
Super User
Yarım qalmaq, əksik olmaq – VƏ BUNDAN QURTULMAQ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Hamımız bütöv cisimdə yarımçıq insanlarıq. İyirmi, bəlkə otuz il ömür sürmüş yaşlı insanlar. Yaşadığımız bu boş çoxluqda hər kəs bir neçə cür boşluqdan əziyyət çəkir. Əfsus ki, gəncliyin böyük bir qisminin başında yerləşir sözü gedən boşluq. Dərk edə bilmədiyimiz kainatda dərk edə biləcəklərimizi belə dərk etmək istəmirik. Çünki bütöv şəkildə görünən cismimizin altında yarımçıq ruh yatır.
Yarım qalmaq, əksik olmaq. Necə ola bilər ki bu? Bütöv bir bədən var, onun öz ruhu var, öz qəlbi, öz beyni, duyğuları. Axı yarım qalmaq nədir, nəyə deyilir? Niyə olur? Qəlbimizdir yarım qalan? Yenə bir ton sualla qaldım başbaşa. Bəs necə tamamlayım mən əksik qalan ruhumu? Deyəsən mən də bir bütövlükdə yarım qalanlardanam...
Bölünən ruhlar... Əsrlər boyu ruh əkizliyi, bir-birini tanamlayan ruhlar, insanın öz yarım almasını tapmasıyla bağlı əfsanələr oxuduq. Hər kəsin diqqətini çəkdi bu mövzu. Bəs hər kəs həqiqətən axtardımı öz yarımçığını?
Yarımçıqların sadəcə kiçik bir qismi o yarım ruhu tamamlamağa çalışır. Digərləri isə ya qismətiylə barışır, ya vecsiz şəkildə həyata davam edir, ya da özləri kimi yarım insanların yolunda, ömrünün yarısını keçirirlər... Bəlkə də elə bizi yaradan ruhumuzu iki yerə bölüb və hərəsinə fərqli cisim verib. Sonra da hər iki yarımçığı bu "Böyük sıfıra", başqa dildə desək "Yer kürəsinə" yollayıb.
Yarım alma... insanlar ruh ekizlərini tapanda yarım almamı tapdım deyirlər. Niyə alma deyildiyini düşünəndə Adəm və Həvva gəldi ağlıma. Qadağan almanı birlikdə dərən Adəm və Həvva. Bəlkə də insanın digər yarısı səhviylə, düzüylə hər işdə, hər yerdə bir yerdə olduğu insandır. Bəlkə də insanın digər yarısı uğruna hər şeyi gözə ala bildiyi həmin o adamdır.
Həyat o qədər qəribə və qarışıqdır ki, heç ummadığın anda hər şeyini itirə və ya dünyaları qazana bilər insan. Bir az da hədəflərindən, xəyallarından asılıdır bu. Qorxduğun, qaçdığın nə varsa hər zaman daha yaxınsan ona istədiklərindən. Həyatın 1 nömrəli qanunu elə budur deyəsən. Nədən qorxsan, nədən qaçsan o qədər yaxınlaşar, nəyi çox istəsən o qədər uzaqlaşarsan var olandan. Qorxan gözə çöp düşər misalı...
Bu qaranlıq aləmdə hər bir cismin öz göyqurşağı anlayışı onun ruhunda gizlənir. Yağış və günəş arasındakı bu incə, rəngarəng, bənzərsiz körpünü fərqli formalar, fərqi bədənlər, fərqli hislərin içində sığdırırıq qəlbimizə, cismimizə.
Mən həyatı boyunca rənglərə aşiq biri kimi qaçdım göyqurşağından. O qədər qaçdım ki, ardındakı xəzinəni düşünmədim belə. Unutdum. Həyatdakı hər şeyin bizim üçün, biz fanilər üçün olduğunu unutdum. O qədər qaçdım ki, ən çox qaçdığıma tutuldum, ən çox qaçdığıma vuruldum. Mən artıq göyurşağının özü olmuşdum.... Mənim göyqurşağımın sərt, amma titrək, zərif, amma ürkütücü rəngləri cəsarətdə toplanmışdı. Göyqurşağıma sığdırdığım hər duyğu, hər insan bir az cəsarət gözləyirdi məndən. Bir az cəsarət istəyirdi. Cəsarət... Hər birimizin göyqurşağının təməlini təşkil edən cəsarət. Sizin göyqurşağınızda hansı rənglər var? Mənimkində bəyaz yoxdur, qara var məsələn. Gördüyümüz ən qaranlıq gecələrdən daha qara. Qırmızı yerinə qəhvəyi var. Sevgi qəhvəyi rəngdir mənə görə. Hər nə isə. Var olan bütün rənglərimdə bir az qorxu, bir az cəsarət gizlənib. Mənim göyqurşağım həyatımın məhz özüdür. Yazdığım hər yazının baş obrazı olan ruhlar mavi rəngdir mənim dünyamda. Səmalara yüksələn, dənizlərdə boğulan o ruh başqa hansı rəng ola bilərdi ki?
Bir də göyqurşağından kənarda qalan rənglər var, hansı ki, boğulan ruhlar adlandırıram onları. Hansı ki, öz yarımını tapa bilmədiyindən bu dünyada özünə yer tapa bilməyən ruhlardır onlar. Okean dibinə qərq olaraq, içindəki xəzinələr oğurlanan sandıqlar, göylərə ucalaraq, qəlbimin hər qırıq parçasına ayna olan o ruhlar.
Mənim göyqurşağımın neçə rəngi var bilmirəm. Amma var olan hər rəng digərini tamamlayır. Qalibiyyətlə məğlubiyyət kimi. Varlıq və yoxluq kimi. Sevgi və nifrət kimi... Yarım ruhlar kimi...
Yazımı burada yekunlaşdıracağam. Bəlkə tamamlanar bir gün yarım qalan bütün ruhlar. Bəlkə bir gün mənim də ruhumu tamamlayan bir yarım ruh tapılar... Yarım ruhunuzdan muğayat olun. Ümid edirəm, onu ya artıq tamamalamısınız, ya da əlbət bir gün tamamlayacaq və dünyadakı yerinizi, vəzifənizi tam anlayacaqsınız.
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
"Özünü səhv yerdə axtaranlar və ya həyatın açması" -ESSE
Kubra Cəfərzadə, “Ədəbiyyat və incəsənət”
Qədim zamanlarda, amma həqiqətən ən qədim zamanlarda insanlar yaradılıb, ya da var olub. Birdən birə yaranan bu varoluş anında bir sıra insanlar yarandıqları yerdən başqa yerlərə razı halda köç ediblər, ya var olduqları yerdə məskən salıblar, ya da məcbur qalıb qaçıblar. Bəzən gedilməli yolun əksinə, bəzən də gedilməməli yola tərəf gediblər. Bəzən nə etməli olduqlarını bilmədən sürü şüurunun arxasınca düşüblər. Bəzən məsuliyyət hissini, vicdan ağırlığını çəkmək istəməyiblər. Bəzən heç kimin arxasınca getməyib öz yollarıyla gediblər. Ya bilərək, ya da bilməyərək.
Düzü, insanlığı ilbizə bənzədirəm. İlbiz kimi gedərkən arxalarında iz qoyurlar deyə. İzlər görünməyə bilər. Bəziləri iz buraxdığından xəbərsiz, bəziləri necə iz buraxdığından xəbərsizdir. Bəziləriysə heç buraxdığı izin dərdində də deyil. Nəticə olaraq o izlə rastlaşan hansısa bir həşərat ya yolunu dəyişdirər, bəlkə izdə sıxışıb qalar ( boğular), bəlkə də başqa bir həşərat o izi izləyib öz yolundan ayrılar.
İnsan da elədir. Birisi özsevgi nədir bilməz, dərk etməz. Çünkü özsevginin məlumat kitabçası onun şüuraltında yoxdur, qeyd olunmayıb. Kimilərində qərar, istək düyməsi işləməz, çünki mükəmməliyyətçi və tələbkar insanlar əhatəsində böyüyüb və ya ünsiyyətdə olmaq məcburiyyətində qalıb. Kimiləri də vecsiz. "Uzağı, vaxtı çatanda ölüb gedəcəm də, nə olacaq ki, niyə nəyinsə dərdini çəkim? " deyə düşünüb yaşayanlardır. Bunlar da tənbəl və günü günə satan insanlar əhatəsində var olanlardır.
Doğrudur. Hər kəs, hər şey kimlərəsə, nəyəsə görə daim dəyişir. Heç nə sabit qalmır. Ya da bəziləri özünü yaxşıca manipulyasiya edir, ya da manipulyasiya edən insanlara məruz qalır. Amma bəzən də bu, yaxşı nəticə verir. Çünki bəzi insanlar qərarsızdırlar.
Eyni fikri dəfələrlə deməyə hövsələm də çatmır. Buna səbəb ailə, mühit, maraq dairəsidir. Lakin belə insanlar da cəmiyyətin üzvü olduqlarından, dözüm göstərməlisən, çiban deyillər ki, sıxıb partladasan, sonra yerinin sağalmağını gözləyəsən. Belə insanları da motivasya kouçları, psixoloq, ekstrasens, rejissor, yazıçı və.s idarə edir. Lakin bu, uğur da gətirə bilər. Əgər həmin öncü olan kəs xarakteri müsbət və dünyaya faydalı biridirsə həmin kəslərə də xeyri dəyəcəkdir. Başıboş ortalıqda gəzməklərindənsə, onun - bunun pəncərəsinə daş atmaqdansa, bəlkə də özlərinə, həyatlarına, vərdişlərinə xeyirləri dəyəcək. Kim bilə bilər ki.
Bütün insanlığa yüklənən xüsusiyyət olan müqayisələndirmək, özü elə bəşəriyyətin məhvinə səbəb ola bilər. Yeridilən düşüncə isə budur. Yaradıcılıq, qabiliyyət yaradılışından varsa vardır, yoxsa yoxdur. Ya da genetikdir. Mən isə heç birinə qatılmıram. Qəbul edilən demək olar ki, çox düşüncəni də rədd edirəm. Hazırkı, şüur vəziyyətimə gələnədək də şüuraltı kassama nə qədər düşüncə yığmışdım. Lakin indi başa düşürəm ki, bu dünyada niyə qonağıq. Çünkü tum çırtlayaraq ətrafda və içimizdə baş verənləri izləyirik, sadəcə. Varoluşdan ölənədək bu belədir. Belə də olacaq.
Qeyri-ixtiyari bir şeylər hiss edəcək, eşidəcək, görəcək, yığacaq, paylaşacayıq. Həyatın açması budur.
Bu, bəzilərinə ağırlıq, bəzilərinə yüngüllük bəzilərinə də boşluq hissi verəcək.
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
\
Həsrət - ESSE
Nərgiz Ziya, “Ədəbiyyat və incəsənət” üçün
Həsrət...
Həsrət ...
Bizim diyarın əbədi qoxusudur həsrət ...
Həyatın ən böyük vüsalıdır bəlkə də...
Necə də tünd çay qoxuyur həsrət ...
Uzun yay gecələrinə bənzəyər həsrət, düzü yay gecələri xəstələrə uzun görünər hər zaman. Məgər ən ağır xəstəlik deyilmi həsrət ... Qovuşma ümididir həsrət, səadət olan hər yerdə qaranquş kimi yuva qurandır, ağrının qardaşı, sevincin can yoldasidir...
Nazlı simin qara mizraba olan sevdasıdır həsrət...
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
“Bir daş ömrü yaşayıram…” – PƏRVİZ QURBANLININ ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Pərviz Qurbanlının şeirləri təqdim edilir.
***
Bu evin qapısı daha döyülmür,
Divarlar həsrətdir insan səsinə.
Xaraba qalmış da elə soyuqdur,
Əllərim qızışmır öz nəfəsimə.
Pəncərə önündə solan çiçəklər
Hələ də unutmur xatirələri.
Yalvarır hər səhər doğan günəşə
Qaranlıq otağın pəncərələri.
Bir taxtabiti də yeyir divanı,
Niyyəti taxtımdan salmaqdı məni.
Nə qədər qəribə olsa da belə,
Evimdə yaşayır evin düşməni.
Sonra bir taqqıltı yayılır evə,
Özün yerə atır anamın şəkli.
İntihar etdimi, görəsən, yoxsa
Mənə xatırlatdı öldüyü ili?
Nəhayət, qapımız döyüldü, Allah,
Mən dəli olardım yoxlamasaydın.
Qoşulub əcələ gələrdim, vallah,
Bir şəkil dalımca ağlamasaydı.
***
Həyat qaldığı yerdən
Gedərdi öz tonunda.
Yuxudan oyanaydın,
Qış səhəri fonunda.
Sonra nəsə baş verə
Özündən də xəbərsiz,
Telefona tələsəydin.
Dünən zəng eləsəydin...
Ürkək, sakit səs ilə,
İnan, mənə bəs eylər
Şikayətlər, gileylər.
Üstümə qışqıraydın,
Sözlərimi kəsəydin.
Dünən zəng eləsəydin...
Və sükuta qərq olub,
Sakitcə dayanaydıq.
Yenə əvvəlki kimi,
Bir-birə yubanaydıq.
Axırda ağlayaraq,
Darıxmışam desəydin.
Dünən zəng eləsəydin,
Telefonu açardım.
***
İndi gözlərim danışır,
Dilimin susduğu yerdir.
Qəribə-zad da deyil,
Hamının bildiyi yerdir.
Ayağım torpağı sığallayır,
Ölülərin nəvaziş saatıdır.
Əcəli narahat etmə!
Onun iş saatıdır.
Artıq qulaqlarıma inanıram.
Onlar da dil açıb danışır.
Əllərim yaman qaçır,
Günahımla yarışır.
Kimin alın yazısı
Dodaqlarımda qalıb?
Hardan tapım mən səni,
İndi halallıq alım?..
Daha gecdi, əzizim,
Bayaq dediyim kimi,
Hamının bildiyi yerdir.
Gordan harayçı gəldi,
Şairin öldüyü yerdir.
***
İndi şəhər tozlarını qaldıran,
Xəfifcə bir meh də əsir küçədə.
Ümidləri tozdan betər sovrulan,
Bir anasız yetim gəzir küçədə.
Saçları da üz-gözünə tökülən
Bir dilənçi qarı açır əllərin.
Yarı alqış, yarıqarğış ömürdən,
Yavaş-yavaş yola salır günlərin.
Bir taksofon dəstəyindən qız səsi,
Uzandıqca, uzanırıdı sonacan.
Bir az sevinc, bir az qorxu, həyacan
Eşidirəm, alo, alo, hardasan?
Bir yeşikdən zibil yığan adamlar
Gözləri kor pişikləri qovurdu.
