Super User

Super User

Həftəsonu Azərbaycan Yazıçılar Birliyində "HEYDƏR ƏLİYEV -100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: alim- yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq" mövzusunda tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Salim Babullaoglunun moderatorluğu ilə keçirilən bu maraqlı tədbirdə mövzu ilə əlaqəli AYB katibləri Səlim Babullaoğlu, İlqar Fəhmi və Elçin Huseynbəyli, Ədəbiyyat fondunun Baş direktoru Varis, bioloq-alim Əlisahib Hüseynli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri və əməkdaşları:, fil.ü.f.d Şahlar Göytürk, Fəfa İsmayılova, AMEA əməkdaşları, fil.ü.e.d 

Lutviyye Əsgərzadə, fəl.ü.f.d. Zeynəddin Şabanov, Sabunçu rayon Ağsaqqalar Şurasının Sədri yazıçı Vəli Səfərov, Azərbaycan Voleybol Federasiyası rəsmisi Vidadi Hacıyev, yazarlardan Lətifə Oruc, Arzu Əsəd, Esmira Günəş, Həcər Paşayeva,

Kənan Hacı, Vüqar Abbasov,  

Mehriban Abdullayeva, Zakir Ağdamlı, Sima Cəfərova, Əli Bəy Azəri, Qabil Dərdli, “ASAN Xidmət” əməkdaşı Alim Ismayil,  b.ü.f.d Çingiz Əliyev və başqaları mövzu ilə bağlı çıxışlar ediblər. 

Çıxışlarda Sadıq Qarayevin kitabları, xüsusən 44 günlük müharibədən bəhs edən “N saylı qəhrəmanlıq” kitabında Azərbaycançılıq məfkurəsinin necə aparıcı xətt təşkil etməsi, yazıçının gənc nəslin yetişməsi yolunda ortaya qoyduğu zəhmət qeyd edilib, yazıçıya uğurlar arzu edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Monday, 25 December 2023 11:45

Məmməd Araz Lənkəranda anılıb

AYB Lənkəran Bölməsi və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə Lənkəran şəhərində "Heydər Əliyev ili" çərçivəsində böyük şairimiz Məmməd Arazın 90 illiyi ilə əlaqədar ədəbi- bədii gecə keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri Qafar Cəfərlidən aldığı məlumata görə, tədbirdə bölgə yazarları, rayon ziyalıları, müəllimlər, tələbələr və şagirdlər iştirak ediblər. 

Çıxış edənlər ölməz şairin xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə yubiley münasibəti ilə şairin şeirlərinin ən yaxşı ifası ilə bağlı keçirilən müsabiqəyə də yekun vurulub. Fərqlənən ifaçılar diplom və hədiyyə ilə mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərinin təqdimatını yekunlaşdırırıq. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Sən demə təzədən sevmək okarmış” şeirinin növbəsidir. 

Sevgi qara sevda olub da bizi bitirir. Amma çıxış yolu vardır. Çıxış yolu təzədən sevməkdir…

 

Sən demə təzədən sevmək olarmış,

Tale də təzədən gülə bilərmiş,

Küsüb gözüyaşlı gedən məhəbbət

Peşiman-peşiman dönə bilərmiş.

 

Ürək bulud kimi boşalırsa da

Demək bulud kimi təzədən dolur.

Sonuncu şöləsi titrəyən şamdan

Ayrı bir şamı da yandırmaq olur.

 

Sən demə təzədən sevmək olarmış,

Köhnə yaraları vaxt, zaman silir,

Kəsilən budaqla ölən ağaclar

Təzə pöhrələrlə dirilə bilir.

 

Ağlaya-ağlaya dünyaya gəlib

Biz ana südüylə gülməmişikmi?!

Hər axşam sapsarı batan günəşi

Hər səhər təzə-tər görməmişikmi?

 

Sən demə təzədən sevmək olarmış,

Sevgi fürsət deyil quş kimi uça.

Nə də kölgədir ki,

Qaçasan qova,

Ya da sən qovasan

O səndən qaça...

 

Çıxarsan qəlbindən ötən sevgini,

Bir gün də tənhalıq sıxacaq səni.

Kiməsə etdiyin yaxşılıq kimi

Məhəbbət qarşına çıxacaq sənin.

