Super User

Super User

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Keçən il yeni il bayramı ərəfələrində bir nəfər söhbət zamanı uşaqlığındakı yeni il bayramlarından söz açmışdı.

Çox üzücü, düşündürücü və təəssüf doğurucu bir hekayəsi vardı.

Söyləyirdi ki: Bu günkü günümdə yeni il bayramının mənim üçün elə bir məna və önəmi yoxdur. Yeni il ərəfəsində yolka qurmur, ev  bəzəmir və xüsusi təmtəraqla yeni il bayramı qeyd etmirəm. Sadecə təqvim dəyişir, həyat eyni həyatdır, həm belə baxsaq hər kəsin yeni ili onun yeni yaşa girdiyi gündür bəlkə də. 

Hətta keçən il şəhid və qazi yaxınlarının ağrısını vecinə almadan fişəng partladıb yeni il qeyd edənləri və bu ildə, zəfər günü atəşfəşanlığında qazilərin çəkdiyi ağrını görəndən sora yeni il atəşfəşanlıqları da düşüb gözümdən.

Amma uşaqlıqda uşaq psixologiyası, hələ şəxsi fikir və həyata baxışı tam  formalaşmamış olur.  Normal olaraq uşaq bayram abu-havasını çox sevir. Yolkalar,  oyuncaqlar, fişənglər hədiyyələr ona xoş təsir bağışlayır. Yeni il məşğuliyyətləri,  yaşıdlarının ailəsiylə ev bəzədiyini və başqa bu kimi şeyləri görəndə təbii olaraq o da  istəyir. 

Çox balaca bir yolkam və aksesuarları var idi. Və bir də yeni il işığı. Bunları, hətta bundan daha yaxşılarını alacaq imkan da var idi əslində. Di gəl, mən bununla da kifayətlənə bilirdim. Hər il yanvar ayında onu yığışdırıb bir qutuya qoyur, dekabr ayında isə götürüb yenidən qururdum. Amma bəzən yeni il yolkamı quranda niyəsə ya işığın naqilinin qırıldığını, ya hansısa bir işıq lampasının yandığını, yararsız hala düşdüyünü görərdim. Atam başlayardı  deyinməyə ki: "Sizin əlinizdə heç nə qalmır, xarab edirsiz. Siz neynirsiz e, işığı, sizə işıq lazım deyil, almayacam işıq" və s.  

Və beləcə, o kiçik uşaq qəlbi üçün hər şey zəhər olardı. Kiçik bir yolkayyla yetindiyim bayram sevinci belə çox görülərdi mənə.

Bu cür münasibətin səbəbi  əslində yeni ilin mahiyyəti də deyildi. Bu cür davranışının səbəb heç atamın yeni il bayramını sevmədiyi üçün də deyildi, elə novruz bayramları da  bundan çox da fərqli olmazdı əslində, yeni ildəki kimi novruz bayramlarını da zəhər edən müəyyən səbəblər mütləq  tapılardı həmişə...

Əgər səbəb bu olsaydı  bu günkü günümdə hər yeni il bayramı ərəfəsində yeni il aksesuarları gördüyümdə uşaqlığımdakı o yeni il bayramları yadıma düşəndə bu qədər kədərlənməzdim. Müəyyən qədər onu anlayardım hətta, fəqət onun səbəbləri tamam başqa idi...

Bu gün artıq müstəqil bir insanam, öz fikir və  düşüncələrim var. Öz imkanlarım var. İndi  istədiyim qədər işıq alar və ya yeni ili istədiyim kimi qeyd edə bilərəm, amma artıq ürəyim istəmir.

Bu mənim üçün bir məna da kəsb etmir artıq, məsələ sadəcə, münasibət və rəftar idi. Həm də ki, bayram günü həyatında bayram kimi keçmirsə nəyi qeyd edəsən ki?! 

 

Bəli, əziz oxucu həmişə dediyim kimi hər şey uşaqlıqdan başlayır. Kimsə 15, 20, 25, 35 yaşında olduğu kimi doğulmur. Kimsə alim, psixoloq, oğru, cinayətkar, psixi xəstə kimi doğulmur. Düzgün həyat yaşayan, işlərində uğurlu və ya yanlış həyat yaşayan, işlərində uğursuz olan bir insan kimi gəlmir kimsə həyata. 

İnsan yaşadıqca formalaşır.  Və bu formalaşmada da  uşaqlıq dövrünün böyük payı var.  

Uşaqlara göstərilən psixoloji  təsirlərin çox önəmi var.  Düzgün psixoloji təsir göstərməkdə yük ən əvvəl valideyn, sonra məktəb, müəllim və sosial əhatənin-cəmiyyətin üzərinə düşür.  Doğrudur, iradəli insan çətin də olsa, bütün çətinliklərə rəğmən özünü düzgün formalaşdırmağı, yetişdirməyi bacarır. Amma hamı bu qədər iradəli ola bilmir və ya bəzən çalışır, amma bacarmır. 

