
Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Bəxtiyar Nizaminin “Söylə saçlarına toxunmasınlar...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.
Bəxtiyar Nizami
Təbriz
*
Söylə saçlarına toxunmasınlar
Sən sevməlisən ay qadın
Dünyanın ilki də sən, sonu da
Sənin gözəlliyini yarada bilməyəcəklər.
Şairlərə rəssam
İllərdir saçlarınız örpək adlı dustağa
Məruz qalıbdır.
Saçların başlanış
Saçların fırtına
Saçların inqilab
Saçların
Gizli,
Silah...
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Arazın o tayı - XATİRƏ
Ləman Quliyeva - “Ədəbiyyat və incəsənət” üçün
(Heç vaxt canlı görmədiyim, amma ürəyimdə əvəzsiz yeri olan qəhrəmanım, əmim Şəhid Araz Quliyevin xatirəsinə)
Uşaqlığımın, hətta gəncliyinin böyük bir qisminin keçdiyi nənə-baba ocağından axşamçağı rayondakı evimizə qayıdırdıq. Həmişəki kimi qardaşımla maşında kimin mahnı qoşacağı davasını edirdik. Qardaşım mən macal tapmamış bir neçə mahnını artıq oxutmuşdu. Öz fikrimdə "əşşi uşaqdır də. Bir - iki mahnıdan sonra onu razı salaram" düşüncəsilə artıq qaralan havaya görə doğru-düzgün görülməyən yola nəzər saldım. Uşaqlığımı düşündüm. Yelləncəyimi nə qədər sevdiyimi, keçən il bu vaxt belə axşamlar mahnı dinləyib, həm də oxuyaraq keçirdiyim gözəl günləri xatırladım. Bir vaxtlar tanıdığım, gözəl evləri, həyatları olan, indi isə bir tabuta rahatca sığışan, yaddaşımda yaxşı ya da, pis qalan insanlar ağlıma gəldi. Daha dərin düşüncələrə dalmaq istəyirdim ki, qardaşımın seçdiyi mahnılardan biri məni bir xəyal aləmindən tamam başqa xəyal aləminə səyahətə apardı. Bayaqdan ömrümdə iz qoymuş, xatirələrimdə yaşayan tanıdığım məzar sakinləri haqqında düşünürdüm. İndi isə ancaq şəkillərdə gördüyüm birinin xəyalına daldım...
İllər əvvəl nənəmin danışdığı bir xatirəsi sanki özüm yaşamış kimi canlandı:
-Əmin yeni şəhid olan vaxtlar çox istəyirdim ki, yuxuma girsin. Amma nə qədər istəsəm də gəlmirdi. Tək istəyim onu heç olmasa son dəfə görmək idi. Gəlmirdi ki gəlmirdi. Görəsən küsmüşdü məndən? Son anlarında yanında ola bilmədim deyə qəlbimi qırılmışdı? Niyə sınmışdı anasından? Bilsəm getməzdimmi yanına, ayaqqabım olmasa ayaqyalın qaçardım Tovuzdan Füzuliyə. Ancaq xəbərim olmadı. Evimə gələn oğlum yox, 18 yaşlı cansız bədəni oldu... Artıq ümidimi tamam üzmüşkən bir oğlan gəldi yuxuma. O idi. Qara qaş, qara göz, ilk göz ağrım, canımın parçası, ürəyimin sağalmaz yarası oğlum... Ana, ağlama dedi mənə, gəlib bərk-bərk qucaqladı. Elə bil yuxu deyildi. Sanki həqiqətən gəlmişdi. Gül qoxusunu boğulana qədər içimə çəkdim. Dayanmadan öpdüm cənnətimi. Sonra birdən birə sağollaşıb gözlərimin önündən itib getdi. Nə qədər doya bilməsəm də, məndən küsmədiyi, yanıma gəldiyi üçün üzümdə qəribə təbəssümlə yuxuya daldım...
Anamgilə bu xatirəni axıra qədər danışa bilməyib pəncərəyə baxdım. Göz yaşlarımı silə-silə mahnını ucadan oxumağa davam etdim:
Sen beni hep rüyalarda gör annem
Gör ki kalbim bir mezarda dinlenir
Sen beni hep rüyalarda gör annem
Gör ki kalbim bir mezarda dinlenir
Belki dağlar duman duman savrulur
Belki sesim çığlık çığlık duyulur
Belki yavrun bir tabuta koyulur
Üzülme annem...
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Kölgənin sevimli nəğməsi - ESSE
Unutma ki, sənə işıq tutanlara arxa çevirsən, yalnız öz qaranlığını görəcəksən.(Rene Dekart)
HAŞİYƏ:
17-ci əsr İtalyan rəssamı Mikelancelo Karavacco ilk dəfə təsviri sənətdə realizm janrını tətbiq edib. Qapaq şəklində onun “Falçı” əsərini görürsünüz.
Kölgə və işıq qarşılaşması təxəyyülümdəki sonsuz "söz boxçalarını" boşaltmağa sövq etdi.
Kölgənin işığa aşiqliyi günahkarın etdiyi günahın savab adı altında utanmaz- utanmaz nümayiş etdirməsini xatırladım.
Doğrudanmı, günahkarların vicdanının gözləri kordur?!
"Haqlıyam, haqq məndədir"- demək bu qədərmi asandır?
Düzdür hər kəs baş verən hadisələrə öz baxış bucağından boylanır. Amma haqqsızlığın bir adı var: "NAHAQ"
Ta əzəldən " Xeyir"lə "Şər" mübarizədə olub.
Sonda isə haqqın qılıncı daha iti olduğunu sübut edib. " Kölgə" "İşığı" tutub saxlayırsa, bu onun sevgisidirmi? Kölgənin nəğməsi sevgi adlı uydurma bəstədir. Özünə haqsız, günahkaram deyənlər az tapılır, kölgə olmaqdan yorulub işığa çevrilənlər çox azdır.
İşığı tutub saxlamaqla ona sevgi vermirlər, əksinə haqqını əlindən alırlar. İşıq Cahana candır, yaşıllıqları- çəmənləri, çiçəkləri sevgisi ilə bəsləyən məlhəmdir. İşıq mərhəmətdir, qayğıdır, sevgidir. Kölgə isə saxta sevgisindən nəğmə bəstələyən naşı bəstəkardır - haqq adlı bayrağı qaldırıb mərhəmətdən uzaq düşmüş sevimli nəğməsini təkrar- təkrar oxuyan yalançı aşiqdir.
İşıq və kölgə Təsviri incəsənətdə realist təsvir üçün əsas elementlərdəndir. Onlar əl- ələ verərək kompozisiyaya daha da canlılıq bəxş edir.
Karavacco, Qrünevald öz əsərlərində güclü yan işıq effektindən istifadə ediblər.
Karavacconun əsərləri öz hissiyyatlığı, emosianallığı ilə, gərginliyi, işıq və kölgənin kontrastlığı və xüsusi cizgisi ilə fərqlənir ki, buda "karavacizm" üslubunun xarakteridir.
Bəli, sənətdə "İşıq və kölgə" möhtəşəm canlı görüntü üçün əsas elementdir, amma real həyatımızda kölgələr işığımızı kəsməsin, Günəsin nuru öz istisi, işığı ilə ömür adlı qısa səyahətimizdə həmişə bizimlə olsun.
Sükut sevən addımlarım
çox səssizdir,
Adıma kölgə deyirlər,
qara rəngin əsiriyəm.
Ən sürətli qaçan belə,
kölgəsinə çata bilməz,
əl uzatsa, tuta bilməz.
Mən kölgəyəm.
İşıq gizlər öz ardında,
Utanar ki, yanındayam.
İşıq varsa, mən də varam
arayaram, axtararam.
Yollarını kəsmək üçün,
tutub onu saxlayıram.
Mən kölgəyəm.
Anlamazlar bəzən məni
qınayarlar,
GÜNƏŞƏ olan sevgimi.
Tellərini daramağa toxunaram,
Nəfəsinə sarılmağa hər an varam.
İşıq varsa, kölgə də var,
Aşiqlər olanlar anlar!
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Müəllimliyə təsadufi gəlişlərin də qarşısı alınmalıdır - AKTUAL
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət”
Müəllim hər bir millətin, xalqın inkişafında həlledici simadır. Millətin gələcək taleyi onun əlindədir. Çünki o, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynayır. Bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə və qabiliyyətinə malikdir. Necə deyərlər, “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişə bilər”.
Cəmiyyətin tərəqqisi isə onun təhsili ilə birbaşa bağlıdır. Dunya təcrübəsi göstərir ki, vacib və zəruri amillər olsa da, nə təhsilə cəlbetmə səviyyəsinin artırılması və təhsilin müddəti, nə təhsil infrastrukturunun gücləndirilməsi və təhsil müəssisələrinin sayının artırılması, nə də mükəmməl normativ sənədlərin qəbul edilməsi özlüyündə mocuzə yarada bilmir, yəni insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Bilik və bacarıqlar öyrənmə prosesinin keyfiyyəti ilə əldə edilir ki, burada əsas və həlledici sima yenə də müəllimdir.