Xatirəsi yada düşən qocalar
Kövrəlirdi, gözlərini ovurdu.
Bu Bakı şəhəri, bu dərd küçəsi,
Biz də bu şəhərin qonaqlarıyıq.
Bağışla, ay Bakı, sevmədik səni,
Biz ayrı şəhərin uşaqlarıyıq.
***
Bilirsən, çox çətindir.
Tənhalığın ötəsidir,
Dərdlərin ən yekəsidir,
Uşaqlığın son gecəsidir
Sənsizlik
Çox asandır.
Stokholm sindromu kimidir.
Düşməninə vurulmaqdır,
Göz yaşında durulmaqdır,
Hamı kimi yorulmaqdır
Sənsizlik.
Soyqırımıdır.
Genosidə tuş gəlməkdir,
Sümük olub dirilməkdir,
Abort olub ölməkdir
Sənsizlik.
Daxili repressiyadır.
Haqq deyib güllələnməkdir,
Allahdan gün dilənməkdir,
Ölkə-ölkə silkələnməkdir
Sənsizlik.
Müharibədir.
Qan iyidir, qan gölüdür,
Hə, yaşayan bir ölüdür,
Bu dünyanın müşgülüdür
Sənsizlik.
Bilirsən, çox çətindir.
Tənhalığın ötəsidir,
Dərdlərin ən yekəsidir,
Uşaqlığın son gecəsidir
Sənsizlik.
***
Bir addımlıq yolum qalıb,
Neçə ildi çatmaq olmur.
Ayaqlarım qərarsızdır,
Son addımı atmaq olmur.
Daş heykələ dönüb qalan
Bir daş ömrü yaşayıram.
Gözü açıq, qanadı yox –
Bir quş ömrü yaşayıram.
Hamı bədbəxt olmaz axı –
Danışan yox, gülən yoxdur.
Ya da bu dar məmləkətdə
Quş dilini bilən yoxdur.
Sənə qaçdım, sənə uçdum.
Bağışla, yenə gəlmədim.
Çoxlarını ötüb keçdim,
Allaha çata bilmədim.
***
Qarışqa yükü var çiyinlərimdə,
Bir dərd daşıyıram bahardan qışa.
Mənim də dərd yüküm azıymış kimi,
Yükümə yük qatır ölən qarışqa.
Qorxur qatilinin barmaqlarından,
Neyləyim, qeydinə qala bilmərəm.
Bəlkə, dost olmağa gəlmişdi bizə,
Mən dönüb qarışqa ola bilmərəm.
Çıx bu xarabadan, sürünü apar.
Bu evdə qarışqa qatili qalır.
Mən öləndə qayıdarsan, qarışqa,
Əcəlim məni də yadına salır.
Ölərəm, qarışqa, mən də ölərəm.
Beynimdə ölümün havası da var.
Bəs deyirlər ölən heç nə aparmır,
Qəbrimdə qarışqa yuvası da var.
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
Bu hekayət sizə ümidinizi heç vaxt üzməməyi öyrədəcək!
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Aşıq, naçar ağlama.
Gündür, keçər, ağlama.
Qapını bağlayan fələk
Bir gün açar, ağlama
Min illərin yaddaşından süzülüb gələn bu Azərbaycan bayatısını çox sevirəm. Hər eşidəndə ilk dəfə eşidirmiş kimi diqqətimi ona yönəldir, hər sözünü, hər ifadəsini, hər mənasını bir daha yaddaşıma yazıram. Doğrudan da xalq ən böyük yazar, filosof, bəstəkar, rəssamdır. «Qapını bağlayan fələk, bir gün açar, ağlama». Nə gözəl, nə ümidverici, nə motivasiyaedici sözlərdir belə.
Məncə xoşbəxtlik axtarışında ikən hətta bütün ümidlərin tükənəndə, əlin hər şeydən üzüləndə, suda batanın saman çöpünə əl atması anlamını verməyən bir inamla yenə də təslim olmamalı, tanrına sığınaraq möcüzənin gələcəyinə inanmalısan. O, heç gözləmədiyin səmtdən, ağlına belə gətirməyəcəyin şəxsdən istiqamətlənə bilər, səni əllərindən tutaraq yıxıldığın yerdən qaldırar.
Bu bayatını babalarımız elə-belə yaratmayıblar ki. Neçə-neçə sınaqlardan çıxaraq, xeyir-şər, işıq-zülmət, isti-soyuq çarpışmalarından bugünümüzə adlayıb gəlib bu sözlər. Fələk qapını bağlayıbsa, demək onu açacağını da gözləməyə dəyər.
Mən sizə bir iş adamının əhvalatını da danışmaq istəyirəm. Bakıda yaşayan S.M. adlı bu iş adamı həyatının bir dönəmində tam müflisləşir, əvvəlki zəngin həyat tərzindən mərhum olmaq işin yarısı imiş, elə bir həddə çatır ki, hətta evlərində qazan asmağa ərzaq belə tapılmır. 2012-ci ilin yazında son ümid yeri kimi satdığını satır, bir az da borc-xərc tapıb, bəlli məbləği düzəldib ucuz olsun deyə qonşu Gürcüstana – kupe tipli avtomobil almaqçün yollayır. Məqsədi bu avtomobili alıb gətirib aeroport – şəhər marşrutu ilə taksi kimi işlətmək, çörəkpulu qazanmaq imiş.
Bir neçə müddət keçəndən sonra onun elektron ünvanına gürcü şirkətindən bildiriş-məktub gəlir. Yazılır ki, gəlib avtomobilinizi apara bilərsiniz.
Cüzi yolpulu ilə Tbilisiyə yollanası olur. Öncə sənəd-sünədini özüylə aparmaqçün son vaxtlar istifadə etdiyi «dermantin» çantaya qoyur, sonra nə fikirləşirsə onları ən imkanlı vaxtlarında Parisdən aldığı, uzun müddət işlətmədiyi üçün baxımsız vəziyyətə düşmüş, həyat yoldaşının da bir neçə dəfə atmağa cəhd etdiyi dəri çantasına yığası olur. Avtobusla gəlib Tbilisiyə yetişir. Ucuz bir oteldə nömrə tutur, avtomobili alacağı şirkətin ofisinə gedir, deyirlər sənədləşməyə əlavə ödəniş lazımdır, yolpulu üçün saxladığı son pulunu ödəyib otelə qayıdır, ertəsi gün evindən qanqaraldıcı zəng gəlir ki, bəs uşağın yıxılıb, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ardınca şirkət zəng edir ki, daha bir həftə yubanacaq avtomobil. Əsəbi halda, stress içində narazılığını bildirməkçün şirkətin ofisinə yollananda telefonunu salıb itirir. Telefon həmin anda son ümid yeri idi, ən azı Bakıya zəng edib kimdənsə geri qayıtmağa yol pulu köçürməsi etməyi xahiş edə bilərdi.
Otelə qayıdanda otelin ödəniş tələbinin qarşısında tam aciz qalır, inzibatçı çantasını qoltuğuna verib onu oteldən çıxardır.
Belə bir ümidsiz vəziyyətdə heç kəsi tanımadığın yad şəhərdə nə sənə kömək ola bilər, kim sənin harayına yetər axı? Qəhrəmanımız otelin daş pillələri üzərində oturub başını dizinin üstündəki çantasına söykəyərək hönkürtüylə ağlamağa başlayır. İllərlə içinə yığılan dərdi bu ümidsiz vəziyyətində hayqıraraq göz yaşına çevrilib gözündən tökülməyə başlayır. Bu vaxt başını söykədiyi çantada nəsə bir möhkəm şeyin üzünə toxunub onu narahat etdiyini duyur. Öncə buna elə də əhəmiyyət vermir. Amma sonra çantanı açıb içinə göz gəzdirir, təbii ki, pasportdan və iki-üç səhifəlik sənəddən başqa orada bir şey görmür. Əli ilə səthi nahamar eləyən nəsnəni qurdalayanda onun dəri ilə astarın arasında yerləşdiyini müəyyənləşdirir. Öldürücü maraq ona güc gəlir. Yerdən şişuclu şüşə tapıb çantanın astarını sökəndə bir kağız bağlaması çıxır, içini açanda gözləri dörd olur. Düz iki min beş yüz avro pul!!! Xilaskarına çevrilmiş o pul ora haradan düşmüşdü, alanda çantanın içindəmi olub, yoxsa imkanlı vaxtlarında özü götürüb o pulu orada gizləyib, sonradan da unudub, müəyyənləşdirə bilmir. Əllərini göyə tutub Tanrıya yalvara-yalvara bu dəfə gözündən sevinc yaşları tökməyə başlayır. Qapını bir gün bağlayan fələk doğrudan da bir gün açır, necə də düzmüş.
S.M.-in başına gələn bu əhvalat çox ibrətamiz, çox düşündürücüdür.
Mən dərhal bir bakılının Tbilisidəki macəralarından qopub Portuqaliyanın Madeyra əyalətinin Funşal adlı kiçik bir qəsəbəsində baş vermiş daha bir ibrətamiz əhvalata keçid almaq istəyirəm.
30 yaşında hamilə olan Doloreş Averyu yoxsulluq içində yaşadıqları üçün dördüncü övladının dünyaya gəlməsini istəmirmiş. Hətta həkimə gedib uşağı saldırmağa belə pulları olmadığı üçün Doloreş rəfiqəsinin məsləhəti ilə uşağı inkişafdan saxlamaq üçün gündə bir-iki dəfə qızdırılmış ucuz tünd pivə içirmiş.
Amma nə illah eləyirdisə bətnindəki dölün get-gedə böyüməsinin qarşısını ala bilmirdi. 1985-ci il fevralın 5-də o, dünyaya dördüncü övladını gətirəsi olur.
Adını Kriştiano qoyduqları bu arzuolunmaz övlad səfalət və çətinlik içində böyüyür. Həmin Kriştiano bilirsiniz kimdir? İndi dünyanın ən yaxşı futbolçusu olan, dünyanın ən zəngin idmançılarından biri sayılan (təkcə 2015-ci ildə 227 milyon avro pul qazanmışdır) Kriştiano Ronaldodur.
Bir vaxtlar adicə çörəkpulu tapmayan ailə indi imtina etmək istədiyi övladın hesabına tam zənginlik və xoşbəxtçilik içində yaşamaqdadır.
Beləliklə, yalnız son anda, təsadüf nəticəsində özünlə götürəsi olduğun çanta, yaxud yalnız son anda, təsadüf nəticəsində dünyaya gətirdiyin övlad sənin həyatında möcüzə müəllifinə çevrilirlər. Həyatını gözlədiyin, güvəndiyin nəsnələr deyil, gözləmədiyin, imtina etmək istədiyin nəsnələr də dəyişə bilərmiş, hətta!
Həyatda mütləq möcüzənin gələcəyinə inanın. Gec, tez, o mütləq gələcək. Öz gücünüzlə görə bilməyəcəyiniz, icrası sizin iradənizdən kənar olan bir işin ən sonda möcüzə hesabına həll olunacağına inamın sizə olduqca böyük köməyi dəyə bilər.
İnam – ən böyük tiryəkdir!
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Bəxtiyar Nizaminin “Bir gün gələr, bir gün gedər...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.
Bəxtiyar Nizami
Təbriz
Bu dünyadan bərk yapışan,
Bildiyini sənə edər.
Bu dünyanı gün oynadır
Bir gün gələr, bir gün gedər.
Sən qınama tarını da,
Güvəndiyin varını da,
Ən sevdiyin yarını da,
Bir gün gələr, bir gün gedər.
Sirrin açmaz sırdaşına,
Rəhmi gəlməz qardaşına.
Tacın qoysa da başına,
Bir gün gələr, bir gün gedər.
Həyat adlı bu qəfəsdə,
Qərar yoxdur heç bir kəsdə,
Lap quruca bir nəfəs də,
Bir gün gələr, bir gün gedər.
Çətin səni yada salar,
Hey başına dərdlər calar.
Təkcə səndən bir ad qalar,
Bir gün gələr, bir gün gedər...
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
Şəhidlər barədə şeirlər - Ramid Tağıyev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ramid Tağıyev
Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hamının taleyində,
Uğurlu yol şansı var.
Sənin tale yolunda,
Yolların hamısı var.
Hamı yaxşılıq edir,
Neçə yola can atır.
Hamımızın məqsədi,
Cənnəti qazanmaqdır.
Bu yolların hamısın,
Bir anlığa keçmisən.
Sən öz şəhidliyinlə,
Öz yolunu seçmisən.
Sənin yolun vətənçün,
Canı qurban etməkdə
Birnəfəslik yoludur,
Qəhrəmanlıq yoludur,
Müqəddəslik yoludur.
Yolun mübarək, şəhid.
Bu milləti şad etdin,
Hamımızın yerinə,
Vətəni azad etdin.
İndi bizim borcumuz,
Adınızı yaşatmaq,
Qəlbimizdə gəzdirmək,
Başımız üstə tutmaq.
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Elçin, “Parisdə avtomobil qəzası”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
ELÇİN,
Xalq yazıçısı
PARİSDƏ AVTOMOBİL QƏZASI
(Hekayə)
Ş ə h r ə b a n u x a n ı m: Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə apara!..
M ü s y ö J o r d a n: Dimaj Paris!.. Mon diyö!.. Mon diyo.
(M.F.Axundov, «Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadukuni-məşhur»)
I
Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və Kərim müəllim yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi, sonra güllənin səsini bir də eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü, amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi.
Kərim müəllimgilin yaşadığı ikimərtəbəli qədim binanın qabağında balaca bir bağ var idi, səhər tezdən təqaüdçülər girəcəkdəki köşkdən qəzet alıb bu bağda oturub oxuyurdu, sonra analar, nənələr, dayələr bu bağa uşaq gətirirdi və uşaq arabaları skamyaların qabağında pianino dilləri kimi yan-yana düzülürdü, günortadan sonra yenə təqaüdçülər bu bağa yığışıb nərd və domino oynayırdı, sonra da gecə düşürdü, bu bağ da kimsəsizləyirdi, sakitlik çökürdü, sonra səhər açılırdı və hər şey eynilə təkrar olunurdu.
Kərim müəllim pəncərədən həmin bağa baxdı və gördü ki, bir nəfər əlində tüfəng tutub nişan alır, o birisi də onun yanında dayanıb, əllərində iri əlcəklər var və doğrusu, Kərim müəllim əvvəlcə qorxdu, çünki ömründə birinci dəfə idi ki, qarşısında əli tüfəngli adam dayanmışdı və bu adam hələ səhərin gözü açılmamış nişan alırdı, atırdı; sonra Kərim müəllimə elə gəldi ki, kino çəkirlər, çünki bir dəfə – on il bundan əvvəl bu bağda kino çəkmişdilər, amma indi bütün bağda, ətrafdakı küçələrdə bu iki nəfərdən başqa heç kim yox idi, təkcə bağın aşağı başında, bu iki nəfərdən bir az aralıda, küçədə balaca bir furqon maşını dayanmışdı; kim idi bunlar, oğru idilər?
