Super User

Super User

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Daim yenilikləri ilə fərqlənən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu gün də təqvimi unutmayıb. Belə ki, elmi fəaliyyəti Azərbaycan tarixşünaslığına qızıl hərflərlə yazılan, fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlarda təbliğ edən, görkəmli şərqşünas-alim, ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyi münasibətilə “Ölümsüzlüyə qovuşan ölüm” adlı elektron məlumat bazası hazırlayıb. 

 

Qeyd edim ki, elektron məlumat bazasında akademik Ziya Bünyadovun həyat və elmi fəaliyyəti, rəhbəri olduğu elmi tədqiqat işləri, Azərbaycan və xarici dillərdə nəşr edilən kitabları, tərcümələri, məqalələri, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, haqqında yazılan nəşr nümunələrinin siyahıları təqdim edilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Ölümsüzlüyə qovuşan ömür”, “Akademik Ziya Bünyadov: bizim yaddaşımızda və özgələrinin təsvirində. Hollandiyalı tədqiqatçı Sara Krombaxın dissertasiyası haqqında düşüncələr” kimi bölmələrlə yanaşı, akademikin layiq görüldüyü təltif və mükafatlar, Türkiyə Milli Kitabxanasında qorunan kitabları haqqında məlumatlar da yer alıb. Məlumat bazasında akademikin video və fotoqalereyası və 100 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi və videomaterial da sərgilənib.

 

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər bu linkə -https://ryl.az/melumat-bazalari/Ziya_Bunyadov_el_melumat_bazasi/index.html keçid edə bilərlər.

Xoş mütaliələr.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

1.

Aşiqlər sevgi acısını 

bala çevirən arılardır

Bu arıların iynələri yalnız öz qəlblərinə

sancılmaq üçündür.

Kəpənəklər sevginin

rəngarəng qanadlarıdır.

Bu kəpənəklərin Vətəni 

qızılgül bağlarıdır.

Ömrün ən gözəl zamanı

məhəbbətə ayrılan çağlarıdır.

Sevginin bitmə təhlükəsi

sadiqliyin intiharıdır.

 

2.

Çirkin simalar  

güzgünü günahkar bilər,

Çıxış yolunu onu 

qırmaqda görərlər.

Güzgülərin yaddaşını 

sındırmaq olmur,

bunu hər beyin dərk etməz.

Şaxta isə dondurduğu vücudların

soyuqluğundan şikayət edər.

Gecəni sevən yarasalar

"Günəş oğrusuna" aşiq olarlar.

Günahkarlar çalışsalar da, günahlarını 

özlərindən qopara bilməzlər,

Günahlar oduna dönüb

qalaq- qalaq yığılanda

günahkarlar da o odunların sevgisinə

çırtaçırtla yanarlar...

 

3.

Qaçıram, qaçıram,

Özümdən qaçıram

fələyin qurduğu tələni duyanlar kimi.

Qaçıram, qaçıram,

kədərin hökmdar olduğu sarayın 

cəlladından qaçan sevinc kimi.

Qaçıram, qaçıram,

saat əqrəblərinin zamandan 

qaçdığı dairədə zamansızlığa qaçdığı kimi.

Qələmin bir nöqtədən başlatdığı 

insan adlı sənət əsəriyəm..

Mən insanlığa qaçıram.

Qaçıram, qaçıram qanadları, ayaqları olmayan 

külək kimi qaçıram.

Özümü tapmağa,

qaranlıqlar arxasındakı

 "sirli nur qapı"sına qaçıram.

Qaçıram, qaçıram,

mən daxilimdəki mənə qaçıram!

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxtlar Ümummilli lider Heydər Əliyevin müəllimi olmuş görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Feyzulla Qasımzadənin anadan olmasının 125 illiyidir və bu münasibətlə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin və AMEA-nın təşkilati dəstəyi ilə

“Akademik Mirzə Feyzulla Qasımzadə: iki zirvənin fatehi – Alim və müəllim” mövzusunda yubiley tədbiri keçirib. 

 

Yazıçılar Birliyinin “Natavan” klubunda təşkil olunan tədbirdə dövlət və hökümət nümayəndələri, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatşünas alimlər, yazıçı və şairlər, eləcə də ədibin ailə üzvləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis açaraq görkəmli alimin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb. 
Akademik Feyzulla Qasımzadənin yaradıcılığını yüksək qiymətləndirən Varis onun şəxsiyyət bütövlüyünə, zəngin daxili mənəviyyata malik alim və pedaqoq olduğunu vurğulayıb. Bildirib ki, A.Bakıxanov, N.B.Vəzirov, M.F.Axundov, M.Ş.Vazeh, Əbülqasım Nəbati və neçə-neçə mütəfəkkirlərimiz müstəqil tədqiqat predmeti kimi Feyzulla Qasımzadə tərəfindən araşdırılmışdır. 

Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycan xalqının zəngin ədəbiyyatı, incəsənəti, mədəniyyəti və tarixi ilə haqlı olaraq hər zaman fəxr etdiyini vurğulayıb. O, görkəmli ədiblərin yaradıcılıq yolunun gənc nəslə tanıdılması və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. 

Elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan ədəbiyyatşünaslığını dünya səviyyəsinə çıxaran akademik Feyzulla Qasımzadənin zəngin elmi irsi barədə məlumat verən Çingiz Abdullayev onun milli elmi kadrların hazırlanması, gənc nəslin yetişdirilməsi sahəsindəki xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alimin rəhbərliyi ilə 30 elmlər doktoru, 120-dən çox elmlər namizədi yetişdirilib.
Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, akademik Feyzulla Qasımzadə Azərbaycanda yeni ictimai-siyasi sistemin məhsulu kimi formalaşan bir dövrün - bütöv bir yüzilliyin ədəbiyyatının ümumi inkişaf istiqamətini və mərhələlərini əks etdirən “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı fundamental tədqiqat əsərini 3 dəfə çap etdirib. Həmçinin bu yüzillikdə yaşayıb-yaratmış böyük sənətkarlar, mütəfəkkirlər haqqında monoqrafiyalar yazıb. O, 600-dək elmi məqalənin, 34 kitabın müəllifi olub. 

