
Super User
GÜLÜŞ KLUBUnda Prins Harri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Məşhur deputatımız eşidir ki, Prins Harri ingilis tacından imtina edib, buna görə də o, yaşamaq üçün illik cəmi 5 milyon funt sterlinq vəsait alacaq.
Dərhal söyləyir: - Onda mən də ingilis tacından imtina edirəm.
2.
Erməni radiosuna sual edirlər:
-Rusiya hökuməti korrupsiya ilə necə qurtara apara bilər?
-Yalnız suisidlə.
3.
Bu gün hər bir özgə pəncərənin arxasında bir Windows gizlənir.
4.
Müğənni Rəqsanə üzünə tuşlanan fotokameranı kənara itələyib deyir:
-Məni çəkməyin, mən fotogigiyenik deyiləm.
5.
Zarafat-zarafat, taksilərin qiymətini düz 100 faiz qaldırdılar. Rəng söhbətini, il söhbətini ortaya soxub başları qatdılar. Bir də ayılıb gördük ki, Qış bağından Nizami kinoteatrına taksi 5 manata aparır.
Bu son ildə bircə dəfə qalxan yox, düşən qiymət görmüşük. İnişil soğan 25 qəpiyə düşmüşdü.
Madam ki, ucuzdur vətəndə soğan,
Tərif deməlidir hər qız, hər oğlan.
Madam ki, taksinin qalxıb qiyməti,
Burda bağlayaq biz gəl bu söhbəti.
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
“Dost adam” - Əlisəfa Azayevin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əlisəfa Azayevin hekayəsini təqdim edirik.
Xudat Kəlbiyev Rusiyadan təqaüdə çıxıb gələndə hələ əlli yaşı tamam deyildi. Mayor bilmirdi ki, bekarçılıqdan nə etsin. Nə qədər yeyib-yatmaq, gəzinmək olardı. Tanışlar hesabına Vəkillər Kollegiyasına yol tapdı.
Ancaq əvvəl çox çətinlikləri oldu ha. Hərdən özünü sanki lap çıxılmaz meşədə, qarışıq, gizli cəngəlliklər aləmində hiss edir, qəlbən sıxılırdı. Bəzən yanına gələn, ondan, işindən narazı olan müştərilərinin incik, xoşagəlməz söz-söhbətlərini eşidirdi:
- Bu ki, lap keyin biridi, ə...
- Savadsızdı...
- Necə vəkil olub, ey?
- Adamı var da...
- Bundansa elə özüm öz hüquqlarımı müdafiə edərəm.
- Deyirsən də.
- Görmürsən, yazdıqlarını da oxumaq olmur.
- Polisdə işləyib də.
- Polisdə işləyənlərin hamısı belə savadsızdır?
- İşlərində var da.. Elə bunun kimi.
Həqiqətən də, cüssəli, iri şaqqalı bir adam olsa da, bir az kal, yöndəmsiz, işinin adını bilməyən bir hüquqşünas təsiri bağışlayırdı. Özü demişkən, o, Polis Akademiyasını qurtarmışdı axı. Orada da bu kimi ixtisaslar versələr də, formal işlər idi də.
Onun çətinlik çəkdiyi, xüsusilə mülki hüquq idi. Bu sahədə az-çox səriştəsi olanların lap zəhləsini tökmüşdü. Bir bəhanə ilə gündə onalara baş çəkər, soruşardı:
- Tı znayiş, çto takoy...
Belə suallar isə qurtarmaq bilməzdi. Özü də daha çox əmlak məsələlərinə aid olardı. Məhkəmədə isə son vaxtlar daha çox elə belə mübahisələrə baxılar, Xudatı çox pis vəziyyətdə qoyardılar. Bəzən onun işdən, həyatdan narazı səsi eşidilərdi:
- Umirayu... Daha işlədiyim bəsdir. Bu gün hökmən ova getməliyəm.
Müştəriləri gülümsəyər, qımışardılar:
- Bəxtəvər başına... Mağıl heç olmasa vaxtını öldürməyə məşğuliyyət tapırsan.
- Hə...
- Bizi tərəfdə yaxşı dovşan var. Oynaqlaşırlar ha...
- Donuz necə?
- Onlardan da görmüşəm. İçlərində də iri bir qaban vardı,
- Bir beləsi mənə rast gəlmir də...
O gün Xudatın bəxti onda gətirmədi də. Tərs kimi bir balaca yeyib-içmiş, kefli idi. İri bir dovşanı nişan almaq istəyirdi ki, ayağının altındakı daş qaçdı, sürüşdü, yerə yıxılıb, yamac boyu top kimi dığırlandı. Lap körpə uşaq kimi sızladı, ufuldadı:
- Ax... çort... işə bax da...
