Super User
UNESCO: Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir
İrsi və adət-ənənələri ilə zəngin bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın UNESCO dəyərlərinin təbliği, dünya irsinin qorunması, tarixi abidələrin bərpası, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək sahəsində müstəsna səyləri olub. Bu təşəbbüslər xalqların məqsəd və dəyərlərinin onların tarixi, zəngin mədəni irsi və beynəlxalq səviyyədə tanınması ilə sıx bağlılığını nümayiş etdirir. Türk irsinin qorunub saxlanılması və birliyinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioriteti olaraq qalır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” kəlamını xatırlatmaq istərdim.
AzərTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev təşkilatın mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O, 2023-cü il noyabrın 7-dən 22-dək keçirilən Baş Konfransın 42-ci sessiyasında bu yubileyin qeyd olunmasını təklif edən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana, Macarıstana, eləcə də Mavritaniya, Mərakeş, Qətər və Tacikistana mühüm töhfələrinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu yubiley münasibətilə əsər Xalid Səid Xocayevin tərcüməsində Azərbaycan Milli Elmlər Akademiyası və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə dəstəyi ilə ilk dəfə 2024-cü ildə üç cilddə nəşr edilib.
“Bu gün biz təkcə türk dövlətləri üçün yaddaqalan bir tarixi qeyd etmirik, həm də mədəniyyətimizin, dilimizin, ortaq dəyərlərimizin əsl bayramıdır. Mahmud əl-Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri 950 il əvvəl yazılsa da, ədəbi, dil və etnoqrafik müstəvidə zəngin olan əvəzsiz mənbə olaraq qalır. Bu şah əsər həm də türk dövlətləri arasında birlik, qardaşlıq və həmrəyliyin qüdrətli simvolunu təmsil edir. Bu tədbir UNESCO tərəfindən də tanınan “Kitabi-Dədə Qorqud” dastanının və ya Tonyukuk abidəsinin 1300 illiyi kimi digər əlamətdar bayramların davamıdır”, - deyə S.Fətəliyev bildirib.
O vurğulayıb ki, bu tədbirin digər mühüm cəhəti tarixi şəxsiyyətlərin və onların irsinin müasir dünyaya inteqrasiyası ilə yanaşı, onların qlobal biliyə verdiyi töhfələrin tanınmasıdır. “Divanü lüğat-it-türk” beynəlxalq elmi araşdırmaları, eləcə də türk tarixi və mədəniyyətinin dərindən öyrənilməsini təşviq edir. Bu əsər həm də mədəniyyətlərarası dialoq üçün ideal platforma rolu oynayır.
“Türk mədəni irsinin qorunması və təbliği üçün çalışan hər kəsə, xüsusən də bu konfransın iştirakçılarına təşəkkür edirəm. Bu ümumi irsin bütün dünyada daha yaxşı tanınacağına ümid edərək, hər kəsi onun qorunub saxlanılması, öyrənilməsi və təbliğində fəal iştirak etməyə çağırıram. Azərbaycanın UNESCO üzrə Milli Komissiyası türk dövlətlərinin irsinin qorunması və öyrənilməsi lehinə bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - deyə S.Fətəliyev diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
UNESCO-da “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş konfrans başlayıb
Xəbər verdiyimiz kimi, Türk dünyasının ən qiymətli kitablarından biri - Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunur.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə Milli komissiyalarının təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransın məqsədi "Divanü lüğat-it-türk"ün dünya mədəniyyətinə, eyni zamanda, türk xalqlarının dilinin inkişafı və mədəni irsinə verdiyi töhfələri işıqlandırmaqdır. Konfrans çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.
Tədbirdə Türk dünyasından olan alimlərin Mahmud Kaşğari irsi ilə bağlı görüşləri və araşdırmaları təqdim ediləcək. Həmçinin "Divanü lüğat-it-türk"lə bağlı yeni görüşləri sərgiləyən təqdimat və sənədli film nümayiş olunacaq.
Konfrans bu böyük əsərin türk dillərinin və mədəniyyətlərinin inkişafına təsirinin dərindən öyrənilməsini təşviq edən mühüm öyrədici platformadır.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
Həmkarlar İttifaqları Konfederasiyasında Veteranlar Təşkilatı nümayəndələri ilə görüş olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Veteranlar Təşkilatından məlumat verilib.
Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb.
Bildirilib ki, müasir inkişaf reallıqları və bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir, rəqəmsallaşdırılmaqla yollayışların verilməsi proseduru sadələşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir.
Ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən Sahib Məmmədov cənab Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb.
Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən müəssisə və təşkilatlarda işləyən veteranların da sosial müdafiəsi üçün konkret addımlar atılır, istirahət və müalicələri üçün güzəştli yollayışlar verilir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Veteranlara olan yüksək münasibətdən danışan Konfederasiya sədri onlara ayrılan birdəfəlik maddi yardımları, pensiyaların ildən-ilə artırılmasını, mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicəsini dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın veteranlara xüsusi qayğısının göstəricisi olduğunu diqqətə çatdırıb.
Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib.
Həmçinin görüşdə tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakı və qələbəyə verdiyi tarixi töhfə ilə bağlı tədbir keçirilib
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya səfirliyinin də iştirakı ilə tədbir keçirilib. Azərbaycanın İkinci Dünya müharibəsindki iştirakı və qələbəyə verdiyi töhfəyə həsr olunan tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasdındakı fövqəladə və səlahiyyətli səfiri Yevdokimov Mixail Nikolaeviç, Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç, Atamanın Azərbaycan Gəncləri siyasəti üzrə müavini Sleptsov Ruslan Anatolyeviç və digər qonaqlar iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından verilən məlumata görə, tədbirdən öncə İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olan şxəslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, faşizm üzərində tarixi qələbənin əldə edilməsində neft Bakısının müstəsna xidməti olduğunu bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqının nümayəndələri arxa cəbhədə olduğu kimi, ön cəbhədə də böyük qəhrəmanlıqlara imza atıb, həm milli diviziyalar, həm də digər diviziyalaırn tərkibində faşizmə qarşı ciddi mübarizə aparıblar. Təşkilat sədri faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Bakının tarixi xidmətlərinin MDB tərəfindən fəxri adla əbədiləşdiriləcəyinə olan inamını da ifadə edib.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç İkinci Dünya müharibəsində Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizəni yüksək qiymətləndirib, bu mübarizənin xalqlarımızın tarixi dostluğunun bariz nümunəsi olduğunu vurğulayıb.
Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç də İkinci Dünya müharibəsində Azərbaycan xalqının böyük fədakarlıqlara imza atdığını bildirib, bu fədakarlığın hər zaman böyük hörmət və ehtiram hissi ilə yad ediləcəyini qeyd edib.
Daha sonra orta məktəb şagirdləri ifasında İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən rəqs ifa ediblər.
Tədbirin sonunda bir sıra şəxslərə mükafatlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
Müstəqilliyin sütunu
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən gündən öz azad fikirləri ilə seçilən Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyi dövründə (1969-1982) ölkəmizin gələcək müstəqilliyi naminə misilsiz xidmətlər göstərib. O, reallığa dayanan faktlardan, “rüşvətxorluq kimi son dərəcə qorxulu vəzifə cinayətindən” açıq danışırdı. “Kölgə iqtisadiyyatı” dövlətin daxilində özünə elə yer etmişdi ki, sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələri xüsusi mülkiyyət kimi istismar olunurdu, inzibati orqanların bəzi rəhbərləri isə bu cür faktlara liberal münasibət göstərir, çox zaman bu və ya digər pozuntunu partiya prinsipiallığı ilə pisləmək əvəzinə “vəzifənin şərəfini qorumaq”, günahkar işçini təmizə çıxarmaq barədə düşünürdülər. Ayrı-ayrı partiya komitələri kadrların seçilməsi və yerləşdirilməsi prinsiplərinin kobudcasına pozulması hallarına göz yumur, bəzi rəhbər işçilərin şəxsi sədaqət, yerliçilik, qohumluq əlamətlərinə və ya dostluq münasibətlərinə görə adamları məsul vəzifələrə təyin etmək cəhdlərinin qarşısını almır, öz vəzifələrinin öhdəsindən gələ bilməyən işçilərin bir nomenklatura vəzifəsindən digərinə təyin edilməsi hallarına qarşı mübarizə aparmırdılar. Vəzifəli şəxslər tərəfindən elmi dərəcə almaqla öz vəzifə kürsülərində daha da möhkəmlənmək və irəli çəkilmək naminə dissertasiyaların yazılmasına nəzər yetirən dahi lider vurğulayırdı ki, bu işlərin çoxu nə elmi, nə də ki praktiki əhəmiyyət kəsb edir. Dissertasiyaların çoxu şəxsi maraq müqabilində yazılır və bütün bunlar elmin inkişafına, savadlı və layiqli kadr potensialının formalaşmasına mənfi təsir göstərir.
Sovet İKP MK-nın Baş Katibi L.İ. Brejnevdən fərqli olaraq dahi şəxsiyyət Heydər Əliyev 70-ci illərdə kadrları, ilk növbədə, iş keyfiyyətlərinə, istedad və qabiliyyətlərinə görə seçirdi. Onun üçün irəli çəkdiyi adamın hansı regiondan olmasının qətiyyən əhəmiyyəti yox idi. Əksinə, müasirlərinin dediyinə görə, Ulu Öndər onları müxtəlif partiya-təsərrüfat sahələrinə, respublikanın müxtəlif regionlarına “atmağa” üstünlük verirdi. Bu, 1970-ci il martın 20-də Sovet İKP MK-nın plenumunda zəhmətkeşlərin qayğılarına diqqətsizlik göstərildiyinə, partiya kadrlarının düzgün seçilib yerləşdirilmədiyinə, vəzifə mövqelərindən sui-istifadə edən, qeyri-qanuni varlanan, dövlət mülkiyyətini talan edən kommunistlərə liberal münasibətinə görə Bakı Sovet İcraiyyə Komitəsinin rəhbərlərini, rayon komitələrinin birinci katiblərini tənqidə məruz qoydu.
