![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Türk xalqları mədəniyyəti - Özbək Ədəbiyyatı
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Türkdilli tayfalar arasında özünün tarix və mədəniyyətinin fərqliliyi, zənginliyinə görə seçilən xalqlardan biri də özbəklərdir. Özbək ədəbiyyatı çoxəsrlik bir tarixə malikdir.
Türk xalqlarından olduqca məşhur bu xalqın ədəbiyyatı tarixən nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqin bir sıra ərazilərində yerləşən xalqların ədəbiyyatına əhəmiyyətli təsir göstərə bilmişdir. Orta əsrlərin ilk başlanğıcından özbək ədəbiyyatı həm dil, həm də mövzu baxımından yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Çağdaş Özbək ədəbiyyatının tarixi inkişafı şifahi və yazılı mənbələrlə araşdırılıb öyrənilir. Eradan qabaq VII əsrdə yaranan Alp Ər Tunqa dastanı və XI əsrdə Kaşqarlı Mahmudun yaratdığı lüğətlə Orxon abidələri bütövlükdə Türk dilləri və ədəbiyyatlarının özülü sayılan əsərlərdir. Özbək ədəbiyyatının qədim dövrü də bu əsərlər əsasında araşdırılır.
Müasir özbək ədəbiyyatı
Müasir özbək ədəbiyyatı dörd böyük mərhələyə bölünür:
1.1917-1929-cu illәr Oktyabr siyasi çevrilişi vә vәtәndaş müharibәsi dövrlәri özbәk әdәbiyyatı.
2.1929-1941-ci illәr sosialist cәmiyyәti quruculuğu dövrü özbәk әdәbiyyatı.
3.1941-1956-cı illәr Vәtәn müharibәsi vә müharibәdәn sonrakı quruculuq illәri özbәk әdәbiyyatı.
4.1956-1991-ci illәr yeni dövr özbәk әdәbiyyatı.
Müasir özbək ədəbiyyatı irsvarislik ənənəsinə sadiq qalaraq milli, vətənpərvər, eyni zamanda beynəlmiləl bir yolla inkişaf etmişdir. Bu ədəbiyyat H.Niyazi, A.Qədiri, Çolpan, M.Aybək, Abdulla Qəhhar, Ş.Rəşidov, M.Şeyxzadə, Mirtemir, Uyğun, Səid Əhməd, Zülfiyyə, A.Yaqubov, E.Vahidov, A.Arifov, H.Xudayberdiyeva və onlarla digər sənətkarların simasında yüksək yaradıcılıq nümunəsinə çevrilmiş və çevrilməkdə davam edir.
Özbək xanlıqları dövrü və ədəbiyyatı
XVII və XIX əsrlər arasındaki çağa Özbәk xanlıqları dövrü әdәbiyyatı deyilir. Bu çağda Xivə, Buxara və Xokand xanlıqları arasındaki çəkişmələr səbəbiylə yüksək səviyyəli əsərlər yaradıla bilməyib. Xivə mühiti Əbülqazi Bahadır Xan, Andəlib, Nişati kimilərini yetirib. Buxara bölgəsi isə “Aciz” təxəllüssüylə şeirlər yazan Əmir Abdullah Xan, babası Əmir Heydər Xan, Turdi Fəraqi kimilərini yetirib. Xokand mühiti də Ömər Xan, Fəzli, Nadirə Bəgüm, Dilşad Bərna kimi şairləri yetişdirib.
Cədid ədəbiyyatı
Cədidçilik (Yenilik) Dövrü 1900-cü illərdə Özbək ictimai həyatında yaranan yeniliklər ədəbiyyata da təsir edib. Bu dövrün başlanmasında İsmayıl Qaspıralının “Tәrcüman” qəzeti vasitəsilə yaydığı fikirləri və fəaliyyətləri öz təsirini bağışlayıb. Qaspıralının 1893-cü ildə Buxaraya gedərək Buxara əmiri ilə görüş keçirməsi və “Üsulu Cәdid” məktəbini orda açması Cədidçiliyin Türküstanda sürətlə yayılmasında əsas amilə çevrilib.
Bu dövrün öncüllərindən biri Səmərqəndli Mahmudxoca Behbudidir. Həm din adamı, həm müəllim, həm də ədəbiyyatçı olan Behbudi Özbək dramaturgiyasının və teatrının banisidir.
