Onun ən gözəçarpan mövzularından biri mədəni və ətraf mühit amillərinə baxmayaraq insanların, xüsusilə də qadınların öz şəraitlərini dəyişmək uğrunda mübarizəsi ilə əlaqəlidir. Bununla bağlı görüşdə fikirlərini bölüşən fotoqraf əsasən diqqəti medianın fokuslanmadığı mövzulara çəkdiyini bildirib.
R.Əffəndi diqqətə çatdırıb ki, fəaliyyətində əsas məqsədi sadəcə fotolar çəkmək deyil, həm də çəkdiyi fotoların hekayələrini ön plana çıxarmaqdır. O, hər çəkdiyi fotonun bir hekayəsi olduğunu xüsusilə vurğulayıb. Belə ki, Rəna Əffəndinin bir sıra portretləri müharibədən qaçan insanların yoxsulluğunu və terroru, eyni zamanda, ölkələrindəki şiddət və iqtisadi tənəzzülü ifadə edir.
Rəna Əffəndi görüşdə iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Dünyaşöhrətli fotoqraf Rəna Əffəndi AZƏRTAC-a açıqlamasında on iki ildən çoxdur ki, Azərbaycanda olmadığını bildirib: "Bilirəm ki, buraya gələn insanlar Sevil Beynəlxalq Sənədli Film Festivalını izləyənlər, bu sahəyə marağı olanlardır. Bugünkü görüşdə onlarla görüşmək, yaxından söhbət etmək, öz işimlə bağlı verilən sualları cavablandırmaq mənim üçün çox maraqlı oldu”.
Qeyd edək ki, Rəna Əffəndi “Boru xəyalları: Boru kəməri boyunca həyatların salnaməsi” və “Maye torpaq” adlı iki foto-monoqrafiyanın müəllifidir. Onun fotoşəkilləri insan ruhunun qüdrətini sükunətlə şərəfləndirir, dərin empatiya hissi ilə xarakterizə olunur. R.Əffəndi Prins Klaus Fondu mükafatının laureatıdır, Fotoqrafiya və Davamlılıq üzrə nüfuzlu “Prix Pictet” mükafatının qısa siyahısına daxil edilib. Fotoqraf Davosda keçirilən Dünya İqtisadi Forumunda iki dəfə çıxış edib və Forumun Mədəni Liderlik şəbəkəsinin üzvüdür. Onun əsərləri Viktoriya və Albert Muzeyi, Saatçi Qalereyası, İstanbul Modern, Venesiya Biennali və Nyu-York Müasir İncəsənət Muzeyi kimi nüfuzlu məkanlarda nümayiş olunub. Rəna Əfəndi “National Geographic Magazine” və “Monocle” jurnalları ilə mütəmadi əməkdaşlıq edir. Onun, həmçinin “New Yorker”, “Time”, “New York Times”, “The Sunday Times” və bir çox başqa beynəlxalq media qurumları ilə əməkdaşlığı mövcuddur.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
BİRİ İKİSİNDƏ - Sevinc Yunuslunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Poeziya vaxtıdır, Sevinc Yunuslunun şeirləri ilə tanışlıqdır.
Gecə düşər, günəş axtararam
gözlərin deyib.
Gəzərəm veyil-veyil,
yolum sənə çıxar..
Adını silərəm,
yenidən başlayaram həyata
sonum sənə çıxar...
Saçlarına toxunsam,
ekvatora qədər getdiyim olar.
Eh, yuxular... Yuxular!..
Gözlərimdə nə qədər
adam ölər, yıxılar
Əllərimdə qalan ətrin
göy üzünə qanadlanar...
Ən möhtəşəm səhərlər
Bütün kəndlər, şəhərlər,
Yer-göy ismin adlanar.
Bütün cismim odlanar,
Bulud-bulud yaş gedər...
Savaş gedər,
Həsrətin diz çökdürər,
dünyanı, başıma yıxar...
Çingiz xan qılıncdan keçirər
Mavəraənnəhri, Buxaranı,
kəllələri qarşıma yığar,
Sevdan dindən çıxarar,
quruyaram...
Romada
Sən müsəlman məscidisən,
Mən dinimi qoruyaram.
Minbərdə dua edərəm:
SƏNdən başqa Tanrı yox!
