Super User
Bu gün Parisdə “Divani –lüğət ül türk”ün 950 illiyi qeyd ediləcək
Bu gün Paris şəhərində YUNESKO-nun Baş Qərərgahında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Mahmud Kaşqarinin müəllifi olduğu “Divani –lüğət ət türk” kitabının 950 illik yubileyi münasibətilə konfrans düzənlənəcək.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunun verdiyi məlumata görə, konfransda dünyanın tanınmış türkoloqları, beynəlxalq təşkilatların nümayəndələri Mahmud Kaşqarinin dünya leksikoqrafiyasına və dünya mədəniyyətinə bəxş etdiyi qiymətli tövhədən danışacaqlar.
9000 sözü olan və türk xalqlarının ensiklopediyası adlandırılan Mahmud Kaşqarinin “Divani lüğət ət türk” kitabı 50 əyalətin, 63 şəhərin, 22 qəsəbənin, 49 yaşayış məkanınndaın adı coğrafi məkan kimi qeyd edilib. Eyni zamanda kitabda insanların yaşadıqları və işlədikləri mədəni və məişət obyektləri, 106 məişət əşyasının adı, 62 növ paltar, 53 toxuculuq alətinin, 58 döyüş –sursat növünün adı və heyvandarlığa aid 38 iqtibas qeyd olunub.
Bundan əlavə kitabda 758 şer, 2667 atalar sözü kimi ədəbiyyat nümunələri də yer alıb. Bu da kitabın qədim və zəngin türk tarixini və söz çələngini özündə cəmləşdirdiyini göstərir.
Mahmud Kaşqarlı “Divani Lüğət ət türk”ü 25 yanvar 1072-ci ildə qələmə almağa başlayıb. XX əsrdə bu kitabı təsadüfən atılmış kitabların içərisindən İstanbulda kitabxanaçı Burxan Əfəndi tapıb, aşkara çıxarıb. Digər bir türk alimi Əli Əmərli Əfəndi isə kitabın qiymətini anladığından onu baha qiymətə alıb. Sonradan Əli Əmiri əfəndi İstanbulda Milli Kitabxana yaradıb.
2017-ci ildən etibarən YUNESKO “Divani Lüğət ət Türk” kitabını dünyanın Maddi İrs siyahısına yazıb. “İnsanlığın tarixi” adlı proqrama kitabın nəşri həvalə edilib. 2024-2025-ci illərdə isə YUNESKO-nun təklifi ilə kitabın 950 illik yubuileyi münasibəti ilə silsilə tədbirlər nəzərdə tutulur.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki,YUNESKO-da keçiriləcək konfrans Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrin alimlərini bir daha yaxından birləşdirəcək.
Konfrans çərçivəsində eyni zamanda “Divani Lüğət Ət Türk” türk kitabının rus və Azərbaycan dilində edilmiş tərcümələri, böyük türkoloqun həyatlarından və yaradıcılıqlarından bəhs edən sənədli film və sərgi də nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi
Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anım gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ulu Öndərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Xalq artisti Samir Cəfərovun ifasında Tofiq Quliyevin “Sənə də qalmaz”, Vaqif Gərayzadənin “Fantaziya”, Qəmbər Hüseynlinin “Ay işığında”, Aqşin Əlizadənin “Ana torpaq” əsərləri səsləndirilib.
Əməkdar artist Xəyyam Məmmədov “Elegiya-Rekviyem”, bədii rəhbəri Xalq artisti Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellası “Məşəl kimi yanan ürək” əsərlərini ifa ediblər.
Həmçinin Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı, Azərbaycan Xalq mahnısı “Gözəlim sənsən” kimi musiqi nömrələri dinləyicilərdə xoş ovqat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq
Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc, amma artıq kifayət qədər özündən söz etmiş yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı Ülviyyə Heydərovaya istinadən xəbər verir ki, “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupovanın rol aldığı bu psixoloji tamaşada oğlunu müharibədə itirmiş tənha ana obrazı canlandırılır.
Bəşəri problem olan müharibə və onun bir qadının taleyinə sarsıdıcı təsirinin obrazlı şəkildə təsvir olunduğu tamaşada həm də xatirələrə sığınan ananın Vətən sevgisi, övlad məhəbbəti xüsusi həssaslıqla diqqətə çatdırılır.
Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmmədov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Tamaşa üçün biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.
Əminik ki, tamaşaçılar tamaşanı bəyənəcəklər!
