Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, məşğələlərin başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.

Beləliklə, növbəti 10 aforizm:

 

Kamalındır dövlətin, kamalına arxalan.

N.Gəncəvi

 

Uğur qazanıb yolunu azmayan adam, başqa uğurlar da qazanar.

H.Laski

 

Babanın kim olması deyil, onun nəslinin necə olması əhəmiyyətlidir.

A.Linkoln

 

Uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, xoşbəxt olmaq üçün heç bir səy göstərmirik.

Lukian

 

Viktor Hüqodan: «Uğur qazanmaq üçün əhəmiyyətli olan nədir: pul, iş ya ağıl?», - deyə soruşduqda, o demişdir: «Təsəvvür edin ki, üçtəkərli maşınınız var. Sizcə, təkərlərdən hansı daha əhəmiyyətlidir?»

Naməlum

 

Uğur istedad, zəhmət və bəxtin birliyindən yaranır.

Naməlum

 

Uğur qazanmaq üçün böyük səbr tələb olunur.

Napoleon

 

Uğur və sevgi cəsurların tərəfindədir.

P.Ovidi

 

Uğur başda əks-səda verir, uğursuzluq ürəkdə.

L.Piter

 

Hər bir insan öz uğurunun memarıdır.

Q.Sallyusti

 

Düşünürəm ki, yadınızda yaxşı qalsın deyə bu gün üçün 10 aforizm bəsinizdir. Davamı da sabah olacaq.

 

Şəkildə: A.Linkoln


“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

Thursday, 12 December 2024 10:44

I Bakı Kitab Festivalı keçiriləcək

19 – 22 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ANAİB I Bakı Kitab Festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalıxəbərverirki, festivalBakı ƏlOyunları Sarayındabaş tutacaq.

“Yeni ilə yeni kitablarla!” şüarı ilə keçiriləcək festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı digər nəşriyyatlar da qatıla, öz kitablarını təqdim edə bilərlər. Yeni il əhval-ruhiyyəsində keçiriləcək sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl saatları təşkil ediləcək.

Son illərdə keçirilən sərgilərin formatına əlavə kimi festivalda yerli qəzet və jurnallar stendlə təmsil olunacaq.

Dörd gün davam edəcək festival hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.

Festivalda 30-dan çox nəşriyyatın iştirakı gözlənilir.

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseyn Abbaszadənin anım günüdür.

 

Hüseyn Abbas oğlu Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılmışdır. O, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, birinci və dördüncü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir. Müharibədən qayıtdıqdan sonra 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır. Yazıçı bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış, daha sonra poeziya ilə başladığı bu mövzunu nəsrlə davam etdirmişdir. Onun iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış general Həzi Aslanova həsr etdiyi “General” romanı çox böyük oxucu rəğbəti qazanmaqla yanaşı, müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını əks etdirmişdir. Əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958-1964-cü illərdə “Göyərçin” jurnalı redaksiyasında məsul katib, 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin, 1972-1975-ci illərdə isə yenidən “Göyərçin” jurnalının baş redaktoru olmuşdur.

O, 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.

Yazıçı 2007-ci il dekabrın 12-də 86 yaşında vəfat etmişdir.

Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında göstərdiyi xidmətlərə görə Hüseyn Abbaszadə bir sıra hərbi orden və medallarla, habelə müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

 

 

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş dərs keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərkəzin müəllimi şagirdlərə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər haqqında film nümayiş olunub, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi 2022-ci ildən “Birlik” İctimai Birliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Thursday, 12 December 2024 10:01

“Kaybedilen yitik” - Vedat Oyuklu

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Kaybedilen yitik”

 

Vedat Oyuklu

 

İlkokulumu çocuksuzluğumla yaşadım,

Benim hiç oyuncağım olmadı.

İnşaat tahtalarından yaptığım,

Paslı çivilerle kenetlenmiş arabamla

Şehirlerimi gezdim.

 

Kalem alacak param yoktu,

Ders bitiminde sınıfta unutulmuş

Kalem parçalarını toplardım,

Ama, ama hiç kimsenin kalemini çalmadım...

 

Çocukluğumu unutup,

Fırın önünde yeni çıkmış ekmeklerin

O nefis kokusunu hiç bir ücret ödemeden

Ciğerlerimin en ücra köşesine saklardım,

Çünkü ekmek alacak param yoktu.

