![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Azərbaycan mediasiyanın qısa müddətdəki uğurlarına görə post-sovet ölkələri sırasında öncül yerdədir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Beynəlxalq ekspertlərin qeyd etdiklərinə görə, Azərbaycanda mövcud mediasiyanın qısa müddətdəki uğurları post-sovet ölkələri sırasında birinci və öncül yerdədir. Bu fərəhləndirici məlumatın işığında Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilova üz tutduq və ondan fikirlərini aldıq:
— Azərbaycan dövlətinin təşviq edilən mediasiya siyasəti nəticəsində ölkəmizdə mediasiyanın inkişafı, mediasiyaya etimad və mübahisələndirilən məsələlər üzrə əldə edilən barışıq sazişlərinin həcmi hər gün artır və əlbəttə ki, keyfiyyət dinamikasında da çox ciddi irəliləyiş var.
Beynəlxalq ekspertlərin müsbət rəyləri əlbəttə ki, bizi sevindirir və bunu əməyimizə verilən yüksək dəyər hesab edirik. Amma biz bu uğurlara tək başına çatmadıq.
Bu sahədə ölkəmizdə mediasiyanın inkişafını şərtləndirən və təşviq yönümlü mediasiya islahatlarının başlanğıcında məhz cənab Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu və digər bütün qanunlar, sərəncamlar, fərmanlar mühüm yer tutur.
Eyni zamanda bu sahədə bizə dəstək olan onlarla dövlət xadimlərimiz, dövlət qurumlarımız, media, KİV, hüquqşünaslar, vəkillər, hakimlər, hüquq - mühafizə orqanları, təhsil, tibb sektoru, kommersiya sektoru, bank sektoru, bir sözlə, bütün yanımızda olan dostların da böyük əməyi və zəhməti var.
Biz heç kəsin bizə göstərdiyi dəstəyi unutmadıq.
Ola bilər ki, bir-bir sadalasam, burada uzun bir siyahı alınacaq.
Bizə dəstək olan hər kəsə dərin təşəkkür edirəm, qeyd edirəm ki, beynəlxalq ekspertlərin Azərbaycan mediasiyasına verdiyi yüksək dəyərin təməlində bizə dəstək olan hər kəsin əməyi vardır.
Mediasiya Şurasının əməkdaşlarını, mediatorlarımızı, mediasiya təşkilatlarımızın rəhbərlərini təbrik edir və fədakar əməklərinə görə dərin təşəkkür edirəm.
Əməyi olan, Mediasiya Şurasına, mediasiya təşkilatlarına, mediatorlara dəstək olan hər kəsə dərin təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Anlayışlı valideyinlərimiz (?!)
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Görəsən həqiqətən, də keçmiş nəsilin iddia etdiyi kimi indiki nəsil, indiki gənclər qudurğandır? Doğrudan da, cavanlar çox vecsizdi? Onlar özlərinə çox qapanır, ailəsi, qohumları ilə çox da mehriban ola bilmir, həqiqətən də?
Azərbaycanda valdeyinlər çox mehriban və anlayışlıdır.
Ta balacalıqdan , körpələrlə müəyyən bir saat ərzində oyunlar oynayır, onlara yeni faydalı bir şeylər öyrədir, gecələr nağıl danışırlar.
Heç vaxt onların yanında dava etmirlər, onları da davadan hər zaman uzaq tuturlar.
Birlikdə əyləncəli zaman keçirirlər (oyunlar oynamaq, yemək bişirmək, gül əkmək və.s)
Hətta valdeyinlər hər zaman övladları ilə dost kimi münasibət qurur, uzun-uzun söhbətlər edirlər.
Azərbaycanda gənclər, uşaqlar öz sirrlərini düşüncələrini valdeyinləri ilə bölüşür hər zaman - qorxmadan, çəkinmədən.
Qızlar atalarından; atam bunu bilsə, məni döyər, öldürər kimi düşüncələrə dalıb qorxmur, əksinə atalarına çox güvənirlər..
Və bizim valdeyinlər heç vaxt oğlan uşağı, qız uşağı ayrı-seçkiliyi də etmirlər.
