Super User

Super User

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bu gün oxuduğum kitabda bir cümlə mənə çox təsir etdi: Həyat sadəcə yüksəklikdən bir tullanışdır. 

O zaman həyat nədir? -sualına artıq bu cümlə ilə cavab vermiş oluruq. Həyat bir intihardır. Doğulduğun gün özünü atdığın o uçurum, səni bir rüzgarın qanadında o qayadan-bu qayaya vuraraq bir anda yerlə yeksan edir. 

Bəs insanın içindəki boşluğu da bir intihar olaraq dəyərləndirə bilərikmi? Qəribədir, bu boşluq nə zaman başlayır? Deyəsən, bunun cavabını da çoxdan bilirəm: Məncə insanın özünü büsbütün itirdiyi zaman. 

Bütün məsələnin bu cümlələrlə ifadə edilməyəcək qədər ağır olması isə ayrıca bir dəhşətdir. 

 

“Bir gün dəftərdəki tək telefon nömrəsini götürüb, ona zəng etməyi sınadım. Qarşı tərəfin telefonu sadəcə bir dəfə çalındı və zəng ani olaraq sona çatdı. Zənnimcə mənim üçün son çarə olacaq həmin o şəxs də məni dinləməyi çoxdan rədd etmişdi...”

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

44 günlük Vətən muharibəsində Azərbaycan Respublikasının Mudafiə Nazirliyinin rəsmi olaraq təsdiq etdiyi 6 itkin  şəhiddən birinin -İsmayıllı rayonunda doğulan, Maştağa qəsəbəsində böyüyən Elnur Qədirlinin 29 oktyabr itkin düşdüyü gün kimi hesab edilir. 

 

Müdafiə Nazirliyi tərəfindən müddət keçdiyi üçün ona şəhidlik statusu verilib. Anasi Gülxar xanımın hələ də yolunu gözlədiyi, bacısı Mehparə xanımın hər şəhid məzarında onu axtardığı Elnurun. Elnur Qədirli 1997-ci il avqustun 27-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri Elnur Qədirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

 

Anası danışır:

-Sonbeşik idi o. Bir ayrı cür oğul idi. Şirin uşaq idi. Ləhcəsində də şirinlik var idi onun. Hamı onu çox istəyirdi. Gülə-gülə, danışa-danışa getdi. Oktyabrın 7-i son dəfə danışdıq. Dedi ki, “Mama, daha mənə zəng çatmayacaq, bizi döyüş bölgəsinə göndərdilər, mən elə yerə gedirəm ki, daha sizinlə əlaqə saxlaya bilməyəcəyəm".

Şəhidlərimizdən biri olan, həmçinin mənim  qohumum olan Lətifli Orxan o vədələr anasına zəng edərkən deyib ki: “Ana, Elnuru görürəm. Çörək yeyirdi, siqaret çəkirdi". Axırıncı dəfə Lətifli Orxan oktyabrın 29-u  Elnuru görüb. Məhkəmədə elə bu gün Elnurun şəhid olduğu gün kimi təsdiqlənib. Amma yeri bilinmir. Mənsə elə hiss edirəm ki, ona heçnə olmayıb. Zəif uşaq deyildi. Həmişə deyirdi ki: “Saraylarda yaşadacam səni". Məndən pul alanda deyirdi ki, vallah borclarınızın hamısını qaytaracam. O öz borclarının qat-qat artığını qaytardı. 

 

Şəhidin qardaşı Elçin Qədirli deyir: 

-Sentyabrın 29-u bizə Hərbi komisarlıqdan zəng gəldi. Elnuru Vətən müharibəsinə çağırdılar. Elnur hərbi xidmətini çoxdan başa vurmuşdu. Onu səfərbərlik yolu ilə dövlət müharibəyə çağırdı. Biz İsmayıllı rayonunun Hərbi Komisarlığının qabağında nə qədər gözlədik. Sonra bizə dedilər ki, bu gün aparılmayacaq, qaldı səhərə. Sentyabrın 30-u saat 11:35-də biz onu təntənəli şəkildə qohumların, qonşuların, rayon ictiamiyyətinin, icra hakimiyyətinin iştirakı ilə avtobusla yola saldıq. Bütün əsgərlərimizdə böyük ruh yüksəkliyi var idi. Həmçinin Elnurda da. 

 

Şəhidin qardaşı Elvin Qədirli deyir:

-Elvin son beşiyimiz idi. Biz özümüz çox çətinlik içində böyümüşük deyə onun nazı ilə oynamışıq. Nə istəyibsə, onu da edib. Zarafatcıl idi. Böyüklə böyük, kiçiklə də kiçik idi. Bu dəqiqə Elnur deyiləndə ağıla təbəssüm gəlir. Biz onu heç zaman ağlayan, kədərli görməmişdik. O bizim xatirəmizdə təbəssüm dolu, pozitiv qaldı."

 

Şəhidin bacısı Qədirli Mehparə deyir:

-Biz uşaq olandan valideynlərimiz işdə olublar həmişə. Anam tibb bacısı olub. Əvvəllər xəstəxanada, sonra isə məktəbdə bu peşədə çalışırdı. Elnur balaca olduğundan indi öz uşaqlarıma necə baxıramsa, Elnura da elə baxırdım. Hətta ondan da yaxşı baxırdım. Anamdan çox məndən qorxardı. Nə desəm, onu da edərdi. Anam həmişə deyərdi ki: “Sən de ona, sən desən edəcək". Heç vaxt sözümdən çıxmazdı.

Andiçmə mərasimi idi. Ortancıl qardaşım onun yanına bizim evimizdən getdi. Həmişə də zəng vuranda deyərdi ki: “Heç bir problem yoxdur, hər şey yaxşıdır. Oğul əsgər gedər də".

Əvvəl ərköyün olan Elnur əsgərlikdən gələndən sonra daha məsuliyyətli olmuşdu.

Mən qardaşımı ömrümün sonuna qədər gözləyəcəm. Həmişə demişəm: “Oğul düşmən çəpəridir". Üç min anadan biri də mənim anam olaydı. Amma bilim ki, məzarı olsun. Mən başqa şəhidlərdən, qəbirsanlıqlardan təsəlli alıram. Mənim qardaşımın məzarı yoxdur ki, gedib üstündə ağlayım. Tək təsəllim digər şəhidlərin məzarlarıdır.

 

Şəhidin dostu Qulamov Məhəmməd deyir:

-Sentyabr idi. Elnur səhərə yaxın mənə dayanmadan zəng edirdi. Səhər idi deyə dedim ki, sonra yığaram. Gördüm zəng kəsilmir. Açdım telefonu. Dedim, Elnur, Salamatlıqdır? Dedi ki, Məhəmməd, gedirəm. Elə bildim zarafat edir. İnanmadım. Dedi ki: “Yox, zarafat deyil". Televizoru açdım. Gördüm ki, televizorda müharibədən kadrlar gedir, müharibənin başlanması haqqında məlumatlar var. Hələ də gözümün qabağında bu kadrlar kino kimi canlanır. Elnura dedim ki, gəlirəm. Amma o dedi ki. artıq gecdir. Və o, məndən məsafəcən uzaqlaşdı. Ən yaxın dostun nə demək olduğunu mən Elnurun yoxluğunda başa düşdüm. Bir şeir bəndi var. Mən onun məğzini Elnurdan sonra anladım:

Sən bilmirsən 

hər ayrılıq 

ölüm olur,

itim olur.