Tüfəngilə nişan alan adam yenə atdı və bu dəfə Kərim müəllim güllə səsi ilə bərabər bir it zingiltisi də eşitdi və gördü ki, iri əlcəklər geymiş adam qaça-qaça zeytun ağaclarına tərəf getdi və zeytun ağaclarının dibində yerə sərilib zingildəyən bir itin qulaqlarından yapışdı, iki əli ilə də iti yerdən qaldırdı, aparıb maşının furqonuna atdı.
Kərim müəllim başa düşdü ki, bu iki nəfər şəhəri yurdsuz-yuvasız, xəstə itlərdən təmizləyir, yəqin Bakının sanitariya idarəsindəndilər, amma, hər halda, yurdsuz-yuvasız da olsa, xəstə də olsa, səhərin gözü açılmamış bu yazıq itləri beləcə vurmaq Kərim müəllimə pis təsir elədi, hətta pəncərədən qışqırıb bu tüfəngli və əlcəkli adamlara bir-iki söz demək istədi, amma sonra fikirləşdi ki, dünyada hərə bir peşə sahibidi və it vurmaq da bunların peşəsidi, sonra burasını da fikirləşdi ki, çox ola bilsin ki, həmin o tüfənglinin atdığı güllə qurğuşun deyil, yuxu dərmanıdı və itləri yuxuladıb götürüb aparırlar. Həmin iki nəfər bir az da bağın o tərəfinə-bu tərəfinə baxdı, diqqətlə baxdı, hətta Kərim müəllim o tüfənglinin də, əlcəklinin də gözlərində uzaqdan-uzağa bir hərislik sezdi və fikirləşdi ki, yəqin bu iki nəfər əmək haqqını gətirdikləri itlərin sayına görə alırlar; sonra əlcəkli əlcəyini çıxartdı, tüfəngli tüfəngini maşının kabinəsinə qoydu və ikisi də maşına oturub sürüb getdilər.
Kərim müəllim bir müddət də pəncərənin qabağında dayanıb bağa baxdı, qarşıdakı ikimərtəbəli, üçmərtəbəli binalara baxdı: hamı yatmışdı, təzəcə açılan həmin avqust səhəri hələ heç kim yuxudan durmamışdı, bağın qabağında, küçələrin kəsişdiyi tindəki meyvə-tərəvəz köşkü də boş və adamsız idi, qarpızlar köşkün yanındakı böyük dəmir qəfəsə yığılmışdı və qəfəsin qapısında da iri dəmir qıfıl var idi.
Birdən Kərim müəllimə elə gəldi ki, bu qarpızlar dustaqdı, bu qarpızları o dəmir qəfəs içində həbsə salıblar və Kərim müəllimin özünün ağlına gələn bu fikirdən xoşu gəlmədi, çünki Kərim müəllim boş-boş danışmağı və boş-boş şeylər fikirləşməyi xoşlamırdı. Əsnəyə-əsnəyə tüklü sinəsini qaşıdı və fikirləşdi ki, necə olub ki, atılan güllələrin səsinə heç kim yuxudan oyanmayıb?
Kərim müəllim bu binalarda yaşayan adamların hamısını tanıyırdı, rastlaşanda kimisilə dayanıb hal-əhval tuturdu, kimisilə elə-eləcə salamlaşıb keçirdi, kimisini də, xüsusən sonradan köçüb gələnləri kənardan-kənara tanıyırdı, amma hamısını tanıyırdı, çünki Kərim müəllim indi yaşadığı bu mənzildə anadan olmuşdu, ömründə heç vaxt başqa yerdə yaşamamışdı, yalnız bir dəfə – on yeddi il bundan əvvəl ailəsini yayda bir aylığa Nalçikə aparmışdı, bir dəfə də doqquz il bundan əvvəl on iki günlüyə Şuşa sanatoriyasına getmişdi.
Kərim müəllim gözlərini bağdan çəkib otağın divarından asdıqları saata baxdı – bu divar saatını pedaqoji fəaliyyətinin otuz illiyi münasibətilə məktəbdən Kərim müəllimə hədiyyə vermişdilər və əslində bu hədiyyə Kərim müəllimin bütün həyatında yeganə təltifi idi – saat altıya iyirmi dəqiqə qalmışdı və Kərim müəllim başa düşdü ki, təzədən yerinə girməyinin mənası yoxdur, asta addımlarla mətbəxə tərəf getdi.
Kərim müəllimgilin iki otağı, şüşəbəndi, mətbəxi var idi və Kərim müəllim ikinci otaqdan keçəndə bir anlıq yerində donub qaldı: Şərqiyyənin çarpayısının yanında, özünün balaca taxta çarpayısında uzanmış körpə oyaq idi, gözlərini açıb dinməz-söyləməz Kərim müəllimə baxırdı. Birinci dəfə idi ki, bu körpəni beləcə dinməz-söyləməz və beləcə də ciddi görürdü.
Şərqiyyə Kərim müəllimin böyük qızı idi və bu körpə də Şərqiyyənin oğlu idi, yəni Kərim müəllimin nəvəsi idi və yaman da ağlağan idi. Körpə altı ay idi ki, dünyaya gəlmişdi və bu altı ayda elə bir gün olmamışdı ki, oyaq vaxtı ağlamasın. Indi bu körpəni beləcə oyaq və ağlamayan, ciddi görəndə Kərim müəllim əslində bir balaca həyəcanlandı da: bu necə səhər idi belə, açılırdı?
Kərim müəllim təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma, hər halda, həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə diqqətlə Kərim müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı. Kərim müəllim mətbəxdə qazı yandırdı, çayniki doldurub qazın üstünə qoydu və eləcə asta addımlarla da yatdığı otağa qayıdıb geyinməyə başladı. Kərim müəllimin arvadı Zəhra da, ikinci qızı Züleyxa da, oğlu Hamlet da yatmışdılar və düzdür, bu dəfə Kərim müəllim yuxudan çox erkən durmuşdu, amma, onsuz da, bu evdə Kərim müəllimdən tez duran yox idi, həmişə saat yeddiyə on beş dəqiqə qalmış ayaq üstə olurdu, kostyumunu şotkalayırdı, ayaqqabısını boya ilə silirdi, hələ evin camaatı durmamış gedib gündəlik çörəyi, kefiri, smetanı, qəzetləri alıb gətirirdi, bundan sonra səhər yeməyini yeyib məktəbə gedirdi; ümumiyyətlə, bu evin bazarlıq işləri ta qədim çağlardan Kərim müəllimə baxırdı. Kərim müəllim orta siniflərdə coğrafiya dərsi deyirdi və indi yay tətilində idi, məktəbə getməyəcəkdi, amma yenə də otuz beş illik adəti üzrə, göy zənbili götürüb eləcə asta addımlarla da evdən çıxıb küçəyə düşdü; körpə də bayaqkı ciddi gözləri ilə Kərim müəllimi bayıra yola saldı.
Şəhər tamam bomboş idi, təkcə süpürgəçi kişi küçəni süpürürdü və Kərim müəllimi görəndə ehtiramla salam verdi, Kərim müəllim də süpürgəçinin salamını aldı və yoluna davam elədi. Bu süpürgəçi neçə illər idi ki, səhərlər bu küçəni, bağı süpürüb təmizləyirdi və Allahın hər verən günü Kərim müəllim onun gördüyü birinci adam olurdu.
Əlbəttə, dükanlar, qəzet köşkləri hələ bağlı idi və Kərim müəllim əlindəki boş göy zənbili yellədə-yellədə Dənizkənarı bulvara tərəf getdi və beləcə bomboş küçələrlə addımladıqca Kərim müəllimə elə gəldi ki, elə bil, tanımadığı, görmədiyi bir şəhərdədir; düzdür, Kərim müəllim dünyadakı şəhərlərin, ən azı, doxsan faizinin adını əzbər bilirdi və Bakının da bütün küçələrini, dalanlarını, hətta ayrı-ayrı binalarını da (mikrorayonlardan başqa) yaxşı tanıyırdı, amma olan budur ki, həmin avqust günü – şənbə idi – sübh tezdən Bakının bomboş küçələri ilə addımladıqca Kərim müəllimə elə gəldi ki, tanımadığı, görmədiyi bir şəhərdədir və bu şəhərin sakinləri də yalnız küçələri təmizləyən süpürgəçilərdən ibarətdir.
Məktəbdə uşaqlar Kərim müəllimə «Zənbil» təxəllüsü vermişdilər, çünki uşaqlar qorxduqları, ehtiyat etdikləri Kərim müəllimə şəhərdə təsadüfən rast gələndə həmişə əlində zənbil olardı, ya ət dükanının qabağında növbəyə durardı, ya yumurta alardı, ya da ki, başqa bir şey alardı, sonra uşaqlar sinifdən sinfə keçdikcə, məktəbi qurtardıqca və yenidən məktəbə daxil olduqca fikir verdilər ki, bu zənbil həmişə göy rəngdə olur və təxəllüsün əvvəlinə «Göy» sözünü də əlavə etdilər, yəni ki, Kərim müəllim Göy Zənbil, sonra uşaqlar həmin təxəllüsün də əvvəlinə «Köhnə» sözünü əlavə elədilər, yəni ki, Kərim müəllim Köhnə Göy Zənbil: Bu təxəllüsün sorağı Kərim müəllimin özünə də gəlib çatmışdı və Kərim müəllimi qətiyyən narahat eləməmişdi, acıqlandırmamışdı, çünki Kərim müəllim fikirləşmişdi ki, eybi yox, özləri böyüyüb əllərinə zənbil alanda başa düşərlər. Intəhası bir iş vardı və Kərim müəllimin də həmin işdən xəbəri yox idi ki, müəllimlər də öz aralarında Kərim müəllimi həmişə Köhnə Göy Zənbil deyə çağırırdılar (özündən çəkindikləri üçün yanında, təbii ki, belə demirdilər).
Dənizkənarı bulvar da bomboş idi, Kərim müəllimdən başqa kimsə yox idi, amma çoxlu qağayı var idi və quşlar sahil boyu dənizin üstü ilə uçurdu, hərdən aşağı enib dimdiyini suya vururdu və quşların qurultusu-qaqqıltısı bulvarın o kimsəsizliyi içində elə aydın, elə dəqiq eşidilirdi ki, elə bil, adi qurultu-qaqqıltı deyildi, elə bil, quşlar nə isə deyirdilər, danışırdılar; amma Kərim müəllim xəyal aləminə qapılan adamlardan deyildi və bu dəm dükanda smetanın olub-olmayacağı məsələsi Kərim müəllimi qağayıların deyib-danışmasından qat-qat artıq maraqlandırırdı; sonra Kərim müəllim bu quşlara, daha doğrusu, şəhərin sanitariya idarələrinə hirsləndi, çünki fikir vermirdilər, şəhərin bütün çirkabı dənizə tökülürdü, buna görə də qağayılar gəlib burda özlərinə yem axtarırdı.
Kərim müəllim əlindəki boş zənbili yellədə-yellədə sahil boyu addımladıqca qərara aldı ki, bu gün, ya da sabah şəhərin sanitariya vəziyyəti barədə Bakı Sovetinə məktub yazacaq və həmin məktubun ilk cümlələrini fikrində yazmağa başladı və bu zaman bayaqkı tüfəng atan və it daşıyan o iki nəfər yadına düşdü, sonra da gözlərini açıb dinməz-söyləməz baxan o uşaq yadına düşdü.
Şərqiyyənin əri Salman fizika ilə məşğul olurdu, deyirdilər ki, istedadlı alimdir, amma istedad nə ev idi, nə pul idi, nə də maşın idi: Salman da Kərim müəllimgillə bir yerdə olurdu və əgər, doğrudan da, dünyada bəxt deyilən bir şey vardısa, Şərqiyyənin bəxti gətirməmişdi; düzdü, Salman içən, gəzən, deyinən adam deyildi, səhər çıxıb gedirdi işə, bir də axşam gəlirdi, şənbə, bazar günləri də Şərqiyyəni kinoya aparırdı, bulvarda gəzməyə aparırdı, hətta bir dəfə Şüvəlana, gülçülük sovxozuna da aparmışdı, amma Salmanın əynindəki kostyumdan başqa heç nəyi və məktəbi qurtarandan sonra Qarabağda kənddə qoyub gəldiyi qohumlarından savayı heç kimi yox idi. Şərqiyyə iki il bundan əvvəl – necə tapışdılar, harda tanış oldular, Allah bilir – Salmana ərə getmişdi, çünki ... (Kərim müəllim bulvarda gəzə-gəzə bir-iki dəfə öskürdü) çünki Şərqiyyəni alan yox idi.
Salman indi Bakıda deyildi. Parisdə idi.
Salmanın işlədiyi institutun Fransa alimləri ilə əlaqəsi var idi və Salmanı təcrübə keçməkdən ötrü altı ay müddətinə Parisə göndərmişdilər, sonra Parisdən bir fransız alimi altı ay müddətinə Bakıya gələcəkdi. Kərim müəllim başa düşürdü ki, əgər Salman fərqli olmasaydı, Parisə göndərməzdilər, amma Salman o qədər qaradinməz, həmişə sükut içində olan bir adam idi ki, kürəkəninin Parisə getməyi Kərim müəllimgilin ailəsində elə mühüm bir hadisə olmadı.
Həmin avqust səhəri, boş göy zənbili yellədə-yellədə sahil boyu addımladıqca birdən-birə, nədənsə, Salmanın Parisdə olmağı, o uzaq, böyük və yad şəhərdə yaşaması Kərim müəllimə qəribə gəldi və Kərim müəllim ürəyindəki bu hissin şövqü ilə bir anlıq ayaq saxladı, qıpqırmızı qızarmış üfüqə baxdı və üfüqün beləcə qırmızılığı, göyün tərtəmizliyi və maviliyi, dənizin beləcə sakitliyi və genişliyi, hətta qağayıların sahil boyu uçuşması, quruldayıb-qaqqıldaması Kərim müəllimin xoşuna gəldi, Kərim müəllim bu təbiət mənzərəsini bəyəndi.
Bulvarda ləngidiyi üçün dükanlarda növbəyə durası oldu, meyvə-tərəvəz köşkünün yanından ötəndə bu qərara gəldi ki, bir dənə də qarpız alsın və bir xeyli müddət seçib yaxşı bir Zirə qarpızı aldı, sonra qəzet köşkündə də növbəyə durub radio və televiziya proqramını, təzə qəzetləri aldı və buna görə də evə həmişəkindən gec gəldi.