Özbək nümayəndələri
Mahmudxoca Behbudinin yaradıcılığı
Özbək ədəbiyyatının Yenilik dövrün öncüllərindən biri Səmərqəndli Mahmudxoca Behbudidir. Həm din adamı, həm müəllim, həm də ədəbiyyatçı olan Behbudi Özbək dramaturgiyasının və teatrının banisidir. Onun tamaşaları Özbəkistanda yeni bir atmosfer yaradıb və gənc ədəbiyyatçılara ilham mənbəyi olub. Yazdığı yüzlərlə məqalədə insan hüquqları, azadlıq, vətən sevgisi kimi ümdələr birinci plana çıxarılıb.
Abdulla Qədirinin yaradıcılığı
Özbək romanının yaranmasının banisi Abdulla Qadiridir. 1894-cü il tarixində Daşkənddə bağbançılıqla məşğul olan bir ailənin evladı kimi dünyaya gəlib. Ailəsi yoxsul olduğundan ancaq 9-10 yaşlarında məktəbə gedib, güzəranları yaxşı olmadığından 12 yaşına kimi təhsilinə fasilə verərək bir tacirin yanında xidmətçi kimi işləməyə başlayıb. Bu tacir ticari fəaliyyətlərini artırmaq məqsədilə Rus dilini oxuyub-yazan birinə ehtiyac duyduğundan Abdulla Qadirini Məhəlli Rus Məktəbində oxudub. Tatarların 46 buraxdığı qəzetləri oxuyub, dükana gəlib-gedən yazıçı və şairlərlə tanışıb. 1915-ci ildə mədrəsədə təhsil alaraq Ərəb və Fars dillərini də öyrənib. Moskvaya gedərək qəzetçilik, çapçılıq sahəsindəki təcrübələrini artırmaq məqsədi ilə həm araşdırmalar aparıb, həm də məqalələrini yazıb. Bu arada Muştum (Yumruq) adlı satira jurnalını təsis edib. 1922-ci ildən etibarən silsilə şəklində çap olunan Utkan Kunlar (Keçmiş Günlәr) adlı romanını təkrar nəzərdən keçirərək 1926-cı ildə kitab şəklində çap etdirib. 31 Dekabr 1937-ci ildə tutulub İnqilabçı, millətçi, Milli Birlik Təşkilatının üzvü, anti kommunist fəaliyyətlər yeritmək kimi böhtanlarla ittiham edilib. Doqquz ay aramsız şəkildə edilən işgəncələrə dözə bilmiyərək bu ittihamları qəbul etsə də Milli Birlik Təşkilatına əsla üzv olmadığını vurğulayıb. 4 Oktyabr 1938- ci ildə Daşkənddə gizlicə güllələnərək qətlə yetirilib.
Əbdülhəmid Çolpanın yaradıcılığının yaradıcılığı
Müasir özbək ədəbiyyatının ilk böyük nümayəndəsi hesab olunan, böyük şair, istedadlı nasir və dramaturq kimi tanınan sənətkarlardan biri Çolpandır. Əbdülhəmid Süleyman oğlu Çolpan 1897-ci ildə Əndəlican şəhərində anadan olmuşdur. Çolpan onun tәxәllüsüdür. Mənası dan ulduzu deməkdir. Çolpan bədii yaradıcılığa 1913-cü ildə, yəni 16 yaşında ikən başlamışdır. Bu illərdə şairin yazdığı şeirlərin böyük əksəriyyəti maarifçi ideyaların təbliği baxımından xüsusi olaraq seçilirdi. Çolpan bu illərdə paralel olaraq hekayə və oçerklər də qələmə almışdır. Yaradıcılığının başlanğıc dövründə yazdığı şeir, hekayə və oçerkləri “Fәrqanәnin sәsi", "Türküstanın sәsi", "Türküstan vilayәtinin qәzeti", "Ayna", "Şura" qəzet və jurnallarda çap olunmuşdur. Çolpanın "Oyanış" (1922), "Bulaqlar" (1924), "Dan sirlәri" (1926), "Söz" (1925) adlı şeir kitabları şairin milli düşüncə və təəssübkeşliyini əks etdirmək nöqteyi-nəzərindən diqqəti daha çox cəlb edir. Colpan şair, nasir və dramaturq olmaqla yanaşı, həm də ədəbi-tənqidi məqalələri və orijinal tərcümələri ilə də tanınmış sənətkarlardandır. 1913-cü ildə yaradıcılığa başlayan Çolpan şeirlərində əsasən maarifçilik görüşləri üstünlük təşkil edirdi.