Tanımadığı bir çoban ona yaxınlaşdı:
- Yavaş da... Ölmüşdün... Səndə baş var?..
Ona çəpəçi baxaraq soruşdu:
- Nu xvatit! Sən kimsən?!
- Mən... pastux!
- Oçen xoroşo...
- Dovşan vuran deyildin, qoyunları hürkütdün.
- Ölməzlər...
Çoban onun sözünə başını bulaya-bulaya gedəndə gileyləndi:
- Ova gəlib... Özü də dəm... Bu zəhrimarı bir az az içərəm də..
- ...
- Yaxşı ki, gülləni mən tərəfə tuşlamadı.
- ...
- Bədbəxt adamdı da.
Arxadan Xudatın gileyli səsini eşitdi:
- Ey dost adam, mən vəkiləm... Advokat... Tanıdınmı məni?!.
Həmişə yeni tanışlarına beləcə müraciət edərdi.
- Heç tanımaq da istəmirəm.
- Tupoy! Cındır! Sənin kimlər nə bilir hüquq vəkilləri nə deməkdir? İşin düşəndə deyərəm sənə!.. İlan dili çıxararsan!..
Bu vaxt zəng gəldi. O telefonu cibindən çıxarınca xeyli vaxt keçdi, sonra da çaşıb, açmaq əvəzinə söndürdü... Zəng ikinci dəfə gələndə soyuq səs eşidildi:
- Ay əbləh, bu telefonu aç da!
Vəkil ona bozardı:
- Ey, əclaf kimdi?!
- Elə sən, telefonu niyə açmırsan?!
Vəkil bu adamın qatı bir qatil olduğunu bildiyi üçün sakitləşdi, gülümsədi:
- Yaxşı, ağ eləmə, sözünü de... Çaşdım, telefon söndü...
Həmin adam tanışlıq verdi:
- Bilirsən də, mənəm... Vor zakon Valik...
Onun adı Vəli olsa da, belə çağırırdılar.
- Alə, tanıdım, xalası göyçək.
- Xalamla işin yoxdur!
- Anladım...
- Mənim vəkilim olacaqsan...
Mayor onun meşədə şikəst, kimsəsiz bir qızı zorladığını eşitmişdi. Ancaq Valikin dirənməsini görüb dedi:
- Yaxşı... Mən razı.
- Sənədləşdir... Pulunu da köçür. Görüşəndə haqqını verəcəyəm.
Vəkil and-aman elədi:
- Belə yox axı, dost adam...
- Ə, mən indi səninlə necə görüşüm? Həbsdəyəm axı...
- Hə, doğrudan...
- ...
- Sən de, əmanəti gətirsinlər, dost adam.
- Pul öldürməsin səni, verəcəklər də!
Borc belədi də... Vəkil bir neçə dəfə prosesdə, prokurorun yanında, müstəntiqin otağında Valiklə görüşsə, onu dindirsə, sorğu-sual etsə də, pul barədə bir söz demirdi. İşarə vuranda da, alnını turşudur, onu acılayır, deyirdi:
- Sən nə iş görmüsən ey?! Hələ bir təmənna güdür, pul istəyirsən?.. Tələsmə, verəcəyik də...
- ...
- Birdə ki, bu nə vəkillikdi?! Sən məni necə müdafiə edirsən?!. Edəcəksən?!.
Xudat incik halda dilləndi:
- Dost adam, bəyəm bu elə dəmir yol xəttidir ki, elə düz getsin?! Əyri-üyrüləri, dolanbac yolları var da...
- Məsələn...
- Zəif nöqtə axtarıram sənin işində...
- Baho!
- Ziddiyyətli fikirlər də ola bilər...
- Hə?!
- Bəli, dost adam, işdə səhv də ola bilər.
Valik xəstə adam kimi ona qabardı, çığırdı, bağırdı:
- Sən nə çərənləyirsən?! Mən qadınam ki, zərif, zəif... Axtarırsan?!
- Yox ey, məni başa düş, dost adam. Yəni incə yeri də...
- Yenə danışdı, dedi də! Məni cin atına mindirmə ha!
- İşdə ziddiyyətli fikir ola bilməz məgər?!
- Çərlətmə məni, daha qurtar.
- Səhv hər işdə ola bilər!
Qanuni oğru xəstə adam kimi inlədi, isterikcəsinə donquldandı:
- Ay əclaf, sən bunları neyləyirsən?. Mənə alibi şəraiti yarat.. Sübut elə ki, mən heç o gün meşədə olmamışam.
Məhkəmə günü isə hər şey lap gərginlik dərəcəsinə çatdı. Axı bir tərəfdən də hələ də vəkilin pulunu verməmişdilər. Yenə də cibinə bir şey qoysaydılar, "özünü" ələ alar, səbirli olardı. Pul xəstələrindən biri idi də... Onun üçün peşə marağı çox az idi. Daha çox elə dolanacaq, yeyib-içmək üçün çalışır, maddi vəsait əldə etməyə çalışırdı.