 

Benim hiç 23 Nisanlarım olmadı...

Elimde kağıt bayrak sallayamadım.

Çocukluğumun gençlik çağında

Yüreğimi bayrağın rengine boyadım.

 

Hatırlarım da, öğle aralarında

En ücra yerlere kaçardım,

Kuru ekmekle anamın hazırladığı

Bir topak peyniri yemek için.

Üzerine içtiğim bir bardak su ile

Akşamı dört gözle beklerdim

Sıcak çorbanın umuduyla...

Ama hayatı seviyordum...

 

Sonu gelmiş- hayalleri toplardım-

Minibüs koltuklarında unutulmuş...

Bir ihtimal yarını beklerdim

Rüyasızlığa daldığım her uykuda.

 

Sevda bu ya, çocuksuzluğumu unuturdum,

Okul bahçesinde gönlümce koşardım.

 

İlk ayakkabımı hatırlarım:

Siyah ve tokalı...

Bir bayram sabahının ilk ışıklarını

Ayakkabılarımda yakaladım,

Kıyamadım giymeye, çocukluğuma kıyamadığım gibi.

 

Bir sabah çocukluğumu yitirdim,

Çok ağladım, ama dönmedi,

Gözyaşlarımda bir tomurcuk patladı.

 

Son defa ağladığımda gençliğim yoktu,

Onu da bir nisan yağmuruyla

Sevdasız sevgililerin son sözlerinde kaybettim.

 

Üniversite yıllarımı

Hocamızın “Hoş geldiniz” sözüne feda ettim.

Miting alanlarında sloganlarla boğuldum,

Gölgesiz insanların demeçlerinde düşüncelerimi yitirdim,

Hasret kalınan babayı bankamatik sıralarında yad ettim.

Gözleme kokan anamı

Aç yattığım gecelerde hatırladım...

 

Ama sonuçta, yine de yaşadım

Yaşanmayan her saniyede!

 

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

 

 

 

 

 

Thursday, 12 December 2024 09:33

Bu gün Heydər Əliyevin anım günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bugünkü Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 21 il keçir. Nə az, nə çox, düz 21 il.

 

2003-cü ildə ABŞ-da, Klivlenddə vəfat edən Heydər Əliyev 80 il yaşayıb, həyatı boyu ən yüksək kürsülərdə əyləşib. Hər şey dünyaya gəldiyi Naxçıvandan başlayıb. O, 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Orada iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1967-ci ildə general-mayor rütbəsi alıb.

1969-cu ildə 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Qorbaçov hakimiyyətinəcən davam edən bu vəzifədaşımaya Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda xitam verilib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamının qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü il oktyabrvə 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, Heydər Əliyev hakimiyyətini qoruya bildi.

Bu dönəmlərdə iki gündəmdə duran məsələ də öz həllini tapdı: 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1994-cü il sentyabrın 20-də isə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

Beləcə, Azərbaycan dirçəliş əldə etmək üçün vaxt əldə etdi, ordu qurdu, iqtisadiyyatını yüksəltdi. Heydər Əliyev Qarabağın xilasını görməsə də bunu həyata keçirməyi öz davamçısına – Azərbaycanın prezidenti İlham Əliyevə estafet kimi ötürdü.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasında vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olundu.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas əlamətdar hadisələrlə diqqətinizə çatdırırıq:

 

12 dekabr.