Qapını Nuridə xanım açdı və Kərim müəllim Nuridə xanımı səhər-səhər öz evlərində görəndə, Nuridə xanımın ciddi sifətinə baxanda başa düşdü ki, nəsə bir hadisə baş verib.
Nuridə xanım Kərim müəllimin böyük bacısı idi və Azərbaycanda ilk qadın idman müəllimlərindən biri idi, həyət tərəfdən Kərim müəllimgillə üzbəüz binada yaşayırdı.
Bir əlində yekə Zirə qarpızı, o biri əlində də göy zənbil tutmuş Kərim müəllim gözlərini bacısının həmişəki kimi pudralanmış-boyalanmış səliqəli sifətindən çəkmədən soruşdu:
– Nə olub?
Nuridə xanım kişi səsi kimi yoğunlaşmış səsi ilə:
– Heç nə, – dedi. – Qorxma, keç içəri.
Kərim müəllim içəri girdi, Zəhranı da, Züleyxanı da, Hamleti də otaqda ayaq üstə durmuş gördü, Şərqiyyə də evdə idi, körpəsinin yanında oturub başını aşağı dikmişdi və deyəsən, yavaş-yavaş ağlayırdı, amma, hər halda, evdəkilərin hamısını beləcə salamat görməyi Kərim müəllimi bir balaca sakitləşdirdi və Kərim müəllim fikirləşdi ki, bəlkə Abdulla ölüb? Amma Nuridə xanımın həmişəki zəhmi nəsə başqa şeydən xəbər verirdi və Nuridə xanım əri ölmüş arvada oxşamırdı.
– Salman avtomobil qəzasına düşüb. – Bunu Nuridə xanım dedi və Şərqiyyə daha da için-için ağlamağa başladı.
– Salman gəlib bəyəm Parisdən? – Bunu da Kərim müəllim soruşdu.
Nuridə xanım zəndlə qardaşının gözlərinin içinə baxdı:
– Bəyəm Parisdə maşın-zad yoxdu?
Nuridə xanım özündən iki yaş kiçik qardaşı ilə həmişə fəxr edirdi və həmişə də Kərim müəllimi əri Abdullaya nümunə gətirirdi, amma hərdən elə olurdu ki, iti və sərt baxışlarını qardaşının da gözlərinin içinə sancırdı və bu zaman Kərim müəllim elə bil ki, öz şagirdlərindən biri olub özünü itirirdi; sonra Nuridə xanım əlində tutduğu teleqramı qardaşına uzatdı və Kərim müəllim teleqramı alıb pəncərənin qabağına keçdi ki, işıq yaxşı düşsün və oxumağa başladı: doğrudan da, teleqramda yazmışdılar ki, Salman Parisdə avtomobil qəzasına düşüb, indi xəstəxanadadı, amma burasını da yazmışdılar ki, həyatı üçün təhlükəli bir şey yoxdur.
– Nə olsun? – dedi Kərim müəllim. – Yazıblar ki, həyatı üçün təhlükə-zad yoxdu. Parisin həkimlərinin əlində Salmanı sağaltmaq su içmək kimi, zad kimi, bir şeydi.
Qəribə idi, bir az bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi. Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə məktub yazırdı. Və Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi, bilmirdi ki, nə eləsin, sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi, çünki yenə də özünü itirmişdi, teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər idmanı yarımçıq kəsildi deyə, narazılıqla eyni sözləri dedi: «Nə olsun? Özləri yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol, Salmanın görmədiyi günlərdi, əvvəlkindən yaxşı düzəldəcəklər onu». Sonra Nuridə xanım yenə səhər idmanını davam etdirdi, amma bu dəfə özü səhər idmanını yarımçıq kəsib təzədən Zəhraya zəng elədi: « – Bir də oxu o teleqramı» – dedi, sonra da tələsik geyinib qardaşıgilə gəldi; indi Kərim müəllim də əvvəlcə eyni sözləri dedi. Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi:
– Dalını oxu.
Kərim müəllim teleqramın ardını oxumağa başladı: yazırdılar ki, Salmanın yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildə ki, Salman qəzaya uğramışdı, həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı, əvvəlcə bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi:
– Həyasızlığa bir bax, e! Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da pul təklif edirlər.
Düzdü, Kərim müəllim bu sözləri dedi, amma burasını da hiss etdi ki, bu sözlər, beləcə hirslənməyi heç kimə təsir etmədi, sonra Kərim müəllimin gözləri balaca taxta çarpayısında uzanmış körpəyə sataşdı: uşağın gözləri açıq idi, amma ağlamırdı və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç nə soruşmadı və Şərqiyyəyə baxdı: Şərqiyyə xısın-xısın ağlayırdı, tez-tez burnunu çəkirdi, amma heç nə demirdi, dinib-danışmırdı və Kərim müəllim fikirləşdi ki, doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyyə də əri kimi qaragün idi.
Nuridə xanım Kərim müəllimin Şərqiyyəyə baxdığını görüb:
– Yox, Şərqiyyə gedə bilməz. – dedi. – Əlində südəmər körpəsi var.
Züleyxa tələsik dedi:
– Hə, Şərqiyyə gedə bilməz. Mən getsəm yaxşıdı, nə lazımdı eləyərəm orda!
Şərqiyyə daha da bərkdən ağladı; ona görə yox ki, Parisə gedə bilmir, südəmər körpəsi var, uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyyə də yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi yöndəmsiz, geyimsiz-kecimsiz, dilsiz-ağızsız bir adama ərə getdiyi üçün öz rəfiqələrindən utanır.
Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına gedib arxasını evdəkilərə çevirdi; Hamlet yaşca Şərqiyyədən də, Züleyxadan da böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü.
Nuridə xanım dedi:
– Böyük olan yerdə kiçik danışmaz. Biz, – Nuridə xanım əli ilə Kərim müəllimi göstərdi – o rəhmətliklərin yanında cınqırımızı çıxarmazdıq.
Nuridə xanım çoxdan vəfat etmiş valideynlərini nəzərdə tuturdu və doğrusu, Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi, xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları kimi yox, Nuridə xanımın misallarındakı, xatirələrindəki kimi təsəvvür edirdi. Züleyxa acıqla bibisinə baxdı, çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən istifadə edib Parisə getmək istəyir.
Hamlet şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və bibisinə baxdı, atasına, anasına baxdı, Züleyxaya, Şərqiyyəyə baxdı, hətta balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə əllərinə baxa-baxa səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla: – Hər yerdə mənim hörmətim var, bircə bu evdən başqa! – dedi, bir balaca qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı.
Kərim müəllim cavanlıq çağlarında teatra gedib «Hamlet»ə baxmışdı və o unudulmaz tamaşanın təsiri ilə yeganə oğlunun adını Hamlet qoymuşdu və indi Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı oğlunun ardınca baxdı, çünki Hamletin yaşı otuz beşi keçmişdi, amma hələ də bir sənət sahibi deyildi, hələ də orta məktəb şagirdi kimi, gələcək üçün cürbəcür planlar qururdu, gah ssenari yazırdı və gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı, gah gedib aeroportda işə düzəlirdi və məşhur gömrükxanaçı olmaq eşqilə yaşamağa başlayırdı, gah da səhərdən axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini oxuyurdu və bu dəfə də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın Hegeldən üstün olduğunu sübut edirdi, filosof olmaq eşqilə yaşamağa başlayırdı.
Nuridə xanım: – Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar.
II
Kərim müəllim o oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı səhifəsinə kimi bütün yazıları oxuyardı və indi də şüşəbənddə oturub qəzet oxuyurdu.
Nuridə xanım səhərdən bəri qardaşıgildə idi və mətbəxdə oturub həm havanın, həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə Zəhraya kömək edirdi.
Züleyxa böyük otaqda, divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi Züleyxaya tramvay parkında birgə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl xətlə yazılmışdı, səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə çəkmişdi. Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə bilmirdi, heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi, çünki dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır. Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim müəllimə inanmışdı və indi də inanırdı; düzdü, Nuridə xanım çıxıb öz evlərinə getmədi, qorxdu ki, getsə, Züleyxa dava-dalaş salar və birdən Paris məsələsi onsuz həll olunar, amma, hər halda, Nuridə xanım öz qardaşına inanırdı və bilirdi ki, əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək.
Abdulla ikinci otaqda oturub mürgüləyirdi və hərdənbir də mizin üstündəki teleqrama baxıb gülümsəyirdi, başını bulayırdı və yenə də əsnəyib mürgüləyirdi. Abdulla dəllək işləyirdi, Nuridə xanımın dördüncü əri idi, amma özündən əvvəlki ərlərdən fərqli olaraq etibarlı çıxmışdı, qaçmamışdı və düz on altı il idi ki, bir yerdə yaşayırdılar. Nuridə xanım evə zəng eləyib Abdullanı çağırmışdı və Abdulla da səhərdən bəri mürgü döyə-döyə günorta yeməyini gözləyirdi və mürgüləyə mürgüləyə də müxtəlif bəhanələr fikirləşirdi ki, günorta yeməyindən sonra buradan çıxıb gedə bilsin, çünki çeşməyinin qabında beş manat pul gizlətmişdi və hərgah buradan çıxıb gedə bilsəydi, bu gün həyat gözəl olacaqdı.
Züleyxa hər dəfə Abdullanın yanından keçəndə çalışırdı ki, nəfəs almasın, çünki həmişə olduğu kimi, yenə də Abdulladan ucuz kişi ətrinin iyi gəlirdi və bu iy gəldikdə oxuduğu hisslərdən, həyəcanlardan, rəngli qələmlərlə çəkilmiş şəkillərdən sonra Züleyxaya çox pis təsir edirdi.
Abdullanın öz biclikləri var idi və bu biclikləri yalnız Nuridə xanım başa düşə bilirdi. Abdulladan ətir iyi ona görə gəlirdi ki, dəllək işləyirdi və dəlləkxananın ətri bədəninə hopurdu, – bu öz yerində – ona görə ki, səhər-səhər, fürsət tapıb içdiyi arağın qoxusunu öldürmək üçün üz-gözünə ətir vururdu. Şərqiyyə şüşəbəndin aşağı başında oturub uşağı əmizdirirdi və uşaq yenə də altı aylıq həyatında birinci dəfə idi ki, belə ciddi idi, ağlamırdı və hər dəfə Kərim müəllimin gözü uşağa sataşanda kişi məəttəl qalırdı.
Həmin avqust günü hava get-gedə qızırdı və günorta Bakıda bir isti var idi, nəfəs almaq mümkün deyildi və birdən-birə dağların başındakı gözəl Şuşa Kərim müəllimin yadına düşdü və Kərim müəllimin təsəvvüründə şimşək çaxdı, göy guruldadı və bir şıdırğı yağış başladı ki, kişinin qəzet tutmuş əli aşağı düşdü, gözləri uzaq bir nöqtəyə zilləndi və Kərim müəllim qəflətən fikirləşdi ki, görəsən, Parisdə də yağış yağır?
Əlbəttə, Kərim müəllim Qərbi Avropanın və o cümlədən də Fransanın iqlim şəraitinə yaxşı bələd idi, amma indi birdən-birə Paris sirli və eyni zamanda, adamın ürəyini qəribə təzə hisslərlə dolduran bir şəhərə çevrilmişdi.
Nuridə xanım dedi ki, xörək hazırdır, Zəhra otaqdakı mizin üstünə qab-qacaq düzməyə başladı və Kərim müəllim də ac idi, amma Kərim müəllim ürəyinin dərinliyində istəmirdi ki, xörək hazır olsun, istəmirdi ki, yığışıb süfrənin arxasında otursunlar, istəmirdi ki, indicə birdən-birə yağmağa başlayan bu şıdırğı yağışın altından çıxsın; Kərim müəllim yaxşı bilirdi ki, evdəki bu sakitlik müvəqqətidi, bilirdi ki, hamının fikri-zikri başqa yerdədi və indi ciddi söhbət başlayacaq. Bu vaxt qapının zəngi çalındı, Hamlet tələsik içəri girdi, bir-bir evdəkilərə baxdı, sonra Abdullaya yaxınlaşıb pıçıltıyla nəsə soruşdu, Abdulla başını buladı, yəni ki, yox, sonra Hamlet də mizin arxasında əyləşdi.
Hamı mizin arxasında idi və yarpaq dolmasını yeməyə başlamışdılar, təkcə uşaq balaca taxta çarpayısında uzanıb əllərini gözlərinin qabağında oynadırdı və təəccüblə əllərinə baxırdı, elə bil ki, əllərinə baxa-baxa dünyanı kəşf eləməyə başlayırdı.
Heç kim heç nə danışmırdı, boşqaba dəyən çəngəl-bıçağın səsi eşidilirdi, Abdulla bir-iki dəfə yavaşdan öskürdü, Züleyxa bir-iki dəfə üzünü yana çevirib havanı üfürdü ki, Abdulladan gələn ətir iyini özündən kənar eləsin; Züleyxa dolmanı yeyirdi, heç nə demirdi, gözləyirdi və o gözəl gündəlikdəki çılğın məhəbbət hissləri aləminə dala bilmirdi, narahat idi.
Hər halda, Nuridə xanım Nuridə xanım idi və sükutu da o pozdu:
– Heyf, Şərqiyyə əliuşaqlıdı... Ana olmağın qayğısı da çoxdu də...
Bu dəfə Züleyxa gizli bir rişxəndlə bibisinə baxdı, çünki Nuridə xanımın əvvəlki ərlərindən hansındansa bir qızı var idi və o qız indi gərək ki, Kazanda yaşayırdı; nə Nuridə xanım, nə də Kərim müəllimgil heç vaxt o qız haqqında heç nə danışmırdılar və o qız da heç vaxt məktub yazmırdı, Bakıya gəlmirdi və ümumiyyətlə, Nuridə xanım da, Kərim müəllimgil də özlərini elə aparırdılar ki, elə bil, dünyada heç o qız olmamışdı; nə isə, o qızın işi bir sirri-xuda idi.
Nuridə xanım sözünə davam elədi:
– Şərqiyyə Parisə gedə bilməz...
– Parisə mən gedəcəyəm! – Bunu Züleyxa dedi.
Şərqiyyənin gözləri doldu, amma, həmişəki kimi, heç nə demədi. Nuridə xanım acıqla Züleyxaya baxdı, sonra da Kərim müəllimə baxdı, yəni ki, nə üçün sözünü demirsən? Əlbəttə, əvvəl-axır son söz Kərim müəllimin idi və mizin arxasında oturanlar bunu yaxşı bilirdi ki, Kərim müəllimin son sözü, həmişəki kimi, Nuridə xanımın xeyrinə olacaq.
