Super User

Super User

Friday, 13 December 2024 14:04

Mənim çiçək yalnızlığım - ESSE

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Alaq otları, kol-kos ətrafımı bürüyüb. Bir çiçəyəm, bağrı qandır ürəyim. Yolçulardır mehmanım, əlçatmazdır vüsalım. Söz bulağım təmizliyi, qaynarlığı çox sevir. 

Daş atana nifrətini, qəzəbini sezdirir.

Sərt həyat sərt qayada sərt küləklə üşüdür, soyuq qar altında gizlədir məni, dəli buludların olmur son həddi.

Ərköyün-ərköyün, qərib-qərib, süzgün-süzgün baxır, sübh şehinə batır mənim çiçək yalnızlığım. 

Səadətə, məhəbbətə əl uzadır, əli çatmır. Arzu, istək aynasına yaxınlaşır, pərdə qalxmır...

Xoşbəxtlik şəlaləsi, sevda selləri axıb tökülsə, yeni həyat bahar səmasıtək üzümə gülsə, nəğməli bəzəyə çevrilər mənim çiçək yalnızlığım, mənim gerçək yalqızlığım...

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

İradə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Budəfəki qonağım müəllim, eyni zamanda psixoloq Sitarə Hüseynlidir.

 

-Salam Sitarə Hüseynli xanım. Necəsiniz? Əgər mümkünsə haqqınızda daha ətraflı bilmək olarmı?

 

-Yaxşıyam, Əlbəttə mümkündü. Bu gün sizinlə həm özüm, həm də fəaliyyətim haqqında daha ətraflı danışa bilərik. Mən Sitarə Hüseynli, psixologiya və təhsil sahəsində fəaliyyət göstərən bir peşəkar olaraq, insanlara dəstək olmaq və onların həyatlarını daha mənalı etmək üçün çalışıram.

İlk təhsilimi müəllimlik sahəsində almışam. Müəllimlik mənim üçün yalnız bir peşə deyil, həm də böyük bir məsuliyyət və sevgi ilə yanaşdığım bir sənətdir. İnsanlara bilik öyrətmək, onların həyat yollarında bir işıq ola bilmək, bəlkə də ən böyük məmnuniyyətlərdən biridir. Ancaq zamanla anladım ki, yalnız bilik öyrətmək kifayət etmir. İnsanlar bəzən dərslərdən daha çox daxili sakitliyə, anlayışa və emosional dəstəyə ehtiyac duyurlar.

Bu anlayış məni psixologiya sahəsinə gətirdi. Psixologiya mənim üçün bir alət oldu.

 

-Niyə məhz psixologiya?

 

-Psixologiya insanların daxilindəki dünyanı kəşf etmək, onların qarşılaşdığı çətinlikləri daha yaxşı anlamaq və hər birinə fərdi yanaşma tətbiq etmək üçün bir vasitədir. Bu iki sahə — müəllimlik və psixologiya — zahirən fərqli görünsə də, əslində bir-birini mükəmməl şəkildə tamamlayır.

 

-Bəs nədir onları birləşdirən?

 

-Müəllim də, psixoloq da bir məqsədə xidmət edir: insanın inkişafına dəstək olmaq. Müəllim bilikləri çatdırır, insanlara doğru suallar verir, onların düşüncələrini genişləndirir. Psixoloq isə insanın iç dünyasını kəşf etməsinə kömək edir, ona özünü daha yaxşı başa düşməsi üçün yol göstərir.

Mən müəllim kimi insanlara gələcək haqqında düşünməyi öyrədirəm, psixoloq kimi isə onları keçmişin yaralarından azad olmağa çağırıram. Belə desək, müəllimlik bir ağacın budaqlarını inkişaf etdirir, psixologiya isə onun köklərinə toxunur.

 

-Fəaliyyətiniz haqqında ətraflı məlumat verə bilərsinizmi?

 

-Hazırda mənim fəaliyyətim bir neçə əsas istiqaməti əhatə edir: 1. Psixoloji konsultasiyalar: Bu, insanların həyatındakı çətinlikləri aşmasına, daxili balans tapmasına kömək etməkdir. Çox zaman insanlar sadəcə başa düşülmək istəyirlər, birinə “səni hiss edirəm” deyən bir səsə ehtiyac duyurlar. Mənim məqsədim onlara bu səsi təqdim etməkdir. 2. Təlim və seminarlar: Müəllimlik təcrübəmdən istifadə edərək təhsil sahəsində psixoloji yanaşmaların tətbiqini genişləndirməyə çalışıram. Xüsusən gənc müəllimlər və valideynlərlə işləyərək, uşaqların emosional inkişafını daha da irəlilətmək üçün çalışıram.

3.Yazılar və yaradıcı layihələr: Mənim üçün yazı yazmaq bir növ özümü ifadə etməkdir. Yazılarımda insanların ən çox ehtiyac duyduğu mövzulara toxunmağa çalışıram: özünüdərk, emosional yaralar, münasibət problemləri və şəxsi inkişaf. 4.Sosial media fəaliyyəti: Hazırkı dövrdə sosial media mənim üçün həm maarifləndirmə, həm də insanlara çatmaq üçün bir platformadır. Orada paylaşdığım hər bir məzmun insanların həyatına kiçik də olsa müsbət bir təsir buraxa bilirsə, bu mənim üçün böyük nailiyyətdir.