Xeyriyyəçilik günü

Azərbaycanın tarixdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçisi olub, məktəblər açaraq savadsızlıqla mübarizə aparan, xaricdə tələbələr oxudub ölkənin ziyalı potensialını yaradan, iş yerlərini ardıcıl sıralayaraq həm Azərbaycanın iqtisadiyyatını gücləndirən, həm insanlara çörək verən, yaraşıqlı binalar tikdirib Bakının hüsnünü gözəlləşdirən, incəsənətə pul qoyaraq xalqının milli mədəniyyətinin inkişafına böyük töhfələr verən, hətta Pakistanın epidemiyadan qırılan əhalisinə yardım etməklə iki xalqın əbədi dostluğunu təmin edən bu böyük şəxsiyyətə haqlı olaraq “Millət atası” deyiblər. Və bu Xeyriyyəçilik günündə məhz onun adını çəkmək bizim borcumuzdur. Çox təəssüf ki, hazırda ölkədə milli burjuaziya olmadığına görə xeyriyyəçilik hərəkatı da kiçik amplualı, az imkanlı bir-iki nəcib və vətənpərvər insanın ianə toplamaqla həyata keçirdiyi xırda aksiyalar şəklini alıb. Dünyada isə xeyriyyəçilik missiyasını çox iri kompaniyalar, milyardçı filantroplar həyata keçirirlər, dövlətlər də onları dəstəkləyir. ABŞ  və digər dövlətlərdə xeyriyyəçilik barədə ayrıca dövlət siyasəti də aparılır, müvafiq qanunvericilik qüvvədədir. Dünya bu gün xeyriyyəçi qurum və şəxsiyyətlərə minnətdarlıq ifadə edir. Xeyirxahlar olmasa dünya məhvərindən çıxar, biləsiniz.

 

Neytrallar, Emin Ağalarov, Aytmatov

Beynəlxalq neytrallıq günüdür həm də 12 dekabr. Müharibələrə qoşulmayan Avropanın cırtdan dövlətlərini, habelə İsveçrəni yada salaq. Neytral qala bilmək böyük xoşbəxtlikdir, belədə məğlubiyyət təhlükəsindən tam sığortalanmış olursan. Ümumdünya tam tibbi təminat günüdür. Allah bizləri bacarıqsız həkimlərlə və dava-dərmansız xəstəxanalarla sınağa çəkməsin əsla. Zınqırovda zəng çalma günüdür. Bəzi ölkələrdə bol-bol zınqırov çalınacaq. Amerikada milli ambrosi günüdür. Elə bildim nədisə hərblə bağlı bir gündür, deməzsənmiş, söhbət meyvə salatından gedir.

1979-cu ildə milyonçu Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov dünyaya gəlib. Ata pullarını eyş-işrətə deyil, sənətə xərcləyən bu istedadlı gənc çoxlarına nümunə ola bilər. 1980-ci ildə neft maqnatı Armand Hammer 5,3 nilyon dollara London auksionunda 1508-ci ilə aid Leonardo da Vinçinin 36 səhifəlik qeydlər dəftərini alıb. 1979-cu ildə SSRİ “politbürosu” Əfqanıstana qoşun yeridilməsi barədə qərar qəbul edib. 1935-ci ildə Henrix Gimmler “Həyat mənbəyi” adlı nasist əhali artımı proqramını ortaya çıxardıb. 1928-ci ildə dünyaşöhrətli qırğız yazıçısı, “Kötük”, “Gün var əsrə bərabər” kimi romanlarla adını ədəbiyyat tarixinə yazmış Çingiz Aytmatov dünyaya gəlib. 1925-ci ildə ABŞ-da “Motel” adlı yolkənarı otel açılıb, bütün motellər adlarını burdan götürüblər. 1917-ci ildə Fransada hərbi eşelon qəzaya uğrayıb, cəbhədən sağ-salamat qayıdan 700 fransız əsgəri həlak olub. 1821-ci ildə “Madam Bovari” adlı romanı əl-əl gəzən fransalı yazıçı Qustav Flober doğulub. 1792-ci ildə Vyanada 19 sent ödəməklə 22 yaşlı Lüdviq van Bethoven Frans Yozef Qaydndan ilk musiqi kompozisiyası dərsi alıb. Həmin il rus komediyalarının atası Denis Fonvizin rəhmətə gedib. 1766-cı ildə isə rus yazıçısı və tarixçisi Nikolay Karamzin doğulub.

Təbii ki, bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür, 2003-cü ilin 12 dekabrında o vəfat edib. Bu barədə ayrıca yazımız olub.