Sən bilmirsən 

dost itirən 

adamlar da

yetim olur.

 

255 nömrəli məktəbin direktoru Mətanət Məmmədova da Elnurun ilk dəfə 1-ci sinifə necə gəldiyini yaxşı xatırladığını deyir. Digər məzunlardan şəhid olanların sakit təbiətli olmalarını, amma  Elnurun çox zirək, cəld, müəllimlərlə söz güləşdirib məqsədinə çatan bir oğul olduğunu vurğulayır.

Mətanət xanım da Elnurun şəhid olduğuna inanmadığını söyləyir, çünki Mətanət xanım deyir ki, Elnur canı ələ verən uşaq deyildi, hər şeydən çıxış yolu tapardı. Gözümün qabağında məktəbin divarlarına necə çıxardı. Ona şəhid statusu verilsə də, mən inanıram ki, onun şad xəbərini alacayıq".

 

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Elnur Qədirli itkin düşəndən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Elnur Qədirli  "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Şəhidlər ölməz, vətən bölünməz!

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Hüseyn İsaoğlu, Yazıçı-publisist, AYB və AJB-nin üzvü.

“Ədəbiyyat və incəsənət” üçün. 

 

 

Sosial şəbəkələr bəzən bizə böyük fürsətləri həyata keçirə bilmək imkanı yaradır. Səmimi deyim ki, maarifpərvər pedaqoq İsmayılova Balabikə Məhəmmədhəsən qızı haqqında müəyyən fikir ifadə etməyimə də elə bu proses zəmin yaratdı. Balabikə xanımın qızı Təranə Dəmir ilə feysbook səhifəsində dost olmağımız da bu zəruri işə əsas verdi. Anası haqqında feysbook səhifəsində etdiyi qeydləri dolğun bir yazıya çevirmək istəyimi hər kəsin qəlbində dərin iz buraxmış Balabikə müəllimin fəaliyyətinə bir ehtiram nümunəsi kimi qəbul edirəm. 

 

Bildiyimiz kimi, dövlətin əsas strateji gücü təhsil, təhsilin ən sərrast hədəfi işıqlı cəmiyyət, cəmiyyətin ən doğru yolgöstərəni müəllimdir. Müəllim adı zaman-zaman öz mahiyyətini geniş anlamda təcəssüm etdirib. Dünyanın ən görkəmli, hətta ən qorxunc sərkərdələri belə müəllim qarşısında məsum körpə kimi olublar...

Müəllim adı, müəllim peşəsi haqqında çox söz deyilib. Hər dövrdə bu ad üçün uyğun aforizmlər qoşulub. İyirminci əsrdə də müəllim adı ilə əlaqədar çoxlu sayda ibrətamiz söz və ifadələr səsləndirilib. Ümummilli lider Heydər Əliyevin - “Mən dünyada müəllim adından yüksək ad tanımıram” - məşhur aforizmi hər kəsin dilində bir şüara çevrilib. 

Bir sözlə, müəllim hər dövr üçün örnək, nümunə göstərilən parlaq və müqəddəs adlardan biridir...

Bu yazıda da peşəsi, adı yüksək olan bir müəllimdən, onun şərəfli pedaqoji fəaliyyətindən, cəmiyyətə verdiyi töhfələrdən, təhsilin inkişafındakı nümunəvi xidmətlərindən bəhs olunur.  

Yazının əsas Obrazı İsmayılova Balabikə Məhəmmədhəsən qızıdır. Elə bir müəllim ki, illər keçsə də müqəddəs adı və peşə sevgisi unudulmur. 

 

Qısa tanışlıq:

İsmayılova Balabikə Məhəmmədhəsən qızı 1936-cı il mayın 25-də Sabirabad rayonunun Abdulabad kəndində anadan olub. Əvvəlcə Abdulabad kəndindəki natamam orta məktəbdə, sonra Qruzma kənd orta məktəbində, daha sonra isə Sabirabad rayonunundakı orta məktəbdə təhsil alıb. Təhsil almaq, oxumaq üçun heç bir çətinlikdən qorxmayıb. Ac da qalıb, əyni-başı yalın da olub, amma yolundan dönməyib. 1957-ci ildə yüksək qiymətlərlə BDU-nun (O vaxtkı ADU) biologiya, əlavə kimya fakültəsinə daxil olub. İlk gündən müəllim kollektivinin hörmətini qazanıb. Sabirabad rayonunda ilk ali təhsil alan qadın kimi yadda qalıb. 1962-ci ildə universiteti qırmızı diplomla başa vurub. Müəllimlərin israrına baxmayaraq universitetdə qalıb, elmi fəaliyyətini davam etdirmək fikrindən daşınıb. Doğma kəndinə qayıdıb. Əvvəlcə Abdulabad, sonra qonşu Kolanı kəndində müəllimlik edib. Şagirdləri hər il yüksək göstərici ilə müxtəlif elm ocaqlarına qəbul olub, ali təhsil alıblar. Dərs dediyi şagirdlərdən adlı-sanlı alimlər, jurnalistlər, bioloqlar, kimyaçılar yetişib. Azərbaycan Televiziyasının "Görüş yeri" proqramında Kolanı məktəbinin 70 illiyi ilə bağlı onun əmək və fəaliyyəti işıqlandırılıb. Müxtəlif mətbuat orqanlarında haqqında məqalələr yazılıb. 1982-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin şəxsi imzası ilə üç kəndi özündə birləşdirən Abdulabad sovetliyinə rəhbər təyin olunub. O, 1982-ci ildən 2012-ci ilə qədər həmin kənddə - sovetlikdə icra başçısının səlahiyyətli nümayəndəsi işləyib. Ömrünü partiyaya, dövlətə və xalqa xidmətə həsr edib. Ünvanına - o, kişi kimi qadındı, - deyiblər. Cəsarətinə, ərliyinə, vüqarına, əzminə görə bu lütfə nail olub. Həmişə xalqa arxa durub. Şəffaf işləyib, heç kimin yanında gözükölgəli olmayıb. Rayon əhalisi ona ehtiram və sevgi göstərib. Plenumlarda və qurultaylarda odlu-alovlu çıxışları ilə yadda qalıb. Dövlət məmuru kimi çox işlər görüb. Ölümündən əvvəl Heydər Əliyev mükafatı ilə təltif olunmuşdu. Güclü natiq kimi də xatırlanır. Bir sözlə, Allahın dəyər verdiyi, seçilmiş bəndələrindən idi... 

İsmayılova Balabikə Məhəmmədhəsən qızı 2023-cü il fevralın 6-da dünyasını dəyişib. 