Belə olanda işləmək çox çətin olur. Yaxşı deyirlər ki, işindən zövq alan insanın həmişə üzü gülər, ürəyi şad olar. Vəkilin isə üz-gözündən lap zəhər tökülürdü. Çox vaxt həmişə belə olardı.
Düzdür, bu keyfiyyətlər daha çox onda elə polislikdən qalma idi. Ancaq xidməti müddətində həmişə belə olmamışdı axı. Əməliyyatçı kimi üz ağartdığı vaxtlar da olmuşdu. Neçə qulduru, cinayətkarı həbs eləmişdi. Birinə isə yazığı gəlib, himayədarlıq etmiş, o da sonradan bu oğurluq cinayətindən xəcalət çəkmiş, intihar etmişdi. Mayor yaxşı xatırlayır o xanımı - Yelenanı... Bir yastığa baş qoyanda necə də məzələnərdilər. Poçtda işləyirdi. Oradan xeyli pul çırpışdırmışdı. O isə ilk gündən bu sarışın xanıma vuruldu. Elə düzüb-qoşdu ki, bu oğurluqda, guya ki, onun təqsiri yoxdur. Otağa bir başqası girmişdi. Bəli, onda həmin xanım üçün əsl mənada alibi şəraiti yaratmışdı.
Bir də itkin məktəbli qızı tapması. Onda da ağır işdən sonra həvəslənib ova getmişdi. Son vaxtlar möhkəm içkilərdən - spirtdən, araqdan imtina edib, çaxıra, konyaka yamanca aludə olmuşdu. İndi də yanında bir şüşə yaxşı şirin çaxır vardı. Dovşandan, meşə xoruzlarından birini vurandan sonra kabab çəkmək fikrində idi. Bəxtinə dovşan düşdü. Elə yenicə dovşanı soyub, ətini doğramış, meşə ağaclarından düzəltdiyi şişə kabab tikələrini çəkirdi ki, inilti səsi eşitdi. Ətrafına nə qədər diqqətlə baxsa da gözünə bir şey dəymədi. Tərs kimi bu xoş payız günündə hava da bir qədər soyuq idi, qar yağırdı... Birdən altında əyləşdiyi gur budaqlı küknar ağacından bir qoza yerə düşdü. Yuxarı baxanda yerində donub qaldı. Ağacların budaqları arasında bir qaraltı görünürdü. Elə bildi ki, ayıdır. Tərs kimi şirin çaxırdan bir qədər içmiş, başı dumanlı idi... Yox, bu heç də ayıya oxşamırdı. Zəif, inilti səsi eşitdi:
- Dya...dı...ya...
- ...
- Mən itmiş qızam...
- ...
- Göbələk yığmağa gəlmişdim...
İlahi, bu qəsəbə sakinlərinin neçə gün bundan əvvəl axtardıqları altıncı sinif şagirdi Veroçka idi. Səsləndi:
- Doçka, qorxma, düş aşağı.
- Düşə bilmirəm axı...
Cəld onu oradan düşürəsi oldu. Qız neçə gün ac-susuz qaldığı üçün zəifləmiş, üzgün bir vəziyyətdə idi. Dərhal ona şirin çaxırdan verəsi oldu. Etik qaydalara zidd olsa da. Sonra kababdan qarşısına qoydu.
- Xleb... Çörəyiniz yoxdur?
- Var, bu dəqiqə...
- Məni axtarırdılar?..
- Bəli...
Qəsəbədən xeyli uzaqda idilər. Həmin gecə tonqal başında, demək olar ki, meşədə gecəliyəsi oldular. Hərdən qız söz-söhbəti ilə onu qorxudur, diksdindirirdi:
- Dyadya, smotri... O parlayan gözlər nədir?..
- İşıldaquşdur.
- Yox, canavardır...
- Çaqqal da ola bilər...
- Ujas!..
- Bəlkə də, tülküdür...
Səhər tezdən qəsəbəyə tərəf gedəndə qızı arxasına almışdı. Hərdən onun yıxılmasından ehtiyat edir, deyirdi:
- Boynumdan yapış...
Qız onu öpür, oxşayır, nazlanırdı... Onu tərifləyir, öyürdü:
- Tı xoroşiy dyadya.
Qəsəbədə ilk dəfə keşişlə qarşılaşdı. Qızın valideynlərini tanımırdı axı. Onu düzbir kilsəyə gətirmişdi. Yol üstündə, qəsəbənin mərkəzində olduğu üçün bir andaca simsiz teleqraf öz işini gördü. Valideynləri də gəldi.. Bilmirdilər ki, ona necə təşəkkür etsinlər. Anası onu qucaqlayıb üzündən öpdü: "Sən mənim qızımın xilaskarısan!".