 

İlk sevgi yuvadan düşən quşcuğaz,

Körpə qanadları pöhrələnməyib.

Məcnunun ahıyla uçan məhəbbət

Min hiylə əliylə yerə enməyib...

 

Mən ki görməmişəm sevgini susan,

Məhəbbət zirvədə bəslənən qarmış.

Kim deyir bir dəfə sevilir insan,

Sən demə hər zaman sevmək olarmış...

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə daha iki tanınmış azərbaycanlının doğum günü təsadüf edir. Onlar da Əli Sultanlı və Əlisattar Atakişiyev kimi eyni gündə doğulublar, 1931-ci ilin dekabrının 25-də.

Görkəmli kitabşünas və bioloq...  Gəlin bir-bir bu şəxslərə ayıraq.

 

Görkəmli alim Abuzər Xəlilov

Kitabşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Abuzər Xələfov. 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olan Abuzər müəllim SSRİ məkаnındа kitаbхаnа işinin tаriхi sаhəsində ilk еlm­lər dоktоru kimi şöhrət qаzаnıb və Аzər­bаycаn kitаbхаnаşünаslıq еlmi məktəbinin əsаsını qоyub. Rеspublikаmızdа ХХ əsrin 60-cı illərindən bаşlаyаrаq kitаb­хаnаşünаslıq və bibliоqrаfiyаşünаslıq sа­həsində dоktоrluq və nаmizədlik müdа­­fiə еtmiş аlimlərin dеmək оlаr ki, hаmısı А.Хələfоv еlmi məktəbinin yеtirmələridir. O, “Kitаbхаnа işi hаqqındа” Аzərbаycаn Rеspublikаsı qаnununun lаyihəsini hаzırlаyаn işçi qrupunun sədri, BMT yаnındа Bеynəlхаlq İnfоrmаsiyаlаşdırmа Аkаdеmiyаsının аkаdеmiki olub. Görkəmli alim 300-ə yaxın еlmi əsərin, 10 mоnоqrаfiyаnın, 30-dаn аrtıq kitаbın - dərslik və dərs vəsаitlərinin müəllifidir. 2001-ci ildə Аmеrikа Biоqrаfiyа İnstitutunun nəşr еtdirdiyi “Görkəmli lidеrlərin bеynəlхаlq sоrаq kitаbı”nın ХI nəşrinin nоminаntı sеçilib, fəхri fərmаn və qızıl mеdаllа təltif еdilib. O, Azərbaycan elminin, mədəniyyətinin inkişafındakı yüksək xidmətlərinə görə 1969-cu ildə “Əməkdаr mədəniyyət işçisi”, 2000-ci ildə “Şöhrət”оrdеni, 2001-ci ildə “Əməkdаr еlm хаdimi”, 2005-ci ildə “İlin müəllimi” fəхri аdlarına layiq görülüb, 2019-cu ildə “Şərəf” оrdеni” ilə təltif edilib. Abuzər Xələfov 2020-ci il aprel ayının 27-də Bakı şəhərində vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub, ruhu şad olsun!

 

Görkəmli bioloq Qara Mustafayev

Bu gün məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, böyükdən kiçiyə hər bir azərbaycanlıya “Təbiəti sevənlər” proqramından tanış olan Qara Mustafayevin də doğum günüdür. Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olan, ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən, aspiranturada təhsilindən sonra 1958-ci ildə elmlər namizədi və 1985-ci ildə elmlər doktoru alimlik dərəcələrini və sonra professor elmi adını alan Qara müəllim elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox medal, fəxri fərman, diplom və digər mükafatlarla təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib, "Şöhrət Ordeni"nə layiq görülüb. 2018-ci ilin 8 oktyabrında dünyasını dəyişmiş böyük alimimizə allahdan rəhmət diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 bənddən ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə ilk dörd bəndi təqdim edəcəyik. Növbəti günlərdə isə digərlərini.

Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.

 

 

Qayda 1

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

 

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

 

Qayda 2

«Yox!» deməyi öyrənin

 

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

 

Qayda 3

Heç vaxt başqalarına qulaq asmayın

 

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

Qayda 4

Cəld və məhsuldar hərəkət edin

 

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

 

 

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Kərkük musiqi axşamı keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

 

Kərkük musiqi axşamında kərkük xalq musiqi nümunələri, eyni zamanda, müxtəlif üslublarda işlənilmiş xalq və bəstəkar mahnıları səslənəcək.

