Super User

Super User

Friday, 13 October 2023 10:15

Döyüşçü şairlərlə görüş olacaq

Oktyabrın 15-də “Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Zəfərin 44 günü” adı altında həyata keçirilən silsilə tədbirlər çərçivəsində döyüşçü şairlərlə "Mən Vətənəm" adlı görüş təşkil olunacaqdır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutacaq görüşdə Vətən müharibəsində iştirak etmiş istedadlı gənc şairlərimiz Həsən Kür, Nicat Fərman və Emin Pirinin yaradıcılığı ilə yaxından tanış olmaq, müharibə xatirələrini və şeirlərini dinləmək, fikir mübadiləsi aparmaq, həmçinin düşündürücü suallara cavab tapmaq mümkün olacaq. 

Tədbirdə fəal iştirak edən gənclərə imzalı kitablar təqdim ediləcəkdir.

Tədbir “Misra Book Cafe”də keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Əziz oxucular. Dünya ədəbiyyatı bələdçiliyində bu gün sizlərə postmodern  hekayə janrının bir şedevrini təqdim edəcəm. Söhbət Andy Weir-in “Yumurta" hekayəsindən gedir. 

Əminəm ki, onu çox bəyənəcəksiniz. 

 

 

 

Sən öləndə maşınınla evinə gedirdin.

Maşın qəzası idi: fərqli qəza deyildi, amma nəticə ölümcül oldu. Arxanda həyat yoldaşını və iki uşağını qoydun. Ağrısız ölüm idi. Təcili Yardımdakılar səni xilas etmək üçün əllərindən gələni etdilər, ama yararı olmadı. Vücudun çox zərər görmüşdü və yaxşı ki, ölmüsən deyə bilərəm.

Bax orda qarşılaşdıq.

“Mənə nə oldu?" deyə soruşdun. "Hardayam?"

"Öldün" deyə ciddi cavab verdim. Sözü uzatmağın mənası yox idi.

"Bir.. bir yük maşını vardı və yoldan çıxmışdı.."

"Hə".

"Yəni... yəni öldüm?"

"Hə. Amma kədərlənmə, hər kəs ölür necəsə."

Ətrafına baxdın. Tam bir heçlik. Sadəcə sən və mən. "Bura haradı?" deyə soruşdun. "Bura ölümdən sonrasıdır?"

"Elə də demək olar."

"Həyat yoldaşım... Uşaqlarım..."

"Niyə dedin bunu?"

"Yaxşı olacaqlar?"

"Bax bu, eşitməyi xoşladığım bir şeydi. Ölürsən, amma tək maraqlandığın ailəndi. Bu, yaxşı baxış bucağıdır."

Heyranlıqla mənə baxdın. Sənin gözündə Tanrıya bənzəmirdim, hər hansı biri kimi qəbul edirdin məni. Ya da qadın. Tanrıdan daha çox dil müəllimi.

"Narahat olma", dedim. "Yaxşı olacaqlar. Uşaqların səni həmişə xoş təəssüratlarla xatırlayacaq. Sənə mənfi hislər duymağa zamanları olmadı. Həyat yoldaşın isə.. Xaricdən matəmdə olacaq, amma gizlidən gizliyə rahatlayacaq. Düzünü desəm, evliliyin məhv olmağa başlamışdı. Səni məmnun edəcəksə, rahatladığı üçün peşmanlıq duyacaq."

"Ha.." dedin. "Yaxşı, bəs indi nə olacaq? Cənnətə ya da cəhənnəmə gedirəm?"

"Heç biri." dedim. "Yenidən doğulacaqsan."

"Ha, demək hindlilər haqlı çıxdı."

"Bütün dinlər, özlərincə haqlıdılar." dedim. "Gəl mənimlə gəzişək."

Boşluqda yeriməyə başlayanda yanımca məni təqib etməyə başladın. 

"Hara gedirik?"

"Xüsusi bir yerə getmirik.", dedim. "Gəzişəndə söhbət etmək daha maraqlı olur."

"Onda nə anlamı var?" deyə soruşdun. " Təkrar doğulacamsa, ağappaq bir səhifə kimi olacaq, hə? Körpə kimi. Yəni bütün təcrübələrim və bu həyatımda etdiklərimin heç biri anlam daşımır daha."

"Heç elə deyil!" deyə iradımı gördün. "Bütün geçmiş həyatlarının və təcrübələrinin məlumatlarını daşıyırsan. Bunları xatırlamırsan sadəcə."

Gəzişərkən dayanıb səni çiyinlərindən tutdum. "Ruhun inana biləcəyindən çox daha möhtəşəm, gözəl və böyükdü. İnsan zehni, əslində malik olduğunun çox kiçik bir qismini daşıya bilir. Bu, isti ya da soyuq olduğunu bilmək üçün barmağını bir stəkan suya salmaq kimidi. Özündən kiçik bir qisimlə suyu təcrübədən keçirib barmağını geri çəkəndə o təcrübənin bütününə sahib olursan.

Son 48 ilini bir insanın bədənində keçirdin. Özünü inkişaf etdirib o sonsuz şüurunu hələki qavraya bilməmisən. Orada yetərincə qala biləndə hər şeyi xatırlamağa başlayardın. Amma həyatlar arasında keçid edəndə bunu etməyin bir anlamı yoxdu.

"Yaxşı neçə dəfə təkrar-təkrar həyata gəlmişəm?"

"Çox.. inan mənə yetərincə çox. Və hər biri o birindən çox fərqli olan həyatlar. Bu dəfə Çində, miladdan sonra 540-cı ildə doğulan kəndli bir qız olacaqsan."

"Bir saniyə, nə?!" deyə çox təəccübləndin. "Məni zamanda geri göndərirsən?!"

"Deyəsən, elə çıxır, hə. Zaman, bildiyin kimi, sadəcə sənin kainatında var. Mənim gəldiyim yerdə işlər fərqlidi."

"Sənin gəldiyin yer?" soruşdun.

"Əlbəttə", dedim. "Mən də bir yerdən gəlirəm. Başqa bir yerdən. Və mənim kimi başqaları da var. Oranın necə olduğunu bilmək istəyəcəksən, bilirəm, amma açığı danışsam da anlamazsan."

"Ha," dedin, bir az da xəyal qırıqlığına düşərək. "Bir saniyə. Əgər zaman içində başqa başqa yerlərdə reankarnasiya oluramsa, bir nöqtədə özüm-özümlə rastlaşa bilərəm."

"Əlbəttə. tez-tez olur bu. Amma iki həyat da sadəcə öz ömürlərindən xəbərdar olduqları üçün fərqinə varmırsan."

"Onda bütün bunlara nə gərək var?"

"Ciddən?" deyə soruşdum."Ciddən? Məndən həyatın mənasını soruşursan? Bu bir az bəysayağı sual olmadı ki?"