Bu isti münasibət sonralar da davam etdi. Qadın iş yerinə gedib-gəlirdi. Bir gün də təsadüfən çimərlikdə rastlaşdılar. Özünü günə verirdi. Ondan əl çəkmədi. Birlikdə çaya baş vuranda soruşdu: "Sən mənə düzünü de, qızıma toxunmamışdın ki? Onun sözlərinə əsəbiləşmiş halda başını buladı: "Sən nə danışırsan?! Mən polisəm, məktəbli qıza təcavüz edəcəkdimmi?". "Şeytan insanı yoldan çıxaranda, çıxarır da, - dedi. - Sənin mükafatını mən verəcəyəm..."
Beləcə, o gün suyun içindəcə öz borcundan çıxsa da, ərinin soyuqqanlılığını görüb, ondan uzaqlaşdı. Ərli qadın idi də... Ailə münaqişəsinə yol vermək istəmədi. Ancaq qızı bu xeyirxahlığı unutmur, ona xoş, şirin sözlü məktublar yazar, görüş vəd edərdi.
...Məhkəmə günü həyətdə xeyli adam, xüsusi, yaddaqalan bir qələbəlik, canlanma vardı. Bəlkə də, oğru dünyasının bütün adamları burada idi. Məhkəmənin gedişində yenə də Valik sarsaqladı, lap ağ elədi. Onu söydü, təhqir elədi:
- Svolıç! Adını vəkil qoymusan da. Niyə dillənmirsən?! "Dost adam - dost adam..." Belə müraciətinlə zəhləmi tökmüşdün...
- Ədəbli ol!..
- Ədəbsiz sənsən!.. Niyə bir iş görə bilmirsən?! Kişinin oğlu polisdə işləyib, əməliyyatçı olub, mayordu!.. Cinayət aləminin cikini-bikini bilir!..
- ...
- Yox, hamısı yalandı! Sən adicə bəbəsən, yaramazsan...
İçəridəkilər onun bu sözlərinə gülməkdən uğunub gedəndə, hakim sakitliyi bərpa etmək üçün əlindəki taxta çəkicini altlığına çırparaq dilləndi:
- Sakit olun da! - Sonra müttəhimə üz tutdu, görürsən də! Elə sənin haqqında haqlı cəza seçiblər! Vəkilinə niyə bu sözləri deyib, onu təhqir edirsən?!
Müttəhim qımışdı:
- Ona görə ki, o məni aldatdı. Pul versəydim belə etməzdi!.. Puldu, verəcəm də!..
Adam ölümüdü, gözləyə bilməzdi?!
Prokuror pıkkıldadı:
- İşə bax ha... Razborka gedir ki... Bunlar ki, dost idilər.
Müttəhim hiddətləndi:
- Biz də uşaq deyilik də!.. Belə işlərdə baş ağartmışıq!.. Neçə il stajımız var!.. Bir alibi şəraiti yarada bilərdi də?! Mən həmin gün orada olmamışam axı...
- Bayaqdan onun beləcə yersiz söz-söhbətinə dözən vəkil, daha özünü saxlaya bilmədi:
- Alçaq, əbləh, vicdansız özünsən, əbəjdadındı! Qatilsən də! Nə çərənləyirsən?!
Hakim səsləndi:
- Sakit! Mən hələ sənə söz verməmişəm!
- Mən də danışmalıyam, ya yox?!
- Bəli, indi danış! Sən vəkilsən, müdafiəçisən, bir qədər hövsələli, səbirli ol!
Vəkil incik halda qeyzləndi:
- Bu yaramazın, qatilin dediklərini eşitmədiniz?! Elə bilir ki, buraya bir neçə dələduz yığılıb, dünya onundur... Cinayətkarsan da? alçaq, binamus! Şikəst qıza tamah salıb, onu korlamış, bədbəxt etmisən!
Prokuror bu sözləri eşitcək gülməkdən uğundu, başını buladı, hakim ona xəbərdarlıq etdi:
- Cənab vəkil, bu nə hərəkətdi?! Siz vəkilsiniz axı. Sizin bütün səyləriniz müdafiə etdiyiniz şəxsin hüquqlarını qorumağa yönəldilməlidir.
Vəkil ağlar bir səslə dilləndi:
- Bilirəm! Hakim, mən artıq cana doydum.
- Siz xəstəsiniz?!
- Yox, bu bişərəfin təhqirlərinə dözə bilmədim! Bir də ki... Halbuki mən Rusiyada meşədə azmış məktəbli qızı tapıb, xilas edib, evlərinə gətirsəm də, ona toxunmamışdım... Gecəni də birlikdə keçirmişdik...
