![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Epitafiya
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Niyə belə susqunsan, dəniz, niyə coşub çağlamırsan, ləpələrinlə fəryad etmirsən?!
Niyə belə sakitsən, qara bulud, niyə ağlayıb guruldamırsan, yoxsa sən də sadəcə görüntü üçün varsan ?!..
Bəs sən hardasan, dəli külək, toz torpağı, ətrafı niyə viran qoyub dağıtmırsan?!..
Ey, Günəş! Hanı bəs sənin qucaq dolu şəfəqlərin, hanı xoşbəxtlik vəd edən qızmar günlərin, yoxsa sən də qorxundan buludların arxasında gizlənmisən ?!..
Bəs siz niyə susmusunuz, siz niyə laqeydləşmisiniz??
"Başqasından mənə nə ?!" deyib burnu daim ətrafındakıların həyatının içərisində olan məgər siz deyilmsiniz?!
Öhdəsindən gələ bilmədiyiniz işlərə artıq göz yumursunuz. Gücünüz çatmadıqlarınıza baş əyirsiniz, vicdandan, ədalətdən danışıb ədalətsizlik edirsiniz...
Maraqlıdır, görəsən, gecələri necə yatırsınız, vicdanınızın səsi sizi narahat etmir ki?
Ya, yemək başındaykən, bahalı bər-bəzəkli süfrədəykən masaya oturmamışdan əvvəl tox olduğunuzdan xəbərdarsınızmı ?!
Hərdən düşünürəm ki, vicdanı çox danışan insanlar həmin səsi batırmaq üçün üz tuturlar səs-küylü məkanlara, yerlərə, ya da hündürdən danışırlar...
Sözləriniz necə də ecazkar, pafoslu, ümidverici, mübaliğəli, ədatlı, zəhlətökən, ssenarisi bəlli və hər dəfə eyni səhnəni nümayiş etdirən və artıq sözlərinizi əzbərləmiş nağıl qəhrəmanlarısınız, bizsə uşaqlıqdan bu nağıllarla böyümüş, daha bu nağıllardan bezib inanmaq istəməyən tamaşaçılarıq...
Əgər, ssenarini mən yazsaydım və film rejissoru olsaydım, sizi məzara dəvət edərdim, sonra yağışdan xahiş edərdim ki, məzarı yaxşıca islatsın, üst-başınızı yaxşıca yusun.
Daxilinizi təmizləməyə gücüm çatmır, heç olmasa zahiriniz təmiz olsun. Üzərinizə qar yağıb sizin kəfəninizə çevrilsin. Sonra külək ətrafdakı toz-torpaqla sizi dəfn etsin.
Və sonda günəş xoşbəxt şəfəqləri ilə ətrafı aydınlatsın...
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
“İstəyərəm ki, əlvan rənglərə üstünlük verərək həyatımızı gözəlləşdirək!”
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Moda anlayışının nə zaman yarandığı haqqında dəqiq məlumat olmasa da, verilən məlumatlara görə bu, 12 və 13-cü əsrlərdə aksesuarlar və müəyyən detallı əşyaların yaranması ilə bağlı ola bilər.
17-ci əsrdən başlayaraq isə Fransada saray modası bütün dünya üçün nümunəyə çevrildi və bu ölkə “modanın qanunvericisi” titulunu mənimsədi, bu günə qədər də onu saxlayır.
18-ci əsrdə İngiltərədə, sonralar isə başqa ölkələrdə də ilk moda jurnalları nəşr edildi. 19-cu əsrdə isə dəb anlayışını artıq ayrı-ayrı şəxslər üçün xüsusi dərzilər tərəfindən hazırlanmış geyimlər təşkil edirdi.
Bəs sizcə, əziz oxucularımız, dəb onunla ayaqlaşmaqmı, ya hər kəsin özünə yaraşanı geyinməyimidir?
Mənim fikrimi soruşsanız, mən Nigar Həsənzadəyə görə dəb sənə yaraşanı və sevdiyin geyimi, rəngi ən gözəl formada təqdim etməkdir. Bəs dəb anlayışı haqqında irəli sürülən maraqlı faktları eşitmisinizmi?Əlimdə olan bu fürsətdən istifadə edərək oxuculara qəribə və maraqlı məlumatlardan, dəbin keçdiyi tarixi yollardan bir neçə nümunə yazacağam.