İnan ki, vallah-billah!
La ilahə illallah!
***
Bu qaranlıq gecənin o üzündə işıq var,
Görən, nə vaxt gətirər bu yollar səni mənə?..
Eh, elə darıxıram, bir Allah şahidimdi –
Əvəz etməz versələr, bütün dünyanı mənə;
Yer yerində qalandı,
Göy göyündə qalandı...
Mən hələ gözləyirəm həmin ağrı-acıda,
Söz vermişdin gələcəm qış sovuşsa, yaz olsa.
Bəlkə, qurbanlar kəsim yeddi yol ayrıcında,
Əllərim əllərinə bircə kərə qovuşsa,
Məni məndən alandı,
Səni səndən alandı...
Parlayan gözlərinin xırda səmalarında
Ulduzlar da yerindən aramla sürüşərdi.
Bu vəfasız ömrümün könül burulğanından
Ən uzağı ovcuma iki damla düşəndi:
Biri sənin olandı,
Biri mənim olandı...
***
Belə daha rahatdı, belə daha bəsitdi –
Ağrıların içindən üzüb də çıxmaq olur.
Bir ağ rəngli kağızdı, bir ağ tüstü, bir qələm,
Dərdi dərin badəyə süzüb də çıxmaq olur...
Başım üstə çağlayır bir qaraca bulud, gəl...
Səbir kasam çatlayır, yaxşı, olsun, unut gəl..
Qurban olum, gözünü birdəfəlik qurut gəl
Başqa nəyə deyirsən, dözüb də çıxmaq olur...
Nə tez əsdi aradan həftə yeli, an yeli,
Saçlarının ətridi göz yaşımın qan yeli.
Ölüm təkcə əcəllə olmayır ki, dan yerim,
Bu dünyadan əcəlsiz bezib də çıxmaq olur.
***
Keç bulud yaddaşından,
su səp tikanlı zəmilərə,
yalın ayaqlara batmasın.
Bu payız
ağaclar yarpaqlarını,
ilanlar dərilərini,
güllər ləçəklərini atmasın...
Çərpələnglər uçmasın,
pəncərə kənarları buz tutmasın.
Sevgi ilə açılsın evlərin
taxta qapıları...
Qış gəlməsin bircə il,
uşaqlar yıxılmasın,
pambıq olsun qartopuları.
Sevgi isitsin evləri,
sobalara atmayaq
odunları...
Günahında yanmasın
dünyanın gözəl qadınları.
Hey, fikirlər,
başımdan dağılışın...
Bax, Qadınlar Günü gəlir,
Hədiyyəm sənsən, üşüyən...
Təbrik et doğuluşumu...
Sənə gələn təyyarə var,
açıb bütün ağuşunu.
Sındırıb qanadlarını –
iki bilet hazırlamışam.
Zərfin üstündədi ünvan,
həminki...
Qar içində qızılgülüm,
imza: Sevinc Yunuslu.
Beş fevral, ikimin iyirmi iki...
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Azərbaycan rəqqasları Tbilisidə ustad dərsləri keçəcəklər
Sentyabrın 22-dən 25-dək Gürcüstan paytaxtı Tbilisidə “Beşinci Beynəlxalq Rəqs Festivalı” keçiriləcək.
AzərTAC xəbər verir ki, əsasən Latın Amerikası rəqslərinin ifa olunacağı festival Gürcüstan Milli Sosial Rəqslər Federasiyası və “Salsa Caliente Tbilisi” təşkilatı tərəfindən təşkil olunacaq.
Üç gün ərzində müxtəlif mənşəli şəxslər festivalda, ustad dərslərində və şoularda iştirak edə biləcəklər. Təşkilatçılar baçata tərzində rəqqasların canlı konsertləri, məşhur rəqqaslardan ustad dərsləri, həmçinin latın axşamları və salsa, baçata, kizomba, afro kimi rəqslərlə şoular vəd edir. Azərbaycan, İspaniya, Fransa, Türkiyə, Kuba, Yunanıstan, Ukrayna, və Gürcüstandan olan rəqqaslar festivalın qonaqlarına müxtəlif üslublarda rəqslər öyrədəcəklər.
Tədbirlər Agmashenebeli prospekti 6 ünvanında yerləşən Caliente SDF Akademiyasında keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)