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
“Yorgun emekçiler” - Muhammed Burak Tunay
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Yorgun emekçiler”
Muhammed Burak Tunay
-Anadolu’mun yorgun emekçilerine…
Fecrin ışıkları bekler gözlerinin ferini,
Er meydanı karşılar yorgun emekçilerini.
Çırpınır tüm sokaklar- alın terine aşina,
İnsanlık enkazı taşır birikmiş yarınlara...
Sessizce süpürür umursamadıklarımızı,
Boş vermişçesine silip attıklarımızı.
Süprüntü duymaz insanlık, hayli sağır,
Ne madalya var ucunda, olsa da; dertler ağır...
Ne yapsın? Burun- buruna çeker hastalığı,
Çer-çöp bir dünyada umut: ekmek kapısı.
Gün gelir, cömertçe telefonuna uzanır elleri,
Hocasını bekleyen çocuğa dakika seferberi,
Kimi zaman sorulur: “Dayı, ateşin var mı?”
İzmarit atacağını bilse de tevazudan yardımı...
Huzurun için uğraşır isimsiz kahramanlar,
Şehrin yüzündeki şıklıkta onların imzası var.
Hürmetle yanında çok görmezsen “Kolay gelsin”i,
Hissedersin ruhundaki tebessümün resmini.
Anne şefkati cefakâr, temkinli ve sessiz,
“Aman uyanmasınlar, milletin derdini çekeriz”.
Şükran ve minnet yazılır boynumuzun borcuna,
Bilirim, razı değilsin şehrin boğulmasına.
Geçenlerde sokakta: “Çöpçü” güya hakaretmiş,
Kokusuna aldırmaz, ağzını toplar kirli poşetlerin,
İçine attıkça derdini, edepsizler birikmiş,
Ben taşlamasam, sonu gelmez üren kelbin.
Öyleyse onlar,
Kuddüs gemisinin halis kürekçileri.
Hayır, “Çöpçü” değil onlar,
Temiz diyarların yorgun emekçileri.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
Mənim çiçək yalnızlığım - ESSE
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Alaq otları, kol-kos ətrafımı bürüyüb. Bir çiçəyəm, bağrı qandır ürəyim. Yolçulardır mehmanım, əlçatmazdır vüsalım. Söz bulağım təmizliyi, qaynarlığı çox sevir.
Daş atana nifrətini, qəzəbini sezdirir.
Sərt həyat sərt qayada sərt küləklə üşüdür, soyuq qar altında gizlədir məni, dəli buludların olmur son həddi.
Ərköyün-ərköyün, qərib-qərib, süzgün-süzgün baxır, sübh şehinə batır mənim çiçək yalnızlığım.
Səadətə, məhəbbətə əl uzadır, əli çatmır. Arzu, istək aynasına yaxınlaşır, pərdə qalxmır...
Xoşbəxtlik şəlaləsi, sevda selləri axıb tökülsə, yeni həyat bahar səmasıtək üzümə gülsə, nəğməli bəzəyə çevrilər mənim çiçək yalnızlığım, mənim gerçək yalqızlığım...
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
“Müəllimlik və psixologiya bir-birini mükəmməl şəkildə tamamlayır” - Sitarə Hüseynli
İradə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Budəfəki qonağım müəllim, eyni zamanda psixoloq Sitarə Hüseynlidir.
-Salam Sitarə Hüseynli xanım. Necəsiniz? Əgər mümkünsə haqqınızda daha ətraflı bilmək olarmı?
-Yaxşıyam, Əlbəttə mümkündü. Bu gün sizinlə həm özüm, həm də fəaliyyətim haqqında daha ətraflı danışa bilərik. Mən Sitarə Hüseynli, psixologiya və təhsil sahəsində fəaliyyət göstərən bir peşəkar olaraq, insanlara dəstək olmaq və onların həyatlarını daha mənalı etmək üçün çalışıram.
İlk təhsilimi müəllimlik sahəsində almışam. Müəllimlik mənim üçün yalnız bir peşə deyil, həm də böyük bir məsuliyyət və sevgi ilə yanaşdığım bir sənətdir. İnsanlara bilik öyrətmək, onların həyat yollarında bir işıq ola bilmək, bəlkə də ən böyük məmnuniyyətlərdən biridir. Ancaq zamanla anladım ki, yalnız bilik öyrətmək kifayət etmir. İnsanlar bəzən dərslərdən daha çox daxili sakitliyə, anlayışa və emosional dəstəyə ehtiyac duyurlar.