 

-Müəllim və Psixoloq. Demək, bunlar hım də bir-birini tamamlayır?

 

-Müəllimlik və psixologiya həyatımı bir bütöv kimi tamamlayır. Hər iki sahədə məqsədim insanlara öz həyat yollarını tapmağa kömək etməkdir.

Əgər biz bu iki sahəni birləşdirə bilsək, həm insanların zəkasına, həm də ürəyinə toxuna bilərik. Çünki hər bir insanda həm öyrənmə ehtiyacı, həm də emosional dəstəyə olan tələbat var. Biz bu balansı yarada bildikdə, əslində dəyişimi başlatmış oluruq

 

-Gələcək planlarınız nədir?

 

-Gələcək planlarım çoxyönlüdür. Bir neçə əsas məqsədim var və bunlar üzərində dayanmaq istəyirəm: 1.Kitab yazmaq: Mənim illərdir üzərində düşündüyüm bir layihə var — insanın daxili dünyasına aid bir kitab. Bu kitab həm nəzəri biliklər, həm də praktiki təcrübələr təqdim edəcək. İnsanlara özlərini tapmaqda kömək edən bir bələdçi olmasını arzulayıram. 2.Maarifləndirmə platformaları qurmaq: Mən psixoloji sağlamlıq və emosional inkişaf haqqında məlumatlılığı artırmaq istəyirəm. Xüsusən gənclər arasında bu mövzuları daha əlçatan etmək üçün onlayn kurslar və interaktiv proqramlar hazırlamaq planlarım var. 3. Təhsildə psixoloji yanaşmalar: Məqsədim məktəblərdə və təhsil müəssisələrində psixologiyanın tətbiqini genişləndirməkdir. Şagirdlərin emosional və intellektual inkişafını birləşdirən layihələr yaratmaq istəyirəm. 4.İctimai təsir: İnsanlara həqiqi mənada yardım edə bilmək üçün daha geniş auditoriyaya çıxmaq istəyirəm. Bu, həm media vasitəsilə, həm də seminarlar və təlimlərlə ola bilər.

 

-Müsahibə üçün çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Hüseyn Misrinin  şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 I.

Biz çıxılmaz
Bir küçə ağaclarının
Baharsız röyalarıyıq.
Qızmar bir günəşdə
Birimiz
İlan röyalı bir ovçuya tuşlandıq
Və ölümlə zəhərləndik
Birimiz
Anılar məbədində
Mnemozinaya adaxlandıq
Və o yasaq gizəm
Dilimizdən öpərkən -
Günəş
O gündən
Bir dörd divar
O tayda qaldı bizdən.

II.
Sənə məktub yazıram;
Yazıram ki,
Əllərim unudubdur
Uçmaq həvəsini
Sənsizlik duraqlarında
Duraq ki, nə deyim
Hər dəqiqə başı
Barmaqlarımın ucundan
Tüstü qanadlayır.
Qanadlanır
Külək qorxulu buludlar
Doğru
Və canımdan bir parçasını
Paylaşır onunla.
Mən sənə yazıram ki,
Yaşam burada hər an
Dəyişir boyasını.
Gah dağa çırpılıram,
Gah dərəyə düşürəm.
Mən sənə yazıram ki,
Kaş pəncərəniz olaydı
Və mən bir gün
Yuxudan
Səni görmək həvəsinə
Oyanardım.

III.
Gecələr
Burada
Sənli günlər röyaları
Qanadsız quş olur
Gözlərimdə.
Bir bəyaz kağız
Masa üstə
Və bir də titrək əllərim
Şeir astanasında.
Mən
Səni bir qısa şeir yox,
Mən
Səni hüzün dolu 55 misralı
Şeir uzunluğu susuram.
Və bir deprem acısını
Yaşayıram bir anda -
Sənə varmaq
Ehtimal duraqlarında.
Göylər yavaş-yavaş
Geyinir
Ayazlığın
Ağ donunu.
Yenə o tanış
Yenə
O ögey səs
Ucalır yaxınlıqda
Və birdən güllə səsi
Pozur röyalarımın
Yenicə qurulmuş
Damğalarını.

IV.
Bir ömür daldalandıq
Bəlkələr daldasına.
Biz işartı görüb ocaq sandıq
"Bəlkə"lərdə qaldıqca
Qat-qat düyünə dönüb
Ayağımızdan tutdu.
Sabaha gediş anlarını
"Bəlkə"lər
Ömür dolaylarında
Dara çəkdi,
Biz güldük.
Əbəs yerə gülüşlər
Özümüz də bilmədən
Oxşadı dodaqları.
Dedik həyatımızın
Ağ vərəqləri yalnız
Al gülüşlə yazıldı.
Utanmadıq, bilmirəm
Bəs niyə o zaman?!
Özümüzü sorğuya,
Suala tutmadıq heç!
Doğma vicdanımızın
Həzin hıçqırıqlarını
"Bəlkə"lərlə boğarkən
Eşitməzliyə vurduq.
Bir nəslin,
Taleyini
Özümüz
Belə yazdıq.