Beləcə, vəkil andına xilaf çıxdığı üçün Xudat bu işdən uzaqlaşdırıldı. Yuxarılara bunu kim çatdırmışdı, qaranlıq idi. Prokuror, yoxsa hakim?! Polis rəisi də ondan narazı idi. Ondan incik düşmüş adamlar da vardı... Özü isə eşidəndə, tövrünü pozmadan dedi:
- Hə, lap yaxşı oldu. Onsuz da lap cana doymuşdum. Camaatın dərdini çəkmək elə mənə qalıb? Əsəblərim də pozulub... Kifayət qədər pensiya alıram da... Birtəhər dolanarıq...
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Səni qana- qana yazmaq olmur,
yaza- yaza qanmaq.
Sənə yetməyin bircə yolu var:
Yanmaq!!!
Yanmaq!!!
Yanmaq!!!
(İbrahim İlyaslı)
Əziz şairimiz, şeir yazarkən ruh halınızın necə olduğunu Sizdən soruşsaq, sözlə təsviri mümkün olarmı?
CAVAB
Mümkün deyil deyə düşünürəm. Çünki özünüzün də dediyiniz kimi o bir haldır. Halın təsviri olursa o ya bir rəsm əsərinə, ya bir bəstəyə, ya da bir şeirə yansımaqla öz ifadəsini tapa bilər. Elə sitat gətirdiyiniz şeir parçasında olduğu kimi – yanmaq… Yanğının görünən tərəfi alov, tüstü, köz, nəhayət kül olur… Özgə nə deyim?! Məsələn, yalqızlığın halı deyək;
Bu gecədə mən duyanı,
Bir bəndə-bəşər duymasın.
Bu qədər zülmü, yazıqdı,
Allah heç kəsə qıymasın.
Bu gecənin ortasında,
Məndən özgə oyaqmı var?!
Çıxmağa cığırmı qalıb,
Yeriməyə ayaqmı var?!
Yalqızam YERin üstündə,
GÖYün altında yalqızam.
AZƏRBAYCAN söylənilən
Öyün altında yalqızam.
Nə təkəm, nə də tənhayam
Dörd yanım millət, məmləkət.
Yalqızlıq yalquzaqlıqmış,
Ulaya bilmirəm fəqət.
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
Zəlzələ - MİNİATÜR HEKAYƏLƏR
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Türkiyədə zəlzələ olur. Onda baş konsul Bakıda idi. Özəl televiziyalardan birinin aparıcısı canlı yayımda ona zəng vurub, zəlzələ barədə məlumat istəyir. Baş konsul əvvəlcədən məlumat topladığından, bildiklərini söyləyir.
Ekranda onun şəklinin altından isə yazılır: "Baş konsulumuz İstanbuldan xəbər verir..."
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Xan baliğı qızartması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Xan baliğı qızartmasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR (nüsxə):
§ Balıq – 149 qr
§ Un – 10 qr
§ Kərə yağı – 5 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ nar – 10 qr, narşərab – 5 qr
HAZIRLANMASI:
Balıq təmizlənir, yuyulur, üstü çər- tilir və duz, istiot vurulur. Bir müddət saxlanılır. Daha sonra unlanır və əri- dilmiş yağda qızardılır. Yanında nar dənəsi, narşərab qoyularaq süfrəyə verilir.
QEYD: Yazdığımız bütün yeməklər ocaqda, təndirdə, kürədə də bişirilə bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
Sevgi, qayğı, diqqət - ÜÇ GÖZƏL KEYFİYYƏTLƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bütün ömrü boyu dövlət qulluğunda çalışıb. Həmişə də çalışıb ki, dövlətə, xalqa faydalı məmurlardan olsun. Bəli, bu gün Azərbaycan əhalisinin vicdanlı məmurlara daha çox ehtiyacı var. Bu gün sizə belə məmurlardan biri- ömrünün böyük hissəsini dövlət qulluğunda çalışan Ayiq Səmədovdan söhbət açmaq istəyirəm:
1964-cü ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta təhsilə həmin kəndin məktəbində yiyələnib. 1982-1984-cü illərdə hərbi xidmətini Riqa şəhərində keçirib. Rota, sonralar hərbi hissənin komsomol təşkilatının sədr müavini və çoxları üçün əlçatmaz olan Kommunist partiyası sıralarına qəbul olub, starşina rütbəsinə yiyələnib. Xidmətini başa vuranda ona Ruqa şəhərində qalıb milis orqanlarında işləmək təklif olunsa da, o, bu təklifi rədd edərək Azərbaycana qayıdıb…
1985-1991-ci illərdə indiki BDU-da ali təhsil alıb. 23 yaşında Masallı rayonunda idarəetmə orqanlarına irəli çəkilərək Masallı rayon sabiq Xalq Deputatları Soveti İcraiyyə Komitəsində təlimatçı işləyib. Daha sonra Masallı rayon İcra hakimiyyətinin humanitar məsələlər şöbəsində baş referent, baş məsləhətçi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb. 70 saylı Masallı şəhər seçki dairəsinin sədri olub. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşıdır...