Gecədə Beynəlxalq Muğam Mərkəzinin ansamblının müşayiəti altında Əməkdar artist Toğrul Əsədullayev (kamança), Rüstəm Müslümov (tar), Rafael Əsgərov (balaban), Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, Hüseyn Məlikov, Zümrüd Məmmədova, Məmməd Nəcəfov, Səbinə Ərəbli, Yaqut Xəlilzadə, Rəvan Qaçayev, Günay İmamverdiyeva, Nisbət Sədrayeva, Vəfa Vəzirova, ud ifaçısı İsmayıl Zülfüqarov, pianoçu Rəbiyə İmanquliyeva, “Şəms-Qəmər” kamera xoru (bədii rəhbər Leyla Zalıyeva, xormeyster Xanımana Məmmədzadə) çıxış edəcək.

Qeyd edək ki, əsrlər boyu İraq türkmənləri ilə Azərbaycan arasında səmimi bağlar olmuşdur. Bu bağlar özünü musiqidə də göstərmişdir. Təsadüfi deyil ki, ölkəmizdə “Ninnə yarım”, “Gözələ bax, gözələ” və s. kimi mahnılar dillər əzbəridir.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Monday, 25 December 2023 09:00

MƏQAMI UCA XAQAN- İlham Əliyev!!!

Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət”

 

Onun məqamı Tanrı dərgahında çox Ucadır, çox Böyükdür!

Tanrı istədiklərini, sevdiklərini ucaldar, ən qatı zülmətlərdən, ən dərin quyulardan çıxarar.

Tanrı buyurduğu üçün İlham Heydər oğlu Əliyev Prezident oldu. Qədim türklər üçün dövləti idarə edən, dövləti quran şəxsin titulu “Xaqan” idi.  Ən qədim konstitusiyamız sayılan, Ötükəndə tarixə şahid qalan Bilgə Xaqanın daş məktubunda belə yazıdırıb:

“Babamızın, əmimizin qazandığı millətin adı- sanı yox olmasın deyə, Türk milləti üçün gecə uyumadım, gündüz oturmadım. Kiçik qardaşım Kül Tegin ilə, iki şad ilə məhv olmaqdan qurtardım… Ondan sonra dövlətim, qismətim olduğu üçün, öləcək bir milləti əyin-başlı etdim. Fağır milləti zəngin etdim. Az milləti çox etdim. Dəyərli ellərdən, dəyərli xaqanlardan daha yaxşı etdim”.

Doğulandan kürəyinə Çingiz Xan tamğası vurulan Xaqan İlham Heydər oğlu!

Məqam elə məqamdır ki, Bilgə Xaqanın daş kitabəsinə yazdıqları İlham Əliyevin alın yazısı oldu.

“Adil hökmdar, Ədalətli Xaqan, Uzaqgörən Prezident!”.

Bu adların hamısını ona bu XALQ verdi! Onu bu XALQ seçdi! Bu XALQ ona inandı!!!

...Tanrı sevib seçdiyinə səbr verər. Səbirlidir. Bütün beynəlxalq basqılara, düşmən həmlələrinə, içərimizdə olan “daxili düşmənlərə” səbrlə cavab verdi.  

2003-cü ildə hakimiyyətə gəldiyindən bu günə kimi xalqa verdiyi vədlərini söz-söz, cümlə-cümlə həyata keçirdi və xalqına müjdələr verməkdədir.

 

Bilgə Xaqanın kitabında yazılır:

“Tanrı buyurduğu üçün, özüm də dövlətli  olduğum için Xaqan oturdum. Xaqan oturup aç, fağir milləti həp toplatdım. Fağir milləti zəngin kıldım. Az milləti çox kıldım. Yoksa bu sözümdə yalan var mı? Türk bəyləri, milləti, bunu eşitin!".

