Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Veteranlar Təşkilatından məlumat verilib.
Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb.
Bildirilib ki, müasir inkişaf reallıqları və bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir, rəqəmsallaşdırılmaqla yollayışların verilməsi proseduru sadələşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir.
Ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən Sahib Məmmədov cənab Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb.
Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən müəssisə və təşkilatlarda işləyən veteranların da sosial müdafiəsi üçün konkret addımlar atılır, istirahət və müalicələri üçün güzəştli yollayışlar verilir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Veteranlara olan yüksək münasibətdən danışan Konfederasiya sədri onlara ayrılan birdəfəlik maddi yardımları, pensiyaların ildən-ilə artırılmasını, mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicəsini dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın veteranlara xüsusi qayğısının göstəricisi olduğunu diqqətə çatdırıb.
Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib.
Həmçinin görüşdə tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)