Düzdü, Kərim müəllim qəzetləri bir kənara qoyub gəlib mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, amma Kərim müəllim hələ də o şıdırğı yağışın, o qəfil yağışın altından çıxmamışdı və ən qəribəsi bu idi ki, və Kərim müəllim özü də burasını hiss edirdi ki, əslində həmin yağışın altından çıxmaq istəmir; ömründə Kərim müəllimdə belə şey olmamışdı, Kərim müəllim həmişə istini isti kimi qəbul etmişdi, soyuğu da soyuq kimi qəbul etmişdi və heç vaxt yağışa ehtiyac hiss etməmişdi, heç vaxt boş xəyal aləminə qapılmamışdı, amma indi birdən-birə beləcə şimşək çaxdı, beləcə göy guruldadı, beləcə yağış başladı və o yağışın sərini ürəyini beləcə təzə hisslərlə doldurdu. Kərim müəllim ürəyindəki bu təzə hisslərin nə olduğunu, nə dediyini və nə istədiyini bilmirdi, amma bir təzəlik, yenilik hiss edirdi və bu təzəlik eyni zamanda bir qüssə də gətirirdi, ötüb gedən bir ömürdən, həyatın eyniliyindən xəbər verirdi.
Kərim müəllim üzünü arvadına tutdu:
– Sən nə deyirsən?
Kərim müəllimin bu sualı çox gözlənilməz oldu, çünki uzun-uzun illərdən bəri bu evdə adət etmişdilər ki, Zəhra həmişə səhərdən axşama kimi ayaq üstə olsun, xörək bişirsin, qab-qacaq təmizləsin, paltar yusun, yayda mürəbbə bişirsin, sirkəbadımcan qoysun, pal-paltarı naftalinləsin, qışda da xəmir xörəkləri bişirsin və təbii ki, Zəhranın ciddi məsələlərə qarışmağa macalı olmurdu; əslində, Zəhranın ciddi məsələlərə qarışmağa heç həvəsi də yox idi və bu barədə Şərqiyyə anasına çəkmişdi; amma Zəhranın verdiyi cavab Kərim müəllimin sualından da gözlənilməz oldu:
– Vallah, ay Kərim, bəlkə elə mən özüm gedim?
Kərim müəllimin heyrətdən gözləri bərəldi:
– Nə?
– Hə də... Gedib əyin-baş da alıb gətirərəm sizinçün...
Züleyxa özünü saxlaya bilmədi:
– Sənin bəyəm təzə modalardan başın çıxır?
– Niyə çıxmır?
Kərim müəllim bayaqkı heyrətlə:– Sən tək-tənha durub buradan Parisə gedəcəksən? – soruşdu.
– Nolar, ay Kərim, ömrümdə bir dəfə də mən bir yerə gedərəm də...
Nuridə xanım Zəhranın gözlənilməz cavabından sonra indi-indi özünə gəlirdi və acıqla dedi:
– Ömründə bir dəfə niyə? O boyda Nalçikə getməmisən?
Kərim müəllim gözünü arvadından çəkdi.
Doğrudan, görəsən, Parisdə yağış yağır?
Hamlet həyəcanını gizlətməyə çalışa-çalışa evə gələndən bəri ilk dəfə səsini bərkdən çıxardı:
– Siz heç bilirsiniz nə danışırsınız? Paris nədi bəyəm, Maştağaya getməkdi sizinçün? Paris Parisdi e, Paris! Parisə gedən adamın gərək təcrübəsi olsun. Parisə gedən adam gərək indiyə qədər, heç olmasa, bir dəfə xaricə getmiş olsun!
Abdulla səhərdən bəri bütün bu söz-söhbətə fikir vermirdi və təkcə bunu fikirləşirdi ki, nə bəhanə gətirib aradan çıxsın, çeşməyin qutusunu açsın, bu gözəl dünyada sərbəst olsun, azad olsun, bir az boğazını yaşlasın, sonra da gedib qırx il bir yerdə dəlləklik etdikləri Martirosu nərddə udsun, amma Hamletin dediyi sözləri eşidəndə əvvəlcə, elə bil, qulaqlarına inanmadı, sonra gördü ki, Hamletin sözlərindən sonra hamı və o cümlədən Nuridə xanım da təəccüblə ona baxır və sinəsini irəli verib belini dikəltdi, qəflətən bütün vücudunu titrədən həyəcanını gizlətmək istədi; məsələ burasında idi ki, həmin isti avqust günü Kərim müəllimgilin evində, süfrə arxasında əyləşən adamlardan heç biri heç bir vaxt xarici ölkədə olmamışdı və bu sahədə heç bir təcrübəsi olan yox idi, təkcə Abdulla müharibə vaxtı Avstriyanın azad olunmağı uğrunda vuruşmuşdu və bu barədə də özü yox, həmişə Nuridə xanım danışardı.
Əlbəttə, Abdulla heç vaxt gözləməzdi ki, beləcə sayılsın, təcrübəsi beləcə qiymətləndirilsin və Abdulla tamamilə əmin idi ki, Parisə Nuridə xanım gedəcək, qalan sözlər boş söhbətdir və əslində Abdulla ürəyinin gizlinində sevinirdi ki, Nuridə xanım Parisə gedəcək, çünki, heç olmasa, on-on beş gün tək qalacaqdı, on-on beş gün bu fani dünyada azad nəfəs alacaqdı, Bakıda sərbəst yaşayacaqdı. Abdulla özünün Parisə gedəcəyini heç ağlına da gətirmirdi, amma indi səhərdən bəri fikirləşib tapdığı, saf-çürük etdiyi bəhanələr də birdən-birə yadından çıxdı, çeşmək qutusunun içindəki beşlik də yadından çıxdı, növbəti dəfə usta Martirosu nərddə udmaq şövqü də yadından çıxdı və birdən-birə də Abdullanın köksünü bir fərəh hissi doldurdu, çünki özü öz gözlərində ucalmışdı.
Kərim müəllim arvadının gözlənilməz sözlərindən sonra, indi də oğlunun dediklərinə heyrət etdi, oğluna, sonra «içki düşkünü» Abdullaya baxdı, amma təmkinini pozmadı və sakitcə soruşdu:
– Nə demək istəyirsən?
– Demək istəyirəm ki... – Hamlet yavaş-yavaş qızarmağa başladı. – Yaxşı olardı Fəridə getsin!..
– Kim?
– Fəridə!.. Bu sahədə onun təcrübəsi var!.. Keçən il... Keçən il Bolqarıstana turist səfərinə getmişdi!..
Kərim müəllim heç nə başa düşmədi:
– Fəridə kimdi?
Hamlet daha da bərk qızardı. Züleyxa dedi:
– Beş ildi bu, Fəridəni sevir, gecə-gündüz onun dərdindən ah çəkir. Fəridə də buna əl vermir. Indi yəqin bunun qabağına şərt qoyub ki, Parisə getsin!.. Adını da dəyişdirmək istəyir Fəridənin dərdindən...
Kərim müəllim sidq-ürəkdən təəccüb etdi:
– Adını niyə?
– Fəridənin xoşu gəlmir bunun adından!..
Kərim müəllim oğluna baxdı və təkcə: – Malades! – dedi.
Bircə anın içində Abdullanı soyuq tər basmışdı və Abdullanın sinəsindən səssiz bir ah qopmuşdu ki, ay axmaq, bu qədər yaşamısan dünyada, amma hələ də başında ağıl deyilən şey yoxdu, xoruz kimi quyruğunu pırpızlaşdırıb sinəni qabağa vermişdin, bilmirdin ki, dünya fanidir, ömür bivəfa?
Kərim müəllim həmin dəqiqələrdə ömründə heç vaxt olmadığı bir ikilik içində idi: öz evində, hələ atasından qalmış mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, söhbətə rəhbərlik edirdi, eşitdiyi sözlərə heyrət edirdi, amma, eyni zamanda, Kərim müəllim o şıdırğı yağışdan tamam çıxa bilmirdi və əslində çıxmaq istəmirdi, çünki o yağışın sərinində bir təzəlik var idi və bu təzəlik adamı özünə çəkirdi, bu təzəlikdə bir şirinlik var idi.
Uşaqlar məktəbi bitirirlər, dağılıb hərə bir yerə gedir, təzələri məktəbə gəlir və onlar da Kərim müəllimə Köhnə Göy Zənbil deyir.
Kərim müəllim bir-bir Zəhraya, Züleyxaya, Hamletə, Şərqiyyəyə, Nuridə xanıma, bu «içki düşkünü» Abdullaya baxdı və qəflətən fikirləşdi ki, bu adamlardan heç birinin ağlına gəlmədi ki, desin, Parisə sən get və bu qəfil fikir, doğrusu, az qaldı Kərim müəllimi kövrəltsin, amma eybi yox idi, çünki Kərim müəllimin bunların təklifinə ehtiyacı yox idi; sonra Kərim müəllimin gözü balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə də öz əllərinə baxan uşağa sataşdı və yenə təəccüb etdi ki, balam, bu uşaq nə yaman düzəlib belə, səhərdən bəri bir dəfə də olsun ağlamayıb.
Görəsən, Parisdə yağış yağır?
Bu dəfə Kərim müəllimin özünün özünə acığı tutdu: bu nə axmaq sualdı belə, təkrar edirsən? Və Kərim müəllim silkinib o şıdırğı yağışın altından çıxdı, avqust gününün istisinə qayıtdı, yenə də həmişəki Kərim müəllim oldu. Şərqiyyə bütün günü birinci dəfə ağzını açıb nəsə demək istədi:
– Görəsən, Salman yazıq...
Kərim müəllim acıqla qızının sözünü kəsdi:
– Nə Salman-Salman salmısan? Salmanın nə dəxli var bura?
Sonra da Kərim müəllim qəti sözünü dedi:
– Parisə mən özüm gedəcəyəm!
Hamlet yerindən sıçradı:
– Axı, mən... Axı, mən... Axı, mən Fəridəyə söz vermişəm!
Kərim müəllim altdan-yuxarı oğluna baxdı və yalnız əlini havada yelləməklə kifayətləndi və: – Ay-hay!.. – dedi.
Əvvəlki ərləri, Kərim müəllimgil, adi tanışlar, bir sözlə, dünyada heç kim heç vaxt Nuridə xanımın ağlamağını görməmişdi, amma indi birdən-birə Nuridə xanımın gözləri doldu və dodaqları səyriyə-səyriyə: – Axı, sən, onsuz da, bütün dünyaya bələdsən... – dedi.
Kərim müəllim çalışdı ki, bacısının üzünə baxmasın və dedi:
– Bir var bilmək, bir də var gözünlə görmək.
Nuridə xanım daha heç nə demədi, gözlərindən iki damla yaş giləsi diyirlənib sifəti ilə axdı – deyəsən, daha qocalırdı – və ayağa qalxıb Kərim müəllimgildən çıxdı. Abdulla da ayağa qalxıb Kərim müəllimə baxdı, çiynini çəkdi və Nuridə xanımın ardınca mənzildən çıxdı.
Kərim müəllim başa düşdü ki, Nuridə xanım bir də bu evə ayaq basmayacaq. Hamlet yenə də bir-bir atasına, anasına, bacılarına baxdı və yanıb yaxıla-yaxıla soruşdu:
– Mən... Bəs mən... Bəs mən Fəridəyə nə deyim?
Züleyxa: – Get de ki, axmağın böyüyüyəm! – dedi və böyük otağa keçdi.
III
Həmin avqust günü axşamçağı idi. Kərim müəllim şüşəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən durub bazara, dükana yox, əlaqədar idarələrə getməlidir ki, Paris səfərinin kağız-kuğaz işlərini həll etsin və məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət, doğrusu, Kərim müəllimin xoşuna gəlirdi.
Zəhra mətbəxdə qabları yuyurdu və yuya-yuya da fikirləşirdi ki, səhər durub halva çalmaq lazımdı və kişinin yoluna halva qoymaq lazımdı, çünki halva elə şeydi ki, heç vaxt xarab olmur, özü də adam doyuzduran şeydi, yoxsa ki, qərib ölkədi, nə bilirsən nə verəcəklər yeməyə, deyirlər ki, Fransada ilbiz yeyirlər, hələ deyirlər ki, eşşək əti də yeyirlər.
Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını götürəcək və ümumiyyətlə, bu evdən biryolluq gedəcək, amma hamı yaxşı bilirdi ki, bir azdan Hamlet gəlib mətbəxdə oturacaqdı və axşam yeməyini yeyəcəkdi, çünki Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı. Züleyxa yenə də böyük otaqda, divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və indi tamamilə həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi və o yerdə ki, Züleyxa səliqə ilə gündəliyin səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı, çünki rəfiqəsi sevdiyi o vəfasız oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin məhəbbətin sonuncu yadigarı idi.
Şərqiyyə bayaq yarpaq dolması yedikləri mizin üstünə şal salıb uşağın əsgilərini ütüləyirdi.
Uşaq balaca taxta çarpayısında uzanmışdı və yenə də əllərini gözlərinin qabağında oynadırdı. Bu vaxt qapının zəngi çalındı. Kərim müəllim gəlib qapını açdı.
Poçtalyon idi, Kərim müəllimə teleqram verdi və kağızına qol çəkdirib getdi. Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu. Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu.
Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və Kərim müəllimdən heç nə soruşmadı, teleqramı alıb özü oxudu və dedi:
– Axmaq Salman! Mən onun yerinə olsaydım, indi hamınızı gətirtmişdim Parisə!
Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi ki, Parisə Nuridə getsin, amma qanadına baxmamışdı ki, nə biləydi, axırı belə olacaq; sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı. Uşaq gözlərinin qabağında oynatdığı əllərinə baxırdı, sonra Kərim müəllimə baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı. Kərim müəllim qalın qaşlarını çatdı: – Hə, başladı yenə çığırmağa... – dedi.
Züleyxa: – Etiraz edir də! – dedi.
Kərim müəllim qalın qaşlarını çatdı:
– Nə etiraz? Kimə etiraz edir?
Züleyxa: – Elə bizim hamımıza! – dedi. Sonra güldü: – Protest eləyir bizə! – Sonra da böyük otağa qayıtdı ki, o nakam məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə də tamaşa eləsin.
Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi, gəlib pəncərənin qabağında dayandı və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və nərd oynayırdılar və xəbərləri yox idi ki, bu gün səhərin gözü açılmamış sanitarlar bu bağdan neçə sahibsiz it apardılar, sonra Kərim müəllimin yadına düşdü ki, şəhər Sovetinə məktub yazmalıdır və bu günün işini sabaha qoymaq lazım deyil; qələm-kağız götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı və Kərim müəllimin fikirlərini dağıdırdı.
Uşağı kiritmək mümkün olmadı, gecə yorulub yatana qədər ağladı.