Əgər övladlarınıza mənəvi cəhətdən yaxşı valideyn, yaxşı ailə olmayacaqsınızsa, onlara mənəvi cəhətdən yaxşı bir həyat verməyəcəksinizsə, düzgün psixoloji təsir göstərməyəcəksinizsə, onda övlad dünyaya gətirməyin. Bütün canlılar nəsil artırır zatən.  

Övlad dünyaya gətirməklə valideyn olunmur, məsələ düzgün yetişdirmək, gözəl həyat verə bilməkdi. Düşünürəm ki, uşaqlığını hər tərəfli şəkildə düzgün yaşamış biri gələcək həyatında da düzgün bir insan olacaq.

Aziz Nesinin də dediyi kimi:

"Uşaqlara daha yaxşı bir dünya qoymaq yerinə, dünyaya daha yaxşı uşaqlar qoysanız, problem öz-özlüyündən həllini tapacaq əslində."

Uşaqları müstəqil həyata yorulmuş vəziyyətdə çatdırmayın, uşaqları müstəqil həyata həyatdan bezmiş, ümidsiz, çarəsiz bir vəziyyətdə çatdırmayın.

Uşaqlar müstəqil həyata qədəm qoyduqlarında onlarda yaşamaq üçün həyat eşqi olsun, gələcəyə doğru gedə bilmələri üçün enerjiləri olsun, çətinliklərlə mübarizə aparmaq üçün gücləri olsun, arzuları üçün ümiidləri olsun, özlərinə həyat qurmaq üçün həvəs və imkanları olsun.

Müstəqil və doğru qərarlar verə bilmələri üçün, sağlam düşüncələri, güclü iradələri olsun. Həyat haqqında anlayışları olsun yaxşını pisdən seçə bilsinlər.

Bugünki günümüzdə gənclik yaşına çatmış bir çox insan artıq yaşadıqlarından yorulmuş, həyatından bezmiş, gələcəyə   həvəssiz və ümidsizdir. 

Və qarşılarında aşmalı olduqları bir çox maneə və çətinliklərlə dolu bir ömür yolu var.

Əgər hələ uşaq yaşlarında bir insanın həyat eşqini söndürsəniz, onda parlaq bir gələcəyi necə istəyə bilərsiniz?

Əgər uşaqların qarşısına sədlər çəksəniz, məhrumedici maneələr qoysanız, uşaqlara şiddət göstərib qorxutsanız, necə inkişaf etmiş insanlar, inkişaf etmiş bir cəmiyyət istəyə bilərsiniz?

Onda cəsur, şəxsiyyət, prinsipləri olan insanlar, qəhrəmanlar, liderlər necə yetişəcək? 

Onda onlar özlərinə necə həyat quracaqlar?

Əgər uşaqlarınıza yanlış psixoloji təsir göstərsəniz, yanlış örnək olsanız, ailənizə psixoloji və fiziki şiddət göstərsəniz, onda evdə böyüyən uşaqdan necə düzgün psixologiyası olan, iradəli, tərbiyəli, cəsur, bacarıqlı bir insan olmasını istəyə bilərsiz? 

Psixologiyası düzgün olmayan bir uşaq pis vərdişlər qazanır. Şiddət görmüş uşaq hər zaman qorxur. Önünə sədlər çəkilmiş, bir çox faydalı şeylərdən ( təhsil, sağlamlıq və.s) məhrum olmuş, imkanları əlindən alınmış uşaqlar inkişaf  edə bilmir, geridə qalır. Və cəmiyyət bir çox istedaddan, bəlkə alimlərdən, həkimlərdən, incəsənət xadimlərindən məhrum olur.

Əgər düzgün insanlar, hərtərəfli inkişaf etmiş bir cəmiyyət və parlaq bir gələcək istəyirsinizsə onda əvvəlcə özünüzdən başlayın, uşaqlara düzgün örnək olun və  psixologiyalarına düzgün təsir göstərin. 

 

"Sizindir deyə düşündüyünüz uşaqlar əslində sizin deyil

Onlar, onları gözləyən həyatın oğulları və qızlarıdır.

Sizin vasitənizlə dünyaya gəliblər, amma sizin kimi deyillər.

Sizin yanınızdadırlar, amma sizin malınız deyillər.

Onlara sevginizi verə bilərsiniz, amma düşüncələrinizi yox.

Çünki, onların öz düşüncələri var.

Onların vücudlarını oğurlaya bilərsiniz, amma canlarını yox.

Çünki, onların canları gələcəyin saraylarında oturur.

Və sizlər xəyallarınızda belə ora gedə bilməzsiniz"

Halil Cibran 

 

Deyir: Kimisi bayramda çıxıb gələr, kimisi də çıxıb gəlsə bayram olar.