Bu anlayış məni psixologiya sahəsinə gətirdi. Psixologiya mənim üçün bir alət oldu.
-Niyə məhz psixologiya?
-Psixologiya insanların daxilindəki dünyanı kəşf etmək, onların qarşılaşdığı çətinlikləri daha yaxşı anlamaq və hər birinə fərdi yanaşma tətbiq etmək üçün bir vasitədir. Bu iki sahə — müəllimlik və psixologiya — zahirən fərqli görünsə də, əslində bir-birini mükəmməl şəkildə tamamlayır.
-Bəs nədir onları birləşdirən?
-Müəllim də, psixoloq da bir məqsədə xidmət edir: insanın inkişafına dəstək olmaq. Müəllim bilikləri çatdırır, insanlara doğru suallar verir, onların düşüncələrini genişləndirir. Psixoloq isə insanın iç dünyasını kəşf etməsinə kömək edir, ona özünü daha yaxşı başa düşməsi üçün yol göstərir.
Mən müəllim kimi insanlara gələcək haqqında düşünməyi öyrədirəm, psixoloq kimi isə onları keçmişin yaralarından azad olmağa çağırıram. Belə desək, müəllimlik bir ağacın budaqlarını inkişaf etdirir, psixologiya isə onun köklərinə toxunur.
-Fəaliyyətiniz haqqında ətraflı məlumat verə bilərsinizmi?
-Hazırda mənim fəaliyyətim bir neçə əsas istiqaməti əhatə edir: 1. Psixoloji konsultasiyalar: Bu, insanların həyatındakı çətinlikləri aşmasına, daxili balans tapmasına kömək etməkdir. Çox zaman insanlar sadəcə başa düşülmək istəyirlər, birinə “səni hiss edirəm” deyən bir səsə ehtiyac duyurlar. Mənim məqsədim onlara bu səsi təqdim etməkdir. 2. Təlim və seminarlar: Müəllimlik təcrübəmdən istifadə edərək təhsil sahəsində psixoloji yanaşmaların tətbiqini genişləndirməyə çalışıram. Xüsusən gənc müəllimlər və valideynlərlə işləyərək, uşaqların emosional inkişafını daha da irəlilətmək üçün çalışıram.
3.Yazılar və yaradıcı layihələr: Mənim üçün yazı yazmaq bir növ özümü ifadə etməkdir. Yazılarımda insanların ən çox ehtiyac duyduğu mövzulara toxunmağa çalışıram: özünüdərk, emosional yaralar, münasibət problemləri və şəxsi inkişaf. 4.Sosial media fəaliyyəti: Hazırkı dövrdə sosial media mənim üçün həm maarifləndirmə, həm də insanlara çatmaq üçün bir platformadır. Orada paylaşdığım hər bir məzmun insanların həyatına kiçik də olsa müsbət bir təsir buraxa bilirsə, bu mənim üçün böyük nailiyyətdir.
-Müəllim və Psixoloq. Demək, bunlar hım də bir-birini tamamlayır?
-Müəllimlik və psixologiya həyatımı bir bütöv kimi tamamlayır. Hər iki sahədə məqsədim insanlara öz həyat yollarını tapmağa kömək etməkdir.
Əgər biz bu iki sahəni birləşdirə bilsək, həm insanların zəkasına, həm də ürəyinə toxuna bilərik. Çünki hər bir insanda həm öyrənmə ehtiyacı, həm də emosional dəstəyə olan tələbat var. Biz bu balansı yarada bildikdə, əslində dəyişimi başlatmış oluruq
-Gələcək planlarınız nədir?
-Gələcək planlarım çoxyönlüdür. Bir neçə əsas məqsədim var və bunlar üzərində dayanmaq istəyirəm: 1.Kitab yazmaq: Mənim illərdir üzərində düşündüyüm bir layihə var — insanın daxili dünyasına aid bir kitab. Bu kitab həm nəzəri biliklər, həm də praktiki təcrübələr təqdim edəcək. İnsanlara özlərini tapmaqda kömək edən bir bələdçi olmasını arzulayıram. 2.Maarifləndirmə platformaları qurmaq: Mən psixoloji sağlamlıq və emosional inkişaf haqqında məlumatlılığı artırmaq istəyirəm. Xüsusən gənclər arasında bu mövzuları daha əlçatan etmək üçün onlayn kurslar və interaktiv proqramlar hazırlamaq planlarım var. 3. Təhsildə psixoloji yanaşmalar: Məqsədim məktəblərdə və təhsil müəssisələrində psixologiyanın tətbiqini genişləndirməkdir. Şagirdlərin emosional və intellektual inkişafını birləşdirən layihələr yaratmaq istəyirəm. 4.İctimai təsir: İnsanlara həqiqi mənada yardım edə bilmək üçün daha geniş auditoriyaya çıxmaq istəyirəm. Bu, həm media vasitəsilə, həm də seminarlar və təlimlərlə ola bilər.