"Məncə ağla yatan sualdı."

Gözlərinin içinə baxdım. "Həyatın anlamı, bu kainatı yaratmağımın tək səbəbi, sənin yetkinləşməndı."

"İnsanlığı nəzərdə tutursan? Yetkinləşməyimizi istəyirsən?"

"Yox, ancaq sən. Bütün kainatı sənin üçün yaratdım. Hər həyatla bərabər böyüyür, yetkinləşir və daha böyük bir zəka olursan."

"Ancaq mən? Bəs digərləri?"

"Başqa heç kim yoxdu. ", dedim. "Bu kainatda sadəcə sən və mən varıq."

Mənə boş baxışlarla baxdın. "Amma dünyadakı milyardlarla insan..."

"Hamsı sənsən. Başqa bədənlərdəki sən."

"Dayan. Hər kəs mənəm?"

Kürəyinə bir təbrik vuruşu ilə, "Bax indi daşlar yerinə oturur", dedim.

"Bütün zamanlarda yaşamış insanların hamsı mənəm?"

"Və yaşayacaq olanlar, hə."

"Abraham Lincoln mənəm?"

"Onu öldürən John Wilkes Booth da sənsən", deyə əlavə etdim.

Dəhşət içində, "Hitlerəm?" dedin.

"Və öldürdüyü milyonlarsan."

"İsayam?"

"Və onu təqib edən hər kəs."

Səssizliyə büründün.

"Nə vaxt birisinə haqsızlıq etsən", dedim, "özünə etmiş olursan. Etdiyin bütün yaxşılıqları da özünə edirsən. Yaşanmış və yaşanacaq bütün xoşbəxt və bədbəxt anlar sənin tərəfindən yaşanacaq."

Düşüncələrə daldın.

"Niyə?" deyə soruşdun. "Bunları niyə edəsən ki?"

"Çünki bir gün sən də mənim kimi olacaqsan. Çünki bu sənsən. Sən mənimkimilərdənsən. Sən mənim körpəmsən."

İnanmayaraq, "Nə?!" dedin. "mənim bir Tanrı olduğumu deyirsən?"

"Yox. Hələki yox. Sən çağasan. Hələ böyüyürsən. Bütün zamanlardakı insanların hamsının həyatını yaşayandan sonra Tanrı olaraq doğulacaq qədər böyümüş olacaqsan."

"Yəni.. Bütün kainat," dedin. "sadəcə..."

"Yumurta," deyə tamamladım. "Yeni həyatına başlamanın vaxtı gəldi."

Və səni yoluna göndərdim.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Friday, 13 October 2023 12:30

Gözəllik 10-dursa, bunun necəsi dondur?

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Hələ də geyiminə görə insanları mühakimə edənlər var: “Filankəslərin qızı dar geyindi, filankəslərin oğlu şortik geyindi. Aaaa ona bax, cırıq şalvar geyinib. Qız uşağısan, saçların niyə belə qısadı. Əəə kişi olar adam, qulağına o nə dəmirdi taxmısan"…

 

Təəssüff ki, cəmiyyətin böyük kütləsi bu düşüncədədir. Qatı tənqidlər, təhqirvari ifadələr, nələr-nələr. Anlaya bilmirəm,  həqiqətən, sivilizasiyalar bu qədər inkişaf edərkən düşüncələr necə belə qıt qalır. Razıyam, insanlar haqqında ilk düşüncələr geyim üslublarına əsasən formalaşır, amma nəyə lazımdır bu qatı tənqid? Hələ bir də, dəyişilməmiş ifadələr var. “Papaq kişinin qeyrətidir".

Həqiqətən başımızı soyuqdan, küləkdən, yağışdan, günəşdən qorumaq üçün olan papaq qeyrətdir? Ona qalsa, papaq taxıb nəvəsi yaşındakı qıza mundar baxan əclaflar da adlarını kişi qoyurlar. Elə deyil, o cümlə, belədir: “Kişinin qeyrəti onun ailəsi və daxilində olan nəfsidir". Nəfsi çirkli olan niqaba bürünmüş qadına belə kəm gözlə baxa bilər.

Geyim mövzusuna toxunmuşamsa bu mözvunun başqa hissələrinə də toxunmaq istərdim, məsələn, geyimi qınaq obyektinə çevirənlərdən əlavə, həqiqətən geyimini bilməyən insanlar var. Onlar ictimai obyektlərdə, cəmiyyətin sıx olduğu 7dən 70ə hər kəsin görə biləcəyi sosial mediada, yerli və xarici televiziya verilişlərində, varla yox arası geyinənlər, özlərini sözün əsl mənasında "reklam" edənlərdir.

Amma qəbullanmaq lazımdır, bir insanı geyimnən qarşılayıb düşüncəsi, əməlləri, davranışlarına görə yola salırlar. 

Zövqləri yox, çirklənmiş psixologiyaları dəyişdirin.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

M“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağlanın  “Güneydən gələn səslər” rubrikasında ən diqqət çəkən şairlərdən biri Zaman Paşazadə olub. Diqqət etsək, bu şeirlərin dərin məzmunu, bir qədər metafizika, bir qədər abstraksiya gözə çarpar.

 

 

Zaman Paşazadə Xiyav əsillidir, 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmışdır, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə bir daha Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanın Parsabad şəhərinə köçmüşdür. Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir. 2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.

 

 

 

SSENARİ ŞEİR

İNTİHAR

 

Kağızların üzərində uyumuşkən yazıçı,

Romandan baş qaldırıb çıxdı karakter

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Dik atıldı yazıçı

Qələmi götürüb beləcə bitirdi:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi qəzetlər

Beləcə titr vurdular:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi oxucu

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

 

  

SSENARİ ŞEİR

DOĞUM

 

İçəri – gecə - doğum evi

Işıq izinsiz cumur gözlərimizə

Yenicə göz açmış kameradan zillənirik divardakı saata

Saat iyirmi dördü tələsir…

 

İçəri – gündüz – doğum evi

Çeşidli açıdan üzümüzə zillənir kameralar

Yaxınlaşdıqca dodaqları yekəlir

Öpülürük

Öyülürük

Öööö

Burnumuzdan gəlir ana südümüz

Zaman ağzımızın ağuz zamanı.

 

Mavi boyalı istamp güpsənir ayağımızın altına

Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində

Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…

 

Yoxlanılır təməl hüceyrələrimiz

Yoxlanılır sağlamlığımız

Yoxlanılır sağmallığımız

Yoxlanılır varlıq.

 

Içəri – gecə - ev

Zillənirik divardakı saata

Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını

Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu

Saat iyirmi dörd…

Geri, geri, geriyə dönür film

Kameralar itir dumanda.