Onlar heç vaxt övladlarına əl qaldırmır, hər zaman onların qərarlarına hörmətlə yanaşır, yanlış qərarlar alındıqda isə mədəni şəkildə izah edirlər övladlarına.
Bir sözlə, bizim ölkədə ana-atalar övladlarına düzgün sevgi bəxş edirlər. Sıxma- boğma olmadan, fikirlərinə hörmətlə yanaşaraq....
...Bəs niyə bu qədər uşaqlar, gənclər var,-özünü sevgisiz hiss edən və özünə qapalı?...
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
…Anam yadıma düşdü
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
1-Cİ ETÜD
Tərcümeyi-halı:
Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008–2013-cü illərdə Sabunçu rayonu 80 nömrəli tam orta məktəbdə, 2013–2017-ci illərdə isə Sabunçu rayonunun 322 nömrəli tam orta məktəbində təhsil alıb. 2017–2018-ci illərdə 5 nömrəli Peşə Liseyində "İşıq operatoru" ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub. Subay idi.
Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliağa Məmmədov ölümündən sonra "Vətən uğrunda","Cəsur döyüşçü","Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
2-Cİ ETÜD
Atası ilə söhbətdən:
Maştağanın üçüncü şəhidi olan Əliağa məktəbi bitirdikdən sonra Buzovnada yerləşən Bakı Peşə Liseyində təhsilini işıqçı operator peşəsində davam etdirdi. 17 yaşından işləməyə başlayan oğlum kollektivində tez qısa zamanda hörmət qazandı. Uşaqlıqdan cüdo ilə də məşğul olub. İyulun 26-ı 18 yaşı tamam olan kimi hərbi xidmətə yollandı. Getdiyi gündən əsgərlikdəki şəraitindən razılıq edirdi.
Mən yanına gedəndə komandiri və əsgər yoldaşları mənə Əliağanı tərifləyir, onun xoş xasiyyətlərindən bəhs edirdilər. Fevralda məzuniyyətə gəldi, hərbi sirləri əsla ailəsinə danışmazdı. Nə soruşulsa, “yaxşıdır, çox şükür hər şey” kimi ifadələr işlədirdi. Əsgərlərin öz qeyd dəftərçələri olur. Əliağa da məzuniyyətə o dəftərçəni gətirmişdi, elə gedəndə də özü ilə aparmadı, evdə - otağında gizlətdi. Oğlum o vaxta kimi şeir yazmazdı. Amma evdə qoyduğu dəftərçədə yazdığı şeir vardı.
Ağlama sevgilim, bağlama yaylıq
Mən əsgər gedirəm on səkkiz aylıq
Həyatda çətindir bu iki varlıq
Biri əsgərlikdir, biri ayrılıq.
Gələndə sevindim hərbi hissəyə
Amma bu sevincim mənə az oldu
Ehtiyac duyurdum hər gün sevgiyə
Sevgi tapmayanda gözlərim doldu
Qalxırıq biz posta - təhlükə hər an,
Saat heç dayanmır, hey keçir zaman.
Elə ki, düşmənlə üzləşdik, o an
Yadıma düşürdü anam, ailəm…
Həmin bu şeir olan dəftərçəni 2-ci cümə axşamısı tapdıq.
Oktyabrın 6-sı zəngi gəldi və çox sevindik, çünki bu onun bir neçə gündən sonra etdiyi ilk zəng idi. Təəssüf ki, həm də son zəngi oldu.
