![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Bu gün Bakıda Atatürkün həyatından bəhs edən film nümayiş olunacaq
Türkiyə Cümhuriyyətinin qurucusu, böyük türk xalqının xilaskarı, qazi Mustafa Kamal Atatürkün həyatından bəhs edən “Zübeydə, Analar və Oğullar” filminin bu gün Bakıda qala gecəsi baş tutacaq.
Həmin filmdə baş rolları aktrisa Aslıhan Güner Kılıç, Emre Kınay, Turgay Tanülkü və Alican Yücesoy canlandırıb.
Ssenari müəllifi Murat Arslan tərəfindən yazılan “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə Zübeydə xanım arasındakı münasibətdən, Mustafa Kamalın liderlik hekayəsindən bəhs edir.
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç bildirib ki, “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Film böyük öndərin mübarizələrlə dolu həyatından, Türkiyə Cümhuriyyətinin hansı şəraitdə qurulmasından, Atatürk və anası Zübeydə xanımdan bəhs edir.
Qeyd edək ki, "Zübeydə, Analar və Oğullar" Bakıda bütün kinoteatrlarda yayımlanacaq.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
DEBÜT-də Hüseyn Qəhrəmanovun hekayəsi
Aytən Hüseynli, “Ədəbiyyat və incəsənət” üçün
Hüseyn Qəhrəmanov 2001-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Ramana kəndinin Eynulla Ağayev adına 198 saylı tam orta məktəbində, ali təhsilini isə Dəniz Akademiyasının "Elektrik mühəndisliyi" ixtisasında bakalavr səviyyəsində bitirmişdir. Hal-hazırda ADDA-da magistr təhsilini davam etdirir...
Hüseyn Sabunçu Gənclər Evində fəaliyyət göstərən bizim “Azərbaycan Oxucuları" Kitab Klubunun ən fəal üzvlərindəndir. Özünün də bədii yaradıcılığı var. İndi isə onun “Ziddiyyət” adlı hekayəsini oxucuların ixtiyarına buraxıram.
“Atamızdan, anamızdan belə görmüşük biz! Qadın nədir, işləmək nədir?! Qoy hələ təhsilini bitirsin. Qıçını qırıb evdə oturdacam. Mənim arvadım mənim evimin içində olmalıdır. İndi dəymirəm ona, elə bilir ki, elə belə də olacaq...”
Sükut çökdü. Bu sözləri ona deyən kəs sanki sözləri bitən kimi dincini almaq üçün su bardağını başına çəkmişdi. Ancaq hələ də içməyə davam edirdi, çünki 5 dəqiqə ərzində ondan səs gəlmədi.
Rəsul öz ətrafında dönür, bu səsin sahibini tapmağa çalışırdı. Ancaq otaq tamamilə boş idi. Hətta Rəsul qıpırdamasaydı, otağa ölüm səssizliyi çökər, bu səssizlikdən Rəsulun vücudu belə lərzəyə gələrdi. Aha, budur. O yenə səs eşidir.
“Nə saçmalayırsan, Rəsul?! Başına hava gəlib sənin? Atan, anan sənin yerinə yaşayacaqsa həyatı, o zaman mən də razı. Dilimi qarnıma soxub bir kənarda dayanaram. Ancaq yox, Rəsul. Bu həyatı səndən başqası yaşayan deyil. Axı, sən yeni başlamısan həyata dönməyə. Sən artıq əvvəlki Rəsul deyilsən. Sən tamamilə yenisən. Artıq təkamül etmisən və müasir olmusan. O qıza oxumağa ona görə icazə verirsən ki, öz arzu və planlarını həyata keçirə bilsin.”
Rəsul bütün bu nitqi dinləyərkən gözünü bir nöqtəyə zilləmişdi. Səs sona çatana qədər də başqa heç bir yerə nəzər yetirmədi. Kənardan dayanıb Rəsulu izləsəniz, gözlərinin yol çəkdiyi qənaətinə varardınız. Ən azından bu yollar, Bakı küçələrində öncə çəkilib, sonra kanalizasiya üçün yenidən sökülən yollardan deyildi.
Qəhvəsini fincana süzdü. Deyəsən, yuxulu idi. Bu səslər də yuxu azlığından irəli gəlirdi. Hə, hə, yəqin ki, bu belə idi. Yatağına uzanıqlı əyləşdi. Qəhvəsi elə ordaca içilmədən soyumağa məhkum edildi. Çünki birinci səsin sahibi geri dönmüşdü. Aa, bu arada, sizə deməyi unutmuşam. Rəsul bu səslərin iki fərqli şəxsə aid olmasından qəti şəkildə əmin idi.
“Rəsul, yadına salım iki gün öncəki hadisəni?”
İki gün öncə Rəsul nişanlısı ilə görüşmüşdü. Onlar metrolardan birinin giriş pilləkənlərini enən kimi ayaq saxlamışdılar. Söhbətləri əsnasında yoldan keçən insanların diqqətinin onlarda olduğunu hiss edirdilər. Ancaq bunun səbəbini ikisi də çox gözəl bilirdi. Səbəb Rəsul deyildi. Səbəb onun nişanlısı Sevil idi. Sevil təhsili ilə əlaqədar olaraq uniforma geyinirdi. Bu forma adi məktəbli formalarından deyildi. Çiyinlərində paqon olan, uzunluğu dizdən yuxarıda ətəyi olan, şux qaməti ilə hər kəsi cəlb edən hərbi tərzində bir forma idi. Elə bu səbəbdən hər kəsin gözü Sevildə qalmışdı. Bu yerdə Rəsul sıxılır, daralır, iki səbəbdən özünü narahat hiss edirdi. Birincisi bu idi ki, hər kəsin gözü Sevildə idi. Rəsul bunu qəbul edə bilmir, ancaq bu barədə əlindən də bir şey gəlmirdi. Çünki Sevil ilə münasibət qurarkən təhsilinə əngəl olmamağa dair söz vermişdi. İkincisi isə o idi ki, Rəsul özünü nişanlısının yanında əskik hiss edirdi. Sevil formada, cəlbedici, uğurlu, üstün biri kimi görünürdü. Rəsul isə onun yanında hər daim sönük qalırdı. Buna görə bütün günü zəhərə dönmüş, bütün gecəni düşünərək keçirmişdi. İndi bu səsin sahibi ona baş verən bu hadisəni xatırlatmaq istəyirdi. Və bu səsin sahibi dostdur ya düşmən, bəlli deyildi. Nəhayətində bu səs ona bəzi həqiqətləri xatırlatmışdı.
Rəsul bir ömür belə yaşaya bilməzdi. Son qərarını aldı. Onun yoldaşı evdar qadın olmalı idi. Ona görə yox ki, o bu inancını dinindən alırdı. Heç atalarından gələn bir qanun olması da həqiqi səbəb deyildi. Biz bilirik ki, daş dövründə kişilər (fiziki gücü çox olan şəxslər) ova gedər, qadınlar (fiziki gücü az olan şəxslər) isə məhsuldarlıqla məşğul olmaq üçün qəbilədə qalarmışlar. İlk baxışdan elə zənn edilir ki, Rəsul atalarından qalma adəti həyata keçirir. Ancaq xeyr. Rəsul nə dinindən, nə də atalarından olan mirasından dolayı etmirdi bunu. Buna səbəb Rəsulun yalnız qısqanclığı idi.
Növbəti günlərin birində Rəsul Sevili görüşə çağırıb ona bəzi şərtlər kəsməyi qərara aldı. Bir masa arxasında iki nəfər əyləşmişdi. Ancaq bu görüşmə bir neçə gün öncə olsaydı, yəqin ki, Rəsulun stulunda əyləşən adam tamamilə başqa biri olacaqdı. Çünki bugünki Rəsul ilə bir neçə gün öncəki Rəsul arasında yerlə göy qədər fərq var idi. Zaman, həqiqətən, buna qadirdir?!
Kaş Rəsul biləydi ki, o səslərin sahibi kimlərdir. Kaş zamanında Xeyir və Şəri oxumuş olaydı. Kaş İn-Yan’ı başa düşəydi. Kaş gecə və gündüzü ayıra biləydi. Kaş ömründə bircə dəfə belə olsa, bəyaz vərəqin üzərinə düşən qara nöqtəyə saatlarla baxıb bəyaz və qaranın nə olduğunu görə biləydi. Bəlkə də o, əsla bilməyəcəkdi ki, eşitdiyi bu səslər yad birinin səsləri deyil. Öz daxilinin, məninin səsləridir. Sadəcə daxilindəki ziddiyyət ona iki ayrı səs kimi gəlmişdi. Bir-biri ilə yarışan iki Rəsul idi. Biri Xeyir, biri isə Şər...
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
Narsizm psixoloji haldır, yoxsa xəstəlik?
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Aparılan araşdırmalar göstərir ki, tibbi psixologiyada ən geniş yayılmış xəstəlik növlərindən biri də şəxsi özünəvurğunluğu əks etdirən narsizmdir. Gəlin öncəliklə narsizmin nə olduğunu öyrənək.
Bir çox insanda müşahidə olunan bu şəxsiyyət pozuntusu əsasən keçmişdən qalan travmalara əsaslanır. Belə ki, uşaq vaxtından ailə daxilində təzyiqlərə məruz qalan, ailə içində sevgi görə bilməyən, əksinə, qüruru qırılaraq yetişdirilən fərdlər illər keçdikcə özlərindəki bu sevgi boşluğunu daxili mənəviyyatsızlığa buraxır və çox zaman özünü hər kəsdən üstün görməyə başlayır və ya reallığı qəbul etdiyi halda yenə özgüvənini eqosuna dəyişir. Bu sahədə əsaslı araşdırmalar edən britaniyalı terapevt Tennyson Lee deyir ki, bu xəstəlik müəyyən həddən sonra şəxsin ətrafındakı insanlara da, zərər vura bilir. Belə ki, dərin mənəvi boşluq yaşayan şəxs öncə özünü ideal görür, daha sonra tənqidlərə qapanır, bir müddət sonra isə artıq hər şeyi gözdən çıxarmış bu şəxsiyyət tipimiz öz mənfəətləri uğruna ətrafındakı insanları istifadə etməyə başlayır. Diqqətli müşahidə etsək, görərik ki, narsist partneri olan insanlar bir zaman sonra özgüvənsiz, qarşısındakını özündən çox düşünməyə məcbur hiss edən insanlara çevrilirlər. İşin qəribə tərəfi bundadır ki, terapevt Lee qeyd edir ki, çətin məsələ narsist bir insanı sağaltmaqdan çox onu xəstə olduğuna inandırmaqdır. Və o əlavə edir ki, məhz belə insanlar yox, onların xəstə etdikləri insanlar psixoloji dəstək klinikalarına daha çox gəlirlər.