Zamansız – içəri – iç

Cənində bir budda heykəliyik

Boynumuz da göbək bağından bir boyunbağı

Ayağımızın altında doğum çarpayısı

 

 

KLAUSTROFOBİYA

 

Qapıdan içəri keçən əşyaları alkollayıramsa

Pəncərədən sızan hər bir şeyi

Quşların səsini

Çiçəklərin qoxusunu

Havanı

Və uzaq keçmişdə öpüşdüyümü xatırlayıb alkollayıramsa

Fikir vasvasılığı deyil

Ardı kəsilməyən faciələrin normal qorxularıdır.

Hələ ayaqla görüşmək nədir ki,

Plastic geyimlə izolə sevişmək ehtimalı da var.

 

Bütün gücsüzləşdirən ölümcül viruslardan

Öldürməyib də gücləndirən kabuslara qədər

Dünya sonu sinemasının ssenari qaynağıdır qorxularımız.

Biz möcüzələrə inandığımız yerdə

Tanrının şapkasından bir dovşan çıxıb dişlərini ağardır

Acizliyimiz möcüzələrdən daha böyük

İnanmaq kələməsi daha kiçikdir.

 

Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik

Biz hər səhər tanrının ümidi ilə yuxudan durub,

hər gecə ateist giririk yatağımıza

Bütün günü yuxuda gördüyümüz dörd divarı unutmağa çalışırıq.

İndi gəl “Evdə qal” çağırışına ləbbeyk de

İndi gəl qərəntinə trendinə qoşul

İndi gəl klaustrofobiyanı açıqla polislərə

Çörək klaustrofobiyası

Ev kirası klaustrofobiyası

Leylanın gözlərinin klaustrofobiyası

İndi gəl evdə qal və bütün fobiyalara yolux.

 

Gəlin, tanınmaq üçün maskalarımızı taxaq, əziz vətəndaşlar

Çünki “taclı adam yeyənlər” əli silahlı gəzir şəhərdə

Çünki ölüm maskalılara toxunmur.

 

Bir gün tanrı da yer kürəsini billiard topu kimi qara dəliyə salıb

Maskasını götürəcək üzündən

Biz o zaman tanıyacağıq tanrını

Və oyun bitəcək.

 

 

SADƏCƏ SƏN BİLİRSƏN…

 

Indi yerin boş olsa da

Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam

Və əllərimi gözlərində qızdırıram.

 

Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur

Yoxsa çoxları qəhvəni şəkərsiz içir.

Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını

qəhvə ilə qarışdırır

mənasını bilmədən

Sadəcə sən bilirsən bütün mənaları

Və bir an öncə tərk etdin kafeni.

Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil,

hadisə yerindən uzaqlaşmaq üçündür.

Sadəcə sən bilirsən caddələr gəlmək deyil,

tərk etmək üçündür.

Sadəcə mən bilirəm

Daha Sezen get mahnısını mələməyəcək

Get

Deyəcək

Get…

Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb

Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq

Və görüşə uzanacaq əlin.

 

İndi yerin boş olsa da

Gözlərinin rəngi üstümə dağılmış

Və kapşenimin cibini axtarır polislər.

Sadəcə sən bilirsən mən özümü öldürməmişəm

Və qatil soyuqqanlılıqla uzaqlaşır taksidə.

 

 

 

 

 

EVƏ QAYIDIRDIM…

 

Günəş saçmalamağa başladı

Durub özümü oyaqlığa vurdum

Məxmər darıxmalarım əynimdəykən şəhərə çıxdım

Nəbzini yoxladım

Hələ də yanıb-sönürdü trafik ışıqları

Bəlkə də inqiza tariximizi alnımızda yanlış oxumuşdu Nostradamus

Bəlkə də inqiraz tariximizi ertələmişdi Zeus

Öz yarasını yalayan pişik kimi idi şəhər

Divarlarında yazılan şeirdən bunu sezmək olurdu:

“Dinozavrların öldüyü çağda

Peyğəmbər yoldaykən

Mən sənin şairin idim.”

Neft dəkəllərinin zambi dişləri torpağa batıb-çıxdıqca

şeirə dolmuşdu

Bəraheni

Neft dəkəllərinin dalından

dinozavrların ölüm mədlulunu çıxarmışdı.

Amma unutmuşdu şairlərin nəsli kəsildikdə şeir doğulur

Özgürlüyə çıxır kələmələr.

Unutmuşdu Təbriz dəlixanalarında divarlarla öpüşən dəlilər

Ağrılarını öpüşlə yazırlar.

 

Amma Təbriz öz quyruğunu çalan ilan kimidir

Dolanbac küçələrində dolanıb özümlə qarşılaşarkən bunu anladım

Mən “Düşmənsiz bir savaşçı

Özümdən bir düş-mən kopiyalayıb savaşdım.”

Özümü uzaltdım bulvara

Nəbzimi yoxladı narkoman bir kişi;

Quş dedi quşsan rahatlayacaqsan

Barmağımı saldım boğazıma

Bir quş çıxartdım

Uç dedim, uçsan rahatlayacaqsan

Baxıb gülürdü şəhər

Durub özümü ağıllılığa vurdum

Pambıq dəliliyim əynimdəykən

Evə qayıdırdım…

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

 

Ötən ilin bugünkü 13 oktyabr tarixində “Ədəbiyyat və incəsənət” portal Britaniyalı rəssam Demyen Hirst barədə məlumat paylaşmışdı. O, Bulqakovun “əlyazmalar yanmır” formulasının əksini sübut edərək 4000-dən çox işini yandıraraq özünün “Valyuta” adlandırdığı performansını nümayiş etdirmişdir.

 

Rəssam bu işləri rəqəmsal NFT identifikator şəklində satdıqdan sonra yandırmışdır. O demişdir: “Mən bilirəm ki, əsərləri yandırmaq olmaz. Amma bu, mənim başladığım işin tərkib hissəsi olduğundan buna məcburam”

Haqqında söhbət gedən "ləkəli rəsmlər" alıcıların seçim etməsi şərti ilə satılırdı: kağız versiyanı saxlamaq və ya NFT-ni qorumaqla kağız versiyaları yandırmağa imkan vermək.

 

"Valyuta" layihəsi çərçivəsində işlərin dəyəri 2000 avrodan başlayırdı, baxmayaraq ki, adətən Hirstin əsərləri daha bahalıdır, bəzilərinin qiyməti hətta milyonlarla məbləğlə hesablanır.

 

Alıcıların yarıdan çoxunun qərarı özlərinə fiziki – yəni real şəkilləri götürmək oldu.

 

Əsərlər Londonda, Nyuport Street qalereyasında nümayiş etdirilirdi və onlardan 4,851-i oktyabr 12-də Frieze Londondakı retrospektivləri zamanı yandırıldı.