1971-ci il fevralın 5-də 40-cı Bakı şəhər partiya konfransında çıxış edən dahi lider sənaye və nəqliyyat, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində dirçəlişdən söz açaraq bildirirdi ki, 1970-ci ildə sənayedə bütün müharibədən əvvəlki beşilliklərdən iki dəfə artıq məhsul istehsal edilib. Həmçinin SSRİ tarixində ən yüksək taxıl və pambıq məhsulu yetişdirilib. Mütəxəssislərin hazırlanmasında respublikanın nailiyyətləri xaricdə qiymətləndirilir, 36 ölkənin nümayəndəsi olan 840-dan artıq oğlan və qız Azərbaycanın ali məktəblərində təhsil almağa başlayırdı.
1972-ci il kənd təsərrüfatı sahəsində məhsuldarlıq ilə yadda qalmışdır. Əvvəlki ilin planına nəzərən 322 min tona qarşı 380 min tondan çox pambıq, 130 min tona qarşı 168 min ton buğda təhvil verilmiş, tütün məhsuldarlığına görə respublika ölkədə birinci yerə çıxmışdır. Dahi rəhbər Bakını yaşıl şəhərə çevirməyə çalışmış və həmin il təməli qoyulan Xalqlar dostluğu parkının terraslarında 40 minə yaxın yaşılyarpaqlı və meyvə ağaclarının əkilməsinin təşəbbüskarı olmuşdur.
1973-cü ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu yaradıldı və ideoloji tərbiyə işinə həsr olunmuş bütün plenum və partiya aktivlərində görkəmli dövlət xadimi Heydər Əliyev rus dilinin tədrisinin yaxşılaşdırılmasının vacibliyindən danışırdı. Dahi rəhbərin qarşısında duran ən böyük çətinlik həm də onda idi ki, partiya fəalları və bir çox üzvü liderin ideyalarının aktuallığını və gərəkliliyini dərk edib dəstəkləsələr də, onları mütəşəkkilliklə həll etmək iqtidarında deyildilər. Ona görə də yeni təfəkkürlü, yüksək məsuliyyətli, qətiyyətlə qayda-qanun yarada bilən kadrlara böyük ehtiyac var idi.
1974-cü il iyul ayının 12-də Sovet İKP MK-nın Qurultayındakı çıxışı zamanı Ulu Öndər Heydər Əliyev deyirdi ki, problemi təkcə güc və repressiya tədbirləri ilə həll etmək mümkün deyil. Ona görə də O, Ticarət Nazirliyindən, Azərittifaqdan, Məişət Xidməti Nazirliyindən köhnə qaydada işləməyə son qoymağı, bazarın dəyişən konyukturası strukturunu günün tələblərinə uyğun qurmaq, paralellik və təkrarlamalara son qoymağı tələb edirdi. “Respublikada mütərəqqi ticarət forma və metodlarının tətbiq olunmasına dair” Qanun qəbul edildikdən sonra görkəmli dövlət xadimi Heydər Əliyev, özünəxidmət mağazalarının sayının artırılmasına, çəkilib qablaşdırılan məhsulların çoxaldılmasına, yarımfabrikat satışın kifayət qədər genişləndirilməsinə və qabaqcadan edilmiş sifarişlə məhsulun evə çatdırılması xidmətinin təmin olunması tələblərini daha da ciddiləşdirdi.
1975-ci ildə respublikada milli gəlir 5,34 milyard manat olmuş və 1970-ci ildəkinə nisbətən 1,32 milyard manat, yaxud 39 faiz artmış, ortaaylıq əməkhaqqı 109,6 manatdan 125 manata qalxmışdır. Bu il ərzində 130 milyon manatdan çox kapital qoyuluşu mənimsənilmiş, istehsalat və digər obyektlər 155 min kvadratmetr sahəni əhatə etmişdir. 4 min vahid mürəkkəb texnoloji və mühəndis avadanlıqları quraşdırılmış, avtomatlaşdırılmış konveyer xətlərinin ümumi uzunluğu 9 kilometr təşkil etmiş, min kilometrə qədər boru və kabel xətti çəkilmişdir.
Ulu Öndərimiz hələ o zaman Azərbaycan qadınının ictimai istehsala cəlb olunmasına xüsusi diqqət ayırırdı. O, partiya təşkilatlarını qadınları az irəli çəkdiklərinə görə tənqid edirdi. Həmin dövrdə qadınlar 18 kolxoza və 8 sovxoza rəhbərlik edirdilər, ümumilikdə isə onlar rəhbər kadrların 16,6 faizini təşkil edirdilər. Ancaq dahi şəxsiyyət Heydər Əliyev bu vəziyyətdən narazı idi.