Əsasən depresiya ilə qarışdırılan bu xəstəliyin dövrümüzdə daha çox yer alması bəllidir. Və xüsusən elə gənc nəslin artan narsizm meylləri bir çox qaynaqlara əsasən keçmiş dövrlərə nisbətdə kəskin artışa keçməsi araşdırmalarda öz əksini tapmış olur. BBC müxbiri Jolyon Jenkins bunun səbəblərini araşdırıb. O, belə qənaətə gəlib ki, son dövrdə narsizmin artmasına əsas səbəb ailədaxili münasibətlərin zəifləməsi, gənc nəslin uşaq yaşlarından telefona olan bağlılığı, bu barədə artan bloq yazılarının yalnış formatda təbliğatı və uşaqlarda formalaşan özünəqapanıqlıqdır.
Ümumilikdə hər şey ailədən başlamasa da, ailə hər şeyin başlanğıcıdır. Həyat davam edərkən onlara necə hiss etdiklərini ifadə edə biləcəkləri zaman verin, əks halda ömrünüzün qalan hissəsini onların niyə belə etdiklərini soruşaraq və anlamayaraq keçirməyə məcbur yaşamalı olacaqsınız, əziz valideynlər.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
Violettanın sehrli peçenyeləri - HEKAYƏ
Leyla Ümid, “Ədəbiyyat və incəsənət”
1789, Paris küçələri...
Yaz ayında hava soyuq olsa da çiçəklər, yaşıllıqlar açmağa davam edirdi. Hər il baharın gəlişində gözəlliklər, bayramlar, sevinclər yaşanardı. Ancaq bu il sanki hər şey daha da soyuyacaqmış kimi qara bir duman bu ölkənin, bu şəhərin üzərini qalın yorğan əvəzi örtmüşdü. Küçələrdə insan çığırışları, iğtişam dolu günlər, müşket və tüfənglərin atəş səsləri, gizli yerlərdə qurulan planlar, qiyamçılar, tikilən barrikadalar, çölə çıxa bilməyən oyunlarından, məktəblərindən uzaq düşmüş uşaqlar.. bunlar hər kəsin qəlbinə qorxu, dəhşət salsa belə xalq, qiyamçılar əsla dayanmadan haqları üçün vuruşurdular.
Kral artıq əhaliyə baxmırdı. Mülklərini, pullarını, torpaqlarını vermirdi. Hətta ən son taxıl tədarükü belə kəsildiyi üçün insanlar bir parça çörəyə möhtac qalmış durumda idilər. Zədəganlar və burjuaziyalılar öz nüfüzlarını itirmişdilər. Xalqı öz yanlarına çəkərək qərar almışdılar ki, kralı devirsinlər. Zadəgan təbəqəsinin əlində olan bütün silahlar qiyamçı əhaliyə paylanılmışdı. Xalq əlbir olmuşdu. Beləcə, başlandı qiyam günləri.
İnsanlar əllərində nə varsa- masalar, ev əşyaları, dəmirlər, taxtalar - hər birini gətirib küçədəki qurduqları barrikadaya düzürdülər. Ən çox qum kisələri yığılmışdı və barrikadada kiçik deşiklər açılaraq silahları yerləşdirmişdilər. İlk barrikada nəsilləri zadəgan ailəsi olan, fəqət ən sonda tək başına yetim qalmış Violettanın evinin qarşısında qurulmuşdu. Onun ikimərtəbəli bınasının aşağısında şirniyyat mağazası, üstündə də yaşadığı evi var idi. Evinin pəncərəsindən barrikadanın həm sağını, həm də solunu görə bilirdi. Violetta nə qədər həyəcana, qorxuya bürünsə belə o da xalqın qalibiyyətinin, ədalətsiz hökmdarın taxtdan devrilməsinin tərafdarı idi.
Kral Generala bütün ordularını, qoşunlarını toplanmasını əmr etmişdi. Qiyamçılara hər tərəfli hücum edib qiyamı yatırtmaq lazım idi. General dərhal ordunu beş hissəyə bölərək hər birinin başına komandir təyin edir. Onlar silahları ilə yarısı at üzərində, yarısı isə piyada şəkildə təyin edilmiş bölgələrə tərəf irəlilədilər. İnsanlar barrikadalarını qurmuş vəziyyətdə müharibəyə hazır idilər. Gecə saatlarında hücumun ilk dalğası baş verdi və əsgərlər deyil də xalq qalib olaraq onları şəhərin içərisinə girməyə icazə vermədi. Gecədən səhərə beş dəfə fərqli tərəflərdən qiyamçıların üsyanını yatırtmaq üçün hücum olsa belə onlar dözümlü idilər. Nə qədər atlar tələf olmuş, insanlar tələf olmuşdu. Lakin yenə də bu yoldan dönməyən xalq haqlarını susmayaraq tələb edirdi. Qiyamçıların bir qismi gizli yollar təyin etməyə, plan qurmağa çalışırdılar ki, Bastiliya qalasını ələ keçirsinlər. Bu zamanda əsgərlər yorulmuş halda barrikadaların digər tərəfində binanın arxasında duraraq dincəlməyə çalışarkən Violetta önlüyünü taxıb öz işinin başına keçdi. Küçədəki hər evin işığı sönmüş olsa da tək onun evinin işığının yanması qarşı pilləkəndə əyləşib siqaret çəkən komandir Stephanın diqqətini çəkmişdi. Violettanın peçenyə sobası mağazada deyil də, evində idi. Əslində, bunun səbəbi bütün əhaliyə çox maraqlı gəlirdi. Kimsənin bilmədiyi bir reseptlə bişən bu peçenyeləri illərdi Laurent nəslinə çox yaxşı pul və ad-san qazandırmışdı. Peçenyeləri yeməyə başqa ölkədən zadəganlar belə gəlirdilər. Violetta Laurent bu peçenye markasının geriyə qalan son üzvü idi. O çox düşüncəli, mərhəmətli, təmizqəlbli və əliaçıq bir gənc qız olduğu üçün insanlar ac qalıb haldan düşməsinlər deyə onlara peçenyelər və müxtəlif şirniyyatlar hazırlamaq qərarına gəlmişdi. Şirniyyatlarını bişirdiyi sobanın önünə keçərək qapağını açır və onu işə salarkən söyləməyə başlayır:
-Oldu yenə gecə yarısı, qaranlıq çökdü bu şəhərə. Gələ bilərsiniz artıq başlayaq biz öz işimizə, canım ailəm. Un gətirməyi də unutmayın.
Bu sözləri sadəcə yandırdığı sobaya deyirdi. O, deyəsən, ya dəli olmuşdu, ya da musiqi yazmağa çalışırdı. Bir neçə dəqiqə sonra sobanın işiğı çox parlaq yanaraq içərisindən Violettanın saçlarını və pərdələri yellədən sərt külək əsdi. Ardıyca otaqda peyda olan şəffaf ağımtıl görüntüyə malik yaşlı, bəstəboy qumral saçlı qadın dedi:
-Hər dəfə bu portaldan keçəndə üstüm başım, makiyajım pozulur. Daha rahat yolu tapılsaydı kaş. Necəsən, gözəl nəvəm, Laurent?
Violetta gülərək cavabladı:
-Çox sağ olun, madam Suzanne. Bəs un hardadır? Təcili işə başlamaq lazımdır. Vəziyyət çox qarışıqdır. Orda olan bitəndən xəbəriniz varmı?
-Unu Gabriel gətirəcək. Hər şeydən xəbərimiz var. Ona görə bu ərəfə gecələr çoxumuz gəlmək qərarı almışıq. İnsanlar üçün bişirdiklərinlə qəşəng qazanc əldə edib bizim kimi ad-san sahibi ola bilərsən.
-Mən babamla vacib bir məsələ haqqında danışmalıyam.
-Violetta, bax, qızım, başını bu işlərə qarışdırma. Bilirsən ki, ev səni qoruyur və əsla burdan çıxma.
-Suzanne nənə, xalqın vəziyyəti ortadadır. Hər gün nə qədər insan həyatını itirir. Mən burda qalıb özümü müdafiə edim?
Elə bu andaca sobadan otağa yaşlı, ağsaqqal Gabriel baba peyda oldu. O dedi:
-Mənim ceyranım, gözəl balam, necəsən?
-Vəziyyət heç ürək açan deyil, baba. Aldığım məlumatlara görə qiyamçıların silah-sürsatı azalıbdır. Yeni silahlara ehtiyacları var.
-Sənə bir ünvan deyəcəm. Oraya özün getmədən mənim nəvəm olduğunu bildirərək məktub göndərib yardım istəyərsən. Ən yaxın can dostum olan Hüqo köhnə qurdlardandı. Hərbiçi olub deyə hələ də əliqolu çatır. Ondan silah anbarlarının yerini öyrənib qiyamçılara yollamalısan.
Suzanne nənə qəzəblə dedi:
-Sən ağlını qaçırmısan? Bu davaya, müharibəyə qızı necə qatırsan, başına bir şey gələr, dəlimi olubsan, Gabriel?