Məsələn, köynəklərin qollarında düymələr var, siz düşünmüsüzünmü bunlar nə zaman yaranıb? İndi qadınların dəb deyə seçdiyi düyməli köynəklərin əslində bir ehtiyac sayəsində yaranması çox maraqlıdır. Düymələr ilk dəfə 1-ci Pyotrun xüsusi sərəncamı ilə tikilməyə başlayıb. İnsanların köynəklərin qolundan başqa cür istifadə etməsi rus çarını əsəbiləşdirdi. Və o da sonda belə bir hiyləyə əl atdı.
Amma heç də pis hiylə deyil. Mən özüm də düyməli köynəkləri geyinməyi sevirəm.
Sonra digər bir fakt: qədim vaxtlarda uşaq geyimi anlayışı yox imiş, yetkin şəxslərin ən kiçik ölçülü geyimlərini geyinərmiş uşaqlar.
Və indi maneken anlayışı var ki, biz maneken sözünü eşidəndə insan boyundakı bir kuklanı düşünürük. 19-cu əsrə qədər isə manekenlər kiçik taxta fiqurlarından hazırlanırdı və o fiqurlar həqiqi paltarın
mini surətini geyinərmiş.
Və indi - 2023-cü il: hər il olduğu kimi, hətta hər fəsil olduğu kimi dəb anlayışı inkşaf etməkdədir, bu üslub dəyişəndir. Və 2023-cü ildə də hal-hazırda həm dəblə ayaqlaşan, həm də fərdi dəbini yaradan insanlar vardır. Çoxluq üçün çəhrayı rəng dəbsə, öz fərdi dəbinə üstünlük verənlər üçün ağ daha dəbli ola bilər.
Bəs ən çox istifadə edilən rənglər hansılardır? Yenə də müxtəlif araşdırmalar nəticəsində bu il həm payız, qış, həm də gələn il yaz, yay fəsillərində parlaq rənglərə üstünlük veriləcək. Adətən qışda ağ rəng qərəzli olsa da, bu il bu tilsim qırılacaqdır. Lakin hər il dünyaca məşhur "Pantone "şirkəti ilin ən əsas rəngini elan edir. 2023-cü il üçün də bu əsas rəng "Viva Magentadır". Bu rəng çəhrayı tonların birləşərək qırmızı rəngi yaratmasından əmələ gəlib.
Artıq havalar da soyuyur...
Bəs hansı qalın üst geyimi dəbdir bilirikmi? Bəli, puffer palto ən aktual üst geyimlərindəndir. Son illərin üst geyimlərinə nəzər yetirsək, çoxsunda retro parçaların öz aktuallığını qoruduğunu görə bilərik. Və 2023 öz dəbləri ilə 2024-ə bir işarədir. İlkin məlumatlara görə bej rəngi hər rənglə uyğunluğunu bu il göstərəcək və ağ rənglə birgə də istifadə ediləcək.
Çanta seçimlərinin yenə də çox kiçik ölçüdə olacağı gözlənilir və oversize geyimlər də öz aktuallığını qorumaqdadır. Oversize üslubu ilə pencəklər birləşəcək. Təbii ki, bunlar dəb ola bilən gözləntilərdir. Lakin hamı beləmi geyinəcək, hamıya uyğunmu olacaq, bu müəmmalıdır.
Amma dəbin bəzi hissələrini elə özümüz formalaşdırırıq, məsələn, rəngləri. Və üslubu cəhətdən, tərzimiz cəhətdən marağımız artan geyimlər get-gedə dəbə çevrilir. Lakin bəzi hallarda dəb biz geyəni deyil, əksini iddia edir.
Yenə də əvvəldə vurğuladığım kimi, məncə, dəb hər kəsin özünün sevdiyini özünə yaraşan formada təqdim etməsidir.