Tədbirdə Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatşünaslıq elminin yaradıcılarından olan akademik Feyzulla Qasımzadənin elmi-pedaqoji fəaliyyətindən danışıb, onun böyük bir elmi məktəb yaratdığını söyləyib.
Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlər göstərib. O, Mirzə Fətəli Axundzadə və digər ədiblərimizin yaradıcılığı ilə bağlı ciddi tədqiqatlar aparıb.

Akademik Feyzulla Qasımzadənin ədəbiyyatşünas alim olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını sistemləşdirərək ali məktəblər üçün dərslik hazırlayan, bütöv bir ədəbiyyatşünas  və tənqidçilər nəsli yetişdirən böyük bir pedaqoq olduğunu deyən Sabir Rüstəmxanlıonun gərgin elmi axtarışlarının nəticəsi olan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini həmin dövrün ədəbiyyatının öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbə hesab  edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib  ki, Feyzulla Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır. 
“XIX əsr Azərbaycan ədəbiyyatı tarixini Mirzə Feyzulla Qasımzadəsiz təsəvvür etmək qeyri–mümkündür. Alimin o dövrdə tədqiqatları olmasa idi, XIX əsrşünaslıq ədəbiyyatı da olmazdı”, - deyən akademik Nizami Cəfərov Feyzulla Qasımzadənin türk ədəbiyyatına, Osmanlı ədəbiyyatına, hətta aşıq ədəbiyyatına dərindən bələd olduğunu diqqətə çatdırıb. Bildirib ki, akademik Feyzulla Qasımzadənin namizədlik dissertasiyası Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı barədə olub və o, ədibin yaradıcılığını sistemli şəkildə dərindən araşdırıb. 

Akademik Nizami Cəfərov qeyd edib ki, görkəmli alim əsərlərini sovet dövrü ideologiyasının qəbul edə biləcəyi hüdudda qələmə alıb. O, Azərbaycan ədəbiyyatının həm tarixi, həm də nəzəri məsələləri ilə məşğul olaraq sonrakı ədəbiyyatşünaslar üçün örnək rolu oynayan fundamental əsərlərin müəllifidir. 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli isə çıxışında Feyzulla Qasımzadənin klassik ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizdə müstəsna və özünəməxsus yer tutduğunu vurğulayıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən görkəmli alim həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.

“Feyzulla Qasımzadənin əsərlərinin tədqiq olunması, böyük tirajla çapı mühüm əhəmiyyətə malikdir”, - deyə bildirən akademik Teymur Kərimli alimin həmin dövrün İran qəzetlərini əldə edərək oradakı məxrəzlərdən isifadə etməsini, eləcə də Türkiyədən hər hansı təzkirəni tək başına əldə etməsini böyük hadisə kimi dəyərləndirib.

Akademikin elmimizə verdiyi töhfələri sadalayan fil.e.n Şərəf Cəlilli həm də onun Azərbaycan məfkurəsinin formalaşmasına verdiyi töhfələrdən, yetişdirdiyi tələbələrdən, qoyduğu mirasdan danışıb.

Tədbirdə Xalq artisti Oqtay Mirqasımov, professor Himalay Qasımov, fil.e.d. Təyyar Salamoğlu, fil.e.d Yeganə İsmayilova, dos.Sakibə Ələsgərova, dos. Razi Məmmədov və başqaları akademik Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılmasında və təbliğindəki müstəsna xidmətlərindən danışıblar.

Sonda mərhum alimin qızı,  fil.ü.f.d. Nigar Qasımzadə və nəvəsi biol.e.d Tubuxanım Qasımzadə akademik Feyzulla Qasımzadənin xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Tarix unudulmayanlarındır, odur ki, bütün dəyərli ziyalılarımız daim yada salınmalı, anılmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Onu kim tanımır ki? Böyükdən kiçiyə az qala hamı. Daşdan, qranitdən möcüzələr yaradan möcüzə adamdır o. Ömər Eldarovdur o. 

 

Bu gün görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun 96 yaşı tamam olur.

“İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli akademik Ömər Eldarov həyatının 60 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr edib. Ötən müddət ərzində bu görkəmli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Cavidin abidəsi, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltəraşlığımızın öncülü kimi səciyyələndirirlər.

Gəlin onun tərcümeyi-halına nəzər yetirək. 

Ömər Eldarov 1927-ci ildə Dəmir qapı Dərbənddə dünyaya göz açıb. Azərbaycan Rəssamlıq Məktəbində, sonra isə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb. O, gənc yaşlarından yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib.

Bütün mənalı ömrü boyu Ömər Eldarov yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. Təsadüfi deyildir ki, o, 1958-1968-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibliyinə üzv seçilib, 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Eyni zamanda, Bakı Sovetinin deputatı (1969-1973) kimi fəaliyyət göstərib, mədəni-maarif işi üzrə komissiyanın rəhbəri olub. 1995-ci ildə isə müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilən Ömər Eldarov parlamentdəki 5 illik fəaliyyəti dövründə xalqın elçisi vəzifəsinin öhdəsindən layiqincə gəlib.

60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltəraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib və bu gün də irəliləməkdədir.

Sədrəddin Ayninin (Düşənbə,1978),

Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), Ümummilli Liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələri ona məxsusdur. 

Ulu Öndərin obrazı heykəltəraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olmuşdur. Ulu Öndərin Fəxri xiyabandakı və Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Ö.Eldarov Zərifə xanımın Fəxri xiyabandakı məşhur məzarüstü abidəsinin də müəllifidir.

