![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Brüsseldə “Abşeronun gözəllikləri” adlı sərgi açılıb
Belçikanın Brüssel şəhərindəki “GNF” rəsm qalereyasında “Abşeronun gözəllikləri” incəsənət sərgisinin açılışı olub. Müxtəlif ölkələrdə yaşayan səkkiz azərbaycanlı sənətkarın heykəltəraşlıq və rəsm əsərləri, dizayn işləri sənət sevənlərə nümayiş olunub.
AzərTAC xəbər verir ki, “PONART Consulting” (Aglaia Ponomareva) və Qlobal Proqressiv Strategiya İnstitutunun (Inesa Ciornii) birgə təşkil etdiyi bu tədbir Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi tərəfindən dəstəklənib.
Tədbirdə Belçikadan olan incəsənət kolleksionerləri, ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər.
Noyabrın 10-dək davam edəcək sərgidə Bavera Əliyeva, Zümrüd Zeynallı, Aynur Qasımova, Sevinc Kərimova, Marina Lysova, Anar Hüseynzadə, Rəfail Əliyev və Emin Qəhrəmanovun əsərləri nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
QPRXMADIN, SINMADIN, ƏYİLMƏDİN - İstiqlal şairimiz Əhməd Cavadın anım gününə
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim, Sovet imperiyasının qatı düşməni və müstəqilliyin qatı tərəfdarı Əhməd Cavadın anım günüdür. 2022-ci ildə ölkə başçısının müvafiq Sərəncam ilə Əhməd Cavadın anadan olmasının 130 illiyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib.
Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoyub. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişib. O, ilk təhsilini molla məktəbində alır, üç il orada oxuyur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında alıb (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirib. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs deyib. Birinci Cahan müharibəsi başlayanda müharibəyə gedib, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib.
Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olub, həm Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib. Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir. O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlib. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.
Göründüyü kimi Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.
Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.
Ə.Cavad “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. ADR-in milli marşlarının əksəriyyətini o yazmışdı. Bu gün dünya meridianlarında səslənən himnimizin mətnini də o qələmə almışdır. Lakin Əhməd Cavadı şagirdlərə təkcə şair kimi tanıtmaq düzgün olmazdı. O, konkret faktlara istinad edilməklə istedadlı şair, publisist, tərcüməçi, jurnalist, xeyriyyəçi, cəbhəçi-döyüşçü, politoloq, Azərbaycan Demokratik Cümhuriyyətinin baş ideoloqlarından biri kimi tanıdılmalıdır.
1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.
Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan ozamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan -doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir.
Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.
Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.
Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabı çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu.
Ruhu şad olsun!
AZƏRBAYCAN BAYRAĞINA
Əhməd Cavad
Türküstan yelləri öpüb alnını Söyləyir dərdini sana, bayrağım! Üçrəngin əksini Quzğun dənizdən Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma, Kölgən dövlət quşu, qondu başıma! İzn ver gözümdə coşan yaşıma – Dinlətsin dərdini aha, bayrağım!
Qayı Xan soyundan aldığın rəngi, Qucamış Elxanla, müsəlman bəgi. Elxanın övladı, dinin dirəgi, Gətirdin könlümə şəfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli, Öpüm kölgən düşən mübarək yeri! Allahın yıldızı, o gözəl pəri, Sığınmış qoynunda Aya, bayrağım!
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstan Respublikasında səmərəli görüşləri davam edir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Qazaxıstan Respublikasının Prezident Mərkəzi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir.
Sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Qazaxıstan Respublikasının Prezident Mərkəzinin direktorunun müavini Botagoz Kaipova imzalayıblar.
Memorandum Fond və Mərkəz arasında qədim Türk mədəni irsinin və dəyərlərinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə təhsil, mədəniyyət və tədqiqat layihələrin həyata keçirilməsi, birgə beynəlxalq tədbirlərin təşkil edilməsi, qarşılıqlı mübadilənin təmin edilməsi kimi maddələri özündə ehtiva edir.
Memorandum gələcəkdə Fond və Mərkəz arasında Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması sahəsində birgə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
SUAL-CAVAB: Kompendium Assosiasiyasının 6-cı Baş Assambleyasında Azərbaycan necə təmsil olundu?
SUAL: Hörmətli “Ədəbiyyat və incəsənət”. Bu günlərdə Malta Respublikasının Valletta şəhərində təşkil olunmuş Kompendium Assosiasiyasının 6-cı Baş Assambleyasında Azərbaycanın iştirakı ilə bağlı qısa xəbər oxudum. Mümkünsə bu barədə daha ətraflı məlumat verərdiniz.
