![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Eyni gündə dünyaya gəlmiş və eyni ildə vəfat etmiş iki görkəmli alimimiz barədə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Həyatın qəribəliyinə bir baxın. 1906-ci ilin 15 dekabrında – eyni gündə dünyaya gələn iki görkəmli alimimizin ikisi də geologiya sahəsində parlayıb, ömürləri də eyni ildə - 1981-ci ildə qırılıb. Qısa da olsa, gəlin onların fəaliyyət yollarına nəzər yetirək.
Həsən Əhmədov Qərbi Azərbaycanın Zəngəzur qəzasının Sisyan rayonunda anadan olub. 1933-cü ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsini bitirib, müxtəlif işlərdə çalışıb, 1951-ci ildə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İdarəsinin direktoru, 1965-1977-ci illərdə Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialının direktoru olub. Həsən Əhmədov 1959-cu ildə professor elmi rütbəsini alıb, 1967-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilib. Onun ən böyük fəaliyyəti Qobustan-Şamaxı neft-qaz rayonunun tədqiqidir, eləcə də Azərbaycanın Mezozoy çöküntülərinin öyrənilməsinin və kəşfiyyatının ilk təşkilatçılarından biri olmasıdır. SSRİ rəhbərliyi ona Qubkin adına mükafatı da bu böyük əməyə görə verib. 1968-ci ildə Türkiyədə dörd ay müddətində rəsmi geoloji məsləhətçi kimi çalışan alimimiz Türkiyənin 7 illik geoloji planını da hazırlayıb. Alim 160 elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Onun elmi rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb. H.Əhmədov iki dəfə “Şərəf” ordeni, üç dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, “Əmək rəşadəti”, “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 1981-ci il iyul ayının 9-da Bakıda vəfat edən alimimizə “ruhu şad olsun” deyirik.
Dünya Ağalarova isə Şamaxıda anadan olub. 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirib. 1949- 1954-cü illərdə Türkmənistan SSR EA Geologiya İnstitutunun paleontologiya laboratoriyasının rəhbəri olub və Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxuyub. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat Neft və Layihə İnstitutunda stratiqrafiya laboratoriyasına rəhbərlik edib. O, 1965-ci ildə Azərbaycan paleontoloqu, geologiya-mineralogiya üzrə professor adını alıb. Dünya Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim - paleontoloqdur. O, geologiya-mineralogiya sahəsinə bir sıra yeniliklər gətirib, bir-birindən uzaq olan kəsilişlərdəki eyni yaşlı çöküntüləri korrelyasiya etmə ideyasını ilk dəfə o tətbiq edib. Onun geologiya-mineralogiya sahəsində elmi kadrların hazırlanmasında böyük xidmətləri olub, 100-dən artıq elmi əsərin müəllifidir. Elmi nailiyyətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilən Dünya Ağalarova 1981-ci il avqust ayının 15-də Bakıda vəfat edib, Allah rəhmət eləsin!
Olduqca maraqlıdır, görəsən bu iki şəxs həyatda tanışmı idilər?
“Ədəbiyyat və incəsənət”
(15.12.2023)
Bu gün xalq şairi şair Ramiz Rövşənin 77 yaşı tamam olur
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Göy üzü daş saxlamaz deyən, amma həmvətənləri hey göy üzünə daş tolazlayan Ramiz Məmmədəli oğlu Əliyev 1946-cı il dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olub, 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, 1976-1978-ci illərdə Moskvada Ali Ssenari kurslarını bitirib. Şairin “Bir yağışlı nəğmə” adlı ilk şeirlər kitabı 1970-ci ildə işıq üzü görüb. 1971-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kinojurnalı studiyasında redaktor kimi işə başlamış Ramiz Rövşən 1987-1992-ci illərdə artıq kinostudiyaya baş redaktorluq edib. “Göy üzü daş saxlamaz” və “Kəpənək qanadları” adlı növbəti iki kitabı ilə o, ümumxalq sevgisi qazanıb. Şeirlərində vətənpərvərlik, bəşəri məhəbbət, müdriklik poetik şəkildə təcəssüm edir. Özünəməxsusluq, bənzərsizlik onun şeirlərinin qayəsindədir. O poeziyamızda yeni irs, yeni cığır açmış və bu irsə öz möhürünü vurmuş əvəzedilməz təkrarolunmaz bir şairdir. Flora Kərimovanın əsrarəngiz “Bağışla”, “Bu qatarın dalınca baxma” kimi mahnılarının mətnləri də onundur. “Babamızın babasının babası” (1981), “Şəhərli biçinçilər” (1986), “Süd dişinin ağrısı” (1987), “Özgə vaxt” (1996), “Məkanın melodiyası” (2004), “Qala” (2008) kimi tammetrajlı bədii filmlərin ssenari müəllifi də odur. “Bulud niyə ağlayır?” və “Pıspısa xanım və siçan bəy” kimi məşhur cizgi filmlərinin, “Kişi sözü”, “Gecə qatarında qətl”, “Kamança”, “Hacı Qara”, “Küçələrə su səpmişəm” kimi tammetrajlı bədii filmlərin də mahnı mətnlərinin müəllifidir.