Violetta söhbəti dəyişməyə çalışıb aradakı gərginliyi qaldırmaq üçün işə başlayır. Onun peçenyeləri əslində sehrli idi. Böyük bir Laurent nəsli kainat tərəfindən bir ərmağana- sehrə sahib idilər. Violettanın sobası portal idi. Ruhlar dünyası ilə əlaqəsi olan möcüzəvi portal cənnətdən onlara bəxş edilmiş, dünyada tayı-bərabəri olmayan inqridentlərlə bişirdikləri peçenyeləri hər kəsi məst edirdi. Uzun illərdir bu ləzzətə görə ad-san qazanmışdılar və lazımli ərzaqları heç bitmirdi. Hər şeyi özəl sehrlə hazırlayırdılar deyə dünyanın dörd bir yerinə səs salmış ləzzətdə olan şirniyyatlarını başqa aşbazlar bişirə bilmirdilər. Laurent ailəsindən olan iki ruh- nənəsi və babası bu gecə ona yardıma gəlmişdilər. Bəzi zamanlarda atası ilə anası da gəlirdi. Başqa kimsənin görmədiyi bu ruhları yalnız Violetta və onun sirri açıqladığı insanlar görə bilərdi. Bu isə ailəsinin tək qırmızı xətti tək önəmli qaydası idi ki, hər şey gizli qalmalıdır. Yoxsulluq zamanında, kralın taxılı kəsdiyi bir vaxtda Violettanın şirniyyatlarını hər gün bişirə bilməsi xalqı şüphəyə salmırdı. Çünki düşünürdülər ki, bu ailə çox zəngin olduğundan öz taxıl anbarları var. Gecə səhər saatlarına qədər bütün bir əhaliyə çatacaq şirniyyat hazırlanırdı. Un havada süzülərkən, süd bir digər tərəfdən tökülür, yumurtalar da sınıb qabda özü-özünə qarışırdı. Yəni, qıraqdan baxan birinin gördüyü bu səhnə olsa da əslində, hər birini ruhlar edirdi. Həm tez, həm dəhşət ləzzətli, həm də doyumcul bir sehrə malik olan şirniyyatları bişdikdən sonra Violetta özü kiçik qutulara yerləşdirdi. Səhər açıldığından ruhlar çıxıb getmişdilər. Violettanın məqsədi bundan əsla pul qazanmaq deyildi. O insanlara dayaq olmaq istəyirdi. Səhər çağı saat 06.00-da başlamış hücumun saat 12.00-yə qədər altı və yeddinci dalğası gerçəkləşmişdi. Hər kəs artıq qüvvədən düşmüş halda barrikadanın divarına yaslanmışdı. Violetta pəncərəsindən həm əsgərlərin həm də əhalinin halsız olduğunu görüb qablarla birgə müvəqqəti sülh olan bu küçəyə çıxarkən komandir Stephan Garcia ilə göz-gözə gəlir. Sonra onu vecinə almadan barrikadaya tərəf yeriməyə başlayır. Bu an əsgərlərdən biri əlindəki silahı arxadan qıza doğruldarkən komandir ona “dayan” işarəsi göstərərək silahı aşağı endirir və qızın nə etdiyinə böyük maraqla baxır. Violetta barikadanın solunda olan əsgərlərə əlindəki şirniyyatlardan verib sonra qiyamçılara tərəf uzadır. Lakin əli barrikadanın üzərinə çatmır. Onun yanında duran əsgərlərdən biri bir qədər qızın çətinlik çəkdiyini izlədikdən sonra əlindəki şirniyyatları götürüb bir əli ilə ağ dəsmal sallayıb digər əli ilə şirniyyatları barrikadanın yaxınında olan qiyamçıya verir ki, yesinlər.
Beləcə yarım saat boyunca Violetta həm əsgərlərə, həm də qiyamçılara qutularda şirniyyatlarını paylayır. İlk dəfə yeyənlər ləzzətli dadından dəliyə dönmüşdülər. Komandir isə başçıdı deyə yeməmişdi və əsgərlərinə nəzarət edirdi. Bir neçə saat sonra iki tərəfdə silahlarla bir-birinə hücüm edəcəklərini bildikləri halda indi hər iki tərəf də sükuta çökərək peçenye yeyirdilər. Doğrusu, ordu da bu xalqa aid idi. Bu xalqdan idi. Ancaq kralın əmrindən çıxa bilməzdilər.
Bir qədər sonra səkkizinci hücum dalğası oldu və bu səfər orduya yeni silahlar gəldiyindən daha qüvvətli bir hücümla barrikadanı yara bilmişdilər. Qiyamçılar kmlər ötədə olan digər barrikadaya sarı qaçmağa başladılar. Əsgərlər onların bir çoxunu, qaça bilməyənləri arxadan güllələyib öldürdülər. Ardıarası kəsilməyən silah səsləri nəhayət susduğunda digər barrikadanı yıxmaq üçün gücə, yuxuya ehtiyacı olan əsgərlər komandirin verdiyi əmrlə bu küçədə yerləşən evlərə girməyə başladılar. Komandir özü isə ən sonda başını yuxarı qaldırdıqda pəncərə kənarından ona nifrətlə baxan gənc xanımı gördü. Bir siqaret yandırıb ətrafa və səmaya baxarkən dərin düşüncələrə daldı. Sanki içindən vicdan əzabı onu boğurdu. İnsanların ölüm hökmünü soyuqqanlılıqla verməsinə məcbur olmağı ona dərindən təsir edirdi. Lakin bir şeytan necə mələk ola bilərdi ki? Buna kim inanardı? İnsanların inandığı tək şey mələyin günün birində şeytana çevrilməsidir. Fəqət pis işlər görən, mərhəmətsiz kimi görünən bir şeytanın yaxşı biri ola biləcəyinə kimsə inanmazdı. Komandir gənc xanımın qapısını döyərək orda qalmaq istəyir. Violetta onu evə almağa məcbur olur. İçərinin gözəlliyini görən komandir həm dizayna, həm də qoxuya heyran qalır. Ardıyca alicənablıqla bir çay istəyib şirniyyatın dadına baxarkən o da digərləri kimi heyran qalır. Ağzı dolu halda danışmağa çalışıb: “Bu necə bu qədər mmm.. çox ləzzətli. Bihuş edici, xariqüladə bir ləzzətə malikdi?”- dedi. Violetta ona sərt şəkildə “nuş olsun” deyib öz otağına keçir. Otaqda sağa-sola gedərkən ağlında sadəcə tək şey var idi. Ona gəlməli olan məktubu düşünüb dururdu. Violetta Bastiliya qalasının ələ keçirilməsi üçün gizli mənbələrdən öyrəndiyi silah anbarlarının yerini qiyamçıların başçısı olan- uşaqlıqdan bir böyüdüyü dostu Henriyə məktubla göndərmiş və onlardan cavab gözləyirdi. Otağının qapısını döyən Stephanın nə istədiyini soruşmaq üçün çıxır və komandir sadəcə söhbətləşmək istədiyini bildirir. Violettaya bu olanlardan peşmanlıq duyduğunu və buna məcbur olduğunu izah etməyə çalışarkən onun sözünü əsəblə kəsən gənc qız deyir:
-Siz bundan əgər zərrə qram peşmanlıq hiss etsəydiniz o günahsız xalqa qıymaq yerinə birlik olub krala qarşı çıxaraq onu taxtdan endirərdiniz. Kral xalqa bir çörək belə vermir. Nə üçün onun əmrlərini həyata keçirdirsiniz? Siz bu xalqa düşmənsiniz, ya bu xalqdan birisi?
-Mən bu ordunun komandiriyəm, madam. Mən bunun üçün təlimlər almış və belə böyüdülmüşəm. Ailəmin- ata, babalarımın peşəsidir. Mən bu vətən üçün hökmdar üçün savaşmağa məcburam. Edam cəzası üzərinə and içmişəm xəyanət etməyəcəyimə. Ancaq mənə inanın öz xalqıma qarşı ordumu yürütmək məni məhv edir. İnanın..
-Kaş ki, vicdan, insanlıq və ədalət uğrunda təlimlər alsaydınız.
Stephan əyləşdiyi masada əllərini və barmaqlarını birləşdirmiş masanın üzərindəki papağına baxaraq susmuşdu. Heç bir söz söyləmədən içdən içə qıza haqq verirdi bəlkə də..