Azərbaycan yurdunun Xaqanı - İlham Heydər oğlu Əliyev bu dövlətin rəhbəri olduğu gündən  gecə uyumadan, gündüz oturmadan- dünyanın hər yerindən üstümüzə gələn siyasi güclərin ucbatından qaytara bilmədiyimiz Vətən və torpaq problemimizin çözülməsi üçün yollar axtardı... Sonunda 2020-ci ildə savaşa üstünlük verdi. Əmir Teymurun hərb siyasətinə uyğun bir döyüş siyasəti aparıb, İlham Heydər oğlunun adına yazılacaq yeni döyüş siyasəti yazdı. Bu həm də dünyaya açılan haqq-ədalət savaşı idi. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuz tarixi torpaqlarımızı geri qaytardı. Tarixin çiyinlərinə qoyduğu missiyanı bir Türk fatehi, Türk sərkərdəsi kimi mətinliklə, qətiyyətlə həyata keçirdi.  

Bilgə Xaqan atası Kutluq Xaqan haqqında daşa həkk etdiyi məktubda elə bil ki, bizim taleyimiz yazılıb.

 

Bilgə Xaqanın kitabında yazılır:

“...Toplanıb yetmiş ər olmuş. Tanrı qüvvət verdiyi üçün babam xaqanın əsgəri qurd kimi idi, düşməni qoyun kimi idi. Şimala-Qərbə əsgərlərini yığıb topladı. Hamısı yeddi yüz ər oldu. Yeddi yüz ər olub, elsizləmiş eli, xaqansız milləti , cariyə olmuş , qul olmuş milləti , Türk törəsini buraxmış milləti, əcdadımın töprəsini yığıb, yetişdirdi”.

Həmin tarixi savaş günlərimizi təkcə azərbaycanlılar deyil, bütün dünya xatırlayır. Biz adi vətəndaşlar, sıravi əsgərlər, ordumuzun əzəmətli oğulları düşmənlə vuruşduqsa, Ali Baş Komandan İlham Əliyev bütün dünya ilə, böyük güclərlə siyasi və güc savaşına çıxdı. Dünya yeni bir İlham Əliyevi tanıdı! Dünya bildi ki, qarşılarındakı adi insan deyil, fövqəlbəşər bir sərkərdə, diplomat və sərkərdədir!

Həmin ağrılı və savaşlı, qanlı-qadalı günlərimizdə bir gözümüzü güldürüb, bir gözümüzü ağlatdı qəhrəman oğullarımız! Lakin hamımız bir olub Ali Baş Komandanın ətrafında birləşə bildik! Hər gün ondan hesabat gözlədik. Sərkərdə İlham Əliyev də mavi ekranın işığı ilə bizə Ordumuzun qazandığı uğurları bəyan edirdi.  

Böyük güclərin Şahmat taxtasında oyuna çıxarılan Azərbaycanı Şah gedişi ilə başa gətirdi. Dünyanı mat qoydu.

2023-cü il 15 oktyabrda Xankəndində üçrəngli hilalımız dalğalandı. Azərbaycanın tarixi torpaqları birmənalı şəkildə İlham Əliyevin iradəsi, gücü ilə özünə qayıtdı. İndi içimizdə bir rahatlıq, bir firavanlıq vardır.

İki gün bundan əvvəl Xankəndində furbol oyununu izləyən dostlardan biri sosial şəbəkədə belə bir fikir yazmışdı: “Tanrıya and olsun, hər il bu vaxtı Xankəndində boran, tufan, qar olardı. İndi isə havaya bir baxın, Günəş şəfəqləri ilə Xankəndini nura boyayıb”.

Bu məqamın özündə də böyük Yaradanın, Tanrının hikməti və bildiyi vardır. Tanrı xoş məqsədlə yola çıxanın yolunu işıqlandırar... Həmin gün Xankəndinə istisini çoxaltmışdı ki, Xaqan İlham Əliyevin düşmənin viran qoyduğu torpaqlarımızda apardığı quruculuq, abadlıq işlərini dünya bir daha görsün.

