Super User

Super User

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Uşaqlığımdan qulaqlarımda bu iki ad o qədər səslənib ki. Həsən Seyidbəyli və İmran Qasımov. Onlar bütün xalqımızın ən çox sevdiyi “Uzaq sahillərdə” filminin ssenarisini, ən çox sevdiyi “Cəbhədən cəbhəyə” romanının müəllifidirlər. 

Bu günün adı Həsən Seyidbəylidir. Bu gün görkəmli kino xadiminin anadan olmasından 103 il ötür.

 

Həsən Seyidbəylinin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib. Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. 

Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-cı illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.

Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri ümumittifaq kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.

Kinoşünaslar da söyləyiblər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Seçimində həssas olub. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.

İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.

Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib.

Ötən il görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.

Görkəmli sənətkar 25 iyun 1980-ci ildə Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Friday, 22 December 2023 10:32

“Simurq” Ömər Eldarovu təltif etdi

 

Bu saatlarda paytaxtın Holidey İnn otelində Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Simurq” Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibətilə Assosiasiyanın qutultayı keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Assosiasiyanın ali mükafatını - tunc Simurq quşu heykəlciyini dünən 96 yaşını qeyd etmiş akademik, heykəltəraş Ömər Eldarova təqdim etdi. 

Ömər Eldarov əməkdaşımızla təltif təəssüratlarını bu cür bölüşdü:

-Çox şadam. Bu gözəl quş heykəlciyini məmnuniyyətlə qəbul etdim. Mədəniyyət naminə çalışmaq gözəldir.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Dekabrın 21-də Mədəniyyət Nazirliyində Azərbaycanın Xalq artisti, Rusiyanın məşhur teatr və kino rejissoru, teleaparıcı, ictimai xadim, əslən Bakıdan olan Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib.

 

Xatırladaq ki, Yuli Qusman Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə bu ali ordenlə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 80 illik yubileyi və respublikamızın yüksək təltifinə layiq görülməsi münasibətilə Yuli Qusmana təbriklərini çatdırıb.

Qeyd edib ki, ömrünün böyük hissəsini incəsənət sahəsinə həsr edən rejissor zəngin irs yaradıb. Bakılı olması ilə hər zaman fəxr edən sənətkar Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasına da öz töhfəsini verib.

Yuli Qusman çıxış edərək sənətinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini rejissora təqdim edib, xatirə şəkli çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Friday, 22 December 2023 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

     “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

18-ci hissə

 

Solğun çiçəklər

 

Ülkərgilin mənzilində dibçək gülləri vardı, anası rayondakı güllü-çiçəkli evini xatırlamaq üçün bu gülləri alıb qulluq göstərirdi. Həmin dönəmdə Ülkər bu güllərin də rənglərinin xeyli solduğunu müşahidə edirdi. Tam depressiyadaydı. İynə-dərmana düşmüşdü. Bacısı, Nazəndə xanım gəlib ona baş çəkir, həkim, iynə-dərman, psixoloq təşkil edir, Aylinlə Zöhrə isə onun bu durumuna hey göz yaşı axıdırdılar.

Zöhrə yanırdı, tüstüsü ərşə çıxırdı:

-- Deyirdim axı sənə, heyvan heyvanlığıyla bir dəfə batdağa batanda növbəti dəfə o yoldan keçmir. Amma sən o boyda həngamədən sonra təzədən özünü bu həngaməyə saldın.

Anası hey onu danlayır, aşağılayırdı, Rasimlə əlaqələrinin uğursuzluğu anasına əsas vermişdi ki, hər dəfə onu qınayan, “məni atamla sən bədbəxt elədiz” deyə üstünə gələn qızını yerində oturtsun.