Muğam, poeziya həvəskarıdır. Deyilənlərə görə, gözəl musiqi duyumu var. Özünün təbirincə desək, muğamlarımızdan az-çox anlayışı var. Muğamlarımızı, xalq mahnılarımızı, təsniflırimizi saatlarla dinləməkdən zövq alır, usanmır. Xanəndələrdən Yaqub Məmmədovu, Ağaxan Abdullayevi, Ruzə İbişovanı, Alim Qasımovu, Rübabə Muradova və Hacıbaba Hüseynovu dinləməkdən ləzzət alır. Tarzənlərdən Ağasəlim Abdullayev, Cəbrayıl Göyüşov, Vamiq Məmmədəliyev, kamança ifaçılarından Fəxrəddin Dadaşov, Fəridə Məlikovanın solo konsertlərini böyük zövqlə dinləyir…
Arabir puplisust yazılarla mediada çıxış edir. "Azərbaycanda multikulturalizm: Tarixilik və müasirlik" kitabının müəllifidir…
Mütaliə etməyi xoşlayır. Poeziya vurğunudur. Elə ki, gözəl bir şeirə rast gəldi əhvalı dəyişir, necə deyərlər, könlü açılır, dodaqlarına təbəssüm qonur…
25 ildir ki, dövlət qulluğunda çalışır, onun da 22 ilini əvvəlcə Masallı Rayon sabiq Xalq Deputatları Soveti İcraiyyə komitəsində, sonradan isə Masallı Rayon İcra hakimiyyətində işləyib. Rayon əhalisi arasında böyük hörmət qazanıb. Hamı onu gərəkli bir insan kimi tanıyır. Əlindən gələni heç vaxt əsirgəməyib…
Sabah - iyunun 29-da 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
Yubileyiniz mübarək, Ayiq müəllim!
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
Cəlil Cavanşirin insanlığa mirası - PESSİMİST RUHDA
“Ədəbiyyat və incəsənət” portalının “Sosial mediadan iqtibas” rubrikasında bu gün tanınmış şair Cəlil Cavnşir öz “Cəlil Cavanşirin insanlığa mirası” qeydləri ilədir. Pessimist ruhda olan bu qeydlər bir istedadlı Azərbaycan şairinin həyatına güzgü tutur.
Beləliklə:
Cəlil Cavanşirin insanlığa mirası:
1. Xırdalanda bir ev, dövlətdən kirayə.
2. Səmada bir parça bulud.
3. Meyvələrdən üç meyvə.
4. Bir neçə platonik sevgili.
5. Tək-tük müştərisi olan bir barın ayağı qırıq taburetkası.
6. Fitlə çala biləcəyim 4-5 mahnı, biri meyxanadır.
7. 3 metrəlik kəndir, paltar asmağa.
8. 5-6 yüz kitab, rəfləri doldurmağa.
9. Həftənin tək günləri.
10. Tükənmiş zaman.
11. İtmiş iman.
12. Sonsuz məkan.
13. Marsda xəyali villa.
14. Ayda 3 krater.
15. Boş viski şüşələri.
16. Bir külqabı dolusu siqaret kötüyü.
17. 20-25 söyüş. 2-si rusca, 1-i ingiliscə, 4-ü almanca olmaqla.
18. 5-6 ədəd market paketi.
19. 40 cüt geyilmiş corab.
20. Sevənlərin qəlbində qurulmuş taxt.
21. Limitsiz saç-saqqal, tük, pambıq, sintafon.
22. Müxtəlif parklarda yerləşən üç skamya.
23. Bir ədəd dabankeş, sarı rəngdə.
24. Böyrək daşı, kiçik ölçüdə.
25. Bir neçə dibçək, dibçəkdə çiçək.
26. Ağac kölgəsi, quş səsi, otlar üstə uçub qaçan kəpənək.
27. Ayaqda döyənək.
28. Sahibsiz küçə itləri, pişiklər və ağcaqanadlar.
29. Bir ədəd Xəzər dənizi.
30. Laçında Həkəri çayı.
31. Cıdır düzündə bir qaya parçası.
32. Dönər bıçağı, qayğanaq tavası, bir ton ədviyyat.
33. Zibil torbası, kompyuter masası, bir ədəd laptop.
34. Köhnə daraq, təzə qayçı, bir kilo alça çəyirdəyi.
35. Balaca balkon, böyük ürək, sağlam can, yarım şüşə tut arağı.
36. 20 manat nağd pul. Kredit kartları. Bank borcları.