Vaxtı ilə Platon demişdi: “Müəllimlik bir Tanrı sənətidir”. Dinimizdə müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan belə özünü müəllim adlandırır. “Bəqərə” surəsinin 31-ci ayəsində oxuyuruq: “Allah Adəmə müəllimlik etdi. Ona elm öyrətdi”. Ümumilli liderimiz, dünya şöhrətli siyasətçi H.Əliyev də müəllim adının müqəddəsliyini daim vurğulayırdı. O deyirdi ki, “Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram”.
Təəssüf ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu gün müəllimin nüfuzu 30-40 il bundan əvvəlki nüfuz deyil, xeyli zəifləyib. Bu mənada Kolumbiya Universitetinin professoru Jak Barze haqlı olaraq deyib ki, “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir".
Əgər biz, həqiqətən, cəmiyyətimizin tərəqqisinə nail olmaq, Azərbaycan təhsilini keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevirmək istəyiriksə, digər işlərlə yanaşı müəllim nüfuzunun yüksəldilməsinə çalışmalıyıq.
Bu gün əsas vəzifələrdən biri “itirilmiş ənənənin” bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Üzərinə cox böyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan təhsilverənlərin nüfuzu və ictimai rolu hər vasitə ilə qorunmalıdır. Çünki müəllim nüfuzu təlim-tərbiyədə müstəsna amildir.
Ömrümün 45 ilini pedaqoji işə həsr edən bir şəxs kimi qətiyyətlə bildirirəm ki, müəllimin nüfuzunun yüksəldilməsi onun özündən və pedaqoji kadr hazırlığından birbaşa asılıdır. Müəllim hər şeydən əvvəl yüksək şəxsi keyfiyyətlərin daşıyıcısıdır. O, yüksək əqidə sahibi, öz peşəsinin vurğunu olmalı, yüksək mədəniyyətə və mənəviyyata, dərin biliyə və erudisiyaya, yüksək nüfuza malik olmalıdır. Hər cəhətdən başqalarına - hamıya nümunə olmalıdır. Çünki “Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər”.
Müəllim həmçinin mükəmməl peşə qabiliyyətlərinə sahib olmalıdır. O, akademik, didaktik, kommunikativ, konstruktiv, pedaqoji, iradi-emosional və digər qabiliyyətlərə kamil yiyələnməlidir. Yaxşı müəllim olmağa çalışmalıdır. Yəni V.A.Suxomlinskinin dediyi kimi, o öz peşəsinin ustası olmalı, psixologiya və pedaqogika eimlərini və öz fənnini dərindən bilməli, şagirdləri öz övladları kimi sevməlidir. L.N.Tolstoy deyərmiş ki, öz işini sevən müəllim yaxşı müəllimdir, uşaqları və fənnini də sevən müəllim isə əla müəllimdir.
Bu peşə ilə məşğul olan hər bir kəs onun müqəddəsliyini dərk etməli və müəllimlik peşəsinin şərəfini uca tutmalıdır. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn xələfləri üçün qazanmalı və qoruyub saxlamalıdır.Müəllim mənəvi keyfiyyətlərindən, akademik biliyindən və peşə qabiliyyətlərindən tutmuş danışığına, insan və hadisələrə ədalətli münasibətinə, geyiminə, oturub-duruşuna kimi hər şeyə diqqət etməlidir. Həyata baxışı, səmimiyyəti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir və mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir.O,cəmiyyətin, bütün insanların diqqət mərkəzində olan peşə sahibidir. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız bir söz müəllimi nüfuzdan sala bilər. Təəssüf ki, çox vaxt bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına aid edilə bilir. Çoxillik təcrübəmdən görmüşəm ki, zamandan geri qalmayan, daim oxuyub öyrənən, dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu həmişə yüksək olub.
İndi ölkəmizin təhsil müəssisələrində yüksək ümumi-mədəni və peşə-ixtisas səviyyəsinə malik minlərlə, on minlərlə müəllim çalışır. Müəllim vəzifəsini belə nüfuza, hörmətə çatdıran, zirvəyə ucaldan da onlar özləri olmuşlar. Təəssüf ki, bu gün şəxsi keyfiyyətləri, akademik bilikləri və peşə qabiliyyətləri aşağı olan, öz peşəsinə layiq olmayan müəllimlərə də təsadüf olunur. Əlbəttə, onlar müəllim nüfuzuna xələl gətirirlər. Yəqin ki, yeni tətbiq olunan MİQ və sertifikasiya qaydaları ilə məktəblər tədricən bu cür müəllimlərdən təmizlənəcəklər.
Təkrarlanması üçün universitet və kolleclərdə müəllim hazırlığı ciddi nəzarətə götürülməlidir. Məlumdur ki, pedaqoji peşəkarlığın əsası, onun özülü ali (və ya orta-ixtisas) təhsil prosesində, ilkin müəllim hazırlığı, yəni bakalavr təhsili zamanı qoyulur. Hazırda ölkə universitetlərinin bir çoxunda (hələ kollecləri demirik) müəllim kadrları hazırlanır. Zənn edirik ki, buna ehtiyac yoxdur. Çünki movcud pedaqoji kadrların sayı onlara olan real tələbatı 2-3 dəfə ustələyir. (Müəllim nüfuzunun aşağı düşməsinin bir səbəbi də elə budur) Əgər belə davam edərsə, yaxın gələcəkdə pedaqoji təhsilli işsizlər toplumu yaranacaq. Ona görə təklif edirik ki, pedaqoji ixtisaslara plan yerlərinin sayı azaldılsın və müəllim hazırlığı ADPU başda olmaqla normal potensialı olan universitetlərdə mərkəzləşdirilsin. Orta-ixtisas məktəblərində isə pedaqoji kadr hazırlığı tədricən dayandırılsın. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilsin. Unutmayaq ki, təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə milli təhlükəsizlik məsələsidir.
Keyfiyyətli müəllim kadrları hazırlığı ümumi inkişafın açarıdır. Sirr deyil ki, universitetləri və kollecləri qurtarıb işə başlayanların xeyli qisminin peşə-ixtisas səviyyəsi aşağı olur. Düzdur, universitet təhsilli gənc pedaqoji kadrlarda elmi və pedaqoji bacarıqların formalaşması tam başa catmır, bu bacarıqlar, əsasən, 1-2 ilə məktəbdə tam formalaşır. Amma bəzən səviyyə o dərəcədə aşağı olur ki, qeyd edilən bacarıqların formalaşacağına umid belə qalmır. Məktəblərdə belə “müəllimlər” susuz bulağa, işıqsız lampaya bənzəyirlər”. Ona görə universitetlərin əsas vəzifəsi müasir təhsil çağırışlarına cavab verən, zəruri kompetensiyaları formalaşan, yeni pedaqoji təfəkkürə yiyələnən, müasir təlim metodlarını dərindən mənimsəmiş savadlı və istedadlı gənc pedaqoqların, səriştəli təhsil verənlərin hazırlanması olmalıdır. Onu da unutmaq olmaz ki, bu gün sırf nəzəri xarakter daşıyan təhsil oz fundamental əhəmiyyətini itirməkdədir. İndi təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar, səriştənin vacibliyi, yeni modelli təhsil önə cəkilir.
Müəllimliyə təsadufi gəlişlərin də qarşısı alınmalıdır. Çox hallarda pedaqoji ali məktəblərə daxil olan tələbələrin müəyyən qisminin pedaqoji peşə seçmələrinin onların maraq və motivlərindən, yaxşı müəllim olmaq arzusunun reallaşdırılmasından irəli gəlmədiyi özünü göstərir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, sabiq Təhsil naziri, çox hörmətli M.Mərdanov “Müəllim nüfuzu və ona təsir göstərən amillər” adlı məqaləsində yazır: ”Təhsil naziri olduğum illərdə dəfələrlə auditoriyalarda “Kim müəllim olmaq arzusu ilə bu fakültəyə qəbul olunub?” sualını vermişəm, demək olar ki, heç kəs əlini qaldırmayıb, hamısı başqa ixtisas almaq üçün imtahanlara qatıldığını bildirib. Təəssüf ki, yüzlərlə tələbə könülsüz olaraq müəllimlik ixtisasında təhsil alıb, qeyd edilən səbəblərə görə oxuduğu müddətdə də müəllimlik peşəsini sevə bilməyib, universiteti “birtəhər” başa vurub, nəticədə müəllim işləməli olub”. Təsəvvür edin ki, gecə-gunduz həkim olmaq arzusu ilə yaşayan, gecə yatanda da özünü ağ xalatlı həkim kimi görən, gələcəkdə müəllim işləyəcəyi hec ağlının ucundan belə kecməyən abituriyent “oyundankənar vəziyyətdə” qalmamaq ucun (mövcud qəbul qaydaları müəllim peşəsi ucun aşağı bal ilə qəbul olunmaq imkanı yaratdığı ücun, ya da valideyninin təkidi ilə) ixtisas secimində biologiya müəllimi ixtisasını da “secir”. Məlum səbəbdən arzulamadığı halda bu ixtisas uzrə təhsil alır, təbib yox, müəllim olur. Nə acı ki, bu proses hazırda da davam edir. Şübhəsiz ki, pedaqoji sahəni təsadüfən seçən, qəlbən, ruhən deyil, yalnız diplomuna görə müəllim olan belələri gələcəkdə həqiqi müəllim ola, urəyini uşaqlara verə bilməyəcək. Belə “zorən müəllim”lərin çoxunun sonda təhsil müəssisələrində baş girləyən adamlara cevrildiyini hamı yaxşı bilir. Ən pisi də odur ki, belələri əsl müəllimlərin nüfuzuna cox ciddi zərbə vururlar. Yaxşı olar ki, bu ixtisasa qəbul zamanı xüsusi keçid balı tətbiq olunsun, mətbuatda da qeyd edildiyi kimi, akademik biliyi ölçən imtahanlarla yanaşı, abituriyentlərin bu peşəyə münasibəti və peşəylə bağlı bacarıqları da dəyərləndirilsin.