“Bəs indi nə deyirsən? Bizim ağlımız, deyək ki, bir qoza dəyməz, ağlımıza qar suyu ələnsin bizim, səni verdiyimiz oğlan narkoman çıxdı, bivec çıxdı. Bu ki sənin öz ağlındır. Kəbinsiz, nişansız beş yaş özündən kiçik bir matuşkanın yanına düşdün ki, məni alacaq, o da anasını qabağa verib sənin abrını göy əsgiyə bükdürdü”.

Anası bu ittihamı söyləyirdi, yandığından hönkürürdü, ürək dərmanı içirdi.

2013-cü ilin gəlişində heç bir bayram əhvali-ruhiyyəsi duyulmadı, təbii ki. Ülkər yeni ili yataqda keçirdi. Yaxşı ki, Leyli vardı, Aylini idman sarayındakı Yeni il şənliyinə apardı, qucağı dolu hədiyyələrlə evə qaytardı.

Ülkərin dünyası uçub dağılmışdı. Həyata bir damla marağı qalmamışdı. Necə oldu, aldandı Rasimə?! Madar ona dərs olmadı, anası demiş, təkrarən öz ayağı ilə gedib palçığa girdi.

İntihar etmək fikri bir an da olsun onu rahat qoymurdu. Amma Aylininin taleyi onu bu addımı atmaqdan çəkindirirdi.

Bağçada o məşum hadisədən sonra tam nüfuzdan düşmüşdü, bir müddət işə çıxmaması bağça müdirinin “Mən konfliktli adamlarla işləməyi sevmirəm” deyərək ona işdən çıxmaq təklifi göndərməsi ilə nəticələndi.

Ülkər işini də itirdi.

Yataqdan nadir hallarda dururdu, pəncərə qarşısında oturub əsas yola görüntünü kəsən qarşı binanın yanındakı əl boyda bir boşluqdan şütüyən maşınlara, keçib gedən insanlara tamaşa edirdi. Bəzən gözləri oralara zillənsə də, fikri donurdu, bir boşluq, nəhayətsiz bir boşluq görürdü.

Beləcə qışı çıxartdı, yazın gəlişi ilə bir qədər özünə gəldi, bir qədər toxtadı. Qızı böyüyürdü, əla qiymətlər gətirirdi evə, ağıllı sözlər danışırdı. Bu mələyi taleyin ümidinə qoymaq olmazdı, onun xatirinə yaşamalıydı Ülkər. Ayağa qalxmalıydı, düşmənləri özünə güldürməməliydi.

Solğun çiçəklərə yenidən əvvəlki rəng çeşidliyini qaytarmaq lazım idi.

 

 “Ədəbiyyat və incəsənət”

(22.12.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

 

1.Xalqın mədəni səviyyəsi teatrda birinci cərgədə oturanlarla bilinər.

 

2.Zarafat ədviyyat kimidir, qədərində olanda gözəl olur.

 

3.Dilin arxasında ağıl varsa, düşməni dost edər, yoxdursa, dostu da düşmənə çevirər.

 

4.Sərçələrin də öz qartalları olur.

 

5.Dar gündə dosta söykənmək olar, minmək olmaz.

 

6.At ölər, it sevinər, alim ölər, nadan sevinər.

 

7.Sənə hər ağız açana qəlbini açma.

 

8.Uğursuzluğunun səbəbini tapan uğura doğru iri bir addım atmış olur.

 

9.Qəlbinə qulaq as, o, ədalətlidir, ağlına isə az etibar et, çünki o, sənin hər haqsızlığına bəraət qazandırmağa hazırdır.

 

10.İnsan yaşının paradoksu ondadır ki, illəri itirsən də, onlar üst-üstə yığılır.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini  təqdim edir.

 

 

Əbasət Purhəsən

 

Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

BİZ BEŞ YOLDAŞIYDIQ

 

Biz beş yoldaşıydıq məhəlləmizdə,

İtlər ulayırdı küçələrində.

Biz beş yoldaşıydıq, biz beş beyni qan,

Əhərin dumanlı gecələrində.

 

Gündüzlər, gecəyə fikirləşirdik,

Gecələr, gündüzə fikirləşirdik.