37. Ata-anadan qalma yarısından çoxu yaşanmış həyat.
38. Omba sınığı. Qara ciyərdə piy. Balkonvari qarın.
39. Yazılmamış şeirlər, oxunmamış kitablar.
40. Parka mənzərəsi olan kafedə bir masa.
(Metin Üstündağ Can Yücəl haqqında belə bir şey yazmışdı. Dekonstruksiya elədim).
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
KƏLAMLAR - Yusif Nəğməkar növbəti hikmət bankomatını təqdim edir
“Ədəbiyyat və incəsənət” şair Yusif Nəğməkarın kəlamlarını diqqətinizə çatdırır.
*Zəhmətini çəkənin-şumunda haqq əkənin...
*Düzgün seçməsən hədəfi,
Tapa bilməzsən sədəfi...
*Hər yetənə söyləsən bəy "əfəndi",
Ariflər deyəcək:- Bu söz səhvəndi...
*Dostluğunda ol sərbəst,
Düşmənçilikdə sərməst...
*Qaranlıq gecədə necə Ay yatır,
Sükut içində də bir haray yatır...
*Saxtakarlıq-bəxtə karlıq...
*Çox demə ki, "səndən yoxdur",
Bir gün görərsən ki, yoxdur...
*Dəmşalaq cahilə versən də aman,
Cavab sormalısan ondan bir zaman...
*Ən qatı sislik yoxuşluq imiş,
Ən batı pislik yaxşılıq imiş...
*Hər qonağa qınaq gəlməz,
Hər qınağa qonaq gəlməz!..
*Qarğıyanda çığırar,
Ağrıyanda çağırar...
*Aldatmağa başlayar...
Aldanmağı xoşlayar...
*Susqun, dolu, xoşhaldın,
Bağırmaqla boşaldın...
*Peşmanlıq acısı hər nədən olur-
Ürək də onunla zər-zədən olur...
*Adamı dinləyə bilməyən adam
Yalan qoltuğunda qovrular müdam...
*Qəzəblə verilən qərardan həzər,
Olmayan vicdanı, o, sıxıb əzər!..
*Düzü gizlətməkçün, bir bax namərdə,
"Qardaş", "bacı" deyər özgə dillərdə...
*Biri sevib, dərdin zoruna düşər,
Biri öz hiyləsi toruna düşər...
*Nəylə oynasan da, az-maz, oyunçu...
Qürurla oynamaq olmaz, oyunçu...
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
Belarusda keçiriləcək “Avropanın Mərkəzi” XI Ədəbiyyat Forumunda Xuraman Muradova finalçı oldu
Belarusun məşhur Polotsk şəhərində şəhər günü münasibətilə hər il “Avropanın Mərkəzi” adlı ədəbiyyat forumu keçirilir. Bu il 1162-ci ildönümünü qeyd edən Polotskda forum 6-7 iyul günlərinə təsadüf edəcək.
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyat forumunun Münsiflər Heyətinin sədri Aleksandr Ratkeviçə istinadən xəbər verir ki, forumda Poeziya nominasiyasında türk dünyasını təmsil edən 3 şair final mərhələsinə yüksəliblər:
-Əli Çağla, (İran. Cənubi Azərbaycan);
-Altınbek İsmailov, (Qırğızıstan);
-Xuraman Muradova, (Azərbaycan).
Finalçılar (onların sayı 15-dir) Polotsk şəhərində iyulun 7-də 1-3 yerlər uğrunda mübarizə aparacaqlar. Eyni zamanda onlar şəhər günləri tədbirlərinə qatılacaq, bütün mərasimlərdə iştirak edəcəklər.
Mükafatçılara qiymətli hədiyyələr, digər finalçılara isə Fəxri Diplomlar təqdim ediləcək. Polotska yollanıb finalda iştirak edə bilməyənlərin isə diplomları ünvanlarına göndəriləcək.
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)
Səmimiyyətdən yoğrulan şeirlər - TƏRANƏ DƏMİR YAZIR
Bu dəfə bir az fərqli baxmaq istədim çox sevdiyim sözə. Həmişə ərkyana döydüyüm qapıya bir ayrı məqamla gəlmək istədim bu dəfə. Dostluğu, yoldaşlığı da qoydum bir kənara. Sözün işığı çağırdı məni. Axı külün altında qoru görənlərdənəm. Odu söndürüb külüylə oynayanları sevmirəm. Ürəyimin istisinə bütün dünya qızına bilər deyə elə bütün ürəklərin də günəş tərəfində dayanmaq istəmişəm həmişə. Sazaq mənlik deyil.
..Zaur Ustac ürək qızdırdığım, günün hansı vaxtında olur olsun, ərklə qapısını (simvolikdi) çaldığım dostlardandı. Baxmayaraq ki, dostluğumuzun yaşı elə də çox deyil, bununla belə aramızda min illik hörmətimiz və ehtiramımız var. Arxalandığım şair həmkarlarımdandı. Sözündən tanıyıram. Hər yazar özünü sözüylə ələ verir. Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.