 

Sənətşünas Kerolayn Qoldşteynin qeyd etdiyi kimi,"Valyuta" rəqəmsal incəsənətin yeni dünyası ilə köhnə, ənənəvi Hirst təcrübəsi arasında sərhəd yaradıb və art-bazara nəyin daha qiymətli olduğunu həll etməyi təklif edib.

 

Müasir incəsənət bazarında incəsənət aktiv kimi satılır və maliyyə aləti kimi nəzərdən keçirilir. NFT  - ticarət mövzusu ola biləcək yeni bir aktiv növüdür. Onların yaradılması prosesinə xas olan enerji onları ətraf mühitə zərərli təsirlərinə görə bədnam etmişdir.

 

İnstagramda Hirst postuna işlərin yandırılması ilə bağlı bir çox şərhlər tənqid kimi səslənir: "Nəticədə, bütün məsələ puldadır", - istifadəçilərdən biri yazır. "Kolleksiyadan qalan karbon qazı izini maksimum dərəcədə artırmaq üçün maraqlı bir strategiyadır", - başqa bir istifadəçi yazır.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

38-Cİ DƏRC

 

-“Bu cinayəti həyata keçirmək məqsədi ilə tarixdə "Evelina münaqişəsi” adını almış münaqişə törədildi. Azərbaycanın neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, “vəhşi diviziya” adlanan müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Lənkərandan Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya "Evelina" ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərksilah edildi. Amma bu, müsəlman əhalisi üçün əsl qüruratoxunma aktı idi, onlar məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi”.

Prosesin bu yerində Baş Hakim xahiş etdi ki, hadisələrin şahidi olan ingilis  tarixçisinin xatirələrini oxumaq yerinə düşərdi, mümkünsə oxusunlar.

Baş Hakim “ingilis tarixçisi” deyərkən Britaniya tədqiqatçı Piter Xopkirki nəzərdə tuturdu.

Ekspertlərin həmin xatirələri tapıb oxumaları an çəkdi:

-Hadisələrin canlı şahidi olan Britaniya tədqiqatçı Piter Xopkirk yazırdı: “Martın 30-da Bakı limanına müsəlman Vəhşi diviziyasının hərbçiləri gəldilər, onlar bolşeviklər tərəfindən tərksilah edildilər. Bu, müsəlman əhali arasında kəskin narazılıq yaratdı, silahlı müsəlmanlar məsələyə qarışdılar, onlar bolşeviklərin  “silahı təhvil vermək” barədə  ultimatumuna rədd cavabı verdilər, martın 30-da Bakı limanında toqquşma başladı.

Həmin gün bolşevik Nərimanovun mənzilində Bakı Sovetinin sədri, erməni Şaumyanla Azərbaycanın Müsavat partiyasının lideri Rəsulzadə arasında danışıqlar oldu, danışıqlar nəticəsində tərksilah edilən müsəlman dənizçilərinin silahlarının qaytarılması razılığı əldə olundu, amma bu arada Qızıl Ordunun süvari dəstəsinin Şamaxı küçəsində təxribat nəticəsində gülləbaran edilməsi barədə xəbər gəldi. Bolşeviklərin lideri  dərhal insidentə görə azərbaycanlıları günahlandırdı, halbuki insidentin səbəbkarları əsla müəyyənləşdirilməmişdi, beləcə danışıqlar kəsildi, hərbi əməliyyat başladı. Sonradan Şaumyan etiraf edəcəkdi ki, “Bu göydəndüşmə insident xəbəri Müsavat  başda olmaqla müxalifəti məhv etməyə əsl bəhanə oldu. Bütün cəbhə boyu hücuma keçdik. Tiflisdən – Sarıqamışdan  “Qafqaz Ordusu” hərbi-inqilabi komitə köməyimizə yetdi, silahlılarımızın sayı 6 min nəfərə çatdı.  Daşnaksütunda da bizim tərəfimizdə olan 3-4 min milli silahlı var idi.  Düzdür, ikincilərin müdaxiləsi konfliktə vətəndaş müharibəsi  xarakteri gətirdi, milli zəmində qətliama səbəb oldu, amma bunsuz keçinmək mümkün deyildi. Kasıb müsəlmanlar çox ciddi zərbə aldılar, amma indi artıq onlar bolşeviklərin ətrafında birləşməyə başlayıblar.”

Ekspert davam etdi:

-Hadisələrin canlı şahidi olan Britaniya tədqiqatçı Piter Xopkirk daha sonra yazırdı: “Bakı Soveti ilə daşnak silahlıları birgə müsəlman məhəllələrinə hücuma keçdilər. Bu məhəllələrin bombalanması üçün aeroplanlardan istifadə olunurdu, Xəzər donanmasının iki gəmisi isə sahildən bu məhəllələri atəşə tuturdu. Ələ keçirilən müsəlman məhəllələrində talan və zorakılıq baş alıb gedirdi, dinc müsəlman sakinlər, o cümlədən qadınlar və uşaqlar öldürülürdü. Bu işləri ermənilər edirdi. Zəif silahlanmış müsəlman dəstələri onlara heç bir müqavimət göstərə bilmirdi, barışıq xahiş edirdi. Hadisələrlə bağlı sonradan İranın poçt markası çıxmışdı, orada Bakıdakı İran konsulunun gəlib  öldürülmüş müsəlmanların cəsədinə necə baxması təsvir olunmuşdu.

Bakı Sovetinin yaratdığı İnqilabi Müdafiə Komitəsi Müsavata ultimatim yolladı, ultimatum bu bəndlərdən ibarət idi:

1.Bakı Sovetinin  hakimiyyətini qeydsiz-şərtsiz qəbul etmək, onun bütün əmrlərini icra etmək;

2.Bakı ərazisindən azərbaycanlıların “vəhşi diviziyası”nın dərhal çıxarılması.

3. Bakı-Tiflis, Bakı-Petrovsk dəmir yolunun açılması.

Martın 31-də Müsavat rəhbərliyi bütün şərtlərlə razılaşdığını bildirdi, ertəsi gün, aprelin 1-də bütün müsəlman evlərindən ağ bayraqlar asıldı.

Amma buna baxmayaraq, daşnaklar talan və qətliamı davam etdirdilər.”

Vaçyants yerindən dilləndi:”Mən öz ermənilərimizə yalvarırdım ki, müsəlman qardaşlarımızı öldürməyin. Qarşılarında diz çökürdüm. Amma onlar mənə məhəl qoymurdular.”

Hamazasp onu qanlı-qanlı süzdü.

Ekspert mətnin davamını gətirdi:

-Piter Xopkir daha sonra  yazırdı: “Ermənilər, görəndə ki, qədimi düşmənləri qaçırlar, qisas eşqi ilə onları təqib edirdilər. Bu, bütün müsəlman əhalinin qırılması, qalanların da şəhərdən qaçmasına kimi davam etdi. Şəhər od içində idi, küçələr müsəlman yaralıları və cəsədləri ilə dolmuşdu.”