Bizi aldadırdı matikli qızlar,

Yenə aldanmağa hazırlaşırdıq.

 

On beş yaşındaydıq həyatımızda,

Həyat bizdən qoca, arzumuz təbriz.

Hələ fikirimiz böyüməmişdən,

Günlər sovuşurdu, böyüyürdük biz.

 

Fəsillər sovuşdu, illər sovuşdu,

Nə oynaya bildik, nə gülə bildik!

Beş oğlan əhərdən dünyadan köçüb,

Dörd oğlan təbrizdə dünyaya gəldik!

 

Bizlər yerimizi dəyişə bildik,

Nədən fikrimizi dəyişənmədik?

Görən bu dünyanın dalında nə var?

Qaranlıqlarınan güləşənmədik!

 

Qəfələr bucağı yerimiz idi,

Ürəyi doluyduq, beyni boşuyduq.

Aldadırdı bizi bəzəkli təbriz,

Biz beş yoldaşıydıq, biz beş daşıydıq.

 

Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Ölərəm yazmasam” şeirinin növbəsidir. 

Şair “Ölərəm, yazmasam!!!” deyirdi. Görəsən indi yaza bilməməyə necə dayanır?

 

Evimin bir küncü,

Uşaqlardan qaça-qaça

tapmışam bu yeri.

Bura şeirlərimin

döyüş səngəri.

Əyilib masama,

ağlımı, hissimi

verirəm yazıma.

Mənimlə öpüşə-öpüşə

ölür siqaretlər,

Yayın bürküsü,

Payızın bölgüsü,

Qışın ayazı,

Yazın dadı

Hamısı yazımdadı.

Anlarım, saatlarım

Kədərim, şübhəm, inadlarım,

Qeybətlərdə sındırılan

qanadlarım

hamısı yazımdadı...

Xəstə yazılarım olur,

Elə vərəqdəcə ölür.

Ölən şeirimin tabutuna dönür

yazı masam.

Təzəsini yazıram,

Ö-lə-rəm,

Ölərəm, yazmasam!!!

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Əfsanəyə görə Qış adlı bir kişinin Böyük çillə, Kiçik çillə, Boz ay adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini — Böyük çilləni qırx günlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?

 

Böyük çillə altdan-üstdən bərk geyindi. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxdı. Az getdi, çox dayandı, çox getdi, az dayandı, axır ki, aralıq ayının, yəni dekabrın iyirmi ikisində gəlib el-obaya yetişdi.

Adamlar səhər yuxudan oyanıb çölə baxanda gördülər ki, paho, hər yan ağappaq qara bürünüb. O saat barmaqlarını dişlədilər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə bu öz qar atını belədən-elə, elədən-belə çapacaq. Nə etməli Böyük çillənin qarından-soyuğundan qorxub evin bir küncünə çəkilmək olmazdı ki! Bəs onda işgücün qulpundan kim yapışsın?!

Çuvalların ağzı açıldı, buğda götürülüb, səməni göyərdildi. Göyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülüb suyu sıxıldı. Yeddi qonşu evdən un alınıb bu səməni suyunda sıyıq, xamır iri tavada ocaq üstə qoyuldu. Başladılar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi də salındı. Uşaqlar, cavanlar, qızlar, gəlinlər dəstə ilə səməni tavasının başına dolana-dolana səs-səsə verib nəğmə oxudular: 

 

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

Səməniyə saldım badam,

Qoymurlar bir barmaq dadam... 

 

Halva bişəndən sonra qara istiot, darçın, mixək, razyana, ceviz, quluncan, badyan, gülçəkəmər, zəncəfil, hil kimi ədviyyatları da döyüb ona qatdılar. Qoğalı, kündə şəklində yumurlanmış halvanı qonşulara da payladılar. Halvanı elə böldülər ki, hər payda badam, qoz ləpəsindən də oldu.