-Müsahibə üçün çox sağ olun.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
“Bir ömür daldalandıq. Bəlkələr daldasına…” - GÜNEYDƏN HÜSEYN MİSRİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Hüseyn Misrinin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
Biz çıxılmaz
Bir küçə ağaclarının
Baharsız röyalarıyıq.
Qızmar bir günəşdə
Birimiz
İlan röyalı bir ovçuya tuşlandıq
Və ölümlə zəhərləndik
Birimiz
Anılar məbədində
Mnemozinaya adaxlandıq
Və o yasaq gizəm
Dilimizdən öpərkən -
Günəş
O gündən
Bir dörd divar
O tayda qaldı bizdən.
II.
Sənə məktub yazıram;
Yazıram ki,
Əllərim unudubdur
Uçmaq həvəsini
Sənsizlik duraqlarında
Duraq ki, nə deyim
Hər dəqiqə başı
Barmaqlarımın ucundan
Tüstü qanadlayır.
Qanadlanır
Külək qorxulu buludlar
Doğru
Və canımdan bir parçasını
Paylaşır onunla.
Mən sənə yazıram ki,
Yaşam burada hər an
Dəyişir boyasını.
Gah dağa çırpılıram,
Gah dərəyə düşürəm.
Mən sənə yazıram ki,
Kaş pəncərəniz olaydı
Və mən bir gün
Yuxudan
Səni görmək həvəsinə
Oyanardım.
III.
Gecələr
Burada
Sənli günlər röyaları
Qanadsız quş olur
Gözlərimdə.
Bir bəyaz kağız
Masa üstə
Və bir də titrək əllərim
Şeir astanasında.
Mən
Səni bir qısa şeir yox,
Mən
Səni hüzün dolu 55 misralı
Şeir uzunluğu susuram.
Və bir deprem acısını
Yaşayıram bir anda -
Sənə varmaq
Ehtimal duraqlarında.
Göylər yavaş-yavaş
Geyinir
Ayazlığın
Ağ donunu.
Yenə o tanış
Yenə
O ögey səs
Ucalır yaxınlıqda
Və birdən güllə səsi
Pozur röyalarımın
Yenicə qurulmuş
Damğalarını.
IV.
Bir ömür daldalandıq
Bəlkələr daldasına.
Biz işartı görüb ocaq sandıq
"Bəlkə"lərdə qaldıqca
Qat-qat düyünə dönüb
Ayağımızdan tutdu.
Sabaha gediş anlarını
"Bəlkə"lər
Ömür dolaylarında
Dara çəkdi,
Biz güldük.
Əbəs yerə gülüşlər
Özümüz də bilmədən
Oxşadı dodaqları.
Dedik həyatımızın
Ağ vərəqləri yalnız
Al gülüşlə yazıldı.
Utanmadıq, bilmirəm
Bəs niyə o zaman?!
Özümüzü sorğuya,
Suala tutmadıq heç!
Doğma vicdanımızın
Həzin hıçqırıqlarını
"Bəlkə"lərlə boğarkən
Eşitməzliyə vurduq.
Bir nəslin,
Taleyini
Özümüz
Belə yazdıq.
V.
Səni hansı möcüzə
Mənə qaytaracaq?
İsanın baxışlarına
Yoxsa
Musanın çəliyinə
Yalvarım mən?
Səni hansı qibləyə,
Səni hansı yönə
Gözlərimdə dolub
Ürəyimdə
Səcdə-səcdə
Ağlayım mən?
Səni hansı bir tanımadığım duraqda
Və hansı bir
Heç gəlməyən qatardan
Buludları çəkib gözlərimə
Soraqlayım mən?
Sən gəlmədin!
Sən gəlmədin
Və bəlkə də...
Yalnız mən
Yuxularda
Arzularımı
Tumarlayıb
Böyüdüb,
Böyüdüb
Özümə bir yük edəcəyəm
Və bir səhər erkən
Bir qara kağız
Qapıları döyəcək
Qəfildən...