Maqsud Şeyxzadənin yaradıcılığı
Maqsud Şeyxzadə 1908-ci ildə Azərbaycanın Ağdaş şəhərində dünyaya gəlib. Şair, Bakıda müəllim məktəbində təhsil aldıqdan sonra bir müddət Dağıstanda müəllim işləyib. Bu zaman ərzində Ağdaş şəhər qəzetində Dağıstan Məktubları adlı silsilə məqalələrini çap etdirib. Ona ad qazandıran isə Nəriman Haqqında Xalq Nağılları adlı mənzum hekayəsi olub. On Şeir adıyla ilk kitabı 1930-cu ildə çap olunub. 1933-cü ildə Undaşlarım, 1934-də Üçüncü Kitab, bir il sonra Cümhuriyyәt adlı əsərləri çap olunub. İkinci Dünya Müharibəsi illərində milli duyğularla dolu vətən yönümlü şeirlər yazıb. 1957-ci ildə Daşkәndnamә adlı mənzum hekayəsi çap olunub. Bu hekayəsində Özbəkistan Türkcəsindəki deyimlər, atalar sözləri və digər şifahi ədəbiyyat örnəklərindən uğurla istifadə edib. Cəlaliddin Məngüberdi, Mirza Uluğbek adlı tamaşa əsərləri də vardır. Cəlaliddin Məngüberdi adlı tarixi-romantik tragediyasında Türküstan Türklərinin Monqol işğalçılarına qarşı nümayiş etdirdiyi qəhrəmanlıq dilə gətirilib. Mirza Uluğbek adlı tamaşasında isə adil bir padşah, Türk dünyasının nəhəng astronomiya alimi Uluğ Bəyin həyatı və cəhalətə qarşı yeritdiyi mübarizə, Əli Quşçu, Səkkaki, Əbdürrəzzaq Səmərqəndi, Xoca Əhrar, Gəvşər Şad Bəgim, Əbdüllətif kimi tarixi şəxsiyyətlər təsvir edilib.
Tahir Kahharın yaradıcılığı
“Özbәk şairi Tahir Kahharın sәnәtinin bәdii xüsusiyyәtlәri” adlı məqalədə türk dünyasının məşhur adı, alim, tərcüməçi, özbək şairi Tahir Kahharın sənətinin bədii xüsusiyyətləri, Azərbaycan ədəbiyyatından etdiyi tərcümələr transformasiya olunub. tədqiqat obyektinə daxil edilir. Araşdırmanın nəticəsi ümumən şairin sənəti və fəaliyyəti baxımından türk dünyasına misilsiz xidmətləri baxımından qiymətləndirilir. Görünən odur ki, özbək xalqının azad şüurlu şairi özbək milli poeziya ənənələrini mövzu, forma və məzmun baxımından qoruyub saxlayaraq milli adət-ənənələrə sadiq qalaraq gələcək nəsillərə çatdırmışdır. Müəllif Azərbaycan dilindən tərcümələrin seçimində də milli məsələlərə toxunmuş, bununla da bədii münasibətlərə yeni metafora yeritmişdir. Məqalənin yazılması zamanı şairin şəxsi arxivindən daha çox şairin sənətinə aid sənədlər götürülüb.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Skautlarımız Küveyt forumunda iştirak edirlər
Dünya Skaut Hərəkatı Təşkilatının (World Organization of the Scout Movement) və Küveyt Oğlan Skaut Assosiasiyasının təşkilatçılığı ilə 16-22 sentyabr 2023-cü il tarixlərində “Rəqəmsal Transformasiya üçün Gənclər Forumu” (“The International Scout Youth Forum For Digital Transformation”) adlı forum Küveyt Dövlətinin paytaxtı Əl-Küveyt şəhərində öz işinə başlayıb.
Əksər hissəsi ərəb regionundan olan ölkələrin iştirak etdiyi mötəbər tədbirdə ölkəmizi Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədov və rəsmi sayt inzibatçısı İslam Şükürov təmsil edirlər.