... Bir neçə gün bundan əvvəl bir taksi sürücüsü ilə söhbətimi xatırlatmaq istəyirəm. Söhbət 2024 cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən düşdü. Sürücü dedi: “Mən və mənim bütün sülaləm İlham Əliyevə səs verəcəyik. Çünki mənim aşağıya dikilmiş başımı, qısa dilimi uzun edib. Bacı, tez-tez səfərlərdə olurdum. Ərəb ölkələri, Rusiya, Avropa.... Azərbaycanlı olduğumu biləndə məni dəfələrlə pərt etmək üçün Qarabağın kimin torpağı olduğu haqqında suallar verirdilər. “Bizimdir” deyəndə, rişxəndlə  deyirdilər ki, səninki olsaydı səndə olardı... Prezidentimiz “Qarabağ Azərbaycandır!”-dedi. Və bunu tarixə yazdı. Heç bilirsiniz, indi bizə münasibət necə dəyişib? Azərbaycanlı olduğumu biləndə hər kəs İlham Əliyevdən danışır...”.

Siyasi lider, güclü sərkərdə İlham Əliyevin apardığı siyasi xətt bu gün Azərbaycanı geosiyasi məkanda ən güclü region edibdir. Türk Dövlətləri Təşkilatında, BMT-də, İslam Əməkdaşlıq Təşçkilatında... və digər beynəlxalq təşkilatlarda qərarlar veriləndə , mütləq Azərbaycanın nüfuzu və gücü, imzası nəzərə alınır.

“İmza” dedim, cənab İlham Əliyevin İMZA-sını xatırladım. Onun “Sözü imzası qədər, imzası da sözü qədər keçərlidir!”.

Dünya hara baxsa da, neyləsə də İlham Əliyevin çevik siyasəti nəticəsində indi dünyanın bütün yolları Azərbaycandan keçir.

Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzində yerləşir. Bu baxımdan, ölkənin nəqliyyat dəhlizləri sahəsində əhəmiyyəti günbəgün artır. Ətrafımızda gedən prosesləri nəzərə alsaq, Azərbaycan alternativsiz varianta çevrilir. Ona görə də hazırda respublikamız Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzərində fəal iş aparır. Bu, çoxformatlı bir şəbəkədir. Azərbaycan həm də TDT-nin yaradıcılarından biri olmaqla yanaşı, nəqliyyat dəhlizi üçün alternativsiz bir məkandır.

XXI əsr türk əsridir. Bu əsrə hər bir türk dövləti və ədalət, haqq axtaran ölkələr, dövlətlər və insanların öz tövhələrini verəcəklərinə inanıram.

Bu əsrdə İlham Əliyevin imzası ilə yazılan türk tarixində qalacaq böyük Qələbəmiz vardır. Əsrin əvvəlini belə böyük bir Zəfərlə başlamağın özü də gələcək yolların İPƏK kimi olacağına inamı artırır. Bu yol Zəngəzurdan keçir. Zəngəzurdan keçən yolun tarixi adı isə İpək Yolu olub.  Bu yolda özünü türk sayan, soyu-kökü türk olan hər bir kəs, hər bir dövlət Azərbaycanın yanındadır.

 

Bilgə Xaqan məktubunda yazır ki:

“İnsan oğlunun üzərinə əcdadım Bumun Xaqan (Kutluiq Xaqan nəzərdə tutulur), İştemi Xaqan oturmuş. Oturaraq türk millətinin elini, törəsini ucaltmış, bir araya gətirmiş. Dörd tərəfimiz düşmən idi. Ordu yığıb, dörd tərəfimiz düşmən idi. Başıyla baş endirdi, diziylə diz çökdürdü.  Doğuda Kadırğan meşələrinə qədər, Batıda Dəmir Qapıya qədər əraziləri aldı... İlteriş Xaqan qazanmasaydı, mən özüm qazanmasaydım el də millət də yox olacaqdı. İlteriş Xağan qazandığı üçün, mən özüm qazandığım üçün, elimiz el oldu, millətimiz millət oldu... “.

Tarixin İpək Yolunda Zəfərlə qoşulanlar nə xoşbəxtdirlər.

Bu Zəfəri, bu Qələbəni Göy Tanrı istəyir. Pis niyyətli neyləsə də, Tanrı sevdiyini hər bəladan, hər qəzadan hifz edər.

 

Necə ki, Bilgə Xaqanın daş kitabında yazılıb:

“Türk- Oğuz bəyləri, eşidin! Üstdə göy  çökmədikçə, altda yer dənizi  yarılmayınca, elin, türkün törənini kim poza bilər? Ey Türk ulusu! Kəndinə dön. Səni yüksəltmiş Bilgə Xağanına, özgür və azad ölkənə qarşı  xəta etdin, pis duruma düşürdün”.