Görkəmli heykəltəraşın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürü ən yüksək səviyyədə ifadə edilib. Onun görkəmli sənətkar Tokay Məmmədov ilə birgə yaratdığı Məhəmməd Füzulinin abidəsində dərd çəkən, düşünən insan və poetik ruhun vəhdəti öz monumental ifadəsini tapıb. Sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutan Füzulinin surəti tamaşaçını hər dəfə düşünməyə qərq etmirmi, edir. 

Heykəltəraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Oğlu Müslümün (1972), qızı  Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.

Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada onun rəssam S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı “Elegiya” əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən “Zamanın dörd rəngi” kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltəraş bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən əsərlər kifayət qədər duyğulandırıcıdır.

Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar bu gün də tükənməz enerji ilə yeni-yeni əsərlər yaratmaqdadır. 

Yüzə doğru!

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Kaş ki” şeirinin növbəsidir. 

Kaş ki, heç birimiz peşimanlayıb “kaş ki” deyərək qayb etdiyimizi geri qaytarmağı arzulamayayadıq. 

 

Nələr, nələr yada düşdü,

Xatirələr oda düşdü.

O günlərdən qəlbimizə

Qorxulu bir səda düşdü,

Görməyəydim kaş ki səni.

 

Bahar gəldi qış evinə,

Bu köçəri quş evinə.

O vaxt naşı bənna kimi

Yaddaşımın daş evinə

Hörməyəydim kaş ki səni.

 

Külə dönmüş od-ocaqsan,

Bəlkə belə qalacaqsan.

Onda uşaq deyildim ki,

Bilirdim ki solacaqsan,

Dərməyəydim kaş ki səni.

 

Hicran gəldi sinə-sinə,

Günlər ötdü sənə-sənə.

Bir güldanda saxlayaydım,

Öz əlimlə özgəsinə

Verməyəydim kaş ki səni...

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini  təqdim edir.

 

Əbasət Purhəsən

 

Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

BƏZƏKLİ MANKƏN

 

Bazar qabağında bəzəkli mankən,

Hər gələn əl atır donuna sənin.

Yaşamağın üçün açılmır donu,

Soyuq şəhrimizdə geydiyin donun.

 

Əllərin əlimdə, əlin əlimi,

Əlinin içində saxlaya bilmir,

Nə çəpik çalırlar qabağımızda?!

Nə üçün görənlər ağlayır, gülmür?

 

Mən səni sevdiyim qıza oxşatdım,

Ya şəhər ağılsız, ya da mən dəli!

Bir dəyqə özümü sevindirməyə,

Sənin də abrına toxundum, bəli.

 

Səndən ayrılıram, bilirəm ancaq,

Əynindəki donu götürəcaqlar.

Bilmirəm bəlkə də oğlan paltarın,

Geydirib əyninə, toy tutacaqlar.

 

Bəlkə də bazardan, bazara köçüb,

Gözdən düşəcəksən, gic qalacaqsan.

Bilmirəm, sabahın heç kimsə bilmir,

Bəlkə də sevdiyim qız olacaqsan!..

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

Thursday, 21 December 2023 15:00

Birləşmə... -HEKAYƏ

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Hər kəs ondan danışırdı- TV-lərdən, radiolardan tutmuş bütün sosial şəbəkələrə qədər. Yeddi milyard yeddi yüz milyon insanı dilindən, dinindən, irqindən asılı olmayaraq sadəcə bir şey birləşdirirdi. Qorxu. 

Çin, İran, Avropa ölkələri-xüsusən İtaliya və İspaniya, Amerika Birləşmiş Ştatları, Afrika, Avstraliya - bütün dünya tarixdə misli-bərabəri görünməyən bir pandemiyaya qarşı mübarizə aparırdı. Artıq ən güclü dövlətlər belə bu virusa məğlub olduqlarını etiraf edir və əgər tez bir zamanda bu pandemiyanın peyvəndi tapılmazsa insanlığın böyük bir hissəsinin məhv olacağı proqnozlaşdırılırdı (ən nikbin öngörülərə görə milyonlarla insanın öləcəyi ehtimal edilirdi). 

Getdikcə artmaqda olan ölümlərin sayı onminləri keçir, yoluxmaların sayı yüzminlərlə hesablanırdı. Həkimlər yeddi gün, iyirmi dörd saat ayaqda dursa da yoluxanların sayı o qədər sürətlə artırdı ki, hər kəsin həyatını xilas etmək mümkünsüzləşirdi.

Qoca, cavan, körpə - virus heç kəsə məhəl qoymadan hər kəsin canına qıymağa davam edirdi. Sağ qalanlar qorxu içində-növbəti qurbanın özləri ola biləcəklərinin həyəcanında. Hətta dövlət başçıları, krallar belə bu gün yaşaya bilirdilərsə şükür etməli idilər. Virus ayrıseçkilik bilmirdi. Bir zamanlar izdihama şahidlik etmiş şəhərlər indi qorxu filmlərindəki kimi bomboş qalmış, polislər, hərbiçilər əhalinin küçələrə çıxmasını əngəlləmək üçün gecə-gündüz bilmədən nəzarət edirdilər. 

Google-da axtarış versələr bu virusun, yəni daha dəqiq koronavirusun təxminən 6 000 000 000  milyard dəfə axtarıldığının şahidi olurdular. İstər iudaistlər, istər xristianlar, istər  müsəlmanlar, bir sözlə, bütün dinlərin nümayəndələri qardaşlaşaraq çarəni Allaha dua etməkdə görürdülər. 

Ah insan, sadəcə bir gün qabaq öz elmin, öz inkişafın ilə o qədər öyünmüş, o qədər təkəbbürlənmişdin ki... Hətta bəziləri özünə “Mən Allaham” deyəcək qədər cəsarətlənmişdi. 