“Ədəbiyyat və incəsənət” portalı Ülvi Məmmədova istinadən xəbər verir ki, 22 sentyabr 2023-cü il tarixinədək davam edəcək forum Ərəb Planlaşdırma İnstitutunda baş tutur. Mövzu üzrə rəqəmsal transformasiya, süni intellekt, skautinqin siyasətləri və digər başlıqlarda çıxış edən mühazirəçilər Dünya Skaut Hərəkatı Təşkilatının və Ərəb Planlaşdırma İnstitutunun təlimçiləridir.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Qızıl Alma
Yunus Oğuz yazır
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Yunus Oğuzun “Qızıl Alma” adlı essesini təqdim edir
Dostum Azər Turanın 60 illiyinə
Uşaq vaxtı yuxularında "Qızıl Alma" görərdi. Amma anlamını başa düşməzdi. O zaman o qədər nağıllar, dastanlar oxumuşdu ki, elə bilirdi ona buta veriblər. Həvəslə daha çox oxuyardı. Oxuduqca oxuyardı. Bir gün atası İmamverdi kişidən soruşdu ki, yuxularımda "Qızıl Alma" görürəm, bu nə deməkdir? El arasında çox tanınan, ziyalı mövqeyi olan İmamverdi müəllim xəfifcə gülümsədi, amma cavab verdi ki, belə şeyləri bilmək sənin üçün tezdir, sən oxumağını, yazmağını davam et. Mənə verdiyin sualın cavabını sətirlərin arasında tapacaqsan.
Sovetlər Birliyinin qılıncının dalı da, qabağı da kəsən bir zamanda ən gözəl cavab bu idi. Atasının bu cavabı ona bəs etdi. Oxuduqca sətirlərin arasını oxuyurdu, yazdıqca əsərlərində, məqalələrində çox az adamın başa düşdüyü sətiraltı mənaları qeyd edirdi. Nədən yazırdısa son nöqtədə "Turana - Qızıl Alma"ya gəlib dayanırdı. İçindəki o yanğını söndürə bilmirdi, yazdıqca yazırdı. Tilsim içində tilsimə düşmüşdü. Bir tilsimi açırdı, o biri tilsim qarşısına çıxırdı. Dözürdü, səbri daş deşirdi, ancaq usanmırdı, yorulmurdu. Toz basmış, Kremlin bizə unutdurmağa çalışdığı şəxsiyyətləri tədqiq edirdi, yazırdı, arxivlərdən çıxmırdı. Heç kimə fikir vermədən atasının nəsihət etdiyini dərk edirdi. Kimləri o tədqiq etmirdi. Türk dünyasının fikir babalarını oxuyurdu, yazırdı. Başa düşürdü ki, sovetlər bu dahiləri onlardan niyə gizlədib. Mahmud Qaşqarlı, Əhməd Yəsəvi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Nihat Atsız, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Çingiz Aytmatov və onlarla dühalar onun tədqiqat obyektinə çevrildilər. Bir gün anladı ki, fikir babalarını bir yerə yığanda "Qızıl Alma-Turan" eyləyir. "Turan", "Qızıl Alma" elə onun butası imiş. Başa düşürdü ki, ideya və hədəf olmazsa, ən müasir silahlarla silahlanmış əsgər müharibədə yenə uduzacaq, çünki, o bilməyəcək nəyin uğrunda vuruşur, döyüşür. İçi boş olan əsgərin qabağında durmağa nə var ki? Əsgərə hədəf göstər, durmadan döyüşəcək, vuruşacaq. Həm də ideya və hədəf cəmiyyətin bütün təbəqələrini bir araya gətirib xalq edəcək. Xalqı isə Orduya çevirəcək. O qələmilə savaşırdı, onu süngüyə çevirdi. Onun qələmi hədəf göstərirdi. Qızıl Alma-Turan. İnanırdı ki, ideya minlərlə insanın beyninə hopandan sonra bu xalqı heç kim dayandıra bilməz. Əvvəlcə ideyanı mənimsətdirmək, sonra hədəfi göstərmək. O belə də edirdi. Otuzuncu illərdə düşünən beyinləri sovet rejimi məhv etdikcə "Qızıl Alma" haqqında fikirləşən ziyalılar sürətlə azalırdı. Bilənlərin də bəziləri susmağa üstünlük verirdilər. Sovet maşını bu ideyalardan kənarda özünün yeni hədəflərinə xidmət edən insanlar yetişdirirdi. Qorxu ilə, pul ilə, ənamlarla, şirnikləndirməklə bu insanlar cəmiyyətin pərdə arxasında