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
Qazaxıstanda Qarabağla bağlı tədbir keçirilib - DGTYB FƏALLIQ GÖSTƏRİR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədri İntiqam Yaşar Qazaxıstana səfər edib. Orada keçirilən tədbir barədə İntiqam Yaşardan məlumat aldıq.
O bildirdi ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin Avrasiya Araşdırmalar İnstitutunun tərəfdaşlığı ilə 12 dekabr 2024-cü il tarixində "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində keçirilib bu tədbir. Layihənin əsas məqsədi Qarabağda törədilmiş ekoterror həqiqətlərinin türkdilli dövlətlərdə ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin Avrasiya Araşdırmalar İnstitutunun müdiri Suat Bəylurun açılış nitqi ilə başlayan tədbirdə Qazaxıstan ictimaiyyəti nümayəndələri, elm xadimləri, gənclər iştirak ediblər.
Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili Nəzarət və Monitorinq Şöbəsinin əməkdaşı Rahim Rəhimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Elmar Rzalı,
Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin Avrasiya Araşdırma İnstitutunun müdir yardımçısı Zengizxan Zhanaltay, Qazaxıstan-Britaniya Texniki Universitetinin professoru, Prof. Dr. Janat Dauletbekova,Qazaxıstan-Britaniya Texniki Universitetinin müəllimi, Dos. Dr. Kayrat Ra, Qazaxıstan Respublikasının tanınmış şairi Sayat Kamşiger və s. çıxışlar edərək mövzu barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda bir qisim Qazaxıstan ziyalısı Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təltif olunub.
Xatirə fotosu ilə tədbirə yekun vurulub.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
“Azərbaycan Atabəyləri" filmində səhv tutanlara cavab - HİKMƏT BABAOĞLU
“Ədəbiyyat və incəsənət” portalı bu günlərdə premyerası baş tutmuş və böyük tamaşaçı marağına səbəb olmuş “Azərbaycan Atabəyləri” filmində səhv tutmağa çalışanlara millət vəkili Hikmət Babaoğlunun cavabını sizlərə təqdim edir.
1.
“Azərbaycan Atabəyləri” filmini hansısa qonşu ölkələrə təhdid kimi dəyərləndirmək milli məqsədlərimizdən narahatlığın təzahürüdür.
Hər bir fərdin avtobioqrafiyası olduğu kimi hər bir millətin də avtobioqrafiyası var. Bu həmin millətin tarixidir. Tarixi təfəkkür milli yaddaşın əsas komponenti olmaqla onun milli kimliyini təyin edir. Öz kimliyini unudan şəxs alzheimer xəstəsi hesab edildiyi kimi öz tarixini unudan millət də manqurtlaşmış toplum hesab olunur. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev həmişə öz çıxışlarında tarixi torpaqlarımız məsələsinə toxunaraq qeyd edir ki, bizi Qarabağa qaytaran həm də tarixi yaddaşımız oldu.
Hazırda ölkəmizin yaratdığı yeni reallıqlar kontekstində milli–etnik yaddaşımızın yenidən bütövləşməsi, yeni milli çağırış və vəzifələrimiz baxımından olduqca aktualdır. Çünki gələcək milli bütövlüyümüzə gedən yol ilk növbədə elə milli yaddaşmızda tarixi – mədəni coğrafiyamızın bütövlüyündən keçir. Mədəni coğrafiyamızın tarixi hüdudlarının müasir kütləvi şüurumuzda düzgün inikası isə bu tarixi öyrənməklə mümkündür. Postmodernist informasiya cəmiyyətlərində tarix oxumaqdan daha çox izləməklə, baxmaqla öyrənilir. Məhz, bu sosial sifariş panidealist xalqları öz tarixlərini yenidən öyrənmək üçün yeni film sənayesi yaratmağa yönləndirdi. Çünki film təkcə əyləncə vasitəsi deyil, tarixin obrazlı və emosional şəkildə mənimsənilməsi formasıdır.
Son illər Azərbaycanda da tarixlə bağlı çəkilmiş flimlərimizin yeni dövrdə yeni ənənəsinin yaranacağını səbirsiliklə gözləyirdim. Ancaq həm də başa düşürdüm ki, bu o qədər də asan məsələ deyil. Çünki ilk addımı atmaq üçün cəsarət, zəngin tarixi bilgi, bu günki milli maraqlarımızın şərtləndirdiyi aktual mövzu və şübhəsiz ki, maliyyə, professional yaradıcı heyətin komplektləşməsi lazım idi. “Azərbaycan Atabəyləri” filmini izlədikdən sonra əmin oldum ki, nəhayət bu istiqamətdə uğurlu bir addım atmağı bacardıq.