Kimiləri koronavirusun  dünyaya yayılmasını bir-birinə müxalif olan dövlətlərin bioloji silah kimi istifadə edilməsindən, kimiləri Hz İsanın, Hz Mehdinin yer üzünə qayıtmasının işarəsi olmasından, kimiləri Allahın bütün dünyaya bəla yağdırmasından, kimiləri təbiətin onu pis günə qoyan insanlardan intiqam almasından, kimiləri bütün bu oyunların arxasında illumunatların durmasından və onların “Yeni Dünya Nizamı” yaratmaq  məqsədlərindən, hətta kimilərinə görə isə başqa planetdən gələnlərin yer üzünə istilasının başlamasının əlamətlərindən danışır və bütün bunlar TV-lərdən tutmuş sosial şəbəkələrə kimi hər yerdə müzakirə olunurdu. İş yerləri bağlanmış, turizm məhv olmuş, iqtisadiyyat çökmüş, nəinki ölkələrarası nəqliyyat , eyni zamanda şəhərlərarası gedişlər də aradan qaldırılmışdı. Nəticə etibarı ilə dünya bir xaosa sürüklənirdi, daha doğrusu sürükləndirilirdi və artıq öncəsi kimi olmayacaqdı.. Və ən qorxulu ssenari-bəşəriyyət yox olmağa doğru hər gün bir az daha yaxınlaşırdı. 

Ölümün nəfəsini bir az daha yaxın hiss edərək qan-tər içərisində yuxudan oyandım. Şok vəziyyətindən qismən də olsa çıxmağım dörd-beş dəqiqə çəkdi. Paltarlarımı geyib, əl-üzümü yuyaraq mətbəxə yaxınlaşdım. Səhər yeməyinə oturan zaman telefonumu əlimə alıb feysbuk hesabıma yenicə daxil olmuşdum ki, daha böyük bir şoka düşdüm. “Aman Allahım” deyərkən  əllərim əsməyə başladı. Bir neçə saniyə sonra bu xəbərin doğru olub-olmadığını rəsmi xəbərlərdən də öyrənmək üçün televizoru açdım. “İlahi, bu nə deməkdir” deyə düşünməyə başladım. Eyvana yaxınlaşıb həyətimizi seyr edərkən də insanların telefonda nəyə isə baxdıqlarının (çox güman ki, onlar da bu yuxunu izləyirdilər) şahidi oldum. Az qala gördüklərim, eşitdiklərim qarşısında dilim tutulmağa başlayacaqdı. 

Necə olur ki, yeddi  milyard yeddi yüz milyon insan hər biri eyni yuxunun dəhşətli təsirindən  vahimələnərək oyanır (təbii, minlərlə insan da bu yuxunun qorxusundan ölümlə üzləşir və bəlkə də öldüyünü düşündüyümüz insanlar gerçək həyata qədəm qoyacaqlardır)? 

TV-lərdən, radiolardan tutmuş bütün sosial şəbəkələrə qədər- hər kəs ondan danışırdı. Qorxu- yeddi  milyard yeddi yüz milyon insanı dilindən, dinindən, irqindən asılı olmayaraq birləşdirmişdi. Artıq çoxları, “Bəlkə də, yaşadığımız həyat yuxuların həqiqətindən başqa bir şey deyildir və ya bəlkə də yuxularımız həyatın elə özüdür. Paralel aləmlər varmı və ya bizim aləmimiz də sonsuz sayda paralel aləmlərdən sadəcə biridirmi?” və s deyə düşünməyə başlamışdı. Hər kəs haqlı görünə bilərdi, amma heç kəs həqiqəti bilmirdi və ya biriləri bilirdi də, heç kəsə açıqlamırdı. Bəlkə də nə vaxtsa açıqlanacaqdı. TV-lərdən, sosial şəbəkələrdən “Elə yuxularımız var ki, onları reallaşdırma Allahım, Amin” dualarının ardı-arası kəsilmirdi. Mən də bir dəfə səsli, sonra isə ürəyimdə onlarla dəfə  “Amin” deyərək göz yaşlarımı saxlaya bilmədim. 

 

Göz yaşlarımı silməyə hazırlaşırdım ki...

Gözlərimi açıb həyəcanlı halda ətrafıma baxmağa başladım... Dərhal feysbuk hesabıma daxil olub hər şeyin həmişəki kimi davam etdiyini görüb olduqca sevindim və Allaha şükür etməyi də unutmadım. Sən demə hər şey (dünyada baş verən koronavirus pandemiyası da, dünyadakı bütün insanların eyni yuxunu görməsi də) sadəcə yuxudan ibarət imiş. Bu zaman  düşüncələrimdə belə bir sual yarandı. Görəsən, əgər biz bir yuxunun içində başqa bir yuxu görürüksə ola bilərmi bizim həyatımızın özü də başqa birisinin yuxusudur? Və ya başqa bir iddia daha... Yuxu gördüyümüz zaman yuxumuzun içində də başqa bir yuxu görürüksə başqa-başqa aləmlərəmi ziyarət edirik?

     

             Yuxular həyatın özündə həyat,

             Bəzən həyacansız, bəzən narahat.

             Bir günü özünə sevdirir bizi,

             Bir günsə sındırır ürəyimizi.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Təcrübə verilə bilmir, yalnız əldə oluna bilir.

 

2.Dilindən minnətdarlıq düşən dara düşməz.

 

3.Həyatına daxil olanları sevinclə qarşılayıb, gedənləri minnətdarlıqla yola salsan, özün məmnun qalacaqsan.

 

4.İnsan həyatı ümidlərin təəssüflərə çevrildiyi bir yoldur.

 

5.Yalnız insandan uzaqlaşanda onu yaxından tanımaq olur.

 

6.Sevimli məşğuliyyəti olan əyləncə axtarmaz.

