Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseyn Abbaszadənin anım günüdür.
Hüseyn Abbas oğlu Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılmışdır. O, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, birinci və dördüncü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir. Müharibədən qayıtdıqdan sonra 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır. Yazıçı bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış, daha sonra poeziya ilə başladığı bu mövzunu nəsrlə davam etdirmişdir. Onun iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış general Həzi Aslanova həsr etdiyi “General” romanı çox böyük oxucu rəğbəti qazanmaqla yanaşı, müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını əks etdirmişdir. Əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958-1964-cü illərdə “Göyərçin” jurnalı redaksiyasında məsul katib, 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin, 1972-1975-ci illərdə isə yenidən “Göyərçin” jurnalının baş redaktoru olmuşdur.
O, 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.
Yazıçı 2007-ci il dekabrın 12-də 86 yaşında vəfat etmişdir.
Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında göstərdiyi xidmətlərə görə Hüseyn Abbaszadə bir sıra hərbi orden və medallarla, habelə müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.12.2024)