yatıb qalan hədəflərini gizlətməyə çalışırdılar. Çox zaman da buna nail olurdular. Cəmiyyət öz tarixini öyrənmək belə istəmirdi, çünki ta uşaqlıqdan beyinlər yuyulurdu, "sovet vətəndaşı" deyilən bir məfhum ortalığa atılırdı. Amma, cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi fikir babalarımızın da bizə miras qoyduğu ideya və hədəflər çox tezliklə ziyalılarımız arasında sürətlə yayılmağa başladı. İdeya daşıyıcısı kimi Azər Turan da genetik, qan yaddaşa söykənən hədəfləri cəmiyyətə göstərdi. Onlarla kitab yazdı: "Əbədi Turan", "Əzəl-axır Türk dünyası", "Qafqaz İslam Ordusu Muğanda, "Hüseyn Cavid", "Əli bəy Hüseynzadə Turan" (Q.Paşayevlə bir yerdə), "Milli məfkurənin atası", "İrfan çobanı", "Cavidnamə" və başqa əsərlər onun qələmindən çıxdı. Əsas elmi tədqiqatları iki fikir babasını daha çox əhatə edirdi: Əli bəy Hüseynzadə, Hüseyn Cavid. Hüseyn Cavidin ailəsinin faciəsini özünün, xalqın faciəsi kimi qəbul edirdi. Cavidin oğlu Ərtoğrulun ölümünü sovet maşınına bağışlamadı, ondan yazdı, ailə faciəsini teatrda tamaşaya qoydu. Kövrək hislərini elə qələmə aldı ki, sanki Ərtoğrul doğma qardaşı idi. Belə də olmalı idi, çünki o fikir babası Hüseyn Cavidin oğlu idi. Münbit şərait olsa idi, Ərtoğrul da atası kimi Turan ideyasının daşıyıcısı olacaqdı. Sədd heyf! Hüseyn Cavidin qızı Turanla ana-bala idilər. Onun dediklərini, söylədiklərini, xatirələrini qələmə alırdı. Sonradan bu xatirələr kitab halında nəşr olundu. Onun butası gercəkləşir. Türk dövlətlərinin təşkilatı yarandı, iqtisadi fəaliyyətin adı "Turan" qoyuldu. O hədəfləri görür, yazır, yenə yazır. Qarşıda görülməli işlər çoxdur. Uzun illər dilimizi ayıran kəslərə tutarlı cavab olaraq ortaq dilimiz formalaşmalı, tariximiz yenidən yazılmalı, ədəbiyyatımız və incəsənətimiz bütöv hala gətirilməlidir. Bu elə Qızıl Almadır. Azər Turan da sevinir ki, ömrünün bu çağında, sovetlərin ona unutdura bilmədiyi ideya həyata keçir, addım-addım hədəfə doğru gedirik. Hədəfimiz Qızıl Almadır. Ziya Gökalpın "Qızıl Alma" əsərində yazdığı kimi: Vətən, nə Türkiyə, nə türkiyəlilər, nə Türküstan Vətən, böyük məbud ölkədir... Turan Qızıl Alma - Azər Turan.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Azərbaycanın mətbəx mədəniyyəti İsveçrədəki “Lauz'One” multikultural festivalında təqdim olunub
Azərbaycanın mətbəx mədəniyyəti İsveçrədəki “Lauz'One” multikultural festivalında təqdim olunub. Lozanna şəhərinin mərkəzində keçirilən ənənəvi mətbəx şousunda Azərbaycan stendinin yaradılması “L’Heritage” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə baş tutub.
AzərTAC xəbər verir ki, Cenevrə şəhərində bir neçə il öncə fəaliyyətə başlayan, Azərbaycanın zəngin mədəni irsinin təbliği ilə məşğul olan Assosiasiyanın növbəti uğurlu tədbiri festivalda böyük maraqla qarşılanıb.
Dünyada ən maraqlı kulinariya təcrübələrinin sərgiləndiyi festivalda Serbiya, Kolumbiya, Monqolustan, Eritreya və s. ölkələrin özəl təamları ilə bir cərgədə Azərbaycanın milli yeməkləri və incə zövqlə hazırlanmış desertləri “PHS Group”un təqdimatında nümayiş olunub. 2011-ci ildən ADEM-də Azərbaycan rəqslərinin tədrisi ilə məşğul olan Mariya Xan-Xoyskaya Martignolinin parlaq milli rəqsləri ilə müşayiət edilən Azərbaycan stendi ətrafına xeyli tamaşaçı toplayıb, “Sarı gəlin” və “Yüz biri” kompozisiyaları alqışlarla qarşılanıb.