Özünüz öz dəbinizi yaradaraq, geyindikləriniz içində xoşbəxt olun. Geyimlərin də ruh halımıza böyük təsiri var. Yazılarda qeyd olunmasa da, mənim öz nəzərimdən baxsaq, bu il sarı, yaşıl, qara rənglər də seçilənlərdən idi.
Sonda oxuduğunuz üçün təşəkkür edirəm və istəyərəm ki, əlvan rənglərə üstünlük verərək həyatımızı gözəlləşdirək!
Dəb bizik!
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Qazaxda Aşıq Ədalətin anım mərasimi keçirildi
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Ötən gün türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun vəfatından 6 il keçdi.
"Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazax rayonu Ağköynək kənd qəbristanlığında aşıq Ədalətin məzarı ziyarət olundu.
Anım tədbirini giriş sözü ilə şair, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri şair Barat Vüsal açdı. Barat Vüsal Aşıq Ədalət Nəsibovun saz sənətinə verdiyi töhfələrdən, saz sənətinə gətirdiyi yeniliklərdən söhbət açaraq onun ecazkar solo-saz ifaları və özünəməxsus oxu tərzilə daim yadda qalacağını vurğuladı: "Ədalət sağlığında əfsanələşmiş ustadlardandır. O, təkcə Azərbaycanın yox, bütün Türk dünyasının sənətkarıdır. Aşıq Ədalət bu sənəti elə bir zirvəyə qaldırıb ki, bundan sonra and içəndə həm də deyəcəyik: and olsun saza!"
"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, BDU-nun Qazax filialının professoru Valeh Nəsibli çıxış edərək tədbir iştirakçılarını "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından salamlayaraq unudulmaz sənətkar Ustad Aşıq Ədalət Nəsibova Allahdan rəhmət dilədi. Valeh Nəsibli Aşıq Ədalət sənətinin ucalığından danışdı: "Saz deyəndə Ədalət yada düşür, Ədalət deyəndə saz yada düşür. Aşıq Ədalət Nəsibov sazı zirvəyə qaldırıb. Aşıq Ədalət Nəsibov sözün xiridarı, sazın nəhəngidir. O, böyük bir məktəb qoyub getdi. Allah rəhmət eləsin".
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev, Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin bədii rəhbəri Aşıq Camoy, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Səfərov, "Qazax" Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonları üzrə nümayəndəsi Ələddin Kəsəmənli çıxış edib Aşıq Ədalət yaradıcılığından söz açaraq onun ustadlığından, sənətkarlığından danışdılar, Aşıq Ədalət Nəsibovla bağlı xatirələrini bölüşdülər.
Sonda Aşıq Samir Cəlaloğlu Ustad Ədalət Nəsibovun məzarı önündə "Yanıq Kərəmi"ni ifa etdi.
Xatırıadaq ki, Qazax” Xeyriyyə İctimai Birliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsi ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevdir.
15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı olmuşdur.
Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin möhtəşəm büstü ucaldılmışdır.
Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik."
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
Aşıq Ədalət Nəsibov 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyədə keçirilən tədbirlərə dəstək verir
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Səs və Audio-Vizual Arxivlər Birliyinin 54-cü İllik Konfransı və 4-cü Beynəlxalq Ənənəvi Musiqi Şurası Forumu öz işinə başlayıb. İstanbul Universitetinin Dövlət Konservatoriyasının ev sahibliyində gerçəkləşən tədbirin əsas dəstəkçilərindən biri kimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu çıxış edir.
Fonddan AzərTAC-a bildirilib ki, tədbirlərin açılış mərasimində İstanbul Universiteti Dövlət Konservatoriyasının rektoru Şebnem Ünal, Beynəlxalq Səs və Audio-Vizual Arxivlər Birliyinin rəhbəri Tre Berney, Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Fahri Solak, TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov çıxış edərək, qloballaşan dünyada bəşəri sivilizasiyanı zənginləşdirən müxtəlif xalqlara məxsus mədəni irsin yaşadılmasının önəmindən bəhs ediblər.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu təşkilatın nümayəndəsi Ləman Ağagülova təmsil edib. Fondun prezidenti Günay Əfəndiyevanın adından iştirakçıları salamlayan L.Ağagülova, Türk dünyasının ortaq köklərinin, irsinin təbliği və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
Ləman Ağagülova müasir dövrdə dünyada mədəni sərvətlərin qorunması yönündəki səylərin artmasına diqqət çəkərək, türk xalqlarının zəngin milli-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması və geniş miqyasda tanıdılması üzrə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərindən söz açıb. O, bu tip tədbirlərə dəstək verilməsinin təmsil etdiyi təşkilatın əsas vəzifələrindən olduğunu qeyd edərək, Fond tərəfindən müxtəlif ölkələrdə həyata keçirilmiş layihələr haqqında məlumat verib.