(İqbal Hüseynov, tələbə)
CAVAB:
Öncə ondan başlayaq ki, kompendium (latınca com-birlikdə, pendere-asmaq) - hər hansı bir nəzəriyyənin əsas müddəalarının qısa şərhinə deyilir.
Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının baş ofisi Almaniyada - Bonn şəhərində yerləşir. Təsisat tərəfindən Maltanın İncəsənət Şurası ilə birgə Malta Respublikasının Valletta şəhərində təşkil olunmuş Kompendium Assosiasiyasının 6-cı Baş Assambleyası, Kompendium Ekspertlərinin Assambleyası, Beynəlxalq Mədəniyyət Siyasəti Konfransı və Simpoziumu 4-7 oktyabr tarixlərində keçirildi.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasını Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium Assosiasiyasının Azərbaycan Respublikası üzrə eksperti Yaşar Hüseynli təmsil etdi.
“Mədəniyyət hüququ” (“Right to Culture”) başlığı altında təşkil olunmuş Beynəlxalq Mədəniyyət Siyasəti Konfransında Avropa İttifaqının Bərabərlik üzrə Komissarı Helena Dalli, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) sədri Terye Hovland, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası, Maltanın İncəsənət Şurası, İncəsənət Şuralarının və Mədəniyyət Agentliklərinin Beynəlxalq Federasiyası (IFACCA), Avropa Müqayisəli Mədəniyyət Tədqiqatları İnstitutu (ERİCArts), Beynəlxalq Müasir İfaçılıq Sənətləri Şəbəkəsi (IETM), Avropa Mədəniyyət Fəaliyyəti (CAE), mədəniyyət siyasəti sahəsində digər nüfuzlu beynəlxalq təşkilatlar və Avropanın aparıcı mütəxəssisləri iştirak edirdi. Beynəlxalq konfransın “Yaradıcılıq azadlığı”, “Mədəni müxtəliflik və əlçatanlıq” və “Mədəni Demokratiya” mövzulu panel müzakirələrində yaradıcılıq azadlığını təşviq etmək və gücləndirmək üçün hökumətin, vətəndaş cəmiyyətinin və mədəniyyət sektorunun rollarının nədən ibarət olduğu, mədəni müxtəliflik və bərabər imkanların təmin olunması üçün mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti tərəfindən nələr edilməli, fərdlərə və icmalara mədəni fəaliyyətdə, idarəçilikdə və qərar qəbuletmə proseslərinin formalaşdırılmasında fəal iştirak etməyin yolları müzakirə edildi.
Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 6-cı Baş Assambleyası və Kompendium Ekspertlərinin Assambleyasında Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İsveçrə, Litva, Lüksemburq, Macarıstan, Malta, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqal, Rumıniya, Rusiya, Serbiya üzrə ekspertlər, Kompendium Assosiasiyasının Avropa Şurası və ERİCArts kimi təsisçi və daimi üzvləri, təşkilatçı-üzv olan ölkələrin təmsilçiləri iştirak edirdilər. Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 2022-2023-cü illər üçün illik fəaliyyət hesabatı, maliyyə hesabatları, layihənin auditoriyası, yeni sosial media formatlar, digər təşkilati məsələlər və gələcək perspektivlər müzakirə olundu. Tədbir zamanı Ermənistan nümayəndəsi təxribata əl ataraq, Azərbaycan tərəfinin 24 saatlıq antiterror əməliyyatı nəticəsində Ermənistana köç edən əhalinin yerləşdirilməsində çətinliklərlə üzləşdiklərini qeyd edərək, beynəlxalq tədbirin auditoriyasını çaşdırmağa çalışdı. Azərbaycan eksperti tərəfindən bu təxribat cəhdinin qarşısı qətiyyətlə alındı və tədbir iştirakçılarının diqqətinə məsələnin əsl mahiyyəti çatdırıldı.
Maltanın mədəni ictimaiyyətinin görkəmli nümayəndələri və Kompendium ekspertlərinin iştirakı ilə baş tutmuş «İncəsənətin mövcud vəziyyəti” adlı II Malta Milli Beynəlxalq Simpozium çərçivəsində “Maltada mədəniyyət hüququnun kontekstuallaşdırılması” adlı panel müzakirələri aparıldı, “Maltanın İncəsənət Şurası”, “Autizm Məsləhət Şurası”, “Tamamlanmamış İncəsənət Məkanı” və Maltanın digər təşkilatlarının əlaqəli layihələri təqdim olundu. Malta Universitetinin ziyarəti zamanı mədəniyyət sahəsinə dair “Sağlamlıq və rifah üçün incəsənət”, «Ekspressiv incəsənətə və icmaya geştalt yanaşma», “Mədəniyyət siyasətində və mədəni iştirakda süni intellektin istifadə olunması” və bu kimi mövzulara dair təqdimatlar aparıldı.
