Super User

Super User

Monday, 16 October 2023 10:52

V Məmməd Araz Poeziya Günü başlayıb

 

Məmməd Arazın anadan olmasının 90 illiyi ilə əlaqədar Birinci Fəxri xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, V Məmməd Araz Poeziya Günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər və xalq şairinin ailə üzvləri və qohumları iştirak ediblər.

Universitetin tələbələri Məmməd Araz məzarı üstə şairin şeirlərindən və mahnılarından ibarət kompozisiya təqdim ediblər.

Tədbirə moderatorluq edən “Məmməd Araz Poeziya Günü” layihəsinin rəhbəri, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıb. O, tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.

Şair Ağacəfər Həsənli, “Ədalət” qəzetinin Baş redaktor müavini Əbülfət Mədətoğlu, iqtisadçı İsa Məmmədov, Xalq şairinin yaxın qohumu Rəşid Məmmədov çıxışlarında onunla bağlı xatirələrini danışıb, unudulmaz ədibin poeziyasına öz sevgilərini izhar ediblər.

Ölməz sənətkarın qızı Şəlalə İbrahimova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə oktyabrın 14-də Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasının yekun tədbiri keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın çox uğurlu keçdiyini qeyd edib.

 

Nazir iclasda qəbul olunmuş qərarların həm TÜRKSOY, həm də üzv dövlətlər üçün faydalı olacağını bildirib.

 

İclasda maliyyə işlərinin tənzimlənməsi, kadr məsələlərin, iş qaydaları və sair məsələlər üzrə vacib qərarlar qəbul edilib.

 

Sonra mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imza atılıb.

 

İki gün davam edən iclasda bir sıra görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının 41-ci iclası gələn ilin noyabr ayında Türkmənistanda keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Rəsm qalereyası: Arif Hüseynov, “Miniatür”

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun 80 illiyinə həsr olunmuş sərgilər silsiləsinin sonuncusu - “Miniatürsayağı” adlı fərdi sərgisi açılıb. Ekspozisiyaya 50 miniatür daxildir.

 

Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Rəssamlar İttifaqı, Milli İncəsənət Muzeyi, “HüsnАrt” Təsviri Sənət Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, sərginin kuratoru, sənətşünas Ziyarət Cabbarova və başqaları qeyd ediblər ki, Arif Hüseynovun rəsm əsərləri – istər qrafika, illüstrasiyalar və ya miniatürlər olsun – hadisələrdə, faktlarda, şəxslərdə təqdim olunan ölkə tarixi barədə məlumat daşıyır.

Qeyd edilib ki, Arif Hüseynov çoxsaylı kitab nəşrlərinə illüstrasiyalar yaradıb. Bu yaxınlarda o, miniatür janrında 50 rəngli illüstrasiyaya yazdığı “Aşıq poeziyasının antologiyası”nı nəşr edib. Xalq rəssamı bir dəfə demişdi: “Ümid edirəm ki, bir zaman ölkəmizdə Beynəlxalq Miniatürlər Mərkəzi yaradılacaq. Bu mənim xəyalımdır. Mən hər zaman təkrar edirəm: Bakıda Muğam Mərkəzi, Xalça Muzeyi var və Miniatürlər Mərkəzinin yaranmasına ehtiyac var”.

Qeyd edək ki, sərgi oktyabrın 20-dək davam edəcək.

(AzərTAC-ın materialları əsasında)

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

İstanbulda Azərbaycanın Gəncə Dövlət Dram Teatrının təqdimatında Ejen İoneskonun “Kral ölür” adlı absurd komediyası oynanılıb.

 

AzərTAC xəbər verir ki, tamaşa İstanbulda keçirilən V Beynəlxalq Maltepe Teatr Festivalı çərçivəsində, şənbə günü nümayiş olunub.

Əsərdə hadisələr Beranje krallığında birinci Beranjenin sarayında baş verir. Günlərin birində kral bir neçə saatdan sonra öləcəyini öyrənir. Ölümün adi sözlə, iki-üç kəlmə ilə çatdırılması Beranje üçün gülməli və qeyri-təbii təsir bağışlayır. Lakin zaman keçdikcə kral vəziyyətin ciddiləşdiyini, ətrafındakı insanların onu taleyi ilə baş-başa buraxdıqlarını anlayıb məyus olur. Bu məyusluq o qədər güclü olur ki, bir az əvvəl “ölmərəm” deyib hayqıran Beranje ölümə öz xoşu ilə razılıq verir.