Oktyabrın 7-i işdə olanda kəndimizin Kənd Sovetindən zəng gəldi. Əliağanın yaralandığını dedilər. Xəbəri eşitcək, elə bildim məni gülləylə vurdular. Elə xəbərdə də onun snayperlə vurulduğu deyilirdi. Sonra da xəbırin ardı gəldi, dedilər, oğlunuz şəhid olub…
3-CÜ ETÜD
Qəhrəmanlıq nümunəsi:
Əliağanın snayper tərəfindən vurulması fikri üç mərasiminə kimi gündəmdə qalır. Üç mərasimində əsgər yoldaşı gəlir. Həmin əsgər yoldaşı universetdən sonra hərbi xidmətə getdiyi üçün tez qayıtmışdı xidmətdən, amma buna rəğmən komandirlə də əlaqəsi yaxşı idi. O valideyinlərə deyir ki, Əliağanın şəhid olması təfərrüatlarını bilirəm, oğlunuz qəhrəmanlıqla həlak olubVə komandirin yazdığı sms-i Əliağanın atasına oxutdurur. Komandirin yazısından belə məlum olur ki, ayın 6-sı döyüşə qatılanda evin tək oğlu olan Əliağanı və bir neçə belə əsgəri komandir kazarmada saxlayıbmış. Komandir özü isə digər əsgərlərlə döyüşə yollanıbmış. Komandir bir də ayılıb görür ki, artıq Əliağa yanındadır. Deyir: “Bəs mən səni orada saxlamamışdım? Sən evin tək oğlusan, döyüşlər qızğın gedir, hər şey ola bilər". Amma Əliağa yenə də öz işində olur. Şəhidləri və yaralıları ərazidən təhlükəsiz yerə aparır. Onun özünü təhlükəyə atdığını görən komandir “Geri qayıt” deyəndə o, “birisini də çıxarım, gedərəm"-deyir.
Komandirlə Əliağanın aralarında çox az məsafə var imiş. Birdən səs gəlir və bu səsi Əliağa komandirindən daha tez eşidir. Bəli, bu minomyot səsi idi. Əliağa tez atılır komandirin üstünə. Komandiri yerə yıxır. Mərmi düz yanlarına düşür. Komandirin ayağı yaralanır. Əliağanın isə şah damarı kəsilir, bir gözüdə çıxır. Buna rəğmən, təxminən 40 dəqiqə sağ qalan Əliağanı yaralı komandiri 400 metr məsafəyə çiynində daşıyaraq təhlükəsiz yerə çatdırır.
Əliağa sonda dünyanı tərk edəcəyini duyub komandirinin əlini sıxır, "özündən muğayat ol"-deyir.
Son sözü isə bu olur: "Ay ana".
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Kral öldü! Yaşasın Kral!
Gəncə Dövlət Dram Teatrı Ejen İoneskonun “Kral ölür” tamaşası ilə 15 günlük qastrol səfərində olub
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərovun təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrı Türkiyə və Gürcüstanda Ejen İoneskonun “Kral ölür” tamaşası ilə 15 günlük qastrol səfərində olub.
Teatr, həmçinin Avrasiya Teatrlar Birliyinin İstanbulda keçirdiyi V Maltepe Beynəlxalq Teatr Festivalında iştirak edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə teatrın yaydığı açıqlamada deyilir.
Açıqlamada bildirilir ki, festivalda Azərbaycanı Beynəlxalq münsiflər heyətinin tərkibində teatrın direktoru Aqil Bəhramlı təmsil edib. Festivala ümumilikdə 22 ölkə qatılıb.
Festivalın “Ən yaxşı aktyor” nominasiyasına isə teatrın aktyoru Elxan Yunis (Abbasov) layiq görülüb.
Festival müddətində Avrasiya Teatrlar Birliyinin ölkə təmsilçilərinin növbəti toplantısı da keçirilib. Toplantıda Avrasiya Teatrlar Birliyinin qurucularından biri və Azərbaycan təmsilçisi Yusif Cəfərov da iştirak edib.
Teatrın kollektivi, eyni zamanda, Ankarada keçirilən 15-ci ETHOS Beynəlxalq Teatr Festivalında, Türkiyənin Amasiya şəhərində və Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrında çıxış edib.
Amasiya şəhərində Türkiyənin tanınmış xəbər televiziya kanallarından olan “İHA” TV aktyorlardan müsahibə alıb və Türkiyənin bir neçə TV kanalında Gəncə Dövlət Dram Teatrı və “Kral ölür” tamaşası haqqında maraqlı süjet nümayiş olunub. Səhnə əsəri tamaşaçılar tərəfindən yüksək sevgi və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Ozurgeti teatrı ilə Gəncə Dövlət Dram Teatrı arasında 2016-cı ildən yaradıcılıq memorandumu imzalanıb.