 

7.İnsan öz pis fikirlərindən yalnız yaxşı əməlləri ilə qurtula bilər.

 

8.İnsanın öz həyatı başqaları üçün yaşayanda başlayır.

 

9.İnsanın gizlənə bildiyi yeganə yer öz içidir.

 

10.Qadın öz azadlığını sevdiyi kişiyə asılılığında görür.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

Thursday, 21 December 2023 11:48

Ölümün həyatdan silə bilmədiyi adam...

 

ZİYA BÜNYADOVUN 100 İLLİYİNƏ

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

“Mən çox istəyirəm ki, biz öz xalqımızı, dövlətimizi daha artıq, müstəqillik dönəmimizin
Ziya Bünyadov, Çingiz Mustafayev, Mübariz İbrahimov kimi  qəhrəmanları qədər sevə bilək. 

Maddi və mənəvi dəyərlərimizə hörmətlə yanaşaq.”

(Varis)

 

Bu gün Sovet İttifaqı qəhrəmanı, şərqşunas, tərcüməçi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri dokturu, professor, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, alim, akademik - Ziya Bünyadovunun doğum günüdür. 

 

Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov olmuşdur. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və  Quranı  oxumağa  başlamışdı. 

Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü olmuşdur. Atası xidməti işi ilə əlaqədar olaraq Göyçaya göndərildiyinə görə Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə indiki Göyçay şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gedib. Lakin tibb komissiyasından keçə bilmədiyindən yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.

Təhsilini bitirdikdən sonra Ziya Bünyadov xidmət yerinə – Bessarabiyaya göndərilib.

Burada o, Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girib. Müharibə dövründə o, iki dəfə yaralanıb və kantuziya alıb.

Bu zamanlarda xəstəxanalarda keçirdiyi vaxtı  çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir

O, Ukrayna və Moldova uğrunda döyüşlərdə,  Mozdok  və  Tuapse,  Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak edib. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Ziya Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.

Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə dalaşdığına görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı.Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.

Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilisa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.

Göstərdiyi rəşadətə görə 1945-il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. 

Müharibə başa çatdıqdan sonra Ziya Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləmiş və Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunmuşdur.

Ordudan tərxis olduqdan sonra o, 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. 

Ziya Bünyadov 1954-cü ilin may ayında "İtaliya İmperializmi Afrikada" namizədlik dissertasiyasını müdafiə edib həmin ilin avqustunda Bakıya qayıtmışdır. Həmin ildə o, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.

1958-ci ildən 1959-cu ilə kimi Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir.

1964 ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsrlər tarixi” şöbəsinin rəhbəri olmuşdur.

1964-cü ildə o, “Azərbaycan VII–IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək elmi şura tərəfindən tarix elmləri dokturu elmi dərəcəsi almış, 1964-cü ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor dərəcəsi verilmişdi. Və həmin il onun eyniadlı monoqrafiyası çap olunmuşdur.

Ziya Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsəri ortaya qoyub.O, bolşevizm terroru nəticəsində 1920–1930-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarmış və 1937-ci ilin qurbanlarını xalqa tanıtdırmış, onlara bəraət qazandırmış, adlarını tarixdə bərpa etdirmiş və beləliklə, o dövrü doğru-düzgün işıqlandırmışdır.

1966-cı ildən başlayaraq o, Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olmuşdur. O, Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə 1966-cı ildə Türk Tarix Kurumunun müxbir üzvü, 1988-ci ildə isə onun Fəxri üzvü  seçilmişdir.

Alim həmçinin 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 21 aprel 1976-cı ildə isə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

1970-ci ildə o, "Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. İctimai elmlər seriyası" jurnalının baş redaktoru vəzifəsinə təyin olunmuşdu.

1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu.

O, Xilafət və Azərbaycanın VII–XIII əsrlər tarixinin tədqiqatçılarından biri olmuşdur. Alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərini 1971- ci ildə və Nəşəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə ərəb dilindən rus dilinə tərcümə etmişdir.

SSRİ üzrə səyahətlərində gənclər arasında hərbi-vətənpərvərlik işinə göstərdiyi dəstəyə görə 1976-cı ildə SSRİ ODKYC-nin Fəxri nişanı ilə təltif olunmuşdur. 1980-ci ildə isə o, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü seçilmişdir. O, ensiklopediya üçün Azərbaycan tarixinə aid çoxlu sayda məqalələr yazmışdır. Mənbələrin tədqiqini davam etdirən akademik Bünyadov yeni kitabı – "Azərbaycan Atabəyləri dövləti. 1136–1225-ci illər" üzərində işləməyə başlayır. 1978-ci ildə monoqrafiya çapdan çıxdıqdan sonra çoxlu müsbət rəylər və yüksək qiymət alır. Onun bu əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

1981-ci ilin aprel ayından isə Ziya Bünyadov Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərmişdir. 1982-ci ildə ona "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, 1988–1990-cı illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasıının Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.

Alim 1990-cı ildə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.

1991-ci ildə o, "Gülüstani-İrəm" əsərini ön söz və şərhlərlə çap etdirmiş və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülmüşdür.

1990-cı illərdə Ziya Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri olmuş və öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab vermişdir.

1995-ci ildə Ziya Bünyadov Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir.

Böyük alim 1997-il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən suiqəstlə vəhşicəsinə qətlə yetirilmiş Fəxri xiyabanda dəfn edilmişdir. 

1947-ci ildə Ziya Bünyadov Tahirə Bünyadova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla birlikdə olmuşdur. Onun Heydər və Cəmil adlı iki oğlu var.

O, başında araxçına bənzər papaq gəzdirməyi və dənizin qoynunda xəyala dalmağı çox sevirmiş.

Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 saylı tam orta məktəb, Göyçay şəhərindədə 3 saylı tam orta məktəb və ən böyük küçələrdən biri onun adını daşıyır.