Vətənimizi, elimizi pis duruma salmamaq üçün bir olaq, birlik olaq, birgə olaq! Unutmayın ki, Tanrı da buyurub ki, əvvəl Söz yarandı. Və o sözü ilk dəfə daşlara da göy türklər yazdı. Ona görə də belə hesab edirəm ki:

“Ulu türkük, daşda bitən sözümüz,

Bir İMZAdır daş  tarixin içində”.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bakıdakı “Holidey İnn” otelinin böyük konfrans zalında Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Simurq” Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibətilə Assosiasiyanın Qurultayı keçirildi. 

Qurultayda “Simurq”un prezidenti, görkəmli kulturoloq, professor Fuad Məmmədov ilk öncə təşkilatın xarici üzvlərini - “Sülh Mədəniyyəti İnstitutu”nun (UNESCO) rektoru, “Avropa-Asiya” Beynəlxalq Akademiyasının prezidenti, “Simurq”un vitse-prezidenti, akademik Engel Tagirovu (Tatarıstan), “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin prezidenti Sühəyl Fərəhi, “Dünya Söz Akademiyası”nın prezidenti, akademik Hayrəttin İvgini (Türkiyə) və b.-larını təqdim etdi. 

 

Professor Fuad Məmmədov çıxış edərək Assosiasiyanın 1990-cı ilin aprelində təhsil və maarifçilik uğurlarını inkişaf etdirmək məqsədilə yaradıldığını bildirdi. “Simurq”un görkəmli nümayəndələri tərəfindən Azərbaycan xalqının ruhi mədəniyyətinə vətəndaş yardımı üçün təsis edilən yeni tipli, ilk çoxşaxəli, mədəniyyət təşkilatı olduğunu qeyd edən professor söylədi: “Assosiasiya innovativ mədəniyyət konsepsiyalarını hazırlayıb, Azərbaycanda və xaricdə üç yüzdən çox elmi maarifləndirici layihə, konfrans, seminar, mühazirə və ustad dərsləri həyata keçirib. Qurultay ərəfəsində Assosiasiya fədakar üzvlərinin 30 ildən artıq yaradıcılıq fəaliyyətini əks etdirən “Ruhi mədəniyyətin inkişafına xidmət” adlı fundamental əsər nəşr edib”.

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Qurultayda çıxış etdi. O, Ümummilli liderin mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət-qayğısından söz açıb, bu unudulmaz diqqət-qayğının ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam və inkişaf etdirildiyini bildirdi. 

Fazil Mustafa Assosiasiyanın, şəxsən Assosiasiya prezidenti, görkəmli kulturoloq, professor Fuad Məmmədovun uzunmüddətli, çoxşaxəli və səmərəli fəaliyyətini təqdirlə qeyd etdi, ürək sözlərini bölüşdü. O, Mədəniyyət Komitəsinin təbrik məktubunu professor Fuad Məmmədova təqdim etdi. 

Komitənin təbrik məktubu üçün təşəkkür edən professor Fuad Məmmədov öz növbəsində, Komitə sədrinin “Simurq”un 30 illik yubiley medalı ilə təltif olunduğunu bildirdi, medalı və müvafiq sertifikatı Komitə sədrinə təqdim etdi. 

Qurultayda digər təltiflər də oldu. 

96 yaşlı akademik, görkəmli heykəltaraş Ömər Eldarovun təltif olunduğu

“Simurq”un ali mükafatını - tunc Simurq quşu heykəlciyini akademikə Fazil Mustafa təqdim etdi. 

Mədəniyyət sahəsinə verdikləri töhfələrə görə azərbaycanlı və xarici mədəniyyət xadimlərinə, eləcə də assosiasiya üzvlərinə medal, diplom və təşəkkürnamələr verildi. Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis “Simurq” Beynəlxalq medalı və müvafiq Sertifikatla təltif olundu. 

Daha sonra alim və tədqiqatçıların müəllifi olduğu kollektiv monoqrafiya təqdim olundu. 

Tədbirdə Milli Məclisin üzvü, Mədəniyuət Nazirliyi İctimai Şurasının sədri, akademik Nizami Cəfərov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları çıxış edərək, assosiasiyanın təsisçiləri və üzvlərini 30 illik yubiley münasibətilə təbrik edib, yeni uğurlar dilədilər. 