E. İoneskonun “Kral ölür” tamaşasının quruluşçu rejissoru Tural Mustafayev, rəssamı Mustafa Mustafayevdir. Rollarda Əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova və Ruslan Hüseynov iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilir
Azərbaycanın turizm imkanları Yaponiyanın Osaka şəhərində keçirilən “Yaponiya Expo Turizm” sərgisində (Tourism Expo Japan 2023) tanıdılır. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, oktyabrın 26-29-da keçirilən sərgi iştirakçılarına ölkəmizin malik olduğu mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilir.
Sərginin ilk günü Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Gerso Travel”, “Asia Travel” və “ENC Tours” turizm şirkətlərinin nümayəndələri ilə Osaka Turizm Bürosu, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil olunur, əməkdaşlığa dair müzakirələr aparılıb. Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında 2022-ci ildə “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. Memorandumda turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.
70 ölkədən 1275 şirkətin təmsil olunduğu sərgi Asiya regionu üzrə əsas turizm platformalarından biri hesab olunur.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
HƏR GÜN YARIM SƏHİFƏ - Yadda qalan fraqmentlər
Varis, “Qızıl cib saatı”ndan
"Bir gün hökmən anlayacaqsan ki, əzəldən hər şey və hər kəs gözəgörünməz tellərlə bir-birinə bağlanıb. Dünyanın bu başında bir bulaq quruyacaqsa, əmin ol ki, o başında mütləq bir ümman yoxa çıxacaq.
Bu yanda bir çiçək üzüləcəksə, o yanda bir çəmənlik solacaq.
Dünyanın o üzündə bir adamın dərdə düşməsi də bu üzündəkilərin gec, ya tez iztirab çəkəcəyi anlamındadır.
Bir cam su kimiyik. Damlamız damlamızdan ayrılmaz".
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Bazar günü ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək -FORUMLAR BİZƏ NƏ VERİR?
Könül, “Ədəbiyyat və incəsənət”
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə bir-birinin ardınca kino, teatr, ədəbiyyat forumları keçirilmişdi. Bazar günü isə Musiqi Forumu keçiriləcək.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.
Az öncə Mədəniyyət Nazirliyi xəbər vermişdi tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi “Gülüstan” sarayında keçiriləcək.
Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.
Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.
Qeyd edim ki, kino, teatr, ədəbiyyat forumlarının fikir və təklifləri də bu konsepsiyada toplanacaq.
3 forum keçib və 4-cünün astanasındayıq. Bu forumlar nə verir? Tam əminliklə deyirəm ki, çox şey. Söhbət etdiyim, rəyini aldığım əksər sənət adamı deyir ki, forumlar çox məhsuldar, qənaətbəxş keçib.
O yerdəki hamı mədəniyyəti qaldırmaqdan danışır, ümumi problemləri dilə gətirir, orda uğur mütləq olacaq.
O yerdəki yetən hökumətdən nəsə tələb edir, şəxsi problemlərini çözməyə çalışır, bax orda heç bir uğur gözlənilmir.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Seyid Şuşinskiyə həsr olunmuş “Şərq musiqisinin incisi” kitabının təqdimatı olub
Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində yazıçı-publisist Mustafa Çəmənlinin Xalq artisti, Əməkdar müəllim Seyid Şuşinskiyə həsr olunmuş “Şərq musiqisinin incisi” kitabının təqdimat mərasimi olub.
AzərTAC verir ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən kollecin direktoru Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Seyid Şuşinskinin həyat və yaradıcılığından söhbət açıb. O, zəngin yaradıcılıq yolu keçmiş Seyid Şuşinskinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycanın mədəniyyət incisi Şuşanın böyük rolu olub.
Kitabın müəllifi Mustafa Çəmənli qüdrətli sənətkar Seyid Şuşinskinin xalqımızın mənəvi dünyasının formalaşmasına böyük töhfə verdiyini, muğam ənənələrimizi layiqincə qoruyaraq yaşatdığını diqqətə çatdırıb. “Seyid Şuşinskini təkcə tələbələri, həmkarları yad etməyib, bizdən əvvəl onu dəyərli sənətkarlar da anıblar, həmçinin kitablarında, məqalələrində hörmətlə yad ediblər. Bu xatirələri həmin dəyərli səhifələrdən götürərək kitaba əlavə etmişik”, - deyə M.Çəmənli qeyd edib.