Tədbirin bədii hissəsində Azərbaycandan Səbinə Ərəbli (xanəndə), Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança) və Siyavuş Kərimov (nağara), Qazaxıstandan Kairat Aitbayev, Yerlan Ryskali, Raushan Urazbayeva, Yernar Omiralinin, Qırğızıstandan Roza Amanovanın ifalarında Türk dünyasının musiqi əsərləri səsləndirilib. Türkiyənin “İrfan və meydan məşqləri”, “Dövlət xalq rəqsləri” ansambılları türk xalqlarının rəqslərini nümayiş etdirib.
Tədbirlər bu gün də davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Onu hamımız baməzə bir şair kimi tanıyırıq. Amma bilənlər bilir ki, cavan yaşda oğlunu itirib onun adını özünə təxəllüs götürən Hüseyn Arif dərdli birisi olub. Bu dərd onin şeirlərinə də hopub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Dövlət mükafatı laureatı, Xalq şairi, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin vəfatından 31 il ötür.
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.
Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub.
Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ̆ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şairlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.
Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəminində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.
Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələmiş, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.
1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.
Şairin vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.
Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı açıqlanıb
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı son illərin rezonans doğuran, nüfuzlu film festivallarında nümayiş edilən, mükafatlı sənədli filmlərini Azərbaycan auditoriyasına təqdim edir.
AzərTAC xəbər verir ki, qadınların haqq və azadlıqları uğrunda mübarizə hekayələrindən, müxtəlif həyat təcrübələrindən bəhs edən sənədli filmləri “Festivallardan seçmələr” ("Best of Fests") adlı xüsusi proqramda nümayiş etdirəcək festival bu il də sentyabrın 15-dən 22-dək Bakı, Şəki və Lənkəran şəhərlərində eyni anda keçiriləcək.
Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) əsas mükafata layiq görüldükdən sonra böyük beynəlxalq maraq əldə etmiş “Apoloniya, Apoloniya” ( Leo Qlob) filmi Danimarkanın növbəti Oskar film mükafatları üçün qısa siyahısında yer alır. Sundance Film Festivalında yarışmış Sirenalar (Rita Bağdadi), Xarkov beynəlxalq Film Festivalının qalibi “Mənim adım Mutludur” (Ayşe Toprak & Nik Rid), Hot docs Beynəlxalq Sənədli Film Festivalının qalibi İran Xanımın əri (Mərcan Xosravi), nüfuzlu Venesiya film festivalının müsabiqədənkənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış”(Steffi Niderzol) kimi filmləri festival çərçivəsində ölkə sənədli filmsevərləri ilə qovuşacaq.
Həmçinin seçki komissiyası tərəfindən dünyanın bir çox ölkəsi və yerli rejissorlar tərəfindən göndərilmiş çoxsaylı sənədli filmlər içərisindən xüsusi etina ilə seçilmiş və “Beynəlxalq qısametraj sənədli film”, “Yerli qısametraj sənədli film” və “Tammetraj sənədli film” kateqoriyaları üzrə nümayiş ediləcək filmlər zəngin müsabiqə proqramında yer alır.
Həmçinin bu il festival çərçivəsində dünya kino tarixinin əfsanələrindən olan və sənədli film tarixində silinməz izə sahib dünyaşöhrətli rejissor Anyes Vardanın retroperspektivi baş tutacaq ki, izləyicilər rejissorun yaradıcılığında xüsusi yer tutan dörd sənədli filmi geniş ekranlarda izləmək fürsəti əldə edəcəklər.