 

Qaradərililərin möcüzəsi

Həyatda elə təsadüflər olur ki, onların zərurətdən doğulması əsla inandırıcı görünmür, amma təsadüfün miqyası da insanda şübhələr yaradır. Elə bax indi deyəcəyim də. Bilirsiniz ki, Afrikanın Keniya adlı ölkəsində dünyanın ən bərk qaçan insanları doğulurlar. Hüseyn Boltun vətəni idmanın qaçış növü üzrə bütün medalları daşımaqda pərgardır. Demək, 1969-cu ilin 12 dekabrında Keniyada gələcəkdə qaçış üzrə ən müxtəlif çempionluqlar qazanacaq Uilfred Kiroşi dünyaya gəlib. 1971-ci ilin yenə də 12 dekabrında Keniyada çempionluqlar sıralayacaq qaçışçı Semmi Korir, 1972-ci ilin 12 dekabrında isə çempionluqlar sıralayacaq digər qaçış ustası Uilson Kipketer doğulublar. 1974-cü ilin yenidən 12 dekabrında bu ölkədə növbəti qaçış üzrə çempionlar çempionu Bernard Laqat doğulub. Yox, hamısı deyil. 1990-cı ilin yenə də 12 dekabrında bu ölkədə daha bir qaçış çempionu – Nikson Çepseba doğulub. Demək, 12 dekabrda balaca ölkədə birdən-birə 5 dünya çempionu atlet ad gününü qeyd edəcək. Möcüzə deyilmi?

 

Üçlərin vəfatı

Və ən nəhayət, 12 dekabrda üç tanınmış Azərbaycan ədibi dünyasını dəyişib. Xalq şairi Cabir Novruz, xalq yazıçısı Hüseyn Abbaszadə, habelə istedadlı istiqlalçı şair Ağamalı Sadiq. İndi Cabir Novruzdan “Gecikmiş məhəbbət” şeirini əzbər deyərəm, amma bilirəm ki, onu çoxunuz bilirsiniz. Odur ki, vaxtsız aramızdan gedən böyük şair Ağamalı Sadıq Əfəndidən bir-iki bənd demək istədim:

Bu dünyanın axırına inandım,
Əzəlini gülə-gülə yaşadım.
Yaş keçdikcə daşa dəydi inadım,
Korun-korun, gilə-gilə yaşadım.

Sən əylənmə, aylı dağda qar azdı,
Mənim yolum Həkəridi, Arazdı
Görən yazan taleyimə nə yazdı?
Göz yaşımı silə-silə yaşadım.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

 

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. 

 

İynə götürməz bu sapı,

Tikməz bu boyda əzabı.

Niyə allahın hesabı

Xeyirdə- şərdə çəkilir?

-deyə şair yenə də dünyanın tərs işlərindən şikayətçidir. 

Həqiqətən, gözəldir.

Şeir sevimli şairimiz Rüstəm Behrudiyə ithaf edilib. Rüstəm Behrudi indi xəstədir, yastığı yüngül olsun. 

Xoş mütaliələr!

 

Çəkilir

 

Hamı yaşamaq istəyir,

Amma ki, şərtə çəkilir.

Dərdi yaxşı çəkən adam

Özü də dərdə çəkilir...

 

İynə götürməz bu sapı,

Tikməz bu boyda əzabı.

Niyə allahın hesabı

Xeyirdə- şərdə çəkilir?

 

Hamı dinir yad dilində,

Quş dilində, ot dilində.

Köhnə sevgi not dilində

Təzə xəbərdə çəkilir...

 

Gül açılır gül üzünə,

Qoy dağılsın yel üzünə...

...Gün tutulur? yer üzünə

Yoxsa ki, pərdə çəkilir?...

 

“Ədəbiyyat və incəsənət”

(12.12. 2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qabil Hüseynlinin essesi 

təqdim edilir. Qabil Hüseynli ADA məktəbinin 10-cu sinif şagirdidir. 

 

 

Həyatın mənası varmı? 