1976-cı ildə ölkə tarixində ən yüksək taxıl məhsulu (1 milyon 184 min ton) əldə edilmişdir ki, bu da IX beşilliyin ortaillik səviyyəsindən 43 faiz çox idi. Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq Azərbaycanda xalq təsərrüfatının inkişafına dair beşillik plan bütün əsas göstəricilər üzrə həm də vaxtından əvvəl yerinə yetirilmişdir. Respublikada maşınqayırmanın yeni, mütərəqqi sahələri – elektron, radio sənayesi sahələri, yüngül sənaye və yeyinti məhsulları sənayesi üçün maşınqayırma sahəsi və sair sahələr meydana gəlmişdir. Əmək məsrəfi və məhsulun maya dəyəri nəzərəçarpacaq dərəcədə azalmışdır ki, bu da təsərrüfatların rentabelliyini yüksəltməyə imkan vermişdir. Kolxozların xalis gəliri 81 faiz, sovxozların mənfəəti 82,7 faiz artmışdır. Zərərlə işləyən kolxoz və sovxozların sayı xeyli azalmışdır. Neft hesabı ilə üst-üstə neft və qaz çıxarılması 1975-ci ildə 27,1 milyon ton olmuşdur ki, bu da respublikada 1941-ci ildəki ən yüksək hasilatdan bir milyon ton çox idi. 1977-ci ildə ölkənin milli gəliri 380 milyard manat təşkil edirdi. Sənaye məhsulu satışının həcmi üzrə illik plan artıqlaması ilə yerinə yetirilirdi. Plandan əlavə 6 milyard manatdan çox məhsul satılmış, ölkə tarixində ən yüksək taxıl məhsulu əldə edilmiş (224 milyon), 250-yə yaxın yeni iri dövlət müəssisəsi işə düşmüş, 2 milyon 200 min mənzil və şəxsi ev tikilmiş, nəticədə, 11 milyon nəfərin yaşayış şəraiti yaxşılaşdırılmışdır.
Həmin illərdə ali təhsilin də inkişafı diqqətdə saxlanılmış, beş yeni ali məktəb yaradılmışdır. Pedaqoji institutun filialları bazası əsasında Naxçıvan və Xankəndi müstəqil pedaqoji institutları, Çingiz İldırım adına Politexnik İnstitutunun İnşaat və Memarlıq fakültələrinin bazasında İnşaat Mühəndisləri İnstitutu, Mirzə Fətəli Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutu fəaliyyət göstərir, yeni orta ixtisas məktəbləri açılırdı. Respublika sənayesinin strukturunda baş vermiş dəyişikliklərlə əlaqədar ali məktəblərdə 29 yeni fakültə, 76 kafedra, çoxlu müasir problem laboratoriyaları yaradılmışdır. 1977-ci ildə respublikada 526 kafedrası və 134 fakültəsi olan 16 ali məktəbdə 100 mindən çox oğlan və qız təhsil alırdı.
Dahi rəhbər Heydər Əliyev azərbaycanlı gənclər sırasından zabit kadrların hazırlanmasına xüsusi diqqət yetirir, məhz ona görə də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış internat məktəbinə xüsusi önəm verirdi. 1972-1977-ci illərdə ali hərbi təhsil müəssisələrinə daxil olan azərbaycanlıların sayı bütün əvvəlki illərdən üç dəfə çox olmuş və yalnız 1977-ci ildə bu ali hərbi məktəblərə 150 azərbaycanlı qəbul olunmuşdur. Görkəmli dövlət xadimi 1978-ci ildə ümumxalq müzakirəsində verilmiş təklifləri nəzərə alaraq “Azərbaycan SSR-in milli dövlət və inzibati-ərazi quruluşu” bölməsinə dil haqqında xüsusi maddə əlavə edərək, yəni 73-cü maddəni aşağıdakı şəkildə redaktə etməyi təklif edirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi, təxminən, 2 milyard manat təşkil edirdi ki, bu da 1980-ci il üçün planlaşdırılmış səviyyə idi. 1 milyon 169 min ton buğda, 598 min ton çiyidli pambıq, 932 min ton üzüm, 872 min ton tərəvəz, 234 min ton meyvə yığıldı.
Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadiyyatda uzun sürən geriliyin qarşısı alınır, artım tempi sürətləndirilir, ictimai əməyin səmərəliliyi yüksəldilir, adambaşına düşən milli gəlirə görə respublikada ittifaq səviyyəsində gerilik azaldılırdı. 1979-cu ildə respublikanın milli gəliri tapşırıq üzrə olan 22 faizə qarşı artaraq 32,5 faiz – 1,7 milyard manat təşkil edirdi.
Təcrübə göstərir ki, aşkarlıq idarəetmə orqanlarının işinin məhsuldar olması, tərbiyənin səmərəliliyinin, demokratiyanın təkmilləşdirilməsinin, köhnəliyin qalıqları ilə mübarizənin ən təsirli vasitələrindən biridir. Kütlələr partiya təşkilatının prinsipial xətti ilə tanış olduqda, onun xalqdan heç nəyi gizlətmədiyini görəndə bu onların sosial fəallığının artmasına kömək edir. Dahi şəxsiyyət Heydər Əliyevin də “parlaq və miqyaslı”, “təsirli”, “yaxşı düşünülmüş və əsaslandırılmış”, “fikir etibarilə və problemi işıqlandırmaq baxımından yeni” çıxışları bütün xalq arasında sevilir və rəğbətlə qarşılanırdı.