Axı bu, həmişə el içində xeyir-bərəkət rəmzi sayılıb.

Adamlar səməni halvasından yeyir, canları qızışır. Böyük çillənin qar-soyuğunu veclərinə də almayıb elə öz işlərini görürdülər.

Qırx gün qurtardı. Böyük çillə kor-peşman geri qayıtdı. Yolda soyuq ayın — fevralın lap başlanğıcında ortancıl qardaşı Kiçik çilləyə rast gəldi. Hal-əhval tutdular. Kiçik çillə soruşdu:

— Hə, qardaş, de görək, getdin nə iş gördün?

Böyük çillə dedi:

— Təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.

Kiçik çillə dedi:

Səncə, Kiçik çillə öz məqsədinə nail ola biləcək?

— Eh, heç nə eləməmisən ki. Bax, indi gör, mən gedib nələr edəcəyəm. Qarıları təndirin ağzından salıb, külfəsindən dartıb çıxaracağam. Zəhmimdən uşaqlar tir-tir əsəcəklər. Çuvalları, küpləri bomboş boşaldacağam. Qazanları ağzı üstə çevirəcəyəm.

Böyük çillə dedi:

— Çox da öyünmə. Sən insanları tanımırsan. Mən qırx günlük ömrümlə bir iş görə bilmədim. Sənin isə cəmi-cümlətanı iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yel də olub onların yanından ötə bilməzsən.

Kiçik çillə böyük qardaşından ayrılıb haray-həşir qopara-qopara, boranla, dumanla el-obaya hücum çəkdi. Elə bil dünyanın axırıydı.

Böyük çilləni damba-durumbla yola salan adamlar heç Kiçik çillənin də belə əsib-coşmasından qorxub çəkinmədilər. Tez «Xıdır Nəbi» mərasiminə tədarük görməyə başladılar. «Xıdır Nəbi» mərasimi qışın ən soyuq günü sayılan Kiçik çillənin onuncu günü keçirilir. Adamlar buğda qovurub, əl dəyirmanında üyüdüb qovut elədilər. Xaşıl, quymaq bişirib yağla, doşabla, sarıköklə yedilər. Canları qızışdı. Kiçik çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün yaydan saxladıqları «Çillə qarpızı»nı da kəsdilər. Qaynadılmış yumurtaları bahar, günəş oxşarı kimi yaşıl, qırmızı rənglə boyadılar.

Uşaqlar da axşam qaranlıq düşəndə həyətləri gəzib bacal ardan qurşaq, torba salladılar. «Xıdır Nəbi» mərasimi nəğmələrindən oxudular: 

 

Xanım, ayağa dursana,

Boşqabı doldursana,

Yük dibinə varsana,

Boşqabı doldursana,

Xıdırı yola salsana. 

 

Uşaqlara qovutdan, boyanmış yumurtalardan, ərik, əncir, alma, armud qurusundan pay verdilər. Pay verməyəni yenə də elə «Xıdır Nəbi» nəğməsi ilə yamanladılar: 

 

Çatma, çatma, çatmaya,

Çatma yerə batmaya,

Xıdır payın kəsənin,

Ayağı yerə çatmaya. 

 

Beləcə Kiçik çillənin iyirmi günlük ömrü qurtardı. Lovğa-lovğa gələn Kiçik çillə suyu süzülə-süzülə geri qayıtdı. O da yolda sonbeşikləri Boz ayla qarşılaşdı.

Boz ay baxdı ki, özündən böyük qardaşı Kiçik çil lənin qanı yamanca qaradı. Hirsindən az qalır ürəyi partlasın. Dedi:

— Əziz qardaşım Kiçik çillə, sən də böyük qardaşımız Böyük çillə kimi insanların yanına xoş niyyətlə getməmişdin. Elə ikiniz də asaram-kəsərəm deyirdiniz. Amma indi baxın, görün mən gedib nə eləyəcəyəm. Mən adamlar üçün bayram aparacağam. Əkinləri cücərdəcəyəm. Çöllərdə, düzlərdə ot-ələfi göyərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam.