Tədbirdə çıxış edənlər sənətkarın bənzərsiz sənət dünyasından söz açaraq, sənətkarla bağlı xatirələrini bölüşüblər. Seyidin nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik olduğunu, yaradıcılığı ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirdiyini vurğulayıblar. Həmçinin Seyid Şuşinskinin müəllim kimi uzun illər istedadlı musiqiçilərin yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Onun tələbələri arasında Əlibaba Məmmədov, İslam Rzayev, Qulu Əsgərov, Nəriman Əliyev kimi muğam sənətimizdə özünəməxsus dəst-xətti olan sənətkarlarımızın olduğu vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Seyid Şuşinski "Azdrama"da, Azərbaycan Dövlət Konservatoriyasında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Radio Komitəsində çalışıb, 22 il muğamdan dərs deyib. Onun yetirməsi olan xanəndələrin şöhrəti Azərbaycan Respublikasının hüdudlarını çoxdan aşıb. Seyid Şuşinskinin adı tələbələrinin, onlardan sonra gələn və gələcək hər bir xanəndənin muğam dünyasında yaşayacaq. Necə ki, Azərbaycan muğamları əsrlər boyu ağızdan-ağıza, ustaddan şəyirdə keçərək əbədilik qazanıb, Seyid Şuşinski də bu muğam mülkünün təkrarolunmaz bələdçisi kimi daim öndə gedəcək.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
“Bəzən o boş ümidlərin ardınca getmək belə gözəl bir şeymiş kimi gəlir insana…”
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
“Beytül Əhzan” Xanım Fatimeyi Zəhranın həyatından bəhs edən kitabın adı imiş. Bunu bugün Beytül Həzzan-ı dinləyərkən öyrəndim. Öyrəndikdən sonra oturub düşündüm. Beytül Həzzan hüzün otağı deməkdir. Həzrəti Yaqubun Həzrəti Yusifi gözləyərkən özünü həbs etdiyi gecə-gündüz ağladığı yerdir. Onda Beytül Əhzan da hüzün ömrü deməkdir? Fatimeyi Zəhranın hüznüdür bu əsər? Kitab yazılan bir həyat onsuz da sadə ola bilməz. Bəs adı "hüzün" qoyulacaq qədərmi ağır olub?
Hüzün~ içində bir az kədər var, bir az sevgi, bir az həsrət.. Ən dərin duyğuları birləşdirir özünə.
İnsan doğulduğu gün ona bir qismət, bir bəxt verilir və bir ömür o öz alın yazısı ilə davam edir yoluna. Amma ən əsası qəlb verilir. Duyğuları yaşadasan deyə. O duyğular bəzən çətin gəlsə belə insanlıq bunu gərəktirər. Duyğuları qorumağı...
Mən emosional biriyəm, duyğularımla hərəkət edərəm. Bəzən sadəcə inanmaq istəyərəm, hələ də inanacağım insanlar olduğunu görmək üçün. Bəzən sevmək istəyərəm, sevilməyə layiq olanları tapmaq üçün.
"Gəl artıq düşüncələr düşlərindən oyansın" deyir mahnıda. Düşüncələr də xəyal qurur çünki, hətta bəzən biz yox, düşüncələr görür yuxuları. Əslində bəlkə də qəlbin içindəkidir xəyal qurduran. Düşündükcə sanki bir okeanın içində evini itirmiş balıq kimi hiss edirəm özümü. Çünki düşündükcə daha dərinləri kəşf edirəm. Bilirəm, dediklərimin zərrəsini belə bilmədiyimin fərqinə varıram. Xəyalların, gələcək planların sadəcə xırda, boş ümidlər olduğunu anlayıram. Amma bəzən o boş ümidlərin ardınca getmək belə gözəl bir şeymiş kimi gəlir insana.