Ramiz Rövşənin şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ-da, Almaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə, İranda çap olunub. Ramiz Rövşən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2019-cu il may ayının 25-də “Xalq şairi” fəxri adına layiq görülüb. Təbriklər, böyük şair!
“Ədəbiyyat və incəsənət”
(15.12.2023)
Səttar Bəhlulzadə, Eyfel qülləsi və “Qurdlar vadisi”
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Biz xalq şairimiz Ramiz Rövşən, eləcə dəeyni gündə dünyaya gəlmiş və eyni ildə vəfat etmiş iki görkəmli alimimiz – Həsən Əhmədov və Dünya Ağalarovanın barədə ayrıca söz açaçağıq. Bu günə təsadüf edən digər əlamətdar hadisələri də diqqətinizə çatdırırıq:
15 dekabr.
Beynəlxalq Zamenqof, yaxud Esperanto günü
Bu gün beynəlxalq dil yaratmaq sahəsində böyük təhqiqatlar ortaya qoyaraq esperanto dilini yaratmış polşalı Lazar Zamenqofun doğum günüdür, bu şərəfə belə bir günü dünyada qeyd edirlər. Hazirda dünyada iki milyon insan bu dildə danışır, əlbəttə ki, heç də az deyil.
Bizlər də türk dünyası üçün ortaq türk dili yaratmaq amacındayıq, xeyirli və uğurlu olsun.
Peşəkar fəaliyyətləri zamanı həyatlarını itirən jurnalistlərin xatirə günü
Rus demokratlarının təklifi ilə təqvimə salınmış bu gündə vurğulanır ki, hər il müxtəlif şəraitlərdə 20-yə yaxın rus jurnalisti və reportyoru həlak olur, bəzi jurnalist ölümlərinin üstü açılmır, Vladislav Listyevin, Dmitriy Xolodovun qatilləri hələ də azadlıqdadırlar. “Soverşenno sekretno” holdinqinin rəhbəri Artyom Borovikin haylı-küylü qətlinin də əsl sifarişçisi gizlədilməkdədir. Yeri gəlmişkən, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də illər ötsə də müəmma pərdəsi altındadır.
Peşəkar fəaliyyətləri zamanı həyatlarını itirən jurnalistlərin xatirə günündə bir nəfəri anmaq isə xalq olaraq borcumuzdur. Söhbət Qarabağda çəkiliş apararkən erməni gülləsinə tuş gəlmiş milli qəhrəman Çingiz Mustafayevdən gedir. Canlarını fəaliyyətləri yolunda fəda etmiş bütün jurnalistlərə, reportyorlara Allah rəhmət eləsin!
“Pişik otaranlar günü”
Ramedilməz, sırtıq ev pişiklərinin əlində əsir-yesir olmuş insanlar üçün belə bir məzəli günü təqvimə salıblar ki, pişikləri ağıllandırmaq yolları insanlara agah edilsin. Əlbəttə ki, maraqlı təyinatdır. “Ay pişik, brız” deyib bizlərin nadinc pişikləri təpiklə qovmasının fövqündə duran mədəni tədbirlər varmiş, deməzsənmiş.