V.
Səni hansı möcüzə
Mənə qaytaracaq?
İsanın baxışlarına
Yoxsa
Musanın çəliyinə
Yalvarım mən?
Səni hansı qibləyə,
Səni hansı yönə
Gözlərimdə dolub
Ürəyimdə
Səcdə-səcdə
Ağlayım mən?
Səni hansı bir tanımadığım duraqda
Və hansı bir
Heç gəlməyən qatardan
Buludları çəkib gözlərimə
Soraqlayım mən?
Sən gəlmədin!
Sən gəlmədin
Və bəlkə də...
Yalnız mən
Yuxularda
Arzularımı
Tumarlayıb
Böyüdüb,
Böyüdüb
Özümə bir yük edəcəyəm
Və bir səhər erkən
Bir qara kağız
Qapıları döyəcək
Qəfildən...

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədri İntiqam Yaşar Qazaxıstana səfər edib. Orada keçirilən tədbir barədə İntiqam Yaşardan məlumat aldıq. 

 

O bildirdi ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin Avrasiya Araşdırmalar İnstitutunun tərəfdaşlığı ilə 12 dekabr 2024-cü il tarixində  "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində keçirilib bu tədbir. Layihənin əsas məqsədi Qarabağda törədilmiş ekoterror həqiqətlərinin türkdilli dövlətlərdə ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin Avrasiya Araşdırmalar İnstitutunun müdiri Suat Bəylurun açılış nitqi ilə başlayan tədbirdə Qazaxıstan ictimaiyyəti nümayəndələri, elm xadimləri, gənclər iştirak ediblər. 

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili Nəzarət və Monitorinq Şöbəsinin əməkdaşı Rahim Rəhimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Elmar Rzalı, 

Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin Avrasiya Araşdırma İnstitutunun müdir yardımçısı Zengizxan  Zhanaltay, Qazaxıstan-Britaniya Texniki Universitetinin professoru, Prof. Dr. Janat Dauletbekova,Qazaxıstan-Britaniya Texniki Universitetinin müəllimi, Dos. Dr.  Kayrat Ra, Qazaxıstan Respublikasının tanınmış şairi Sayat Kamşiger və s. çıxışlar edərək mövzu barədə fikirlərini bölüşüblər. 

Tədbirin sonunda bir qisim Qazaxıstan ziyalısı Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təltif olunub. 

Xatirə fotosu ilə tədbirə yekun vurulub.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

“Ədəbiyyat və incəsənət” portalı bu günlərdə premyerası baş tutmuş və böyük tamaşaçı marağına səbəb olmuş “Azərbaycan Atabəyləri” filmində səhv tutmağa çalışanlara millət vəkili Hikmət Babaoğlunun cavabını sizlərə təqdim edir. 

 

1.

“Azərbaycan Atabəyləri” filmini hansısa qonşu ölkələrə təhdid kimi dəyərləndirmək milli məqsədlərimizdən narahatlığın təzahürüdür.

 

Hər bir fərdin avtobioqrafiyası  olduğu kimi hər bir millətin də avtobioqrafiyası var. Bu həmin millətin  tarixidir. Tarixi təfəkkür milli yaddaşın əsas komponenti olmaqla onun milli kimliyini təyin edir. Öz kimliyini unudan şəxs alzheimer xəstəsi hesab edildiyi kimi öz tarixini unudan millət  də manqurtlaşmış toplum  hesab olunur. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev həmişə öz çıxışlarında tarixi torpaqlarımız məsələsinə toxunaraq qeyd edir ki, bizi Qarabağa qaytaran həm də tarixi yaddaşımız oldu. 

Hazırda ölkəmizin yaratdığı yeni reallıqlar kontekstində milli–etnik yaddaşımızın yenidən bütövləşməsi, yeni milli çağırış və vəzifələrimiz baxımından olduqca aktualdır. Çünki gələcək milli bütövlüyümüzə gedən yol ilk növbədə elə milli yaddaşmızda tarixi – mədəni coğrafiyamızın bütövlüyündən keçir. Mədəni coğrafiyamızın tarixi hüdudlarının müasir kütləvi şüurumuzda düzgün inikası isə bu tarixi öyrənməklə mümkündür. Postmodernist informasiya cəmiyyətlərində tarix oxumaqdan daha çox izləməklə, baxmaqla öyrənilir. Məhz, bu sosial sifariş panidealist xalqları öz tarixlərini yenidən öyrənmək üçün yeni film sənayesi yaratmağa yönləndirdi. Çünki film təkcə əyləncə vasitəsi deyil, tarixin obrazlı və emosional şəkildə mənimsənilməsi formasıdır. 