Təqvimdə bayram kimi qeyd edilən günlərin həqiqətən də bayram kimi keçməsi diləyi ilə, bayramınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Arəstə Baxışovaya ithaf olunub. 

 

 

ARƏSTƏ KƏRİM QIZI BAXIŞOVA

(04.05.1989.-23.10.2020.)

 

Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olmuş, Azərbaycan Silahlı

Qüvvələrinin çavuşu və hərbi feldşeri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu,

Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin yeganə xanım şəhidi

 

A R Ə S T Ə

-Ana, orduda xidmət eyləmək qərarımdır.

Bilirsən ki, sənintək Vətən də vüqarımdır.

İki balamı sənə eyləyirəm əmanət,

Tezliklə zəfər çalar haqq işimiz- ədalət.

Qarabağsız yaşamaq hamımıza töhmətdir,

Əgər ki, şəhid olsam, qəm yemə, bu, qismətdir.

Sonra balalarının öpərək üz-gözündən;

-Mərdan, Zəhra, çıxmayın, nənənizin sözündən.

İnşallah, günəş doğar, açılar aydın səhər,

Ürəyimə damıb ki, bizim olacaq, zəfər.

Ana min əziyyətlə böyütmüşdü balasın.

Ürəyindən keçirdi; -Qızım, Allah saxlasın!

Görüşüb ayrılanda Arəstə qəmlənmişdi,

Anası da susurdu… gözləri nəmlənmişdi.

Amma fikirləşdi ki, başqa cür ola bilməz,

Bizim doğma Vətəndə kafirlər qala bilməz.

Orduda xidmət etmək, hamı bilir, çətindir,

Qadın hərbiçidirsə, o, necə də mətindir!

Arəstə xidmətini eyləyirdi qeyrətlə,

Heç arası yox idi boş söz ilə, qeybətlə.

 

Allah ona vermişdi, nə qədər böyük ürək,

Xidmət yoldaşlarına doğma oldu, bacıtək.

Başlarkən müharibə düşündü çatıb məqam,

Yağılardan alarıq, cəsarətlə intiqam.

O, neçə yaralıya hər gün edirdi yardım,

Yatmazdı bircə saat təki var olsun ordum.

Yaralı əsgərləri doğma qardaş bilirdi,

Onlarla kədərlənib, onlar ilə gülürdü.

Budur , Arəstə xanım döyüş meydanındadır,

Cəsur, mərd əsgərlərin yenə də yanındadır.

Göydən alov tökülür, silkələnir dağ-dərə,

Elə bil sözün deyir ucadan Xeyir Şərə.

Bax, əsgərlərdən biri indicə yaralandı,

Qolunun biri düşdü, ayağı paralandı.

Arəstə istədi ki, yaralını çıxarsın,

Bir az aralıdakı məntəqəyə aparsın.

Elə bu an düşmənin gülləsinə tuş gəldi,

Çöhrəsi işıqlandı, şəhidliyə yüksəldi.

Şəhid oldu Arəstə, yolu cənnətdən keçdi,

Tanrı bu mərtəbəyə sevərək onu seçdi.

Arəstə bir gül idi, bu gül heç zaman solmaz,

Torpağa qan axmasa, torpaqdan Vətən olmaz.

Qalmadı yerdə qanın, Arəstə-şəhid bacı,

Şəhid qardaşlarına yeganə, vahid bacı.

Şuşada vüqar ilə dalğalanır bayrağım,

Azad olub yağıdan, doğma yurdum, torpağım!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

 

Xəbər verdiyimiz kimi, Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu və Yenises.ru informasiya portalının birgə layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ”Vətən” adlı vətənpərvərlik şeir lərindən ibarət müsabiqə keçirilib. 

 

Müsabiqəyə tək azərbaycanlılar deyil, digər xalqların da nümayəndələri qatılıblar. 200 şeir içərisindən fərqlənən 7 şeirin müəllifləri müxtəlif nominasiyalar üzrə birincilik əldə ediblər. “Ədəbiyyat və incəsənət” portalının  əməkdaşı, istedadlı gənc şair, DGTYB başqanı İntiqam Yaşar da qaliblər sırasındadır. 

İntiqam Yaşarın "Vətən yazısı" şeirini portalımızın oxucularına təqdim edir.

 

Soyuq qış... boz divarda al rəng "Vətən" yazısı...
Yerdə göyü yandıran bir neçə paslı giliz...
Buz ölüm ağuşundan keçən evlər, küçələr...
Tarix adlı tabloya barıt qoxusu düşüb.
Nigaran bir ananın qorxunc yuxusu düşüb...

 

Bu sükutdan keçməyə "ürək addımı" lazım,
Güllə izi divarda tutulası yer deyil.
Yıxılmaqdan qorxmağı öyrənərlər uşaqlar,
Bu yıxılmaq qorxusu uşaqlıqla bir deyil.
Ölüm havası əsib buralarda, sirr deyil.