İki qardaş xudahafizləşib ayrıldı. Boz ay el-obaya gəldi. Bir ay ömrü olan, Bahar-Novruz bayramı gününəcən yaşayan Boz ay başladı hər çərşənbədə bir iş görməyə. Havaları qızdırdı. Suların şaxını sındırdı. Ağacları yuxudan oyatdı. Torpağın canını isitdi. Adamlar torpağın istiləşdiyini görüb onu şumlamağa, əkin-biçinə haı zırlaşmağa başladılar.

Boz ayın çərşənbələrində həyətlərdə tonqallar yandırıldı. Adamlar «ağırlığım-uğurluğum tökülsün», — deyib bu tonqalın üstündən hoppanmağa başladılar.

Boz ay da beləcə ömür sürüb vaxtını başa vurdu.

Artıq yer-yurd al yaşıla bürünmüşdü. Üç qardaş köçünü sürüb gedirdi. Onların yerinə istəkli bir qonaq gəlirdi, gözəllər gözəli bahar... 

 

Əski təsəvvürlərdə ilin qış fəslinin bölgülərinə "Çillə" adı verilmişdir. Çillə sözü "Cehl" sözündən olub 40 rəqəmini bildirir. El-obada qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə "Çillə" deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. Ta qədim zamanlardan insanlar müsibət, bəla ilə üzləşdikdə xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək üçün xüsusi ayin icra ediblər ki, bu da "çillə kəsmək" adlanır.

Qış fəslinin hər bir çilləsində insanlar qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün öz dünya görüşləri səviyyəsində, çeşidli tədbirlərə əl atmış, ayinlər icra etmişlər. 

 

Qış fəslinin ən uzun sürən vaxtının, ilk qırx gününün xalq arasındakı adı "Böyük çillə" adlanır. Bu müddət dekabrın 21/22-dən ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək davan edir. Böyük çillənin ilk gecəsi el arasında "Şəbi -yelda" adlanır.

El-obada Böyük çillənin qarlı-tufanlı, donduran, sümük üşüdən günlərinə qaraqış deyirlər. Bu müddətdə qış ağır, üzücü keçir, qar qarışıq külək uğuldayır. Qışın qışlığı çənindən, dumanından bəlli olur deyirlər. Çünki qışın çəni, dumanı qar gətirər, yaz dumanı bar. 

Şumlanacaq torpağı Böyük çillədə qış aratına qoyarlar. Arxları, kanalları təmizləyib qaydaya salarlar. Belə vaxtlarda uşaqlar da köməyə gələr, hamı bir-birinə əl tutar. Ağacların dibini yumşaldarlar. "Qışda işini bilən yazda, yayda ziyan çəkməz", -deyiblər. 

Ömrünü-gününü torpağa bağlayan bağbanlar ağacların, budanmasını Novruza qədər qurtarmalıdır. Bundan sonra onlara əl gəzdirmək olmaz. Canlarındakı su göz yaşı kimi axıb tökülər və ağaclar kökündən quruya bilər. 

Təcrübəli bağbanların sözlərinə görə budama işi şirə çubuqlara axmağa başlanana qədər başa çatmalıdır. Əks halda kəsdiyin çubuqların ucundan su axsa, ağacın puçurları kor ola bilər, onlardan zoğ çıxmaz, bar verməz.

Ulularımız deyib ki, Böyük çillədə torpaq  qırxın çıxardır, Kiçik Çillədə isə torpaq səhər yuxusundadır. 

Böyük çillə girəndə və çıxanda ulularımız məclis qurmuş, şirniyyat, isti xörəklər bişirmiş, əhvallarını xoş saxlamışlar. Adamlar bu üsulla təbiətə təsir etmək, qışa bağlı olan hami ruhları mülayimləşdirmək istəmişlər. Qışı qarşılama mərasiminə "Kövsək", yola salma mərasiminə isə "Çilləkəsdi" və ya "Çiləçıxartma" deyilmişdir.