Avqust, 1983. Şüvəlan.
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – Ümummilli liderin mütaliəyə münasibəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
4.
ÜMUMMİLLİ LİDERİN MÜTALİƏYƏ MÜNASİBƏTİ
Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və mütaliəyə həmişə böyük dəyər vermişdir.
Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə
yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.
Ümummilli liderimiz hətta M.F.Axundov adına Milli Kitabxanamızın fondunun yeni ədəbiyyatla necə komplektləşdirilməsi ilə də maraqlanmış, bu işin çox vacib olmasını söyləmişdir. Ulu öndər kitabxanaya çox az sayda yeni
ədəbiyyatın daxil olduğunu görərək demişdir: “Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya
dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni nəşrlərlə təmin olunsun”.
Eyni zamanda bunu nəzərə alaraq Heydər Əliyev öz şəxsi kitabxanasından 300 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya
hədiyyə etmişdir.
Heydər Əliyev deyirdi: “Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara bocluyuq. Həm kitabları yazıb yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram”.
Ulu Öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq
və bir sıra xarici jurnalistlərin ona verdikləri “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz və bu qabiliyyət Sizdə haradandır?” sualına Heydər Əliyev cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır. Doğrudan da ulu öndərin oxuduğu kitablara, onların geniş tematikasına və həmin kitabların içərisində aparılan qeydlərə nəzər yetirərkən dahi şəxsiyyətin bu fikrinə tam əmin olursan. Yaxşı bir deyim var: “Nə oxuduğunu de, mən deyim sən kimsən”. Bu deyim kitabın, mütaliənin Ulu Öndərin həyatında oynadığı rola əyani misal ola bilər.
Heydər Əliyev müxtəlif çıxış, nitq və məruzələrində hər zaman Azərbaycanın və türk dünyasının görkəmli ədiblərinin, yazıçı və şairlərinin, alim və ictimai fikir sahiblərinin, maarifpərvər ziyalıların ölkəmiz, xalqımız, türk dünyası və ümumilikdə bəşər mədəniyyəti üçün bəxş etdiyi töhfələrdən danışaraq İbn Sina, N.Tusi, Firdovsi, Nizami, Nəvai, Y.Əmrə, Məhtimqulu, Abay, M.Kaşğari, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ü.Hacıbəyov, H.Cavid, S.Vurğun, Homer, Şekspir, Puşkin kimi məşhur ədiblərin əsərlərini mütaliə etməyi, yaşatmağı gənc nəslə tövsiyə edib. Müxtəlif müsahibələrində ən çox sevdiyi şeirin Səməd Vurğunun “Azərbaycan” şeiri, ən çox sevdiyi şairin Məhəmmədhüseyn Şəhriyar, ən çox sevdiyi pyesin Cəlil Məmmədquluzadənin “Ölülər”pyesi, ən çox sevdiyi dramaturqun Hüseyn Cavid, ən çox sevdiyi jurnalın isə “Molla Nəsrəddin” olduğunu bildirib.
Növbəti: 5.Azərbaycan Prezidentinin kitaba münasibəti
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)
Təmiz qəlbin mükafatı - SAFLIĞIN NAMİNƏ!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
1-ci hissə
1 ay sonra... Saatın çalması ilə yuxudan ayılıb yuyunmaq üçün hamama daxil oldu. Duş qəbul edib mətbəxə keçdi və anasının hər səhər erkəndən oyanıb hazırladığı təamları evinin günəşi ilə söhbət edə- edə yeməyə başladı.
-Mənim baş tacım bu gün özünü necə hiss edir?- üzünü anasına tutub sual verdi.
-Bizi Yaradana şükür yaraşıqlı oğlum.
Bir xeyli söhbət etdilər. Afiq yeməyini bitirib yataq otağına keçdi. Dünəndən seçib kənara qoyduğu qara kostyumu əyninə geyindi. Ağ köynəyin üzərindən ona yaraşan qara cizgili qalstuk taxıb dəsti tamamladı. Aynada özünə baxıb saçlarını daradı, Məkkədən gətirilən, namaz qılarkən istifadə etdiyi ətiri boynuna, biləyinə və üzünə sürüb işə getmək üçün otağın qapısına tərəf yönəldi. Qapını açıb zala keçdi və oradan anasını səsləyib – Anacan, işə gedirəm bir sözün, məndən hər hansı bir istəyin varmı?, - deyə soruşdu. Mətbəxdən şirin ləhcəli, Allah’ın övlada bəxş etdiyi ən gözəl nemətlərdən biri olan anasının səsi eşidildi- Nə zaman qayıdarsan ananın gül balası?
O, hər zaman Afiq belə əzizləyərdi – 9 ay əzab-əziyyətlə bətnində böyüdüb qucağına aldığı o gündən 26 yaşına kimi.
Oğlu gülümsədi və tez də cavab verdi – Bakıya xas tıxacı da nəzərə alsaq, saat 7-də yəqin ki. Alınacaq nə isə lazım olsa zəng edərsən sultanım – deyib ona tərəf əyildi. MasaAllah, idmançılara xas boya malik idi. Allah vergisi idi bu ona. 3 ilə yaxın voleybol və basketbolla məşğul olması da boyunu uzatmıştı. Anasının boynundan və üzündən öpdü, hər zamanki kimi halallıq alıb qapıdan çıxdı. Yol qapısını açıb küçədə saxladığı Volkswagen markalı avtomobilinə əyləşib açarı çevirdi, hərəkətə gəlib evi arxasında qoydu və birbaş işlədiyi Socar Neft şirkətinə sürdü.
2-ci hissə
Afiq evin ikinci övladı idi. Orta təbəqəli bir ailədə dünyaya göz açmışdı. Valideynləri müəllim işləyirdi. Anası orta məktəbdə fizika, atası isə universitetdə iqtisadiyyat fənnini tədris edirdi. Özündən böyük bacısı Nuricahan da təzəlikcə ailə qurmuşdu. Ömür yoldaşı Almaniyada təhsil aldığı müddətdə orada özünə iş qurduğu üçün evlənib xaricə köçdülər. Qardaşının yaxın dostu olduğu üçün evlərinə gəlmişdi Namiq. İlk dəfə həmin gün tanış olmuşdu bu iki gənc. O gündən bəri bir- birlərini sevməyə başlamış və iki ay sonra üzük taxıb, 10 gün sonra isə ailə həyatı qurmuşdular.
Zərifə xanım qız övladından sonra Afiqi də evləndirib, onun da xoşbəxt günlərini görmək istəyirdi. Ona görə də özü üçün gəlin də axtarırdı. Anasına elə gəlirdi ki, oğlu könül işlərinə vaxt ayırmır, ancaq şirkətin işləri ilə məşğul olurdu. Afiq şirkətdə rəhbər müavini olaraq çalışırdı. Savadı, bacarığı, cana yaxınlığı ilə hər kəsin rəğbətini qazanmışdı, ən çox da qızların. Şirkətdə çox qız ona qəlbində yer ayırmışdı. Amma o, qızlara dönüb baxmırdı. Bəlkə də baxmaq istəmirdi, qəlbində illər əvvəl yaranan yanğı hissinə görə...
3-cü hissə
2014-cü il 21 iyun ... 11ci sinifi bitirirdi bu il. Sinif yoldaşları ilə birgə restoranda yer ayırıb məzun gününü qeyd etmişdilər. Məclis bitib hər kəs evinə yollanırdı, elə Afiq də. Birdən nə isə xatırladısa tanışının evinə getməli oldu ilk öncə. Dostu dənizin yaxınlığında yerləşən bir binada yaşayırdı. Fikirli halda avtobusdan enib aşağıya doğru irəlilədi. Yanğılı ağlama səsi eşidib ayaq saxladı. Kim isə hönkürtü ilə ağlayıb göz yaşı tökürdü. Başını səs gələn tərəfə çevirəndə dəhşətə gəldi. Qız bardyorları aşıb digər tərəfə keçmişdi. İlk ağlına gələn onun intihar etməsi oldu. Qabağa gedib qızı səslədi. Üzünü çevirəndə oğlanı görən Asnifat həyacanlandı, ağlamasını kəsib danışmağa başladı:
—Sən kimsən?
Qız utandı qeyri ixtiyari “sən” deyə müraciətindən.
—Adım Afiqdi- oğlan cavab verdi- Sizə nə olub?
Bu dəfə o, sual ünvanladı qarşısında dayanan bu kədərli qıza.
—Yaşamaq istəmirəm daha, bezmişəm həyatımdan.
Onunla üz-üzə dayanan bu cavan gənc bir an duruxdu. Nə edəcəyini, qızı necə bu intihar fikrindən döndərəcəyini düşündü. O bilirdi ki intihar heç vaxt çıxış yolu olmayıb. Ağlı kəsəndən namaz qılırdı, Rəbb’inə bağlı bir gənc idi. Hər intihar hadisəsi eşidəndə də pis olurdu. İnsanların canına qıyması ona görə heç vaxt çıxış yolu deyildi. Səbr etməliydi insan hər çətinliyə rəğmən. Axı bu dünya həm şirin həm də acı günləri ilə bir imtahan dünyası idi. Bilirdi ki, Allah verən canı yenə Allah alar.
Birdən qızın səsi onu düşüncələrdən ayırdı.
—Gedin buradan, məni tək qoyun.
—Baxın, intihar etməklə siz heç bir şey qazanmayacaqsınız. Əksinə bu geri dönüşü olmayan bir yola sürükləyər sizi.
—Yaşamaq mənasızdır. Məni bu həyata bağlayacaq heç bir səbəb yoxdur.
—Gəlin dərdiniz nədirsə birlikdə çıxış yolu tapaq.
Qız yenə də razılaşmadı, oğlandan onu narahat etməməsini istədi. Amma Afiqin onu intiharın eşiyində qoymaq fikri yox idi. Onunla danışıb bu yoldan dönməsi üçün çalışacaqdı.
İlk öncə adını soruşdu qara saçlı, xumar gözlü qızdan.
—Asnifat- qız cavab verdi.
—Kimsən, kimlərdənsən?
Afiqin sualı qızı deyəsən kövrəltdi.
—Əslən Qusarlıyam. Burda doğulub – böyümüşəm. Atam Qayınbəy burda alverçi işləyirdi. Anam isə evdar qadın idi. Bir gün qapı çalındı. Anam yaxınlaşıb açdı, kiminləsə nə isə danışırdı, daha doğrusu çöldəki şəxs danışırdı o, isə dinləyirdi. Birdən anamın ağlama səsini eşitdim. Otaqdan çıxıb ona tərəf getdim. Əyilib başını sığalladım. Anacan niyə ağlayırsan?- deyə soruşanda aldığım cavab məni elə bil dağdan aşağı tulladı. Atamı pul üstündə ürəyindən bıçaqlayıb öldürmüşdülər. Borc verəndə insan yaxşı amma pulunu istəyəndə pis olur? Başa düşə bilmirəm insanların pis niyyətli xislətini. Dünyada necə də vicdansız insanlar yaşayır.
Gözləri doldu. Amma nədənsə ağlamadı. Bəlkə də vaxtında çox ağladığı üçün.
-Allah böyükdür, səbr edin – deyib Afiq onu sakitləşdirməyə çalışdı.
İllərdir qəlbində özünə yük etdiyi, ona mənəvi əzab verən dərdləri azaldı sanki qızın. Sakitləşdi az da olsa.
-Allah Nisə surəsi 29-cu ayədə “özünüzü öldürməyin” buyurub – Afiq bu dəfə basqa bir yolla onu xilas etmək istədi.
Ruhən rahata qovuşmuşdu, odur ki Afiqin son cümləsi bayaqdan bəri yanlış yolda olan Asnifatın doğru yolu tapmasında rəhbər oldu.
Dünyada yaşayarkən insanlar çətinliklər ilə mübarizə aparırlar. İstər-istəməz mənəvi yorğunluq onları taqətdən salır. Bəzən birinə öz çətinliklərini danışdıqda ruhun sakitləşir. Qarşı tərəfin verdiyi məsləhətlər insanı dərd burulğanından çəkib çıxarır.
İndi eyni ilə gəncin Asnifata qayğı göstərməsi, qızın mənfi düşüncələr dumanlığını yarıb, onu ordan çəkib çıxarmışdı. Asnifat bardyorları keçib, intihar fikrindən əl çəkdi. Aşağıya enib oğlana yaxınlaşdı.
—Düz deyirsiniz. Bu yola necə ağıl qoydum, özüm də bilmirəm. Bəlkə də yaşadığım çətin günlərdən qurtulmaq istədim.
Qızın şirin ləhcəsi oğlana xoş gəldi.
- Nə üçün intihar edirdin?- bayaqdan diqqətini qızdan ayırmayan Afiq soruşdu.
- Atamın ölümündən sonra mənə anam baxıb böyütdü, əziyyətimi çəkdi. Yeri gəldi atalıq etdi. Çox çətinlik çəkdik o zamanlar. Amma yenə də üzümüz gülürdü, çünki birlikdə idik. Bir-birimizə dayaq olurduq. İndi isə...
Dözməyib ağlamağa başladı.
Oğlan qızın anasını da itirdiyini başa düşmüş kimi – Allah rəhmət eləsin - dedi sakit, bir az da kövrək səslə.
-Allah razı olsun -deyib danışmağa davam etdi Asnifat. -Anamı xəstəlikdən itirdikdən sonra mənə ana tərəfim baxdı. Atam evin tək övladı idi, ona görə əmidən, bibidən bir qohumun yox idi. Nənəm və babam da hələ atamın sağlığında ikən vəfat etmişdilər. Anamı torpağa dəfn etdikdən sonra dayım məni yanına apardı. 1 ilə yaxın onlarla birlikdə qaldım. İlk başlar mənə yaxşı baxırdılar, üstümdə titrəyirdilər. Amma sonralar hərəkətlərində, sözlərində özümə qarşı soyuqluq hiss etdim. Öyrəndim ki dayımın işləri yaxşı getmirmiş. Pul baxımdan sıxıntı çəkirdilər. Özləri, uşaqların xərci, üstəlik mənim də xərcim olanda ehtiyacları qarşılaya bilmirdilər. Bu vəziyyət bir neçə gün daha çəkdi. Dayım qərara gəldi ki, məni xalamın yanına aparsın, bir az da o baxsın deyə düşünmüşdü. Elə də oldu. Mən xalamgilin yanına köçdüm. Orada da mənə yaxşı baxdılar bir müddət, amma sonra... Sonra hazırlıq xərclərim də oldu və xalamgilin üzərinə daha çox yük düşdü. Dayım və xalamdan başqa qohumum yox idi daha. Ona görə də uşaq evinə göndərməli oldular, daha baxa bilmirdilər mənə. Onları da qınamıram öz övladlarınınmı qayğısına qalsınlar, mənimmi, bilmirdilər.