 Rəsmi mənbələrə görə azərbaycanlıların qətliamı  5 aprelə, köhnə təqvimlə 24 marta kimi davam etmişdir. Bakıdakı Britaniya vitse-konsulu mayor Makdonnelin yazdığına görə “şəhərdə  dilənçi və səfilləri çıxmaq şərti ilə bircə normal müsəlman qalmamışdı”.

Bu yerdə hadisələrin xronologi ardıcıllıqla davamı oxunmalıydı, amma Vaçyants yenə müdaxilə etdi, özünün suçsuz olmasını sübut etməyə çalışdı, elə öz yanında oturan həmyerlisi Hamazasp tərəfindən də yerində oturduldu. Hamazasp onu qorxaqlıqda və satqınlıqda ittiham etdi, o da sözlərinin davamını gətirməyib bir müddətlik susdu. Amma az sonra çox asta səslə Hamazaspa iradını bildirdi, bu iradı yalnız lap yaxında oturanlar eşidə bilərdilər:

-Siz bütün erməni intelligensiyasını, burjuaziyasını ölümlə təhdid edirdiniz ki, partiyanıza pul köçürək, sizə silah alaq.

Onların mübahisəsi kəskinləşəndə Divanın mühafizəsi işə qarışdı.

Təyin olunan fasilədən sonra hadisələrin xronoloji ardıcıllığı geniş təfərrüatda tam oxundu.

-“1918-ci ilin həmin o məşum 30 mart günündə - saat 16.40 radələrində Bakıdakı erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə girəvə düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində - Çirklidərə deyilən yerdə qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu”.

İzləyicilər dəhçət içində dinləyirdilər söylənilənləri.

-“...Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Fövqəladə Təhqiqat Komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq erməni ziyalılarının nümayəndələri, o cümlədən Asvatur Vaşyants rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini "Dağıstan" mehmanxanasının alovu içinə atmışdır...

Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər”.

Baş Hakim xahiş etdi ki, tarixə “mart qırğını” adı ilə düşmüş qanlı hadisənin yekun nəticələri barədə də məlumat verilsin.

Məlumatı macar ekspert oxudu:

-Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmışdılar, yeri gəlmişkən, hazırda Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi həmin bina əsl memarlıq şedevri sayılır, onu yandıqmağa necə qıymaq olardı, mən anlaya bilmirəm. Ermənilər "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirmişdilər.

Stepan Şaumyan mart hadisələrini Zaqafqaziyadakı sovet hakimiyyətinin triumfu hesab etmişdi:“Döyüş nəticələri bizimçün möhtəşəm oldu. Düşmən tam məhv edildi. Müsəlman millətçi partiyalarına görə Bakıda sovet hakimiyyəti həmişə havadan asılı qalmışdı. Bu bəy-xan partiyaları  və ziyalılar qorxaq menşeviklərin sayəsində Yelizavetpolda və Tiflisdə möhkəmləndikləri halda Bakıda da aqressivləşmişdilər, bizim üzərimizə də hücuma keçirdilər. Zaqafqaziyanın taleyi həll olunurdu. Onlar Bakını da tutub Azərbaycanın paytaxtı elan etmək istəyirdilər. Məqsədləri bütün qeyri-müsəlmanları məhv etmək idi.”

Şaumyanın nitqini oxuduqdan sonra prosesdə ekspertliyə 6 ay idi ki, hazırlaşan, yüzlərlə mənbə oxuyan macar ekspert mövzu ilə bağlı öz fikrini də bildirdi:

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Gözümə çəkdiyim şeirlər” şeiri təqdim edilir.

 

 

GÖZÜMLƏ ÇƏKDİYİM ŞƏKİLLƏR

Sınaq məktəbiydi xeyirdə, şərdə,

İnsanlar mehriban yaşayardılar.

Uzaqdan baxanda ermənilər də

Adam balasına oxşayardılar.

 

Sevgiylə döyünər ürəklərimiz,

Ömrün ən mübarək çağıydı orda

Gah" Qaya Bulaq"dı görüş yerimiz,

Gah da ki "Dodanın bağı"ydı orda.

 

Gəlişin əridər həsrət buzunu,

Alışıb yanardım bulaq başında.

Qınayan olmasa ömrüm uzunu

Heykələ dönərdim bulaq başında...

 

İllər uçub getdi..,

illər qanadlı,

Dözülməz olubdur dözümlü dünyam.

Bir az Şahnisəli, bir az Cavadlı,

Bir az da Əzizli, Kazımlı dünyam...

 

Ömrümüz bir köhnə nağıla döndü,

Bir zaman necədə təzə- təridi.

Hər ötən ilimiz bir kino lenti,

Günlərimiz rəngli şəkillər idi.

 

Əriyib dibinə çökən gözlərim

Fikrimi dumanlı dağlara çəkir.

O rəngli şəkillər çəkən gözlərim

İndi gördüyünü ağ- qara çəkir...

 

Şam kimi əridi ömrün illəri...,

Şirin xəyallardan qopa bilmirəm.

Gözlərim çəkdiyi o şəkilləri

Hara qoymuşamsa tapa bilmirəm.

 

 “Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Nəsr saatıdır, Bəhruz Niftəliyevin “Bətn və Batin” hekayəsi ilə tanışlıqdır.                                          

 

Külək tozu ən acı həqiqət kimi onun üzünə vururdu. Hava elə hey uğuldayırdı. Bəlkə də, bu, içindəki kədərin səsi idi, bu payız bitmək bilmirdi...

“Ana, elə rahat, elə sakitəm ki burada... Yavaş-yavaş böyüdüyümü hiss edirəm. Ürəyimiz bir vurur, bir döyünür.  Aldığın nəfəsdə, içdiyin suda mənim də payım var. Sənin bir zərrən olmaq gözəldir, ana”.

Yatağına uzananda elə bildi ki, gecəylə birgə məyusluğu da ötüb keçəcək. Keçmədi. Səhər açılanda ürəyi tutqun hava kimiydi. Yenə sol tərəfi bomboş idi, həyat yoldaşı bu gecə də evə gəlməmişdi.

Boşluqdan boylanan saatda vaxt axırdı. Leylayla Laləni məktəbə yola salmalıydı, Əyninə paltarını, üzünə təbəssümünü geyinib  günə başlamalıydı.

Pərvin ilə Sahil  bir təsadüf nəticəsində tanış olmuşdular. Halbuki, həyatda bütün təsadüflər zərurətdir. O gün gələn qəfil zəng Pərvini dəli etmişdi. Hövlnak özünü yol qırağında dayanan maşına atmışdı. Hönkürtü  içində deyilən ünvanı Sahil  ap-aydın necə eşidə bilmişdi görəsən.