Eyfel qülləsi və “Qurdlar vadisi”
Bu gün amerikalılar üçün Milli ədvalı latte günüdür, habelə Milli limonlu keks günüdür; Kanadalılar üçün bayraq günüdür, ağcaqayın yarpaqlı hazırkı bayraq 1964-cü ilin bu günündə qəbul edilib; Yəhudilər üçün növbəti xolokost acısı günüdür, 1941-ci ilin bu günündə Ukrayna ərazisində, Drobıtski Yarda faşistlər 15 min yəhudini öldürüblər. Bu günü kino günü kimi də qeyd edənlər az deyil. Çünki 1939-cu ilin 15 dekabrında premyerası Atlantada baş tutan “Küləklə sovrulanlar” filmi ilk dəfə dünyaca populyar film kimi tarixə düşüb. Rejissor Devid Selznikin bu filmi bir ildə kinoprokatdan rekord gəlir əldə edib, növbəti ildə isə 9 Oskar qazanıb; Fransızlar isə bu gün elliklə Eyfel qülləsinə baş çəkəcəklər, axı bu gün dünyaca şöhrətli fransız memarı və mühəndisi Aleksandr Qustav Eyfelin doğum günüdür. Bu şəxs tək Eyfel qülləsini deyil, tarixdə qalan onlarla şedevr tikintinin, o gümlədən Nyu-Yorkdakı Azadlıq statuyasının müəllifidir.
1915-ci ilin bu günündə New York Times qəzetində ilk dəfə “Osmanlıda erməni genosidi” məqaləsi dərc edilməklə qondarma erməni soyqırımı termini tarixə düşüb. Bu gün həm də “Qurdlar vadisi” filmi ilə adını kinematoqrafiya tarixinə yazmış türk aktyoru və prodüsseri Necati Şaşmazın (1971), habelə dünya rəngkarlığında yeni məktəb yaratmış görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin (1909) doğum günüdür.
“Ədəbiyyat və incəsənət”
(15.12.2023)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“Şuşanın azad olunmasına görə” , “Cəsur döyüşcü” və “Vətən uğrunda” medalları ilə təltif olunan şəhidimiz Seymur Abbasovun ailəsinə “YAŞAT” Fondu tərəfindən dəstək göstərilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)
“Ayrılmaz yollar” təqdim ediləcək
Şənbə günü - dekabrın 16-da saat 11:00-da Atatürk Mərkəzində şair, publisist, ictimai xadim, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsalın yeni çapdan çıxmış "Ayrılmaz yollar" kitabının təqdimat mərasimi keçiriləcək.
Tədbir “Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)
Ölümü sevən və sevdirən Şair - Ramiz Rövşən
Əli Bağış yazır
Sabah Ramiz Rövşənin 77 yaşı tamam olacaq. “Bəlkə” sözündən sonra şeirlərində “Ölüm“ sözü keçən ikinci bir şair yəqin ki yoxdu.
“Ölüm” sözü Şairin şeirlərində “Həyat” sözü qədər o qədər şirinləşir ki, bəzən çaşbaş qalırsan: Hansını daha çox sevəsən?!
Ölümümü? Həyatımı?
Mistik, metafizik, ekzistensial şeirlərindən tutmuş (“İlan balası”, “Ayrılıq”, “Çığırtı”, “Kölgə”, “Çarmıxdakı İsa”, “Mən küsüb gedirəm”, “Köhnə məktublar”, “Bu güzgüyə bir vaxt qoşa baxardıq”, “Deyirlər yuxuda ölmək asandı”, “Ölüm kölgəsi” və s kimi), möcüzəvi, ecazkar, lakonik, sadə və heyrətamiz “Nəğmələri”nə və 3 poeması da (“Süd dişinin ağrısı”, “Qapı” və “Canavar ovu”) daxil olmaqla, məhz bu iki kateqoriya arasında inanılmaz bağlılıq yaradan, Həyat və Ölümü sevən və sevdirən titanik intellekt və istedad sahibinin - Ramiz Rövşənin fikir üfüqlərində uçmaq, fikir dəryasında üzmək, fikir torpaqlarından meyvə dərmək çox-çox çətindi.
