Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə olan əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

19 dekabr.

Ümumdünya kasıblara yardım günü

Statistikaya görə, 20-ci əsrin sonlarında planet əhalisinin dörddə biri – milyard yarım insan yoxsulluq, dilənçilik həddində olub. Yoxsulluğun ləğvi barədə proqramların genişmiqyaslı icrasına isə BMT 10 il əvvəl başlayıb. Yoxsulluq deyiləndə bura təkcə boş ciblər, boş qazanlar aid edilmir, işsizlik, mənzilsizlik, yaxşı təhsilə və müalicəyə imkanın olmaması da özündə yoxsulluğu ehtiva edir.

Azərbaycanda rəsmi statistikaya görə yoxsul adam demək olar ki yoxdur, hamı yağ-bal içində yaşayır. Təsadüfən, kiminsə beləsi rastına çıxsa, Allahın və BMT-nin xatirinə, lütfən bu gün ona yardım etsin.

 

Həmişəyaşıl bitkilər günü

Həmişəyaşıl bitkilər günüdürsə, nəzərə almalıyıq ki, ölkəmizdə həmişəyaşıl şam və küknar ağacları yetəri qədərdir. Yarpaq tökməyən sitrus bitkiləri də çoxdur. Xüsusən, subtropik cənub zonamız həmişəyaşıl bitkilər üçün vətəndir. Talış dağlarının qoynundakı Hirkan meşələri sözügedən bitkilərin ən unikallarını öz qoynunda bəsləməkdədir. Üstəlik, Azərbaycanda çox nadir Eldar şamı da yetişməkdədir. Odur ki, bu bayram bizlərə xüsusən düşərlidir.

Bakıda tez-tez ağacəkmə kampaniyası keçirilir, ən müxtəlif əlamətdar hadisələrə həsr edilən bu aksiyalarda minlərlə həmişəyaşıl ağac əkilir. Bu gün də bir aksiya keçirmək, düşünürəm ki, yerində olardı.

 

Brejnev və “Titanik”

BMT bu günə daha bir bayram düzənləyib – Təminat günü. Bu günün məğzi odur ki, insan yaranışından bəri özünü bütün zəruri şeylərlə vaxtında təmin etməlidir. Qida, mənzil, istilik, tibbi ləvazimatlar, nəqliyyat və sair bu qəbildəndir. Burada informasiya təminatı da başlıca rol oynayır. Amerikalılarda isə başlıca məsələ ilin hər bir günündə mətbəx bayramlarına sevinməkdir, bu gün Milli şüşə konfet günüdür, üstəlik, Milli yulaf keksi günüdür.

1997-ci ilin bu günündə məşhur “Titanik” filmi ekranlara çıxıb, prokatın 25-ci günündə artıq öz büdcəsinə 200 milyon dollar toplamaqla rekorda imza atıb; 1941-ci ildə 15 yaşlı İngiltərə şahzadəsi Yelizaveta “Zoluşka” tamaşasında baş rol alaraq əsgərlər qarşısında çıxış edib, onları qələbəyə ruhlandırıb; 1917-ci ildə Monreal və Toronto arasındakı matçla Milli Hokkey Liqası fəaliyyətə başlayıb.

19 dekabrda dünyaya gələn tanınmışların siyahısına da bir nəzər salaq: 1969-cu ilin bu günündə əfsanəvi cazmen Vaqif Mustafazadənin yadigarı, tanınmış caz ifaçısı Əzizə Cəfərzadə; 1962-ci ildə detektiv romanları ilə ölkədə xeyli populyar olan yazıçı Elxan Elatlı, 1927-ci ildə  görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilov, 1915-ci ildə dünyaşöhrətli fransız müğənni Edit Piaf; 1906-cı ildə “Şiroko şaqaet Azebidjan” deyərək Azərbaycanı faciələrə sürükləyən sovet rəhbəri Leonid Brejnev doğulublar.