1980-ci ildə kənd əməkçiləri məhsul istehsalı və tədarükündə Azərbaycan tarixində ən yüksək göstəricilərə nail oldular. Respublikanın dərc olunmuş raportunda öz əksini tapmış rəqəmlər fantastik görünsə də, real gerçəklik idi. 1961-1971-ci illər ərzində respublikada adambaşına düşən milli gəlir 130 manat – ölkə üzrə ümumi göstəricidən üç dəfə az idi. 1971-1978-ci illərdə hər il bu göstərici 7,1 faiz, orta ölkə göstəricisindən 1,6 vahid çox olurdu. Onuncu beşilliyin 4 ili ərzində bu göstərici planda nəzərdə tutulan 22 faiz əvəzinə 32,5 faiz artdı. 1980-ci il planının yerinə yetirilməsi nəzərə alınmaqla adambaşına düşən milli gəlir 1200 manat təşkil edirdi. Bu da 1960-1970-ci illərdə olduğundan 3,5 dəfə çox idi.
Ümummilli Liderimizin dahiliyi ölkəmizin gələcək müstəqil dövlət kimi iqtisadi bazasını hələ ötən əsrin 70-80-ci illərində formalaşdırmaqla tamamlanmır. Bu böyük şəxsiyyətin dahiliyi həm də gələcək müstəqilliyimizin siyasi-ideoloji əsaslarını yaratmaq, müstəqil milli siyasət formalaşdırmaq olub. Görkəmli siyasi xadim Heydər Əliyev 1981-ci ildə Azərbaycan yazıçılarının VII Qurultayında çıxış edərək bildirirdi ki, Nizami və Füzulinin, Xaqani və Nəsiminin, Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyov və Məmməd Səid Ordubadinin, Mirzə Şəfi Vazehin Vətəni öz müasir yazıçı və şairlərindən parlaq tarixi əsərlər, Azərbaycan tarixi, mədəniyyəti və elminin böyük xadimlərinin qalereyasının yaradılmasını gözləyir. Yazıçı sənəti salnaməçi missiyasına yaxındır. Dahi şəxsiyyət şair və yazıçılarımıza müraciətdə onları ilhamlandıraraq deyirdi ki, qoy bu yolda hər bir qələm sahibimizi özünün ölməz “Vaqif” dramında böyük Azərbaycan şairinin tarixi obrazını yaratmış, o dövrün sosial-siyasi həyatının mənzərəsini heyrətamiz dəqiqliklə göstərmiş Səməd Vurğunun yaradıcılıq nümunəsi ilhamlandırsın.
Ümummilli Lider Heydər Əliyevin həmin qurultaydakı nitqində Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu. O bildirirdi: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyir. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.
1981-ci ildə Ulu Öndər Heydər Əliyev dünyaşöhrətli Norveç alimi və səyyahı Tur Heyerdalı qəbul edərkən o demişdi ki, müxtəlif ölkələrdə olub, lakin heç də hər yerdə Azərbaycandakı kimi dövlətin elmin inkişafında bu qədər maraqlı olmasını görməyib. O, yüksək inkişaf etmiş qədim sivilizasiyanın izləri saxlanılmış Qobustan qayaüstü yazılarının qorunması, dərin, yüksəkixtisaslı tədqiqat obyektinə çevrilməsi üçün necə böyük işlər görüldüyünü müşahidə etdiyini məmnunluqla vurğulayıb. 1982-ci il yanvarın 15-də dahi şəxsiyyət Heydər Əliyevin ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir heyətlə Şuşada, böyük Azərbaycan şairi Vaqifin abidəsinin açılışında iştirak etməsi faktı da dünyaca məşhur alim və səyyahın da qeyd etdiyi kimi, hələ sovetlər dövründə ölkəmizdə Ümummilli Liderin böyük siyasi uzaqgörənliklə milli mədəni irsimizə dövlət səviyyəsində yüksək qayğı göstərilməsinin daha bir təsdiqidir.