* * *
İki gün sonra.. Gecə düşmüş bir çox insan evinə çəkilmişdi. Artıq hücumlarını dalğasının sayısı itəcək qədər çoxalırdı. Komandir Stephan gənc xanımın evində divanın üzərində yuxulayıb qalmışdı. Gecənin bu saatlarında Violettanın qapısının döyülməsiylə o qapıya doğru səssizcə addımladı. Açdığında qapıda sadəcə bir məktub var idi. O bunun Henridən olmasını çox arzulayırdı. Otağına keçib məktubu oxuyan qızın arzusu çin olmuşdu və məktubda: “Əziz və dəyərli Violetta, verdiyin məlumatlar üzrə müraciət etdik.Hələ ki anbarları dəqiq təyin etməsək də çox yaxınlaşmışıq. Səndən isə bir xahişim var. Burda qiyamçılarda demək olarki artıq taqət qalmayıb. Su və yeməyə bir şey hazırlaya bilərsənmi? Ən önəmlisi isə heç nədən də qorxma. Mən burdayam. Bu xalq qalib olacaq. Sən qorxma və mənə güvən. Qısa zamanda yanına gələcəyəm. Sevgilərlə, Henri”-yazırdı. Violetta artıq zamanı gəldiyini və portalı işlətməli olduğunu bilirdi. Fəqət komandir onun evindəykən bunu necə edəcəkdi? Barmaqlarının üzərində gəzərək sakitcə sehrli mətbəxinə keçdi. O pıçıltı ilə bir neçə dəfə ruhları çağırır. Bu gecə onunla şirniyyat hazırlamağa ən sevdiyi qohumları əmisi qızları- İsabella ilə Emilia gəlir. Qızlar evdə başqa birinin olduğunu anladıqları an dəliyə dönsələrdə nəticədə məsələni anlamışdılar. Violetta və İsabella işə başlamışkən Emilia gəlirəm deyərək ortadan itir. O küçəyə çıxıb ortalığın vəziyyətinə baxırdı. Gözəl Paris küçələrinin məhv oluşu ruh belə olsa qıza çox dərindən təsir etmiş və gözlərini yaşartmışdı. Lakin evdən çıxdığı zaman onu hər kəsin görə biləcəyini unutmuşdu deyə özü üçün süzülüb baş verənlərə nəzər salırdı. Bu zaman küçədə dolaşan əsgərlərdən biri başının üzərində süzülən bu şəffaf rəngli gözəl xanımı görüb dili tutulur. Ruh olduğu çox aydın idi. Gözləri bərələ qalmış qorxudan qışqıra da bilmirdi. Emilia anidən əsgərin ona baxdığını fərq edib bir göz qırmıpında yox olur. Əsgər küçədə qaçaraq digər əsgərlərin yanına gəlib bu əhvalatı danışmağa başlayır. Yoldaşları onun yuxusuzluqdan artıq dəli olduğunu düşünürdülər. Emilia heç nə olmamış kimi evə qayıdanda qızlar artıq şirniyyatların çox hissəsini hazır etmişdilər. Bu soba həm də sürətli bişirə bilirdi. Onlara yardım edərkən üçünün də başı işinə və son durumlar haqqında, nələr olacağıyla bağlı söhbətlərə qarışmışdı. Stephan mətbəxdən gələn qəşəng qoxuya və səslərə oyanıb yarıyuxulu halda mətbəxə tərəf getməyə başlayır. Qızlar heç bir səs duymadan işlərinə davam edirdilər. Stephan mətbəxdə gördüyü mənzərə qarşısında gözləri bərələ qalır. Masadan göyə havalanaraq qabın içinə tökülən vanil, digər kənarda öz-özünə çırpılan yumurta və Violettanın bişmiş olanları sobadan çıxartması görüntüsü onu şoka salmışdı. O bunun bir yuxu olduğunu düşünsədə bir yandan da çox gerçəkci görünürdü. Stephan durumu dərk etmədən qız onun orda olduğunu görüb əli-ayağına bir-birinə dolaşərkən bir açıqlama düşünürdü. Ailəsini satmamaq üçün komandirə yalandan özünün bir neçə sehr edə bildiyini, ailəsindən ona qalan bir özəllik olduğunu söyləyir Stephan qızın cadu ilə məşğul olduğu düşüncəsinə qapılmağa başlasa da tək kəlmə etmədən yarı yuxulu halda otağa geri dönür. Violetta ürəyinin sürətli döyüntüsündən keçirdiyi həyəcandan artıq işi yarım qoyub bişən hər bir məhsulları su olə birgə qutulara düzməyə başladı. Ruhlar isə çıxıb getmişdilər.
Səhər açıldığı zaman baş komandir Stephan Garcia ordusunun ikinci barrikadanın üzərinə yürüyüşə hazırlandıqlarını görür. Bunu ən yaxın dostu və ən güclü cəngavəri Burnel tapşırmışdı. Komandir dostu ilə bir siqaret yandırıb bina küncündə söhbət etməyə başlayərkən gecə gördüklərini ona danışırdı. Burnel buna gülüb yuxu olduğunu vurğulamışdı. Ardından komandir üsyanı yatırtmağa hazırlaşan ordusuna “Dayanın!” əmri verdi.
Halbuki ordunun digər hissələri xalqla savaşarkən komandir bir bəhanə ilə ordunu dayandırırdı. Yuxarıdan əmr gəldiyini və burda müşahidə üçün gözləməli olduqlarını deyən Stephanın yalan danışdığını dostu hiss etmişdi. Komandir Violettanın evinə dönərkən bu vəziyyətdən əşəbləşən Burnel əsgərlər arasında söhbət yaymağa başlayır ki, komandirin ağlı başından uçub. Cadugər qız onu müharibədən uzaqlaşdırır ki, kral ölsün. Bu xəbər həm qiyamçıların arasında həm də əsgərlər arasında sürətlə yayılmağa başlamışdı. Hətta bir əsgər gecə havada süzülən ruh gördüyünü və bu xəbərin doğru olduğunu söyləyirdi. Violetta isə vəziyyətdən bixəbər Stephan ona qarşı çıxsa belə yeni hazırladığı qutuları güvənli bir at faytonu ilə ac susuz olan qiyamçılara göndərmişdi. Komandirin qızın bu qorxusuz ürəyinə, cəsarətinə hər dəfə heyran qaldığı bəlliydi.
* * *
Həftələr sonra.. Vəziyyət hələ də eyni idi. İğtişaş, küçələrdəki insanların qışqırıqları, silah səsləri.. Ordunun digər qüvvələrindən biri barrikadalardan dördünü məhv etsə də xalq qorxusuzca saray yolunda irəliləyirdilər. Küllü miqdarda itki olurdu amma dayanmaq bilmirdilər. Həftələr boyu Violetta şirniyyat bişirməmişdi. Çünki Stephan evindəydi və ordusu hələ də ikinci barrikadanı aşa bilməmişdi. Bəlkə də aşmamaqları üçün komandir onlara tez-tez fasilələr verdirirdi. Ortalıqda yayılan cadugər xəbəri artıq generalın qulağına çatmışdı. Ancaq ən güvəndiyi adamı Stephan Garcia olduğu üçün bu vəziyyəti araşdırmadan addım atmaq istəmirdi. Violetta isə sanki onun əslində, yaxşı biri olduğuna inanmağa başlayırdı. Günlərlə, həftələrlə eyni evdə qaldıqları üçün danışmağa zamanları çox olmuşdu. Bir-birlərinin gözlərinə baxdıqları an arada dağlar qədər fərqlilik olmasına baxmayaraq qəlblərinin çırpıntı səsləri onlara şirin bir utanc verirdi. Stephan Violetta hər dəfə kitab oxuyanda onun kürən saçlarını, kiçik burnunu, incə belini, albalı rəngli dodaqlarını süzərək məst olurdu. Bəzən özünü o qədər qaptırırdı ki, olduqları vəziyyətdən uzaq xəyallara dalırdı. Komandir elə özü də kimsədən geri qalmırdı. Hündürboy, enlikürək, əsmər, dərin baxan gözlərə sahib idi.
Axşam Violettanın qapısı döyüldü. Qapını açan komandirə saraydan gələn bir adam məktub verib getdi. Stephan məktubu oxuduğunda Generalın xəbardarlıq yolladığını görür. General onu bacarıqsız, həftələrdi olduğu yerdə qalan adlandırıb irəli getməsini istəyir və əks təqdirdə vətən xaini adını qoymaqla təhdid etmişdi. Ordunun baş komandiri Stephan Garcia sanki şirin yuxudan şiddətlə oyandırılmış kimi hiss edirdi. Nə edəcəyini düşünərkən Violettanın evinin qapısı ikinci dəfə döyülmüşdü. Xəbərdarlıq məktubuna başı qarışan komandiri görən qız qapını açmağa getdiyində bu səfər gördüyü mənzərə qarşısında çox sevindi. Bu Henri idi. Necə gəldiyi bəlli deyildi lakin o cəsur ürəkli, yaraşıqlı və bu xalqın qorxmaz oğlu idi. O təlaşlı halda Violetta ilə birlikdə şirniyyat mağazasına daxil oldu. İçəri girən an qızı möhkəmcə qucaqladı. Hansı ki, uşaqlıqdan bəri sevdiyi qızı...Bu mənzərəyə evi mağaza ilə birləşdirən pilləkənində durub gizlənən Stephan şahid oldu. Violetta yoldan gəldiyi üçün ona çay və geriyə qalan peçenyelərdən verib ondan xəbərləri almağa başladı.
Henri dedi:
-Xəbərlər çox əladır! Silah anbarlarını ələ keçirmişik. Bastiliya qalası ələ keçirildikdən sonra kralı devirəcəyik. O zaman isə bu bir qiyam üsyanı deyil inqilab olacaq! Fransanı monarxiyadan çıxardan ilk inqilab olacaq, əzizim. Adımız tarixə yazılacaq. Çox böyük faydan toxundu. O silahlar bizi xilas etdi. Lakin bilməlisən ki, bu xəbər tez zamanda yayılacaq və ordu arta bilər. Qaçıb getməliyik. Sən mənimlə güvənli yerə gəlməlisən.
-Henri, dediklərinə həqiqətən çox sevindim. Səninlə fəxr edirəm, əzizim. Fəqət burdan çıxa bilmərəm.
Bura mənim evimdir. Buranı tərk edə bilmərəm.
-Bax mənə, belə olmaz. Sənin ailənə verdiyim sözüm var ki, səni qoruyacağam. Bura güvənli deyil. Mən üsyana başçılıq edirəm, Violetta. Hər an başıma bir iş gələ bilər. Səni güvənli yerə aparmadan buradan ayrılsam gözüm açıq gedərəm.