 

Dünyaşöhrətli energetik alimimiz

19 dekabrda tanınmış azərbaycanlı alim Kamal Abdullayevin də doğum günüdür. Yüksək minerallı və çirkab suların emalı və sənayedə istifadəsi, dəniz suyunun istilik elektrik stansiyalarında kompleks emalı kimi qiymətli tədqiqatlar müəllifi olan Kamal Abdullayev 50-dən artıq elmlər namizədi və 4 elmlər doktoru yetişdirib, 4 monoqrafiyanın və 300-dən artıq elmi əsərin, 20-dən artıq ixtiranın müəllifidir. O, 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və keçmiş İttifaqın “Əlaçı fəxri energetik” adı, elmi nəticələrinə görə isə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif olunub. 2000-ci ildə ekologiya sahəsindəki elmi işlərinə görə “M.Lomonosov” adına və “Y.Məmmədəliyev” adına medallara, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2010-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşüb və eyni zamanda o, 2012-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun “Elmin açarı” mükafatına layiq görülüb. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

 

“Qara kvadrat”ın doğuluşu

Ən nəhayət, 1915-ci ilin 19 dekabrında ünlü rəssam, abstraksizmin bir qolu olan suprematizmin banisi Kazemir Maleviç Petroqradda 39 iş ortaya qoyub ki, bunlardan biri də məşhur “Qara kvadrat” olub. Bilirsinizmi, fitri istedadı olan bu Rusiyada yaşayan polyak rəssamı gənc ikən Moskva rəngkarlıq məktəbində oxumaq istəyib, onu “istedadsızsan” deyə ora qoymayıblar. Gedib işləyib, səfalət içində yaşayaraq rəsmlər çəkməkdə davam edib, inadla yenidən həmin məktəbin qapısını açıb, yenə də onu qəbul etməyiblər. Gedib teatrda dekorasiyalar çəkən, sərgilərə qatılan Kazemir tədricən rəssam kimi tanınıb, vaxt gəlib, “Qara kvadrat” rəsmini çəkərək dünyaca şöhrətlənib, varlanıb. Onun məşhur ikən sərgisinə bir vaxtlar məktəbə girməsinə imkan verməyən müəllimlər də gəlib təzim edərək əl çalıblar.

Baxın, həyat budur. Sən zəif ikən üstünə yeriyənlər sən güclənəndə qarşında təzim edirlər. Tanrı sizləri həmişə güclü etsin!

 

“Ədəbiyyat və incəsnət”

(19.12.2023)

 

 

Monday, 18 December 2023 18:00

“Qarabağ”ın rəqibi “Braqa” olacaq

Bu gün UEFA Avropa Liqasının ilk pley-off mərhələlərinin - 16/1 final mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ”ın da rəqibi məlum olub. Xatırladaq ki, bu mərhələyə çıxmaq təmsilçimizin hələ ki, avrokuboklarda ən böyük nəticəsidir. 

 

“Ədəbiyyat və incəsənət” eurosport-a istinadən xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda 1/8 finala vəsiqə uğrunda mübarizədə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq. 

Ağdam klubu ilk matçını səfərdə oynayacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları fevralın 15-də, cavab görüşləri isə fevralın 22-də baş tutacaq. 

Avropa Liqası mövsümü mayın 22-də Dublində vaş tutacaq finalla yekunlaşacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

 

Gülüstan” Sarayında keçirilən Mədəni İrs Forumu dekabrın 18-də açılış mərasimindən sonra işini panel sessiyalarla davam etdirib.

“Təsviri  sənət və müasir çağırışlar” adlı ilk panel “Yeni Qallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, sənətşünas Rafael Gülməmmədovun moderatorluğu ilə gerçəkləşib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Təsviri sənət sahəsində təhsil mövzusunda danışan Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev bu istiqamətdə görülən işlər, universitet olaraq tələbə rəssamlara yaratdıqları şərait, müştərək sərgi və müsabiqələr barədə məlumat verib. Deyib ki, uşaqlara kiçik yaşlarından, hətta uşaq bağçasından təsviri sənətlə bağlı bilgilər verilməlidir. Sonrakı mərhələlərdə bu zəncirin qırılmamasına diqqət yetirilməlidir. Rektor rəssamlıq təhsilində magistratura pilləsində müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb: “Son illər rəssamlıq sənətinə qızların daha çox gəliri və daha çox interyer-dizayn ixtisasını seçirlər. Təəssüf ki, klassik ixtisaslara maraq azalır. Buna görə də klassik ixtisaslara maraq artırmaq üçün təbliğat xarakterli işlər aparırıq”. 

 

Xalq rəssamı, heykəltaraş Hüseyn Haqverdi çıxışında müasir şəhərsalmada rəssam işinin, demək olar ki, nəzərə çarpmadığını qeyd edib. Bildirib ki, paytaxt və bölgələrdə vaxtilə hazırlanmış mozaik əsərlər diqqətdən kənarda qalıb, bir çoxu isə baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzədir. İnteryer və eksteryerdə mozaik  panno və tablolara diqqət artırılmalıdır. 