 

Burada yıxılanı kimsə qaldıra bilmir,
Burada atalar da, analar da yıxılır.
Təkcə Tanrı ayaqda, əlin çatsa qaldırar,
Ağ buluddan uzaqda... əli çatsa qaldırar. 
Burda üzgün ümidlər ovuclarda sıxılır.

 

Keçmişin havasında üşüyən bir uşağın,
Donub ayaq izində qan ləkəli vahimə.
Ayrılığa yıxılıb ağacların yarpağı,
Ölüm qoxan torpaqda o acıyla kim kimə...

 

...Durduğum yerə sarı addımlayar bir nəfər,
Əlində paslı giliz, bir də çiçək dəstəsi.
Yaxınlaşar, divara çiçək qoyub dikələr,
"Vətən" deyər... dedikcə divara hopar səsi...

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu da 29 dekabrın təqvimi. Hər vaxtınız xeyir! Beləcə, 2023-cü ilin son üç gününə gəlib çatdıq. Yeni il ərəfəsi dünya hansı bayramları, əlamətdar günləri qeyd edəcək?

 

“Tik Tak” günü

Bu bayram insanları bu müddət ərzində qarşılarına qoyduqları və həll etmədikləri planları həyata keçirmək üçün zamandan maksimum istifadəyə çağırır. Atalarımız gözəl deyiblər, bu günün işini sabaha qoyma. Biz bu günün onlarca işini sabaha qoyuruq, üst-üstə qalaqlanırlar, problemlərə çevrilirlər, sonra da altında qalıb inləyirik. Odur ki, təqvim başbilənlərinin elan etdikləri bu Tik-Tak günündən tam yararlanmağa çalışaq gəlin.

İndi isə tik-tak sözünün mənşəyindən danışım. Tik-takı çoxunuz tik-tokla qarışdırdınız, amma elə söz olaraq tik-tok da tik-takdan əmələ gəlib. Bir yaddaşınızı qurdalayın, marketlərdə görün nə qədər “Tik-tak” adlanan məhsulla rastlaşmısınız indiyənətən. Qigiyenik vasitələr, uşaq sabunları, əl kremləri, dünyaca məşhur İtaliya qənnadı brendi Ferreronun yumru şokoladları...

Tik-tak sözü saatın işlədikcə çıxardığı səsdir, bügünkü bayramın da əsil adı “vaxtın, zamanın qədrini bilin!”dir, əziz dostlar.

 

Monqolustanın müstəqilliyi günü

Sovetlərdən üzübəri gələn ənənə ilə kimlərəsə “tupoy manqol” deyib keylikdə qınayırıq, aşağılayırıq, əlbəttə ki bu, yanlış bir hərəkətdir, heç bir xalqı aşağılamaq olmaz. Və üstəlik, bu “tupoy manqol” dediklərimiz əsrlərlə dünyanın ən böyük imperiyalarına sahib olan, ən güclü dövlətləri belə çökdürüb öz itaəti altında saxlayan monqol-tatarların varisləridir. Monqol sərkərdəsi Çingiz xan dünya tarixinə ən böyük imperiyanın qurucusu kimi düşüb, o, 25 ildə Roma İnperiyasının 400 ildə qazandığından çox torpaq sahələri qazanıb.

Milliyyətcə monqol olan yazıçı dostum, “Minilliyin şairi” titulunu daşıyan  Xaada Sendonu bu bayram münasibəti ilə təbrik edərək ondan monqollar və Monqolustan barədə o qədər maraqlı bilgilər aldım ki. Məsələn, Çingizxanın harda dəfn olunması bilinmir. Kitabələrin yazdığına görə, onu həddən artıq çox sevən əsgərləri dünyaya qan uddurması səbəbindən öləndən sonra qəbrinin açılacağı, murdarlanacağı qorxusu yaşayıblar, bu səbəbdən dəfnə gələn adamların hamısını Çingizxanın harada basdırıldığı sirrini açmasınlar deyə öldürüblər, sonra isə özləri də bu sirri açmasınlar deyə intihar ediblər. Maraqlıdır, deyilmi?

Keçək digərlərinə. İndiki monqolların əcdadları Monqolustanda eradan 85 min il əvvəl məskunlaşıblar; Dünyaca məşhur Orxon abidələri də bu ərazidə yerləşir;

Sahəsinə görə dünyanın ən böyük 16-cı dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı cəmi 2,8  milyon nəfərdir, Monqolustan dünyada ən az əhali sıxlığı olan lider dövlətdir; Dənizə çıxışı olmayan dövlətlər arasında sahəsinə görə Monqolustan Qazaxıstandan sonra ikinci ən böyük dövlətdir; Dini baxımdan əhali buddistdir, monqollar induslardan sonra heç bir dinə etiqad etməyən ikinci ən böyük xalqdır; Dünyanın sahəsinə görə ən isti 3-cü səhrası Qobi Monqolustanda yerləşir; Ulan-Bator dünyanın ən soyuq paytaxt şəhəridir; Dünyada ən böyük abidə də Monqolustanda, patyaxtdan 54 kilometr aralıda qərarlaşıb. Bu, atını şahə qaldıran Çingizxanın abidəsidir. Postament 10 metr, abidənin hündürlüyü isə 40 metr olmaqla bu əllimetrlik abidənin ən yüksək hissəsində - atın başında seyrangah yaradılıb, insanlar həmin hündürlükdən ətrafa açılan gözəl panoramı seyr edirlər.