Violetta “yox” cavabını başıyla bildirərək üzünü sağa sola çevirərkən ona sərt baxışlarla baxan Stephanı gördü. Zamanla içində ona qarşı hislər yarandığını bilsə belə bunları basdırmağa çalışan Violetta bu vəziyyətdə nə edəcəyini bilmirdi. Lakin bilmədiyi şey kimi seçəcəyi deyildi. Zatən Henrinin təklifini rədd etmişdi. Çünki evini və mağazasını, ən əsası isə gecələr görə bildiyi ailəsini buraxmaq istəmirdi. Bəlkə də onu da buraxmaq istəmirdi, kim bilər..Tək düşündüyü şey Stephanın eşitdiklərindən sonra nə edəcəyi idi. Bastiliya qalası planını eşitmişdi. Ya insanlıq edəcəkdi ya da ki, hər şeyi məhv.. Violetta cəld onun tərəfə gedərək xahiş etməyə başlayır ki, ordunu dayandırsın icazə versinki qiyamçılar qalaya getsinlər. O isə Henri ilə baxışır aralarından buz kimi külək əsirdi. Henri isə rütbəli onun geyimindən anlamışdı ki, o ordu komandiridir. Violetta dostuna çıxıb getməsini söyləyərkən Stephan isə tək kəlimə etmədən evə qalxıb pencəyi ilə siqaretini götürür və evdən çıxır. O küçəyə nəzarət edən sağ qolu- yaxın dostu Burnelə xəbərdarlıq məktubundan bəhs edib nə edəcəyini bilmədiyini söyləyir. Çünki məğlub olacaqlarını və kralın devriləcəyini bilirdilər, hiss edirdilər. Xalq silahları ələ keçirmişdi. Burnel isə kralın və generalın əmrinə uyub irəli getməli olduqlarını, yetərincə dincəldiklərini bildirir. Stephan Violettanı tanıdıqdan sonra içindəki mərhəməti daha da artmışdı. İnsanların qalib olmasını istəyirdi. Bəlkə də xəyalında bu sehrli qızla evlənməyi də düşünürdü.. O bir siqaret daha çəkdikdən sonra evə dönərək isti çay və yeyəcək peçenyə axtarır. Lakin hər biri bitmişdi. Violetta onun ətrafından pərvanə olmuşdu komandirə nə deməli olduğunu bilmirdi. Stephan onun qarşısına keçərək dərin nəfəs alıb dilləndi:
-Sənin yanında mən başqa bir insan oluram. Bəlkə də elə özüm oluram, bilmirəm. Bəlkə də edam cəzası alacam sırf sənə görə.. Çünki sənin qəlbin, mərhəmətin, fədakarlığın mənim içimdəki şeytanlıq nədir bilməyən o ruha toxunur. Ordumu geri çəkəcəm. Bunun izahatını necə verəcəyimi bilmirəm. Ancaq bundan sonra mənim əmrimlə kimsə ölməyəcək. Sən də həyatını rahat yaşaya bilərsən o adamla çıxıb getmənə icazə verirəm. Getmədən qabaq mənə bir qutu peçenye hazırlayıb sonra get, dünyalar gözəli.
Bu sözlərdən sonra Violetta onun gözlərində həqiqətən səmimiyyəti və vicdan əzabını görmüşdü. Stephana duyduğu qürur hissi sevincdən boğazını düyümləyərkən gözündən yaşlar axmağa başladı. Ona möhkəmcə sarılaraq: “Çox amma çox təşəkkür edirəm. İçindəki insanlığı və mərhəməti yaşatdığın üçün çox sağ ol. Heç yerə getməyəcəm. Bəlkə də edam cəzasını birlikdə alarıq”- deyib gözyaşlarına bürünən yanaqlarıyla gülməyə başladı. İkisi də bir-birinə çox dərin baxaraq gülmüşdülər.
Həmin gün Violetta ikinci bir qərarı da almışdı. Stephanı mətbəxə aparır və sobanı açaraq ruhları səsləyir. Oğlan gülərək qızın zarafat etdiyini düşünürdü. Fəqət Violetta ailəsinin ən böyük qanununu sevgisi uğruna gözardı edirdi. Sevgi belə bir şeymiş deməli-deyilməyəcək sözləri sirləri belə gizlətmədən açıqlamaq istəyi və bildiyin hər şeyi həyəcanla onunla bölüşmək.
-Oldu yenə gecə yarısı, qaranlıq çökdü bu şəhərə. Gələ bilərsiniz artıq başlayaq biz öz işimizə.
Ortaya çıxan ruhları Violetta istədi deyə Stephan da görə bilmişdi. O dəhşətlər içərisində oturduğu yerdə dik atılıb silahını onlara sarı çəkmiş bunun nə olduğunu anlamaqda çətinlik çəkirdi. Ruhlar isə gördüyü mənzərə qarşısında çox qəzəblənib Violettaya qışqırmağa başlayırlar. Violetta əslində ailəsinə qəlbinə toxunmuş olan, sevdiyi oğlanı və onun necə yaxşı biri olduğu göstərmək istəyirdi. Hər iki tərəf qorxmuş olsa da sakitçilik yarana bilmişdi. Ardıyca ruhların heç biri bunu qəbul etməyərək qaydaları çiynədiyi üçün Violettanı tərk edib portaldan keçib gedirlər. Gənc qız nə qədər çağırsa da səs-soraq yox idi. Violetta ümidləri qırılmış halda səssizcə oturub ağlayırdı. Stephan durumu həzm edə bilməsə belə Violettaya dəstək olub ona sarılmışdı. Qız başda pis olsa da bilirdi ki, ailəsi onu sevir və geri dönəcəklər. Özü peçenyələrini bişirməyə başlayır. Bu an Stephan deyir:
-Deməli, məcazi yox həqiqətən sehrli bir gözəlliyə maliksən. Həmdə ölməz bir ailəyə..Özünə aşiq etmək üçün peçenyəyə nəsə qatıb yedirtməmisən?
Onlar gülüşdükləri zaman Violettanın ürəyi rahatlamışdı ki, hər şey qaydasındadır. Stephan bu haqda kimsəyə danışmayacağına söz verir və onlar səhər yola çıxmaq üçün gedib yatırlar. Burnel onun ən yaxın dostu sifətində görünən lakin daima paxıllığını çəkən mundar xasiyyətli biri idi. Əsgərlər arasında komandirin ağlını qaçırdığını və qiyamçılardan yana olduğunu qızın isə cadugər olduğunu hətta taxıl verilməyən zamanda oğurluq edərək biş-düş etdiyini və komandirin ağlını aldığı kimi kralı da zəhərləyə biləcəyini kəskin şəkildə yaymış və bunu Generala bir daha bildirmişdi. Bu zamanda Stephan hər şeydən xəbərsiz Violetta ilə birgə plan qururdu. General artıq cadugər Violetta və vətən xaini Stephan üçün edam cəzası qəbul edərkən Henri ilə bütün qiyamçılar Bastiliya qalasına çox yaxınlaşmışdı. Ancaq Henrinin bu çıxan şaələrdən və edam qərarından xəbəri olur və Violetta üçün çox narahat olduğu üçün ondan uzaq olsa belə qıza məktub göndərib ünvan verir ki, oraya gəlsin. Məktub yola çıxmış gedərkən Stephan ordusuna komandirlik rütbəsi ilə son əmrini verərək “Geri çəkilirik, hücumlar bitti ordu!”-deyib içəri daxil olub rütbəsinə aid paltarını Violettanın evinə asaraq sadə geyim geyinmiş başına isə papaq taxmışdı. Onlar qiyamçılara qarışmaq üçün madamı ilə birlikdə evdən çıxdılar. Edam cəzasından bixəbər sadəcə yola düşmüşdülər. Xalqa qarışmağı düşünürdülər. Onlar evdən çıxan an Burnel ikisinin də getdiyi istiqaməti kralın digər adamlarına xəbər edərək sırf komandir olsun deyə can dostunu satmışdı. Violettanın qapısına məktubu gətirən adam qapının kilitli olduğunu görüb məktubu qapının yanına heyifslənərək qoyub gedərkən əl-ələ gizli yollardan gedən komandir və zadəgan qızı söhbətləşirdilər. Stephan ona bir sual verir:
-Hər şey bitdiyi zaman, kral devrildikdən şəhidlərimizi dəfn etdikdən sonra mənimlər bir həyat qurmaq və sonsuza qədər azand Fransada yaşamaq istəyərsən? Evlənərsən mənimlə?
İlk dəfə sevgi hissini görən gənc qız gözləri dolaraq cavablayır:
-Sizi həqiqətən sevdiyimi bilirdiniz, cənab?
-Deyəsən, bəli xanım.
-O zaman bu sualın cavabı əmin olun ki, bəlidir. Ancaq bunu bilin ki, şirniyyat mağazamı tərk etmərəm.
-Buna heç mən icazə vermərəm ki, dünya bu incə gözəl barmaqların hazırladığı ləzzətdən məhrum qalsın.
İki sevgili bir nə qədər yol qət etdikdən sonra kimsəsiz küçədə dincəlmək üçün dayanırlar. Elə bu an həm sağdan, həm də soldan kralın sarayındakı adamlar Stephan və Violettanı tuturlar. Onlar nə qədər qışqırsalar da qaçmağa çalışsalar da səsləri kimsəsiz küçədə eşidilməmişdi. Ölümə çox yaxın olduqlarını bilirdilər. Onların əllərini güclə bağlayıb divara yasladılar. İki sevgili bir-birinə son dəfə baxarkən gözlərindən bir damla yaş axmışdı yaşaya bilmədikləri xəyalları üçün... Ardından qışqırdılar: “Qalib olan xalqımızdır! Vətən sağ olsun!”. Beş-altı dəfə silah səsinin yanxısı yayıldı və cansız bədənləri qan içində kimsəsiz küçədə yatarkən Henrinin ordusuyla birgə xoşbəxtlikdən qışqırıq səsləri də ərşə ucalmışdı. Hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirildi. Bu, artıq qiyam deyil, əsl inqilab idi. 26 avqustda Milli Assambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edən "İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə"ni qəbul edir.
* * *
Hər şeyin sonunda bütün şəhidlər küçələrdən toplanmağı və layiqli mərasim keçirilməyi haqq edirdilər. İnsanlaq bu sevgililəri ən öndə daşımış və layiqli mərasim keçirdib bədənlərini şəhidlərlə birgə basdırmışdılar. Dərin sükut..Bütün bir Fransa “Violettanın sehrli peçenyelərini” bir daha görə bilməyəcəyini anlayıb onun sirli evini muzeyə çevirdilər. Burnel isə xalqın silahı ilə bir neçə yerdən yaralanmışdı. Ölməmişdi lakin həyatına əlil qalmış formada davam edəcəkdi.. Burda sadəcə Rowlingin sözü gəlir ağla: “Ölülər üçün deyil, yaşayanlar üçün üzül, pis ol, Harry. Ən çoxda sevgisiz, ümidsiz və mərhəmətsiz yaşayanlar üçün”.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
KİNOBƏLƏDÇİdə “Toral və Zəri”
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilən "Toral və Zəri" cizgi filmində min il bundan əvvəl olmuş hadisələr, Qobustanda məskunlaşmış ən qədim tayfalar haqqında danışılır. Vaxtilə burada hər şey birmənalı olmuşdur: qəzəb də, məhəbbət də, səmimilik də. Sadəlövhlük, hisslərin açıq biruzə verilməsi amansızlıqla qaynayıb, qarışmışdı. İnsan qəlbinin mürəkkəbliyi və onun dərinliklərində gedən təlatümlər qorxu və düşmənçilik hisslərini qüvvətləndirdi...