Şairliyi də özünə bənzəyir. Hay -küysüz, utancaq..
Adam onun böyük səmimiyyətindən utanar. Göndərdiyimiz bütün materialları öz balası kimi əzizlər, qoruyar, muğayat olar. Hələ ürəkdolusu minnətdarlığı ilə adamı özünə borclu etməyi də var.
Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən demirəm. Zənnimcə onu tanıyan hər kəs mənim dediyimlə razılaşar. Bu ürəklə yaşamağa nə var ki..
Layk (bəyənmə) azarkeşi deyil. Öz hücrəsində, öz səssizliyindədi həmişə. Sakitliyində də özüdü. Kiməsə bənzəməyi də sevməz. Qəribə nizam -intizamı var. Verdiyi sözü həmişə tutar. Bəlkə bu onun vaxtilə ordu sıralarımızdakı xidmətindən irəli gəlir. Axı uzun illər Zaur Ustac vətənə sədaqətlə xidmət edib. Bəlkə sözə bu qədər sadiqliyi də burdan başlayır:
Yurdumun dörd yanını
Hürr görmək istəyirəm
- deyən şairin arzuları yavaş -yavaş çin olur..
Bundan böyük, müqəddəs arzumu var?
Kim bilir adam bu arzuya çatmaqçun neçə qat göynəkdən keçib bu çağacan:
Vətəndə əbədi nəğməyə döndün ,
Xudayar, zəfərli çağın mübarək ...
Payızda Vətənə bahar gətirdin,
Şəhadət ətirli bağın mübarək.
Bu sətirlərdə sevinci dolu-dolu yaşaya bilməyən şair ürəyinin həsrətini duyursan..
Olumla ölümün, həqiqətlə yalanın mübarizəsində İlahi qələbənin nəfəsi duyulur bu sətirlərdə. Bu qalibiyyətdən, bu zəfərdə şairin də böyük payı var. Qanın, qadanın içindən keçmiş qalibiyyət özü də. Amma özü bu narahatlığından heç nə demir. Sadəcə yazır.
Ütüsüz, boyasız, rəngsiz. Ağ -qara yazılarında bir özüdü, bir də çox sevdiyi azadlığı.
Üstündən yüz Araz axsın
Torpaq bizim torpağımız.
Güney, Quzey - fərq eləməz,
Oylaq bizim oylağımız.
Canı torpaq, amalı bütöv Azərbaycandı Zaur Ustacın. Tanrı muradını versin.
Bütün yazılarına ürək qoyan yazardı. Hər sətrində qəlbinin odunu, alovunu duyursan. Şeirlərində qızına bilirsən şairin. Bu da bir ayrı bəxtəvərlikdi.
"Dünya bir pəncərədir", pəncərən olsa, qardaş,
De, heç vaxtın oldumu, pəncərədən baxmağa
-deyir Zaur Ustac.
Yorğunluğunu sözündən tutursan Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair dincəlməyə vaxt tapmasa da qələmi yerə qoymur.
Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına, bozuna baxmadan yazanlardandı həm də. Söz əhvalının hansı səmtinə tuş gəlirsə elə də yazır. Əsas odu ki, hamısında qəlbinin çırpıntıları var. Əsl şeirlər də səmimiyyətdən doğan şeirlərdi.
Gəzdim qarış-qarış doğma torpağı,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların
Uca zirvəsindı gözüm var mənim!
Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl vətəndaş sevgisi. Əsas ürəyindən keçənləri dilə gətirməkdi. Bir də söz deməyə cəsarət də lazımdı. Şeir cəsarətlə yazılmalıdı. Sözü buxovlamaq olmaz.
Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı- hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə ölü şeirlər deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət görürəm. Düşündüyü kimi yazır. Sözü boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən keçir. Əlbəttə əsl tənqiddən. Qərəzdən uzaq .
Zaur Ustacın bir "Yazarlar" yükü də var. Yazılarımızı onun rəhbərlik etdiyi jurnalın səhifələrində görmək xüsusi zövq verir bizə. Çox vaxt özümüzdən xəbərsiz dərc olunuruq. Bu sarıdan da böyük ürəyi var Zaur Ustacın. Çalışqanlığı və yeniliyi ilə seçilənlərdəndi. Həm də sözə məqsədsiz yanaşanlardan.
Zaur Ustac özünə və sözünə arxalanan yazardı. Tanrı qorusun!
Bu yazı da belə doğuldu. Birnəfəsə . Boyasız, bərsiz, bəzəksiz. Elə şairin özü və sözü kimi.
“Ədəbiyyat və incəsənət”
(28.06.2024)