İlk növbədə istedadın, intellektin olmasa belə (Şairlə müqayisədə deyirəm) onun oxuduğu, oxuyub dərk elədiyi və özündən keçirib (“…Dünya səndən keçib durulur bəlkə”…) şeir diliylə fərqli rakursla, müstəvidə göstərə bildiyi, bəşəriyyətin yüzlərlə fəlsəfi, nəsr və nəzm kitablarının müəlliflərinin heç olmasa adını biləsən…
(Bir dəfə, Şairin ”Nəğmələr”indən
“…Mən bu dünya üzündə,
Bir vaxtsız qonaq idim.
İlahi, ölürəmsə,
Deməli mən sağ idim..” şeirini dedim.
-Əli, bilirsən bu hansı fəlsəfədən gəlir?
-Yox, Ramiz müəllim.
Durub hansısa bir fəlsəfə axınından 10-15 dəqiqə danışdı. Hamımız ağzı açıla qalmışdıq. Güya indi, Allah qoymasa, bizlər oxumuş sayırıq özümüzü…)
Son zamanlar əzbər bildiyim, dilimdən düşməyən, fikrimdən çıxmayan “Qapı” poemasının 4-cü bölümü olan “ Ölüm” hissəsidi.
Qonşuları Ziba nənənin yeganə övladı-oğlu, daha doğrusu, atası Məmmədəli kişiylə (Məmmədəli kişi Ziba nənənin oğlunun mindiyi gəminin alman təyyarələri tərəfindən batırıdığını görübmüş. Bütün gəmidəkilər həlak olubmuş. Amma bunu heç zaman Ziba nənəyə deməyib. Son ümidini bədbəxt qadının əlindən almaq istəməyib…) müharibəyə bir gedib, itkin kağızı gələn, oğlunun yolunu gözləyən Ziba nənənin, Ölümlə görüşü və Ölümün Ziba nənəylə oğlunun yenidən O Biri Həyatda görüşməsindən bəhs edən bu şeir, şahmat diliylə desək, fantastik debütlə başlayır, sonra heyrətamiz mittelşpillə davam edir və inanılmaz finişlə bitir…
İlk öncə özüm başa düşdüyüm kimi “Qapı”poeması ilə bağlı bir -iki məqamı demək istəyirəm.
İlk öncə iddia edəcəyəm:
Müharibələrdən qayıdan və qayıtmayan oğullar, onları gözləyənlər: anaları və sevgililəri barədə belə bir mistik, metafizik, real olduqca inanılmaz, müharibə faciəsini, bəlalarını belə çılpaqlığı ilə sənə çatdıran, səni heyrətləndirən, səni havalandırıb əl-ayağını yerdən-göydən üzən ikinci bir nəzm əsəri oxumamışam!!!
“Qapı” - müharibədən dönənlərin Ölümdən Həyata açdıqları, müharibədən qayıtmayanların isə Həyatdan Ölümə açdıqları Keçid Qapısıdı.
Şaxanım nənənin oğlunun Qapıyla söhbəti elə Həyatla söhbətidi.
Oğul ayaqsız qayıdıb. (Rəsmdə ,fantastik istedad sahibi Ərdəşir Rüstəmi, Şaxanım nənənin oğlunun qoltuğunda itirdiyi ayaqları yerinə, onun ayaqlarını aparan iki top mərmisinin gilizələri ilə evə qayıdışını çəkib)
Ana Həyat Qapısını açır:
-Anan ölsün, niyə oturmusan a bala?
-Neyləyim ay Ana, oturmağım da budu, durmağım da…
“…Döz bu dərdə-dözənəcən,
Bu dərd səni üzənəcən,
Oğul gəlib dizinəcən,
Hanı dizdən aşağası?…”
və gələcək gəlini Sonanın
sorğusuna”-yoxsa yalandı, qayıdıb gəlməyib?”
-Qayıdıb dedi, a bala, qayıdıb deyir.
“Gəlib” deməyə dili gəlmədi…
(Bir haşiyə çıxım. 2-ci Dünya mühribəsindən təkcə SSRİ-dən 1 milyon 121 min iki ayağı olmaynlar, iki ayağı və iki əli olmayan, rusların vicdansızca “samovar” dedikləri 85842 qayıtmışdı..)