_________
Çəkdiyi rəsmlərlə qəbilə insanlarının sevincini və ruzisini qaçırdığını düşündüklərinə görə şər yaxılan Torala qonşu qəbilənin qaval daşını gətirməsi (yəni oğurlaması) tapşırılır. Çünki digər qəbilənin mədəniyyəti onların olduğu qəbilənin həyatından və həzzlərindən geri qalır. Qəbilənin ağsaqqalı düşünür ki, digər qəbilənin irəlidə olmasının səbəbi onlarda olan qaval daşıdır. Buna görə də ona qaval daşını gətirməsini tapşırır. Lakin Toral çıxdığı bu uzun yolda onların mədəniyyətini oğurlamır, çünki bunun sonu nifrət və müharibə ilə bitə bilər. Bunun əksinə, o baxış bucağını dəyişərək insanlara da dəyişə biləcəklərini öyrədir. Beləcə, o qaval daşını yox, onun sirrini gətirmiş olur.
_________
Müəlliflər göstərmək istəmişlər ki, həyatda hər şey məhv olsa da sənət yaşayır, əbədi olaraq insanlara sevinc və ilham bəxş edir.
https://youtu.be/uBjEKwKH-eY?si=Xy5P32odWEIH4TEl
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
Ramil Əhməd X Uluslararası Türkoloji Konqresində iştirak edəcək
İstedadlı gənc ədəbiyyatşünas, şair, bu yaxınlarda Fəlsəfə doktoru elmi dərəcəsi almış Ramil Əhməd səfərə hazırlaşır. Səfərlə əlaqədar o, “Ədəbiyyat və incəsənət” portlına açıqlama verib:
-Elmi dərəcə ilə ilk beynəlxalq elmi məruzəmi Qazaxıstanın Əhməd Yəsəvi Universitetində X. ULUSLARARASI TÜRKOLOJİ KONGRESİndə edəcəyəm.
Böyük Türkoloq Fuat Köprülünün Azərbaycan ədəbiyyatına dair araşdırmalarından danışacağam. Onun elmi tədqiqatlarında Azərbaycan ədəbiyyatının yer alması türkologiya sahəsi üçün önəmlidir. Nəzərə alın ki, o, bu araşdırmaları 1920-ci illərdə edib. Həmin illərdə Azərbaycan ədəbiyyatına dair bilgilər ölkə sərhədlərindən kənarda çox az idi.
Köprülü, Yusif Vəzir Çəmənzəmlinin - Xalq Cumhuriyyətinin İstanbula göndərdiyi ilk və son baş konsul - İstanbulda nəşr etdirdiyi kitablardan xəbərdar idi və bununla bağlı məqalə də yazmışdı. Onun bizim ədəbiyyata olan marağını artıran 1926-cı ildə Bakıda keçirilən Türkologiya Qurultayında iştirakı olmuşdu.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
AKTUAL: Göy qurşağının səkkizinci rəngi
Heyran Zöhrabova, "Ədəbyyat və incəsənət"
Payız fəslidir.
Artıq havalar getdikcə daha da soyuyur. Parçalanmış pambığa bənzəyən bəmbəyaz buludların arasından görünən masmavi səma insanın içinə fərahlıq gətirir. Dərsdən qayıdıram, avtobusdan düşüb payızın soyuq, amma bir o qədər də hüzurlu, dinclik bəxş edən, sakit, yağış sonrası nəmli torpaq qoxan havasını gözlərimi yumaraq doyunca ciyərlərimə çəkirəm. Qızılı təbiəti, ağacların budaqlarından qopub xəfif küləklə rəqs edən rəngarəng yarpaqları izləyərək asta addımlarla piyada evə doğru gedərkən Aydangilin evinin önündən keçirəm. Əgər bura ev demək olarsa, təbii ki. Məgər hər dörd divardan ev olarmı insana? Və yaxud da ev anlayışı dörd divar anlayışı ilə eynidirmi?
Və bu zaman gördüyüm mənzərə mənə insanların, həqiqətən də, nə qədər qəddar və vicdansız olduğlarını bir daha sübut edir.
Tələsik, heç daramadan yığdığı baxımsız və səliqəsiz saçları bağladığı yaylığın altından pırtlayıb çölə çıxır. Əynində nimdaş bir geyimlə əyilib özündən böyük bir bellə ağacların dibini belləyir.
Görəsən, axırıncı dəfə güzgüyə nə vaxt baxmışdı? Saçlarını axırıncı dəfə nə vaxt daramışdı?
Doğrudan da, daha 22 yaşında olan gənc bir qız idimi o?
Arada yorulduğundan belini bir az doğruldub bir əliylə belə söykənərək, digər əlinin arxası ilə alnındakı təri silib, gözünə tökülən saç tellərini kənara itələyir. Hərdən də həyətdə oynayarkən kiçik su gölməçələrindəki suyu sıçradıb üst başlarını batıran balaca uşaqlarına əsəbləşərək üstlərinə çəmkirir, qışqıraraq deyinir.
Həyatından cana doyduğu və bütün hirsini uşaqlarını danlayaraq çıxardığı hər halından bəlli olur. Birdən evdən ağacların dibini belləmək üçün həyətə düşməzdən əvvəl yatızdırdığı körpə qızının ağlamaq səsi eşidilir və beli yerə atıb evə qalxır.
Xatırlayıram da tam 4 il bundan öncə idi, Aydan o zamanlar orta məktəbdən yenicə məzun olmuş, gözəl göyçək yeniyetmə bir qız idi. Mən qəbul imtahanı verib kollecə qəbul olduğum zamanlarda, Aydan da qəbul imtahanı verib tibb kollecinə qəbul olmuşdu.
O, qəbul imtahanından çox gözəl bal toplamışdı və bu normal idi əslində. Çünki o artıq neçə il idi ki ali məktəbə qəbul olmaq üçün məktəbdən əlavə də hazırlığa, müəllim yanına gedirdi.
Amma həyat elə gətirdi ki, qəbul imtahanından bir müddət sonra Aydana elçi gəldi. Valideynləri də elçi gələn ailənin gələcəkdə Aydanla necə davranacaqlarını, onun təhsilini davam etdirməyinə icazə verib vermiyəcəklərini sorğulamadan gələn elçilərə "hə" cavabı verdilər. Bu kimi halların normal, hətta yaxşı bir şey sayıldığı bir cəmiyyətdə böyüyən hər bir qız uşağı bu addımın düzgün olmadıgını dərk edə biləcək bir iradədə olmadığı üçün Aydan da buna narazı olub, qarşı çıxmadı. Və bir neçə ay sonra mən 1-ci kursa başladığım günlərdə Aydan evləndi. Həyat yoldaşı və onun ailəsi Aydanın oxumağını istəmədikləri üçün o, orta ixtisas təhsilini heç başlamadan yarıda qoymaq məcburiyyətində qaldı.
Nə də olsa bizim cəmiyyətimizdə bu cür hallar normaldır. Valideynlərin bir çoxu övladın gələcəyi deyəndə sadəcə onun ailə qurub övlad sahibi olması haqqında düşünür.
Elə ki, qız orta məktəbi bitirir, deməli, qızın artıq evlənmək yaşı gəlib deməkdir. Və eyni zamanda da əgər qızın gələcək həyat yoldaşı və ailəsi onun ali təhsil almasını istəsə alacaq, yox istəməsə almayacaq. Fərqi yoxdur bu qız oxumağı nə qədər istəyir. O, ali məktəbə qəbul olmaq üçün nə qədər çalışıb, nə qədər zəhmət çəkmişdi, nə qədər xəyallar qurmuşdu. Bunların heç bir önəmi yoxdur. O artıq bunlardan vaz keçməlidir. Çünki o artıq başı bağlı bir qızdır və onun bütün ixtiyarı yoldaşı və onun ailəsinin əlindədir. Necə istəsələr elə də olmalıdır.
Əvvəllər yoldaşının ailəsi ilə birlikdə yaşayırdılar, eşitdiyim qədəri ilə yoldaşının ailəsi, əsasən də qaynanası heç vaxt Aydanla yola getmirdi.
Aydana çox pis davranır, hətta onu döyürdülər. Bir neçə ildən sonra yola getmədikləri üçün yoldaşı ilə birlikdə yoldaşının babasından qalma köhnə bir evə köçmüşdülər.
Amma əslində həyat yoldaşı da, öz valideynlərindən heç də geri qalmırıdı. O da Aydanla pis davranır, hətta onun validyenləri ilə görüşməyinə də icazə vermirdi. Nə Aydan atasıgilə gedə bilir, nə də ata-anası Aydanı görməyə gələ biliridər. Keçən bu illər ərzində onun ard-arda 3 uşağı dünyaya gəlmişdi. Yoldaşı gəmidə çalışdığı üçün işi ilə əlaqədar demək olar ki, həmişə uzunmüddətli səfərlərdə olur. Evə 3-4 aydan bir baş çəkirdi. Aydan bütün günü bu balaca komada tək başına 3 uşağının qayğısını çəkir və məişət işləri ilə məşğul olurdu.