Ümid ən çox sevgiyə yaraşır. Sevgi sadəcə iki insan bir birini sevəndə olmur. Bəzən sadəcə biri sevir. Bəzən heç bir tərəf sevdiyini fərq etmir. Amma o ümid hər zaman o qəlbdə qalır. Bir kitabda "yaralı qəlblərin mərhəmi sadəcə saf sevgidir" deyə bir cümlə oxumuşdum. Yaralı qəlb deyərkən nə qədər dərin bir yaradan bəhs oluna biləcəyini düşünmüşdüm. Hərkəsin bu cür özünə verdiyi suallar var. Vaxt keçdikcə cavablandırdığı, kaş cavabını öyrənməsəydim dediyi... Amma mən nə olur olsun, hər suala cavab tapmaq lazımdır fikrindəyəm. Çünki cavabsız qalan suallar ümidlər doğurar. Yeni ümidlər yeni hüzünlər gətirər. Yeni hüzünlər isə minlərlə Beytül Həzzan'ın tikilməsinə, minlərlə Beytül Əhzan'ın yazılmasına səbəb olar bəlkə də... Çünki Yaqub peyğəmbər Yusif peyğəmbərin dönəcəyi ümidi ilə həbs edib özünü kədər evinə. Çünki Fatimeyi Zəhranın insanlara nələrisə öyrədə biləcəyi fikri ilə yazılıb Beytül Əhzan...
Xəyal qur, xəyalların üçün çabala, dayanmadan, yorulmadan irəlilə. Amma böyük ümidlər etmə.
Çünki ümid...
İnsanın qəlbinə vurula biləcək ən böyük zərbə...
Çünki ümid...
Duyğularını itirməyən hər canlının zəhəri...
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Pis insanları öldürməliyikmi? - “Mənfəətcil Əxlaq” anlayışı
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Polis olduğunuzu xəyal edin. Bir terrorçunu həbs edirsiniz və bu terrorçu sizin şəhərinizdə bir yerə bomba yerləşdirdiyini bildirir, lakin bombanı hara yerləşdirdiyini söyləmir. Siz də polis olduğunuzdan bombanın yerini öyrənmək üçün fərqli yöntəmlər sınayırsınız. Öncə xoş dillə soruşursunuz, fəqət adam xoş dildən anlamır. Daha sonra döyməyə başlayırsınız, lakin yenə də adam danışmır. Ən sonunda adama işgəncə edirsiniz, lakin yenə də danışmır. Daha sonra beyninizdə şeytani bir fikir yaranır və yadınıza düşür ki, bu adamın körpə bir uşağı var və özü nə qədər pis niyyətli bir terrorçu olsa da, övladına qarşı olduqca həssasdır. Və başa düşürsünüz ki, onun uşağına işgəncə versəniz, daha çox dayana bilməyib danışacaq. Beləcə, yüzlərcə insanın həyatını xilas etmiş olacaqsınız. Amma bunun üçün günahsız bir uşağa işgəncə edərmiydiniz?
Bəli, qəbul edirəm ki, çox çətin bir sualdır, lakin bəzi filosoflar üçün bu sualın cavabı olduqca aydındır. Çünki bu filosoflar uşağa işgəncə verməyi seçir. Bəli, günahsız bir uşağa işgəncə vermək çox pis haldır. Amma bombanın partlamasıyla yüzlərcə insanın ölməsi daha pis deyilmi?
Bu iki vəziyyəti müqayisə etdiyimizdə insanlıq üçün daha faydalı olan bir seçim bəlli deyilmi? Özlərinə bu tərzdə suallar verən filosoflar nə qədər əxlaq anlayışına tərs düşsə də, insanlıq üçün daha faydalı olanı seçməyə çalışır. Bu baxış bucağının adı "Mənfəətcil Əxlaq" adlanır.
"Mənfəətcil Əxlaq"ın təməldə iki qanunu var. Onlardan ilki belədir:
Əgər çoxluq fayda görəcəksə, az sayda insanın zərər çəkməsində bir qəbahət yoxdur.
Bu qanunun daha yaxşı anlaşılması üçün populyarlığı olan və kütlə tərəfindən hər kəsin tanığı bir fiqurdan misal vermək lazım olacaq.