Müəllim hazırlığından söz düşmüşkən, bir məsələni də xüsusi vurğulamaq istərdik. Universitetlərdə müəllim kadrlarının hazırlığı zamanı çalışmaq lazımdır ki, gələcəyin müəllimi özünün xalq və dövlət qarşısındakı borcunu və məsuliyyət daşıdığını aydın dərk etsin, təhsilə aid normativ sənədləri diqqətlə öyrənsin. Çünki o, gənc nəslin mənəvi aləminin memarı olacaqdır. Öz hüquq və vəzifələrini aydın bilməli, məsuliyyətini bəri başdan hiss etməlidir.Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli və çətin olması barədə dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaqböyükxətadır.Yalnızbirtəlimdənbaşqauşağıntərbiyəsidəximüəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır”.
Müəlimin nüfuzunun güclənməsi cəmiyyətin ona münasibətindən də çox asılıdır. Çünki, təhsil sistemi cəmiyyətin fövqündə deyil, müəllim də cəmiyyətin bir üzvüdür. Həm də cəmiyyətin formalaşmasında xüsusi rolu olan bir üzv. Ona görə də həm təhsil sistemində, həm də müəllimin həyatında və fəaliyyətində baş verən bütün hallara cəmiyyət çox həssas reaksiya və qiymət verir.
Təəssüf ki, hazırda cəmiyyətdə müəllim nüfuzu əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, buna doğru gedir. Və bu, arzuolunmaz və çox təhlükəli haldır. Mütəxəssislər də cəmiyyətdə şəxsiyyətin inkişafı və formalaşmasında yaranmış problemləri məhz müəllim nüfuzunun aşağı düşməsi, bu səbəbdən onlara inamın azalması amili ilə əlaqələndirirlər.
Cəmiyyətdə müəllim nüfuzunun aşağı düşməsində də birinci səbəbkar müəllimlərin özləridir. Təəssüf ki, bu gün təhsil müəssisələrində öz peşəsinə layiq olmayan müəllimlərə də təsadüf olunur. Heyf ki, bəzilərində müəllimə münasibət çox vaxt belələrinin timsalında formalaşır.
Müəllim-valideyn-cəmiyyət üzvləri arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin olmaması da müəllim nüfuzunu zədələyir. Məktəb rəhbərləri ilə müəllim, müəllimlə müəllim, müəllimlə şagird, müəllimlə valideyn arasında anlaşılmazlıqlar, mübahisələr və digər neqativ hallar keçmişdə də olub, indi də var və çox güman ki, gələcək də bunlardan xali olmayacaq. Əvvəllər (internetsiz dövrdə) baş vermiş anlaşılmazlıqlar, mübahisələr və digər neqativ hallar çox vaxt qarşılıqlı anlaşma ilə aradan qaldırılmış, haqlı-haqsız müəyyən olunmuş, dövlətin qanunlarına əsasən uyğun tədbirlər görülmüşdür. İndiki kimi publikaya ünvanlanaraq qəzetlərdə, xüsusən sosial şəbəkələrdə manşetə çıxarılmamış, el-aləmə faş edilməmişdir. Nöqsanı və günahı olan bir qrup müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradılmamışdır.
Bəzi müəllimlərin peşə-ixtisas səviyyələrinin çox aşağı olması, pedaqoji prosesi təşkil və idarə edə bilməmələri, müəllim-şagirdləri münasibətlərində neqativ halların çoxalması, bu səbəbdən də müəllimlərlə valideynlər arasında anlaşılmazlıq, narazılıq və münaqişələrin yaranması, xoşagəlməz hərəkətlərin (məsələn, fiziki cəza üsullarının tətbiqi, süpürgə pulu, fond pulu, təmir pulu, sümmativ pulu, ad günləri və s.) meydana çıxması, nizam-intizamın pozulması, bu halların qarşısının alınması üçün vaxtında təsirli tədbirlərin görülməməsi və s. cəmiyyətdə müəllimə qarşı mənfi təsəvvürlərin yaranmasına gətirib çıxarmışdır.
Nə qədər qəribə səslənsə də, cəmiyyətin müəllimə yanlış münasibətinin yaranmasında siyasətçilərin, rəhbər şəxslərin, təhsil məmurlarının da “rolu” var. Onların zaman-zaman söylədikləri “müəllim maaşla dolana bilmirsə, işdən sonra gedib daş hörüb, fəhləlik etsin”, müəllimlər “şaftalı, anbar, dastan” sözlərini düz yaza bilmirlər, müəllimlər “çubuqlu bölmə”ni həll etməyi bacarmırlar” və s. kimi fikirlər cəmiyyətdə müəllim nüfüzuna mənfi təsir edir. Görəsən, bu sözləri publikaya ünvanlayanlar fikirləşmirlərmi ki, qurunun oduna yaşı da yandırırlar.
Cəmiyyətdə müəllim nüfuzuna zərbə vuran bir amil də repetitorluq, hazırlıq kursları (mərkəzləri) şəbəkəsinin yaranmasıdır. Etiraf edək ki, bu şəbəkələr məktəb mühitini dağıdır. Bunların hesabına artıq məktəbə, müəllimə əsas bilik verən kimi baxılmır. Valideynlər öz övladlarını kütləvi şəkildə repetitor yanına, hazırlıq kurslarına yönəldirlər. Bu isə məktəblərin və burda çalışan müəllimlərin sürətlə nufuzdan düşməsinə səbəb olur. Əlbəttə, bunun cox ciddi səbəbləri vardır. Yazımızın mövzusuna və məzmununa müvafiq olmadığı üçün bu səbəbləri açıqlamaqdan vaz keçib, başqa bir yazıya saxlayırıq.
Zənn edirik ki, müəllim peşəsinin statusuna təsir edən başqa bir çox güclü qüvvə mediadır. Əlbəttə, təhsildən, müəllimdən yazmaq lazımdır. Tənqid etmək, irad bildirmək, təkliflər vermək də lazımdır. Bunlar ümumi işin xeyrinədir. Amma haqq-ədalətlə yazmaq lazımdır. Düşünülməmiş, səriştəsiz, mənqiqsiz çızma-qara, hədyan yazmağa heç bir media orqanının mənəvi haqqı yoxdur. Təəssüf ki, bəzi media orqanları sanki müəllimlərə qənim kəsilib. Elə bil bunlara tapşırılıb ki, hər vasitə ilə məktəbi, müəllimi gözdən salın. Hər bəhanə ilə müəllimi müzakirə obyekti edin. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda müntəzəm olaraq qarşılılaşdığımız xəbərlərin başlıqlarına baxın: “Məktəb rəhbəri müəllimi təhqir edib”, “Şagird dərs zamanı nalayiq sözlər işlədib”, “Şagird müəllimə əl qaldırıb”, “Müəllim şagirdi döydü”, “Şagird öz sinif yoldaşını döydü”, “Valideynlə müəllim dalaşıb”, “Müəllim öz həmkarı ilə dalaşıb”, “Müəllimlik kişi işi deyil”, “Qadın müəllimlərin davası” və s. Əlbəttə, belə xəbərlərin ictimailəşməsi, geniş izləyici kütləsinə çatdırılması əks effekt verə bilər. Xəbər hadisədir. Amma hər hadisə xəbər deyil.
Bu günlərdə “Baku tv” “Müəllim olmaq istəyənlər nazirləri tanıyır?” adlı bir videomaterial vermişdi. Materialın nə məqsədlə verildiyi anlaşılmır. Anlaşılan odur ki, əməkdaş yalnız müəllimlərin yanlışlarını tutmaq və qabartmaq istəyir. Guya müəllim bütün nazirlərin adlarını bilməyə məcburdur və ya hansısa nazirin adını bilməsə, ondan yaxşı müəllim olmazmış. Bu adam anlamır ki, 5-3 nəfərin timsalında belə halları ümumiləşdirərək içtimailəşdirmək etik deyil. Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir.
Ötən günlərdə əksər media orqanlarında “Müəllimə şiddət göstərildi” başılığı ilə xəbər yayılmışdır. Hər gün ölkədə onlarla ailə münaqişəsi baş verir, onlarla insan şiddətə məruz qalır. Nə üçün onlardan bəhs edəndə peşələri qeyd olunmur? Söhbət müəllimdən gedəndə “müəllim” sözü başlığa çıxarılır. Bəyəm bu əməkdaşlar bilmirlərmi ki, belə hallarda jurnalistin Etik Davarnış Qaydalarına görə şəxsiyyətin peşə ilə bağlı bilgiləri qabardılmamalıdır.