Son illər Azərbaycanda da tarixlə bağlı çəkilmiş flimlərimizin yeni dövrdə yeni ənənəsinin yaranacağını səbirsiliklə gözləyirdim. Ancaq həm də başa düşürdüm ki, bu o qədər də asan məsələ deyil. Çünki ilk addımı atmaq üçün cəsarət, zəngin tarixi bilgi, bu günki milli maraqlarımızın şərtləndirdiyi aktual  mövzu və şübhəsiz ki, maliyyə, professional yaradıcı heyətin komplektləşməsi lazım idi. “Azərbaycan Atabəyləri” filmini izlədikdən sonra əmin oldum ki, nəhayət bu istiqamətdə uğurlu bir addım atmağı bacardıq.

 

2.

“Azərbaycan Atabəyləri” filmi post-münaqişə dövründə milli ideyamızın formalaşmasına xidmət edir

 

Şübhəsiz ki, hər bir filmin konkret ideyası olmalı və bu ideya əvvəlcədən müəyyənləşdirilməklə filmin sonunadək hadisələri təqib etməlidir. Yəni hədəf kimi müəyyənləşdirilən məqsədə xidmət etməli, tamaşaçını da məhz, bu ideyalarla silahlandırmalıdır. Azərbaycan Atəbəyləri filmində bu ideya yeni reallıqlar kontekstində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi  ”bizə yeni milli ideya lazımdır” siyasi-ideoloji çağırışı əsasında formalaşdırılmışdır. Hətta mən deyərdim ki, film məhz, bu çağırışa cavab kontekstində çəkilmişdi. Ancaq eyni zamanda   dövrün tarixi reallıqlarını təhrif etmədən. Mənə elə gəlir ki, filmin ən yaxşı məziyyətlərindən biri də bu idi. Çünki Azərbaycan Prezidenti 2023-cü ilin dekabr ayında yerli mətbuata verdiyi müsahibəsində bildirmişdi ki, 30 illik müstəqillik dövründə bizim milli ideyamız ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi. İndi isə yeni reallıqlar yarada bilmişik və bu reallıqlara uyğun olaraq bizə yeni milli ideya lazımdır. Şübhəsiz ki, bu tarixi fikir cəmiyyətimizdə milli özünüdərki yenidən formalaşdıracaq və milli enerjimizi yeni məqsədlər üçün səfərbər edə biləcək ümummili bir məqsədi hədəf kimi müəyyənləşdirəcək. Bunun təməli  isə ilk növbədə tarixi əsaslara  söykənən və ortaq milli identikliyə əsaslanan ümummilli ideya olmalıdır. Azərbaycan Atabəyləri filmində müraciət edilən tarixi dövr milli–etnik coğrafiyamızın bütöv dövrü olmaqla yanaşı, eləcə də sosial-mədəni identikliyimizin də bütöv dövrüdür. Doğrusu gələcək milli marqlarımız və məqsədlərimiz üçün bundan daha yaxşı tarixi dövrə xitab etmək mümkün deyildi. Çünki həmin dövr həm ümumtürk identikliyi, həm də ümumi ümmət identilkiyi baxımından birlik və bütövlük dövrüdür. Yəni ayrı-ayrı türk boyları arasında fərq olmadığı kimi parçalanma da yoxdur. Bütün bunlar filmin çəkildiyi tarixi mərhələdən ən az 200 il sonra baş verəcəkdi. On görə də bu gün yuxarıda söylədiyimiz sosial-ideoloji və etnik-mədəni baxımdan bütöv dövrə xitab etmək strateji mənada bu günki siyasi maraqlarımızla uzlaşır. Hazırda milli təhlükəsizliyimiz məhz, həmin tarixi dövrə bənzər gerçəkliyi yaratmaqdan keçir.

 

3.

Filmin məzmunu və bu günkü siyasi çağırışlar

 

Azərbaycan Prezidenti  inauqurasiya mərasimində  Milli Məclisdə etdiyi çıxış zamanı bildirdi ki, bizim ailəmiz türk dünyasıdır. Daha sonra aydın izah etdi - çünki başqa ailəmiz yoxdur! Bu o deməkdir ki, dövlətimiz və xalqımızın gələcəyi bu ailənin içərisində mümkündür. Elə xarici siyasətimizin əsas prioriteti də budur. Nəticə etibarilə bu gün Türk Dövlətləri Təşkilatının, onun TÜRKPA, Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi struktur vahidlərinin yaradılması da bu istiqamətdə göstəriləcək fəaliyyətin birbaşa institutlaşdırılmasıdır. Doğrudur bəzi qonşularımız bu təşkilatlanmanı Turan adlandıraraq hətta Zəngəzur dəhlizinə Turan dəhlizi deyərək Azərbaycanı siyasi şantaja məruz qoymaq istəyirlər. Ancaq kimin nə deməyindən asılı olmayaraq bu bizim tarixi coğrafiyamızdır və bizə aid olan coğrafiyada siyasi təşkilatlanma yaradaraq öz milli maraqlarımızı təmin etmək bizim milli vəzifəmizdir. Buradakı ”biz” TDT-yə üz olan bütün türk dövlətləridir. Ona görə də Azərbaycan Atabəyləri filmində söhbət elə bu coğrafiyadan gedir.  Ya da bu coğrafiyanın sadəcə bir hissəsindən. Belə olan halda “Azərbaycan Atabəyləri” filmində göstərilən və tarixi gerçəkliyi əks etdirən hadisələri kimlərəsə və ya hansısa qonşu ölkələrə təhdid kimi dəyərləndirmək milli məqsədlərimizdən narahatlığın təzahürüdür.