Festivalın bu il də dünyanın bir çox ölkəsindən dəvət etdiyi çoxsaylı nüfuzlu xarici mütəxəssislər festival günlərində müxtəlif ustad dərsləri və panel müzakirələr fonunda yerli rejissorlar, kinosevərlərlə görüşəcəklər. Dünyaşöhrətli Azərbaycanlı Fotoqraf Rəna Əfəndi ilə yerli auditoriyanın görüşü və dünya kino tarixinin əfsanələrindən kinorejissor Anyes Qodarın master-klası bu baxımdan xüsusi yerə sahibdir.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Aman ayrılıq!
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Altmış yeddi il bundan əvvəl də dünya sarsaqların əlində girinc qalmışdı. SSRİ-nin baş katibi Nikita Xruşov BMT-nin iclas zalında ayaqqabısını masaya döyəcləyərək dünyaya meydan oxuyurdu. İranda isə feodalizm tüğyan edirdi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvinin dövranı idi.
Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi ömür-gün yoldaşı Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Bu gün sizə həmin övladlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm...
Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi...
İllər ötdü, bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu "Cücələrim" mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə" və "Dilbər" mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi...
1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başlayıb. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələnib...
1989-cu ildə mərhum xalq artisti Gülağa Məmmədov Almaniyda səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipini görüb heyrətlənir və həmin klipin videosurətini Azərbaycana gətirərək televiziyada yayınlanmasına nail olur. Çox keçmir ki, Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəlir...
O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşı idi. "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülmüşdü...
Deyirdi ki,- “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicilərinin zövqünü oxşamalıdır”...
Sentyabrın 14-ü mərhum sənətkarın vəfatının ikinci ildönümüdür. Ruhuna rəhmət diləyirəm...
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Öyrənmə və yazma pozuntusu - Disleksiya və disqrafiya
Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”
Sabah növbəti tədris ili başlayır. Bir müəllim olaraq çox vacib bir mövzuya toxunmaq istəyirəm. Öyrənmə və yazma pozuntusu -
Disleksiya və disqrafiya. Nədir bunlar?
Disleksiya usaqlarda bir öyrənmə çətinliyidir. Zəka geriliyi olan uşaqlarda disleksiya əlamətləri olur. Bundan başqa diqqət əskikliyi və hiperaktivlik olan uşaqlarda da disleksiya əlamətlərini görmək mümkündür. Öyrənmə çətinliyi olan uşaqlar digər uşaqlara nisbətən təhsil proqramı üzrə öyrənə bilməli olduqlarını problem şəklində öyrənirlər.
Öyrənmə çətinliyi - oxuma, eşitmə, yazma, danışma, riyazi əməllər və analiz etmə çətinliyidir.
Yaşla bağlı bu problemlər daha da artır. Bununla da uşağın nəinki təhsilində, eyni zamanda psixoloji inkişafında da mənfi təsirlər yaranır. Uğursuzluq, çarəsizlik, yetərsizlik və yaşıdlarından geri qalma hissi onların şəxsiyyətində böyük yaralara yol aça bilər. Müəllimlər də şagirdləri müşahidə etdikdə dərsdə fəal iştirak edən şagirdi seçə bilirlər.
Disqrafiya isə diskusiyadan fərqli olaraq yazı bacarıqlarına əks təsir göstərir.
Yazı tapşırıqlarını yerinə yetirdikdə yazdıqları çətinliklə başa düşülür.
Sözlərin hərəsi bir tərəfə qaçır, hərflər müxtəlif ölçülərdə olur və yazılar oxunmaz dərəcədə kiçilir. Belə şagirdlər bəzən sözləri düzgün tələffuz etsə də, imla yazıları çox pis olur. Bütün bunların hamısı onların qiymətlərinə və özünəinam hissinə təsir göstərir. Disqrafiya - bitmiş sözlər, cümlələr, nizamsızlıq, əyilmiş sətirlər və əziyyətli yazı prosesidir.
Psixoloqlar bunu “fikrin yazıda ifadə zəifliyi” adlandırırlar. Şagirddə düşünmə və motorikaya təsir göstərir, şagirdin düşüncələrini sözlərlə ifadə edib kağıza köçürməsində çətinlik yaradır.