Bu, fəlsəfənin qarşısına qoyduğu əsas suallardan biri olub, bütün insanları həyatlarının müəyyən anlarında düşündürüb, bəzən ümidsizliyə məhkum edib, bəzən qəlblərini ümidlə doldurub. "Tanrı öldü, onu biz öldürdük" - demişdi Nitsşe. Onun zənnincə, tanrının olmaması, varlıqlarının mənasını tanrı üzərində qurmuş bir toplumu anlam aclığına gətirib çıxaracaq, insanlar, ya nihilizmin cənginə düşəcək, ya da öz həyatlarına yeni bir məna daxil etmək üçün çabalayacaqdılar. Bir yaradıcıya inanmasam, Nitsşe kimi ikincini seçənlərdən olardım: O, üstinsan konsepsiyasını irəli sürərək iddia edirdi ki, insanlar zehni olaraq təkamül edib daha üstün bir varlığa çevrilmək üçün yaşamaqla həyatlarına məna qata bilərdilər. Nihilist filosof Alber Kamü isə məsələyə oxşar, lakin daha bədbin və çarəsizlik aşılayan şəkildə yanaşaraq "Sizif mifi" essesində yazmışdı: "Kimsə Sizifi xoşbəxt təsəvvür etməlidir". Sizif yunan əsatirlərindən olan, tanrılar tərəfindən cəzalandırılmış bir personajdır. O, bir qaya parçasını dağın başına çıxarmağa məhkum olunmuşdu, amma hər dəfə təpəyə çatmağa az qalmış daş aşağı yuvarlanır, Sizifin əməyi boşa gedirdi. Kamü insan həyatını Sizifin vəzifəsi ilə müqayisə edirdi; insanlar həyatlarında enişlər və çıxışlar yaşayır, bu, ölənə kimi davam edirdi. Onlar bir işə nail olanda, arzularından birinə çatanda qarşılarına yeni məqsəd qoyur, yekunda isə yenidən eyni döngüyə qayıdırdılar, bu da absurdun təzahürüdür. Pessimist fəlsəfənin məşhur siması Emil Sioran kimi filosoflar isə həyatda ümumiyyətlə heç bir şəkildə bir məna olmadığını, bunu qəbul etməyin insanları həm rahatlaşdırdığını, həm də qaranlıqda qoyduğunu iddia edirdi. Siorana görə, həyat anlaşıla bilməyən bir məfhumdur və sadəcə olaraq insanlara əzab verir. Şopenhauer iddia edirdi ki, insan xoşbəxtliyə çatmaqdan çox, həyatın mənasızlığının verdiyi əzabı azaltmağa çalışmalıdır və bu onun həyatında əsas motiv olmalıdır, çünki əzab qaçınılmaz, xoşbəxtlik isə nisbi və keçicidir.

Bu örnəkləri artırmaq olar, amma yazının qalan hissəsində öz düşüncələrimi və niyə yuxarıdakı bəzi görüşlərlə razılaşmadığımı izah etməyə çalışacağam. Əvvəla, hamı razılaşar ki, insanların əksəriyyəti həyatın mənasız olduğunu irəli sürsələr belə, onu sonlandırmağa can atmırlar. İnsanlar istənilən halda yaşamağa üstünlük verirlər və bu da onu göstərir ki, təbiətimizdən gələn bir arzu, dərin istək bizi həyata bağlayır, o istək ki, fəlsəfi düşüncələrimiz onu sarsa bilmir, düşüncələrimiz ona güc gələ bilmir. O bizə genlərimizlə ötürülən bir mirasdır. Bu halda insanın təbii olaraq yaşamağa can atması özü həyatın mənasının olmaması fikrinə qarşı bir cəbhə yaradır. Həyatın bir mənası olması üçün heç də fövqəltəbii bir qüvvəyə, böyük bir məqsədə və ya kainatın dərinliklərində gizlənmiş universal bir plandan asılı olması gərək deyil. İnsan həyatı, onun öz dəyərlərini və mənalarını yaratmaq bacarığı ilə mənalı ola bilər. Bundan əlavə, insanın daxili azadlığı öz seçimləri ilə həyata fərdi bir məna qazandırması deməkdir. Filosofların irəli sürdüyü pessimist fikirlər müəyyən məqamlarda düşündürücü və hətta təsirli ola bilər, lakin onlar həyatın kompleksliyini sadələşdirirlər. Həyat yalnız əzab və ya absurd döngüsü deyil, o həm də sevinc, yaradıcılıq, sevgi və paylaşma anları ilə doludur. İnsan həyatı özü bir prosesdir və bu prosesdə məna axtarmaq, onu tapmaqdan daha vacib ola bilər. İnsanın həyatda öz seçimlərinə sahib olması, öz inanclarına sahib ola bilməsi, özü-özlüyündə təklif edir ki, həyat mənaya sahibdir və bu məna hər kəs üçün eyni olmaq məcburiyyətində deyil.