(2-ci haşiyə
Ulu Şairin O Taylı dostu rəssam Ərdəşir Rüstəminin “Qapı” poemasına çəkdiyi rəsm, həyatımda gördüyüm ən ağrılı, ən təsirli rəsm əsəridi. Ərdəbildə olanda Ərdəşir bəyə telefon açdım ki, bu rəsmi çəkəndən sonra, nə yaxşı havalanmadınız?
-Günlərlə havalı kimi gəzdim,dedi.
“Yollar yedi izlərini,
Oğulların dizlərini,
Anaların gözlərini
Yollar yedi,-doyurtmadı”)
…Ölüm, Ziba nənəni oğluyla görüşdürür və oğlu qoca qarını, yəni öz doğmaca Anasını tanımır.
“…İndi axı öz başına nə daş salsın bu ölüm,
Qoca-qoca qarıları qaytarıb ,
Cavan -cavan anaları hardan alsın bu ölüm?..”
Gözlərini döyən Ölümün imdadına yenə Ulu Şair çatır:
“…Və hər oğul beləcə
əlindən tanıyar öz anasını…
Hər oğul öz anasının əlini
Tumarlayar, sığallayar, oxşayar…”
Şair Ölümə, onun əbədi missiyasını yada salır ki, (“Tanrı özü seçib bu yolu bəlkə”) sənin missiyan, dini terminlərlə desək, Fani Dünyada Ayırıb -Baqi Dünyada Qovuşdurmaqdı.
Və Ölümü, Dahi Şair Baqi Dünyadan belə yola salır:
“Nə baxırsan, ay Allahın ölümü,
Sağlıqla get, ölüm sənə yaxşı yol!..”
…Və beləcə Dahi Azərbaycan Şairi Ramiz Rövşən Öz adını, şeirlərini, poemalarını, esselərini, hekayələrini, povestlərini, ssenarilərini Ölümə yoldaş edir-ÖLÜMsüzləşdirir!
Yeni, 77 yaşınız qutlu olsun, Ramiz Müəllim!
Nə xoşbəxt adamlarıq ki, Sizinlə eyni dili, eyni dərdləri və eyni Vətəni bölüşdürürük!
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)
Azərbaycanın görkəmli heykəltəraşına “Cəngavər rütbəli İtaliyanın Ulduzu” ordeni təqdim olunub
Dünyaşöhrətli azərbaycanlı heykəltəraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, “Şöhrət” ordenli Natiq Əliyevə “Ordine della Stella della Solidarieta Italiana” (“Cəngavər rütbəli İtaliyanın Ulduzu”) ordeni təqdim olunub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, ordenin təqdimatı İtaliyanın Azərbaycandakı səfirliyinin iqamətgahında dövlət rəsmilərinin, ölkənin yaradıcı ziyalılarının, Azərbaycanın İtaliyadakı keçmiş səfiri Məmməd Əhmədzadə və ADA-nın prorektoru Fariz İsmayılzadənin iştirakı ilə keçirilib.
Ordeni Xalq rəssamına təqdim edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri Natiq Əliyevi xüsusi bir insan, incəsənətin, mədəniyyətin bir hissəsi adlandırıb. “O, sənətdə öz istiqaməti olan bir sənətkardır. Natiq Əliyev İtaliyanın intibah dövrünü tərənnüm edən bir heykəltəraşdır. Həmin dövr – mənim ölkəmin ən böyük sənətkarlarının dövrüdür. Onun bütün əsərlərində intibah dövrünün izi var”.
Səfir bildirib ki, İtaliya Prezidenti heykəltəraşı İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə bu yüksək ordenlə təltif edib.
Təltifə görə minnətdarlığını bildirən Azərbaycanın Xalq rəssamı Natiq Əliyev İtaliya incəsənətinin bütün dünyanın ilham mənbəyi olduğunu qeyd edib: Öyrəndiyim, qibtə etdiyim heykəltəraşların, rəssamların vətənindən təqdim olunan bu orden mənim üçün böyük şərəfdir. Onu həmişə üzərimdə daşıyacağam”.