Betmanın fəlsəfinin bəlli bir dərinliyi var. Lakin " mənfəətcil əxlaq" baxışını ortaya atan filosoflar böyük ehtimal ki, Betmana nifrət edəcəklər. Bəs Betman kimi özünü yaxşılığa həsr etmiş vicdanlı bir obraz niyə "mənfəətcil əxlaq" baxışına tərs düşür? Çünki Betman heç vaxt adam öldürmür. Səhv anlaşılmasın, "mənfəətcil əxlaq" baxış bucağı birini öldürməli olduğunuzu demir. "Birini öldürmək, əgər digər insanların həyatını xilas edəcəksə, bax o zaman edilməsi gərəkən şey budur" deyir.
Betmanın Jokeri öldürməsi nə qədər prinsiplərinə tərs kimi görünsə də, Jokerin ölmüş halı insanlar üçün olduqca faydalı olardı. Qəbul edək ki, Jokerin bütün öldürdüyü insanlar, yaşatdığı travmalar və etdiyi xaosların hamısı, Betman Jokeri öldürsəydi yaşanmamış olacaqdı.
O zaman ağıla bu sual gəlir: Yaşanan bu faciəvi hadisələrdə Betmanın heçmi günahı yoxdur? Çünki Betman Jokerin həyatını bağışlayaraq az da olsa, bu pis hadisələrin baş verməsinə səbəb olmuşdur.
Nəticədə Betmanın əlinə Jokeri öldürmək üçün saysız-hesabsız fürsətlər düşmüşdür, lakin Betman heç zaman Jokeri öldürmək haqqında düşünməmişdir. Bəlkə, Betman filmlərində bu " mənfəətcil əxlaq" baxışına o qədər çox nəzər yetirilməmiş ola bilər, lakin cizgi filmdə Betmanın bir şeylərin fərqinə vardığını görürük.
"Mənfəətcil əxlaq" fəlsəfəsinin ikinci qanunu isə belədir:
"İnsana ən çox fayda verən hərəkət ən yaxşı hərəkətdir." Bəs burada "yaxşı" dediyimiz şey tam olaraq nədir? Mənfəətcil əxlaqa görə, yaxşılığın tərifi aydındır:
"Yaxşılıq demək, xoşbəxtlik deməkdir. Hərəkətlər xoşbəxtlik gətirmək baxımından doğru, bədbəxtlik yaratmaq baxımından yanlışdır".
O zaman xoşbəxtlik dediyimiz şey nədir?
Bu fəlsəfənin digər bir təmsilçisi Ceremi Benson “Xoşbəxtlik=ağrının olmaması +həzz" olaraq tərif edir. Bir insan ağrıdan nə qədər uzaqdırsa və həzzə nə qədər yaxındırsa, o dərəcədə xoşbəxtdir deyər. "Mənfəətcil əxlaq" fəlsəfəsinin məqsədi də elə budur. İnsanların böyük çoxluğunu xoşbəxt etməyə çalışarkən bəzilərini də bədbəxt etməkdən çəkinməz.
İndi bu fəlsəfəyə tənqidi bir gözlə baxaq. Xoşbəxtlik, həqiqətən, ağrının yoxluğu və həzzin varlığıdırmı?
Məsələn, Dostoyevskiyə görə, bu belə deyil. "Ağrıda həzlərin ən gözəli gizlidir" deyən Dostoyevski acı və həzz anlayışlarını zidd və ya tərs kimi göstərmək yerinə aralarında bir bağlantı qurur. Sərhədsiz həzz yaşayıb ağrını tamamən yox etsək belə, bizlərin hər zaman xoşbəxt ola bilməyəcəyini və içimizdə bir yerlərdə acı çəkməkdən xoşbəxt olan bir adamın var olduğunu müdafiə edir.
Bu fəlsəfəyə başqa bir tənqid isə həyata keçirməyin çətin olmasındadır.
Mətnin başındakı suala dönəsi olsaq, uşağa işgəncə verməyi seçənlər gerçək həyatda bu vəziyyətlə qarşılaşdıqlarında uşağa işgəncə verməyi seçərlərmi? Belə bir vəziyyətdə uşağa işgəncə verilməsi nə dərəcədə məntiqli olsa da, dürüst olaq, biz insanlar sadəcə ağıl və məntiqimizlə deyil, duyğularımızla hərəkət edirik.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)