– Bacı, taksidəyəm, gəlirəm. Təcili yardım çatıb?  Müjgan hanı bəs?

Yol uzunu  etdiyi dualar, ömür boyu edilən yalvarışlardan qat-qat çox idi.  Sahil bu “çağırılmamış  qonağ”a necə təskinlik verəcəyini, nə edəcəyini bilmədən ünvana çatdırmışdı onu.  Mühasib Sahil münasib taksiyə çevrilmişdi bir anda.

– Borcum nə qədərdir?

– Borcunuz yoxdur. 

– Necə yəni?

– Mən taksi sürücüsü deyiləm...

Pərvin onun sözünü axıra kimi dinləmədən “əzbər bildiyi” yol pulunu oturacağın üstünə atıb maşından düşəndə gördüyü mənzərədən dəhşətə gəlmişdi.  Darvaza taybatay açıq idi. Evin sonbeşiyi olan Müjganı qonşu arvadlar sakitləşdirməyə çalışırdı. Gülzar isə don vurmuş bənövşəyə dönmüşdü. Bu üç bacının analarından başqa  heç kimi yox idi. Düz üç il idi ki, zəhrimara qalmış xərçənglə güləşirdilər. Sonda yenə o qalib oldu.

Pərvinin ayaqları sözünə baxmadı. Yaxşı ki, Sahil vaxtında onun qolundan tutdu, yıxılmağa qoymadı Pərvini. Nə onda, nə də sonra....

         Pərvingilin anası dünyasını dəyişməmişdən bir neçə gün əvvəl qızlarını başına toplayıb öyüd-nəsihət vermişdi. “Sizdən yerdən göyə qədər razıyam, hərənizi yüz oğula dəyişmərəm. Siz mənə həm qız, həm  qardaş  oldunuz. Atanız oğul arzusu ilə dünyadan köçdü. Nəvəsini  görmək də  qismət olmadı. Hansınızın oğlu olsa, atanızın adını qoyarsınız”.

         Pərvinlə Sahil bu hadisədən düz beş il sonra evləndilər. Amma bu beş il  bacılar üçün təlatümlü illər oldu... Yaxşı ki, Sahil vardı. Hər çətin anda  köməyə yetirdi. Amma yenə də  asan deyildi.  "Kaş bir qardaşımız  olaydı" – ürəyində deyirdi Pərvin.  Bəlkə də, bu qədər sahibsiz hiss etməzdik özümüzü. Əslində, Sahil ona həm də sahib çıxmışdı. Tək ona yox, elə bacılarına da. Amma indi yanında deyildi.

         “Ana, elə istəyirəm tezliklə bacılarımın üzünü görüm. Tək onların yox, sənin, atamın... Görəsən, ən çox hansınıza bənzəyirəm?”

         Hər dəfə evdə özünə yer tapa bilməyəndə məzarlığa üz tutardı Pərvin. Qoşa qəbri sığallaya-sığallaya göz yaşı tökərdi. Yeganə yer idi ki,  Pərvin də, Gülzar da,  Müjgan da  burda özlərini rahat hiss edirdilər. Bu dəfə bacıları ilə yox, bətnindəki körpəsi ilə gəlmişdi Pərvin.

         “Yerim daralır, əlim-ayağım sıxılır. Nə baş verir, ana? Sən yaxşı deyilsən?”

         Nə edəcəyimi bilmirəm, istəmirəm mənim qızlarımın taleyi bizimkinə bənzəsin. Ata, sən çıxıb gedəndən sonra bizim üçün çətin oldu. Ən çox da “başsızdılar” kəlməsi toxundu bizə. Əmilərimdən də səs-səmir gəlmədi. O üç qardaşından biri  bizi itirib-axtarmadı. Yetən bizə “yiyəsiz” dedi. Evdə nəsə xarab olanda usta çağırmağa da çəkinirdik. “Adımıza söz gələr” qorxusu ilə o qədər çərçivəli  yaşadıq ki, gəncliyimizdən xəbərimiz olmadı. Hələ anam  nələr çəkdi, bir bilsən?  Səni yol  qəzası, anamı isə kor qədəri apardı.  Məktəbimizin  direktor müavini Gülzara tamah salanda yazıq bacımın heç 15 yaşı tamam olmamışdı. İdman zalının geyim otağına çağrılanda   Gülzarın  ağlına da gəlməzdi ki, bu onun  məktəbdə sonuncu günü olacaq. O kirli  çaynaqlardan necə qurtula bilmişdi bacım, bir Allah bilir... Məktəbimizi də dəyişdik, səmtimizi də, amma yaddaşımız ki  yerində idi, ata. Ürkəkliyimizin üstünə kabus kimi qorxular yüklənmişdi. Daha heç kimə inana bilmirdik. Ən çox onda “Kaş atam sağ olaydı”, – dedim.  Bilirsən, ata, Gülzar o hadisədən sonra ağlamaq hissini də itirdi. Anamızın yasında  da gözündən bir damla yaş çıxmadı. İndi Gülzarla Müjgan  bir-birlərinə həyan olub yaşayırlar. Heç birinin ailə qurmaq fikri yoxdu. Ana, bunu heç sən də   bilmirsən. Müjganın sevdiyi biri var idi.  Birdən-birə ayrıldılar...  Axı Müjgan təhsil alırdı, jurnalsit olmaq istəyirdi. Arzuları ilə sevgisinin arasında seçim etməyə məcbur qalandan sonra həyatı da, fikirləri də  dəyişdi. İndi bir məqsədi var, sözü kəsərli, cəsarətli, tanınmış jurnalsit olsun.

          İçimizdə bir Müjgan sənin arzunu yerinə yetirə bildi, ata. Mən də ki Gülzarla birgə anamın sənətini davam etdirirəm.  Balaca bir atelyemiz var. Hər ölçüyə biçim verməyi bacarıram, bir özümə sığa, sığına bilmirəm.

“Bilirsən, ana, bura çox qaranlıqdır. Amma deyirlər, siz tərəfdə işıq, buludlar, göyqurşağı, yaşıl otlar, dənizlər, çaylar var. Mən də onları görmək, sevmək istəyirəm, ana. Ən çox da köksünə sığınıb qoxunu almaq istəyirəm...”  

         Xəzərin sahili yerində idi. Pərvin isə yersiz-yurdsuz hiss edirdi özünü.  Dünənə nisbətən hava xoş olsa da, əhvalı daha betər idi. Hər keçən dəqiqə Pərvin   daha dərin məngənənin içində hiss edirdi özünü. Ayaqları onu İçərişəhərə gətirmişdi. Öz iç dünyasına səyahət idi bu həm də. Sahillə tez-tez gələrdilər bura. Hələ bir dəfə qışın oğlan çağında Pərvin necə yıxılıb özünü  əzmişdisə, Sahil maşına qədər Pərvini qucağında aparmışdı. Necə xoş bir duyğu idi o, İlahi? Onun qolları arasında İçərişəhəri dolaşmaq... Canındakı ağrıları da unutmuşdu Pərvin...  Sevdiyi adamın qoxusunu, nəfəsini hiss edə-edə Qala divarlarının yanından keçmək onu xoşbəxt edirdi. Bəs indi? İndi isə oturub bir yerdə qalmaq, zamanı dayandırmaq istəyirdi Pərvin.