Natiq Əliyev məlumat verib ki, hazırda italiyalı heykəltəraş Albano Poli ilə müştərək layihə üzərində işləyir. “Layihəyə görə İtaliyanın Verona şəhərində Şekspir və Nizaminin heykəlləri ucaldılacaq. Şekspirin heykəlini italiyalı heykəltəraş, Nizaminin heykəlini isə mən hazırlayacağam”, - deyə Xalq rəssamı bildirib.
Professor Natiq Əliyev diqqətə çatdırıb ki, rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrə intibah dövrünün sənət əsərləri ilə yanaşı, müasir İtaliya incəsənəti də öyrədilir.
Natiq Əliyevi yalnız ölkəmizdə yox, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. Onun monumental əsərləri Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də ucaldılıb. 1990-cı ildə heykəltəraş Rahib Həsənovla birgə yaratdığı Əliağa Vahidin abidəsi bir sıra məziyyətlərinə görə Azərbaycan heykəltəraşlıq sənətində əlamətdar hadisə kimi qəbul edilib. Həmin abidənin qarşısında hər zaman xarici turistlərin ona maraqla baxdığını görmək olur.
Natiq Əliyev Ümummilli Lider Heydər Əliyevin bir neçə abidəsinin, o cümlədən xaricdə - Kiyev, Tbilisi, Həştərxan və Belqradda ucaldılmış abidələrinin, Həştərxanda knyaz Vladimirin böyük (pyedestaldan yuxarı hissəsinin hündürlüyü 4,5 metr olan) abidəsinin, Bakıda böyük rumın bəstəkarı Corce Yeneskunun abidəsinin, Şəkidə dünyaşöhrətli norveçli arxeoloq və səyyah Tur Heyerdalın büstünün, yenə Şəkidə şair Bəxtiyar Vahabzadənin heykəlinin, Bakıda memar Zivərbəy Əhmədbəyovun və bəstəkar V.A.Motsartın, Belqradda serb yazıçısı Milorad Paviçin, Serbiyanın Novi-Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin, Ankara, Sarayevo, Mexiko və Qızılca Hamam (Türkiyə) şəhərlərində Xocalı soyqırımı qurbanlarının, Podqoritse şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin, “Bakı-Həştərxan” dostluq abidəsinin müəllifidir.
Memorial heykəltəraşlıq janrı Natiq Əliyevin yaradıcılığında xüsusi yer tutur. Onun yaratdığı heykəltəraşlıq nümunələri Bakıda Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə, Hüseyn Rəsulbəyov, Afiyəddin Cəlilov, Lətif İmanov, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Əli Tudə, Cabir Novruz, Nəsrulla Nəsrullayev, Zeynal Cabbarzadə, Amaliya Pənahovanın yaşadıqları binalara vurulmuş memorial xatirə lövhələrinin bəzəyidir.
İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz, Bəşir Səfəroğlu, Osman Mirzəyev, Habil Əliyev, Zəlimxan Yaqub, Cavad Heyət, Cəlal Əliyev, Rəfiqə Əliyeva, Amaliya Pənahova, Fikrət Qoca, Musa Yaqub və Aydın Balayevin qəbirüstü abidələrinin də müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)
Bu günün adı - “Qarabağ”ın pley-off-u
Sənan Şəfizadə yazır
2014-cü il, dekabrın 11-i.
Həmin gün baş tutan “Qarabağ”-“İnter” matçını heç vaxt unuda bilmirəm. İtaliyanın “İnter” klubuyla oyunun son dəqiqələrində diktor otağından çıxaraq aşağı düşdüm. Meydanın yanında adəti üzrə azarkeşlərlə sağollaşmaq, onlara təşəkkür etmək istəyirdim.
90+3-də Riçard Almeyda stadionu silkələyən qolu vurdu. Bir anlıq şok oldum, sonra dəhşətli qışqırıqla sevincimi nümayiş etdirdim. Bu qol “Qarabağ”ı və Azərbaycanı pley-offa çıxarırdı, yeni tarix yaşanacaqdı.