Ulu Öndər Heydər Əliyev gələcəkdə müstəqil Azərbaycanın yerli kadr potensialına, hərtərəfli, peşəkar mütəxəssislərə yaranacaq tələbatı da əvvəlcədən görür, buna görə də hələ ötən əsrin 70-80-ci illərində təhsillə ciddi maraqlanır, ali təhsil ocaqlarının rektor və prorektorlarını vəzifələrindən sui-istifadə etdikləri, proteksionizmə və rüşvətxorluğa yol verdikləri üçün ciddi tənqid edirdi. Dahi rəhbər işçinin mühüm mənəvi keyfiyyətlərini sadalayaraq deyirdi: “Təkcə başqalarını düzgün və obyektiv tənqid etmək yox, eyni zamanda qüvvə və cəsarət tapıb öz işini və hərəkətlərini də tənqidi təhlil edib qiymətləndirmək, ümumiyyətlə, öz işinə tənqidi yanaşmaq vacibdir. Tutduğu vəzifə nə qədər yüksəkdirsə, vəzifəli şəxs öz fəaliyyətinə, iş yerində məişətdə davranışına bir o qədər məsuliyyətlə yanaşmalı, qazandığı nailiyyətlərdən arxayınlaşmamalıdır. Vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına qarşı amansız mübarizə də işin mühüm amilidir. Yalnız bu yolla insanlara rəhbərlik etmək, onları tərbiyə etmək, bu və ya digər sahəyə başçılıq etmək üçün mənəvi ixtiyar qazanılır”.
Ümumiyyətlə, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-1982-ci illərdə KP MK-nın birinci katibi olduğu dövrdə Azərbaycan iqtisadiyyatının, elm və mədəniyyətinin sürətli inkişafı, ölkəmizin nüfuz və şöhrətinin yüksəlişi ilə səciyyələnən tarixi mərhələdir. Dahi şəxsiyyət Sovet İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də siyasi fəaliyyətini ölkəmizin gələcək tərəqqi və rifahına, müstəqilliyə hazırlanma prosesinə həsr edib. Xalqımız 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilərkən və sonrakı mərhələdə – bu müstəqilliyin bünövrəsi əbədi olaraq möhkəmləndirilərkən Ulu Öndərimizin bu misilsiz xidmətlərinin bəhrəsini görmüş və bu gün də görməkdədir. Azərbaycan Heydər Əliyev siyasi ideyalarını rəhbər tutaraq inamla gələcəyə doğru inkişaf yolu ilə irəliləyərkən müstəqilliyin sütununun əziz xatirəsini hər zaman böyük ehtiram və minnətdarlıqla anacaq.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
Rəsm qalereyası: Johan Laurüntz Jensen
Rəsm qalereyası: Johan Laurüntz Jensen
Danimarkalı rəssam Johan Laurentz Jensenin (1800-1854) “Yasəmən” tablosu.
POETİK QİRAƏTdə Əlizadə Nuri “Nəfəsdərmə” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.
Ömür-qatar kimidi
Sonda depoya gedir..
-deyən şair sözdən ilmə toxuyur.
Həqiqətən, gözəldir.
Xoş mütaliələr!
Nəfəsdərmə...
Günəşi gizlədiblər,
Buludun arxasında.
Kimi özgə toyunda
Kimi də öz yasında.
Silkələnir göy üzü,
Buludlar divar-divar.
Ulduzlar elə gəmgin...
Ayın da ay dərdi var.
...Tanrı insan yaradıb,
Hər yan haydı-haraydı.
Yoxsa tək darıxdı O?-
Gərək darıxmayaydı...
Yağış da yuya bilmir,
Bu dünyadan hüzünü.
Baxıb yaratdığına
Tanrı tutub üzünü...
...Yüz il ömür istəyir,
Əlli il bəs eləmir?
Allaha bir ev tikib
Göyü günbəz eləmir...
Hər yan saxta parıltı-
Yox, ora girmirəm mən.
Qaranlıqdan qorxmuram,
İşıqda görmürəm mən...
Onun iştahına bax,
İstəmir tacı düşsün.
Göydən də üç alma yox,
Alma ağacı düşsün...
Nəfəs alıb verincə,
Öz nəfsinə qul oldu.
Hamını uddu... ancaq
Özünə məğlub oldu...
...Yanında qəm qardaşı,
Bu adam toya gedir.
Ömür-qatar kimidi
Sonda depoya gedir..
“Ədəbiyyat və incəsənət”
(13.12. 2024)
Günün fotosu: Bakı, 1949
Günün fotosu: Bakı, 1949
Bu fotoda paytaxtımızpn bulvarı əks olunub. İl 1949-dur. İnsanlar mavi Xəzəri seyr edirlər.
Çox dəyişikliklər olub bu 75 ildə əlbəttə.
(Mənbə История Баку - Bakının tarixi)
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
MƏŞHURLARLA ÜZBƏÜZ – Gülüstan Əliyeva sevgi barədə
“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.
Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.
Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.
1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.
2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.
Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur.
Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.
2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb.
Səsi – sopranodur.
Sevgi sizin üçün nəyi ifadə edir? Sevgisiz yaşamağın fəsadları nədir?