-Bu il uşaq evindən də buraxılacaqsan, bəs sonra harada qalacan?
Afiq sualı verəndə qızın üzünə yox, dənizə baxırdı. Nə isə fikirləşirdi elə bil.
- Qalmağa heç bir yerim yoxdu daha, ona görə də bu yolu seçdim, başqa bir yol görmədim, daha doğrusu artıq mübarizə aparmaq istəmədim həyatda. İntihar o vaxt mənə çıxış yolu kimi göründü. Amma sənin sözlərin məni elə bil yuxudan ayıltdı, doğru yolu göstərdi.
İkisi də daha danışmadı. Bir neçə dəqiqə belə səssiz oturdular. Afiqin – durun gedək- deməsi ilə aradakı sükut pozuldu
-Haraya?
Sual anidən çıxdı Asnifatın iki dodağının arasından.
Durub söhbətlərinə davam edərək yola düzəldilər.
-Mənim xalam tək yaşayır. Onun yanına gedək, bəlkə razı olar onunla qalmağına. İstəyərsənmi ?
-Qız əvvəl tərəddüd etdi oğlanın bu təklifi ilə razılaşmağa. Amma başqa bir qalacaq yeri də yox idi. Ona görə də təklifi qəbul etdi
Bir müddət yol gedib xalasının evinə çatdılar. Bloka daxil olub pilləkənləri qalxdılar. Ayaq saxlayıb dayandılar. Artıq evin qapısına çatmışdılar. Afiq qapını döydü. Evdən – gəldim, gəldim xalasının quzusu – deyə səsləndi ev sahibəsi. Qapı arxasında dayanan gənclər gülüşdülər. Buraya gəlməzdən qabaq Afiq xalasına zəng edib gəlmələri barədə xəbər vermişdi. Xədicə xala evdə tək yaşayırdı. Ailə qurmamışdı. Ana, atasını da 1 il aralığı ilə itirmişdi. Qapını açıb üzündə gülüş uşaqları qarşıladı.
-Gəlin içəri -deyib onları evə dəvət etdi. Gənclər dar kolidordan keçib zala daxil oldular, göstərilən yerdə əyləşdilər. Ev sahibəsi qonaqlara göz gəzdirib üzünü Afiqə tutdu:
-Telefonda vacib bir məsələ var deyirdin, gecənin bu vaxtı vacib olan nədir belə? Həə... Bir də bu xanım qızımız kimdi? Tanış eləmədin bizi - dedi gülümsəyərək.
-Yerini rahatlayıb – Asnifatdır adı - dedi - əli ilə xanımı göstərərək.
-Həə... Gözəl qızdır.
-Xalacan bu xanımla dəniz kənarında tanış olduq. Ana və atası vəfat edib. Uşaq evində qalırdı, amma 18 yaşı tamam olduğu üçün oradan çıxarılacaq. Qalmağa da başqa yeri yoxdur
-Allah rəhmət eləsin qızım. Bəs qohumların yoxdurmu?
-Allah razı olsun – dedi qız titrək səslə. Amma digər suala cavab verə bilməyib başını aşağı dikdi.
Onu belə görən gənc - Gəl, xala, biz çöldə bir az söhbət edək, - dedi.
Ayağa qalxıb mətbəxə keçdilər. Oğlan qızın danışığını xalasına nəql etdi.
-Ağlıma sən gəldin qala biləcəyi yer olaraq. Sənə də uyğun olarmı?
Xədicə xala bu evdə tək qalırdı. Bir az düşünüb “niyə də olmasın” deyə başını yuxarı-aşağı tərpətdi. Oğlan sevindiyindən xalasını elə qucaqladı ki, az qala boğulacaqdı ev sahibəsi. Zala keçdilər. Üzünü qıza çevirib – yeni evin xeyirli olsun in şə Allah - dedi Afiq.
Asnifat əvvəl duruxdu, daha sonra nə demək istədiyini başa düşər kimi təşəkkür etdi gəncə.
-Allah razı olsun sizdən, etdiyiniz yaxşılıq bir gün qarşınıza çıxsın in şə Allah.
- Cümləmizdən, -Afiq təşəkkürünü qəbul etdi. Daha sonra hər ikisi ilə də sağollaşıb qapıdan çıxdı və birbaş evə yollandı. Saatına baxdı, artıq yeni bir günün başlanmasına az qalırdı. Kitabı almağa gedə bilməzdi, gec idi daha. Düşüncələr içində yola qoyuldu evinə tərəf, deyəsən yenicə tanış olduğu qız haqqında nə isə fikirləşirdi. Özünü öldürmək istədiyi anları xatırladı. Nə yaxşı ki, o yoldan keçdi, qızı gördü. Gördü və xilas etdi oğru dalğaların pəncəsindən bu Allah bəndəsini. Şükür etdi Allah'a, onu bu səhvdən döndərmək də kömək etdiyi üçün. Qızın balaca, güldükdə daha da balacalaşan şirin gözləri, kədərli üzü gəldi ağlına, özü də kədərləndi əlində olmadan. Xanımın hekayəsi ona pis təsir etmişdi. Qismət... Heç kəs həyata nə zaman əlvida deyəcək bilmir, hər şeydən xəbərdar olan, əzəli və əbədi var olan Allah’dan başqa. Sözsüz ki Yaradan nə etsə gözəl eylər.
Bir anlıq fikri yayındı, qəhvəyi rəngli, üzərində üç rəngli bayrağın olduğu qapıya çatanda dayandı. Gəlib çatmışdı evə, amma yaman gecikmişdi. Böyükləri danlamasa yaxşı idi, əsas da anası. Vaxtında evdə olmayanda narahat olurdu oğlu üçün. Çox oğulcanlı idi çox. Amma necə olmuşdusa oğlunun bir qızın dərdindən qəlbinin yandığının fərqinə varmamışdı. Bəlkə də Afiq dərdini yalnız Rəbb'inə danışdığı üçün idi, anasının məsələni bilməməsi. Sözsüz ki Allah'dan başqa, dərdinə dərman ola bilməzdi kimsə. Çox çətinlik çəkmişdi Afiq o vaxtlar, ağlayıb göz yaşı tökmüşdü xəlvəti yerlərə çəkilib. İndi xatırlayanda da gözündən yaşlar tökülür. Əsgərlikdən qayıdandan sonra daha görməmişdi onu, elə bil qeybə çəkilmişdi qız. Xidmətə yollanmazdan bir həftə əvvəl qıza sevgisini etiraf etmiş və ondan da özünə qarşı eyni sözləri eşitmişdi. Bəs nə baş vermişdi ki sevdiyi qız onu gözləməmişdi 18 aylıq yoxluğunda. Bu sualın cavabını ilk əvvəl bilmirdi, öyrənəndə isə canı yanmışdı eşitdikləri qarşısında. Eşitmişdi ki, qarşısına pullu bir oğlan çıxıb, onu bəyənib ailə qurub. Afiq onun ardınca heç vaxt pis söz danışmamışdı, şikayət etməmişdi Rəbb’inə ondan. Yaraşıqlı bir gənc idi, bəlkə də qəlbinin gözəlliyi idi üzünə vuran. Amma Asnifatdan sonra heç bir qıza o gözlə baxmamışdı. Qorxurdu yenə eyni şeyləri yaşamaqdan. Xidmətdən sonra ali məktəbə hazırlaşdı. Əziyyətin qarşılığında qəbul oldu ADNSU- ya. Yaxşı oxudu, savadlı bir gənc olaraq yetişdi. Universitetdən sonra da SOCAR neft şirkətində işə başladı. Həmişəki kimi yenə yoldaşlarının, rəhbərinin gözündə yüksəldi, amma heç vaxt qazandığı nailiyyətlərə görə özünü heç kəsdən üstün görmədi, qürrələnmədi özündən aşağı vəzifələrdə çalışan insanların yanında. Sadəlövh idi. Bilirdi ki onu bu mərtəbəyə ucaldan Rəbb'i istəsəydi qaldırdığı yerdən aşağı da endirərdi. Elə bəlkə də bu gözəl xüsusiyyətlərinə görə də Allah qarşısına özü kimi ibadət əhlindən olan bir xanım çıxardı. Bu qız həqiqətən gözəl idi, qəlbinin gözəlliyi üzünə yansıyırdı. Zeynəbi ilk əvvəl xəstəxanada görmüşdü. Bir gün təzyiqini ölçdürmək üçün xəstəxanaya getmişdi. Qanının çox aşağı olduğunu demiş, elə indi qan vurmaq lazim gəldiyini bildirib çarpayıda uzanmasını göstəriş vermişdilər. Amma xəstəxanada ona uyğun olan qan bitmişdi. Tibb bacısı qanın bitdiyini öyrənən vaxt bir qız yaxınlaşıb qanını verə biləcəyini demişdi. Həmin xanım tibb bacısından lazım olan qanın 1 ( 0 RH + ) olduğunu eşitmişdi. Qanı Zeynəbdən Afiqin olduğu otaqda, onun yatdığı çarpayının bir qədər uzağındakı yataqda uzandırıb almışdılar. Elə o gün bir-birinin adını öyrənmiş, amma daha sonra qarşılaşmamışdılar. Ta ki Zeynəbi rəhbərinin – Sərdar bəyin yanında görənə qədər. Onda bir- birlərinə Salam vermişdilər. Bu qarşılaşmadan ilk dəfə tanış olmadıqlarını aydınca duymuşdu şirkət müdiri. Afiq rəhbəri üçün digər işçilərdən fərqli idi. Onu özünə müavin seçəndə bunu bir daha Sərdar bəy də qeyd etmişdi. Zeynəb onun yeganə övladı idi, həm də Allah tərəfindən illər sonra onlara bəxş edilmişdi. Qızını böyütmüş, gözəl tərbiyə vermiş, mərhəmətli olmağı öyrətmişdi. Əsas olan da bu xüsusiyyətlər idi. Oxumuş, ali təhsilli biri olaraq yetişmişdi Zeynəb. Böyüdükcə dini ilə maraqlanmış, namaz qılmağa başlamışdı. Universitetə qəbul olanda özünün istəyi ilə hicaba keçmişdi. 24 yaşı yenicə tamam olmuşdu. Ata, anasının indi arzusu övladlarını halal süd əmmiş bir oğlanla evləndirmək, onun xoşbəxtliyini görmək idi. Yanında işlədiyi bu müddət ərzində Sərdar bəy Afiqdən razı qalmışdı. Qızının da belə bir oğlanla- elə bəlkə də Afiq ilə ailə qurmasını istəyirdi. Amma bu barədə qızına heçnə demədi, özünün bir istədiyi olar da deməz deyə. İstəyirdi ki qızı öz sevdiyi ilə ailə qursun, xoşbəxt olsun. Amma bilmirdi ki Zeynəbin də könlündə olan elə Afiqdi. Bir axşam süfrə başında olanda qızı gözünə narahat göründü. Sanki nə isə sözü var idi amma deməyə çəkinirdi. Dözməyib sual verdi:
-Nə olub mənim gözəl qızıma? Nəsə bir sözün varmı mənə? Varsa de, çəkinmə.
Qız bir az ürəklənib sözə başladı.
-Atacan məni böyütdün, oxutdun, həmişə səndən istədiklərimi etməyə çalışdın. Mənim səndən bir istəyim daha var- dedi və susdu. Deyəsən utandı deyəcəyi sözə görə. Ana, atası hiss etdi sanki qızlarının nə demək istədiyini.
-Bir sevdiyinmi var qızım? -atası sual verdi.
-Atasının üzünə baxmadan bəli – dedi. Kim olduğunu soruşdu anası sevincək halda.
-Adı Afiqdi. Amma inanın ki çox yaxşı biridir. Tanısanız siz də ondan razı qalarsız.
Kim olduğunu soruşdu atası qızından? Ürəyində dua etdi – onun düşündüyü Afiq olması üçün.
-Sənin yanında müavin işləyir.
Atası şükür etdi, amma yalnız Allah və o, eşitdi bu şükrü, çünki insanların eşidə bilməyəcəyi bir səslə etmişdi şükrünü. Üzünü qızına tutub sözə başladı:
-Həə, bəs nə vaxt gəlirlər səni bizdən istəməyə?
Yoldaşı və qızı heyrətləndi atanın bu sözündən.
Yoldaşı ona baxıb- səndən nə əcəb tez razılaşdın qızını bu oğlanla evləndirməyə. Bir çağırardıq, tanıyardıq daha sonra qərar verərdik,- dedi.
Sərdar bəy stolu çəkib, ayağa qalxaraq – onu çox yaxşı tanıyıram əzizim, mən ondan razıyam Allah da razı olsun. Amin - dedi. - Yoxsa qızımı tanımadığım birinə verərdim mi?
Ana-qız başını yelledilər.
Səhəri gün Afiq, ana və atası qızın evinə yollandılar. İstəmə mərasimi oldu. Elə həmin gün üzüklər də taxıldı. Artıq yay fəsli gəlirdi. Razılaşdılar ki gələn ay toyu etsinlər. Daha sonra süfrə arxasında əyləşib yemək yedilər. Valideynlərin üzü gülürdü. Elə bu günün səbəbkarı olan iki gəncin də…
4-cü hissə
Günəş parlaq şüalarını yavaş- yavaş səmadan geri çəkirdi. Saat 6-ya az qalırdı. İş saatı bir azdan bitəcəkdi. Əlində qalan son işlərini təhvil verib otaqdan çıxdı. Asta – asta pilləkənləri düşüb, şirkətin qapısına yaxınlaşdı. Artıq qapıdan çıxmağa bir addım qalmış kimsə arxadan adını səslədi. Ayaq saxlayıb səs gələn tərəfə döndü. Bu, şirkətdə onun ən əziz dostlarından – Ülvi idi.
- Salam dostum – dedi ona çatanda – necəsən əziz insan ?
- Allah’ın salamı üzərinə olsun Ülvican. Şükür Yaradana. Bəs sən?
- Həmd olsun Allah’a. Toy hazırlıqları necə gedir?
Ülvinin səsində mehribanlıq var idi. Afiq və Ülvi şirkətdə ən çalışqan işçilərdəndi. Amma Afiqin savadı ondan bir az da üstün idi. O, rəhbər müavini təyin olunanda nəinki onlar arasında bir soyuqluq oldu, əksinə onun bu mərtəbəyə yüksəlməsində ən çox sevinənlərdən biri də Ülvi idi. O keçmiş günlər gəldi Ülvinin ağlına, amma qısa çəkdi. Afiqin səsi onu xəyaldan ayırdı.
- Şükür Allah’a, yaxşıdır. Həll edirik yavaş – yavaş.