“Dur gedək gəzək, ana. Mən sakitliyi xoşlamıram. Sən yeriyəndə  mən də özümü yaxşı hiss edirəm”. Pərvin bətnini sığallaya-sığallaya  xəyallardan ayılıb gözlərini sildi. “Mən bunu etməliyəm”, – deyib qəti addımlarla xatirələrini də, İçərişəhəri də tərk edib taksiyə əyləşdi. Telefonunda kiməsə zəng elədi:

Həkim, mən qərarımı vermişəm. Danışdığımız saatda ordayam.

Sonra tələsik mesaj yazdı:

“Sahil, bəlkə də, bundan sonra mənim üzümə heç vaxt baxmayacaqsan.  Bəlkə də, bu  bizim sonumuz olacaq, amma mən buna qərarlıyam – üçüncü bir qız uşağını bu boz dünyaya gətirmək istəmirəm. Başa düş, qorxuram!  Sənə bunu deyən gün qapını çırpıb getdin. Mən də belə ana, belə qadınam – aciz, qorxaq, cahil! Səndən də, Leyladan da, Lalədən də üzr istəyirəm”.

         Mesaj da, taksi də ünvanına çatmışdı.

         “Yox, ana, yox! Mən yaşamaq istəyirəm. Nolar, ana, əlimdən həyatımı alma, yalvarıram. Sənə qız da olaram, oğul da!”

         Zaman keçmək bilmirdi. Leyla da, Lalə də o qədər xoşbəxt idilər ki. İndicə qapı açılacaq, neçə gündü həsrət qaldıqları analarını görəcəklər. Sahil isə elə bil göyün yeddinci qatında idi.

         “Ata, bax, anam gəlir”, –  deyib Leyla anasına tərəf qaçdı. Lalə də ondan geri qalmadı. Pərvinin qucağı bir anda gül-çiçəklə doldu. Sahil isə öz yeni körpəsini əzizləyirdi.

         Leyla ilə Lalə ad barəsində çox fikirləşmişdilər. Qardaşları olsaydı, babalarının adını daşıyacaqdı: Yaşar! Amma bacılarına adı çox çətinliklə tapmışdılar.

         Pərvin abort masasına hazırlaşdığı  vaxt telefonuna gələn zəng onu ləngitmişdi.

         – Bəli, Pəri xala, nəsə olub?

         – Yox, qızım. Uşaqlar danışmaq istəyir.

         – Ana, ana  biz bacımıza ad tapmışıq...

         – Eşidirsən, ana?

         – Hə, qızım.

         – Biz istəyirik ki, bacımızın adı Layla olsun. Hər ikimizin adına uyğun.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

    

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günün əlamətdar hadisələrini diqqətinizə çatdırırıq:

13 oktyabr. Ümumdünya fəlakət təhlükələrinin azaldılması günü

Söhbət təbii fəlakətlərdən gedir, 1989-cu ilin 13 oktyabrında verdiyi qərarla 1990-99-cu illərdə BMT təbii fəlakətlərin təhlükəsini azaltmaq onilliyi keçirib, o vaxtdan da 13 oktyabr belə bir gün statusu alıb. Zəlzələdən, sel və sunamilərdən, siklonlardan, quraqlıqdan təkcə 2004-cü ildə 250 000 nəfər qurban gedib, ümumən, hər gün təbii fəlakətlər 184 can alır. Bu gün insanlar arasında maarifçilik işləri aparılır, ilk yardımdan istifadə etmək qaydaları aşılanır, öz informasiya mübadilələrini artırmaq, sinoptiklərin məlumatlarına diqqət yönəltmək, risk zonalarından uzaq durmaq kimi nəsnələr tövsiyyə edilir.

13 oktyabr. Pinqvinlər barədə məlumatlanmaq üzrə Afrika günü

Xoşum gəlir bu cür ekstravaqant adı olan günlərdən. Nə deyirik, gəlin məlumatlanaq. Biz sanırıq ki, pinqvinlər Arktikada, buzlaqlar qoynunda yaşayır, elə? Deməzsənmiş, orada cəmi 3 növ pinqvin yaşayırmış, 17 növ isə Afrika sakini imiş. Afrika pinqvinləri Arktika pinqvinlərindən ayaqlarının qara olması ilə fərqlənirmiş. Onların məskunlaşma yeri Cənubi Afrika sahilləri imiş. 2012-ci ildə Afrika pinqvinlərinin sayı 1930-cu ildəkinin cəmi 2 faizinə bərabər olub. Deməli, bu canlılar qırılmaq üzrədirlər, ona görə də onları qorumaq lazımdır. Dünyanın ən təzadsevər canlılarıdır pinqvinlər. Niyə belə deyirəm? Bir hissəsi ən soyuq yerdə - buzlaqlarda, digər hissəsi isə ən isti yerdə - ekvatorial ərazidə yaşayırlar.

Onları müşahidə etmək insanda xoş təəssürat oyadır. Nədənsə həddən artıq sevimli görünürlər adama bu qəribə məxluqlar. Kaş ki, bunca azalmayaydılar...

13 oktyabr. Ümumdünya zombi günü

2006-ci ilin bu nəhs günündə ABŞ-ın Pitsburq şəhərində, Monrovil ticarət mərkəzində ilk Zombi-gəzinti reallaşıb. Corc Romero orda “Ölülər üçün dan yeri” filmini çəkirdi, zombi mədəniyyətinin bütün heyranlarını da bir araya toplamışdı. Məqsəd bir idi – canlı meyit kimi yaşayan bu ac və evsiz insanları nümayiş etdirib aclıq və evsizlik sayını azaltmaq. Hərfi mənada canlı meyit, yaxud, öz üzərində nəzarəti itirib tam olaraq başqasının iradəsi ilə yaşamaq anlamını verən zombilik hazırda daha çox ölü diriltmək, cadugərlik və ekstrasenslik tərəflərinə meyl etməkdədir. Şeyx Nəsrullah kimi ölüdirildən ədəbi obrazına malik Azərbaycan da zombilikdən xali deyil. Bizdə zombilik, daha çox, şəxsi düşüncəsini büsbütün itirmiş, tam olaraq idarə olunan insanlara (dünyaşöhrətli Çingiz Aytmatovun təbirincə desək, manqurtlara) aid edilir.