 

4.

Filmin bədi-estetik tərəfləri haqqında

 

Şübhəsiz ki, tarixi filmləri populyar edən təkcə məzmunu deyil, həm də ayrı- ayrı hissələrdə təqdim olunan cəlbedici döyüş səhnələridir. Bu zaman aktyorların geyimləri, aksion yaratmaq qabiliyyətləri və bu hərəkətlərin yaratdığı səs effekti olduqca vacib komponentlər kimi çıxış edir. Bu mənada filmdə təqdim olunan Qara Sunqur və Şəmsəddin Eldəniz obrazları sanki tarixin özündən qopub gəlmiş həqiqi  qəhrəmanlardır. Hər iki qəhrəmanın önə çıxarılan keyfiyyətləri isə tarixdə oynadıqları rolla bənzərlik təşkil edir. Qara Sunqurun  dövlətin təməllərini qoyan həm savaşçı, həm qurucu lider keyfiyyətləri, Eldənizin isə gələcəkdə Şəms-əd Din titulu alması üçün dini və milli dəyərləri qılıncla qorumaq cəsarəti, obrazların tarixi şəxsiyyətlərlə tamamlanması kimi yadda qalır. Geyim və ailə münasibətlərinin təqdimatı da milli ənənələrimizlə uzlaşdırılır. Bu isə müasir tamaşaçını tarixə ekskurs etdirməklə keçmiş və bu günki dəyərlərimiz arasında birbaşa bağın  mövcud olmasına inandırır.

 

5.

Tarixi hadisələrin səsli şərhi

 

Yuxarıda qeyd etdiyimiz kimi filmin ideyası və hədəfi tarixi yaddaşımızdır. Ancaq bu yaddaş üzərində həm də gələcəyimiz qurulacaq. Ona görə də xüsusi təmkin və soyuqqanlı səs effekti ilə hadisələrə izahat verilməsi tarixi dövr haqqında aydın təsəvvür yaratmaq üçün olduqca vacibdir. Filmdə bu  problem də uğurlu həllini tapıb. Xüsusi diqqət cəlb edən məsələlərdən biri də Gəncə zəlzələsindən sonra böyük Nizami Gəncəvinin dünyaya gəlməsi hadisəsinin ekranlaşdırılmasıdır. Düşünürəm ki, həm bu hadisə, həm də Zəngəzur yolu ilə karvanların işləməsi epizodları tarixi həqiqət olmaqla həm də bu günümüzə verilən ismarıclardır. Çünki Nizami multikultural Azərbaycanın simvollarından biri olmaqla dünyanı yeddi gözəlin dili ilə izah edir, Makedoniylı İsgəndəri Bərdəyə gətirir, Türkü dürüstlük və ədalət rəmzi kimi təqdim edir. Bu gün də Çinli gözəlin də, Roma mədəniyyətindən gələn Avropanın da, yolu Zəngəzur dəhlizində kəsişir, ya da birləşir desək daha doğru olar. Beləliklə, 12-ci əsrdən bu günə qədər dünya siyasəti və mədəniyyətində  dəyişməyən milli mövqeyimiz, rolumuz çox aydın şəkildə dünyaya təqdim olunur. Bütün bunların  sadəcə bir filmdə təqdim edilməsi isə şübhəsiz ki, olduqca böyük nailiyyətdir. Filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Xəyallar, xəyallar, xəyallar...

Xəyal kimi qalanlar...

İnsan oğlu nə gözəl varlıqdır. Hərdən o qədər məsum və duyğusal olur ki... 

Məsələn, xəyal qurarkən, hələ də uşaq kimi sevinib gözlərinin içi gülərkən, ya da qurduğu xəyalın heç vaxt gerçək olmayacağını düşünüb məyus olduğunda insan daha da məsumlaşır.

 

Dərk edir həqiqətlərin acılığını, qəlbinə bir ağrı girir, dərindən nəfəs almaq istəyir, amma nəfəsi daralır, sinəsinə ağırlıq çökür. Zira, nə etmək olar? Yenə də vaz keçmək olmur xəyallardan. Boş bir vərəqə qəlbindəki ən məsum, ən saf duyğuları yazır. Sonra ən sevdiyi kitabı götürüb altından xətt çəkdiyi cümlələrdən birinin olduğu səhifəni açır və xəyallarını həmin vərəqlə birgə o səhifəyə sığışdırır. O gündən sonra həmin kitab da, həmin vərəq də rəfin arasında unudulub tozlanır - tozlanmış xəyallar kimi.

 

İllər keçir. Bir təsadüf olur. Birisi o kitabı təsadüfən tapır. Ard-arda gəlirmiş təsadüflər, elə kitabı ilk dəfə açanda göz-gözə gəlir o vərəqlə.