Ailəli idi. 1966-cı ildə kəndin ziyalısı Ağaqardaş müəllimlə ailə qurmuşdu. İki övladı, iki nəvəsi var. Nəsillərin hörmətlə xatırladığı şərəfli müəllim-pedaqoq, dərin nüfuza malik şəxsiyyət idi.

 

İsmayılova Balabikə Məhəmmədhəsən qızı istər ali təhsil aldığı, istərsə də dərs dediyi vaxtlarda yaxşı bilirdi ki, kadr məsuliyyəti ümumi işin təməlidir – yəni kadr üzərinə düşən məsuliyyəti hiss edəndə, aid olduğu sahədə əsaslı uğurun bünövrəsi qoyulur. Buna görə də o, bütün fəaliyyəti boyu bu məsuliyyətə sadiq qaldı.  

Balabikə İsmayılova dərs dediyi şagirdlərə fənlərin fundamental tədrisi ilə yanaşı, ictimai prosesləri də aydın başa salırdı. Məsələn, o, dərsdən əvvəl şagirdlərdə cəmiyyət işi barədə fikir formalaşdırır, uğurlu siyasi fəaliyyətin məhz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra mümkün olduğunu deyir, ölkədə bütün sahələr üzrə əsaslı dönüşün yaranmasını, bu prosesin təhsil sahəsində də aşkar şəkildə özünü büruzə verməsini həmin siyasi fəaliyyətlə əlaqələndirirdi. O, sanki hər bir şagirdə ayrı-ayrılıqda başa salırdı ki, insanların bilikli olması o dövrün ən tələbkar cəhdi idi və bu, prioritet vəzifə kimi hər kəsin qarşısına qoyulmuşdu. Buna görə o dövrdə yüksək ixtisaslı kadrlar yetişdi, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, təhsil ocaqları ən müasir avadanlıqlarla təchiz edildi.

Balabikə İsmayılova peşəsinə dərindən bağlı idi. Hətta o qədər dərindən ki, dərs saatlarında şagirdlər bunun fərqinə vara bilirdilər. Bu sevgi hissinin təsiri ilə illər sonra onlar cəmiyyətin qabaqcıl, peşəkar insanlarına çevrilə bildilər. Bu uğurun təməlində, əlbəttə ki, Balabikə İsmayılovanın diqqət və qayğısı, tövsiyələri, göstərişləri durur. 

Balabikə müəllim dərs dediyi məktəbdə təhsilin çox önəmli sahə olduğunu şagirdlərinə əzmlə başa salır, bu sahənin inkişafına, bu sahədə görülən və gələcəkdə görüləcək işlərə xüsusi diqqət çəkirdi. O, tez-tez valideynlərlə dialoqa girir, belə bir ictimai işin əhəmiyyətinin vacibliyini önə çəkir, evdə də uşaqlara bu zəruri halın aşılanmasını məsləhət görürdü.

Balabikə müəllim milli-mənəvi birliyin, ümumxalq mənafelərimizin əsas özəyində təhsilin durduğunu deyir, şagirdlərə bu sahədə aparılan islahatların faydasını çatdırırdı. Vurğulayırdı ki, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin, dövlətçilik tariximizin müasir mərhələsinin təmin edilməsində də təhsil çox önəmli rol oynayıb. Milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində də təhsilin önəmi çoxdur.

Məhz bu cür ideoloji zəminlər əsasında Balabikə İsmayılova daim vətənimizin, xalqımızın gələcəyini düşünən bilikli şagirdlər yetişdirə bildi. Onun parlaq pedaqoji fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri şagirdlərinin faydalı cəmiyyət insanları olmasında böyük rol oynadı. 

İllərin sınağında bərkiyən Balabikə İsmayılovanın dərs dediyi məktəb, bilik və savad verdiyi şagirdlər üçün yaratdığı münbit şərait elə bu gün də Azərbaycanın real təhsil həyatında aydın təzahür edir.

Nə vaxt təhsildən söhbət düşürdü, Balabikə müəllim deyirdi:

- Təhsil önəmli sahədir; dövlətin əsas ictimai işi bu proses vasitəsilə xarakterizə olunur. Yəni, hansı dövlətdə təhsil ən başlıca həyat amilidir, orada yüksəliş, sivil və beynəlxalq inkişaf pik həddində olur. Çox sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə təhsil öz milli strukturunu formalaşdırdı və hazırda ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında da Azərbaycan öz təhsil prioritetləri ilə dünyada tanınır. Təhsilin inkişaf qaynaqları əsasən məktəblərdir; yəni harada tədris varsa, orada təhsil vətəndaşın əsas maraq dairəsinə çevrilir. Nəticədə, savadlı insanlar yetişir və ölkə bundan faydalanır.  

Bu gün Balabikə İsmayılovanı tanıyan hər kəs səmimi etiraf edir ki, Azərbaycan təhsilinin inkişafında, nailiyyətlər qazanmasında, məktəblərin innovativ təlim-tədris texnologiyalarından geniş şəkildə faydalanmasında, tədris ocaqlarında təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində Balabikə müəllimin əməyi çoxdur və o, bu istiqamətdə zəruri addımlar atıb. Bu, bütünlükdə ölkə təhsilinin milli qayəsidir və beynəlxalq əhəmiyyət kəsb edir.

Təəssüf ki, ömür vəfa etmir. Balabikə İsmayılova da 2023-cü ildə amansız əcəlin acı girdabına tuş gəldi, doğmalarına, Azərbaycan təhsilinə vida etdi. 

İllər keçəcək, təhsil zirvəsinin pillələrində onun adı və ünvanı daim bərq vuracaq.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

“Maraqlı” adlı rubrikamızda növbəti yazını sizlərə təqdim edirik. “Üzüklərin Hökmdarı” dillər əzbəridir, kitab da, film də milyonların sevimlisinə çevrilib. 

Biz də qərara gəldik ki, bu dəfə “Üzüklərin Hökmdarı”ndan danışaq. Axtarıb, arayıb ən maraqlı faktları toplayaraq sizlərə təqdim edirik. 

 

 

1. İngilis yazıçısı Tolkien əslində Cənubi Afrikanın Bloemfontein şəhərində 3 yanvar 1892-ci ildə anadan olmuşdu. Onun atası Artur Reuel Tolkien Britaniya bankının Cənubi Afrikadakı filialında işləyirdi. 

O öz ailəsini erkən yaşlarında itirib.

 

 

2. Ailəsi onu Ronald adlandırırdı. Ronald adını Tolkienin anası Mabel seçib. Tolkienin dillərə olan həvəsini də anası alovlandırıb. Həmçinin Tolkienin anası onun ilk müəllimi olub.  O, botanika dərsləri verməklə Tolkienin bitkilərə olan marağını artırırdı. 

 

3. Tolkien məktəb illərindən dillər yaratmağı sevirdi. Tolkienin əmiuşaqları Meri və Marjori İnkledon, əsasən, heyvan adlarına əsaslanan “Animalik” adlı bir dil icad etmişdilər və bu dil Tolkieni əyləndirmişdi. Daha sonra Meri və Tolkien “Nevboş” adlı daha mürəkkəb bir dil icad etdilər.