Festivalın fəxri qonaqları, diplomatik heyət, tədbirdə təmsil edilmiş ölkələrin nümayəndələri, yerli sakinlər azərbaycanlıların performanslarını yüksək dəyərləndirərək, mətbəx sənətinin bir mədəniyyət haqqında dolğun təəssürat yaratdığını xüsusi vurğulayıblar.
Lozanna festivalının əlvan rənglərinə Azərbaycanın təkrarsız çalarlarını qatan “L’Heritage” Mədəniyyət Assosiasiyasının layihələrinin isə əhatə dairəsi getdikcə genişlənməkdədir. Azərbaycanın milli, klassik və müasir musiqisini, istedadlı imzalarını, sənətkarlarını dünyaya tanıtmaq məqsədi ilə keçirilən konsertlərin, sərgilərin təşkilində əsas hədəf – son illər diqqət mərkəzində olan Cənubi Qafqazın ən qüdrətli ölkəsi haqqında doğru-dürüst informasiya yaymaq, sülhsevən, tolerant və dünyəvi dəyərlərə söykənən bir xalqla bağlı dolğun fikir formalaşdırmaqdır.
Assosiasiyanın təmsilçiləri eyni hədəfə köklənmiş tədbirlərin dünya və Azərbaycan arasında etibarlı körpü yaradacağına, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar arasında birliyin möhkəmlənməsinə xidmət edəcəyinə əmindirlər.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikovun 90 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Azərbaycanın musiqi ictimaiyyətini təbrik edib.
AzərTAC xəbər verir ki, məktubda deyilir: “Bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir. Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir. Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir. Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırmışdır. Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırmışdır. Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur. Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaqdır”.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib
Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda qərar 2023-cü ilin 18 sentyabr tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul edilib.
AzərTAC xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan nominasiyaya əsasən Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.
UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nominasiya sənədini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, bu sənəddəki köç yolunun nümunəvi tarixi-iqtisadi model kimi təkcə Azərbaycanın deyil, bütün dünya irsinin nadir nümunələrindən olduğunu qeyd edib.
Fuad Nağıyev ölkəmizin maddi və qeyri-maddi irsinin qorunub saxlanması sahəsinə göstərilən daimi diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edərək məhz bu dəstək sayəsində Xınalıq və Köç yolu ənənələrinin Ümumdünya İrs Ərazisinə salınmasının mümkün olduğunu bildirib.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir.
Dünya İrs Siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.
İlk dəfə olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya Dünya İrsinin 3-cü (ııı) və 5-ci (v) meyarları ilə qeydə alınıb. 3-cü meyar Xınalıq icmasının tarixən köçəri heyvandarlıqla məşğul olduğu vertikal köçəri mədəniyyətinin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin tarazlığı, çətin iqlim şəraitində eko-sosial münasibətlər sisteminin inkişafı və təbiət resurslarından dayanıqlı istifadənin müstəsna nümunəsi kimi təqdim olunub.
Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb.
Beləliklə, “Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi oldu. Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, bir gün öncə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Yazıçılar Varislə və Adəm İsmayıl Bakuvi ilə gənclərin görüşü oldu
17 sentyabr tarixində Sabunçu Gənclər Evinin təşkilati dəstəyi ilə "Azərbaycan Oxucuları" Kitab Klubunun #yazarlarımızıtanıyaq rubrikası çərçivəsində Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı Varis və fəlsəfə üzrə fəlsəfə doktoru, yazıçı Adəm İsmayıl Bakuvi ilə görüşü baş tutdu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “İki yazarın iki sevgi romanından keçən minlərlə tale" adı altında baş tutan görüşdə Varisin "Qırmızı ləçəklər", Adəm İsmayıl Bakuvinin isə "Eşq mələyi" romanlarında kəsişən müxtəlif həyat hekayələrindən bəhs olundu.
Əsas mövzu başlığı "sevgi" olan əsərlərdə yazıçılar həqiqi, saf məhəbbətin insanların taleyinə necə təsir etməsindən, onların xoşbəxtlik və bədbəxtliyinin qaynaqlandığı məsələlər ətrafında həm söhbət etdilər, həm də oxucuların suallarını cavablandırdılar.