Texniklərlə danışandan sonra qolun müəllifini elan etmək istəyirdim. Meydanda nə baş verdiyini sonradan anladım. Zelinkanın yanlış qərarı stadiona şok yaşatdı. Həmin an Qurban Qurbanov, Rəşad Sadıqov, Riçard Almeyda və digər futbolçuların simasındakı məyusluğu heç vaxt unutmayacam.
Meydandan kənarda olan bəndənizə təsir edən Zelinka gör “Qarabağ”a necə hisslər yaşatdı. Ağdam klubu 6 xalla qrupda qaldı. "Dnepr" isə 7 xalla növbəti mərhələyə yüksəldi. Həmin oyun azarkeşlərlə çətinliklə sağollaşdım. Çünki onların məyusluğu hiss olunurdu. Yenə güc tapıb komandanı alqışlarla yolla saldılar.
Matçdan sonra baş məşqçi Qurban Qurbanovun mətbuat konfransında təmkinli cavablarını xatırlayıram. Adam yenə kübarlığını qoruyurdu. Klub rəhbəri Tahir Gözəlin “Biz qrupdan çıxacayıq, növbəti mövsümdə bunu edəcəyik. İnanın” sözləri yadımdadı.
Həmin oyundan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev “Qarabağ”ı qəbul etdi və komandaya qələbə münasibətiylə təbrikini çatdırdı. Prezidentin dəstəyi “Qarabağ”a böyük kömək oldu.
Bu anın yenidən yaşanacağına hamı inanmırdı. 9 il keçdi və “Qarabağ” geri çəkilmədi. Bu gün Ağdam klubu ölkə futbolu tarixində ilk dəfə Avroliqada qrupdan çıxa bilər. Hər şey öz əlindədir. 9 il əvvəl əlindən alınan nəticəni “Qarabağ” bu gün heç kimə verməyəcək.
Əziz dostlar, başa düşürəm hava soyuqdu. Televizorda baxmaq rahatdı. Amma stadionda olmaq tarixin parçasına çevrilmək deməkdi. 9 il gözlədik. İllər sonra qürurla xatırlayacağımız güc olacağına inanıram.
Gəlin “Qarabağ”ı tək qoymayaq!
P.S Biletləri atmayın, oyundan sonra tarixin parçasına çevrilə bilər.
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)
Azərbaycan Dövlət Pantomim Teatrı beynəlxalq festivalda mükafat qazanıb
Qırğızıstanın paytaxtı Bişkekdə "Aytmatov və teatr" VI Beynəlxalq Teatr Festivalı keçirilib. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının teatrları iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif ölkələrdən gələn teatr kollektivləri Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında Aytmatovun əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdiriblər.
Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi festivalda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri əsasında hazırladıqları “Manqurt” tamaşası ilə ölkəmizi təmsil edib.
Teatrın kollektivi Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri və Qırğızıstanın teatr xadimləri ittifaqı tərəfindən Çingiz Aytmatovun əsərlərinin özünəməxsus plastik interpretasiyasına görə xüsusi mükafata layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)
Musiqili Teatrın yanvar repertuarı çox maraqlıdır
Yeni ilə sayılı günlər qalır. Artıq küknarlar qurulur, bəzəklər asılır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yanvar ayı üçün nəzərdə tutulan repertuarını artıq açıqlayıb, repertuar maraqlı tamaşalarla zəngindir.
1, 2, 3 yanvar - “Yeni il şənliyi”
12 yanvar - “Molla Nəsrəddinin beş arvadı”
13 yanvar - “Lara Martin’s Jazz Club”
14 yanvar - “999-cu gecə”
19 yanvar - “Leyli və Məcnun”
20 yanvar - “Bir qəfəs qədər”
21 yanvar - “Psix”
26 yanvar - “Sevənlərindir dünya”
27 yanvar - “Qırmızı papaq”, “Utancaq qız”, “Bəxtiyar”
28 yanvar - “Sehrli nəğmə”, “O olmasın, bu olsun”
Şəkildə: Yanvarın 12-də baxa biləcəyiniz “Molla Nəsrəddinin beş arvadı” tamaşasından səhnə.
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)