Məlumat üçün bildirilir ki, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu mədəniyyət siyasəti sahəsində müqayisəli təhlillər üzrə aparıcı beynəlxalq platformadır. Kompendium metodologiyasına əsasən Avropa ölkələri tərəfindən mütəmadi olaraq hazırlanan milli məruzələr müvafiq veb-portalda yerləşdirilir və mədəniyyət siyasətçiləri, tədqiqatçılar və mədəniyyət ictimaiyyəti tərəfindən nüfuzlu istinad mənbəyi kimi geniş istifadə olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu platformaya 1999-cu ildən etibarən qoşularaq fəal iştirak edir və hal-hazırda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının təşkilatçı-üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
“Onu təhlil etməyə ehtiyac yoxdur!” - söhbət Vaqif Bayatlı Ödərdən gedir
Bu yaxınlarda Vaqif Bayatlı Ödər 75 yaşını qeyd etdi. Çox təəssüf ki, bir bədbəxt hadisə ucbatından sağlamlığını itirmiş böyük şair yazıb-yaratmaq gücünü də itirib. Amma o, ədəbiyyatımızın qızıl irsi sırasında yer tutur. Və “Ədəbiyyat və incəsənət” portalı da şair barədə görkəmli şəxsiyyətlərin fikirlərini sizlərə təqdim edir:
Vaqif, sənin şeirini olduğu kimi, "Ölənəcən sevmək azdır" kitabından götürüb çap eləməyi məsləhət bildim. Onu təhlil etməyə ehtiyac duymadım. Şeir bizim demədiyimiz çox şeyi sənət dilində çox gözəl deyir.
Məmməd Araz
Xalq şairi
Vaqifin adı da sərbəst şeirdir: Vaqif Bayatlı Odər. Bunların hərəsi bir misra kimi davamlı, vurğulu deyilir, şair bu ad - misralardan hər birinin mənasını xüsusi dərk etdirmək istəyir. Vaqifin təxəllüs-soyadları onun anketidir:
Vaqif Cəbrayılzadə - nəsil ailə mənsubiyyəti;
Vaqif Bayatlı - etnik əsli;
Vaqif Önər - ədəbi və vətəndaşlıq mövqeyi;
Vaqif Odər - xisləti.
Vaqif ilk soyadını doğulduğu torpaqdan götürür. Mən inanıram ki, təbii qismətlə onun soyadı belə olmasaydı da, o, adını öz ilk torpağından alacaqdı - ya "Mərcanlı", ya da "Cəbrayıllı" olacaqdı. Sonra türklüyünü, hətta oğuzluğunu qabardıb Bayatlı oldu. Bu adında, yəqin ki, Dədə Qorqudu da, Füzulini də düşündü - axı onlar da Bayat boyundan qopmuşdular. Sənəti ilə vətəndaşlığına necə qulluq etdiyini göstərmək üçün özünü belə elan etdi: Önər. İndi isə Odərdir. Əgər bu adda özünün bir od ər, bir parça od olan kişi mənasını düşünürsə, yerinə düşür, ona yaraşır.
Görünür, bu dörd qatda soyadı Vaqifin özünü dərk etməsi yolunu əks etdirir. Məlum Quran ayəsini yadımıza salaq: "Özünü dərk edən Allahı dərk edir". Vaqifin məşhur Göy üzü obrazı var. Leyli-Məcnun Füzuli üçün nədirsə, Göy üzü obrazı Vaqif üçün odur.
Tofiq Hacıyev
Akademik
Vaqif mənim üçün çox millidir və Vaqif mənim üçün çox da bəşəridir.
Vaqif mənim üçün çox dərdlidir, qəmgindir, qüssəlidir, amma Vaqifin poeziyasında qəribə bir işıq da var ki, hansısa - qoy lap mücərrəd olsun! - məlhəmdən, əlacdan, qaranlıq labirint içində görünən - qoy lap kiçicik olsun! - işıqdan (işıqcıqdan) xəbər verir...
Mən hələ ikinci bir şair tanımıram ki - yüzlərlə tanıdığım şairlər arasında! - onun yaradıcılığı ilə zahiri görkəmi, xasiyyəti, hətta taleyi (!) bu dərəcədə bir-birini tamamlasın, bir-birinə məhrəm olsun, biri o birini davam etdirsin.
Vaqif kövrəkdir, həssasdır, incədir və Vaqif mübarizdir.