Bəli, “Simurq” 30 ildir ki pərvəzlanıb Azərbaycanın mədəniyyət səmasında qanad çalır. Ömrü uzun olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kino tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdirƏlisəttar Atakişiyev. O, 1906-cı il dekabr ayının 25-də Bakıda anadan olub. Qəribədir ki, eyni gündə iki görkəmli sənətkar dünyaya gəlib. Az öncə haqqında bəhs etdiyim Əli Sultanlı da 1906-cı il 25 dekabrda dünyaya göz açıb.

Əlisəttar Atakişiyev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini bitirib. “Azərfilm” studiyasına dəvət olunan operator ilkin olaraq “Bakılılar” filmində baş operator işləyib, daha sonra yenə “Mosfilm”də iş alıb, orada ilk rəngli filmlərin yaradılmasında iştirak edib. Əlisəttar Atakişiyev müharibə illərində Bakıya gəlib, burada “Arşın mal alan” və  “Fətəli xan” filmlərində işləyib, 1953-cü ildə Tallinə göndərilib, orada Estoniyanın ilk rəngli (“Axşam düşəndə” ) filmini çəkib. 1956-cı ildə Azərbaycana qayıtdıqdan sonra “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” və bir neçə sənədli filmdə operator kimi fəaliyyət göstərib, rejissor kimi “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi filmləri ilə Azərbaycan uşaq kinosunun əsasını qoyub. Kinorejissor Əlisəttar Atakişiyevin istər operator, istərsə də rejissor kimi çəkdiyi filmlər Azərbaycan kino tarixində ən çox baxılan filmlər kimi öz layiqli yerini tutur.

Görkəmli sənətkar heyran olunacaq dərəcədə sadə insan olub, özünü təkcə operator və rejissor kimi deyil, həm də dekorasiya rəssamı, geyim rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist, dublyaj rejissoru kimi də təsdiqləyib. “Bizim küçə”, “İstintaq davam edir” filmləri ilə Azərbaycan kinosunu zənginləşdirməklə rəssam kimi də fəaliyyətini ortaya qoyub. Onun Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətlərindən biri də dublyaj sənətinin inkişafına təkan verməsi olub, 50-yə yaxın filmi peşəkar səviyyədə Azərbaycan dilinə dublyaj edib. 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən bu böyük insan, mən bildiyim qədəri, başqa heç bir təltif almayıb, 1990-cı il noyabr ayının 7-də Moskvada, Kino Veteranları evində vəfat edib. Ruhu şad olsun qədri layiqincə bilinməyən bu insanın.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Deyilənə görə, o dərs deyəndə həmişə dərsləri açıq olurdu, tələbələr bir yana, ədiblər də gəlib onun mühazirələrini dinləmək, bəhrələnmək istəyirdilər.

Ədəbiyyatşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Əli Abdulla oğlu Sultanlı. O, 1906-cı il dekabr ayının 25-də Naxçıvan şəhərinə bitişik Araz kəndində anadan olub. 1930-cu ildə Azərbaycan Pedaqoji İns­titutunun Şərq fakültə­sini bitirib, oradaca müxtəlif vəzifələr alıb, 1939-1941-ci illərdə institut rektorunun elmi hissə üzrə müavini vəzifəsində çalışıb. Əli Sultanlı Azərbaycan alimləri arasında ilk dəfə 1939-cu ildə “M.F. Axundov və Molyer” mövzusunda dissertasiya müdafiə edərək, xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi olub. 1945-ci ildə o, “Azərbaycan dramaturgiyasının inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmlər doktoru alimlik dərəcəsi, 1947-ci ildə professor adı alıb.

Əli Sultanlı Azərbaycanda müqa­yisəli ədəbiyyatşünaslığın ilk nümunələrini yaradan görkəmli alimdir, xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir. Əli Sultanlı görkəmli ədəbiyyat tarixçisidir. O, üçcildlik, monumental  “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin əsas müəlliflərindən və elmi redaktorlarından biridir. Ə. Sultanlı SSRİ Ali Sovetinin fər­manı və Əmək igidliyinə görə medalı ilə təltif olunub.

Böyük alim 1960-cı il iyul ayının 18-də Bakıda vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.