Görüşün sonunda hər iki yazıçı oxucular üçün kitablarını imzaladılar, onlarla xatirə fotoları çəkdirdilər.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Bu gün məhz dahi Üzeyir bəyə görə Milli Musiqi Günüdür
Bəli, gün ərzində paylaşılan yazıların bir neçəsi Milli Musiqi Günü ilə, Üzeyir bəylə bağlıdır. Bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 138-ci ildönümü tamam olur və 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Elə bu gün Heydər Əliyev Fondu və Mədəniyət Nazirliyi bu münasibətlə 15-ci Beynəlxalq Musiqi Festivalına start verib.
Və bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.
Bu il 15-ci dəfə təşkil olunacaq bu beynəlxalq musiqi festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Belə ki, sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Miçiqan Universitetinin (ABŞ) professoru İqor Fedotovun ustad dərsi təşkil olunacaq. Sentyabrın 21-də isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gürcüstanlı pianoçu Eliso Bolkvadzenin konserti keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində Fransadan festivala qatılan “Quatuor Diotima” simli kvartetinin konserti sentyabrın 25-də gerçəkləşəcək. Azərbaycan Dövlət Akademik Filarmoniyasında sentyabrın 26-da Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri sinqapurlu dirijor Anq Darrellin rəhbərliyi ilə çıxış edəcək. Musiqi bayramının bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri xarici qonaqlarla birgə festivalın final notlarını səsləndirəcək. Konsertdə pult arxasında dirijor Valentin Egel (Almaniya), solistlər isə Chloe Kiffer (violin, Fransa) Henri Demarquette (cello, Fransa) və Aleksandr Mutuzkin (piano, ABŞ) olacaq.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 111 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Brüsseldə Avropa İrs Günləri çərçivəsində Azərbaycan mədəniyyəti və incəsənəti tanıdılıb
Sentyabrın 16-17-də Azərbaycanın Belçikadakı səfirliyi 1989-cu ildən başlayaraq təşkil olunan və artıq 35-ci dəfə keçirilən Avropa İrs Günlərində iştirak edib.
AzərTAC xəbər verir ki, Brüssel paytaxt regionu tərəfindən keçirilən irs günləri çərçivəsində Azərbaycan mədəni irsinin yerli ictimaiyyətə və turistlərə təqdim olunması məqsədilə səfirliyimizdə “Azərxalça”nın istehsalı olan xalçaların sərgisi və milli musiqimizin təqdimatı olub. İrs günlərində 15-ə yaxın diplomatik nümayəndəlik iştirak edir.
Hər il müxtəlif ölkə səfirliklərinin qatıldığı tədbirdə bu il 10-dan çox diplomatik nümayəndəlik təmsil olunub. Budəfəki tədbirlərdə Avropada yaşayan musiqiçilərimiz Səbinə Məmmədova və Vüsalə Cabir qonaqlara konsert proqramları təqdim edib. Tədbir çərçivəsində Belçikadakı səfirliyimizə yerli ictimaiyyətin ümumilikdə 500-ə yaxın nümayəndəsi və Brüsseldə olan turistlər gəlib. Ziyarətçilərə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış təbliğat xarakterli materiallar paylanılıb.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Kukla Teatrı mövsümü açıq elan edib
Azərbaycan Dövlət Kukla Teatrı 92-ci mövsümü açıq elan edib.
Bu barədə teatr məlumat yayıb.
Məlumata görə, ilk günü balaca tamaşaçıları üçün daha da yaddaqalan etmək istəyən yaradıcı heyət “Melisa” adlı tamaşanı teatrsevərlərin ixtiyarına veriblər.
Premyerada azyaşlılarla yanaşı, Azərbaycan uşaq ədəbiyyatının tanınmış təmsilçiləri, sahə üzrə mütəxəssislər də iştirak ediblər.
Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.
Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.
Rəngarəng səhnə həlli - dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın hakim olduğu uşaq tamaşası 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.
Melisa və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı, Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Çünki Melisa həyatı anladır. Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. O, sadəcə gəlincik deyil, o sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. O əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər.
Tamaşanı ərsəyə gətirənlər də uşaqlara məhz bu sevgi və inamı göstərməyə, onların dünyasına bir də bu yolla daxil olmağa çalışıblar.
Tamaşanın ardınca teatrın nəzdindəki "Oyuq" teatr-studiyası yetirmələrinin ifasında konsert proqramı da təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)