2.
“Azərbaycan Atabəyləri” filmi post-münaqişə dövründə milli ideyamızın formalaşmasına xidmət edir
Şübhəsiz ki, hər bir filmin konkret ideyası olmalı və bu ideya əvvəlcədən müəyyənləşdirilməklə filmin sonunadək hadisələri təqib etməlidir. Yəni hədəf kimi müəyyənləşdirilən məqsədə xidmət etməli, tamaşaçını da məhz, bu ideyalarla silahlandırmalıdır. Azərbaycan Atəbəyləri filmində bu ideya yeni reallıqlar kontekstində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi ”bizə yeni milli ideya lazımdır” siyasi-ideoloji çağırışı əsasında formalaşdırılmışdır. Hətta mən deyərdim ki, film məhz, bu çağırışa cavab kontekstində çəkilmişdi. Ancaq eyni zamanda dövrün tarixi reallıqlarını təhrif etmədən. Mənə elə gəlir ki, filmin ən yaxşı məziyyətlərindən biri də bu idi. Çünki Azərbaycan Prezidenti 2023-cü ilin dekabr ayında yerli mətbuata verdiyi müsahibəsində bildirmişdi ki, 30 illik müstəqillik dövründə bizim milli ideyamız ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi. İndi isə yeni reallıqlar yarada bilmişik və bu reallıqlara uyğun olaraq bizə yeni milli ideya lazımdır. Şübhəsiz ki, bu tarixi fikir cəmiyyətimizdə milli özünüdərki yenidən formalaşdıracaq və milli enerjimizi yeni məqsədlər üçün səfərbər edə biləcək ümummili bir məqsədi hədəf kimi müəyyənləşdirəcək. Bunun təməli isə ilk növbədə tarixi əsaslara söykənən və ortaq milli identikliyə əsaslanan ümummilli ideya olmalıdır. Azərbaycan Atabəyləri filmində müraciət edilən tarixi dövr milli–etnik coğrafiyamızın bütöv dövrü olmaqla yanaşı, eləcə də sosial-mədəni identikliyimizin də bütöv dövrüdür. Doğrusu gələcək milli marqlarımız və məqsədlərimiz üçün bundan daha yaxşı tarixi dövrə xitab etmək mümkün deyildi. Çünki həmin dövr həm ümumtürk identikliyi, həm də ümumi ümmət identilkiyi baxımından birlik və bütövlük dövrüdür. Yəni ayrı-ayrı türk boyları arasında fərq olmadığı kimi parçalanma da yoxdur. Bütün bunlar filmin çəkildiyi tarixi mərhələdən ən az 200 il sonra baş verəcəkdi. On görə də bu gün yuxarıda söylədiyimiz sosial-ideoloji və etnik-mədəni baxımdan bütöv dövrə xitab etmək strateji mənada bu günki siyasi maraqlarımızla uzlaşır. Hazırda milli təhlükəsizliyimiz məhz, həmin tarixi dövrə bənzər gerçəkliyi yaratmaqdan keçir.
3.
Filmin məzmunu və bu günkü siyasi çağırışlar
Azərbaycan Prezidenti inauqurasiya mərasimində Milli Məclisdə etdiyi çıxış zamanı bildirdi ki, bizim ailəmiz türk dünyasıdır. Daha sonra aydın izah etdi - çünki başqa ailəmiz yoxdur! Bu o deməkdir ki, dövlətimiz və xalqımızın gələcəyi bu ailənin içərisində mümkündür. Elə xarici siyasətimizin əsas prioriteti də budur. Nəticə etibarilə bu gün Türk Dövlətləri Təşkilatının, onun TÜRKPA, Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi struktur vahidlərinin yaradılması da bu istiqamətdə göstəriləcək fəaliyyətin birbaşa institutlaşdırılmasıdır. Doğrudur bəzi qonşularımız bu təşkilatlanmanı Turan adlandıraraq hətta Zəngəzur dəhlizinə Turan dəhlizi deyərək Azərbaycanı siyasi şantaja məruz qoymaq istəyirlər. Ancaq kimin nə deməyindən asılı olmayaraq bu bizim tarixi coğrafiyamızdır və bizə aid olan coğrafiyada siyasi təşkilatlanma yaradaraq öz milli maraqlarımızı təmin etmək bizim milli vəzifəmizdir. Buradakı ”biz” TDT-yə üz olan bütün türk dövlətləridir. Ona görə də Azərbaycan Atabəyləri filmində söhbət elə bu coğrafiyadan gedir. Ya da bu coğrafiyanın sadəcə bir hissəsindən. Belə olan halda “Azərbaycan Atabəyləri” filmində göstərilən və tarixi gerçəkliyi əks etdirən hadisələri kimlərəsə və ya hansısa qonşu ölkələrə təhdid kimi dəyərləndirmək milli məqsədlərimizdən narahatlığın təzahürüdür.