Son olaraq onu bildirmək istəyirəm ki, həyat istənilən halda çox dəyərlidir, mənasının nə olması və ya ümumiyyətlə olub-olmamasından asılı olmayaraq. Ona sahib olduğumuz faktı niyə sahib olduğumuz sualından daha önəmlidir və bu, belə olaraq da qalmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl  Təranə Dəmirin şeirlərini sizlərə təqdim edəcək. Əminik ki, onları bəyənəcəksiniz. 

 

 

*

Addım-addım  ölçürəm  şəhəri,

Kölgəm də  mənimlə addımlayır.

Ölçürəm adamları, yolları, maşınları,

Ağacları, binaları, səkiləri.

Qarğalar  məni addım  səslərimdən  tanıyır,

Kölgəmə  qaçır   yiyəsiz  küçə  itləri.

Başımın  üstündə  səma, 

Ayağımın  altında  torpaq  yeriyir.

"Kimsə arxamca  danışır" –

Qulağım  cingildəyir.

Addım-addım  keçirəm  şəhərin  tarixini,

Küçələri, reklamları, 

Afişaları,  heykəlləri, şəkilləri...

İçimdə  tutub  saxlayıram nəfəsimi,

Ürəyim  ovcumda  döyünür.

Gözümün qabağında 

rəng  verib rəng  alır adamlar,

saxta  gülüşlərdən  diksinir 

divarlar, daşlar,  ağaclar, quşlar.

Addım-addım  yeriyirəm  qaranlığın  üstünə,

Qürubun  şəkli  düşür  dənizə,

Nə yaxşı dəniz var..

 

*

 

Min notda ağlatdı  duyğular  məni, 

Ovundum  bir misra  baxışın  altda.

Göz yaşım  asıldı  kirpiklərimdən,

İslandım  bir  qərib  yağışın  altda,

Bir  vüsal  doğuldu   gözümdə  yenə.

 

Göynədi, duz  səpdim  yaramın  üstə,

Əl  atıb  yapışdım ağrılarımdan.

Söz-söz, heça-heca  axıb duruldum,

Sıyrılıb  qurtardım qorxularımdan,

Bir  vüsal  doğuldu  gözümdə  yenə.

 

Didib  parçaladım  tərəddüdləri,

Yolumun  üstündən    çəkildi  həsrət.

Güzarım  təzədən  sevgiyə  düşdü,

Təzədən  üzümə güldü  məhəbbət, 

Bir  vüsal  doğuldu  gözümdə  yenə.

 

Bir  ümid  boy  atdı  əzablarımdan,

Bir  ocaq  qalandı külümdən, Allah.

Az qala  özümdən  yıxılacaqdım,  

Son anda  qayıtdım  ölümdən, Allah,

Bir  vüsal  doğuldu gözümdə yenə.

 

*

 

Bir qız dayanıb sual işarəsinin külək döyən hissəsində,

Bir bulud  atıb özünü qızın  ayaqları  altına

səma evinin ən üst qatından.

Bir küçə yağışa meydan oxuyur,

Bir ləpir küçəyə.

Bir pəncərə udur buludun  göz yaşlarını,

Bir   xəyal   məktub yazır Tanrıya gecənin adından.

Bir pişik  siçan deşiyi axtarır ağzındakı  ovunu rahat-rahat  aşırmaqçun  qaranlıqda.

Bir  ağac asılır  üzüaşağı ayağından.

Bir qoca  nəvəsiyçün şar üfürür asta-asta, nigaran-nigaran,

Nəfəsi ilişib qalır havada.

Bir rəssam sevdiyi qızın şəklini köçürür gözlərindən varağa, 

Bir sevgi üşüyür  kirpiklərinin  ucunda.

Bir ana   köynək  toxuyur əsğər oğluna,

Bir hörümçək tor  bağlayır  baxışlarında. 

Bir gecə səhərə  tərəf yeriyir ağır-ağır,

Bir səhər dincini alır gecənin dizi üstə.

Bir  köpək gecəyə ulayır, küçəyə ulayır, yağışa, küləyə ulayır.

Bir daş fır-fır fırlanır  köpəyin səsi üstə.

Bir damcı  işıq damır gecənin yanağına,

Bir oğlan üzük şəkli taxır adsız barmağına.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.