Elçin
Xalq yazıçısı
İllər ötür, bütün vücudu, varlığı və ruhuyla İlahiyə can atmaqdan yorulmayan Vaqifi yolundan heç nə döndərə bilmədi. Nə bu dünyanın mal-dövləti, nə "var" adlandırdığımız oğul-uşaq, nə şan-şöhrət azarı. Vaqifi şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kimin gücü çatmadı. Vaqif Sözün xəstəsi, Onun qulu olaraq qaldı. O, indi də belə yaşayır. Sözlərin, misraların arasıyla əlçatmaz göy pillələrində pay-piyada dolaşa-dolaşa...
Afaq Məsud
Xalq yazıçısı
Vaqif Bayatlı özünün şair şəxsiyyətilə şair yaradıcılığını ideal şəkildə birləşdirə bilmiş ustad sənətkardır. Belə bir adam bu gün necə olub ki, vardır?! Belələrini biz, adətən, ədəbiyyat dərslərindən tanıyırıq. Belələri, adətən, nə zamansa, yaşayırlar, bu gün yaşamırlar. Ya o bizim gözümüzə görünür, ya da biz onun. Şair elə belə də yazır:
Dənizin ortasında bir xəyal -
Ya o bizim gözümüzə görünür,
Ya biz onun.
Vaqif Bayatlı - dənizin ortasında xəyala dönmüş şair.
Kamal Abdulla
Akademik
Vaqifin şeirlərində ana dili yerin tozundan, kitab qandallarından, rəsmiyyət kəsafətindən azad, anaların da, mələklərin də, çiçəklərin də, Tanrının da eyni şəkildə anlaya biləcəyi sadə, amma sehrli dildir, türkcəmizin Dədə Qorqud və Füzuli işığına bürünmüş bir səviyyəsindədir.
Sabir Rüstəmxanlı
Xalq şairi
Vaqifin şeirlərində, ilk baxışda, çətin sezilən bir ardıcıllıq duyulur. Bir şeirin sonluğu, özündən sonra gələn şeirin başlığı kimi səslənir. Yazılış anlarının ovqatı, sabit şair mövqeyi, başqasının sevincini duya bilmək, dünyanın yer üzündən göy üzünə uzanan fikir yollarının gələcək adlı həqiqətlərində gəzişmək Vaqifin yaradıcılığına səmimiyyət, romantik ruh aşılayıb.
Nüsrət Kəsəmənli
Şair
Bəlkə, Vaqif özü də bilmir ki, nə qədər mənə təsir edib. Mən Vaqifdən Azərbaycan dilini öyrənmişəm, poeziyamızı öyrənmişəm, tariximizi öyrənmişəm, zorluqlara dözməyi öyrənmişəm. Vətəndaş olmağı öyrənmişəm, türkçü olmağı öyrənmişəm.
Cavanşir Quliyev
Bəstəkar
...Vaqif Bayatlı Odərin kitabını yüz ildən, min ildən sonra da açıb oxuyan oxucu sətirlərin, sözlərin tərpəndiyini, nəfəs aldığını, canlı, diri olduğunu, buludsuz, aydın gecədə par-par yanan, bəzən adamın üzünə dostcasına gülümsəyən, bəzənsə, kədərli görünən ulduzlar kimi işıq saçdığını görəcək.
Azər Abdulla
Yazıçı
Vaqif Bayatlının şeirləri bu müqəddəsliyin ən gözəl əyani bir nümunəsi kimi xalqımıza, şeirimizə, ədəbiyyatımıza, həqiqətən, dəyərli bir hədiyyədir.
Nəriman Qasımoğlu
Professor
Və Vaqif Bayatlı Odər mənim tanıdığım adamların içərisində, mübaliğəsiz deyirəm, yeganəsidir ki, bu qeyri-adi insanın içərisində sevgidən başqa heç nəyə yer qalmayıb və Vaqif bəy o böyük sevgi yükünü Göydən Yerə daşıyan söz elçisidir. Amma, amma həm də bir Sizif kimidir. İntəhası, bu Sizif o müqəddəs sevgi duyğularını Yerə sona qədər daşıya bilmir, Söz Yerin zirvəsinə çatmamış yenidən diyirlənib geriyə - Göyə qayıdır.
Azər Turan
Filologiya üzrə fəlsəfə doktoru
V.Bayatlı poeziyaya daha çox intonasiya fərqliliyi gətirmiş şairdi. Bu şeirlərdə intonasiya o qədər güclü idi ki, vəznin tələblərini belə görməzdən gəlindirə bilirdi. Bu mənada, V.B.Odər milli şeirimizdə, ilk növbədə, dil materialı kimi maraqlıdır. Şairin poeziyası milli ənənəvi şeirin yeni yolayrıcına düşüb, öz cığırını açması baxımından önəmlidir. Amma ən önəmlisi, V.B.Odərin saldığı yeni Yolda milli şeirin öz havasına qol qaldırıb oynamaq çabasıdır.