 

 

4. Tolkien və həyat yoldaşı Editin epik sevgi hekayəsi var idi. Onlar Tolkienin 16 və Edit Bratın isə 19 yaşı olanda tanış olurlar. Aralarındakı dostluq zamanla sevgiyə çevrilir. Ancaq Tolkienin qəyyumu Frensis Ata bu əlaqəni bəyənmirdi və Tolkienin diqqətini məktəbinə yönəltməsini israr edirdi. Nəhayət, yetkinlik yaşına çatana qədər onların görüşməsini və yazışmasını  qadağan edir. Fransis Atanın ona və qardaşına qarşı mehribanlığını nəzərə alsaq, Tolkienin bu əmri yerinə yetirməməsi mümkün deyildi. Tolkien və Edit üç il ayrı qalır. Tolkien yetkinlik yaşına çatdıqdan dərhal sonra Editi axtarır və ona evlənmək təklif edir. Beləcə, Edit başqa adamla olan nişanını pozaraq təklifi qəbul edir. Tolkien Birinci Dünya Müharibəsi üçün orduya çağırılmadan qısa müddət əvvəl Frans Atanın razılığı ilə evlənirlər.

 

5. Tolkienin dostları ilə qurduğu komanda onun üçün çox önəmli idi. Tolkien onların dostluğunu yüksək qiymətləndirirdi. Kral Edvard Məktəbində oxuyarkən Tolkien, Kristofer Uayzman, Robert Gilson və Geoffrey Bache Smit ilə birlikdə bir klub yaradır: "Çay Klubu" və "Barrovian Cəmiyyəti" onları bir araya gətirir və bu birlik Tolkienin gənclik illərində intellektual inkişafının böyük bir hissəsini təşkil edib.  O həm tələbə, həm də müəllim kimi universitetdə bir çox klublar yaradıb.

 

6. Tolkien Birinci Dünya Müharibəsində vuruşub. Tolkien 1916-cı ildə Fransada cəbhəyə göndərildi.  O, səngər müharibəsinin dəhşətlərini yaşayıb, lakin sağ-salamat xilas olub. Nəhayət, xəndək qızdırmasına tutuldu, o, İngiltərəyə geri göndərildi və müharibənin qalan hissəsində xəstə olaraq yatdı. Müharibə Tolkienə böyük təsir göstərdi.  Məktəbdə klub yoldaşlarından başqa hamısını itirdi. Yalnız Tolkien və Christopher Wiseman müharibədən sonra yenidən görüşdülər. Müharibədən sonra Tolkienin ilk mülki işi Oksford İngilis dili lüğəti oldu və burada isti, arı, su, fitil və qış sözlərinin etimologiyasını araşdırmağa başladı. Akademik fəaliyyətini davam etdirmək üçün 1920-ci ildə oranı tərk edir.

 

7. Tolkienin dram həvəsi var idi. J.R.R.  Müasir fantaziya ədəbiyyatının atası kimi tanınsa da, Tolkien təkcə yazıçı deyil, həm də qədim ingilis və qədim norveç ədəbiyyatı üzrə mütəxəssis idi.  O, 1925-1959-cu illərdə Oksford Universitetində bu mövzuda mühazirə oxuyan yorulmaz müəllim kimi tanınırdı. Müqaviləsində ildə 36 mühazirə oxuması nəzərdə tutulsa da, o bu rəqəmi 70-136-ya çatdırıb.  Mühazirələrdə o, adi akademikdən daha çox ifa edən sənətkar kimi davranırdı.

 

 

8. 1917-ci ilə qədər Tolkien Quenya adlı bir elf dilini inkişaf etdirdi və onu çox mürəkkəb bir şəkildə icad etdi. O ondan Sindarin adlandırdığı başqa bir elf dili yaratdı.  Onun icad etdiyi dillərin, həqiqətən, canlı olması üçün dillərin tarixə və sujet xəttinə ehtiyacı var idi.  Tolkienin icad etdiyi dillərin həyatını üzə çıxarmaq axtarışı və İngiltərə üçün mifologiya yaratmaq həvəsi Silmarillion-un yaranmasına səbəb olub.

 

9. Bədii ədəbiyyat yazmaq onun üçün sadəcə bir hobbi idi. Tolkien üçün fantastika yazmaq hobbidən başqa bir şey deyildi. Əslində, onun ən çox dəyər verdiyi əsərlər köhnə İngilis dili ilə bağlı akademik yazıları idi.

 

10. “Hobbit”in ilk sətri Tolkienin qiymət verdiyi imtahan kağızının boş vərəqində tərtib edilmişdir. Tələbələrdən biri imtahan vərəqlərindən birinin üzərində heç bir yazı yazmadan Tolkienin qarşısında qoyur və Tolkien kağıza məşhur kitabının girişini yazır:

 'Yerdəki çuxurda bir hobbit yaşayırdı.'

 

 

11. Tolkien özünü hobbit hesab edirdi. Yaratdığı bütün uydurma varlıqlar arasında Tolkien ən çox hobbitlərlə eyniləşirdi.  “Boyumdan başqa mən əslində hobbitəm. Mən bağları, ağacları və əkilməmiş əkin sahələrini sevirəm, tütün çəkirəm və sadə yeməkləri sevirəm, amma fransız yeməklərinə nifrət edirəm.  Mən dəbli jiletləri sevirəm və hətta bu darıxdırıcı günlərdə onları geyinməyə cəsarət edirəm.  Mən göbələkləri sevirəm, çox sadə yumor hissim var. Gec yatıram, gec oyanıram. "Mən çox səyahət etmirəm."

 

 

 12. Frodonun əsl adı Bingo idi. Tolkien "Hobbit"in davamını yazmağa başlayanda Bilbonun qardaşı oğlunun adını uşaqlarında olan oyuncaq koala ayıları ailəsinin şərəfinə qoymuşdu, lakin yazı irəlilədikcə və "Üzüklərin Hökümdarı" daha tünd bir ton aldı, Bingonun adı Frodo oldu.

 

 

13. Tolkien yazdığı kitabların populyarlığına çox təəccüblənirdi. O öz mifoloji kainatını yaratmaq səyinin yalnız bir hissəsi olan "Hobbit" və "Üzüklərin Hökmdarı" kitablarına göstərilən marağı anlamaqda çətinlik çəkirdi.  Kitablarına olan bu marağa baxmayaraq, o, əsərlərinin kifayət qədər epik olmadığını düşünür və uyğunlaşmaları tənqid edirdi. Bu gün sağ olsaydı, yəqin ki, Leqolas kostyumunda gəzən və ya özünü elfə çevirən pərəstişkarlarına heyrətlə baxardı.

 

 14. Tolkienin bir çox əsərləri ölümündən sonra oğlu Kristofer Tolkien tərəfindən redaktə edilmiş və nəşr edilmişdir.  Bu əsərlərə “Silmarillion”, “Orta Dünyanın Tarixi” və “Beren və Lütyen” kimi şah əsərləri daxildir.