Aydanın qaynanası çox qəddar qəlbiqara bir qadın idi. Ayrı evə köçməklərinə baxmayaraq qaynanası burda da onu rahat buraxmırdı. Tez -tez gəlir, onun burada nə işlə məşğul olduğuna baxır, hər gördüyü işdə bir qüsur axtarıb onu danlayır, hətta döyürdü. Öz valideynləri də Aydana arxa çevirmişdilər, onun arxasında durmur, yaşadığı bu həyata göz yumurdular. Aydanın çəkdiyi bu əzab-əziyyətləri sadəcə uzaqdan seyr etməklə kifayətlənirdilər. Bizdə belə bir adət var axı, gəlinlik libası ilə çıxdığın evə ancaq kəfənlə qayıda bilərsən..
Son vaxtlar ətrafdakılardan, hətta Aydanın artıq psixi problemlərinin yarandığını eşitmişdim. Deyirdilər ki, Aydan özünü öldürmək istəyir.
Sırf yoldaşı və onun ailəsi istəmir deyə öz xəyallarından, təhsilindən vaz keçmiş, özünü ailəsinə həsr etmiş, gününü məişət qayğıları ilə keçirən və bu qədər fədakarlıqdan sonra yenə də bu cür pis rəftara məruz qalan gənc bir qadın.
Və Aydan hələ həyatı bu şəkildə məhv olmuş gənc qızlardan sadəcə biridir.
Aydan ona elçi gəldiklərində bütün bunları düşünə bilmiyəcək bir iradədə ola bilərdi. Fəqət onun valideynləri bunları dərk edəcək yaşda idilər, amma yəqin ki, o ağılda deyillərmiş. Cahillikmi, məsuliyyətsizlikmi, savadsızlıqmı, biganəlikmi, nə ad verim bu hadisəyə bilmirəm. Bəlkə də, o vaxt ailəsi elçilərə yox cavabı verib Aydanı evləndirməsəydilər, o da bu gün dərsdən çıxmış evə tələsirdi. Lakin bu gün ali təhsil almadığı üçün onun tək başına öz ayaqları üzərində durmağa da gücü yoxdur və sahib çıxanı da olmadığından o bu cür yaşamağa məhkumdur.
Və Aydan hələ 3 uşaq da tərbiyə edib böyütməlidir. Bəs maraqlıdır, özünün artıq psixoloqa ehtiyacı olan bir ana övladlarını necə düzgün tərbiyələndirəcək? Və yaxud da ondan bunu necə gözləmək olar ki?
Və bu məqamda məşhur bir stat gəlir ağlıma: Bir psixiatr deyib ki: “Heç bir zaman bizə gerçək xəstələr gəlməz. Gerçək xəstələrin xəstə etdikləri insanlar gələr”
Əziz oxucu, bəzi qadınlar vardır, onlar göyqurşağının səkkizinci rəngi kimidirlər. Axı göy qurşağının yeddi rəngi olur dediyini eşidir kimiyəm. Bəli, göyqurşağının yeddi rəngi olur. Niyə səkkizinci rəngi kimi dedim, çünki onlar hələ görünməyə və görülməyə macal tapmamış solublar. Eyni ilə qönçə ikən qopardılan, və ya qönçə ikən xəzana məruz qalıb yanaraq solan çiçəklər kimi. Göyqurşağının səkkizinci rəngi kimi olan qadınlar həyatı məhv edilmiş qadınlardır.
Bir qadın düşünün gecə kimi siyah saçları sığal deyil, hətta daraq belə deyil, sadəcə qapaz görmüş. Çiçək misali təravətini itirərək solmuş və ləçəkləri bir--bir tökülməkdədir.
Özü hələ uşaq ikən, qayğıya ehtiyacı varkən ana olmuş, gəncliyini yaşamamışdır.
Əziz valideynlər, qızlarınızı sanki başınızdan atırmışcasına hələ uşaq yaşlarından "ərə" verməyin. Onlara əvvəlcə təhsil verin, və onlara dəstək olub arxalarında durun.
Yaşadığımız dövrdə qızlar üçün daha çox vacib olanı "ər" deyil təhsil və öz ayaqları üzərində dura bilməkdir.
Hacı Zeynalabdin Tağıyev demişkən:
"Övladlarınıza mütləq təhsil verin. Əsas da qızınıza. Çünki oğlan ən çıxılmaz vəziyyətdə belə kərpic atıb çörəyini qazanacaq. Qız isə bunu edə bilməyəcək."
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
37-Cİ DƏRC
Baş Hakim ekspertlərə müraciət etdi:
-Cənab Vaçyants kimi bütün ittiham olunan erməni millətçiləri də istintaqda günahsız olmalarını sübut etməyə çalışıblar. Vaçyantsın istintaqdan azad olunması isə hər hansı müsəlmanın dəstəyi ilə baş verməyib, onun günahsız olması alibi də isbatlanmayıb. Onun istintaqdan qurtulması ilk əvvəl zaminə götürülməsi, bundan başqa Avropadan güclü vəkil gətirməsi, Azərbaycan tərəfin qanunun aliliyinə, ədalətə, humanizmə yönəli siyasəti olub. Vaçyantsın istintaqdan qurtulması barədə, buyurun, mən bu sənədi göstərirəm, 1919-cu ilin 14 noyabrında Bakı sakini Qayk Boqdanoviç Ter Mikaelyan İstintaq komissiyasına Vaçyantsın zaminə götürülməsi xahişi ilə müraciət edib, komissiya üzvü Aleksandroviçin vəsadəti ilə 100000 rubl ödənildikdən sonra Vaçyants zaminə buraxılıb. Üstəlik, hədsiz dərəcədə imkanlı olan Vaçyants Qərbin və Rusiyanın da böyük dəstəyini alıb canını cəzadan qurtarıb. Onun azad edilməsi üçün ayrıca Daşnaksütun partiyası Azərbaycan tərəfə ultimatum da verib.
Əlbəttə, Divanın Əsas dünyadakı məhkəmə proseslərindən əsas fərqi hakimlərin həm də ittihamçı qismində iştirak etmələridir. Bu, onlara prosesə daha dərindən nüfuz etmək üstünlüyü verir.
Vaçyants yenə zil səsini ucaltdı, azad edilməsini məhz cinayət törətməsi isbat edilmədiyi səbəbi ilə izah etməyə çalışdı. Onun səsi həqiqətən çox gur və cingiltili idi, yüz nəfərin birlikdə danışdığı təqdirdə onun səsini batıra bilməyəcəyi təəssüratı yaranırdı. Belədə Baş Hakim ironiya ilə söylədi ki, cənab Vaçyants, çox zil səsiniz var, əsl baritondur, müğənni olsaydınız, bəlkə də xalqınıza xeyir verərdiniz, amma siz cinayət yolunu seçdiniz, çörəyini yediyiniz bir xalqın minlərlə nümayəndəsinin qətlinə bais oldunuz.
Vaçyantsın növbəti qışqır-bağırının müqabilində Baş Hakim ekspertlərə müraciət etdi, dedi, xahiş edirəm 1918-ci ildə baş verən müsəlman qətliamına gətirib çıxaran tarixi şəraitlə tamaşaçılarımızı tanış edəsiniz.
Öncə diktor mətni ilə bir arayış səsləndi:
-Arayış: “1918-ci ilin martında törətdikləri kütləvi qırğın ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırımının davamı idi. Bu qırğın nəticəsində təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində də amansız vəhşiliklər, iyrənc əməllər törədildi. Qırğın martın 31-dən aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürülmüşdü.
Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımını davam etdirmişdilər. S.Lalayans və T.Əmirovun daşnak dəstələri aprelin 3-16-da Şamaxı əhalisinə qanlı divan tutdu. Daşnaklar 8 mindən artıq dinc azərbaycanlı əhalini öldürdülər. 72 kəndi dağıtdılar. Hamazaspın rəhbərlik etdiyi daşnak dəstələri Quba qəzasının 162 kəndini yandırdılar. 16 mindən çox müsəlman öldürdülər. Bu soyqırımı zamanı 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdi.”
Ardınca ekspertlərdən biri çıxıb mətn oxumağa başladı:
-“Ermənilərin və onların havadarlarının I Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və rus qoşunlarının Türkiyə torpaqlarından geri çəkilməsindən sonra Cənubi Qafqazda erməni dövləti yaratmaq ideyası yenidən gündəmə gəlmişdi. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıtmışdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmişdi. 1917-ci il dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti milliyyətcə erməni Stepan Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Həmin dövrün siyasi vəziyyəti həddən artıq mürəkkəb, qarışıq idi. 1918-ci il fevralın 12-də Osmanlı İmperiyası qəti qərar verdi, türk ordusu ermənilərin Vanda silahlı üsyanla hakimiyyəti ələ almaq səviyyəsinədək çatan Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək, əks hücuma keçdi. Andronikin, Hamazaspın, Dronun, Njdenin quldur dəstələri türk qoşunlarının önündən geri çəkildikcə müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırımına məruz qoyurdular. 1918-ci ilin mart ayınadək erməni silahlı bandaları təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər türkü soyqırımına məruz qoymuşdu”.
Vaçyants qışqırdı:
-Bunların Vaçyantsa nə dəxli?
Mətnsə oxunmaqda idi:
-“1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunası hökumətinin bolşevik-erməni silahlı qüvvələri Bakı şəhərində, Şamaxı və Quba qəzalarında azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bakı quberniyası ərazisində Tatevos Amiryan, Hamazasp Srvantyants, Stepan Lalayan, Asatur Vaçyants kimi daşnak quldurlarının başçılığı ilə qırğınlar törədilən zaman Tovmas Nazarbekyanın, Andronik Ozanyanın, Qaregin Njdenin, Drastamat Kanayanın başçılıq etdikləri silahlı dəstələr İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı həyata keçirirdilər”. Budur bunların Vaçyantsa dəxli.
Başqa diktorun oxuduğu mətnin növbəti hissəsində Vaçyants bir qədər susqunluq nümayiş etdirməli oldu.