Elnarə Akimova
Filologiya elmləri doktoru
Vaqif minillik Azərbaycan poeziyasında öz səsilə seçildi. O, hədsiz təriflərə də qərq oldu, kəskin tənqidlərə də... Amma təriflər onun boyundan yuxarı qalxmadı, tənqidlər nə qədər acı olsa da, dizinə də çatmadı. Vaqif o yolu ki tutmuşdu, o yolu addım-addım gedib özünü tapa bildi. Özünü tapmaq o deməkdir ki, öz şair şəxsiyyətini, öz bənzərsizliyini sübut elədi.
Vaqif Yusifli
Professor
Vaqifin orijinal fərdi şair simasını müəyyənləşdirən və fərqləndirən xüsusiyyətlərdən biri də onun şeirlərində bol-bol işlənmiş aforizmlərdir. Əlbəttə, şairin özünün aforizmləri! "Bu dünyada torpağı ayrı, göyü birdir şairlərin", "Keçib gəldiyi göy üzü kimidir şairin üzü", "Elə bilirlər, ölümə gedir hər torpaq altına gedən", "Hər sevgidən, sözdən nə isə gözəl bir şey qalır dünyada" və s. Bu ifadələr klassik sənətkarlarımızın hikmətli sözləri kimi yadda qalır, oxucu tərəfindən adi həyat həqiqətlərinin maraqlı bədii kəşfi kimi qarşılanır.
Səyyad Aran
Şair
Vaqifin özünü ifadə eləmək mənasında ən səciyyəvi şeirlərindən biridir. Bu hissi, ovqatı yazan, şeirə çəkə bilən adam bu dünyanın çəmbəri içində tək və tənha olmalıdır.
Cavanşir Yusifli
Filologiya elmləri doktoru
...Şair Nizami Aydın bir vaxtlar Lermontovu və Müşfiqi sevirdi, sonralar isə Tomas Vulfun və Qarsia Lorkanın dəlisi idi. 1982-dən bəri Vaqif Cəbrayılzadəyə qibləgah kimi baxırdı.
Bir dəfə zarafatla dedi ki, daha Vaqifi sevməyəcəyəm, yazıqdı, qoy yaşasın, mənim sevdiyim şairlərin yaşı qırxı ötmür.
Amma döyüş çantasında güllələrin içində V.Cəbrayılzadənin son kitabını gəzdirirmiş.
Musa Urud
Şair
Vaqif mənim həyatımda da mühüm rol oynayıb. 1980-ci ildə onunla Tuva Muxtar Respublikasında keçirilən Gənc Yazıçıların Ümumittifaq Toplantısının iştirakçısı olmuşduq. O vaxta qədər aramızda xoş bir qarşılıqlı əlaqə olsa da, çox da yaxın olmamışdıq. Amma həmin səfərdə 14 gün bir yerdə olduq. Onun təşəbbüsü ilə Bakıdan Tuvanın Qızıl şəhərinə qədər - bütün türk ellərini gəzmək üçün "Bakı-Türkmənistan-Özbəkistan-Qazaxıstan-Hakasiya-Tuva" marşrutu ilə getdik. Hər respublikada 2-3 gün qaldıq. Bu ölkələrin insanları, məişəti, muzeyləri ilə yaxından tanış olmağa çalışırdıq. Tale elə gətirdi ki, Orxon-Yenisey abidələrini də birlikdə ziyarət etdik. İki həftəni bir yerdə olmaq bizi xeyli yaxınlaşdırdı. Bu yaxınlığımız mənim üçün olduqca əhəmiyyətli oldu. Mən Tuvaya yola düşəndə gənc bir Azərbaycan şairi, sovet alimi idimsə, geri dönəndə türkçü, antisovet bir şair idim. Mən Tuvaya yola düşəndə Əhməd Məmmədov idimsə, səfərdən sonra Əhməd Qəşəmoğlu oldum.
Əhməd Qəşəmoğlu
Filosof
Vaqifin şeirlərinin dərində olan gücü bundadır ki, o, şeiri ideologiyanın vasitəsinə, "qulluqçusuna", daşıyıcısına çevirmədi.