2012-ci ildə Bakı Dövlət Univerisitetində  Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir” mövzusunda respublika elmi konfransı keçirilib. Həmin il Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-in atıcılıq tirlərində onun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilmişdir.

2015-ci il mayın 14-də Bakıda Ziya Bünyadovun “Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097–1231” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Alim keçmiş SSRİ-nin və müstəqil Azərbaycan respublikasının bir sıra yüksək dövlət orden və medalları, o cümlədən “Lenin” ordeni, “Qırmızı Bayraq” ordeni, “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı, “İstiqlal” ordeni (ölümündən sonra) və s. təltif olunmuş, Abbasqulu ağa Bakıxanov adına mükafata, Berlinin Pankov rayonunun Fəxri vətəndaşı, Ürgənc şəhərinin ilk Fəxri vətəndaşı, Astara və Göyçay şəhərlərinin  Fəxri vətəndaşı adına layiq görülmüşdür.

Ziya Bünyadov həmçinin bir sıra tarixi, elmi, publisistik və tərcümə əsərlərinin eləcə də məqalələrin müəllifidir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

Thursday, 21 December 2023 14:00

QİRAƏT SAATInda “Eşq mələyi”

         “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

17-ci hissə

 

“Məni bağışla”

 

Bəzən insana çətin olur, amma yenə də nəsə bir tutalqa tapıb duruş gətirə bilir.

Rasim ondan doymurdu, işini-gücünü atıb hey onunla olurdu, bir ara lap dəli-divanə oldular, hər ikisi işdən icazə alıb Xızıya – Cənnət bağına getdilər, yeddi gün orada gecə-gündüz sevişdilər, ünsiyyət qurdular, əyləndilər, dünyanı unutdular. Ülkərə bu günlər keçirdiyi abortun acılarını da unutdurdu.

Soyuqlar düşmüşdü, qar havası idi, amma belə havada meşədə gəzməyin ayrıca ləzzəti vardı. Əsla üşümürdülər. Sevgi onları qızdırırdı. Şam yeməyində qırmızı şərab içmək bir ayrı ləzzət verirdi, hər ikisinin dili açılırdı. Filosoflarsayağı söhbətlər edirdilər.

Rasim:

--Heç bilirsən quşlar niyə bütün günü cəh-cəh vururlar?

Ülkər:

--Niyə?

Rasim:

--Bir-biri ilə quş dilində söhbətləşirlər. Biri deyir, mən acam, o birisi cavabında deyir, gəl yanıma, burda yem var. Biri deyir, mənə soyuqdur, o biri cavabında deyir, gəl yanıma, bura istidir. Yaxud da biri deyir, mən yalnızam. O biri deyir, gəl yanıma, cütləşək.

Ülkər:

--Bəs sən bilirsən niyə ulduzlar gecələr gur işıq saçır?

Rasim:

-- Niyə?

Ülkər:

-- Görüşə çıxmış sevgililər üçün qaranlığı işıqlandırmağa. Sevgililər bir-birinin gözlərini görə bilsinlər deyə.

Bir dəfə Rasim ondan soruşdu:

-- Heç sevmisənmi indiyədək?

Ülkər gizlətmədi, dedi, hə, sevmişəm, ancaq bu, yeniyetməlik sevgisi olub, platonik bir sevgi olub, əlimiz əlimizə toxunmadan baxışla, sözlə sevişmişik.

Azacıq susub dedi:

-- Amma ərimi əsla sevməmişəm. Demişdim sənə bunu, məni ona zorla veriblər. Atalarımız bizim taleyimizi bir şüşə araq içərkən həll ediblər. -- Sonra əlavə elədi. --Adətən gözəl uşaqlar böyük sevgidən əmələ gəlir. Biz bir-birimizə əsla sevgi duymadan, zorən yataq bölüşüb Aylini dünyaya gətirdik. Amma qızım o qədər gözəldir ki... Sanki qələmlə çəkilib. Allah qoysa,qızım böyüyəndə elçilər qapımızıo qədər döyəcəklər ki, qapımızın petlələri qırılacaq. Sən də ata kimi seçim etmək azadlığı qazanacaqsan. Amma qızımızı varlı-hallı birinə deyil, ağıl-kamallı, elmli birinə verərik, yaxşımı? Cünki var-hal ağıl qazandırmaz, amma ağıl var-hal qazandıra bilər. -- Sonra da başını Rasimin dizləri üstünə qoyub soruşdu: --Bitanəm, bəs sən necə, sevmisənmi?

Hərçənd, Rasim də bunu bir neçə dəfə təkrarlamışdı, Ülkər özü də münasibətlərindən görmüşdü ki, Rasimin həyatında həm ilk sevgisidir, həm də münasibətə girdiyi ilk qadındır. İntim yaxınlığa girmək o yana, adicə öpüşməyə başlayanda Rasim tir-tir titrəyirdi.

Rasim onun ipək saçlarını sığallaya-sığallaya söylədi:

-- Əlbəttə ki yox. Sən mənim ilkimsən. Heç kəsi bəyənməmişəm, heç kəsi sevməmişəm. Təsəvvür et ki, sinif yoldaşlarım, kollec yoldaşlarım məni problemli sanırdılar, deyirdilər, Rasimin qızlara meyli ona görə yoxdur ki, problemlidir. Səni ilk dəfə görəndə sanki qaranlıq, zülmət aləm işıq saçdı. O deyirləree, hər bir insanın əks cinsdən ikinci yarısı olur. Onlar təsadüfən rastlaşarlarsa bir-birini tamamlayıb dünyanın ən ideal cütlüyü olur, ən ideal ailəni qururlar. Sən mənim ikinci yarımsan. Bütün iyirmi bir illik ömrüm boyu sanki sənə doğru şütümüşəm mən. Səninlə çox xoşbəxtəm. Bu anların ömür boyu davam etməsini istərdim.

