Super User

Super User

Thursday, 05 October 2023 11:00

Müharibə və ədəbiyyat mövzusu aktualdır

MİR CƏLALIN YARADICILIĞI ÖRNƏK SAYILA BİLƏR

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Müharibə və ədəbiyyat. Taleyinə müharibələr yazılan xalqlarda daim bədii ədəbiyyat öncə ilhamverici xarakter daşıyıb, ön cəbhədə əsgərləri döyüşə, arxa cəbhədə vətəndaşları fədakar əməyə ruhlandırıb. Sonra isə salnaməyə çevrilərək tarixi yaşadıb. 

Azərbaycan xalqı ötən əsrdə Birinci və İkinci Dünya Müharibəsini, bu əsrdə Birinci və İkinci Qarabağ Müharibəsini yaşayıb. 

Hazırkı dönəm yazarlarımız müharibə mövzusuna elə də çox toxunmurlar. Aqil Abbasdan “Dolu”, Varisdən “Qırmızı ləçəklər”, Yunus Oğuzdan “Cığır”… Barmaqla sayılacaq qədər azdır.

Halbuki tək elə Mir Cəlal Paşayev İkinci Dünya Müharibəsində çox sayda əsər ortaya qoyub. 

İkinci Dünya müharibəsi illərində Mir Cəlalın "Xalqın ürək sözü" (1941), "Vətən hekayələri" (1942), "İlyas" (1942), "İsrafil" (1942), "Vətən yaraları" (1943), "Vətən" (1944) kitablarında, dövri mətbuatda çap etdirdiyi hekayələrində arxa və ön cəbhədə Azərbaycan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsindən geniş bəhs olunur.

Mir Cəlalın “Vətən yaraları" isə xüsusən diqqət çəkir. 

Əsər hekayə janrında yazılmışdır.

Əsər II Dünya müharibəsinə həsr olunub və müharibənin ən qızğın çağında qələmə alınıb. Əsərdə geniş müharibə səhnələri verilməyib. Əsəri oxuduqca oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır. Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər xatirələrində mövcuddur. Müharibə isə gerçək və amansızdır. Əsərdə dinc həyatın, əziz xatirələrin, müqəddəs hislərin qorunması istəyi hadisələrin mahiyyətini, mənasını təşkil edir.

 Əsərin əsas qəhrəmanı əsgər obrazıdır. Hadisələr onun dilindən söylənilir. Əsgər dinc həyatın, əziz xatirələrin qoruyucusudur. Lətif və Nəsrəddin onun həmvətənləri və döyüş yoldaşlarıdır. Hər üçü vətəninə, ailəsinə dərindən bağlıdır.

Yazıçı əsərdə bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə etmişdir.

İdeyası: müharibə insanları məhv etsə də, onların qəlbindəki əziz xatirələri, müqəddəs hisləri məhv edə bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

Azərbaycanlı violin ifaçısı, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli “Silberbauer's Musical Podyjí” beynəlxalq musiqi festivalı çərçivəsində konsert proqramı ilə çıxış edəcək.

 

AzərTAC xəbər verir ki, konsertlər kamera orkestrinin müşayiəti ilə, isveçrəli dirijor Sebastien Bagnoudun rəhbərliyi altında oktyabrın 14-15-də Avstriyanın Reşits şəhərində yerləşən Müqəddəs Nikolay kilsəsində və Çexiyanın Yevişoviç şəhərindəki Müqəddəs Yozef kilsəsində baş tutacaq.

 

Proqramda Antonio Vivaldinin "İlin fəsilləri" və Astor Pyatsollanın " Buenos-Ayresdə İlin fəsilləri" əsərləri səsləndiriləcək.

 

Qeyd edək ki, “Silberbauer's Musical Podyjí” beynəlxalq musiqi festivalı “Qeyri-adi əlaqələr” şüarı altında artıq dördüncü dəfədir keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

Thursday, 05 October 2023 10:30

Cənnətin itirilmiş xəritəsi - Müəllim

BU GÜN MÜƏLLİM GÜNÜDÜR

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir..."

(M.K Atatürk)

 

Lüğətlərdə müəllim sözü: Məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Sözün mənasını öyrədən, nəsihət verən, dərs verən.

Bu söz Hörmət üçün adlara qoşularaq deyilir. Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə ola bilən adam; ustad mənasında da işlədilir. 

 

Fəqət, müəllim sözü lüğətlərdə verilən bu izahlardan daha böyük və daha dərin mənalar ehtiva edir özündə. 