Təəssüf ki, bu cür nümunələrin sayını çoxaltmaq da olar. Amma ehtiyac görmürük. Mətbuat nümayəndələri bu yolla reytinq qazandıqlarını, “problemləri” həll etdiklərini düşünürlər. Lakin başa düşmürlər ki, verdikləri “xəbərlər”in xeyri ziyanından çox olur. Nöqsanı və günahı olan az bir qism müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradırlar. Bir neçə xoşagəlməz hərəkət edən müəllimə görə, bütün müəllimlərin üzərinə ləkə salmaq olmaz.
Hələ mən məktəb rəhbərlərindən və bir-birindən incik düşən müəllimlərin, müəllimlərlə aralarında anlaşılmazlıq və narazılıq yaranan valideynlərin müxtəlif səhifələrdəki qeyri-etik söhbət və video paylaşımlarını demirəm. Əgər neqativ hallar baş veribsə, müəssisə rəhbərlərinə, yuxarı təhsili idarəetmə orqanlarına, lap elə hüquq mühafizə orqanlarına müraciət etmək bu halların sosial şəbəkələrdə içtimailəşdirilməsindən səmərəli olmazmı?! Axı belə paylaşımlar cəmiyyətdə həm də nümunəvi məktəblərə və müəllimlərə qarşı heç də yaxşı olmayan fikir formalaşdırır, insanların baxışını mənfiyə doğru dəyişir.
Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir. A.Çexovun dediyi kimi “Bir milləti məhv etmək üçün onun təhsilini və müəllimini gözdən salmaq kifayətdir”. Ona görə də məktəbə, müəllim nüfuzuna xələl gətirən söz-söhbətlərə son qoymaq lazımdır. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, onların nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Ölkəmizin gələcəyini dərk edən hər bir insan müəllim nüfuzu ilə bağlı problemi doğuran səbəblər və onların həlli yolları barədə düşünməli, müəllimin cəmiyyətin inkişafında rolunun olduğu kimi qəbul edilməsinə çalışmalı, müəllim nüfuzuna xələl gətirən hallara qarşı laqeyd qalmamalıdır. “Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir”. (A.Eynşteyn)
Üzərinə cox boyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan müəllimlər ekvivalent olaraq dovlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalıdırlar. Düzdür, son illər müəllimlərə göstərilən dövlət qayğısı xeyli yüksəlmişdir, onların əmək haqqı bir neçə dəfə artırılmışdır. Amma bu heç də yetərli deyil. Müəllimlərə gostərilən diqqət və qayğı daha da artırılmalıdır. Şagird sayına görə bir qrup məktəb rəhbərinin və sertifikasiyanın nəticələrinə görə müəllimlərin əmək haqqında yaranmış artım başa qaxılmamalıdır. Unutmayın ki, müəllimlərin yetişdirdiyi nazirlərin və onların müavinlərinin, deputataların, prokurorların, polis işçilərinin və digər bir çoxlarının əmək haqqı müəllimlərin əmək haqqından xeyli çoxdur. Yadıma böyük Atatürklə bağlı bir söhbət düşdü. Ondan deputatların əmək haqlarının nə qədər artırılmasını soruşanda deyibmiş ki, elə edin ki, öyrətmən maaşını keçməsin. Ulu öndərimiz H.Əliyev də deyirdi: “...Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir...”.
Çalışmaq lazımdır ki, müəllimlərin ehtiyacdan doğan maddi-məişət qayğıları peşə-ixtisas və ümumi mədəni səviyyələrini yüksəltmək qayğısını üstələməsin. AXC-nin Maarif və Dini Etiqad Naziri N.Yusifbəyli parlamentdə etdiyi çıxışların birində demişdi: ”Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz.”
Müəllimlərin cəmiyyətdə nüfuzunun yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ücün ayrıca dovlət proqramının qəbul edilməsi və onların dovlət qulluğunun xüsusi kateqoriyasına aid edilməsi təhsilverənlərin statusunun və nüfuzunun yüksəlməsində, sosial müdafiəsinin gücləndirilməsində həlledici rol oynaya bilər. Bu həm fəaliyyət gostərən müəllimlərin əməyini güclu şəkildə stimullaşdırar, həm “müəllim peşəsinin cətin və ağır olması ilə yanaşı az maaşlı olması” düşüncəsinə, “müəllimlik qadın peşəsidir” stereotipinə son qoyar və müəllim peşəsinin nüfuzunu yuksəldər, həm də savadlı, istedadlı və müasir duşuncəli gənclərin məktəblərə müəllim kimi gəlişini təşviq etmiş olar.
Cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan müəllimlər hər cür hörmət, diqqət və qayğıya layiqdirlər.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Şəhidlər barədə şeirlər - Azər Yusifli
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Azər Yusifli
Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Atası — Nazim Yusifov bələdiyyə sədridir. Anası — Yeganə Məmmədova isə ibtidai sinif müəllimidir. Onun ailədə bir qardaşı olmuşdur.
Azər Yusifli 2000-ci ildə Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2011-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır.
Nişanlı idi.
Azər Yusifli 2012-ci ilin aprel ayında Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Sərdəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət eləmişdir.
2013-cü ildən isə Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azər Yusifli Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin 4 avqust 2019-cu il tarixli 0229 nömrəli əmrinə əsasən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə, 4 avqust 2019-cu il tarixli 0240 nömrəli əmrinə əsasən isə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
2020-ci il sentyabrın 27-də səhər saat altı radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Azər Yusifli müharibə ərzində Sərhəd Qoşunlarının heyətində Cəbrayıl rayonununAraz boyu olan yaşayış məntəqələri–Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Ayın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin körpüsü işğaldan azad olunmuşdur.
Cəbrayıl rayonunun geniş bir hissəsinin işğaldan azad olunmasından sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Uğurlu əməliyyatlar nəticəsində qısa müddət ərzində Zəngilan rayonunun 16-dan çox yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlamışdır. Gecə saatlarında şəhər işğaldan azad olunmuşdur. Saat 04:00 radələrinə baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılmışdır.
Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olmuşdur. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Adın Azər, özün Baycan.
Bir canda, bir bədəndəsən.
Can bədəndən ayrı olmur.
Bayraq da sən, vətən də sən.
Ruhun gəzir səmalarda,
Əziz yerin baş üstündə.
O getdiyin döyüş yolun,
Tarix yazıb daş üstündə.
“İstiqamət Zəngilandır” -
Sən dediyin sonuncu söz.
Həm zəfərin son xəbəri,
Həm sonuncu alovlu köz.
Könüllərdə əbədisən,
Yaddaşlarda daş gizirim.
Xocalının qisasını,
Alan şəhid baş gizirim.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
DRAYZERİN DOĞUM GÜNÜNƏ - Kerri bacı dahimi idi?
Könül, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə sosioloji sorğular bəşər tarixində ən çox iz qoymuş yazıçıları müəyyənləşdirməyə yönəlmişdi, ilk sıralarda dahi amerikalı yazıçı Teodor Drayzerin də adına rast gəldik, dünya ədəbiyyatı xəzinəsinə “Dahi”, “Kerri baçı” və “Amerika faciəsi” kimi üç ölməz əsər vermis Teodor Drayzerin!
Bu gün onun anadan olmasının növbəti – 51-ci ildönümüdür. Qərara gəldim, yazıçının tərcümeyi halı ilə oxucularımızı tanış edim.
Teodor Drayzer 1871-ci il avqust ayının 27-də İndiana ştatının Teppe-Xot şəhərində anadan olmuşdur. 1886-1891-ci illərdə Çikaqoda çalışmışdır, 1889-cu ildə İndiana universitetinə qəbul olsa da maddi vəziyyəti üzündən təhsilini yarımçıq qoymuş, 1892-1894- cü illərdə Çikaqo, Sent-Lui, Pitsburq şəhərlərinin qəzetlərində jurnalist kimi ədəbi fəaliyyətə başlamışdır. 1894-cü ildə Nyu-Yorka köçmüş və burada qardaşının təsis etdiyi «Every month» jurnalında 1897-ci ilədək redaktor kimi çalışmışdır. Sonra sifarişlə “Metropoliten”, “Harpers”, “Kosmopoliten” əsərlərini yazmışdır. İlk oçerk və hekayələri 1897-ci ildə çap olunmuşdur. 1900-cü ildə ilk irihəcmli əsəri olan “Kerri bacı”, 1911- ci ildə “Cenni Herhardt” romanlarında sadə insanların mənəviyyatını pozan Amerika həyat tərzini tənqid etmişdir. 1912-ci ildə “Arzular trilogiyası” epopeyasına daxil olan “Maliyyəçi”, həmin ildə yazdığı “Dözümlü adam” və 1914-cü ildə “Titan” romanlarında Amerika inhisarçı kapitalizmi ifşa olunmuş, 1915-ci ildə yazdığı “Dahi” romanında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsi göstərilmişdir. 1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsirini əks etdirən hekayə və esselər yazmağa başlayır. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan, Amerika ədəbiyyatında realizmin zirvəsi və ədibin ən məşhur əsəri olan “Amerika faciəsi”nin mövzusunu təşkil edir.