Məti Osmanoğlu
Filologiya üzrə fəlsəfə doktoru
Dədə Qorqud kitabından sonra V.Bayatlı Azərbaycan ədəbiyyatında, bəlkə də, öz poetik havasını, mistik dünyasını, bənzərsiz ahəngini yaradan ilk və sonuncu şairdir. Buna inan. Xüsusən, onun özü şeirlərini oxuyanda fikir ver, özünü görəcəksən. O şeirlər ən qədim mənbəyə gedir. Dua kimidir. Özü tapıb o üslubu. Orada bayatı da var, nənələrin alqışı da, qarğışı da, layla da üstəgəl, bütün atributları cəmləşdirən Vaqif təpədən-dırnağa ədəbiyyatdır.
Vaqif Bəhmənli
Şair
V.B.Odər yaradıcılığında şeirin klassik anlamı çökmür və itirmir, çağdaş anlamı isə ucalaraq qazanır. Burda da onun sevdirici və barışdırıcı mövqeyi özünü göstərir. Onun poeziyası, sadə şəkildə izah etsək, nəinki insanların, eləcə də, şeirimizin dünəniylə bu günü arasında sevgi və barış nöqtəsidir.
Zahid Sarıtorpaq
Şair
Azərbaycan ədəbiyyatında onun kimi sözsüz şeir yazan ikinci bir şair yoxdur. Bu sözsüz şeirlərin poetik obrazlarının, metaforalarının havası başqadır.
Südabə Ağabalayeva
Filologiya üzrə fəlsəfə doktoru
Mənə elə gəlir ki, Vaqif bu dünyaya adi insan kimi gəlməyib. Söz Allahı tərəfindən Şeir kimi, Şeir mələyi kimi yer üzünə zühur edib. Təkrar edirəm, şair kimi yox, Şeir kimi.
Elçin İsgəndərzadə
Professor
Vaqif Bayatlı Odər iyirminci əsr poeziyamıza daimi cəzb halında olan devrimçi kimi gəldi. Canına ən yaxın olan sözləri seçib, ilk işini bitirdikdən sonra növbəti həmləyə keçdi; tarixi təşəkkül prosesində stereotipləşmiş şeir şəkillərini "üzüdivara" çevirərək, vurğunu məzmuna yönəltdi. Bu, əsrin 50-ci illərindən etibarən, mövqeyi möhkəmlənib axın şəkli alan sərbəst şeirin, sadəcə, davamı deyildi. Şairin hərəkət və nəfəs imkanlarını genişləndirən sərbəst şeir Vaqif Bayatlının simasında sözün hərəkət və nəfəs imkanlarını genişləndirmək məqamına yüksəldi.
Bəsti Əlibəyli
Ədəbi tənqidçi
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində paytaxtımızda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 11-də Heydər Əliyev Mərkəzində festivalın bağlanış mərasimi keçirilib.
Mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub.
Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibi Sultan Raev qonaqları salamlayıb. Festival barədə təəssüratlarını bildirən S.Raev Azərbaycanda olmağından məmnunluğunu ifadə edib: "III “Korkut Ata” Türk Dünyası Film Festivalı türk dünyası filmlərini tanıtmaq üçün böyük bir fürsətdir. Bu festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik".
Sultan Raev çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını Xalq artisti Fəxrəddin Manafova təqdim edib.
Münsiflər heyətinin sədri Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətindən bəhs edib.
Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaqlara təqdim olunub.
Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay ( hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunub.
"Jambıl" filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotaev, "Hep 33 yaşında" filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb.
“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev ("Qızıl alma", Türkmənistan), "Ən yaxşı aktrisa" nominasiya üzrə mükafatı isə Təhminə Rafaella ("Məryəm", Azərbaycan) qazanıb.
“Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb.
"Ən yaxşı rejissor" nominasiyasında Zhuraeva Asel Talibzhanova ("Tanrıverdi", Qırğızıstan) qalib olub.
"Ən yaxşı sənədli film" nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.
"Ən yaxşı bədii film” nominasiyasında "Yıldız tozu" (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub. Mükafat Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyeva tərəfindən təqdim edilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli növbəti “Korkut Ata” festivalının Türkmənistan Anev şəhərinə ötürülməsini və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistan Respublikasının nümayəndəsinə təqdim edib.
Adil Kərimli çıxışında III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Festivalın təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.
Daha sonra "Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
Erkən nikahlar, dölün müəyyənləşdirilməsi fəlakəti, mental tabular və s. - Azərbaycan qızlarının problemləri
Ötən gün Beynəlxalq Qızlar Günü idi
Könül, “Ədəbiyyat və incəsənət”
Ondan başlayaq ki, şəxsən mən heç kəsdən təbrik almadım. Bu nə biganəlikdır? Yəqin çoxunda da belə oldu. Valideyinlər, baba-nənələr, qardaşlar, niyə qızları təbrik etmədiniz dünən?
Beynəlxalq Qızlar Gününün mənşəyi hara gedib çıxır? 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib.
Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Nəzərə alaq ki, bizim ölkəmiz üçün, xüsusən Cənub zonası üçün bu, çox ciddi problemdir. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.
Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə ölkəmizdə fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bir sıra bölgələrindən məcburu erkən nigahlara dair ərizələr daxil olur, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nigahın qarşısı alınır. Eyni zamanda bu bayramın məqsədi dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına diqqət cəlb etməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburu evlilikdən müdafiə olunmaq həmin problemlərin sırasındadır. Hər il bir mövzu ətrafında qeyd edilən bu günün carı ildəki şüarı: "Qızlara səlahiyyət vermək: Təcili müdaxilə və dayanıqlıq planlaması"dır.
Bu arada mən ürək ağrısı ilə ölkəmizdə qız uşaqları ilə bağlı çox ciddi bir problemi də dilə gətirmək istəyirəm. Maddi vəziyyətə görə son illər ölkəmizdə yeni qurulan ailələr əksərən bir uşağa üstünlük verirlər, uşaq dölünün qabaqcadan müəyyənləşdirilməsi isə bu işdə fəlakətyaradıcı rol oynayır. Hamı tək uşağının oğlan olmasını qərarlaşdırır və nəticədə yeni doğulan uşaqların nisbəti sürətlə oğlan uşaqlarının xeyrinə artır.
Dayanın deyən isə yoxdur!
Təəssüf ki, bədbin notlara yükləndim. Barı, dünən özümü təbrik etsəydilər, yenə bir az nikbinlik qatardım yazıma.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
Azərbaycanın haqq səsini dünya eşitməlidir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Parisdə, ermənilərin əsas himayədarları olan fransızların baş şəhərində sığınacaq tapan UNESCO mədəniyyətin, elmin əsas prioritetlərini müəyyənləşdirən bir BMT qurumudur, amma mən şəxsən bu qurumdan müsbət bir şeylər gözləmirəm. Elə ermənilər üçün göz yaşı axıtmaları bəs edər.
Azərbaycan UNESCO-nun prioritet və proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük önəm verir. Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə işləməkdə qətiyyətlidir.
Azərbaycan mədəniyyətlərarası dialoq, eləcə də irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində təşkilatın irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyir, “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” kimi qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlər və dinlər arasında dialoqu ardıcıl olaraq təşviq edir.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev təşkilatın İcra Şurasının 217-ci sessiyasında ölkəmizin milli bəyanatını təqdim edib. Bəyanatda bildirilir ki, Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama Hərəkatının sədri kimi sülh, təhlükəsizlik və Qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ də mövcud olan irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyalar narahatlıq doğurur.
Ermənistan 30 illik hərbi təcavüz zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsi tamamilə dağıdıb, talan edib və vandalizmə məruz qoyub. Tarixi abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, sənət qalereyaları, arxeoloji abidələr və kitabxanalar kimi mədəni sərvətlər ən vəhşicəsinə talan olunaraq yerlə-yeksan edilib.
İşğal zamanı Azərbaycanın təhsil infrastrukturuna da ciddi ziyan vurub. Azərbaycanın işğal altında olmuş ərazilərində 2000-dən çox təhsil müəssisəsi Ermənistan tərəfindən tamamilə dağıdılıb.
Ermənistanda da Azərbaycanın mədəni irsinin dağıdılması, talan edilməsi və mənimsənilməsi üzrə sistemli siyasət həyata keçirilib. Ermənistanda azərbaycanlıların tarixi izləri qəsdən məhv edilib, İrəvan, Qərbi Zəngəzur, Vedi, Nüvədi, Göyçə və bir çox digər dədə-baba və tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların izləri tamamilə silinib.
Bəyanatda diqqətə çatdırılıb ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də sarsıdıcı təsir göstərib. Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması hər bir azərbaycanlının mədəni hüquqlarına, xüsusən də hər kəsin mədəni irsdən istifadə hüququna mənfi təsir göstərib.
Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərinin və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını ifadə edən və bu ölkədə mövcud vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun Baş direktoruna faktaraşdırıcı missiya göndərməklə bağlı müraciət Azərbaycan xalqının haqlı tələbidir.
“2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmə saxlamışdı.
Bu ölkə, həmçinin Laçın yolundan Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq üçün istifadə edib. 2023-cü ilin sentyabrında qanunsuz erməni silahlı birləşmələrinin çoxsaylı hərbi təxribatlarına və təxribat xarakterli əməllərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Antiterror tədbirləri zamanı humanitar hüququn normalarına tam uyğun olaraq mülki şəxslərə və mülki infrastruktura zərər vurmamaq üçün bütün işlər görülüb”,-deyə bəyanatda qeyd edilib.