Uşaqkən bir şeir öyrənmişdik, deyirdi ki: 

 

Yollar dünyada çoxdur,

Sayı-hesabı yoxdur:

Bostan yolu, bağ yolu,

Aran yolu, dağ yolu... 

 

Bir yol var ki, dünyada

Onu getmirsən hədər.

Həmişə düşür yada,

Qoca olana qədər. 

 

Bax uşaqla doludur,

Bu yol məktəb yoludur. 

(Xanımana Əlibəyli  - “Yol”)

 

Bəli, o sevimli məktəb yolu heç bir zaman hədər getmədiyimiz bir yoldur, amma həyatımızda məktəb yolundan daha önəmli bir yol da var, həyat yolumuz. Bir insan kimi həyatdakı mövqeyimiz, kimliyimiz, bir sözlə öz yolumuz. 

Doğru yol insanı işığa çıxarar, amma yanlış yol insanı azdırar və geri dönülməz uçurumlara apara bilər, elə məhz buna görə də bu yoldakı istər yol yoldaşımız, istər  yol göstərənimiz,  bələdçimiz çox yaxşı olmalıdır.

Bu yol uşaqlıqdan başlayır və bu yolda ilk bələdçilərimiz, rəhbərimiz, öyrədənimiz valideynlərdən sonra bağçada tərbiyəçi, məktəbdə ibtidai və sonra fənn müəllimləri, çevrəmiz və daha sonra ən nəhayətində özümüz oluruq öz müəllimimiz.

Müəllim sadəcə hər hansı bir fənni tədris etmir əslində, o,  eyni zamanda bir insanlıq nümunəsi olur. Çox zaman insanların içindəki işığı görən, onlardakı istedadı kəşf edən və elə onlar üçün uğura gedən yoldakı ilk qapını açan da müəllimlər olur. 

Bəlkə də elə bu gün mən də bu xitabı yazmağa ərk edə bilirəmsə, bunda da "Sənə hər zaman inanmışam"-,  deyərək mənə özünəinam aşılayan sevimli müəllimimin payı var.

Müəllimlər uşaqların gələcək həyatına, psixologiyasına çox yüksək təsir

göstərirlər. Ən əsas da məktəbəqədər və ibdidai sinif müəllimləri. 

Müəllimlərin uşaqlara göstərdiyi psixoloji təsir onların şəxsiyyətinin inkişafına, gələcəkdə necə bir insan olacağına, hətta  gələcəkdəki peşə seçiminə də çox böyük təsir göstərir. Elə müəllimindən örnək alıb gələcəkdə özü də məhz onun kimi bir müəllim olmaq arzusu ilə böyüyən uşaqlar buna çox gözəl bir misal ola bilər.

Müəllimlik peşəsinə yiyələnməyi, müəllim adı almağı çox insan bacarır, lakin, uşaq psixologiyasına düzgün təsir bağışlayıb, düzgün yön verib, gözəl insanlar yetişdirməyi müəllimlik peşəsinə yiyələnən hər insan bacarmır təssüf ki.

Əsl müəllim, başqa dillə desək, doğru yol göstərən bir bələdçi olmağı hər müəllim bacarmır. Bəzən müəllimin tədris etdiyi fənn gələcəkdə hafizədən silinir, ancaq insanlıq nümunəsi və psixologiyada göstərdiyi təsir heç vaxt silinmir və insanın həyatınada yansıyır bu.

Müəllimin yanlış, məsuliyyətsiz, laqeyid bir davranışına görə travması yaranmış və həyatı boyu hətta güclü xarakterli olsa belə bunu yenə bilməmiş o qədər yetkin insan var ki.

Bir müəllimin çiynlərində daşıdığı məsuliyyətin nə qədər böyük, nə qədər ağır və müəllimliyin, sözün əsl mənasında, bir vicdan işi olduğunu elə bu mövzuyla bağlı rastlaşdığım iki məqam əsnasında daha aydın dərk etmişdim:

Bir dəfə özü də ixtisasca müəllim olan bir təlimçi təlimlərinin birində bağçada tərbiyəçi müəllimin yanlış davranışına görə yenə bilmədiyi bir travmasından danışdığı zaman.

Və bir dəfə də məni çox da yaxından tanımayan bir insanın söhbət əsnasında ixtisasımın məktəbəqədər təlim və tərbiyə oduğunu öyrənəndə mənə: "Siz Allah, uşaqları döyməyin.."-, dediyi zaman.

Çünki sonradan bu hadisənin vaxtı ilə onun öz başına gəldiyini, ona görə belə dediyini öyrənmişdim və bu məni çox incitmişdi.