"Oxuyummu? Yox, olmaz, mənim deyil axı..."

Düşüncələr davam edir: "Oxuyum, ya oxumayım?" Barmaqlar ürəyin səsinə məğlub olur. Vərəqi əlinə alır və gözlər də təslim olur. Oxumağa başlayır. Nə yazılmışdı görəsən? Yaşanmışlıqlar? Yaşanmamışlıqlar? Yarım qalanlar? Yoxsa yar olanların açdığı yaralar?

 

Xəyal kimi xəyallar... Real olmayacaq qədər gözəl xəyallar. İlk cümlədə belə yazılmışdı:

"İllər keçsə və bu yazılanları oxusan, bil ki, mən artıq ölmüşəm. Xəyallarım isə gerçəkləşməmiş ölmüşəm. Əgər xəyallarım gerçəkləşsəydi, özümə söz vermişdim, bu kağız parçasını yandıracaqdım. İndi isə əlinizdəki kağız parçasından daha dəyərli olan, qəlbimi atəşə alan xəyallardır. Bütün reallıqlarımı qurban verəcəyim xəyallar..."

 

Not: "Mənə sevgini öyrədən adam üçün darıxacağam."

 

Belə biri deyildim mən. Romantik biri heç deyildim. Sərhədləri, yaşam standartları, seçimləri olan bir mən var idi bir zamanlar. Sən gəldin, dəyişdin məni. Xəyalpərəst bir aşiq oldum. Ağlı havada bir gənc qız... Sinəmdən tökülən sevgi sözləri...

 

Bilirsən, "sevgilim" deyə bilmirəm sənə. "Sevgini öyrədənim" deyirəm əvəzinə. Çünki qəbul edə bilmirəm ki, sən başqasına aşiq olanda mən sənin sevginə aşiq olmuşdum. Sədaqətinə aşiq olmuşdum.

 

Nədənsə, hər şeyi unudub bir gələcək düşündüm. Sən və mən olan bir gələcək. Bütün acı-ağrıları birgə aşdığımız bir gələcək.

 

Bir yaz səhəri otağımıza düşən günəş şüaları gözlərimi qamaşdırdı. Gözlərimi açdım və sənin başın sinəmin üstündə idi. Nəfəsindən sinəm tərləməyə başlamışdı. Yavaşca dodaqlarından öpdüm və yataqdan qalxdım. Uzun-uzun seyr etdim səni yatağın baş ucundan. İçimdən bir şıltaqlıq keçdi. Əllərimi isladıb geri döndüm yatağın baş ucuna. Əllərimlə üzünə toxundum.

Ayıldın yarı yuxulu halda. Əvvəlcə "Nə edirsən?" deyə qışqırdın. Mən də uşaq kimi dodaqlarımı büzdüm. Bu mənim şıltaqlığım idi. Həmişə dodaqlarımı büzəndə sən qıya bilməzdin mənə. Yenə də elə oldu. "Dəli qız," dedin və məni özünə çəkdin.

Bu xəyallar məni doldurdu. Amma mən bilirəm ki, sən belə xəyallar qurmursan. Sən mənim kimi düşünmürsən. Amma yenə də bir gün BİZ ola bilsək, bu vərəqi cıraram. Özünə yaxşı bax. Mən sənə darıxacam, məni sevməyi öyrədən adam...

 

---

 

Gənc adamın iki damla göz yaşı yanağından süzüldü. Vərəqi yenidən kitabın arasına qoydu. O səhifədə yalnız bir söz yazılmışdı: "Hə."

Kitabın adı isə belə idi: "Bütün xəyallar məhkumdurmu xəyal kimi qalmağa?"

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Akademik Milli Dram Teatrının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə həyata keçirdiyi "Bölgə teatrlarının Bakı premyeraları" layihəsi böyük uğurla  davam edir.  

 

Bu layihə çərçivəsində  9, 10 dekabr tarixlərində  Şəki Dövlət Dram Teatrı "Heç nədən hay-küy"  və  "21:15" tamaşaları ilə Bakıda qastrol səfərində olub.  

“Heç nədən hay-küy"  tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, sonetlərə yazılmış mahnıların bəstəkarı Xatirə Orucova, musiqilərin oranjimançısı  Firudin Allahverdi, baletmeysteri Çingiz Novruzəliyevdir.  

Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Elvin Mabudov, Nazilə İmamhüseynova, Nərmin Abbasova, İlkin Rüstəmov, Qurban Rəsulov, Azad Məmmədov və digərləri ifa edirlər.  

Tamaşada İtaliyada zadəgan ailələr, əyanlar, onların başına gələn romantik hadisələrdən bəhs edilir.  Əsas mövzu dostluqdan, xəyanətdən, sevgidən və xeyrin şər üzərində qələbəsindən ibarətdir. 

Layihə çərçivəsində dekabrın 10-da türk müəllif Toyğun Orbayın (tərc. Dilsuz Mustafayev)  "21:15 Qatarı" adlı pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş etdirilib. 

Tamaşanın quruluşçu rejissoru  Elvin Nuridir.  Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Lalə Məmməd, Rəsul Məmmədrəhimov ifa edirlər. 