1927-ci ildə dəvətlə SSRİ-yə gəlmiş, 1928-ci ildə “Drayzer Rusiyaya baxır” kitabını yazmışdır. Həmin vaxtdan fəhlə sinifinin mübarizəsinə qoşulmuş, 1929-cu ildə “Ernita” povestində Amerika ədəbiyyatında ilk kommunist surətini yaratmışdır. 1930-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün namizədliyi irəli sürülsə də bu ona qismət olmamışdır. 1944-cü ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Amerika İncəsənət və Ədəbiyyat Akademiyası yazıçını fəxri qızıl medalla təltif etmişdir. Drayzer faşizm əleyhinə mübarizədə iştirak etmiş, 1945-ci ildə ABŞ Kommunist Partiyasına daxil olmuşdur.
Ünlü yazar 1945-ci il dekabr ayının 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat etmişdir.
Mən Drayzerin hər üç məşhur əsərini – həm “Dahi”ni, həm “Kerri baçı”nı, həm də “Amerika faciəsi”ni tələbəliyimdə oxumiuşam. Həqiqətən də möhtəşəm əsərdirlər. Mən əsərləri oxuduqca müqayisələr aparıram. Bəzi əsərlərin təəssüratları çınqıl, daş boyda olur, bəzilərininki təpə qədər böyüyür, bəzilərində isə qarşında nəhəng dağ hiss edirsən. Bax Drayzer bu cürdür, o yaradanda yalnız dağ yaradır.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
DÜNYA ƏDƏBİYYATI - Jennifer Rathbun-un şeirləri
“Ədəbiyyat və incəsənət” portalı ispan əsilli ABŞ şairəsi Cenifer Rasbunun şeirlərini oxucularına təqdim edir. Anın və əbədiyyətin qarşılıqlı çarpışması, yaşam və ölüm təzadları Cenifer şeirinin əsas leytmotivini təşkil edir. Şeirləri dilimizə Ümid Nəccari tərcümə etmişdir.
Cenifer Rasbun (Jennifer Rathbun) - şair və tərcüməçi, ispan dilinin professoru və İndiana ştatının Ball Dövlət Universitetində Müasir Dillər və Klassiklər Departamentinin sədridir. O, Arizona Universitetində Müasir Latın Amerika Ədəbiyyatı üzrə təhsil alıb. Rasbun, Alberto Blanco və Minerva Margarita Villarreal kimi ispan müəlliflərin və çoxsaylı şeir kitablarının tərcüməçisi, iki poeziya antologiyasının redaktoru və “El libro de traiciones” (Xəyanətlər Kitabı-2021) poeziya toplusunun müəllifidir. Rasbun Amerika Şairlər Akademiyası tərəfindən 2021-ci il Ambroggio mükafatına layiq görülüb. O, Amerika Ədəbi Tərcüməçilər Assosiasiyasının (ALTA) üzvüdür və Ashland Poetry Press-in köməkçi redaktorudur.
Malintzin
Həyat ölçüsündə
Hamınız rənglərə boyanmısınız
Qəsrin günbəzi,
qırmızı qumaşla bəzədilmiş,
sənin səsinin dərisi,
İspanyalı Nahuatl Maya
yeni bir irqin doğulması ilə
tarixi əbədi olaraq qeyd edir.
Mavi gözlər Amerikaya açılır
sənin iyirmi beş illiyin
kral şahzadəsi olsun, ya da qul
-Həqiqətən fərqi yoxdur-
cəsur tərcüməçi
yeni dilin anası
indi sevdiyimdir!
Ayın məbədi
Bu yanar dildən paltar geyinin
Bakirə olaraq məbəddə
mən ilahiliyimi sizə bağışlayacağam.
Qurbanlıq
Geyinmiş
İşıqda
və ulduzlarla parlayır
mən tək-tənha gözləyirəm
daş qurbangahda
sevgidən
bilməməkdən
əgər Günəş
məni alacaqsa
ürək isə...
Obisidian - qara daşdan
Bıçaq....
Tənhalıq
Dodaqlarınız şəkər tozu kimi deyil
və ya təzə kəsilmiş manqo.
Çili tikələri səpilib dodaqlarınıza.
Nəfəsinizdə qırmızı şərabın işarəsi,
ocaq üstdə isti çörək də yoxdur...
Heç bir xatirə şirinləşdirə bilməz
yeməyin acı dadını...
Bazar günü səhər yeməyi tək.
Sükutu tərcümə edin
Evdə olarkən
Bu köhnə dörd künc içində
gips divarlar və taxta döşəmələr
Mendelson zəng edir
salonlar, nəfəs və solo musiqi səs-səsə verir
yüksəlir ürək döyüntüsü.
Barmaqlar klaviatura üzərində rəqs edir.
Qızıl rəngi ilə melodiyalar əhatə olunub,
hər bir söz tərcümə olunub,
salon sənin yoxluğunda əks-səda verir
Mən sükutu necə tərcümə etməyi indi öyrəndim.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
POETİK QİRAƏTdə Taleh Mansurun “Oluramdan olarama” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə növbə hərlənib-fırlanıb ad gününü qeyd eləyən Taleh Mansura çatdı. . İlk dəfəsində o, klassik şeirin “saqi-şərab” ənənəsi ilə, lap Ömər Xəyyamsayağı “Oluramdan olarama” deyəcək.
Xoş mütaliələr.
Oluramdan olarama...
Ürəyim dünyanın içində deyil,
Köçüm adamların köçündə deyil,
Yuxuda şərabı içəndə deyil,
Yuxumu yozanda sərxoş oluram.
Canımda can verir, Ya Rəbb, duyğular,
Qızılgül qoxulu-gülab duyğular,
Ruhumu axmalı şərab duyğular
Yolunu azanda sərxoş oluram.
Məni seçən sözü seçib yazmıram,
Hər sözün başından keçib yazmıram,
Mən heç vaxt şeiri içib yazmıram,
Mən şeir yazanda sərxoş oluram.
Məni unudanın gəlməz yadına
Mən ona doğmaydım, döndüm yadına.
Şərab atəşinə, şərab oduna
Badələr qızanda sərxoş oluram.
Göz yaşı üzümə güləndə içdim,
Ayılıb özümü biləndə içdim,
Şərabı dünyaya gələndə içdim,
Qəbrimi qazanda şərxoş olaram.
Ədəbiyyat və incəsənət”
(27.08.2024)
“Həyat qəmli zümzümədir” - Pərviz Axundun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Pərviz Axundun şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Pərviz AXUND
NAHAQDA SAXLAYIRSAN
Yeri gəlməmişkən, deyim: Darğınam sənə, Tanrım,
İstədiyim nəsnələri uzaqda saxlayırsan.
Yağan həsrət yağmurundan illər doldu, boşaldı,
Heç demədin, vüsalımı nə vaxta saxlayırsan?
Heç demədin, nə yaşandı, nə haldayam – sormadın,
Çarxı dönmüş gərdişində canımı az yormadın,
Ruhun yüksələn yerində bir dayanıb durmadın,
Elə ki ruhdan düşəcəm, qabaqda saxlayırsan.
Ötən günlər xəyalıma eyni rəngdə yansıdı,
Axtaranda bilmədim ki, yaxşı günüm hansıdı.
Nə qatdın ömür payıma, ağzım zəhər tamsıdı?!
Çəkdirdiyin hər acını damaqda saxlayırsan.
Bu görünən Axund deyil, o vaxtkından qalıqdır,
Uzağa getmiş olmaram, hələ sözüm ilıqdır.
İlahi, söndür ömrümü, bu nə israfçılıqdır?!
Haqqa varan qafiləmi nahaqda saxlayırsan.
KÖHNƏ DOSTLARA
Nə qədər dost-tanışla yollarımı ayırdım,
Bəzən də öz yanından çoxları çıxdı getdi.
Kimisi razı qaldı söhbətimdən, sözümdən,
Kimisi yoldan oldu, boşuna vaxtı getdi.
Yaxınım bildiklərim durub baxınca gendən,
Qapqara saçımın da rəngi dəyişdi dən-dən.
Üzünə güldüyüm yar üzün döndərdi məndən,
Əlini sıxdığım dost qəlbimi sıxdı getdi.
Ağrı elə ağrıdır – ya böyükdür, ya xırda,
Yaşananlar insanı qaldırır da, yıxır da.
Baxarsan, keçmişindən kimsə gəldi axırda
Və bütün günahları üstünə yıxdı getdi...
TƏKİ GƏLƏSƏN
Gözlərimin qabağında
Sərili qoyub getdin
Səbrimi kəsən yollarını.
Ya mən yığım gözlərimi,
Ya sən – yollarını.
Nə olsun ki, səni sevirdim,
Nə olsun ki, sevirdin məni.
Bir qış günü
Ömrümü çıxarıb çiyninə atdım,
Bir yay günü
Astar üzə çevirdin məni.
Nə olar ki,
Hər gün ölüb-dirilməyimə
Bir az şərik olasan –
Sən də bir az öləsən.
Səni lənətə gələsən,
Təki gələsən.
CANIN SAĞ OLSUN
Sən gedəli açılmadı
Eynim, canın sağ olsun.
Düşünməkdən burxulubdur
Beynim, canın sağ olsun.