Bəli, əziz oxucu, bir müəllim sadəcə hər hansısa bir fənni tədris etmir. O, eyni zamanda bəzən fərqində olmasa belə yanaşmasıyla və davranışıyla insan həyatına yaxşı və ya pis çox böyük təsir göstərir. Bu səbəbdən muəllimlik öncə vicdanlı və məsuliyyətli şəxsiyyət tələb edir.

Və bir az da irəli gedib düşünəndə görürük ki, əslində özü fərqində olmadan hər insan bir müəllimdir. Əgər düzgün bir şəkildə müşahidə edə bilsəniz, hər insan təcrübədən dərs deyir. Hər insan bir örnəkdir. 

Kiminin şəxsiyyət, xarakter, davranış və həyatına baxaraq gözəl dərslər götürərik özümüz üçün. 

Və kimilərinə də  baxıb şükr edərik, elə bir insan olmadığımız üçün. 

Və lazım gəldikdə insan özü də özü üçün müəllim olmağı bacarmalıdır. 

Elenora Ruzveltin də dediyi kimi :

"Başqalarının həyatından dərs alın, insan bütün səhvləri özü edəcək qədər uzun yaşamır" 

İzləri xoş xatirələr, faydalı məsləhətlər və əsəri vicdanlı və güclü xarakterli insanlar olan müəllimlərin bayramı mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

Moskvada azərbaycanlı şair və dramaturq Miryusif Mirnəsiroğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, gecə şairin Moskvanın “Bakı” kinoteatrında illər əvvəl keçirilmiş yaradıcılıq gecəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra tədbirin təşkilatçılarından olan Moskva Qərb inzibati dairəsi üzrə Azərbaycanlıların Mili Mədəni Muxtariyyətinin sədri Əli Kazımov çıxış edərək, Miryusif Mirnəsiroğlunun həyat və yaradıcılığından danışıb.

Gecədə tarixçi alim, professor, şair Əşrəf Hüseynli, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü, şair Afaq Şıxlı, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov, ictimai xadim Əhməd Abulov, “Əhli beyt” dini cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov çıxış ediblər. Natiqlər şairin poeziyasında insanlığa, Vətənə sevgi mövzularının ön plana çıxdığı vurğulanıb.

Şairin oğlu Miryunis Mirnəsiroğlu atasının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə dərin minnətdarlığını bildirib.

Gecənin aparıcıları jurnalistlər - Tünzalə Vəliqızı və Cəfərsadıq Abbasov hər təqdimatdan əvvəl şairin həyatı, yaradıcılığı haqqında görüş iştirakçılarına məlumat verir, rübailərini səsləndiriblər.

Gecənin nəğməli qonaqlarından Azərbaycanın tanınmış müğənnisi Fədayə Laçın Miryusif Mirnəsiroğlunun sözlərinə Bəhram Nəsibovun bəstələdiyi “Şahnaz təsnifi” və “Qal, sənə qurban” mahnılarını ifa edib. Azərbaycanın Xalq artisti Sərxan Sərxanın ifasında milli vətənpərvərlik ruhunda mahnılar maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Şəhid Raul Piriyev.

04.06.1997-ci il tarixində Şəmkir rayonu, Kür qəsəbəsində anadan olub.

2003-cü ildə Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunub. 2006-cı ildə Bakı şəhərinə köçüblər, Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin üçüncü sinfində təhsilini davam etdirib.

2015-ci ilin may ayında orta məktəbi bitirərək AZTU-nun (Azərbaycan Texniki Universiteti) "Dəmiryol Nəqiliyyatı və Təsərrüfatı mühəndisliyi" fakültəsinə qəbul olub. Təhsil aldığı müddətdə qrup rəhbəri kimi faliyyət göstərib. 

2016-cı ilin aprelin 25-də McDonald's restoranının Gənclik filialında iş faliyyətinə başlayıb. İş fəaliyyəti müddətində" ilin ən yaxşı işçisi" ,"ilin ən surətli işçisi" kimi bir sıra diplom və hədiyyələrlə təltif olunub. 2.07.2019  tarixində bakalavr ali peşə-ixtisas

dərəcəsi ilə təhsilini bitirib.

3.10.2019 tarixində Şəmkir rayon Səfərbərlik və Hərbi Çağırış şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 

8.10.2019  tarixində həqiqi hərbi xidmətə yola salınıb.

İlk öncə Ağcabədidə hərbi xidmət keçib, 2019-un dekabr ayında könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə keçib  və Cəlilabadın Göytəpə hərbi hissəsində hərbi xidmətini davam etdirib. 