Sonda Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Bölgə teatrlarının Bakı premyeraları" layihəsi çərçivəsində nümayiş etdirilən tamaşalara görə  diplom təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

Dekabrın 12-də dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının nümayəndələri Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

Sabah Paris şəhərində YUNESKO-nun Baş Qərərgahında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Mahmud Kaşqarinin müəllifi olduğu “Divani –lüğət ül türk” kitabının 950 illik yubileyi münasibətilə konfrans düzənlənəcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunun verdiyi məlumata görə, konfransda dünyanın tanınmış türkoloqları, beynəlxalq təşkilatların nümayəndələri Mahmud Kaşqarinin  dünya leksikoqrafiyasına və dünya mədəniyyətinə bəxş etdiyi qiymətli tövhədən danışacaqlar. 

9000 sözü olan və türk xalqlarının ensiklopediyası adlandırılan Mahmud Kaşqarinin “Divani lüğət ül türk” kitabında 50 əyalətin, 63 şəhərin, 22 qəsəbənin, 49 yaşayış məkanının adı coğrafi məkan kimi qeyd edilib.  Eyni zamanda kitabda insanların yaşadıqları və işlətdikləri mədəni və məişət obyektləri, 106 məişət əşyasının adı, 62 növ paltarın, 53 toxuculuq alətinin, 58 döyüş –sursat növünün adı və heyvandarlığa aid 38 iqtibas qeyd olunub.

Bundan əlavə, kitabda 758 şer, 2667 atalar sözü kimi ədəbiyyat nümunələri də yer alıb. Bu da kitabın qədim və zəngin türk tarixini və söz çələngini özündə cəmləşdirdiyini göstərir. 

Mahmud Kaşqari “Divani Lüğət ül türk”ü  25 yanvar 1072-ci ildə qələmə almağa başlayıb.  XX əsrdə bu kitabı təsadüfən atılmış kitabların içərisindən İstanbulda kitabxanaçı Burxan Əfəndi tapıb, aşkara çıxarıb. Digər bir türk alimi Əli Əmərli Əfəndi isə kitabın qiymətini anladığından, onu baha qiymətə alıb. Sonradan Əli Əmiri Əfəndi İstanbulda Milli Kitabxana yaradıb.

2017-ci ildən etibarən YUNESKO “Divani Lüğət ül Türk” kitabını dünyanın Maddi İrs siyahısına yazıb.  “İnsanlığın tarixi” adlı proqrama kitabın nəşri həvalə edilib. 2024-2025-ci illərdə isə YUNESKO-nun təklifi ilə kitabın 950 illik yubuileyi münasibəti ilə silsilə tədbirlər nəzərdə tutulur. Sabahkı tədbir də bunlardan biridir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, YUNESKO-da keçiriləcək konfrans  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrin alimlərini bir daha yaxından birləşdirəcək.

Konfrans çərçivəsində eyni zamanda “Divani Lüğət ül Türk” kitabının rus və Azərbaycan dilində edilmiş tərcümələri, böyük türkoloqun həyatından və yaradıcılığından bəhs edən sənədli film və sərgi də nümayiş etdiriləcək.  

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist Əkbər Qoşalının Anım Gününə həsr edilmiş “Heydər Əliyevin mədəniyyət manifestinə bir baxış” məqaləsini təqdim edir. 

 

Zaman və məkanın dialoqu

 

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Ümummilli liderin haqqın rəhmətinə qovuşmasından 21 il ötür. Bu anlamlı gündə Heydər Əliyevin mədəniyyət manifestindən söz açmaq istərdim.  

Heydər Əliyev irsi sadəcə siyasətin, iqtisadiyyatın inkişafı ilə məhdudlaşmır; bu irsin mərkəzində Azərbaycan mədəniyyətinin varlığı və onun digər mədəniyyətlərlə qarşılıqlı faydalı dialoqu dayanır. Əgər Azərbaycan mədəniyyətinin landşaftını, relyefini, suxurlarını, iqlimini və bütün elementləri daxil olmaqla institutlarını... əks etdirən atlası, xəritəni təsəvvürümüzdə canlandırsaq, Ümummilli lidero atlasın, xəritənin ən incə detallarını çəkən, zəngin rənglərini qoruyub inkişaf etdirən şəxsiyyətdir.

 

Heydər Əliyev və milli mədəniyyətin dirçəlişi – köklərə dönüş

 

Sovet dövründə milli kimliyin zədələndiyi, ənənəvi dəyərlərin unudulmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda Heydər Əliyev Azərbaycanın mədəni irsini dirçəltməyi bütün mümkün üsul və vasitələrlə prioritet etdi. Onun təşəbbüsü ilə milli ədəbiyyat, musiqi, teatr və incəsənət yenidən özünə qayıtdı, öz əsl rolu, mandat-missiyası və necə deyərlər, yeri-göyü ilə çıxış etdi. O, dahi sənətkarlar Üzeyir bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun irsinə xüsusi diqqət yetirdi. Azərbaycan muğamının dünya səhnəsinə çıxarılması, xalq rəqslərinin və sənətkarlığın yaşadılması məhz onun iradəsi ilə gerçəkliyə çevrilmiş oldu.