 

Xalq rəssamı Eldar Mikayılzadə ənənəvi sənətin müasir dildə ifadəsi məsələsinə toxunub. Heydər Əliyev Fondu tərəfindən çap olunan "İlmələrin rəqsi" kitabından danışan rəssam bu layihənin xalça sənətimizin, xalça məktəblərimizin dünyada təbliği baxımından önəmini qeyd edib. Deyib ki, İrəvan xalça məktəbi sahəsində 

apardığı tədqiqatlar üzrə daha bir nəşr ərsəyə gələcək. 

 

Rəssam Anar Hüseynzadə rəqəmsal incəsənətlə bağlı fikirlərini bölüşüb. O, Qarabağ səfərlərinin rəssam kimi fəaliyyətlərində maraqlı bir iz qoyduğunu diqqətə çatdırıb. A.Hüseynzadə həmçinin rəssam əməyinin kapitala çevrilməsi üçün təhsildə marketinq üzrə ixtisasların açılmasının zəruriliyini qeyd edib. 

 

Çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

 

Mətbuat Şurasında ADU-nun kitab təqdimatı keçirilib

 

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

By gün - 18 dekabr 2023-cü il tarixində Azərbaycan Mətbuat Şurası və ADU-nun "Beynəlxalq Jurnalistika" şöbəsinin təşkilatçılığı ilə "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabının təqdimatı-müzakirəsi keçirilib.

 

Tədbirin açılışını Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid edib. O, Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolundan danışıb, XX əsr mətbuatının cəmiyyətimizdəki rolundan söz açıb. 

Daha sonra söz Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Xalq qəzetinin" baş redaktoru Əflatun Amaşova verilib. Redaktor geosiyasi vəziyyətin gərginliyi dövründə ölkələrin Azərbaycana sərgilədiyi qərəzli mövqedən bəhs edib.

Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı kitabda yer alan kontraktlar, dövlət çevrilişinə cəhdlər və Azərbaycanın siyasi tarixinin ingilisdilli mətbuatda yer alan detallarına toxunub. O, ADU-nun bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib. 

Tədbirin gedişatında əməkdar jurnalist Tofiq Abbasova söz verilib. Politoloq Heydər Əliyevin mətbuat siyasəti və xarici mətbuata çatdırdığı doğrulardan söz açıb, təqdimatı keçirilən kitabın XX əsrin sonları haqqında informasiya və təbliğat sahəsində nə qədər önəmli mövqeyə malik olduğunu vurğulayıb.

ADU-nun "Azərbaycan obrazı" Elmi Tədqiqat Laboratoriyasının müdiri Aqil Şahmuradov bildirib ki, kitabın ərsəyə gəlməsi çoxsaylı cəhdlər hesabına başa gəlib.

"Biz kitabda Azərbaycanın mədəniyyəti, Şərq və Qərbin uzlaşması, Azərbaycan musiqisi və tarixi ilə bağlı məqalələri toplamışıq. “Qurban qalib olanda cəllada dönür” fikrini əsas tutaraq kitabda qeyd olunan məqalələrin balansını qorumağa çalışmışıq. Universitetimizdə yerləşən "Amerikaşunaslıq" Elmi Tədqiqat Labarotoriyasının səyləri nəticəsində toplanan məqalələri Azərbaycanda tapmaq elə də asan olmadı. Biz bu kitabı ölkədə siyasi qarışıqlığa Fransa və Almaniya kimi dolğun mətbuata sahib ölkələrin həmin dövrə aid məqalələrini əldə edərək ərsəyə gətirmişik,"—deyə dosent qeyd edib.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi f.f.d Aynurə Hüseynova kitabda toplanılan məqalələrdən çıxış edərək həqiqətlərimizin dünyaya çatdırılmasında ingilisdilli mətbuatın rolundan danışıb, müxtəlif illərə aid xarici mətbuat orqanlarının Azərbaycan və Birinci Qarabağ Müharibəsinə dair araşdırmalarına toxunub.

Tədbir Azərbaycanın sabiq baş naziri, Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədovun çıxışı ilə davam edib. 

ADU-nun Beynəlxalq Jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı xarici mətbuatda Azərbaycan obrazının görünməyən tərəflərinə toxunub, 44 günlük müharibə zamanı prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələrdən danışıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Əlbəttə ki, hər bir yeni nəşrin işıq üzü görəməsi diqqətçəkəndir. Bu cür tədqiqat nəşrləri isə xüsusən.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də Heydər Əliyev Sarayında çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı ticket.az-a istinadən xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.

Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.

Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Öz yolunla get və narahat olma, səni istəyənləri yanında görəcəksən.

2.Şahmatın şah qanunu: Şah şahı mat edə bilməz.

3.Bizə həyat bəxş olunub, biz də bu həyata xoşbəxtlik bəxş edək.

4.Arzunu ancaq arzusu olanla bölüş. 

5.Ağılla yaşamaq yaxşıdır, amma gözəl həyat hisslər­lədir.

6.İnsanın danışdığı yalan maraqlı deyil, onun niyə yalan danışdığı maraqlıdır.

7.Arzuların qurduğu sarayları şübhələr dağıdar.

8.Məsafə metrlə, çəki kiloqramla, insan mərhəmətlə ölçülür.

9.İçimdəki dünya, çöldəki dünyadan qat-qat ədalətlidir.

10.Çata bilmədiyin arzuya uzaqdan da olsa, gülümsə.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Monday, 18 December 2023 15:00

Məktəb yoldaşım - ESSE

Nigar Arif, “Ədəbiyyat və incəsənət” üçün

 

Xatirələr keçmişin qopuqlarıdır… Uşaqlar oyuncaqlarilə oynadıqları kimi, biz də bu “qopuq”larla başımızı qatırıq… Guya biz uşaq deyilik… Uşaq gördüklərimiz böyükdürlər bəlkə də… Mənə görə böyüklük qəlbin təmizliyində, saflığındadır, uşaqlardan saf və təmizi varmı? Məncə, küçədə yaşayıb, dilənən, nəm salfet satan həmin o uşaqlardan “Gələcəkdə nə olmaq istəyərsiniz?” sualını soruşsaq, gözlərinin dərinliyində “uşaq” cavabını verərlər… Çünki böyüməyi sevməyənlər belə uşaq olmağı sevir, bəlkə də buna görə insanlar qocaldıqca uşaqlaşır… Bəlkə də, biz nə qədər özümüzdən qaçsaq da, əvvəl-axır özümüzə qayıdırıq… Həyat kimi, keçmişin qopuqları kimi… 

Bir gün məktəb çantamda dərsə göyərçin aparmışdım… Səhərin alaqaranlığında qarşılaşmışdıq o göyərçinlə… Elə kimsəsiz, elə kövrək, müdafiəsiz idi ki, qorumaq istədim… Yaxşı uça bilmirdi, bir-birimizə uçmağı öyrədərik deyə düşündüm… Sonra… Sonrasını yəqin təxmin edə bilirsiniz… Mən özümə yeni “məktəb yoldaşı” tapmışdım, o da dərsin ortasında pərvazlanıb ortalığı vəl-vələyə verdi, hay-küy qopdu, hamı üzümə sehirbazammış kimi baxırdı, mənsə onlara yolda qarşılaşıb indi sağollaşma ehtimalımın yüksək olduğu o yazıq göyərçin kimi narahat və ehtiyatla… 

Həmin gün anlamışdım əslində, ayrılıq insanları niyə bu qədər qorxudur və üzür… Niyə bəzən insanlar sevdiklərindən istəmədən də olsa ayrılmalı olurlar… Çünki, həyat bunu tələb edir, tələblər bizi buna vadar edir, səbəblər çoxdur, səbəblər birmənalı deyilmiş… Bəs səbəblərə nifrət edəkmi? Məncə yox, bu da mənasız olar, yaşadığımız hər şey səbəblər zənciri deyilmi, istəsək də, istəməsək də tabe olmalıyıq… 

O “ məktəb yoldaş”ımın axırı nə oldu, necə oldu? Cavab verim: Düşünmək istəmədiyiniz kimi… “Qorumağ”a icazə vermədilər, tələb edildiyi kimi aparıb elə qarşılaşdığımız yerdə də vidalaşmalı oldum… Təəssüf ki, bəzi başlanğıclar əlimizdə olmadığı kimi, bəzi sonluqlar da əlimizdə deyil… Hə belə… Bir göyərçin də xatirə kimi qopdu o gündən, ağzı qanlı bir pişik isə yem tapdığı, qarnı doyduğu üçün ürəyində o “böyük”lərə sağol deyib sevinirdi çox güman… Bu da təbiətin ironiyası idi yəqin ki, mən ağlayırdım, o “təbiət sakini”  xoşbəxt idi, nə qədər axtarsam da üzündə peşmanlıq tapmadım, əksinə, elə bil, dil açıb o qəribə miyoltusuyla sual verəcəkdi: Məgər mən bununçün yaradılmamışammı? Sayəmdə təbiət sənin o göz yaşı tökdüyün fərsiz və xəstə “biri”ndən xilas olmadımı? Mən pişik ola-ola öz yerimi bilirəm, sən niyə insan ola-ola insan olduğunu unudursan? Yaxşısı budur, öz yerində dur, “böyük”lərin kimi!…