 

 

15. Onların evlilik həyatı gündəlik sürtünmələrlə dolu olsa da, Tolkien və Edit 1971-ci ildə Editin ölümünə qədər bir-birlərinə sadiq qalırlar. Tolkien katolik, Edit isə protestant olduğundan atası Tolkienə "əgər o qızla münasibətini davam etdirsən təhsil həyatın bitər" deyir, Tolkien məcburən qızla görüşmür. Məhz onların bu hadisəsi,  Beren və Lutiyen hekayəsində davam etdirilir. Beren və Lutiyen qovuşmaq istəyən iki aşiqdir, amma biri elf, digəri isə insandır. Buna görə də görüşmələri qadağa idi və münasibətlərinə icazə verilməmişdi. Başlarına bir çox hadisələr gəlmiş olsa da, nəysə ki, evlənməyi bacarmışdılar.

1972-də Edit öldüyündə başdaşının üzərinə Lutiyen adlı bir elfin adını həkk edir. Və özü də öldüyü zaman qəbrinin üzərinə "Beren" yazılır.

 

 

 “Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Elfida, sen eski bir şarkısın

Elfida, beni fark etme sakın

Omzumda iz brakma yüküm dünyaya yakın

Elfida, hep aklımda kalacaksın 

 

İnsan bəzən iç dünyasında yaşadıqlarını və hər düşüncəsini açıq bir şəkildə, doğrudan dilə gətirib ifadə edə bilmir. Bunun üçün isə hər insanın haqlı-haqsız özünə görə bir çox səbəbləri olur.

Amma eyni zamanda da insan içində yaşadıqlarını, hiss etdiklərini, düşüncələrini doğrudan olmasa belə daim bir şəkildə ifadə etmək ehtiyacı duyur. Bir nəbzə də olsa ruhuna ağırlıq edən mənəvi yüklərini bir yolla içindən atmaq və bununla da arınmaq, rahatlamaq istəyir. 

Və belə məqamlarda çox zaman insanların köməyinə ədəbiyyat və incəsənət gəlir.

Məsələn, kimisi çəkdiyi rəsmlərlə, kimisi bəstələdiyi musiqilərlə ifadə edir öz hisslərini.

Və kimisi də belə məqamlarda bədilliyin arxasına sığınmağı seçir. 

Buna misal olaraq türk sənətçisi Haluk Leventin "Elfida" adlı mahnısını qeyd edə bilərik.

"Səni yazmağa nə vadar etdi, yazmağına nə səbəb oldu"-, kimi suallara cavab olaraq da mən hər zaman Elfida əsərinin hekayəsini misal çəkmişəm.

Hər nə qədər sevgi mahnısı kimi anlaşılıb sevilsə də “Elfida” mahnısının çox fərqli bir hekayəsi var əslində.

Haluk Levent  bu mahnını xərçəng xəstəliyindən əziyyət çəkən Beyzanur adlı 4 yaşlı bir qız üçün yazıb.

Beyzanurun xəstəliyindən və ailəsinin çətin vəziyyətindən xəbər tutan müğənni  3-4 il boyunca onun sağalması üçün əlindən gələn hər şeyi edir. Lakin bir gün həkimlər ona Beyzanurun vəziyyətinin çox ağır olduğunu və artıq ondan ümidi kəsib vazkeçməsini, onu gözdən çıxarmasını söyləyirlər. Özü də o vaxtlar ağır günlər keçirən, şirkətləri batmış Haluk Levent bu kədərli xəbərlə sarsılır. Həmin vaxt Haluk Leventin yanında musiqiçi dostu Emrah Aydoğdu da olur. Emrah Aydoğdu Haluk Leventə Osmanlıcada vaz keçilən, gözdən çıxarılan qadınlara “Elfida” deyə xitab olunduğunu söyləyir.

Və bu məlumatı öyrəndikdən sonra Haluk Levent Beyzanuru düşüniərək “Elfida” mahnısının sözlərini qələmə alır. Mahnını yazar-yazmaz da xəstəxanaya gedib balaca Beyzanura oxuyur. Amma kiçik qız mahnını ona yazıldığından xəbərsiz dinləyir.

Haluk Levent mahnının sözlərində

"Elfida beni terk etme sakın" cümləsi yerinə 

"Beni fark etme sakın" deyə yazır.

"Omzumda iz bırakma" cümləsində isə özünün də o aralar çətin günlər keçirdiyini ifadə edir. Yəni bir də sən getmə deyir.

"Kim bilir kaç yüz yıldır sarılmamış kolların"  misrası isə ailəsinin uzun illər Beyzanuru doya-doya qucaqlaya bilməməsini ifadə edir.

Haluk Levent hər nə qədər onun üçün əlindən gələn hər şeyi etsə də təəssüfki Beyzanur 8 yaşında dünyasını dəyişir və müğəninin dediyinə görə ailənin daha sonralar bir qız övladları daha olur və Haluk Leventin istəyi ilə onun adını Elfida qoyurlar. 

" Kim bilir kaç yüzyıldır sarılmamış kolların " 

" Beni fark etme sakın " 

" Omzumda iz bırakma yüküm dünyaya yakın  "

" Hep aklımda kalacaksın " 

Və “Elfida” mahnısının buna bənzər bir neçə misrası..

 

Bəzən qurduğumuz cümlələrin ətrafımızdakıların dərk etdiyindən daha böyük və daha dərin mənaları olur əslində.

Lakin bəzən anlaşılır bu mənalar,  bəzən isə önəm verilmir, keçilir üstündən və anlaşılmır.

Və bəzən də içimizdə daşıdığımız, fəqət dilə gətirə bilmədiyimiz duyğu və düşüncələrmizi simvolik, şərti, sətiraltı mənayla qələmə alıb bədiiliyin arxasında gizlədərək ifadə edirik.

Eynilə Haluk Leventin “Elfida” mahnısında

misraların arxasında gizlətdiyi dərin mənalar kimi.. 

 

Şımartılmamış aşkın sessizliğe yakın

Kim bilir kaç yüz yıldır sarılmamış kolların

Sisliydi kirpiklerin ve gözlerin yağmurlu

Yorulmuşsun, hakkını almış yılların 

 

Elfida, bir belalı başımsın

Elfida, beni fark etme sakın

Omzumda iz brakma yüküm dünyaya yakın

Elfida, hep aklımda kalacaksın 

 

Xoş dinləmələr!

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

“Ədəbiyyat və incəsənət” portalı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “”Kəlağayı Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı ilə müsahibəni sizlərə təqdim edir. Söhbətəşdi: Vaqif Osmanlı. 

 

     - Salam, Güllü xanım. 

 

     - Salam, Vaqif müəllim.

 

     - Güllü xanım, 2023-cü il oktyabrın 1-dən 24-ə qədər rəhbəri olduğunuz Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində qalib olan “Kəlağayı, əlvan qıyğacı” layihənizə Xəzər Universitetindəki tədbirlə yekun vurdunuz.