Sevgi mənim üçün hər şeydir, geniş məfhumdur. Onu hər şeydə və hər yerdə görürəm. Bir qadının bir kişiyə olan sevgisindən də daha çox mənanı bildirir. Həyata sevgiylə sarılmaq səni insan edir və sevgiylə baxmaq zövqünü formalaşdırır. Həyatı sevgiylə öyrənmək səni daha bilikli edir. Hər şeyin kökündə sevgi dayanır. Ola bilər ki həyatın hansısa bir zaman kəsiyində sənin həyatında sevdiyin biri olmasın. Səni sevən kişi yaxud qadın olmasın. Ama sən dünyaya normal açıq gözlə baxan kamil bir insansansa sevgini başqa bir şeylərdən də başqa bir formada da ala biləcəksən.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)
REDAKSİYANIN POÇTUNDAN – Tehrandan Dr. Hüseyn Şərqidərəcək (Soytürk) soyadlarının mənşəyi barədə yazır
Tehranda nəşr olunan «Xudafərin» dərgisinin təsisçisi və baş redaktoru Dr. Hüseyn Şərqidərəcəkin (Soytürk) redaksiyamıza ünvanladığı məktubunda “Adımız-soyadımız” yazısı yer alır. Yazı soyadlarından bəhs edir. Hansını işlətmək düzgündür, hansını yox?
Düşünürük ki, yazı marağınıza səbəb olacaq.
ADIMIZ – SOYADIMIZ
İnsanoğlu şüurlu həyata başladığı gündən bəri həmişə ad-san qazanmağa çalışmışdı. Bu üzdən də insanlar arasında fərqliliklər ortaya çıxmışdır. İnsanlar arasında öncə yer-yurd, sonra isə tayfa adları yaranmağa başlamışdır. İş bölgüsü ortaya çıxdıqda bu səbəbdən bir çox titullar əmələ gəlmişdir. Siyasi quruluşların yaranmışı ilə bir çox adlar, o cümlədən «xan», «xanım», «bəy», «xaqan», «əmir», «seyid», «şah» və s. yaranmışdır. İnanc və dini düşüncələr əsasında da xeyli adlar və soyadlar ortaya çıxmışdır. Demək olar ki, günümüzdə də hələ bu türlü adlar ən yayqın adlar hesab edilir.
Sevgi və məhəbbətin ortaya çıxardığı bir çox isimlər də vardır. Bunlardan əlavə texnologiyanın da özü ilə gətirdiyi ad və adlandırmalar vardır. Bu dediklərimiz adların ortaya çıxmasında önəmli amil hesab edirsə də tam da ad və adqoyulmanın fəlsəfəsini əhatə etmir. İnsanoğlu hər zaman kim olduğunun və yaxud hardan gəldiyinin və nə olduğunun axtarışında olmuşdur. Bu əlavəyə uyğun müxtəlif dillərdə çeşidli terminlər yaradılmışdır ki, bu terminlər Qərbdə familiya, Şərqdə ailə adı və s. kimi səslənmişdir. Biz türklərdə isə bu əlavəyə soyadı deyilmişdir. Əsas məsələ də buradan irəli gəlmişdir. Bunu ifadə etmək üçün adlara çeşidli əlavələr edilmişdir: «zadə», «pür», «li», «qızı», «oğlu», «çı», «çi», «çu», «ov», «ova», «yeva», «gil» və s.
Bu kimi ifadələri familiya, soyad, ailəvi ad, kökə bağlı terminlər kimi işlətmişlər. Hal-hazırda bu önəmli kimlik göstəricisi türklər arasında soyadı göstəricisi kimi istifadə olunmaqdadı.
Soyadı bağlarını təxminən belə izah etmək mümkündür:
Zadə – bu söz türk ruhuna və ədəbiyyatına zidd bir soyad əlavəsidir. Ona görə ki, onun yaranma səbəbləri bizim mentalitetimizə ziddir. «Zadə» doğulmuş deməkdir. Halbuki insan atadan doğulmur. Ona görə bu soyad kökündən yanlış olmaqla bərabər, həm də yanlış bir soyun göstəricisi idi. Bu istilah zərdüştlərdən qalmadı və qədim farsların həyat tərzi ilə əlaqədardır. Farslarla ailədaxili evlənmələr yayqın olduğundan belə bir soyaddan istifadə edilmişdir. Halbuki, tüklərdə heç zaman ailədaxili izdivaclar (bacı və qardaş kimi yaxınlar) olmamışdır. Xüsusilə də islamı qəbul etdikdən sonra haram məsələsi çox önəm daşıdığından «zadə» kimi soyadları tamamilə yanlış və uyğunsuz hesab edilmişdir. Onun yerinə taxma hesab edilmişdir. Onun yerinə taxma adlar və ləqəblər yayqın hal almışdır.
«Zadə» sözü qədim farsların həyat tərzinə uyğun olaraq ortaya çıxmış və yayqınlaşmış, həm də ailəiçi izdivacların gətirdiyi bir soyaddır. Əgər bir türk bu soyaddan istifadə edərsə, onda kişi yerinə qadın adı qoyaraq qadından doğulduğunu göstərməlidi. Məsələn, Hüseynzadə yerinə anasının adı – Şamamazadə daha uyğundur. Bu soyad türklərin heç bir ənənəsinə uyğun deyil və onun duru ruhuna yaddır. Həm də dini inancla bağdaşlaşmayan farslardan gəlmə arxaik soyaddır.