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Monday, 18 December 2023 13:30

Qısa gülməcələr

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bazar ertəsi yenə fərqli gülüş menyüsü ilə başlamaq istəyirəm. Qısa aforizmlərsayağı gülməcələr. Bəyənəcəyinizə əminəm. 

 

Nə qədər çox adam sizin həyatınıza girərsə, həyatınız buna dözməyib çat verər. 

 

Elə ki, biz başqalarının pullarını saymağa başlayırıq, onda pz pullarımız bizə əskiklik edir. 

 

Yalqızlıq odur ki, sən heç kimi sevmirsən və heç kim də bunun fərqində olmur. 

 

Araq öz pərəstişkarlarına cavabdeh deyil.

 

Yeni həyata başlayanda onun parolunu hardasa qeyd edin. 

 

 “Ədəbiyyat və incəsənət”

(18.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair, publisit Aysel Fikrət görüşür.

 

Heç ürəyini sıxma, 

Sən bilən,kitab deyil.

Bu Allaha ümiddir,

Bəndəyə xitab deyil.

 

Zərrə də ağlamıram, 

Zərrə də qınamıram.

Çünki yaxşı bilirəm, 

Bəndələr Allah deyil.

 

Nəsə qarışıb nəsə,

Səhvən gedib kiməsə.

Bu məktub kimi ömrüm,

Özümün vallah deyil.

 

Allah da evimizə,

Qonaq qismində gəlmir.

Həmişə mənimlədir.

Həqiqətdir ah deyil.

 

Canımda köz bağlayan,

Bir iki ümidim var.

Hərdən közü tərpənir,

Göz yaşım ahvah deyil.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Etiraf” şeirinin növbəsidir. 

Düşününü, görün, etiraf etmək cəsarətində olmusunuzmu. 

 

 

ETİRAF

 

Ömür-gün yoldaşıma

 

Fikirli gəlirəm, dalğın gəlirəm,

Qayğılı gözlərin çəkir şəklimi.

Bəzən gec gəlirəm, yorğun gəlirəm

Bitirsən qapıda bənövşə kimi...

 

Bəlkə min suçumu bilmisən mənim,

Birini üzümə vurmamısan heç.

Eyhamla üzümə gülmüsən mənim,

Birce yol üzümə durmamısan heç.

 

Hər kəs taleyile gəlir həyata,

Demirəm, ürəyi yumşaq olmuşam.

Dəcəl uşaqlara mülayim ata,

Səninçün ən dəcəl uşaq olmuşam.

 

Sənsən dağlar kimi səbrlə dözən

Bəlkə tərəddüdlə çox döyüşmüsen.

İsti bir sevgiden yazmişam bəzən,

Soyumuş çayımı sən dəyişmisən...

 

Üzümdə kədərdən bir iz görəndə,

Şirinim olmusan, acım olmusan.

Qohumdan, tanışdan pis üz görəndə

Sən anam olmusan, bacim olmusan.

 

Bir kövrək şeirimdən gözlərin dolub,

Nə deyim, özgədən çox yazıb qələm.

Nə qədər düyünlü günümüz olub,

Düyünlü qaşını görməmişəm mən...

 

Bir əlin mətbəxdə qabda-qaşıqda,

Bir gözün istide, tüstüdə olub.

Bir əlin beşikdə oğul-uşaqda,

Bir gözün həmişə üstümdə olub.

 

Yollar çarpaz-çarpaz, yollar qarışıq...

Gecə yol gedirəm qulağı səsdə.

Bizim pəncərədən süzülən ışıq-

Gözümün nurudur yolumun üstə.

 

Fikirli gəlirəm, dalğın gəlirəm,

Qayğılı gözlərin çəkir şəklimi.

Bəzən gec gəlirəm, yorğun gəlirəm

Bitirsən qapıda bənövşə kimi...

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.