Hələ davamı da var. Monqolustanda insanların daimi qeydiyyatı aparılmır, belə ki, insanlar indinin özündə də köçəri həyat keçirir, paytaxt Ulan-Bator istisna olunmaqla digər yerlərdəkilər öz mal-qaralarını otara-otara tez-tez yerlərini dəyişirlər; Monqolustan adambaşına düşən mal-qara sayına görə dünyanın lider dövlətidir, burada 45 milyon mal-qara var; Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində SSRİ-nin təsir dairəsində olan sosialist Monqolustanında kişilərinin böyük qismini spirtli içkilərə aludə etməklə sanki ruslar onlardan tarix boyu yaşanan işğal olaylarına görə qisas alıblar, kişilər xroniki alkoqolizmdən əziyyət çəkiblər, sürətlə sayları azalıb. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir, Monqolustanda başlıq üçün mal-qara verilir.

Monqolların qəribə adət-ənənləri də var. Bir adamın ayağını taptalayanda onun əlini sıxmaq ənənəsi də dünyaya monqollardan gəlib. Qədim monqol inancına görə, sən ayağını taptadığın adamın əlini sıxıb onunla dostlaşmasan mütləq düşməninə çevriləcəksən; Monqollar fit çalmırlar, çünki miflərə görə fit çalınanda qəddar ruhlar gəlirlər; Hər yerdə qonağı duz-çörəklə qarşılayırlar, amma monqollar qonağı isti südlü çayla və duzla qarşılayırlar; Hər il Monqolustanda Min dəvə festivalı keçirilir. Məqsəd dünyaya sübut etməkdir ki, əsl dəvə ikihürgüclü olmalıdır. Halbuki indi dünyada yalnız birhürcüclü dəvələr yayılmaqdadır.

Monqolustanda ən populyar idman növü Bex adlanan güləş növüdür. Güləşçilər xüsusi kostyumlarda xalça üzərinə çıxıb güləşirlər, sinələri də açıq olur. Bunu ona görə ediblər ki, qabaqlar monqol qadınlarının Bex yarışmalarına qatılıb kişilərə qalib gəldiyi də olub, bu isə kişilik adına bir utancdır, ona görə də qadınlar yarışmalara qatılmasınlar deyə onların qadınlığını izhar edəcək sinəsiaçıq libas tətbiq olunur.

Və ən önəmlisi və təəccüblüsü: dünyada təhsilə ən çox diqqət yetirən monqol xalqı hesab edilir, belə ki, əhalisi köçəri həyat sürsə belə hakimiyyət köçəri təhsil proqramı yeridərək köçəri məktəblər və müəllimlər praktikasından istifadə etməklə uşaqların savadlanması qayğısına qalır, savadlıların sayına görə (98 faiz) Monqolustan dünya liderləri sırasında qərarlaşıb. Bu da sizin üçün “tupoy manqol”.

 

Xalq yazıçısı Əzizə Çəfərzadənin doğum günü

İcazənizlə, Əzizə xanım barəsində nisbətən geniş danışacağıq. Amma növbəti yazıda. Ədəbiyyat tariximizdə iz qoyan yazıçılardan biri, tarixi romanları ilə sevilən, şəxsiyyəti ilə ziyalılığa nümunə olan Əzizə Cəfərzadə ayrıca bəhs edilməyə layiqdir.

 

Xalq şairi Nüsrət Kəsəmənlinin doğum günü

Bizim yeniyetməlik illərimizin sevgi şairi, şeirlərini əzbərlədiyimiz, o şeirlərdən  saf sevgi duyğuları aşıladığımız Nüsrət Kəsəmənli barədə necə qısa danışasan? Onun barəsində də ayrıca yazı olacaq.

 

Makintoş günü

29 dekabrda ukrainlərdə ordunun informasiya-media strukturları, İrlandiyada Konstitusiya, ABŞ-da isə Milli ətlə və tərəvəzlərlə ədvalı şorba günü qeyd olunacaq.