İkinci Qarabağ müharibəsi başlayan kimi ön cəbhəyə göndərilib. Murov, Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

5.10.2020 tarixində Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib və 15 oktyabrda yaşadığı Maştağa  qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. 

Ali Baş Komandanın sərancamı ilə:

1- "Şücaətə görə",

2- "Döyüşdə fərqlənməyə görə",

3- "Füzulinin azad olunmasına görə",

4- "Vətən uğrunda",

5- "Cəsur döyüşçü",

6- "Bayrağ",

7- "Cəbrayılın azadlığı uğrunda",

8- "Kəlbəcərin azadlığı uğrunda" orden və medalları ilə təltif olunub.

 

Bu gün sizə təqdim edəcəyim şəhidmiz Raul Priyevdir. Raul haqqında heç bir məlumatım yox idi, kitabda yazılsa belə, çox cüzi məlumat idi. Keçən il "44 Gün və Əbədiyyət" kitabını təqdim etməyə evlərinə getdik. İçəri  girən kimi gözüm şəkillərində qaldı. Özümü o an necə hiss etdiyimi izah edə bilmərəm. Öz-özümə “Allahım, üzündən nur yağır”, - deyə-deyə çox qəribə olmuşdum. Anası Nəcibə ana -mənim çox mehriban çox qonaqpərvər, istəkli şəhid analarımdandır. Nəcibə ana da, atası da oğlunun sakit təbiətli olmasından, heç kəslə işinin olmamasından, yaşından daha düşüncəli davranmasından və 4yaşından -bir uşağın özünü hələ təzə dərk etdiyi vaxtdan belə sirr saxlamağı bacarmasından danışdılar. Nəcibə ana həmçinin Raulun əşyalarından ibarət otağdakı xatirələri bizə təqdim etdi. Dəftərçəsi diqqətimi cəlb etmişdi, o, dəftərçədə oxuduğu kitablar, gündəlik düşüncələri barədə qeydlər aparmışdı. Hətta bir qeydində yazılmışdı ki, “Mən Qələbəsiz dönməyəcəyəm".

Sözünü tutdu şəhidim. Uşaqlıqdan arzusu imiş XTQ-a qoşulsun. 3-cü kursdan bu istəyi  bir az da artır, amma ailəsi razı olmadığı üçün naçar qalır. Hərbi xidmətə çağrıldıqdan sonra həm öz uşaqlıq arzusuna qovuşmaq üçün, həm də vətənin dar günündə daha öndə olmaq üçün könüllü olaraq XTQ-a sənəd verir və qəbul olur. 

Atası ilə danışanda deyib ki, “Ata, biz 8 aydır, demək olar ki, müharibdəyik, biz 8 aydır təlimlər keçirik”.

Elə müharibə başlayanda da XTQ ən öncül olanlardan olduğu üçün ilk günlərdən Raul da ən öndə olanlardan olur. 

Və son döyüşü Cəbrayılda baş verir, ən sonda ayağından yaralanır, amma buna rəğmən sona qədər döyüşür. 

Raulun müharibə başlayanda xidmət vaxtının bitməyinə çox az qalıbmış.  Və andiçmə mərasimindən sonra Koronavirus epidemiyasına görə karantin olduğu üçün ailəsi bir ilmiş ki, onu görə bilmirmiş. Bu ailənin dərdi çox ağırdır, son dəfə müharibəyə uşaq yolladıqlarını belə bilməyiblər. Hamı kimi əsgərliyə uşaq yollayıblar, gedər, qayıdar düşünüblər. Və Raul hərbi xidmətə yollanmamışdan qabaq qardaşı əsgərlikdə imiş. Qardaşının gəlməyinə son günlər qalmış Raul yollanıb  xidmətə. Rauf - yəni qardaşı onu təxminən üç ilə yaxın görə bilməmişdi. Hətta sonra Rauf müharibə vaxtı könüllü olaraq qeydiyyatdan keçir ki, bəlkə, qardaşıyla eyni yerə düşər, qardaşını orada görər. Amma görə bilmir.

Rauf Raulun ona böyük dəstək göstərməsindən danışır, qardaşını çox istədiyini göz yaşları içərisində bildirir. 

Allah Piriyevlər ailəsinin hər bir üzvünə səbir versin və şəhidlərmizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.

 

Konsert proqramında orkestrin müşayiəti ilə solistlər, Əməkdar artist Rəna Rəhimova və Renata Abubəkirovanın ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

 

Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb. Orkestr bir çox xarici dirijorlar ilə çıxış edib. 2007-ci ildə dünyada Azərbaycan klassik musiqisinin təbliğinə görə orkestr “Humay” milli mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

Qarşıdan Zəfər Günü gəlir. 

Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Müqəddəs andım” adlı növbəti tədbir–sərgi keçirilib.

 

Muzeydən verilən məlumata görə, tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Prezident İlham Əliyevin Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı Sərəncama əsasən, 2021-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər muzeyinin fondlarının kompleksləşdirilməsi məqsədilə şəhid ailələri ilə görüş keçirilir və şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanır.

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Məqsədlə Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daim Azərbaycan dövlətinin və ölkə başçısının nəzərindədir.

 

Daha sonra tədbir iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə muzey fondlarında qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlər nümayiş olunub.

Sərgi oktyabrın 10-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi forumu keçiriləcək. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində 29-31 oktyabr tarixlərində gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq. 

Oktyabrın 29-da “Gülüstan” Sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək. 

Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və  təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq. 

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

 

Musiqi forumunda iştirak etmək istəyən şəxslər 26 oktyabr tarixinədək culture.gov.az saytından onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

 

“Report” xəbər verir ki, başlığa çıxardığımız məlumatı Keretaro ştatının (Meksika) Turizm Nazirliyinin nümayəndəsi Alexandra İturbe Rosas mətbuat konfransında bildirib.

 

“Bakıya səfərim zamanı aramızda çoxlu oxşarlıqların olduğunu gördüm. Həm burada, həm də Keretaro şəhərində çox sayda turist var. Odur ki, hər iki şəhərdə turizmin inkişafı üçün böyük potensial var. Maraqlıdır ki, hər iki şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş obyektlər var. Ümid edirik ki, eyni qonaqpərvərlik ilə sizi qarşılayacaq və Azərbaycandan gələn qonaqlar vətənimizin gözəlliyindən zövq ala biləcəklər”, - o vurğulayıb.

 

Qeyd edək ki, Meksikanın Keretaro ştatının dövlət qurumlarının nümayəndələri BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində keçirilən “Şəhərsalma Həftəsi 2023” forumunda iştirak etmək üçün Bakıya gəliblər.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

 

Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası keçirilib. Ölkə başçısının müvafiq Sərəncamına əsasən, bu il Mədəniyyət Nazirliyi tanınmış pedaqoq, görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirir. Bakı Bələdiyyə Teatrı yubiley tədbirləri planı çərçivəsində “Məhv olmuş gündəliklər” pyesinə müraciət edib.

 

Bakı Bələdiyyə Teatrının mətbuat xidmətindən verilən məlumata görə, tamaşa Milli Dram Teatrının səhnəsində nümayiş olunub.

“Məhv olmuş gündəliklər” pyesinə bu dəfə Xalıq yazıçısı İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verən görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov müraciət edib.

Rejissor deyib ki, məhv olmuş gündəliklər İlyas Əfəndiyevin sayca 11-ci pyesidir ki, onu səhnələşdirir və yazıçının əsərdəki ruhuna böyük hörmət və ehtiramla yanaşır. Bu baxımdan da tamaşadakı obrazların hər sözünə, sözaltı mənalara diqqətlə yanaşaraq onu müasir tamaşaçıya olduğu kimi aşılamağa çalışıb.

Tamaşada rolları aktyorlar Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva, Toğrul Rza və Məmmədağa Əlilicanzadə ifa ediblər.

Səhnə sərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Xatırladaq ki, görkəmli aktrisa, Dövlət mükafatları laureatı, Xalq artisti Amaliya Pənahova İncəsənət İnstitutunun 1-ci kursunda oxuyarkən rejissor Tofiq Kazımov onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırladığı eyniadlı tamaşada baş rola dəvət edib. 18 yaşlı tələbə-aktrisanın tamaşadakı uğurlu çıxışı sonralar iki sənətkar arasındakı uzun illəri əhatə edən yaradıcı əməkdaşlığa çevrilib. Bu baxımdan da Bakı Bələdiyyə Teatrı “Məhv olmuş gündəliklər” tamaşasını üç sənətkara - Xalq artisti Tofiq Kazımovun 100 illiyinə, Xalq yazıçısı İlyas Əfəndiyevin anım gününə və hər iki yaradıcı şəxslə daima əməkdaşlıq etmiş Xalq artisti Amaliya Pənahovanın ruhuna ithaf edir.

Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulub və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirilib. Pyesi səhnələşdirən rejissorlardan biri də Tofiq Kazımov olub və onun hazırladığı tamaşa da öz dövrünün tamaşaçısının böyük marağına səbəb olub.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.