«Pür» - Bu soyad Azərbaycanın güneyində də çox yayqındır. Onun da səbəbi də Pəhləvi rejimi dönəmində türkləri öz kök və varlığından qoparmaq üçün bu soyadlardan istifadə edilməsidir. «Pür» sözü əslində hind mənşəlidir və «oğlu» deməkdir. Bunun da soyadı kimi istifadəsi türklərə uyğun deyil. Ona görə ki, türklərdə oğul və qız sözləri varkən bir qızın və ya oğlanın adına «pur» əlavəsi yanlışdır və arzuedilməzdir.
«Oğlu» - Bu tamamilə türk mənşəli soyaddır, ancaq cinsi fərq nəzərə alınmalıdır. Sadəcə kişi cinsinin soyad əlavəsi kimi istifadəsi mümkün sayıla bilər.
«Qızı» - Bu soyad şəkilçisi dilimizə uyğundur. Yalnız qadın cinslərinə əlavə edilməsi uyğundur. Məsələn, Əliqızı, Anarqızı və s.
«li», «lı», «lu» – Bu soyad şəkilçisi doğru görünsə də onun lu şəkili yad kimi səslənmişdir. Doğru şəkili li–lı kimidir. Soyada əlavə edilən bu şəkilçi yalnız tayfa və yer ilə bağlı mənsubiyyəti göstərə bilir. Ancaq bizim soyadlarımıza uyğundur, çünki soyadlarımızın göstəricisi kimi görünür.
«Y» - Bu soyad şəkilçisi ərəbcədən alınmış mənsubiyyət şəkilçisidir. lı şəkilçisini əvəz edir. Məsələn, «Şərqi» «Şərqli» kimi istifadə anlamı vardır.
Heç nədən istifadə etməmək: Bu bir çox hallarda xüsusilə də əsil türk sözlü soyadlarında keçərlidi. Məsələn, - Yaşar Qaraxan, ancaq bu cür soyadı alınma adlarda keçərsizdir. Məsələn, Məhəmməd Məhəmməd. Belə soyadları ərəb mənşəlidir və türk dil və varlığına uyğun deyildir.
«Çi», «Çı», «Çu», «Çü» - Bu soy şəkilçiləri insanın peşə bağlılığından törəmişdir. Azərbaycan soyadına uyğundur. Məsələn, Torul Dəmirçi, Həsən Kömürçü və s.
Bütün bunlarla yanaşı bir çox saxta və qondarma əcnəbi soyad şəkilçiləri ilə də qarşı-qarşıyayıq.
«Ov», «Ova», «yev», «yeva» - Bu soyad şəkilçisi Azərbaycanda, yəni Şimali Azərbaycanda rus işğalının nəticəsində yaranmışdı. 1813-cü ildə Şimali Azərbaycan çarlıq Rusiyasına ilhaq edildikdən sonra burada yaşayan azərbaycanlıların soyadına edilən rus kökenli şəkilçidir. Bu yad soyad şəkilçisi 70 illik sovet rejimi illərində də davam etmişdir və türklüyün ruhuna və varlığına yabançı və zidd soyadını ifadə edir. Günümüzdə bu soyad şəkilçisi mövqeyini itirməkdədir.
Soyadlarını araşdırdıqca ulusumuzun nə kimi əcnəbi işğallarına məruz qaldığı aydın görürük. Adlarımız və soyadlarımız milli varlığımızın göstəricisidir. Türklüyümüzü qorumaq üçün əcnəbi və qondarma, həm də aşılamıyan hədəfli soyadlardan imtina məqsədyönlüdür. Bunlara «yox» deyək və ən azı adımızı və soyadımızı milli mentalitetimizə uyğun olaraq seçib qoruyaq. Çünki səni başqalarından fərqləndirən ilk öncə sənin adın və soyadındı.
Milli mentalitetimizə uyğun soyadımız, həm də boy adımızdır. Biz təbiətə bağlı bir varlıq olduğumuzdan bizdə təbiət bağlılığı çox güclüdür. Gəlin dağlarımızdan, çaylırımızdan, oba və yerləşim yerlərimizdən aldığımız adları «zadə», «y», «ov», «ova», «pür» və s. yerinə istifaə edək. Məsələn, «Qoşadağlı», «Qoşqarlı», «Qaradağlı», «Uludərəli».
«Gil», «gillər» - kimi soyadlardan da yerində istifadə etmək olar. Həsəngil/Məmmədgillərvə s.
El-obailə bağlı olanminlərlə soyadımızvar. tayfavə nəsilsoyadlarımızhamıdanzəngindir. Məsələn, Bəşirovyaovayerinə, Elbəyli, Elcanlı, Bakılı, Gəncəlivə s. istifadə edək.
Oxucularımızatəqdimetdiyimizvə tövsiyyə etdiyimizbuyazı özünə dönüşününbir əlamətidir. Əsasodurki, özümüz özvarlığımızı dərindənbaşadüşək. İşğalçı adlarındanvə soyadlarındanuzaqduraq.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)