1891-ci ildə Tomas Edison Radionu ixtira edərək patentləşdirib. 1845-ci ildə Texas Meksikadan müstəqillik alaraq ABŞ-a ştat kimi birləşib. 1791-ci ildə Rusiya imperiyası Krımı işğal edib. 1775-ci ildə indiki Sankt-Peterburqdakı ən gözəl binaları tikmiş italiyalı memar Karl Rossi doğulub. 1766-cı ildə hazırkı makintoş adıyla məşhur parçanı kəşf edən şotland kimyaçısı Çarlz Makintoş dünyaya gəlib. Bu yerdə ölməz aktyorlarımız Bəşir Səfəroğlu ilə Əliağa Ağayevin ifasındakı məşhur səhnəcik yadıma düşdü. Kabibetinin yanmasından təşviş keçirən Əliağa Ağayev soruşur ki, bəs yanğın zamanı mənim təzə makintoş plaşım nə oldu? Bəşir Səfəroğulu da cavab verir ki, hamısı yavaş-yavaş yandı, amma sənin makintoş plaşın birdən yandı.

1709-cu ildə isə 1-ci Pyotrun qızı, rus impetatritsası Yelizaveta doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

 

 

 

Bu gün Xalq yazıçısı Əzizə Çəfərzadənin doğum günüdür

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Ədəbiyyat tariximizdə iz qoyan yazıçılardan biri, tarixi romanları ilə sevilən, şəxsiyyəti ilə ziyalılığa nümunə olan Əzizə Cəfərzadə əslən şamaxılıdır, 1921-ci il dekabr ayının 29-da Bakı şəhərində anadan olub. Qara gələn 1937-ci ildə əski əlifba ilə yazılan kitabların yandırılması əmri veriləndə Əzizə Cəfərzadə evlərindəki kitabları kisəyə yığaraq aparıb basdırıb ki, ələ keçməsinlər.

İlk gəncliyində pilot olmaq istəyib, aviasiya klubuna yazılıb, orada gələcək həyat yoldaşı ilə tanış olub. Müharibə başlayan ildə - 1941-ci ildə gənclər ailə qurublar, bir qızları dünyaya gəlib. Tale Əzizə Cəfərzadəyə qarşı amansız olub, uşaq qundaqda ikən Əzizənin əlindən düşüb, baş zədəsi alaraq tələf olub. Bir daha övladı olmayan qadın məcbur qalıb qardaşı oğlu Turanı oğulluğa götürüb.

Dövlət Universitetinə qəbul olan Əzizə əmək fəaliyyətinə çox erkən başlayıb, təhsil ala-ala müharibə illərində Ağsu rayonundakı Çaparlı kəndində müəllimlik edib. 1945-ci ildə o, növbəti zərbəni alıb, əlində ərəb əlifbası ilə çap olunan türk ədəbiyyatına aid kitab olduğuna görə universitetdən xaric edilib. Amma sonradan hər halda ekstern yolla universiteti bitirə bilib. Müharibəyə görə kişi kadrların çatışmadığı dönəm idi, Əzizə kimi savadlı xanımlara da zəruri ehtiyac yaranmışdı, 1944-1946-cı illərdə Əzizə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin rəisi, sonra 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda  kafedra müdiri olub. İki il respublika xaricində çalışıb, uzaq Kamçatkada Pedaqoji İnstitutda dosentlik edib, 1957-1974- cü illərdə Azərbaycan EA Əlyazmalar İnstitutunda şöbə müdiri, 1974-cü ildən isə BDU-nun professoru olub.

Əzizə xanım ədəbi fəaliyyətə 16 yaşında başlayıb, 1937-ci ildə “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilib. Və çox maraqlı bir detal. Əzizə Cəfərzadə Azərbaycan Sovet ədəbiyyatında azadfikirli kimin tarixə düşən azsaylı yazarlardan biridir. Onun 1948-ci ildə nəşr edilmiş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunaraq yandırılıb. O, Anna Axmatova kimi “burjua lirikasını” tərənnüm etməkdə günahlandırılıb.

Əzizə Cəfərzadənin əsərləri Azərbaycan dili­nin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevrilmişdi, yüzlərlə oçerk, elmi tədqiqat və publisistik məqalələri dövri mətbuatda çap edilirdi. Klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində elmi tədqiqat işləri də aparırdı bu fədakar insan.

1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirib. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonorarını xərcləyib. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satası olub.

Həyat yoldaşı Qana prezidentinin baş pilotu təyin olunanda Əzizə xanımın ömrünün Afrika dönəmi başlayıb, o zaman o, “Qızıl səyahət” adlı kitab yazıb. Ona yazıçı kimi şöhrəti isə Seyid Əzim Şirvaninin həyatından bəhs edən “Aləmdə səsim var” romanı gətirib. “Vətənə qayıt”, “Bakı-1501”, “Cəlaliyyə”, “İşığa doğru” kimi tarixi roman və povestləri də məşhur olub.  Əsərləri bir çox xarici dillərə - rus, fars, tacik, ərəb, qazax və s. tərcümə edilib.

Əzizə Cəfərzadə biz tələbələrinə Azərbaycanı işğal etmiş Çar Rusiyası, Sovet imperiyası barədə həqiqətləri açıb söyləməkdən belə usanmırdı, hətta məlumat var ki, xüsusi orqanlar onun dərslərini izləmək üçün auditoriyalarda səsyazma cihazları gizlədirmişlər.