4.
Filmin bədi-estetik tərəfləri haqqında
Şübhəsiz ki, tarixi filmləri populyar edən təkcə məzmunu deyil, həm də ayrı- ayrı hissələrdə təqdim olunan cəlbedici döyüş səhnələridir. Bu zaman aktyorların geyimləri, aksion yaratmaq qabiliyyətləri və bu hərəkətlərin yaratdığı səs effekti olduqca vacib komponentlər kimi çıxış edir. Bu mənada filmdə təqdim olunan Qara Sunqur və Şəmsəddin Eldəniz obrazları sanki tarixin özündən qopub gəlmiş həqiqi qəhrəmanlardır. Hər iki qəhrəmanın önə çıxarılan keyfiyyətləri isə tarixdə oynadıqları rolla bənzərlik təşkil edir. Qara Sunqurun dövlətin təməllərini qoyan həm savaşçı, həm qurucu lider keyfiyyətləri, Eldənizin isə gələcəkdə Şəms-əd Din titulu alması üçün dini və milli dəyərləri qılıncla qorumaq cəsarəti, obrazların tarixi şəxsiyyətlərlə tamamlanması kimi yadda qalır. Geyim və ailə münasibətlərinin təqdimatı da milli ənənələrimizlə uzlaşdırılır. Bu isə müasir tamaşaçını tarixə ekskurs etdirməklə keçmiş və bu günki dəyərlərimiz arasında birbaşa bağın mövcud olmasına inandırır.
5.
Tarixi hadisələrin səsli şərhi
Yuxarıda qeyd etdiyimiz kimi filmin ideyası və hədəfi tarixi yaddaşımızdır. Ancaq bu yaddaş üzərində həm də gələcəyimiz qurulacaq. Ona görə də xüsusi təmkin və soyuqqanlı səs effekti ilə hadisələrə izahat verilməsi tarixi dövr haqqında aydın təsəvvür yaratmaq üçün olduqca vacibdir. Filmdə bu problem də uğurlu həllini tapıb. Xüsusi diqqət cəlb edən məsələlərdən biri də Gəncə zəlzələsindən sonra böyük Nizami Gəncəvinin dünyaya gəlməsi hadisəsinin ekranlaşdırılmasıdır. Düşünürəm ki, həm bu hadisə, həm də Zəngəzur yolu ilə karvanların işləməsi epizodları tarixi həqiqət olmaqla həm də bu günümüzə verilən ismarıclardır. Çünki Nizami multikultural Azərbaycanın simvollarından biri olmaqla dünyanı yeddi gözəlin dili ilə izah edir, Makedoniylı İsgəndəri Bərdəyə gətirir, Türkü dürüstlük və ədalət rəmzi kimi təqdim edir. Bu gün də Çinli gözəlin də, Roma mədəniyyətindən gələn Avropanın da, yolu Zəngəzur dəhlizində kəsişir, ya da birləşir desək daha doğru olar. Beləliklə, 12-ci əsrdən bu günə qədər dünya siyasəti və mədəniyyətində dəyişməyən milli mövqeyimiz, rolumuz çox aydın şəkildə dünyaya təqdim olunur. Bütün bunların sadəcə bir filmdə təqdim edilməsi isə şübhəsiz ki, olduqca böyük nailiyyətdir. Filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
“Mənə sevgini öyrədən adam üçün darıxacağam” - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Xəyallar, xəyallar, xəyallar...
Xəyal kimi qalanlar...
İnsan oğlu nə gözəl varlıqdır. Hərdən o qədər məsum və duyğusal olur ki...
Məsələn, xəyal qurarkən, hələ də uşaq kimi sevinib gözlərinin içi gülərkən, ya da qurduğu xəyalın heç vaxt gerçək olmayacağını düşünüb məyus olduğunda insan daha da məsumlaşır.