Tamaşanın quruluşçu rejissoru S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayevdir.

Əsas rollarda Əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov iştirak edirlər.

Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikaranın təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizlə yanaşı Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Ukrayna olmaqla 22 ölkədən 200-ə yaxın teatr işçisi iştirak edir. Beş gün davam edən festivalda ümumilikdə 20 səhnə əsəri oynanılır.

Azərbaycanı tədbirdə aktyorlarımızla yanaşı, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov və festivalın beynəlxalq münsiflər heyətinin tərkibində Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı təmsil edir.

“Kral ölür” tamaşasının festival çərçivəsində İstanbulda ilk təqdimatı oktyabrın 12-də reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

I TÜRK DÜNYASI MƏDƏNİYYƏT FORUMU İLƏ BAĞLI MƏDƏNİYYƏT NAZİRİ ADİL KƏRİMLİ ŞUŞADA JURNALİSTLƏRƏ AÇIQLAMA VERDİ

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli söylədi:

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş I Türk Dünyası Mədəniyyət Forumu iki gün ərzində Şuşada davam etdi. Panellərdə maraqlı mövzular müzakirə edildi. Türk dünyasının görkəmli mədəniyyət xadimləri, mütəxəssisləri, türk mədəni irsinin təmsilçiləri məhz burada yığışaraq, həm ortaq türk mədəni irsi ilə bağlı, həm də dil və ədəbiyyat sahəsində çox maraqlı və vacib müzakirələr apardılar.

I Türk Dünyası Mədəniyyət Forumunun sonunda bütün forumun iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edildi. Şuşa Bəyannaməsinin vacib istiqamətlərindən biri ondan ibarətdir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə təqdim edilmiş bu platforma dayanıqlı bir formata çevrilsin. Bu təşəbbüsün və imkanın yaradılmasına görə forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürümüzü bildiririk.

Şuşada “Türk dünyasının mədəniyyət paytaxtı”nda bu cür tədbirlərin keçirilməsi bütün Türk dünyasına önəmli bir mesajdır”.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumu öz işini başa vurub. 

2-ci iş günündə - oktyabrın 14-də forum iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib.

Bəyannamədə qeyd olunur:

 

1. Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün iştirakçılar adından təşəkkür edirik.

 

2. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşaya Böyük Qayıdışı və bu yolda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini və mədəni mühitin canlandırılmasını alqışlayırıq.

 

3. 30 illik işğal dövründə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində Türk dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi tarixi və mədəni abidələrin geniş miqyaslı dağıdılması, həmçinin mədəni mülkiyyətin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi kimi ağır beynəlxalq humanitar hüquq pozuntularını qəti şəkildə pisləyir və bütün aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə sərt mövqe tutulmasını tələb edirik.

 

4. Şuşada baş tutan diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində türk mədəniyyətinin dünəni, bu günü və sabahı nəzərə alınaraq mövcud çağırışların birgə əməkdaşlıqda həlli üçün yeni mexanizmlərin yaranmasını dəstəkləyirik.

 

5. Türk dilləri və ədəbiyyatı vasitəsilə ortaq mədəni mövqeyimizin gücləndirilməsini zəruri hesab edir və bu irsin rəqəmsal mühitə transformasiyasını sürətləndirməyə çağırırıq.

 

6. I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində əldə edilmiş müsbət nəticəni nəzərə alaraq türk tarixi-mədəni irsinin araşdırılması, bərpası, mühafizəsi və təbliği sahəsində birgə fəaliyyət və ən yaxşı təcrübənin bölüşülməsinə xidmət edəcək Türk dünyasının İrs üzrə rəhbərlərinin şəbəkəsinin yaradılmasını alqışlayır və mütəmadi əsaslı platforma fəaliyyətinə başlamasını tövsiyə edirik.