 

     - Bəli, layihə çərçivəsində oktyabr ayında Qazaxda, İsmayıllıda, Şəkidə və nəhayət Bakıda silsilə tədbirlər keçirildi. Kəlağayımızı yaddan çıxmağa, sandıqda qalmağa, unudulmağa qoymamalıyıq. Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın səyi nəticəsində Uneskonun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Kəlağayımız Azərbaycanın  mədəniyyət  nümunəsi kimi formalaşsa da, dünya birliyi tərəfindən tannması və qəbul olunması Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır.  Milli dəyərimiz Azərbaycan xanımlarının baş tacı, namus, ismət örtüyü, yaraşığı, gözəlliyinə gözəllik qatan kəlağayını Vətənimizin ayrı-ayrı bölgələrində təbliğ etməyi qarşımıza məqsəd qoymuşduq. Məqsədimizə çatdıq. Bölgələrimizdə kəlağayıya sevgi məni sevindirdi. İşimizdən zövq aldıq. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə  bölgələrdə ədəbi bədii gecələr keçirdik və  “Kəlağayı, əlvan qıyğacı” kitabı işıq üzü gördü. Kitabda 73 müəllifin kəlağayıya həsr olunmuş şeiri dərc olundu.  Mən deyərdim ki, kəlağayıya həsr olunmuş ilk şeirlər kitabıdı bu kitab. İlk tədbirimiz Qazaxda Ədəbiyyat Muzeyində  keçirildi.

 

     - Niyə tədbirlər silsiləsini Qazaxdan başladınız?

 

     - Bilirsiniz, mən ilk dəfə kəlağayını Qazaxda, Cahan nənəmdə və onun rəfiqələrində, kəndin ağbirçəklərində qız- gəlinlərində  görmüşəm. Nənəm sandığında uzun illər saxladığı iki kəlağayıdan birini – soğanı kəlağayısını urvat kimi saxlamağı məsləhət bilib mənə əmanət edəndə məktəbli idim. Qazax mənim dədə-baba yurdumdu. Həm də doğma torpaq, yurd istər-istəməz çəkir adamı.  

     Tədbirdə AYB-nin Qazax bölməsinin sədri Barat Vüsalın çıxışı yadda daha çox qaldı. Şair qeyd etdi ki, bu görüş məni analı, bacılı gnlərimə, keçmişə  apardı. Mənə şeir yazdırdı. Barat müəllimin “Anam kəlağaydı, kəlağay anam” misraları yaddaşıma həkk olundu. Hətta düşündüm ki, kəlağayıdan bəhs edən ədəbi nümunələr toplanmış üçüncü kitaba “Anam kəlağaydı, kəlağay anam” adını verim. Barat Vüsalın şeirindən bir bənd inanıram ki, hamının kəlağayı sevgisini artıracaq:

  Kəlağay deyildir adi bir örtü,

 Oxumaq istəsən himn olacaqdır.

 Qızlar, başınıza kəlağay örtün,

 Nə arzu etsəniz hasil olacaq,

 Nə yuxu görsəniz çin olacaqdır.

     Qazaxdan sonra İsmayıllıda, Şəkidə və nəhayət Bakıda – Xəzər Universitetinin Fikrət Əmirov adına Mədəniyyət Mərkəzində möhtəşəm ədəbi- bədii gecələr keçirildi.

 

     - Noyabr ayının 1-dən 26-na kimi Azərbaycanda “ Sazlı Sözlü Kəlağayı günləri” keçirmək qərarınıza birdən-birəmi gəldiniz?

 

     - Bilirsiniz, son illər kəlağayıya diqqət çoxalıb. Bu işdə bizim də böyük rolumuzun olduğunu tez-tez müxtəlif görüşlərdə vurğulayırlar. Bakıda keçirdiyimiz tədbirlərə Azərbaycanın hətta ən ucqar kəndlərindən ağbirçək və ağsaqqal insanların gəlməsi məni düşündürdü. Hətta kəlağayıdan bəhs edən şeir və hekayələrdən ibarət kitabları çapa hazırlayanda bölgələrdən daha çox yazılar göndərirlər. Qərara aldım ki, mən onlarla görüşə gedim. Müvafiq qurumlara müraciət etdim, müsbət cavab aldım. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mənə dəstək oldu. Noyabr ayının 1-də Naxçıvanda, 5-də Tovuzda, 7-də  günorta  Gəncədə, 7-də axşam Naftalanda, 11-də Sumqayıtda, 13-də Şamaxıda, 15-də İsmayıllıda, 17-də Şəkidə, 20-də Bakıda, 22-də Qazaxda “Sazlı Sözlü Kəlağayı günləri” keçirməyi qərara aldıq.  Sonda  Bakıda Beynəlxalq Muğam Mərkəzində ''Anam Kəlağaylı bir muğamıydı'' adlı final  konserti verəcəyik. 

 

     - “Kəlağayı günləri” nə Naxçıvandan start götürməyinizi alqışladım. O qədim diyarın əhalisi neçə-neçə illərdi mühasirə şəraitində yaşayır. Bakı və başqa ərazilərlə ünsiyyəti çətindir. Elmə, mədəniyyətə, sənətə yüksək dəyər verənlərin müxtəlif tədbirlərdən uzaq düşməyimi siz Naxçıvandan başlamağa vadar etdi?

 

     - “Tarixlərin çox nişanı, hər daşın köksündə ox nişanı” olan Naxçıvanın əhalisinin zəngin mənəvi dəyərlərə xüsusi sayğı göstərdiyini bilirik. Orada milli kökümüzə, milli ruhumuza, zəngin adət-ənənələrə və mədəniyyətimizə sadiqlik həmişə möhkəm olub. Naxçıvan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin qaymaqlarını yetişdirən qədim Türk diyarıdır. Burda mənəvi dəyərimiz kəlağayıya da sevgi var.

     Bir üst-üstə düşən məqamı da qeyd edim. Oktyabrın 31-də “Mədəniyyət” kanalında kəlağayıya həsr olunmuş verilişin qonağı olacağam, o veriliş qurtaran kimi Naxçıvana yola düşürəm. Necə deyərlər, Naxçıvan səfərimə “Mədəniyyət” kanalı uğurlu yol arzulayacaq. Bu da uğura bir stimuldur. 

 

     - Həm də “Kəlağayı günləri”ndə yenicə çapdan çıxmış “Anam kəlağaylı bir muğamıydı...” kitabı sizə yol yoldaşı olacaq.

 

     - Xalq Şairi Nəriman Həsənzadənin bir misrasından adı götürülən bu kitabımız çox maraqlı yazılarla zəngindi. Həmin günlərdə redaktorluq etdiyim kəlağayıya həsr olunmuş üçüncü kitabın təqdimatları da olacaq. Maraqlıdır ki, ikinci kiabın adı da Aşıq Ələsgərin “Kəlağayı, əlvan qıyğacı” misrasından götürülüb.