Bəyanatda qondarma rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin tərk-silah edilməsi, yerli erməni sakinlərin reinteqrasiyası prosesi, bunun üçün xüsusi portalın yaradılması, dialoq üçün əlverişli mühitin yaradılması, Azərbaycanın Ermənistanla normallaşma planı barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, BMT-nin Azərbaycanın Qarabağ bölgəsi, xüsusilə də Xankəndi şəhəri üzrə missiyasının hesabatında mülki ictimai infrastruktura, eləcə də mədəni və dini məkanlara heç bir ziyanın dəymədiyi, Azərbaycanın Xankəndidə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığı, mülki şəxslərə qarşı zorakılığa yol verilmədiyi bildirilib.
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkan var.
Düzü, bəyanatda hər bir detal öz əksini tapıb. Antiterror əməliyyatımızdan sonra əl-ayağa düşən Fransa hökuməti BMT-yə də təsir etmək zorundadır.
Amma buz ərimək üzrədir. Və şəxsən mən əminəm ki, biz diplomatiya ilə də zəfər çalacağıq.
Şəkildə isə erməni xisləti viran qalmış Ağdamdan görüntüyə gəlir.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
“Mənim düşüncəm” uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq
Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində gənc nəsildə kreativ düşüncənin inkişafına xidmət məqsədilə ənənəvi “Mənim düşüncəm” adlı uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.
Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqəyə 9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan 800-dən çox uşaq və yeniyetmə və gənc 1200-ə qədər əsər təqdim edib.
Seçim zamanı mövzu, ölçü və texnika sərbəst olan müsabiqədə müəllifin yaşı nəzərə alınmaqla fərqli fikir, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) və əvvəlcə sərgilənməmiş, kreativ düşüncəli yaradıcılıq nümunələrinə üstünlük verilib.
Müsabiqənin yekun sərgiləri oktyabrın 17-18-də saat 16:00-da növbəli şəkildə Xətai Sənət Mərkəzində keçiriləcək.
Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə çərçivədə təqdim olunmalıdır.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Nəzərinizə çatdıraq ki, iştirakçılar əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməklə müsabiqəyə qatılılıblar.
“Ədəbiyyat və incəsənət”
(2.10.2023)
Dünyanı bildiyi üçün dünyaya qarışmayan adam - Xan Rəsuloğlu
“Ədəbiyyat və incəsənət” portalı AYB-nin Sumqayıt bölməsinə rəhbərlik edən Gülnarə Cəmaləddinin bu yazısı ilə ötən gün doğum gününü qeyd edən Xan Rəsuloğluya öz təbriklərini ünvanlayır. Ölkədə kitabın ən böyük dostlarından olan Xan Rəsuloğlu kitab satışı, bukinist, oxu zalı funksiyalarını özündə cəmləyir. Üstəlik o, həm də ölkədə ən çox kitab oxumuş beş şəxsdən biridir. Yüz yaşasın!
Bu da Gülnarə xanımın yazısı.
Kitabdan söz düşərkən, ağıla ilk gələn adamdı bu adam. Fərqli düşüncə, fərqli ağıl sahibidi. Adı da fərqlidi. Xarakterində də, duruşunda da adından nəsə var. Hansı kitabdan, hansı müəllifdən desən xəbəri var. O qədər maraqlı adamdı ki, onunla hər dəfə qarşılaşıb, söhbətləşəndə istər-istəməz dönüb arxaya baxırsan. Nəsə yarımçıq qaldı,- deyə.
Ədəbiyyata, şeirə, kitaba sevgisinin həddi- hüdudu yoxdur. Zəngin mütaliəsi, oxu zövqü onunla söhbət edən hər kəsin diqqətini çəkir. Fərqli şeirlər yazır... Dünyanı bildiyi üçün dünyaya qarışmır. Öz yolu, öz cığırı var... Kimsənin tapdaladığı yolla getməyi sevmir. Onun fikrincə, bu dünyada hər kəsin öz yolu, öz amalı olmalıdır. Ötən gün onun faniyə aldandığı gün idi... Ötən gün həm də faninin bizə bu gözəl insanı bəxş etdiyi gün idi. Günün mübarək, Xan...
Təxəllüsünü hər kəs bilir. Niyə içimdən sadəcə sənə elə Xan deyə müraciət etmək keçdi? Niyə bu şəklini seçdim? Amma niyəsini özüm də bilmirəm. Bircə onu bilirəm;
sən elə adına layiq ömür sürürsən, şeirlər yazırsan və dostlarına münasibətində də bir ağayanalıq var. Xoş gəldin, Xan!
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)