- Həə... Əziz dostum Allah səni xoşbəxtlərin xoşbəxti etsin in şə Allah Amin. Sən buna layiqsən.
- Var ol gözəl insan. Sənə qismət- dedi əlini kürəyinə qoyaraq-bəs sən nə zaman subaylığa son qoyursan?, - soruşdu.
-Çox yaxında anamı gəlini ilə tanış edəcəm. Görək baş tacım bəyənəcəkmi gəlinini... Maşınların dayandığı boş sahəyə gəlib çatdılar söhbət edə-edə. Bura şirkətin arxa tərəfində yerləşirdi, yola yaxın yerləşdiyi üçün bəzi insanlar maşınlarını burda saxlayırdı. Şirkət 3 mərtəbəlidir, 1-ci mərtəbəsi boş bir sahədi və çöldə içəriyə girişə nəzarət edən iki polis işçisi dayanırdı. Gələnlərin sənədlərinə baxır, sonra içəri buraxırdılar. İçəri daxil olub maşını saxlayır, daha sonra liftlə ikinci mərtəbəyə qalxırdı şirkət işçiləri. Afiq Volkswagenin qapısını açıb sükanın arxasında əyləşdi. Ülvi ilə sağollaşıb açarı çevirdi və bir az sonra onu arxada qoyub yola çıxdı, bu gün onu gözləyən sürprizlərdən xəbərsiz...
5-ci hissə
Maşın orta sürətlə yolda şütüyürdü. Birdən - birə qarşısında məktəbdən çıxan 8 yaşlarında bir qız uşağı peyda oldu. Var gücü ilə əyləci basıb maşını saxladı, amma maşın yenə də uşağa az da olsa dəydi. Qorxu içində aşağı enib uşağa yaxınlaşdı, qəlbində Rəbb’inə dua edərək. Çatanda şükür etdi, nə yaxşı ki uşağa heç nə olmamışdı, amma deyəsən çox qorxmuşdu. Ona yaxınlaşanda qız huşunu itirdi və Afiqin qollarına yıxıldı. Uşağı götürüb maşına mindirdi və xəstəxanaya sürdü. Çatanda tibb işçiləri uşağı onun qollarından alıb xərəyə uzandırdılar və içəriyə apardılar. Sadəcə 10 dəqiqə keçmişdi burada olmasından, amma bu zaman Afiqə uzun müddət kimi gəlirdi. Dua edirdi ki, bircə uşağa hecnə olmasın. Nəhayət tibb bacısı qapıdan çıxıb ona yaxınlaşdi.
- Gözünüz aydın, xəstə özünə gəldi.
- Min şükür Allah’a. Onu görə bilərəm?- dedi astadan. Üzünə baxanda çox qorxduğu hiss olunurdu.
- Bəli, buyurun.
Afiq içəri daxil olub çarpayının yanında qoyulmuş stula əyləşdi və uşağın başını sığallayıb adını soruşdu.
– Mavi – dedi titrək səslə.
Mavi, bu ad tanış gəldi ona. Keçmişdə ilk dəfə sevdiyi qız gəldi ağlına. Əsgərlikdən qayıdandan sonra bir müddət ondan xəbər ala bilməmişdi. Daha sonra evləndiyini öyrənmiş, bir qızının olduğunu eşitmişdi. Adını da demişdilər-Mavi.
-Bəs sənin adın nədir?
Qızın sualı oğlanı fikirdən ayırdı.
-Afiq – dedi gülümsəyərək . -Valideynlərindən kiminsə nömrəsini bilirsən? Zəng edib xəbər verək. İndi sənin üçün narahat olublar yəqin ki
-Anamın nömrəsini bilirəm deyib - ardıcıl 8 rəqəm saydı. Afiq nömrəni yığıb zəngi basdı. Bir qədər çaldı, nəhayət zəng açıldı və qarşı tərəfdən: -Alo - deyə səsləndi nömrənin sahibi. Cavab gecikdi. Kim idi? - deyə bir daha xanım soruşdu
-Salam xanım- vəziyyəti necə açıqlayacağını götür – qoy edirdi beynində.
-Salam. Buyurun- nömrəmə zəng etmisiz, nə üçün narahat edirsiniz?- sual verildi, bu dəfə cavab gecikmədi
-Qızınıza görə, hal hazırda xəstəxanadayıq, buraya gələ bilərsinizmi?
-Nəə? Siz nə danışırsınız? Necədi qızım? Yoxsa...
-Sakitləşin, vəziyyəti yaxşıdır. Narahat olmayın, siz buraya gələ bilərsinizmi?
-Gəlirəm-dedi və qadın zəngi qapadı. Tez əynini dəyişib aşağı endi. Elə bil ağlı yerinə indi gəlirmiş kimi xəstəxananın yerini soruşmadığını başa düşdü. Bir az əvvəl zəng gələn nömrəni çevirdi, zəng açıldı.
-Buyurun
-Zəhmət olmasa xəstəxananın yerini deyərdiz, ağlımdan çıxıb soruşmaq
Afiq yerini deyib, istiqamət verdi. Aradan 15- 20 dəqiqə keçmişdi. Kimsə ağlayaraq xəstəxana qapısından içəri daxil oldu. Həyacanlı halda nə isə soruşurdu qarşısına çıxan insanlardan. Bir tibb bacısı ona yaxınlaşıb narahatlığının səbəbini soruşdu. Məsələni başa düşən tibb bacısı əli ilə otağı işarə edib, 21-ci nömrəli qapını göstərdi. Xanım sağollaşıb, qapıya tərəf yönəldi, çatıb qapını açdı. İçəri daxil olanda qızını və arxası ona tərəf olan cavan oğlanı gördü. Qızım - deyib Maviyə sarı yeridi. Amma ayaq saxlayıb dayanmalı oldu bir – iki addım sonra. Gənc ayağa qalxıb üzünü ona çevirmişdi. Hər ikisi indi üz-üzə durmuşdu, təəccüb içində bir-birilərinə baxırdılar. Axı necə ola bilərdi, illər sonra yenidən qarşılaşa biləcəkləri ağıllarına gələrdimi? Həyatda nə olacağını heç kəs yaşamadan bilmir, yalnız Allah’dan başqa, O, hər şeyi əvvəlcədən Görən, Biləndir. 8 il sonra yenidən qarşıya- qarşıya idi Afiq və Asnifat. İkisi də danışmırdı, susub dayanmışdılar.
-Anacan mən burdayam – Mavinin səsi hər ikisini fikirdən ayırdı. Asnifat gəncin yanından ötüb qızının yanına oturdu, öpüb qoxladı, vəziyyətini soruşdu.
-Yaxşıyam ana, ağlama – deyib balaca əlləri ilə göz yaşını sildi onun.
Afiq dayana bilmədi, qapını açıb dəhlizə çıxdı. O tərəf-bu tərəfə gedir nə isə fikirləşirdi. Düşünməzdi ki bir gün onunla qarşılaşar. Kədərli görünürdü, deyəsən yadından çıxmamışdı, bir vaxtlar onu atıb gedən Asnifat.
-Necəsən?
Qızın şirin ləhcəli səsi onu fikirdən ayırdı.
-Necə olmağımı gözləyirsən?
Sakit bir tonla dilləndi Afiq.
-İllər əvvəl, bir xəbər belə vermədən məni tərk edib gedəndə nə hala düşəcəyimi bilmirdinmi?
-İstəməzdim belə olsun- başını aşağı salıb dilləndi.
Utanırdı Afiqin üzünə baxmağa
-Səndən sonra mən çox çətinlik çəkmişəm, canım çox yanıb. Rəbb’imə əl açıb qəlbimə fərahlıq versin deyə, günlərlə dua etmişəm. Şükürlər olsun yavaş – yavaş acılarımı azaltdı.
Bir müddət heç biri danışmadı. Sükutu yenə Afiq pozdu.
-Bilirsən o vaxt, qəlbimdə elə bil yanğı vardı ki o zaman şeir də yazmışdım, sənin qəlbimdə qoyduğun acı izin verdiyi ağrı ilə. Cibindən bir kağız çıxarıb qıza uzatdı.
Bu şeiri həmişə cibində gəzdirirdi, anası görməsin deyə. Qız əlini uzadıb vərəqi götürdü və oxumağa başladı :
Niyə belə etdin əzizim?
Axı mən sənin saçlarına
Toxunmazkən
Necə icazə verdin ona
Saçlarını qoxlamaya.
Nə tez unutdun məni?
18 aylıq yoxluğumda
məni tərk etməyi fürsət bildin özünə.
Düşünmədin heç? Ey vicdansız.
Bu qərib sənsiz nə eylər. Bilirsən?
Mən səngərdə ikən
həmişə səni düşünərdim
Sən başqasının qollarında
məni çoxdan unutmuşkən.
Nə edirəm heç bilirsən?
Oturmuşam şam işığında
Sənlə keçən xatirələr
Hey canlanır xəyalımda.
Yadıma düşür.
Bir yaz axşamı
Qaranlıq küçələrin
Yalqız yollarında
Gəzişirdik yan-yana
Ağlayan buludların
Damcıları ilə rəqs edən
Yaz yağışı altında.
Sən məni sənə bağlayan
inandırıcı yalanlardan danışarkən
Mən qəlbimə istilik verən
şirin səsini dinləyir,
Bir gün yaşacağımı düşündüyüm
xəyallara dalardım.
Hələ də anlamıram.
Sənə bəxş etdiyim dürüstlüyüm qarşısında
Qarşılığı xəyanətmi olacaqdı?
Artıq o günü sevmirəm
Həyatıma daxil olub məni məhv edəcəyin günlərin başlanğıcı
21 iyun gecəsi
Yolum dəniz kənarına düşməsəydi
Xoşbəxt günlərimin səbəbkarı zənn etdiyim
Bir gün isə gözəl xəyallarımın qatili olan səni
Sahilin iti divarlarına çırpılan sərt,
soyuq dalöakarın oğru pəncələrindən
xilas etməyəcəkdim
İndi gecələrim bir az qəmli,
bir qədər kədər içərisində keçməyəcəkdi
Evləndin, xoşbəxt oldun sən
Məni düşündünmü görən?
Eşitmişəm, bir qızın var adı da Mavi
Əsmər gözlərindən sənə bənzəyir.
Nə deyim, xoşbəxtlik səninlə olsun
Hər daim hər günün bəxtəvər olsun.
Bir gün bu şeirimi oxusan bil ki
Sən həyatımın qara xatirəsi olmusan mənim.
Oxuduqca gözlərindən yaş damlayırdı qızın. Peşman olmuşdu sanki etdiklərinə görə.
– Bağışla – dedi başını qaldırıb. Üzünə baxanda heyrətləndi. Afiq də ağlayırdı səssiz-sakit bir şəkildə.
-Haqqını halal et- mənim üçün əziyyət çəkmisən.
Gənc dözə bilməyib xəstəxananın qapısına yönəldi.
– Geriyə çevrilmədən – mən səni bağışladım, Allah da bağışlasın. Amin- dedi hər ikisi səssizcə. Sonra birdən ayaq saxlayıb üzünü çevirdi, haqqım da halal olsun, amma tək bir xahişim var.
– Buyur - dedi Asnifat.
– Bir daha qarşıma çıxma, sənə kin tutmamışam heç vaxt, amma bir daha görmək istəmirəm səni
Qız başını aşağı saldı, heç nə demədi.
– Allah'a əmanət ol – dedi və bu onun Asnifata son sözü oldu. Üzünü çevirib qapıya tərəf getdi. Maşına minib oradan uzaqlaşdı. Əlini telefonuna uzadıb Zeynəbi yığdı.
– Alo – dedi zəngi açan tərəf.
– Salam əzizim, hazırsan?
– Bəli, gəlirsən?
– hə.
– oldu- deyib zəngi bağladı xanımı. Gəlinlik və bəy geyimi almaq üçün mağazaya gedəcəkdilər. Artıq qovusmaqlarına günlər qalmışdı. Toy üçün digər hazırlıqlar görülmüşdü. Allah valideynlərin canlarını hər daim sağ etsin, demək olar ki bütün işləri onlar görmüşdülər, sadəcə gəlinlik və bəy
geyimi almaq qalmışdı, onu da bu gün alacaqdılar. Hər şey çox gözəl olacaqdı, həm də çox. Çünki Afiqin yanında, onu Allah’a xatir sevən bir xanım olacaqdı hər zaman. O, Zeynəbə hər baxanda səni Allah’a xatir sevirəm deyirdi. Eyni Zeynəb kimi...
6-cı hissə
2022- ci il, 14 iyun... Böyük gün... Həyətdə çal – çağır idi. Afiq və Zeynəb bir ailə olacaqdı bu gün. Saat 17:00... Əlində bəyaz gül dəstəsi, qara kostyumda bir oğlan evin qapısından çıxdı. Anası onu görcək kövrəldi. Onu həftənin 5 günü kostyumda görürdü. Amma bu gün o, qara kostyumu iş üçün yox öz toyu üçün geyinmişdi. Bu anası üçün bir xoşbəxtlik idi. Arzusu idi qızından sonra oğlunu evləndirmək, onun da xoşbəxt olduğunu görmək. Bu arzusuna çatdırdığı üçün Rəbb'inə şükür etdi. Anası yaxınlaşıb onu qucaqladı, ağlamamaq üçün özünü güclə saxladı. Birdən onlara uzun boylu bir xanım yanaşdı. Bu, Nuricahan idi, qardaşının toyu üçün 10 gün əvvəlcədən gəlmişdi. Bu gün də yoldaşı gələcəkdi. İşlərə görə Almaniyadan ancaq 3 günlüyünə icazə ala bilmişdi. 17 iyun yenə xaricə qayıtmalı idilər . Çal-çağır başladı. Əvvəlcə həyətdə bir müddət qohum - əqrəba oynadı, daha sonra hər kəs maşına əyləşdi və gəlinin evinə doğru istiqamət aldı...
Qız evində də eyni abu-hava hökm sürürdü. Çöldə səslər eşidildi. Maşınlar siqnal çalır, gəlişlərindən xəbər verirdilər sanki. Qapıya çatanda bəy maşını saxladı, yan oturacağa qoyduğu, Zeynəbin bəyəndiyi bəyaz gülləri əlinə aldı və qapını açıb aşağı endi. Onunla gələn digər 4 maşın da dayanıb, aşağı endilər. Həyətin qapısı açıldı və bəy evi içəri daxil oldu. Afiq evə qalxıb Zeynəbə gülləri verdi və birlikdə həyətə düşdülər. Əvvəlcə valideynləri onlar üçün dua etdilər, sonra sevinc içində saraya getmək üçün maşına əyləşdilər və artq ailə olacaqları bu gün üçün yola qoyuldular...
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)