13 oktyabr. Yeni kostyumda Ağ Evin qarşısında

Beynəlxalq kostyum günü. Deyilənə görə, bu gün hər kəs özünə yeni kostyum almalıdır, pulu olmayanlar evdəki nimdaş kostyumlarını ütüləyib geyinməlidirlər. Təcili tibbi yardımın tibb bacıları günü. Hamısını təbrik edək. Büstqaltersizlik günü. Üstündən keçək. Azərbaycanda dəmiryolu günü. Dəmir yolu deyəndə ağla hələ də Ziya Məmmədov gəlsə də, yadda saxlamalıyıq ki, indi həmin gərövdəki Cavid Qurbanov da deyil, bir başqasıdır.

1987-ci ildə Amerika donanması Fars körfəzində tarixdə ilk dəfə delfinlərdən hərbi məqsədlərçün istifadə edib. 1965-ci ildə SSRİ-də Dövlət keyfiyyət nişanı gündəmə çıxıb. 1957-ci ildə SSRİ-nin Yerin ilk süni peykini kosmosa buraxması ilə Kosmik era başlayıb. 1938-ci ildə yəhudi əsilli sovet şairi Osip Mendelştam həbs edilərək əmək düşərgəsinə salınıb. 1925-ci ildə İngiltərəyə 11 il baş nazirlik etmiş Dəmir ledi – Marqaret Tetçer dünyaya gəlib. 1900-cü ildə Ziqmund Freydin “Yuxuyozmalar” kitabı işıq üzü görüb. 1884-cü ildə Qrinviç sıfır meridianı kimi təsdiqlənib. 1792-ci ildə Vaşinqtonda Ağ Evin tikintisinə başlanılıb. 1582-ci ildə İtaliyada, ardınca da digər katolik ölkələrində Yulian təqvimi Qriqorian təqvimi ilə əvəzlənib.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

Friday, 13 October 2023 12:00

Eldar Əhədovdan “Xoş söz”

“Ədəbiyyat və incəsənət” portalının “Yazar soydaşlarımız” layihəsində növbəti görüşdə xoş gördük sozləri. Növbəti ünvan Rusiya, yazar Eldar Əhədov. 

 

Yazarımız 75 nəsr və poeziya kitabının müəllifidir. 

1960-cı ildə Bakıda anadan olub. 1977-ci ildə Bakı şəhəri 82 saylı orta məktəbi bitirərək Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1978-ci ildə Azərbaycanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Eldar da digər azərbaycanlı gənclərlə birlikdə Rusiyaya Leninqrad Dağ-Mədən İnstitutunda təhsil almağa göndərilib. Gənc dağ-mədən mühəndisi Eldar Əhədov institutu bitirdikdən sonra Azərbaycanın Şəmkir, Balakən və Zaqatala rayonlarının dağlarında mis, sink, qalay, qızıl və gümüşün axtarışı və kəşfiyyatı məqsədilə yeraltı işlərdə uğurla çalışıb. 1986-cı ilin payızında Azərbaycan Ali Soveti Rəyasət Heyətinin icazəsi ilə Eldar “Yeniseyzoloto” dövlət istehsalat birliyində işləmək üçün Sibirə köçüb. 

İstehsalatla yanaşı, gənc yazıçının yaradıcılıq fəaliyyəti də uğurla davam edib. 1978-ci ildən Əhədovun şeirləri “Azərbaycan gəncləri”, “Vışka”, “Bakı işçisi”, “Axşam Bakı” respublika qəzetlərində və “Ədəbi Azərbaycan” jurnalında dərc olunub. Süleyman Rüstəm və Vladimir Kafarov gənc şairin yaradıcılığına diqqət çəkiblər. 

Eldar “Qara Yanvar”da Sibirdə olmasına baxmayaraq, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin nəticələrini öz gözləri ilə görmək üçün fevralın əvvəllərində Vətənə gəlmək fürsəti tapıb. O günlərin təəssüratları Əhədovun “Oğlu”, “Yeddi kapitan”, “Püstə ağacı”, “Bibi”, “Talıb”, “Sevirəm və xatırlayıram”, “Ana dolması” povestlərinin yaranması üçün əsas oldu. 

Eldarın “Sevgimin yurdu” kitabında toplanmış bir çox şeir və hekayələri Vətən mövzusuna həsr olunub. Əhədovun kitabları rus, Azərbaycan, ingilis, ispan, italyan və serb dillərində Rusiyada, Azərbaycanda, ABŞ-da, Meksikada, Hindistanda, Misirdə və Serbiyada nəşr olunub. 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib, PEN İnternational-ın üzvü, Avrasiya Xalqları Assambleyası Ədəbi Şurasının həmsədri, Rusiya Yazıçılar Birliyinin və Rusiya Milli Coğrafiya Cəmiyyətinin üzvüdür. 

Nobel Sülh Mükafatı laureatı Bəxtiyar Siracovun və VTB-Azərbaycan Bankının maliyyə yardımı ilə Azərbaycanın "Şərq-Qərb" nəşriyyatında onun Azərbaycan xalqının 1500 illik tarixindən bəhs edən poetik dastanı: "Xarı-bülbül: Azərbaycan dastanı" kitabı çapdan çıxıb.

Onun bir şeirini oxucularımıza təqdim edirik. 

 

 

XOŞ SÖZ

 

Ruscadan Elviz Əliyev tərcümə edib

 

Dünya bir Xoş sözdən almış təməlin,

Təəccüblü nə var? Düşünək gəlin.

Bir xoş sözlə dinək nurlu səhərdə,

Dünəndən inciklik hökm edən yerdə,

İnciyib, küsübsə quda qudayla,

Qardaş dalaşıbsa harayla, hayla...

Bəs belə davranış gələrmi saya,

Əgər əl qaldırsa oğul anaya?!

Dayanın, dayanın!

Dinləyin təzdən.

Bu dünya yaranıb axı xoş sözdən,

Bircə gülər üzdən, bir xoş baxışdan,

Təbii səhərdən, müqəddəs anddan!

Sülh ilə yaşasın dost, qonşu, kim var,

Şahinlər, balıqlar, hətta ayılar,

Sülh olsun meşədə, çəməndə, düzdə,

Sülh olsun yad eldə, sülh olsun bizdə.

Bu gün doğulanlar daim var olsun,

Onlara məhəbbət, tale yar olsun!

Kimlər ki, dünyaya gəlib bir kərə

Xoşbəxtlik dilərəm mən min illərə..

Azdımı? Qəlbimin verilsin təbi

Xoş günləri olsun daim, əbədi!

Xoş sözümüz olsun su, od və hava,

Sülh olsun həmişə, gərəkmi dava?

Hamı sağlam olsun, olsun xoş büsat,

Çünki xoş söz ilə başlayır həyat!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.