Ayrılığın əynimə
Biçilməsi dərd deyil,
Biçilibdir ayrılığa
Əynim, canın sağ olsun.
Olan olub, şirin sözüm,
Girək eşqin təkinə,
Görək kim qorxub çəkinə...
Tablaşmazsa qəm yükünə
Çiynim, canın sağ olsun...
Gözləmədən yasaq eşqin
Çulğadı hardan məni?!
Tez-tez ilğımtək görünüb –
Yox oldun, yordun məni.
SOL yanımdan vurdun məni,
Neynim, canın SAĞ olsun.
SƏN VƏ MƏN
Səndən hicran yolu başlar,
Dolanıb da keçər məndən.
Yazdığım eşq məktubunu
Dimdiyindən salar quşlar,
Atıb qaçar, qaçar məndən.
Bir ağacam dərd bağıma,
Bərkimişəm torpağıma.
Toxunarsan budağıma,
Qarğa-quzğun uçar məndən.
Əcəl kəsdirib yanımı,
Tələsir alsın canımı.
Bir tərəfdən də həsrətin –
Başına çəkib qanımı,
Qurtum-qurtum içər məndən.
Halal yaşadım, ya haram,
Geriyə dönüb baxaram.
Mən talan olmuş mahalam,
Ağır ellər köçər məndən.
Daha vaxtdır, geyin, gedək,
Gedənlərdən yeyin gedək.
Köhnə evin divarları
Göydən-yerə cadarladı,
Təzə mənzil deyib gedək –
Qıfıl səndən, açar məndən.
SƏNƏ DAİR
Siqaret qutusu üstündə
Bir şeir başladım
Sırf sənə dair.
Üstəlik,
Üfüqlərə sancılan baxışlar-filan –
Şair-şair…
Bir şeir ağladım "west" qutusuna
Gecənin bu şər vaxtında.
Təki sənin hər vaxtın xeyir olsun,
Gözəl gözlüm, hər vaxtın xeyir.
Mənə sərf etməyəcək
Nyutonun qanunları,
Bilirəm, amma
Qəfil yadıma düşdün.
Yadıma elə düşdün ki, alma yanaqlım,
Bir şeir kəşf etdim sənin adına
Və öz qanunlarımı yazdım
Nyutonun inadına.
Siqaretin dumanında
Bir şeir başladım sənə dair,
Başladım, bitirə bilmədim
Və sair...
QƏNDİL OLASAN
Dünyanın dərdinə ağlayan ola,
Sənsə dərd əhlinə həmdil olasan.
Saraylar köşkündə boyun büküncə,
Qaranlıq damlara qəndil olasan.
Dərziyəm, gödəkdir iynədən sapım,
Üryan əyinlərə açıqdır qapım.
Özünü asasan bir kəndir tapıb,
Ya da birasımlıq kəndir olasan.
Yığ saxla özündə, sənə nə dəysə,
Qaç qurtar əllərdən, yaxan yedəksə.
O üzü görməzsən, boyun gödəksə,
Gərək hər əngəldən hündür olasan.
DÜŞMƏZ
Ox atsam bir ümid deyib,
Daşdan keçib ora düşməz.
Tor qursam, səndən gələsi
Bir baxış da tora düşməz.
Kimsə tapılmaz soruşum –
Harda qalıb ağlım, huşum.
Elə qarışıb ki başım,
Ömür, billah, vərə düşməz.
İstəmirəm, al bu dərdi,
Dərdini çəkmək hədərdi.
Məndə bundan o qədərdi –
İynə atsan, yerə düşməz.
HƏYAT QƏMLİ ZÜMZÜMƏDİR
Haqq yolunda nökər bəndə
Şah gedər haqq dərgahına.
İnsan gah qalar ərafda,
Gah gedər haqq dərgahına.
Gələn, gedən kimdir, nədir?..
Mədət umma, kim kimədir?!
Həyat qəmli zümzümədir,
Ah gedər haqq dərgahına.
Uyar olduq batilə biz,
Cahilə biz, qafilə biz.
Axund, ömür qafiləmiz
"Nah" gedər haqq dərgahına.
TANRININ YOLU DÜZ QALAR
Dillə dişin arasında
Neçə mənalı söz qalar.
Ötən günün arxasınca
Həmişə iki göz qalar.
Dərdi, qəmi görürsən də,
Biri məndə, biri səndə.
Əyri-əyri yerisən də,
Tanrının yolu düz qalar.
Neynim, haqqı başa düşmə,
Ömür çürüt əyri işlə.
İnanmıram, bu gedişlə
Səndən dünyada iz qalar.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Anar, “Mən, sən, o və telefon”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
ANAR,
Xalq yazıçısı
MƏN, SƏN, O VƏ TELEFON
(hekayə)
Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.
Vaqif Səmədoğlu
Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür.
Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, Aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan.
Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.
Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.
İndi bu nömrə yoxdur. Yəni ki var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.
Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir - kilometrdir, millər, parseqlər.
Mən bu məsafənin beşdə dördünü keçə bilərəm - dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmi - beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır - açarını itirmişəm.
Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur? Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi. İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.
Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.
Firuz tostunu davam etdirirdi:
- Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi.
Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı - bizim xanımlar. Hələ evdə də bir çətən külfətimiz var - oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı - hamı gülüşdü. - Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi bu badələri mən axırıncı igidin sağlığına - bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.
Hamı mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi arasından tanış üzləri görürdüm - dostlarımın üzlərini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifadə vardı.
Qonaqlar dağılışanda biz hamımız - Firuz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhərin gecə küçələriylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:
- Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?
- Uzaq gələcəkdə.
- Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? - O, şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. - Elə bilirsən ki, ailə həyatı cəhənnəmdir?
Firuz: - Özünə layiq qız tapa bilmir, - dedi.
- Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?
- Mütləq, - dedim, - ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.
Kamal: -Gözümün işığı, - dedi, - gecənin bu vaxtında sənə hardan qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu vaxtında küçələri gəzən qızı almazsan yəqin.
- Bəli, - dedim, - tamamilə doğru buyurursunuz. Odur ki, bu söhbəti xətm edək.
- Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. Budur, bax, avtomat da var, - Kamal əlavə etdi.
- Gözəl fikirdir, - dedim, - amma iki qəpikliyim yoxdur.
Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.
- Nömrəni deyin.
Firuz: - Əşi, ağlına gələn nömrəni çək, - dedi. - Məsələn... - birdən o, sözünü yarımçıq qoydu. - Yox, qardaş, keçəl suya getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan mənim xirtdəyimdən.
- Qorxaq, - dedim, - məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boynuna götürmür.
- Mənim bir təklifim var, - deyə Firuzun arvadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, - heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.
Firuz: - Əla, - dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. - İki. Mən iki çəkdim.
Firuzun arvadı: - Doqquz, - dedi.
Kamal:- Sıfır, - dedi və arvadına baxdı, - Sən de.
- Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.
Murad:- Beş, - dedi.
Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.
- Nişanlım yatıb, - dedim, hamı gülüşdü. Mən dəstəyi asdım.
Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim.
Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng işıqlara baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.
Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.
Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə - azacıq yorğun, azacıq da təəccüblü.
- Bəli.
- Salam.
- Salam. Kimdir?
- Mənəm. Gəlin tanış olaq.
Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.
- Axı tanışlıq üçün vaxt bir az gecdir.
- Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.
- Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?
- Yox. Bəs siz ərdəsiniz?
O güldü.
- Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?
- Bağışlayın, siz Allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.
- Bəs mənim nömrəmi hardan tapdınız?
- Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.
- Əcəbdir.
- Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.
- Olur, eybi yoxdur.
- Sizinlə görüşə bilərik?
- Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq.İndigecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub gedəcək. Görərsiz.
- Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.
- Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəniz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.
- Doğrudan?
- Doğrudan. Gecəniz xeyrə qalsın.
- Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.
Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var.
Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimizlə möhkəm toqquşduq. O həm də mənim elmi rəhbərim idi.
Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. Görürsən ki, biri düz danışmır. Deynən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də...
- Ona görə də, - dedim, - sənin bu siyasətçiliyin lap məni boğaza yığıb.
- Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə...
Firuzun arvadı: - Bilirsən, - deyirdi, - heç birimiz onu öyrətməmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.
O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı. Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.
- Doğrudan, - dedi, - qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz - böyüklər də onların düzəltdiyi sözlərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..
Nə qədər eləyirdim, telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci - yadıma sala bilmirdim ki bilmirdim.
- Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?
- Hansı axşam? Nə rəqəm?
İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana - qapıdan çıxanda Səmayə dedi:
- Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun nömrəsidir.
- Allo. Salam. Mənəm.
- Salam. Kimdir?
- Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.
- Onda səsiniz başqa idi, - dedi və istehzayla əlavə etdi, - ya bəlkə bu səfər danışan başqa adamdır, keçən səfər evlənənin indi də başqa dostu təklikdən şikayət edir? Məşğulətçin telefon macəralarına qurşanmısız.
O, sərt və kəskin danışmağı bacarırdı.
- And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?
- Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, - o, arxayınlıqla güldü. - Deməli, bu gün ayıqsınız.
- Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.
- Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.
- Siz həmişə belə gec yatırsınız?
- Hə, gecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.
Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.
- Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir bu keçə vaxtı piano çalan?