Disqrafiya disleksiya problemi olan şagirdlərdə qarşılaşdığı problemlərlə əlaqədar bildikləri mövzuya dair fikirlərini cəmləməkdə çətinlik çəkir, xırda motorika zəif inkişaf etdiyinə görə yazma çətinliyində də problemlər yaranır.
Məktəbəqədər dövrdə disqrafiya və disleksiya əlamətləri özünü büruzə verir. Məsəslən, karandaş tutmaq, nöqtələr qoymaq, hərfləri tanımaq, hecaları birləşdirmək və s...
İbtidai məktəb dövründə problemin açıq-aşkar nəzərə çarpdığı dövrdür.
Əlbəttə ki, bu hallar həm valideyn, həm də müəllimlərdə narahatlığa səbəb olur. Hər bir valideyn övladının bacarıqlı olmasını istəyir. Şagirdin dərslərində keçirdiyi uğursuzluqlar təhsilin yarım, yetərsiz olmasına səbəb olur.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Yekaterinburqdakı Azərbaycan Diasporunun siyasi proseslərə təsir gücü çox böyükdür
BUNU DUMAYA SEÇKİLƏR BİR DAHA SÜBUT ETDİ
Yekaterinburq Yeni Dumasının spikeri Ural Federal Universitetinin sosiologiya və politologiya departamentinin 33 yaşlı direktoru Anna Qurariy olacaq. Bu barədə Rusiya mediası məlumat yayıb.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, bu postda Anna Qurariydən əvvəl bu ilin avqustunda “Talış-Muğan Muxtar Respublikası” adlı qondarma qurumun ildönümü münasibətilə erməni dairələrinin təşkil etdiyi təxribat xarakterli tədbirdə iştirakı ilə dövlətlərarası qalmaqalla yadda qalan İqor Volodin qərar tutmuşdu.
Bundan əvvəl “Ural Meridian” xəbər agentliyi yazmışdı ki, bu münasibətlə Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərmiş və qubernator Yevgeni Kuyvaşevə məktub yazaraq Yekaterinburq Duması rəhbərinin açıq-aşkar təxribat xarakterli tədbirdə iştirakını pisləmişdi.
Həmin bəyanatda bildirilmişdi ki, bu addım Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığa, habelə tərəflərin öhdəliklərinə ziddir.
Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayəti qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü Şahin Şıxlinski də Azərbaycana qarşı bu təxribat hərəkətinin qarşısında sipər kimi dayanmış, ən müxtəliv vasitələrlə Volodinin düşmən mövqeyini pisləmişdi.
Bundan sonra Rusiya mətbuatı Volodinin təxribat xarakterli hadisədə iştirakının bölgə rəhbərliyinin kəskin narazılığına səbəb olduğu və Azərbaycanın Rusiyadakı səfirliyindən üzr istəməli olduğu barədə məlumat yaymışdı. Eyni zamanda qeyd olunmuşdu ki, bu qalmaqalla əlaqədar Volodin yenidən Yekaterinburq Dumasının spikeri vəzifəsinə seçilməyəcək.
Fotoda: solda Şahin Şıxlinski, onun yanında isə Yekaterinburq Yeni Dumasının spikeri Anna Qurariy.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Bu gün Böyük Aşıq Ədalətin anım günüdür
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibovun vəfatından 6 il keçir
"Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax Rayon İcra Hakimiyyətinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bu gün saat 10:30-da Qazax rayonunun Ağköynək kənd qəbristanlığında aşıq Ədalətin məzarının ziyarətinə başlanılıb.
"Qazax" Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonlarında yaşayan nümayəndələri, ziyalılar, açıqlar Dədə Ədalətin məzarını ziyarət edirlər.
“Qazax” Xeyriyyə İctimai Birliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsi ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevdir.
Həmçinin, Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin büstü ucaldılmışdır.
15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı olmuşdur.
Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.
UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında Ədalətin də diski buraxılmışdır. O, saza 5 pərdə, o cümlədən 7 yarımpərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik."
Türk yazıçısı Əziz Nesin isə Ədalət haqda söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
Aşıq Ədalət Nəsibov 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)