 

     - Bölgələrdə yaşayan kəlağayısevərləri  sizin şəxsi “Kəlağayı Muzeyi” çox maqaraqlandırır. Ziyarət etmək istəyənlərin sayı gündən günə çoxalır. Muzeydə hansı yeniliklər bizi gözləyir?

 

     - Azərbaycanın hansı guşəsinə qədəm qoysam, birinci sual kəlağlyıdan olur, və “Kəlağayı Muzeyi”ni soruşurlar. Maraqlı eksponatların sayı artır. Artıq 200-dən çox kəlağayı həm qorunur, həm muzeyi bəzəyir. Yeni kəlağayıların çoxunu kəlağıyıya dəyər verənlər təmənnasız muzeyə hədiyyə verib. Qazağın Qaymaqlı kəndindən Vəfa Məmmədova qaynanası Nigar xanımın qırmızı zəkiyyə şalını, Şahnaz Səmədqızı  anası Zalxa İsmayılqızının qara xallı yasəmən yelənli kəlağayısını, Ağsudan şair Mərziyyə Sarvan anasının “Ağzəmin” kəlağayısını, İsmayıllıdan şair xanım Turac Hilal qaynanası Sürahi ananın qaynanası Sədəf ananın kəlağayısını və yun darağını muzeyə verib. Qazax səfərimizdə Xanlıqlar kəndində Çingiz Məhərrəmlinin evində qonaq olduq. Mənim başımdakı kəlağayını görən Çingiz bəyin  anası Ayşə xanımın sandığındakı iki “Ağzəmin” və bir qara yasəmən  yelənli kəlağayını muzeyə hədiyyə etdi. 

     Alim və şair xanım Fəridə Ləman ulu nənəsinin, əziz anasının artıq beşinci kəlağayısını hədiyyə edib muzeyimizi zənginləşdirdi. Bu kəlağayı həm qədimliyinə, həm də rəng, ornament və milli naxışlarına görə çox qədim sənət incisidir, 

     Rəssam Natiq Nəcəfzadə  kəlağayılı qadın rəsmlərini Xəzər Universitetindəki ədəbi-bədii gecədə muzeyə təqdim etdi.

     Zəngilandan yeddi məzarsız şəhidin ağac materialı üzərində yonulmuş tablosunu yeddi şəhidin anım günündə zəngilanlı Zöhrab müəllim muzeyə bağışladı. 

     Muzeydə bir kəlağayı da var, '' qəmli kəlağayı''. Çox təsirlidir. Şəhid Zaur İsmayılzadənin anası, birinci Qarabağ müharibəsi qazisi Sevil xanım anasının Zaurun nişan xonçasına qoymaq üçün verdiyi kəlağayını mənə verəndə çox kövrəldim, özümə söz verdim ki, ömrüm boyu bu əmanəti muzeyin ən qiymətli eksponatı kimi qoruyacağam. 

 

     - Artıq dörd ildir ki, siz noyabrın 26-sı gününə xüsusi hazırlaşırsınız. Hər il həmin gün – kəlağayının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması günündə böyük tədbir keçirirsiniz. Bu il nə ilə yadda qalacaq?

 

     - 26 noyabrı “Azərbaycan kəlağayısı günü” kimi keçirmək ideyasını ilk dəfə mən vermişəm,  2019-cu ildə Rəşid Behbudov adına Mahnı Teatrındakı ədəbi-bədii gecə keçirmişik. Bundan sonra hər il Azərbaycanda  26 noyabr  “Kəlağayı günü” kimi qeyd edilir. Keçən il Beynəlxalq Muğam Mərkəzinin foyesində kəlağayı sərgisi keçirildi. Sərgidə şəxsi “Kəlağayı Muzeyi”nin kəlağayıları ilə birlikdə Azərbaycan rəssamlarının kəlağayını təbliğ edən rənggarlıq əsərləri də nümayiş etdirildi. Bu il də Beynəlxalq Muğam Mərkəzində kəlağayı sərgisi və sərgidən sonra geniş konsert proqramı keçiriləcək. Konsertdə aşıq tanınmış aşıq, şairlər , qiraətçilər,müğənnilər və  Mədəniyyət və İncəsənət Universitetinin “Şuşam” xor qrupu iştirak edəcəklər.

 

     - Bu tədbirlər, ədəbi-bədii gecələr həm də vaxt və enerji tələb edir. Bu sizin yaradıcılığınıza mane olmurmu?

 

     - Bilirsiniz ki, mənim poeziyaya, saza həvəsim çox böyükdür. Həmişə ustadlardan öyrənmişəm, bu gün də öyrənirəm. Kəlağayı sevgimin mükəmməlləşməsində poeziyanın rolu danılmazdır. Klassiklərin əsərlərində kəlağayıya aid bir bənd, bir beyt, hətta bir misra tapanda sevinirəm, tez əzbərləyirəm. Asudə vaxt tapan kimi kitab mütaliə edirəm, könül duyğularımı sözə çevirirəm.

 

     - Kəlağayını bu qədər ürəkdən, yorulmadan təbliğ edirsiniz. Onun nəticələrini görürsünüzmü?

 

     - Hara gedirəmsə, başımda, yaxud çiynimdə kəlağayı olur. Yanımdan keçənlər də maraqla baxırlar. Keçən il Ərzurum şəhərində Uluslararası Türk Dünyası Simpoziumunda iştirak etdim. 40-dan çox Türk dövlətinin nümayəndələrinin iştirak etdiyi mötəbər tədbirdə məni kəlağayı ilə görənlərin marağı məni qürurlandırdı.

     Mənim bölgələrə üz tutmağımın səbəbi də regiondakıların kəlağayı sevgisidir. Onlar belə tədbirlərdə həvəslə iştirak edir, alqışlayırlar. Bu mənə güc, həvəs verir, yaradıcılıq, fəaliyyət imkanlarımı genişləndirir. Hamı “Kəlağayı Muzeyi” ilə maraqlanır, muzeyi görmək istəyir.

    Bakıda məni kəlağayıda görən məktəblilər məktəbə dəvət edib görüş keçirmək istəyəndə zəhmətimin bəhrəsinin şirinliyini duyuram.

 

      - Kəlağayı haqqında çoxlu şeirlər yazılır. Sizin təbliğatınız, kəlağayı sevginiz şairləri kəlağayıya kökləyib. Kəlağayı haqaqında 3 kitabınız işıq üzü görüb. 4 - cü kitaba da şeirlər, məqalələr, yazılır. Sonuncu şeiri kim yazıb?

   Elə bu gün tədbirdə şair qardaşım Vəli Qaraçaylı yazdı:

Kəlağayı butasınnan bəllidi

Nənələrin ismətidi kəlağay.

Kəlağayın bircə üzü güllüdü,

Güllümüzün qismətidi kəlağay.

Çox xoşum gəldi şeirdən. Kəlağayı haqqında yaxşı misraları kitabın adı üçün düşünürəm.  

 

     - Sizə işinizdə dəstək olanlar varmı? Bilirəm ki, bu işləri görmək üçün mütləq heç olmasa mənəvi dəstək lazımdır.