- Aa, - o güldü. - Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu qammalar məni lap cana yetirib. Radiom işləyəndə heç olmasa eşitmirəm onun çalmasını.
- Radioyla nəyə qulaq asırsınız ki?
- Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var - elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını görürdüm - burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərini də eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün dünya mənim otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar, təyyarələr...
- Təyyarələr niyə?
- Qulaq asın, - dedi. Başa düşdüm ki, susub dinləyir. Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?
- Radioyla təyyarələr qohumdurlar, eləmi? - deyə qəfilcəyə soruşdu.
-Hardan qohumdurlar ki?
- Səmadan, - dedi və yenə susdu. İndi dəstəkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.
- Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.
Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə, mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım. İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən. Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.
Birdən özümə gəldim. Tələsik onunla xudafizləşib dəstəyi asdım.
Evimə tərəf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar? Mən onun haqqında nə bilirdim? Heç nə. Bircə onu bilirdim ki, gecələr o, radio dinləməyi sevir, qonşusu isə pianoda qamma çalır.
Bu hekayənin iştirakçılarından biri - telefondur. Mən telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin otağında - masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O, hər zəngdən, hər hərəkətdən diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina-telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb...
Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi - sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən.
Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər.
Zəng elə, ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar - cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı.
Bilsəniz evimdə telefon olmamasına nə qədər hayıfsılanırdım? Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.
Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı.
Bu söhbətlərə alışmışdım - onun bir az yorğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.
Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmirdim.
Bir dəfə soruşdum:
- Neçə yaşındasınız?
- Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, - dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyətindən.
Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm.
Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, başqa idi.
- Axı biz haçan görüşəcəyik?
- Neylirsiz görüşməyi? - dedi. - Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə, yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın. O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?
- Yox. Ərizə vermişəm, gedirəm ordan.
- Hara?
- Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?
O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.
Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin - Rasimlə Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzəltmişdilər.
Mən hamıdan gec gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.
Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il tarixi il olacaq - Seymur evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi.
O, axşamdan içmişdi, lap dəm idi və qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. Özü də ancaq mənə deyirdi.
- İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm, ürəyində mənə gülürsən, bəlkə də nifrət edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan - o par-par parıldayan təzə mebelini göstərdi, - ya da Səmayənin şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. Amma... - o, pauza verdi, - amma gərək adamın ağlı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var, gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən.
- Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.
O, əlini yellədi: - Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?
- Qəzetdə, - dedim. - Dünəndən əmrim verilib.
- Özün bilən yaxşıdır, amma məndən soruşsan, nahaq getdin.
O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnılarından biri idi. Birdən mənim yadıma qammalar, sonra isə radio düşdü.
- Tost demək istəyirəm, - dedim.
Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.
- Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçilər, yol baxıcıları.
- Kim, kim? - deyə ordan-burdan səsləndilər.
- Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.
Rasim: - Dinməyin, deyəsən aşnamız dəmdir, - dedi, hamı bərkdən gülüşdü.
Firuz tez mənə baxdı və ayağa durdu: - Dayanın, dayanın, - dedi. - Deyəsən xətrinə dəydi. Xahiş edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının sağlığına, eləmi, Seymur?
Hamı qədəhləri qaldırdı.
- Yox, - dedim, - mən yol baxıcılarının sağlığına demək istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən inciməyin.
- Pah atonnan. Yaxşı, de gəlsin..., -yerbəyerdən səsləndilər.
- Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir...
Mən bir qurtuma qədəhi başıma çəkdim.
Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədilər. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.
Mən dəhlizə çıxdım, nömrəni yığdım və dinləməyə başladım. Dəstək susurdu. "Bu da sənin yol baxıcın - deyə düşündüm. - Nahaq sən onun dərdini çəkirsən. O da yəqin hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?"
Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı vaxtla yeni il idi, bilmirəm, bəlkə Qrinviç vaxtıyla.
Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.
- Sizi Atlantik yeni iliylə təbrik edirəm, - dedim.
Yəqin ki, nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.
- Sizsiz? İndicə girmişəm qapıdan.
- Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.
- Rəfiqəmgildəydim.
- Dəxli yoxdur, - dedim, -yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm.
- Belə de. - O güldü. - Əcəb şad xəbərdir. Yeni il pis başlamır.
- Siz mənim əzizim, gözümün işığısınız, bilmirəm hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm.
- Daha doğrusu, mənim telefonumsuz, - dedi. - Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.
İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi - həyatın xromotik qamması - ağ və qara pərdələrin - gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ardıcıllığı...
- Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu, məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.
- Birtərəfli əlaqədir, - dedi, - o, mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.
- Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin, bu saatca gəlim ora.
- Xahiş edirəm sizdən,- dedi və səsində ağrı duydum. Davam etdi: -Xahiş edirəm, bu sevinci məndən almayın. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamım kəsiləcək, - susdu, sonra əlavə etdi, - amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.
Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı - işçilərin familiyaları və telefon nemrələri. Mən gözucu bu siyahıya nəzər saldım və birdən diksindim - elə bil tanımadığım adamlar içində tanış bir sifət görmüşdüm.
- Vəlizadə kimdir? - deyə xəbər aldım.
- Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki?
Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri - tuk-tuk-tuk, - pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.
Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən - mənəm.
Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və telefon susurdu. "Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun".
Gecə ona zəng vurdum.
- Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.
- Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı, onlarda işləyirdim.
Gülüşümü güclə boğaraq: - Nə işdi ki? - deyə soruşdum.
- Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.
- Təzə müdir?
- Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib.
- Yox əşi, - mən yenə də gülməkdən özümü güclə saxlayırdım, - hə, necədir təzə şöbə müdiriniz?
- Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda...
Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma gəlməmişdi.
- Niyə xoşunuza gəlməyib ki?
- Əşi, heç. Birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də yaxşı adamdır. Hər halda, özünü belə tox tutur. Hündür, göyçək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.
İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı onsuz da bilirdim.
- Bəs sizin işiniz nə oldu? - deyə soruşdu. - Təzə işə düzəldiniz?
Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı və belə cavab verdim:
- Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.
Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, xüsusi bir şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik idi bu. Bütün bunlar dünən idi. Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun mənə yad olan zahiri görünüşüylə bu qədər yaxın, dogma, məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.
Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox maraqlanırdım, görüm o bu dəyişikliyi duyurmu?
Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.
- Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki...
- İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.
- Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. Bu gün baxdım - "görəsən haçan baxıb ki, mən sezməmişəm", - deyə düşündüm. - Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.
- Qısqanıram sizi ha, - dedim.
Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi.
Artıq mən heç bir şey edə bilməzdim. Hadisələr mənim nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın məktub kimi. Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz psixologiyası.
İşdə mən tamam başqa adam idim. Xeyirxah, amma arada pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı, üzümün hər ifadəsini təhlil edirdi.
Çox vaxt söhbəti mən özüm salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz açmağıma heç ehtiyac qalmır. O özü həvəslə Rüstəmlə uzun-uzadı telefon söhbətləri zamanı Seymur müəllimdən danışırdı. Amma Seymurla heç vaxt Rüstəm barəsində danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç kəsin təsəvvürü yox idi.
Mən bilmirdim sevinim buna, ya kədərlənim. Bəzən mənə elə gəlirdi ki, onun bu barədə heç kəslə danışmamasına səbəb tam bir laqeydliyi, biganəliyidir. Bəzən də əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq istəmir. Qəribə şey idi - elə bil duyğularım qatmaqarışıq düşmüşdü.
Təsəvvür edin, Seymur kimi mən onu telefon həyatına qısqanırdım. Gecə telefon söhbətlərində isə məni - Rüstəmi onun Seymur haqqında uzun-uzadı söhbətləri əsəbiləşdirirdi.
Bir dəfə ona: - Gəlin, - dedim, - bir-birimizə "sən" deyək. Axı çoxdan tanışıq.
- Yaxşı, gəl, - deyə telefondan cavab eşitdim.
- Sağ ol, gecən xeyrə qalsın, - dedim və uşaq kimi sevindim ki, indi Mədinə mənimlə "sən" deyə, onunla isə "siz” deyə danışır.
Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün ikinci "Məni" haqqında özgə bir şəxs kimi düşünürəm.
- Mənə elə gəlir ki, sən bir balaca ondan kəsirsən?
- Nə bilirsən? - deyə işvəylə cavab verdi, - bəlkə o məndən bir balaca kəsir?
Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim. İşdə isə o gün həvəslə mırt vururduq. İdarənin köhnə işçilərindən biri mənə yanaşdı:
- Əbəs yerə özünü yorma, - dedi və gülümsündü,- hələ heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib.
Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim dedi:
- Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.
Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.
O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, Mədinə makinada nə isə yazır. Onun uzun, nazik barmaqları vardı və o, makinada yazanda adama elə gəlirdi ki, pianoda çalır.
Gecə ona zəng elədim.
- Salam.
- Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün niyə dəstəyi çırpdın? Sənin açığına bu gün Seymur məni evə ötürdü.
- Necə? - deyə mən təəccüblə soruşdum və təəccübümün səmimiyyətinə inana bilərsiniz.
- Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki mərifətli adamdır.
"Daha doğrusu, mərifətsiz, gicin biridir" - deyə düşündüm. Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə gəlmədi ki, ötürüm".
Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, onu ötürmək istəsəm, “yox” deməz, hətta bəlkə ona xoş gələr. Bəlkə də acıqla deyirdi, telefonu çırpdığım üçün məni - Rüstəmi hirsləndirmak üçün deyirdi.
Deməli, o mənə - telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi?
Gümanlar, fərziyyələr içində çaşıb qalmışdım. Amma bircə şeyi dəqiq dərk etmişdim və odur ki, gələn səfər o, işdən gec çıxanda nə etmək lazım olduğunu bilirdim.
Biz gediş-gəlişi azalmış, adamları seyrəlmiş küçələrlə keçirdik və mən ondan soruşdum:
- Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?
- Evdə otururam, - dedi.
- Elə tək-tənha oturursunuz evdə?
- Bəli, nədir ki? Oxuyuram, radioya qulaq asıram.
Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona minnətdar idim.
- Bu da mənim pəncərəm, - deyə üçüncü mərtəbəni göstərdi.
- Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.
- Yox, - dedi.
Amma mən geri çəkilmək istəmirdim,
- Bəlkə məni evinizə dəvət edəsiz?
- Məmnuniyyətlə. Amma indi gecdir, - o, saatına baxdı və mən hiss elədim ki, əsəbiləşir.
- Gecdir? Siz belə tezdən yatırsınız?
- Yox, amma... - o, narahat idi, söz tapa bilmirdi.
- Yaxşı, indi ki mənə bir stəkan çay vermək istəmirsiniz, gəlin bir az da gəzişək, hava alaq.
O dinmədi. Biz bir neçə dəfə onların evlərinin başına hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili, radionu, yumşaq kürsünü görmək istəyirdim.
Bəlkə də o gün məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim. Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik mənə uzatdı.
- Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz xeyrə qalsın.
Gülümsündü, cəld çevrilib qaçdı.
Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu. Mənim zəngimə.
Bir neçə gündən sonra bizim məsul katib istehsalat müşavirəsində axmaq bir çıxış elədi. Mən söz aldım və onu birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.
Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla ona görə ki, tamamilə haqlı deyildim, ikincisi, ona görə ki, Firuzun məsləhətlərini xatırladım, üçüncüsü də ona görə ki, bu işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə, məsul katibin otağına getdim, üzrxahlıq elədim.
Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq.
- Bilirsən, Rüstəm, - onun səsində bir canlanma, həvəs vardı, - bizim Seymur bilirsən necə mərd adamdır? Bu gün mən olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi onun bir sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın içində kişini biabır eləyəsən.
- Bilirəm, - dedim, - bu tipdə adamları mən yaxşı tanıyıram. İclaslarda alovlu nitqlər deyirlər, adamların içində basıb-kəsirlər, amma sonra təklikdə gedib üzr istəyirlər. Yəqin sənin Seymurun da iclasdan çıxıb, gedib o kişinin yanına, şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa.
O, kədərli səslə: - Axı belə niyə danışırsan? - dedi. - Niyə sən onu sevmirsən?
- Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.
- Çox gözəl. Hamımız bir-birimizi sevək də.
- Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən.
- Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm.
- Niyə də getməyəsən?
O güldü. Görünür bu fikir ona xoş idi.
- Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan.
- Axı biz səninlə danışmışdıq.
- Sən mənim haqqımda ona bir şey demisən?
- Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, - o bir an susdu, söz axtardı, - müqəddəs bir şeydir.
Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı pilotlar haqqında idi və Mədinə qəhərlənmişdi. Bəlkə buna görə onda qəlbini boşaltmaq ehtiyacı vardı və biz bulvarla evə qayıdarkən o mənə həlak olmuş ərindən danışırdı.
Deyirdi ki, bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot idi, mən adicə sərnişin. Sonra mən stüardessa işləməyə başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan - Moskvaya, Moskvadan - Bakıya uçurduq və təyyarədə xəlvət guşə tapıb öpüşürdük. Sonra boynuma uşaq düşdü, məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.
Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı məsafə.
Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.
Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, o bu səsi hamıdan qabaq eşidir. Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:
- Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram.
Sonra Mədinə mənə danışdı ki, bəzən axşamlar aerodroma gedir, elə-belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə tamaşa edir.
Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu yadigarı da qalmadı.
Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını sildim, sonra dəli kimi onu öpməyə başladım.
O: - Yox, yox, yox, lazım deyil, - deyirdi və mən hiss edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.
Mən onu ötürdüm və dərhal zəng elədim.
Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün romantiklərə - havada, yerdə, dənizdə həlak olmuş bütün biçarələrə yazığım gəldi.
- Bilirsən, - dedim. - İndi işdə də onunla "sən" deyə danışırdıq, - dünən biz ayrılan kimi sənə zəng elədim, telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın belə?
Mən heç gözləməzdim. Onun rənginin qaçdığını, sifətinin gərginləşdiyini duydum. Amma tez özünü ələ aldı və dedi:
- Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım...
- Dünən səni yuxumda görmüşəm.
- Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda neçə görmək olar?
- Səsini görmüşdüm yuxuda. Bir də "Nerinqa" radionu.
- "Nerinqa"nı yenə təsəvvür edə bilərəm, amma səsimi necə görmüsən, heç ağlıma sığışdıra bilmirəm. Səncə, mən necəyəm? Heç məni təsəvvür edə bilirsənmi?
- Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı - mən onun əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.
- Afərin sənə, - dedi. - Lap düz təsəvvür edirsən. İndi mən hər gecə sənin yuxuna girəcəyəm.
- Yəqin sən tək mənim yuxuma girmirsən...
- Yenə başladın?
- Yox, bilirsən, deyirlər, Məhin Banu hər gecə yüz kişinin yuxusuna girirmiş. Sənin tirajın neçədir?
- Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən mənim gözümün işığısan.
- Hədsiz dərəcədə minnətdaram.
- Bura bax, gözümün işığı, bir məsələni səninlə məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən çıxma, hay-küy salma, telefonu da atma.
Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü təəccüblənirdim ki, niyə bu barədə danışmır.
- Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.
- Yaxşı, ürəyimi çəkmə.
- Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki, ona ərə gedim. Ürəyin getmədi ki?
- Yox, - dedim. - Nə cavab verdin ona?
- Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək istəyirəm. Axı sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz adamımsan.
"Qadın psixologiyası qəribədir. Başqasına aşiq olan kimi sən ən yaxşı dost, ən yaxın adam olursan".
- Lazım deyil - dedim və ən qəribəsi bu idi ki, mən səmimi deyirdim - heç kəsə getmə. Ya da mənə gəl. Mən səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı.
O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü.
- Ağıllı oğlan ol. Axı sən hələ lap balaca uşaqsan.
- Mən? Nə bilirsən, sən ki, məni görməmisən.
- Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən, xasiyyətindən, mənlə əlaqəndən. Yalvarıram sənə, həmişə belə qal, böyüməyə tələsmə.
- Nə bilirsən, bəlkə mən sənin Seymurundan böyüyəm?
- Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmır.
Bu lap məzhəkəyə oxşayırdı, amma mənim gülməyə həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar duyurdum.
- Lazım deyil, Mədinə, - deyirdim. - Bəs mən nə edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum.
- Fikirləşib bir şey taparıq. Telefon əlaqəsi xəyanət deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən özüm sənə zəng eləyəcəm.
Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün olmayacaq.
- Məni başa düş, - deyirdi, səsi ciddi və kədərli idi, - bax, siz kişilər hərdən təklikdən, tənhalıqdan şikayətlənirsiz. Mənim lap gülməyim tutur, çünki siz əsil təkliyin nə demək olduğunu heç vaxt başa düşə bilməzsiniz. Elə təklik ki, onu yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə gəlir... nə isə, qəmli şeylərdən danışmayaq. Sən nə desən, onu edəcəm. İstəyirsən “yox” deyim.
Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç bir vaxt bizim heç birimiz - nə mən - Rüstəm, nə də mən - Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik.
O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi. Mən dəhlizi və mərtəbəni bilirdim, amma mənzil qapısını tanımırdım. Qaranlıqda başqa qapını döydüm. Açan olmadı.
Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış "Açar qonşudadır" sözlərini oxudum. Not kağızını görən kimi qammalar yadıma düşdü və bildim ki, qapını çaşdırmışam. Çönüb qarşıdakı qapını döydüm.
"Nerinqa" radiosu, yumşaq kürsü, torşer - hər şey eynilə mən təsəvvür elədiyim kimiydi.
- Bu saat, Seymur, sənə əntiqə musiqi tutacam, - dedi. - Sən qulaq as, mən də çay qoyum.
Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır.
Divar dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdən o mənim əllərimin arasından çıxdı və nəyəsə qulaq asmağa başladı.
Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən sonra mən də bu uğultunu - təyyarə uğultusunu eşidəcəyəm. Amma heç bir təyyarə - filan yox idi. Birdən başa düşdüm ki, Mədinə nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu vaxtlar o zəng edərdi.
O - yəni mən.
Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng eləməyəcək, amma bir an mən də şübhələndim, mən də gözlədim və mən də möcüzə arzuladım - istədim, telefon səslənsin.
Telefon susmuşdu.
(1967)
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)