-“1918-ci ilin mayında Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində ilk erməni daşnak dövləti – Ermənistan Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirmişlər. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəkilsin. Lakin Ermənistan hökumətinin ilk işi Zəngəzur və Qarabağı silah gücünə ələ keçirmək üçün hərbi əməliyyatlara başlaması oldu. Əvvəlcə Andronikin, sonra Dronun, daha sonra isə Njdenin komandanlığı altında Ermənistan silahlı qüvvələri Zəngəzur üzərindən Qarabağı ələ keçirmək üçün dəfələrlə hücuma keçdilər. 1919-cu il mayın 28-də Ermənistan parlamenti “Birləşmiş Ermənistan” haqqında qərar qəbul etdi. Zəngəzur, Qarabağ və Naxçıvan Ermənistan ərazisi elan edildi. 1918-ci il iyunun 4-də Ermənistan hökumətinin imzaladığı Batum müqaviləsi ilə respublikanın ərazisi 9,5 min kvadrat kilometrə bərabər idi.
1919-cu ilin aprel ayınadək Andronikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoydu. Zəngəzuru ələ keçirməklə Andronik Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı”.
Asatur Vaçyants ekspert mətninin bitməsi səssizliyindın dərhal istifadə etməyə çalışdı:
-Naxçıvan qədim erməni mahalıdır!
Yaşlı hakim dərhal ona cavab verdi:
-Naxçıvan sözü ermənicə nə anlamı daşıyır? Heca-heca bölək: Nax-çı-van. Bu sözlər erməni dilində varmı? Yoxdur. Yeganə, sizin tutalqanız “van” sonluğudur, harda görürsünüz, “bizimdir” deyirsiniz. Amma türkcə bu söz Nuh çıxan anlamındadır, əsatirə görə Nuhun gəmisi burda çıxıb.
Hakimin bu hazırcavablığı auditoriya tərəfindən alqışla qarşılandı.
Baş Hakim ekspertlərdən xahiş etdi ki, 1918-ci il qətliamını doğuran səbəblər haqqında konkret danışılsın ki, izləyicilər mövzunu daha dərindən anlaya bilsinlər. Eyni zamanda, 1918-ci ilin Bakısındakı siyasi durumu da anlatsınlar.
Ekspertlər belə də etdilər. Həmin dövrə və sözügedən hadisəyə belə bir xarakterizə verdilər:
-“Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, "Müsavat" partiyasının durmadan artan nüfuzu müşahidə edilirdi, bu da bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırdı. Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər "Müsavat" partiyasına ciddi şəkildə uduzmuşdu. Rəsulzadənin başçılıq etdiyi "Müsavat" partiyasının Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də S.Şaumyan Bakıda bolşevizmi bərqərar etməklə azərbaycanlılara qarşı milli qırğın törətmək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, "Müsavat" partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara "dərs vermək" istəyirdi”.
Yaşlı hakim xahiş etdi ki, Şaumyanın həmin dövrdə Bakının türk-müsəlman əhalisinə qarşı soyqırımına ciddi hazırlaşmaqla Moskvaya məktub yazaraq Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili surətdə on milyon rubl göndərilməsini xahiş etməsini mütləq mətnə əlavə etmək lazımdır. Çünki bu, erməni liderin ambisiyalarının real səviyyəsinin göstəricisi hesab edilə bilər. Ekspertlər əlavəni edəcəklərini bildirib mətnin davamını səsləndirdilər:
-.”Bolşeviklərin S.Şaumyana göndərdikləri ərzaq eşelonları bu dövrdə Şimali Qafqazda yaranmış Terek-Dağıstan müsəlman hökumətinin maneçilik törətməsi nəticəsində Bakıya yetişməsə də, ermənilər Moskvadan böyük mənəvi dəstək aldılar. 1917-ci ilin 29 dekabrında Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzaladı. Bu sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksütun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi.
Azərbaycanlı tarixçi Aydın Balayev bu barədə belə yazmışdı: “Oktyabr inqilabından sonra Zaqafqaziyada və Bakıda hakimiyyət vakuumu hiss edilirdi. Bolşeviklərin və eserlərin toplaşdığı Bakı Soveti faktiki Bakıda hakimiyyətə yiyələnmişdi. Bolşeviklərin liderləri arasında etnik ermənilər çox idi, onlardan da Bakı Sovetinin sədri, Qafqaz işləri üzrə Fövqəladə komissar Stepan Şaumyan əsas rol oynayırdı. Qızıl Ordunun Bakı Sovetinin silahlı birləşmələrində də əsasən ermənilər toplaşmışdı. Komandirlərin isə əksəriyyəti daşnak partiyası təmsilçisi idi. Belə ki, Qızıl Ordunun Bakı qərargahının rəisi çar ordusunun keçmiş polkovniki Avetisov idi, 3-cü briqadaya isə daşnak Hamazasp Srvantyants başçılıq edirdi.
Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımının əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi "Qırmızı ordu"nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur. Beləliklə, müsəlman qırğını həyata keçirmək üçün hər cür hazırlıq görülmüşdü, qalırdı yalnız bu qırğın üçün bəhanə tapmaq”.
Ekspertlər 1918-ci il Bakı qırğınının nə səbəbdən başlanması barədə bir neçə müxtəlif mənbələrin olduğunu dilə gətirib onlardan ən real olanını səsləndirdilər...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
Roman janrında yeni imza: Adəm İsmayıl Bakuvi
Könül, “Ədəbiyyat və incəsənət”
Portalımız həm də bələdçi rolunu oynayır, oxucularına keyfiyyətli musiqi, film, eləcə də kitab tövsiyyə edir. Bu gün mən sizə imzasını çox bəyəndiyim Adəm İsmayıl Bakuvinin kitabları barədə danışmaq istəyirəm. Hələ ki, onun 3 kitabı çıxıb, hamısı da biri-birindən gözəldir. Oxumağa dəyər.
Adəm İsmayıl Bakuvi, “Məhşər divanı: Yalanın 17 anı” romanı
Müəllifin ilk romanıdır. 445 səhifəlik sənədli romanda erməni millətinin nümayəndəsi olan 17 nəfərə qurulmuş Böyük Divandan bəhs edilir. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilər müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. Nəticədə bəşəriyyəti sarsıdan erməni cinayətləri bir-bir sadalanır. Burada mənəvi cinayətlər də yer alır.
Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də baş hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.
Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər.
Adəm İsmayıl Bakuvi, “Paris üçbucağı” romanı
Bu roman Adəm İsmayıl Bakuvinin böyük rezonans doğurmuş “Məhşər divanı: Yalanın 17 anı” romanından sonra işıq üzü görən sayca ikinci romanıdır. Bu roman da siyasi romandır, burada da erməni-azərbaycanlı münaqişəsi geosiyasi maraqlar konteksində araşdırılır, amma roman həm də azərbaycanlı və fransız gənclərinin - Ülvinin və Suzannanın ülvi məhəbbətlərini özündə daşıyan bir melodramdır.
Tarixi faktlarla zəngin olan “Paris üçbucağı” maraqla oxunur, axıradək oxucunu gərginlik içində saxlayır. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Yazıçının hədəfi daha çox beynəlxalq arealdır. Məqsədi Azərbaycanın haqq işini bədii-sənədli təcəssümlə statistik dünya oxucusuna çatdırmaqdır. Yeni romanın əsas hədəfi əsasən fransız oxucudur. Əminlik var ki, bu oxucu “Paris üçbucağı” ilə tanışlıqdan sonra “türklər tərəfindən genosidə məruz qalmış zavallı ermənilərin” obrazını ötən əsrin 70-ci illərində Fransada 70-ə yaxın terror aktı törədib fransızların qanını tökən erməni obrazına dəyişəcək.
Adəm İsmayıl Bakuvi, “Eşq mələyi” romanı
Müəllifin sayca üçüncü romanı olan “Eşq mələyi” əbədi mövzuya – sevgiyə həsr edilib. Amma burada sevgi çətiri altında cəmiyyəti sarsıdan əksər bəlalar öz əksini taparaq nümayiş olunur. Qadın hüquqsuzluğu, cəmiyyətin maddiyyata sitayişi, insani münasibətlərin kökündə təmənnanın dayanması, sosial ədalətsizlik, güclü cinsin zərif cinsə yönəlmiş cinsal istəkləri sonda romanın baş qəhrəmanını uçuruma sürükləyir. Ailəsinin dağılması, pozğun həyat, həbsxana onu tamamən mənfi istiqamətə daşıyırsa da, həyatda yeganə sevinci olan qızı naminə o duruş gətirib yaşayır.
Romanın kulminasiyası uçuruma yuvarlanmaqda olan qadının bir vaxtlar əlindən buraxdığı xoşbəxtlik quşu ilə – ilk məhəbbəti ilə təsadüfən qarşılaşması epizodudur. Həyat yeni nələr vəd edəcək? Çirkaba bulaşmış qadın paklana biləcəkmi?
Roman geniş oxucu kütləsi, xüsusən gənclər üçün nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)
POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Üz-üzə gəlmişik” şeiri
“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Üz-üzə gəlmişik” şeiri təqdim edilir.
ÜZ- ÜZƏ GƏLMİŞİK...
Ay sözügerçəyim, məni bağışla,-
O gün bu dünyanın yalan günüydü.
Bütün çiçəklərin, bütün güllərin,
Bütün çəmənlərin solan günüydü.
Yağırdı sinəmə qəm löyün-löyün,
Bağrımın başında dərd düyün-düyün...
Əgər inanmırsan, günü də deyim,
Deyim filan ayın filan günüydü.
Gözüm çox yamanı, yaxşını görüb,
Ömrün payızını, qışını görüb...
O gün-əzrayılın işini görüb,
Üzümə qımışıb, gülən günüydü.
Külli kainatın dağılan, uçan,
Ürəyi min yerdən sızlayan, sancan,
Düzlərin ayağım altından qaçan,
Dağların üstümə gələn günüydü.
Onsuz bircə gün də gün görməmişəm,
Dolub gözlərimə çən, -görməmişəm.
Üz-üzə gəlmişik...
mən görməmişəm,
Bağışla,-
anamın
ölən
günüydü.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)