Xızılı günlərdə Ülkər içindəki şübhələri də dilə gətirdi.

-- Rasim, birdən ata-anan bizim izdivacımıza icazə vermədi, onda necə olacaq?

-- Niyə verməsinlər ki?

-- Necə yəni niyə? Əvvəla, mən səndən düz beş yaş böyüyəm. Beş yaş sənə az gəlməsin.

-- Bunu onlardan gizlədərik.

-- Necə yəni gizlədərik, bu boyda həngaməni gizlətmək olar?

-- Olar. Sənə heç iyirmi yaş da vermək olmur.

-- Gözlə, gerisi də var. İkincisi, mən ərdə olub çıxmışam, boşanmış qadınam, yəni bakirə deyiləm.

-- Əşi, kim nə biləcəyee, sən ərdə olub çıxmısan? Atamla anam bəyəm pasportstolda işləyirlər?

-- Üçüncüsü, yeddi yaşında qızım var. Bunu necə gizlədəcəksən? -- Sonra dikəlib onun üzünü ovuclayaraq sözünə davam etdi. --Rasim, ata-anan gözlərinin ağı-qarası tək oğullarının özündən beş yaş böyük, yanı uşaqlı dul qadınla evlənməsinə icazə verərlər yəni? Axı valideynlərin həmişə öz planları olur.

-- Ülya, bunu mənə burax, sənə ilk görüşlərimizdən demişəm axı, öz taleyimi mən özüm həll edirəm, valideynlərim buna qarışa bilməz. İxtisasımı da özüm seçmişəm, kollecə daxil olub oxuyub diş həkimliyi sənəti almışam, iş yerimi də özüm seçmişəm, ailəmi də özüm seçəcəm. Mən uşaq deyiləm, kifayət qədər yetkin şəxsəm.

Həmin gün xüsusən uşaqlarını tələf etməklərinin acısı, Rasimin həmin anda qətiyyətsizlik göstərməsi Ülkəri tərəddüdlər içində saxlasa da, nə qədər ümidli olduğunu dilə gətirmişdi:

-- Bilirsən, tale bir adamı sonunadək döyməz ki... Birinci ailəm dağıldı, bir gün görmədim. Atamın güdazına getdim. Sən isə öz seçimimsən. Hər şeyi gözə alıb səni sevdim. Nə olursa-olsun, sonunadək sənin olacağam. Hətta ata-anan razılıq verməsələr belə, birlikdə Bakıdan çıxarıq, gedərik uzaqlara. Məsələn, Türkiyəyə gedərik. Mən anamın, bacımın, qardaşımın, lap elə keçmiş qayınanamın ayaqları altına düşərəm, pul alaram onlardan, gedib orda kiçik bir ev kirayələyərik, orda diş həkimləri yaxşı qazanır, sən həkimliyini edərsən, mən də pedaqoqam, müəllimlik işi dil fərqinə görə alınmasa belə, uşaq dayəsi olaram, lap elə burdakı kimi tərbiyəçilik edərəm, bağçada çalışaram. Qızımız da məktəbə gedər. Bir ömür xoşbəxt yaşayarıq.

Bunları demiş, göz yaşları diyirlənib sinəsinə damcılamışdı.

Xızılı günlər o qədər maraqlı, mənalı, gözəl, yaddaqalan idi ki... Günəşi də qarşılamışdılar, dağa da dırmaşmışdılar. Hələ qaçdı-tutdu da oynamışdılar, qayğısız halda bir-birini tutub öpüşlərə qərq etmişdilər.

Amma yeddi günün az qala hamısında Rasimin valideynlərinin zənglərini, onun da guya rayona, əsgər yoldaşının atasının yasına getməsi barədə onlara uzun-uzadı izahat verməsini, növbəti dəfəsində niyə qayıdıb gəlmir sualına guya dostunun maşınının qəzaya uğramasını, yüngülcə əzilmələrini söyləməsini, sonra daha nə kimi bəhanələr uydurmasını görəndə Ülkərin dalağı sancmışdı. Rasim mərd-mərdanə valideynlərinə harada olmasını demirsə, çox yəqin, onlara Ülkərlə münasibəti barədə heç nə deməmişdi. Demək, Ülkəri aldatmışdı. Axı ilk gündən Ülkər ona ciddi münasibət şərtiqoymuş, valideynlərini agah etməyi tapşırmışdı. O da buna əməl etdiyini demişdi. Razılaşmışdılar ki, hələ Ülkərin yaşca böyük olması, boşanmış olması, yanıuşaqlı olmasını Rasim valideynlərinə deməsin, sadəcə desin ki, bir xanımla ciddi məqsədlə görüşürəm, sevirəm onu.

Demək, çox güman, Rasim Ülkəri aldatmışdı.

Rasimgil də, Ülkərgil kimi, əslən Aran bölgəsindən idilər, Rasim evin böyük uşağı idi, özündən başqa iki bacısı vardı, hər ikisi məktəbliydi. Tibb kollecini bitirib öncə texnik, sonra diş həkimi kimi çalışırdı. Valideynlərinin hər ikisi Sədərək bazarında alverlə məşğul idi, bir satış nöqtələri vardı, sübhdən gedib topdan mal satan iri tacirlərdən qiymət öldürərək qadın, kişi və uşaq üçün corablar, alt paltarları götürər, gün ərzində üstünə qəpik-quruş qoyaraq satıb çörəkpulu qazanardılar. Onlar Rasimin əlinin çörəyə çatmasından çox məmnun idilər, tək oğullarına çox ümid bəsləyirdilər. Rasimin üstündə əsirdilər, eyni zamanda tələbkardılar, onu başlı-başına da buraxmır, hər hərəkətini sorğulayırdılar. Çox təəssüf ki, bunları zamanında Ülkər bilməmişdi. Bilsəydi, bəlkə də hisslərini ram edər, Rasimə meyil salmazdı.