1981-1989-cu illərdə Əzizə xanım Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışıb,  “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib, 2001-ci ildə “Azərbaycan anası” və “Xalq yazıçısı” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Yazı makinasına “sevgilim” deyərmiş. Ömrünün axırlarında yazı makinası ilə yaza bilmirmiş, barmaqları gücdən düşübmüş. Ona makinaçı tapsalar da, sonralar bundan imtina edib. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürürmüş. Son Füzuli haqqında “Eşq sultanı” adlı romanını da diktofona diktə etmişdi.

Ürək çatışmazlığı varı idi, amma ailə üzvlərindən bunu gizlərdi. Sonralar bədəninə su yığılıb, 2003-cü il sentyabrın 4-də 82 yaşında vəfat edib. Onu vəsiyyətinə əsasən Hacıqabulun Tağılı kəndində - bir vaxtlar məktəb inşa etdirdiyi həmin kənddə dəfn eləyiblər.

Ruhu şad olsun bu böyük, aləmdə səsi qalan ziyalımızın!

 

“Ədəbiyyat və incəsənət”

 

(29.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Həqiqətən də Nüsrət Kəsəmənli barədə saatlarca danışmaq olar. Şeirləri dillər əzbəri olub onun. Xüsusən sevgi şeirləri.

1946 -cı il dekabr ayının 29-da Qazaxda, Kəsəmən kəndində anadan olan Nüsrət Kəsəmənli bədii yaradıcılığa XX əsrin 60-cı illərində başlayıb, şeirlərinin əsas mövzusu məhəbbət olsa da, insanpərvərliyə, yеr üzərində əminamanlığa, vətənə, torpağa aid müxtəlif əsərlər yaradıb. Onun “Dəli bir ağlamaq kеçir könlümdən”, “Biri vardı, biri yox”, “Oğru olmaq istəyirəm” kimi şeirlərinin dillər əzbəri olması fenomenini isə heç kəs aça bilmir, Nüsrət Kəsəmənli Səməd Vurğundan sonra şeirlərini dillər əzbəri etmək missiyasını uğurla davam etdirib.

Nüsrət Kəsəmənlinin lirikası o qədər axıcı, gözəldir ki, hər şeiri özlüyündə bir mahnıdır sanki, təsadüfi deyil ki, “Dünya köhnə dünyadır”, “Unut kədərini”, “Allahım, ayırma bizi”, “Unuda bilməyəcəksən”, “Özümü aldadıram”, “Biri vardı, biri yox...” kimi yüzlərlə şeirinə musiqi bəstələnib.

Fəal ictimaiyyətçi olan Nüsrət Kəsəmənli 1981- 1984-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, Poeziya şurasının sədri seçilib, 1985-ci ildən C.Cabbarlı adına “Azər­baycanfilm” kinostudiyasında baş redaktor kimi çalışıb, 1982-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub.

Əfsuslar olsun ki, böyük şair çox az ömür yaşayıb, 2003-cü il oktyabr ayının 16-da 57 yaşında müalicə aldığı Təbriz şəhərində vəfat edib.

Nüsrət Kəsəmənli yüz minlərin yaddaşındadır, ədalətsizlik edib xalq şairi titulunu ondan əsirgəsələr də o, həqiqətən xalqın şairidir. Əminik ki, ədalət haçansa bərpa ediləcək, ona ölümündən sonra Azərbaycanın Xalq Şairi fəxri adı veriləcək. Çox inanırıq!

 

Könlünə dəydiyim, incitdiyim qız,

Vüqar kölgəsində yatdığım bəsdir,

Odlu yanağından su içdiyim qız,

Bu qədər günaha batdığım bəsdir.

Daha dodaqların titrəməsin qoy,

Mən sənin qarşında titrəyim, əsim,

Səndən dünyaları istəmirəm, yox,

Məni bağışlasan, bəsimdir, bəsim.

Yan desən, alışıb yana bilərəm.

Don desən, yerimdə dona bilərəm!

İndi bilmişəm ki, ömür-gün gedir,

Ən gözəl hisslərim keçir könlümdən,

Qayıt! Sən ömrümə təzəlik gətir;

Dəli bir ağlamaq keçir könlümdən.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 2024-cü ilin ilk premyerasına hazırlaşır, sənət ocağı yanvarın 13-də rus ədəbi Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan “Üç gözəl” lirik komediyası ilə teatrsevərlərin görüşünə gələcək.

 

Pyesin məzmunu belədir ki, adi axşamların birində üç rəfiqə qərara alırlar ki, həyatlarında dönüş etsinlər – əsl məhəbbətin axtarışına çıxsınlar. Müxtəlif xarakterli fərqli taleli üç rəfiqə, üç gözəl qadın öz həyatını kökündən dəyişməyə qərar verir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov (dekorasiya üzrə rəssam), Olqa Abbasova (geyim üzrə rəssam) və Vladimir Neverov (musiqi tərtibatçısı) tamaşanın ərsəyə gəlməsinə əmək sərf ediblər.