 

     - Var. “Kəlağayı əlvan qıyqacı'' layihəsi  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyə dəstəyi ilə  həyata keçirildi. QHT Dövlət Dəstəyi Agentliyinə Mirvarid Dilbazi i Poeziya Məclisi adından  hər zaman minnətdarıq.

Layihədən kənar çox tədbirlərimiz olur.

Heç bir tədbir asan başa gəlmir. Keçirdiyim bütün tədbirlərdə, qazandığım bütün uğurlarda  maddi dəstəyə ehtiyacım olmasa da mənəvi dəstək umuram. Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müavini Vüsal Sehranoğlu mənə həmişə mənəvi dayaq olur. Demək olar ki, bu yolda təmannasız xidmət edir. Bir var vəzifə borcu , bir də  var  vicdan borcu. Vüsal Sehranoğlunun  xalqa, mədəniyyətə, incəsənətə, Mirvarid Dilbazi Poeziya Məclisinə xidməti 'vicdan borcudur''. Demək olar ki, mən bu işləri tək bacarmazdım. Bu qədər işlərin öhdədindən bərabər gəlirik. Onun kəlağayı bilgisinə, dəyərinə heyranam. 

     Mədəniyyət Nazirliyinin, rayonların İcra Hakimiyyətlərinin rəhbərliklərinin tədbirlərin təşkilinə dəstəyi mənə ruh yüksəkliyi verir, yeni görüşlər üçün təməl yaradır. Təşəkkürüm onlara sonsuzdur. Bu görüşlərdə kəlağayı ilə yanaşı söz, saz da təbliğ olunur. Məktəblilərin çıxışları möhtəşəm olur. Xəzər Universitetindəki ədəbi-bədii gecədə İsmət Qayıbov adına  1 saylı Sumqa yıt  məktəbiinn 2-ci sinif şagirdi Fərman Əzizovun , məktəbli aşıq qızımız Nərmin Gədəbəylinin  çıxışları sürəkli alqışlarla qarşılandı. Bu kəlağayı ilə bərabər, sözün, sazın, musiqinin bayramıdı.

 

     - Kəlağayı, saz, söz sevərlərə, ümumiyyətlə, xaqımıza arzularınız?

 

     - Bir ilahi yola çıxmışam. Çətinliklər məni qorxutmur., məsuliyyətimi birə-beş artırır, bu yolda yorulmadan  addımlamağıma kömək edir.

     Xalqımıza milli-mənəvi dəyərimizi sevgi ilə qorumağı, söz, saz, kəlağayı kimi mənalı və uzun ömür arzulayıram.

 

     - Mən də sizə bu fəaliyyətinizdə uğurlar, qələbələr, sevincli günlər arzulayıram. Dəyərli vaxtınızı müsahibə üçün ayırdığınıza gərə təşəkkür edirəm.

 

     - Çox sağ olun ki, siz də müsahibə üçün vaxt ayırdınız. Təşəkkür sizə düşür.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Friday, 27 October 2023 16:16

Nigar Həsənzadəyə vəzifə verildi

 

Tanınmış şair, Beynəlxalq Medelyin Poeziya Hərəkatının koordinatoru Nigar Həsənzadəyə vəzifə verilib. O, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun  Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin rəhbəri təyin olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Nigar Həsənzadə söyləyib:

-Bir müddətdir ki, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu ilə əməkdaşlıq edirdim. Fonddan təklif gəldi və təklifi qəbul etdim, fondun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin rəhbəri təyin olundum. Mənə göstərdiyi etimada görə fond rəhbərliyinə təşəkkür edirəm. 

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

 


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayeləri üzrə tədris və inkubasiya mərkəzində Cultech Akademiyası üçün müraciətlərin qəbuluna başlandı. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

Cultech Akademiyası proqramları mədəniyyət texnologiyaları sahəsində fəaliyyət göstərmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlib.

Mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursunun nəznində tələbələrə “Flutter” ilə mobil proqramlaşdırmanın əsasları, tətbiq interfeysinin hazırlanması, vidcet strukturları, mənbələr və alətlərin öyrədilməsi nəzərdə tutulub. Həmçinin tələbələrə artırılmış reallıq (AR) texnologiyalarının əsas prinsipləri və praktiki vərdişlər tədris ediləcək.
Kurs 4 ay müddətinə yekunlaşacaq. Təlimin sonunda bütün iştirakçılar diplom işləri hazırlayaraq ilk peşəkar portfolioya sahiblənəcəklər.
Qeydiyyat oktyabr ayının 31-nə kimi davam edəcək. Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub Cultech Akademiyası bölməsindən qeydiyyat üçün müraciət edə bilər.

“Ədəbiyyat və incəsənət”
(27.10.2023)

 

Bir elanı nəzərinizə çatdıraq. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 3 noyabr tarixində saat 10:00-da Tərtər rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 29) Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

Vətəndaşlar 1 noyabr 2023-cü il tarixinə qədər Qarabağ Regional Mədəniyyət İdarəsinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (022) 236-31-79 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

 

Polşanın Varşava Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, eləcə də Azərbaycan, Qazaxıstan və Türkiyənin Polşadakı səfirliklərinin birgə təşkilatçılığı ilə “Polşa və Türk dünyası” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, konfransı açıq elan edən Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyoter Taraça və Türk Elmləri Departamentinin başçısı A.Bareja-Starzynska Polşa və Türk dünyası arasında tarixi bağlardan, tədbirin əhəmiyyətindən və universitetin türk mədəniyyətinin araşdırılması sahəsində fəaliyyətindən danışıblar.

Azərbaycanın və Qazaxıstanın Polşadakı səfirləri Nərgiz Qurbanova və Alim Kirabayev, eləcə də Türkiyənin Varşavadakı müvəqqəti işlər vəkili Çağdaş Bilgin təmsil etdikləri ölkələr və Polşa arasında əməkdaşlıq əlaqələrindən, türk xalqları arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərindən, türk xalqlarının biri-birinə gələcəkdə daha da yaxınlaşmasının önəmindən bəhs ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənova öz çıxışında son illər ərzində türk dövlətləri və xalqları arasında inteqrasiya proseslərinin sürətləndirilməsi, birgə tarixin, mədəniyyətin və ortaq köklərin türk birliyinin əsasını təşkil etməsi, eləcə də türk dəyərlərinin Polşada müzakirəsinin ənənəvi hala çevrilməsini qeyd edib. L.Həsənova Fondun çoxəsrlik türk mədəniyyətinin və irsinin Türk dünyası və onun hüdudlarından kənarda qorunaraq təşviq edilməsi, müxtəlif Avropa ölkələrində, xüsusilə Polşa, Rumıniya və Litvada yaşayan türk kökənli xalqların zəngin irsinin qorunması və daha geniş auditoriyalara tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyət və beynəlxalq layihələrdən söz açıb.

Konfrans müxtəlif sessiyalar çərçivəsində keçirilən müzakirələrlə davam edib. Tədbirin sonunda 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı”, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinə həsr olunmuş sənədli film nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.