Çox qədim zamanlarda qışın başlanması münasibətilə el-obanın ilin ən uzun gecəsində keçirdikləri mərasim "Çillə gecəsi"  çox vaxt "Çillə bayramı" da adlanır.  Bayramda tonqallar yandırılır, ailə üzvləri onların ətrafına toplaşıb şadlıq edir, üstündən tullanırlar. Hər yerdə atəşfəşanlıq başlanır, şənlik etmək üçün adamlar bir yerə yığışır, maraqlı oyunlar, tamaşalar ifa edirlər. Çalıb-oxuyur, oynayırlar.

Çillənin girdiyi gün şərəfinə  açılmış süfrəyə müxtəlif adda yeməklər düzülür. Hamı süfrə başına yığışır. Böyük çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün ortalığa yaydan saxlanılan qarpız gətirilir. Yaşıllıq, bolluq rəmzi olan qarpız çillə gecəsinin ən dəyərli payı hesab olunur. 

Çillə qarpızı evin ağsaqqalı tərəfindən kəsilib dilimlənir, bütün ailə üzvlərinə paylanıb, ağız ləzzətiylə yeyilir. Belə bir inam mövcuddur ki, çillə qarpızı yeyən adam çətin xəstələnir, o, xəstəlikləri sovuşdurur. Buna görə də xəstələrə çillə qarpızı ən böyük töhfə hesab edilir. Çillə qarpızdan nişanlı qızlara da pay aparılır. Bu, el söyləmlərində də öz əksini tapıb. 

 

Və mən də bu yazını yazarkən mənbə kimi 

Novruz bayramı ensiklopediyasından istifadə etmişəm. 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası yenidən nümayiş olunacaq.

 

Sevilən tamaşalar sırasında yer alan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Səhnə əsərində adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.

Səhnə əsərində teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub.

Tamaşada var-dövlətin insanın mənəvi zənginliyinin yanında heç bir mənasının olmamaması, dünyanın faniliyi, saf və pak sevgi ustalıqla nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Nobel qardaşlarının XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakıdakı fəaliyyəti və irsinə dair İsveçin “Storyfire” şirkəti tərəfindən çəkilmiş sənədli filmin 2024-cü ilin əvvəlində İsveçdə nümayişi nəzərdə tutulur.

Bu barədə AzərTAC-a Azərbaycanın İsveç Krallığındakı səfirliyindən bildirilib.

 

Xatırladaq ki, bu il Nobel qardaşlarının Azərbaycana gəlişinin 150-ci ildönümü qeyd olunur. Bu kontekstdə məşhur İsveç yazıçısı və tarixçisi Bengt Yangfeldtin mövzu üzrə müfəssəl məlumatları əks etdirən kitabı səfirliyin təşəbbüsü ilə Azərbaycan dilinə tərcümə edilib və Bakıdakı “Villa Petrolea” Mərkəzində birgə tədbir çərçivəsində ictimaiyyətə təqdim olunub.

“Bakı Media Mərkəzi” ilə əməkdaşlıqda “Storyfire” şirkəti tərəfindən çəkilmiş sənədli film də bu kitabın motivləri əsasında ərsəyə gəlib və onun dünya premyerası Bakıda keçirilib. Azərbaycan və onun təbii sərvətlərinin dünyaca məşhur Nobel mükafatının ərsəyə gəlməsində rolu da daxil olmaqla Nobel qardaşlarının Azərbaycanla tarixi bağlarına işıq salacaq və ölkəmizin beynəlxalq təşviqinə böyük töhfə verəcək həmin sənədli filmə artıq Avropa və Amerikadan olan bir çox xarici ölkələrinin televiziyaları və film yayımı platformaları maraq göstərirlər.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.