Ümummilli liderin xalqın mədəni irsinə, ümumən mədəniyyətə, tarixə, bu gün və gələcəyə baxışı onun ən çox sevdiklərinə dair (bir bölümünü burada xatırlatdığımız) suallara cavablarından da aydın görünür:

şeir - Səməd Vurğunun “Azərbaycan”ı, 

şair - Şəhriyar, 

mahnı - xalq mahnıları və Tofiq Quliyevin mahnıları, 

bəstəkar - Üzeyir bəy Hacıbəyli, 

pyes – Mirzə Cəlilin “Ölülər”i,

dramaturq – Hüseyn Cavid,

sənət əsəri - Səttar Bəhlulzadənin “Muğan gözəlləri”,

sənət növü – miniatür,

sənətkar - Ömər Eldarov,

insani xüsusiyyət - mərdlik,

mövsüm – yaz,

bayram - Novruz bayramı...

 

Mədəniyyətin sərhədləri aşması – universallıq və lokalizm 

 

Heydər Əliyevin fəlsəfəsində Azərbaycan mədəniyyəti yalnız milli sərhədlər daxilinə qapanmış bir fenomen deyildir. O, haqlı olaraq, Azərbaycanı Gündoğarla Günbatarın, Güneylə Quzeyin qovuşduğu, mədəniyyətlərin dialoqunun baş verdiyi bir məkan kimi görürdü. Bu yanaşma, Azərbaycanın təkcə regional deyil, qlobal mədəniyyətlər arasında körpü olmasına imkan yaratdı. Onun dövründə keçirilən beynəlxalq festival, simpozium, mədəniyyət günləri və xaricdə Azərbaycan irsinin təbliği məhz bu strategiyanın parlaq təcəallasıdır.

 

Heydər Əliyev və mədəniyyətin gələcəyi: Duyğuların dili

 

Heydər Əliyevin mədəniyyətə yanaşması yalnız intellektual deyil, həm də dərin duyğu ilə dolu idi. Onun hər çıxışında, hər jestində Azərbaycan xalqına, onun sənətinə və irsinə duyduğu sevgini hiss etmək mümkün idi. O, inanırdı ki, mədəniyyət yalnız bir xalqın keçmişini deyil, həm də onun gələcəyini danışır. Bugünkü Qarabağ zəfəri ilə işğaldan azad edilmiş torpaqlarda bərpa olunan mədəniyyət abidələri onun bu ideyasını bir daha təsdiqləyir.

 

Zəfər və estetik məkan: Qarabağın yenidən canlanması

 

Heydər Əliyevin milli mədəniyyət fəlsəfəsi Qarabağın, Gündoğar Zəngəzurun işğaldan qurtuluşu ilə yeni bir dönəmə qədəm qoydu. Qarabağ, Zəngəzur Azərbaycan musiqisinin, poeziyasının (ədəbiyyatının) və incəsənətinin (sənətinin)beşiyi sayılan ünvanlardan olub. Özünəməxsus energetikası olan torpaqlarımızın yenidən dirçəlişi, necə deyərlər, yalnız binaların və infrastrukturun deyil, həm də mədəni yaddaşın bərpası deməkdir. Bu prosesin hər bir addımında Heydər Əliyevin qoyduğu irsin estetik baxışı və emosional dərinliyi hiss olunur.

 

Mədəniyyət və gələcək: Heydər Əliyevi anlamağın yeni yolu

 

Heydər Əliyevi anlamaq – onun mədəniyyətə verdiyi mənanı dərindən duymaqdır. O, mədəniyyəti, belə demək olarsa, yalnız bir bəzək, naxış, süs kimi deyil, milli kimliyin əsas sütunu kimi görürdü. Qalib Azərbaycan dövləti və xalqıbu fəlsəfəni yaşadır: musiqimizdən tutmuş ədəbiyyat və rəssamlığa qədər hər sahədə mədəniyyətimiz dünya səviyyəsində tanınmağa davam edir və daha böyük uğurlara qanadlanır. Heydər Əliyev Fondu adını daşıdığı böyük şəxsiyyətin ruhunu şad edən çoxsaylı beynəlxalq layihərlərlə çıxış edir, gənc istedadları üzə çıxardır, onlara diqqət-qayğı göstərir, ölkəmizin mədəniyyət təsərrüfatının canlılığı, inkişafı, o cümlədən beynəlxalq təcrübə alış-verişi üçün önəmli işlər görür. 

 

Duyğuların təntənəsi

 

Ümummilli liderin mədəniyyətə yanaşması onun xalqına olan sevgisinin poetik ifadəsidir. Bu sevgi yalnız keçmişə sayğı deyil, həm də gələcəyə bir çağırış dəyərindədir. Heydər Əliyevi anlamaq üçün onun qoyduğu mədəni irsi yaşatmaq və yeni əsərlərdə, melodiyalarda bu duyğunu hiss etmək xoşdur.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.