Şübhə və qorxuları əbəs deyilmiş. Bakıya dönüşlərindən sonra düz üç gün Rasim zəng eləmədi. Ülkər çox nigaran qalmışdı, nə baş verirdi axı? Bir an onsuz qalmayan, zəngi mesaja qatan sevgilisinə nə olmuşdu? Özü onu yığdı, telefonunun bağlı olduğunu görəndə nigarançılığı daha da artdı.

Növbəti gündə bağçada uşaqlara rəsm çəkdirirdi, bir də gördü müdir onu otağına çağırır. Müdirin otağına girən kimi onu gördü, dolubədənli, saçı sarı bir qadın üzərinə atıldı.

-- Ay fahişə, ay ləçər, oğlun yaşda olan uşağı tora salıb nə məqsəd güdürsən? Olmaya Samayayla Şamxala gəlin olmaq istəyirsən? Ay sən özün öləsən. Səni el içində biabır edərəm. Qancıq!!! – deyib əl ataraq Ülkərin bir çəngə saçını yoldu.

Müdir araya girsə də, qadını heç vəchlə sakitləşdirə bilmirdi. Qadın Ülkərdən qopmur, ən nalayiq söyüşlər söyərək onun ora-burasına yumruq atırdı.Özünü itirib donub qalan Ülkər nə bir kəlmə cavab verir, nə də özünü zərbələrdən müdafiə edirdi.

-- Bunu burda işdə saxlayırsız, xəbəriniz yoxdu ki, vışşiy marka fahişədi bu, Bakının yarısının altına yıxılıb. Kollektivinizi də pozacaq.

Səs-küyə bağçanın işçiləri ora axışdılar, aləm bir-birinə dəydi.

Sonrakı saatda qadın “Bir də uşağın adını çəksən, gələcəkdə sənin kimi fahişə olacaq qızını oğurlatdıraram” xəbərdarlığını edib getmişdi artıq. Ülkər hətta bu rəzil və murdar sözlərə belə cavab vermək iqtidarında olmamışdı. Həqiqətən nitqi tutulmuş, qolları yanına düşmüşdü, canlı meyit idi, müqəvva idi sanki.

İnsanlığa sığmayan bu basqı nəydi belə? Yəni bu qadın (ona qadın adı vermək də olmurdu) insan kimi münasibətləri ayırd etməyə gələ bilməzdimi? İnsan yırtıcı heyvandan yəni heçmi fərqlənməz?

Bir neçə gün işə çıxmadı, evə qapanıb qaldı, tam depressiya içindəydi, ümidsizlikdən nəfəsi kəsilirdi. Ürəyinin dərinliklərində Rasimin anasıyla mübarizə aparmasına bir inam, hər halda, qalmaqdaydı. Düşünürdü ki, o boyda böyük sevgisindən Rasim əsla vaz keçməz, anasını yola gətirməyə çalışar, heç nəyə nail olmayanda isə götürüb Ülkəri uzaq ellərə, xəyal etdikləri Türkiyəyə aparar. Nə yaxşı ki, bu düşüncələr yaranmışdı, Ülkəri tam sınmaqdan, çökməkdən qorudu bir müddət. Hətta Ülkər onun da xəyalını qurdu ki, bunlar Türkiyədə xoşbəxtcəsinə yaşayırlar, güzəranları əladır, Rasimin anası barışıq istəyir, amma Ülkər onu rədd edir, deyir, sənin etdiyin rəzilliyi heç vaxt unutmaram.

Bu arada Rasimin telefonu susurdu, Ülkər özü zəng etdi, mesaj yazdı, amma Rasimdən cavab ala bilmirdi ki, bilmirdi. Nəhayət, münasibətləri tam aydınlaşdırmaq üşün onun iş yerinə getdi.

Həmin günü əsla unutmaq mümkün deyil.

Rasim pasiyentlə idi, onu görcək əlləri əsdi, dili dolaşdı, “Gözlə, indi qurtarıram” kəlmələrini dili dolaşa-dolaşa tələffüz elədi. İşini qurtarandan sonra Ülkərin ogünkü hadisəyə aydınlıq gətirmək tələbinə susqu ilə cavab verdi. Ülkər anasının basqısı, bütün etik çərçivələri aşması, hətta mələk Aylini çirkaba bulamasının müqabilində Rasimdən cavab istədi, cavab ala bilmədi.

Belədə Ülkər hıçqıra-hıçqıra uzun-uzadı insanların dönüklüyündən, taleyin ona qarşı amansız olmasından gileyləndi, çox şeydən bəhs etdi.

Lal divar idi sanki Rasim. Yalnız sonda Ülkər “Sənin fikrin nədi indi” sualına cavab gözləyəndə gözlərini dikdiyi yerdən qaldırmayaraq, bir kəlmə söylədi. Söyləməsəydi, axıradək lal qalsaydı, bundan yaxşı idi.

Dedi:

-- Bağışla məni. Mən anamgilin ziddinə gedə bilmərəm.

Ülkərin başına uçdu sanki çəhrayı divarlar.

Bəs hanı o kəlmələr?

-- Mən kifayhət qədər yetkin adamam...

-- Öz seçimimi özüm edəcəm...

-- Ata-anam heç vaxt mənim işimə qarışa biməz...

Hanı o qırıldamalar? Xoruz kimi sinəni qabağa verib yaxbalalıq eləmələr?

Hanı onlar?

Qeyrətsiz, duyğusuz, acımasız, alçaq, zalım, murdar...

Ülkər hönkürərək ağlayırdı, səsinə tibb bacıları qaçıb gəlmişdilər, dəhlizdəki pasiyentlər də kabinetin içinə boylanırdılar.

Bu da son. Bir sevgi hekayəsi bu cür sona çatmaqdaydı.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.