Tamaşada teatrın üç gözəl aktrisasını – Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Mələk Abaszadə və aktrisa Mədinə Mullayeva rol alıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

28 Dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin Sədrinin 1-ci müavini Əli Hüseynli, Baş prokurorun müavini Heydər Məmmədov, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və media nümayəndələri iştirak ediblər. 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən daxil məlumata görə, qurum vətəndaşlara hüquqi yardım və vəkillik xidmətlərini təmin etdiyinə görə “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib.

Mükafat Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2029)

 

Müharibə əlilləri Hüseyn və Həsən Həmidovlar  Vətən müharibəsində ölkəmizin suverenliyi uğrunda vuruşub və ağır yaralanıblar. “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan qazilərimizin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat daxil olub. 

 

Allah şəfa versin!

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

"Youtube" keçid: https://youtu.be/5-9diU8Hti0

Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada link: https://we.tl/t-tVf2DBcDzU

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Thursday, 28 December 2023 15:29

Beynəlxalq Kino Günü münasibətilə təbrik

 

Milli Məclisin Mədəniyyət Komitəsi bu gün qeyd edilən Beynəlxalq Kino Günü münasibətilə kino ictimaiyyətinə təbrik mətni ünvanlayıb. Mətndə deyilir: 

 

“Bu gün Yer üzündə Beynəlxalq Kino Günü qeyd olunur. 

28.12.1895-ci ildə Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı kiçik kafedə ilk dəfə özlərinin çəkdiyi qısametrajlı filmlərin ödənişli nümayişini təşkil edib. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” ekran əsəri də vardı.

Lümyer qardaşları hesab edirdi ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil (və olmayacaq). Qardaşlar belə hesab edirdi ki, kinoya maraq tezliklə sönüb keçəcək; lakin belə olmadı... Qardaşlar kino nümayişində nə qədər doğru iş görmüşdülərsə, bu işin gələcəyi haqqında bir o qədər yanılmışdı... - Kino körpə uşaq kimi, öncə "danışa bilmir"di... Tamaşaçılar aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əylənirdi.

Ayrıca, bir çoxları belə düşünürdü, kino teatrı sıradan çıxaracaq. - Bu təsəvvür də doğrulmadı. 

Parisdəki ilk kinoseansdan təqribən iki il sonra – 02.08.1898-ci ildə Bakı Elmi-Foto Dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirdi. Beləliklə, bu ilin avqustunda Azərbaycanda milli kinonun yaranmasının 125-ci ildönümü tamam oldu. 

Ötən yüzilliyin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda öz filiallarını açaraq, film istehsalı ilə məşğul oldu.

1916-cı ildə “Neft və milyonlar səltənətində” (İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında), 1917-ci ildə isə “Arşın mal alan” (Üzeyir bəy Hacıbəylinin eyniadlı operettası əsasında) qısametrajlı bədii filmi çəkildi.

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində hökumət bir çox mədəni-siyasi islahatlar həyata keçirdi. Dünya kinosunun ilk örnəkləri Bakıya gətirildi, ictimai baxışlara təkan verildi; bununla da Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başladı və onlar 1918-ci ildə “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra (1923-cü ildə) respublikamızda Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradıldı və az sonra Birinci Dövlət Kinofabriki açıldı. Həmin fabrikdə çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında araya-ərsəyə gətirilmiş “Qız qalası” bədii filmi oldu.

Sonra kinostudiya “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” və “Azərbaycanfilm” adı ilə öz fəaliyyətini davam və inkişaf etdirdi. 1960-cı ildən isə “Azərbaycanfilm” kinostudiyası (Azərbaycan dramaturgiyasında sosial realizmin yaradıcısı, görkəmli dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, rejissor, Əməkdar incəsənət xadimi) Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək 2000-dən çox (fərqli növ və janrda) film istehsal olunub. Onların bir bölümü, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və b. Dövlət mükafatlarına, bir çox film, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və d. beynəlxalq və digər kinofestivalların ödüllərinə layiq görülüb.

Bu il 125-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəxas inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında önəmli rol oynayıb.

Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin 31.01.2018-ci ildə imzaladığı Sərəncam əsasında ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. 

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər içində respublika həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Bu gün gənclərimiz bir sıra yaxın-uzaq ölkədə kino sahəsində təhsil alır; eyni zamanda, ölkəmiz müxtəlif ölkələrdə keçirilən film festivallarında uğurla iştirak edir.

Beynəlxalq Kuno Günü ilə bağlı bütün kino işçilərimizi, bu sahədə xidmətlər göstərmiş sənətkarlarımızı təbrik edir, yeni sənət uğurları diləyirik!”

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.