 

7. Türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsini və ilk mədəni marşrutun yaradılması təşəbbüsünü perspektivli ortaq layihə kimi yüksək qiymətləndirir və bütün maraqlı tərəfləri bu təşəbbüsün irəlilədilməsində fəal iştiraka çağırırıq.

 

8. Mədəniyyətin rəqəmsallaşması, habelə XXI əsrdə türk mədəniyyəti qarşısında duran çağırışlara cavab verən ortaq həlləri təşviq edirik və mədəniyyət sahəsindəki yaradıcı sənayelərin ortaq bazarların yaradılması üzrə müzakirələrin intensivləşməsini təklif edirik.

 

9. Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Türk Dünyası Mədəniyyət Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir araya gətirən mühüm universal platforma kimi uğurlu olduğunu qeyd edirik və Forumun iki ildən bir keçirilməsini təklif edirik.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Sual - cavab rubrikasını Könül aparır. 

 

SUAL: 

Hörmətli redaksiya. Bildiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində paytaxtımızda III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirildi. Xəbərləri izləsəm də festivalın bütün qalibləri barədə konkret xəbər görə bilmədim. Hər yerdə adda-budda hamsısa nominasiya qalibi qeyd edilirdi. Tam siyahını dərc edərmisiniz?

(Könül Bayramova, Mingəçevir)

 

CAVAB:

Könül xanım və digər kinosevərlər, sizin  nəzərinizə çatdırırıq ki, III “Korkut Ata” Türk Dünyası Film Festivalının laureatlar siyahısı bu cürdür:

1.

"Ən yaxşı bədii film” nominasiyasında "Yıldız tozu" (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub. 

2.

“Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb.

3.

"Ən yaxşı sənədli film" nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.

4.

"Ən yaxşı rejissor" nominasiyasında Zhuraeva Asel Talibzhanova ("Tanrıverdi", Qırğızıstan) qalib olub.

5.

“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev ("Qızıl alma", Türkmənistan), "Ən yaxşı aktrisa" nominasiya üzrə mükafatı isə Təhminə Rafaella ("Məryəm", Azərbaycan) qazanıb.

6.

“Jambıl" filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotaev, "Hep 33 yaşında" filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb.

7.

Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay ( hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunublar.

 

Şəkildə: “Yıldız tozu” filmindən fraqment.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Monday, 16 October 2023 12:15

“Xanəndə Məşədi Qafar Qaryağdı”

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. Kitab publisist-yazıçı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və texnika üzrə fəlsəfə doktoru, mühəndis Turan İbrahimov tərəfindən ərsəyə gətirilib. Kitabda XX əsrin əvvəllərində fəaliyyət göstərmiş xanəndə Məşədi Qafarın yaradıcılığına işıq salınıb. Təqdim olunan nəşrdə Məşədi Qafar Qaryağdının musiqi irsi, səs yazıları siyahısı və arxivi haqqında geniş məlumat verilir. Həmçinin xanəndənin bioqrafiyası, nəsil şəcərəsindən söz açılır, Məşədi Qafarın Şuşadan çıxmış istedadlı Qaryağdılar nəslinin nümayəndəsi və məşhur xanəndə Cabbar Qaryağdının kiçik qardaşı olduğu bildirilir.

Kitabın məsləhətçisi Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, ön sözün müəllifi Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, redaktoru professor Abbasqulu Nəcəfzadədir.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Oktyabrın 15-də - bazar günü Bakıda iki möhtəşəm konsert oldu. Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakuna bakılılar qarşısına çıxdı. 

 

Auditorium zalında keçirilən konsert “Braziliya mənzərələri” adlanırdı. 

Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir. 

 

Oktyabrın 15-də Heydər Əliyev Sarayının səhnəsində isə İrlandiyanın əfsanəvi “Rhythm of the Dance” qrupu çıxış etdi.

 

Bu dəfə tamaşaçıları orijinal kelt melodiyaları, möhtəşəm İrlandiya stepi, canlı musiqi və solistlərin heyranedici ifalarından ibarət sehrli bir performans gözləyirdi. İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin böyük şəhərin müasir ritmləri ilə birləşməsi - bütün bunlar “Rhythm of the Dance” qrupunu dünyada daha da məşhurlaşdırır.

Hər iki konsert bakılılara xoş ovqat bəxş etdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.