Dərk edir həqiqətlərin acılığını, qəlbinə bir ağrı girir, dərindən nəfəs almaq istəyir, amma nəfəsi daralır, sinəsinə ağırlıq çökür. Zira, nə etmək olar? Yenə də vaz keçmək olmur xəyallardan. Boş bir vərəqə qəlbindəki ən məsum, ən saf duyğuları yazır. Sonra ən sevdiyi kitabı götürüb altından xətt çəkdiyi cümlələrdən birinin olduğu səhifəni açır və xəyallarını həmin vərəqlə birgə o səhifəyə sığışdırır. O gündən sonra həmin kitab da, həmin vərəq də rəfin arasında unudulub tozlanır - tozlanmış xəyallar kimi.
İllər keçir. Bir təsadüf olur. Birisi o kitabı təsadüfən tapır. Ard-arda gəlirmiş təsadüflər, elə kitabı ilk dəfə açanda göz-gözə gəlir o vərəqlə.
"Oxuyummu? Yox, olmaz, mənim deyil axı..."
Düşüncələr davam edir: "Oxuyum, ya oxumayım?" Barmaqlar ürəyin səsinə məğlub olur. Vərəqi əlinə alır və gözlər də təslim olur. Oxumağa başlayır. Nə yazılmışdı görəsən? Yaşanmışlıqlar? Yaşanmamışlıqlar? Yarım qalanlar? Yoxsa yar olanların açdığı yaralar?
Xəyal kimi xəyallar... Real olmayacaq qədər gözəl xəyallar. İlk cümlədə belə yazılmışdı:
"İllər keçsə və bu yazılanları oxusan, bil ki, mən artıq ölmüşəm. Xəyallarım isə gerçəkləşməmiş ölmüşəm. Əgər xəyallarım gerçəkləşsəydi, özümə söz vermişdim, bu kağız parçasını yandıracaqdım. İndi isə əlinizdəki kağız parçasından daha dəyərli olan, qəlbimi atəşə alan xəyallardır. Bütün reallıqlarımı qurban verəcəyim xəyallar..."
Not: "Mənə sevgini öyrədən adam üçün darıxacağam."
Belə biri deyildim mən. Romantik biri heç deyildim. Sərhədləri, yaşam standartları, seçimləri olan bir mən var idi bir zamanlar. Sən gəldin, dəyişdin məni. Xəyalpərəst bir aşiq oldum. Ağlı havada bir gənc qız... Sinəmdən tökülən sevgi sözləri...
Bilirsən, "sevgilim" deyə bilmirəm sənə. "Sevgini öyrədənim" deyirəm əvəzinə. Çünki qəbul edə bilmirəm ki, sən başqasına aşiq olanda mən sənin sevginə aşiq olmuşdum. Sədaqətinə aşiq olmuşdum.
Nədənsə, hər şeyi unudub bir gələcək düşündüm. Sən və mən olan bir gələcək. Bütün acı-ağrıları birgə aşdığımız bir gələcək.
Bir yaz səhəri otağımıza düşən günəş şüaları gözlərimi qamaşdırdı. Gözlərimi açdım və sənin başın sinəmin üstündə idi. Nəfəsindən sinəm tərləməyə başlamışdı. Yavaşca dodaqlarından öpdüm və yataqdan qalxdım. Uzun-uzun seyr etdim səni yatağın baş ucundan. İçimdən bir şıltaqlıq keçdi. Əllərimi isladıb geri döndüm yatağın baş ucuna. Əllərimlə üzünə toxundum.
Ayıldın yarı yuxulu halda. Əvvəlcə "Nə edirsən?" deyə qışqırdın. Mən də uşaq kimi dodaqlarımı büzdüm. Bu mənim şıltaqlığım idi. Həmişə dodaqlarımı büzəndə sən qıya bilməzdin mənə. Yenə də elə oldu. "Dəli qız," dedin və məni özünə çəkdin.
Bu xəyallar məni doldurdu. Amma mən bilirəm ki, sən belə xəyallar qurmursan. Sən mənim kimi düşünmürsən. Amma yenə də bir gün BİZ ola bilsək, bu vərəqi cıraram. Özünə yaxşı bax. Mən sənə darıxacam, məni sevməyi öyrədən adam...
---
Gənc adamın iki damla göz yaşı yanağından süzüldü. Vərəqi yenidən kitabın arasına qoydu. O səhifədə yalnız bir söz yazılmışdı: "Hə."
Kitabın adı isə belə idi: "Bütün xəyallar məhkumdurmu xəyal kimi qalmağa?"
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)